Qanı ilə şeir yazan, milləti üçün dövlət quran Noman Çelebi Çian

Əli Şamil

QANI İLƏ ŞEİR YAZAN, MİLLƏTİ ÜÇÜN DÖVLƏT QURAN

NOMAN ÇƏLƏBİ CİHAN

 

Azərbaycanla Kırım arasında sıx bağlantılar olmasına baxmayaraq, Noman Çələbi Cihan kimi bir millətsevəri burada nədənsə az tanıyırlar. Öncələr elə düşünürdüm ki, buna səbəb Sovet rejimidir. Sovetlər Birliyi dağıldıqdan, Azər­baycan müstəqilliyinə qovuşduqdan sonra da onun haqqında silsilə yazılara, radio-televiziya verilişlərinə rast gəlmədim. Tək-tək türkçülər azsaylı qəzet və jurnallarda bu mövzuda nəsə yazıbsa və mən onu oxuya bilməmişəmsə üzr istəyirəm.

Sonra yadıma düşdü ki, XX yüzilliyin başlarında, yəni 1905-1920-ci illərin Azərbaycan mətbuatında da Noman Çələbi Cihan haqqında bir yazı oxumamışam. Həmin illərdə Azərbaycanda çap olunan qəzet və jurnallarda Kırım tatarları haqqında məqalələrə bol-bol rast gəlinir. Bu yazılar da Azərbaycanla Kırım arasında sıx mədəni, ədəbi əlaqələr olduğundan xəbər verir.                           

Rusiya Kırımı işğal etdikdən sonra kütləvi həbslər, sürgünlər, köçürmələr həyata keçirməklə Osmanlı dövləti ilə sərhədlərində olan türk xalqlarını azaltmağa calışmışdı. 1862-63-cü illərdə Kırımdan Osmanlıya köçlər başladı, ancaq bu, millətin əzmini, azadlıq eşqini söndurə bilmədi. Kırım türkləri öz haqlarını gah silahla, gah da qələmlə müdafiəyə qalxıblar. Vətən və millət uğrunda mübarizəyə atılanlar bəzən bir-birinə qarşı da durublar. Bu qarşıdurma, əslində, eyni amal, eyni məqsəd uğrunda çalışanların mübarizə metodların­da­kı fərqlərdən doğub.

Çılğın təbiətli Noman ömrünü milləti və vətəni yolunda məşələ çevirən, xalq arasında böyük nüfuz sahibi olan insanlara qarşı da sərt davranıb, onları güzəştçilikdə, çar idarəçili­yinə qarşı qətiyyətli mübarizə aparmamaqda ittiham edib. Necə deyərlər, qarşıdakı gücün böyuklüyünü, qəddarlığını hesaba almadan həmvətənlərini imperiya qüvvələrinə qarşı açıq mübarizəyə səsləyib. Onun fikrincə, xarici amillər, zaman, şərait o qədər önəmli deyi. Önəmli olan millətin daxili gücü, müqavimət göstərmək bacarığıdır.

Noman 1885-ci ildə Kırımın quzeyində, Canköy yaxınlığındakı Sonakı kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər. Lakin məktəb hökumət tərəfindən qapadıldığından o, təhsilini bölgədəki Akçokra mədrə­səsində, sonra isə Akməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsəsində davam etdirib.

Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının “Tərcüman”, Rəşid Mediyevin “Vətən xadimi” qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dilini öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperiya güclərindən xalqını qurtarmaq, haqsızlığa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb.

Yeniyetməykən Kırımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhəlim Çələbi və Əbubəkir Çələbinin maddi yardımı ilə 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mərcan İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin Hüquq fakültəsinə qəbul olunur. Cafer Seyit Ahmed Kırımər ilə tanış olur. Bu tanışlıq dostluğa cevrilir və ömrünün axırınadək davam edir. İstanbuldakı kırımlı gənclərlə birlikdə “Vətən” adlı gizli bir təşkilat yaradır. Onlar vətəni azad etmək, milləti oyatmaq ümidi ilə hekayələr, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirib yayırlar.

1908-ci il dekabrın 30-da Noman Çələbi Cihan Cafer Seydahmet, Alim Seyt Cəmil, Abdülhakim Hilmi və Əbdürrəhim Sükuti ilə birlikdə Kırım Tələbə Cəmiyyətini qururlar. Təşki­la­ta Noman Çələbi Cihan rəhbər seçilir. Proqram və nizamnamədəki mübahisə doğuracaq fikirlər onların yollarını ayırdı­ğın­dan təşkilatın ömrü o qədər də uzun olmur. 1909-cu ilin sonlarında Noman Çələbi Cihan, Cafer Seydahmet, Yaqup Kerçi, Ahmet Şükrü “Vətən” Cəmiyyətini yaradırlar. Təşkilatın üzvləri milləti oyatmaq, Kırımı azad etmək ümidi ilə hekayələr, şeirlər, məqalələr, müraciətlər yazaraq gizli çap etdirir, Kırıma göndərərək yaymaqla yanaşı, Rusiyanın əsarəti altındakı digər türk xalqlarının milli azadlıq mübarizəsini diqqətlə izləyir, oranın ziyalıları ilə sıx əlaqə qururlar.

Azərbaycandan Əlibəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat” jurnalına, “Həyat”, “İrşad” qəzetlərinə xüsusi maraq göstərməklə yanaşı, satirik “Molla Nəsrəddin” jurnalını da oxuyur və yayırlar.

1909-cu ildə İstanbula gələn İsmayıl bəy Qaspıralının qarşılanmasında və onun çıxışlarının dinlənməsində Noman və dostları xüsusi fəallıq göstərirlər.

Noman həmyerlisi, gənc şair, gələcəyin böyük türkoloqu Bəkir Çobanzadə ilə İstanbulda tanış olur və hər ikisi şeirlərini bir yerə toplayıb 1911-ci ildə kitab kimi çap etdirirlər.

1912-ci ildə İstanbuldan vətənə dönən Noman sanki Kırıma sığmır. Mübarizə, fəaliyyət üçün daha geniş meydan axtarır. Peterburqa gedərək orada Psixonevroloji İnstituta qəbul olunur. Yaşamını təmin etmək ücün ən ağır işlər görməkdən belə çəkinmir. Orada yazdığı “Tatar xəstə” əsərini dostu Cafer Seydahmetə göndərir. Yazı uzun illər aktuallığını itirmədiyindən 1917-ci ildə “Tərcuman” qəzetində çap olunur. Bir il sonra isə, yəni 1913-cü ilin iyulunda əqidə və məslək dostu Cafer Seydahmetlə görüşmək üçün yenidən İstanbula dönür. İstanbuldan geri döndükdən sonra Kırımda Seyit Abdi Hacının qızı ilə evlənir.

Əqidə dostları 1914-cü ildə «Vətən” Cəmiyyətinin şöbəsini qururlar. Həmin ilin payızında Gözləvdə Cafer Seydahmetlə görüşdükdən sonra cəmiyyətin üzvlərilə Akməsciddəki Vəli İbrahimin çayxanasında gizli bir toplantı keçirir və gələcəkdə görəcəkləri işləri planlaşdırırlar.

1914-cü il sentyabrın 11-də Baxçasaraya, “Tərcüman” qəzetinin redaktorunun yasına gələn nümayəndələr qarşısında İsmayıl bəy Qaspıralının fikirlərinin ruhunu açıqlayan Noman inqilabın yaxınlaşdığını və yaranacaq vəziyyətdən istifadə edərək Kırımı işğaldan azad etməyin vacibliyini vurğulayır.

Birinci Dünya savaşında Rusiya uduzmaqda olduğunu görərək universitet tələbələrini hərbi kurslara cəlb edir. Moskvada hərbi kursu bitirən Cafer Seydahmeti Bessara­biya cəbhəsinə, Gözləvdə hərbi kursu bitirən Noman Çələbi Cihanı isə Akməscidə göndərirlər. Hərbi xidmətə yola düşmə zamanı çılğın təbiətli Noman onu yola salan dostları və qohumları qarşısında qəflətən sol biləyinin damarını kəsərək qanı ilə divara yazır:

Sağlıqnan qal, tatarlıq!

Mən getməm cəngkə,

Hamının başı aylandı axirət bətkə.

Sənin üçün yaşadım, sənsiz ölsəm,

Bilməm nasıl girərəm boş cənnətə...

1917-ci ilin fevralında ölkədə yaranmış qarışıqlıqdan qurtarmaq, Rusiyanı xilas etmək üçün çar II Nikolay könüllü olaraq hakimiyyətdən əl çəkir. Kereniskinin başçılığı ilə keçid hökuməti yaradılır.

Kırımlı vətənsevərlər isə xilas yolları arayırdılar. Gizli fəaliy­yət göstərən «Vətən” Cəmiyyətinin üzvləri Nomanın xəstə­ləndiyini bəhanə gətirərək onu Odessadakı hərbi hospitala göndərdə bilirlər. Bessarabiya cəbhəsində olan Cafer Seydahmet və əqidə yoldaşları Xəlil Çapçakçı, Ahmet Özanbaşlı da onun yanına gəlirlər. Uzun müzakirədən sonra Kırımda fəaliyyət göstərən gizli təşkilatları birləşdirmək və xalqı azadlıq mübarizəsinə qaldırmaq qərarına gəlirlər. Kırımla sıx xəbərləşmə və təşkilati əlaqə yarada bilirlər.

 1917-ci il martın 25-də Kırımın şəhər, qəsəbə və kəndlərindən gəlmiş 1500 nümayəndənin iştirakı ilə qurultay ke­çirilir. Qurultayda Kırım Müsəlmanlarının Mərkəzi İcra Komitə­si yaradılır və komitəyə 45 üzv seçilir. Komitə üzvlərinin əksə­riy­yəti gizli təşkilatdan seçilir. Bu komitə mədəni müxtariyyət funksiyasını yerinə yetirməli olduğu halda, Kırı­mın azadlıq mübarizəsinin rəhbər orqanına və yeni müstəqil döv­lə­tin qurulmasının yol göstərəninə çevrilir. 1917-ci il martın 26-da Kırım Xalq Cümhuriyyəti elan edilir.

 Kırım Müsəlmanlarının Mərkəzi İcra Komitəsi Noman Çələbi Cihanı Kırım Müftiliyinə, Cafer Seydahmeti isə Vəqf İşləri Müdirliyinə seçir. Beləliklə Çələbi Cihan yalnız Kırımın deyil, eynı zamanda, Batı Müsəlmanlarının, yəni Polşa və Litva müsəlmanlarının da müftisi olur. Yeni yaranmış Rusiya hökuməti bu vəzifələri təsdiqləyir. Odessada hadisələrin gedişini diqqətlə izləyən və onu idarə edən No­man Çələbi Cihan və Cafer Seydahmet Kırıma gəlirlər.

Noman vəzifə başına kecən kimi ciddi tədbirlərə əl atır. 1917-ci ilin aprelində Noman Çələbi Cihan, Seydcelil Hattat, Ahmet Özanbaşlı və Cafər Seydahmet tərəfindən bir nizamnamə hazırlanır. Qısa bir zamanda savadsız, cəsarətsiz, Rusiya yönlü, milli düşüncədən uzaq olan müftiləri, qazıları işdən çıxarır, yerlərinə gənc vətənsevərləri təyin edir. Milli mək­təblərin sayını artırır. Həmin ilin may ayında Akməs­cid­də keçirilən müəllimlər konqresi açıq-aydın ruslaşdırma siya­sə­tinə qarşı durur, Rusiya hökumətinin işğal etdiyi ərazilərdə özünə kiçik məmurlar hazırlamaq üçün açdığı Rus-tatar məktəblərini milli kadrlar hazırlayan məktəblərə çevirir. Bu islahatların həyata keçiril­məsində, məktəblər üçün metodik vəsait və proqramlar hazırlan­masında Asan Səbri Ayvazov kimi təcrübəli pedaqoq və yazıçının təşkilatçılıq bacarığından istifadə edilir.

Kırımda ana dilində çıxan qəzet və jurnalların sayı artırılır. Asan Səbri Ayvazov Kırım Müsəlmanlarının Mərkəzi İcra Ko­mi­­təsinin orqanı kimi “Millət” qəzetini (1918-19-cu illərdə qəzet Bakıda nəşr edilmişdır. Qəzetin Bakıda 187 sayı çap olunsa da təəssüf ki, Azərbaycan kitabxanalarında qəzetin cəmi 106 sayı saxlanılır. – Ə.Ş.), Halit Çapçakçı və Ali Badaninski “Qolos Kırıma”, “Tatar sədası” qəzetlərini nəşr etdirirlər. Onların ardınca “Gökbayrak”, “İşçi Halk” və “Albayrak” qəzetləri də nəşrə başlayır.

Həyata keçirilən islahatlar yarımadadakı müstəmləkəçilik düşüncəsindən ayrıla bilməyən rusları və Rusiya yönlü qeyri-rusları belə bərk narahat edir. Rusdilli mətbuatda həyata keçirilən tədbirlərin əleyhinə kəskin məqalələr çap olunur.

Yeni yaradılmış Tatar İrade-i Milliyyə təşkilatı Kırımı muxtar respublika kimi idarə etməyə başlayır. Kerenski hökumətinin Tavrıdakı əyalət komissarı Boqdanov bundan bərk narahat olaraq təşkilatı bağladır və 1917-ci il iyulun 20-də Noman Çələbi Cihanı həbs etdirib Akyara (Sevastopol) göndərir. Nomanın həbs edilməsi yalnız Kırımda deyil, Rusiyanın bütün müsəlman, türk təşkilatlarında etirazla qarşılanır. Mitinq və nümayişlər ara vermir. 3 gün sonra Çələbi Cihan həbsdən azad edilir, Boqdanov və müavini Biyanski işdən çıxarılır. Tavrida Əyaləti İnqilab Komitəsinin sədri Novitski rəsmən Noman Çələbi Cihandan üzr istəyir. Bu hadisə Kırımda xalqın mübarizəyə inamını artırır və əhval-ruhiyyəsini yüksəldir.

1917-ci il mayın 1-11-də Moskvada Rusiya müsəl­man­la­rının qurultayı keçirilir. Orada əsarət altına alınmış türk-müsəlmanların təhlükəsizliyini, milli-mənəvi və siyasi hü­quq­la­rını qorumaq məqsədilə "Hərbi qurumlar haqqında" qət­na­mə qəbul edilir. 1917-ci il iyulun 21-31-də Qazanda keçirilən növbəti qurultayın qətnaməsində irəli sürülən vəzifələrin reallaşması üçün Əsgəri Şura yaradılması qərara alınır. Azərbaycanlı Əsədullayevin də daxil olduğu Əsgəri Şura tezliklə yalnız müsəlman əsgər və zabitlərdən ibarət hərbi birləşmələrin formalaşdırılması istiqamətində əməli fəaliy­yə­tə başlayır. Qurultayın qərarı ilə bu mühüm vəzifənin icrası ümumtürk və ümummüsəlman məsələlərində fəal mövqeyi ilə seçilən general Masey Sulkeviçə həvalə olunur. Masey Sulkeviç soydaşlarından fərqli olmadığını göstərmək üçün islam dinini və Məhəmməd adını qəbul edir.

Birinci Rumıniya cəbhəsində döyüşən, Qafqaz-Volqaboyu müsəlmanlarının çoxluq təşkil etdiyi əsgəri birlikdən "Müsəl­man korpusu”nu formalaşdırmaq qərara alınır. Müsəlman döyüşçülərdən ibarət üç diviziyanın yaradılması və təcili şəkildə silah-sursatla təmin edilməsi haqqında general Sulkeviçin Memorandumu 1917-ci il noyabrın 10-da Ümumrusiya Müsəlman Şurasının "Xəbərlər"ində dərc olunur. Memorandumda göstərilir ki,"müsəlman ordusunun" əsas vəzifəsi keçmiş Rusiya imperiyasındakı türk-tatarları birləşdirən dövləti yaratmaqdı. "Müsəlman korpusu" 1917-ci ilin payızında indiki Moldova ərazisində – Tiraspolda təşkil edilməyə başlayır.

Rusiyada yaranmış qarışıqlıq nəticəsində Kırımda da milli, dini, əqidə müxtəlifliyi ilə bir-birindən fərqlənən komitələr yaradılır. Rusiyanın paytaxtı Peterburqda bolşeviklər çevri­liş­lə hakimiyyəti ələ alırlar. Vəziyyətin getdikcə gərginləşdiyini görən Cafer Seydahmet Kırımın müdafiəsini təşkil etmək üçün 1917-ci il oktyabrın 30-da Kırım Erkan-i Harbiyesini (Müdafiə Nazirliyi) yaradır və vaxt itirmədən Kiyevə yola düşür ki, danışıqlar apararaq, Ukrayna cəbhəsindəki Kırım Tatar Süvari dəstələrini vətənə gətirsin.

Yaranmış qarışıqlıq, beynəlxalq vəziyyətin gərginliyi, dəmir və şosse yollarının normal işləməməsi Cafer Se­ydahmedə planlarını həyata keçirməyə imkan vermir.

Kırımı muxtar bir qurum kimi idarə edən yeni qurulmuş hökumət yalnız müdafiə məsələlərini düşünmür. Qaspıralı adına darülfünun (pedaqoji texnikum), Sənət və Sənaye Məktəbi, Bağçasaraydakı Xansarayında Milli Muzey açır. Kırımın hər yerində göy rəngli milli bayraq dalğalanmağa başlayır. Kırımda idarəetmənin respublika forması seçilir. Buna ciddi hazırlıqlar da görülür.

1917-ci il noyabrın 1-də Kırım Tatarlarının Komitələ­rin­dən seçilən nümayəndələr Akməsciddə qurultaya toplaşırlar. Qurultay Kırımda yaşayan xalqların dininə və dilinə, adət-ənənəsinə sayqı göstərəcək, onların dini, milli və siyasi haqlarını qoruyacaq Kırım Xalq Cümhuriyyəti qurulduğunu elan edir. Yeni qurulan hökuməti qorumaq üçün I Dünya Sa­va­şına cəlb edilmiş kırımlı əsgər və zabitləri vətənə gətirmək qərara alınır.

1917-ci il noyabrın 17-də Kırımda ilk dəfə qadınların da tamhüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçililir. Deputatlar noyabrın 26-da Baxçasaraya gəlirlər. Xan camidə namaz qıldıqdan sonra nümayəndələr Divan-i Ali Odasına doğru irəliləyəndə əsgərlər onları komandirlərin əmrilə hərbi qaydada salamlayır, “Hürriyyət” marşı çalınır, bu günləri görmək arzusuyla yaşayan xalq kütlələri, tələbələr onları alqışlayrlar. Saat 14.00-da toplantı öz işinə başlayır. Kırım Müsəlmanlarının İcra Komitəsi adından Noman Çələbi Cihan onları salamlayır və toplantını açıq elan edir. Toplantının ilk iclasına yaşda hamıdan böyük olan Hacı Əli Əfəndi sədrlik edir. Qurultayın rəyasət heyətinə Noman Çələbi Cihan, Cafer Seydahmet, Abdülhakim Hilmi, Hacı Bədrəddin və Şəfiqə Qaspıralı seçilir.

 Aralarında qadınlar da olan (İsmayil bəy Qaspıralının qızı Şəfiqə xanım da deputatlar arasındaydı – Ə.Ş.) 76 deputat ciddi müzakirələrlə qanunvericilik aktları hazırlayırlar. Qurultayda Kırım Xalq Cümhuriyyətinin Anayasasını (konstitusiyasını) hazırlamaq üçün komissiya yaradır. Bu komissiyaya Noman Çələbi Cihan, Cafer Seydahmet, Cafer Ablay, Asan Səbri Ayvazov üzv seçilirlər. Onların hazırladığı Anayasa geniş müzakirədən sonra qurultay iştirakçıları tərəfindən dekabrın 13-də qəbul olunur. Qəbul edilən Anayasanın 3-cü maddəsinin 1-ci bəndinə dayanaraq qurultayı parlamentə çevirirlər. Qurultay Kırımda bütün həyatı idarə etmək üçün ciddi addımlar atır. Yeni qurulan Milli Hökumətin təşkili Noman Çələbi Cihana həvalə edilir. Dekabrın 26-da axşam Noman Çələbi Cihan yeni hökumətin tərkibini elan edir: Noman Çələbi Cihan – Hökumət rəisi və ədliyyə müdiri, Cafer Seydahmet – hərbiyə və xariciyə müdiri, Ahmet Şükrü – din işləri müdiri, İbrahim Özanbaşlı-maarif müdiri, Seydcəlil Hattat-maliyyə və maarif müdiri.

Bolşeviklər bundan bərk narahat olurlar. Akyardakı (Sevas­to­pol) Hərbi İnqilab Komitəsi Qara Dəniz Donanmasının gəmilərini yarımadanın liman şəhərlərinə hərbi əməliyyata göndərir. Sülhdən, xalqların hüquq bərabərliyindən, sosial ədalətdən dəm vuran bolşeviklər özlərinə düşmən saydıqları, açıq döyüşlər apardıqları, ağqvardiyaçı adlandırdıqları Rusiyanın silahlı dəstələrinə rəhbərlik edən generallarla da ittifaqa girirdilər ki, keçmiş Rusiyanın əsarət altına aldığı xalqlar müstəqillik əldə etməsinlər. Ancaq əksəriyyəti ruslardan ibarət olan müxalif menşevik partiyasının yerli təşkilatı yeni qurulan hökuməti dəstəkləyirdi.

Dinc yolla yeni yaranmış hökuməti özlərinə tabe edə bilməyəcəklərini gördükdə bolşeviklər hərbi müdaxiləyə əl atdılar. Buna bəhanə kimi də Gözləvdəki iki vaqon silahın Akməscidə (Simferopola) gətirilməsi olur. Yarımadanın müxtəlif yerlərində – Gözləv, Yalta, Kefe, Kerç və b. sahilyanı şəhərlərdə toqquşmalar başlayır. Bolşeviklərin Akyardakı 10 minə yaxın əsgəri birliyi Akməscid üzərinə hücuma keçir. Belbek stansiyası yaxınlığındakı döyüşdə bolşeviklər mövqelərini buraxıb, geri çəkilməli olurlar. Milli hökumətin əsgəri birlikləri silah və hərbi sursat çatışmaz­lı­ğın­dan, nizam-intizam zəifliyindən döyüşü sonadək davam etdirərək Akyarı ala bilmirlər.

Döyüşlərin şiddətli vaxtında Akməsciddəki Narodnıy Dom (Xalq Evi) binasını milli qüvvələr tutur. Bu yarımadadakı rusların böyük əksəriyyətinin qəzəbinə səbəb olur. Hər yerdən mülki və silahlı ruslar Akməscidə axışmağa başlayırlar. Gərginliyi aradan qaldırmaq üçün Milli Hökumətin Nazirlər Şurası Narodnıy Dom (Xalq Evi) binasından geri çəkilməyi qərara alır. Bununla razılaşmayan Noman Çələbi Cihan istefa verir. Vəziyyəti müzakirə etmək üçün parlament üzvləri Akməscidə dəvət edilərkən bolşeviklər şəhəri tuturlar və Noman Çələbi Cihanı Akyara aparırlar.

 Ordusunu və idarə etmə orqanlarını yeni formalaşdırmaq­da olan gənc Kırım hökumətini bolşeviklər qan içində bo­ğur­lar. Noman Çələbi Cihanı həbsxanada ağır işgəncələr verdik­dən sonra 1918-ci il fevralın 23-də öldürərək cəsədini dənizə atırlar. Lakin bolşeviklər yarımadanı əldə saxlaya bilmirlər. Əldən-ələ keçdikdən, müvəqqəti hökumətlər bir-birini əvəz etdikdən sonra 1920-ci ilin noyabrında Sovet Rusiyası Kırımı yenidən işğal etsə də, burada Kırım MSSR qurmaq məcburiyyətində qalır. Demək Noman Çələbi Cihan və onun məsləkdaşları silahlı mübarizədə məğlub olsalar da, ideyaları qalıb gəlir. Hətta onlara düşmən olan bolşeviklər belə muxtar respublika idarəçilik formasını qəbul etməli olurlar.

Noman Çələbi Cihanın “And etkemen” şeiri isə dillər əzbərinə çevrilir. O, yazır:

And etkemen millətimin yarasını sarmağa,

Nasıl bolsun eki kardaş bir-birini görmesin?

Onlar için ögünmesem, muğaymasam, caşasam.

Gözlerimden akan yaşlar derya-deniz kan bolsun.

And etkemen şu karangı curtka şavle serpmege,

Nasıl bolsun bu zavallı kardaşlarım inlesün?

Bunu körüp busanmasan, muğaymasam, canmasam

Yüregimde kızıl kanlar kaynamasın, kurusun.

And etkemen, söz bergemen millet için ölmege

Bilip,körüp, milletimin köz yaşını silmege.

Bilmiy kormiy, bin yaşasam, Kurultayga Xan bolsam.

Yene bir gün mezarçalar kelip meni kömmege.

(Bu yazı “Türkiyənin səsi” radiosunda “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-cu il avqustun 6-da saat 10.45-də efirə getmiş “Noman Çələbi Cihan” verilişi və “Türk eli” jurnalının 2011-ci il iyun, 10-cu sayının 27-29-cu səhifələrində çap olunmuş “Qanı ilə şeir yazan, milləti üçün dövlət quran Noman Çələbi Cihan” məqaləsi əsasında hazırlanmışdır).

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol