Lütpulla Mütəllip -Azadlıqsevər uyğurlar üçün şəhid şair

AZADLIQSEVƏR UYĞURLAR ÜÇÜN ŞƏHID ŞAİR

LUTPULLA MÜTƏLLIP NÜMUNƏSI

 

Əsasən uyğurlar yaşayan Sintszyan-Uyğur Muxtar Rayonunu (Şincan Uyğur Aptonom Rayonluk) Azərbaycandan təxminən dörd min kilometrlik bir məsafə ayırır. Bölgə keçmidə Döğu Türküstan  adlandırılırdı. Çin buranı işğal etdikdən sonra imperator 1884-ci il  noyabrın 18-də verdiyi əmirlə bölgəni Çinin 19-cu vilayəti –Sincianq, Şincanq və ya Xinjianq adlandırdı. Bu da hakim çinlilərin dilində  “yeni sərhəd”, “yeni xətt”, “yeni qazanılan yer” anlamındadır. Qəribəsi budur ki, Çin imeratorluğu Avropalıların təsir dairəsində olmasına, ölkənin ayrı-ayrı bölgələri xaricilərə “icarəyə verilməsi”nə, Yaponyanın Çinin bir çox ərazilərinə işğal etməsinə baxmayaraq, məğlub Çin işğalçılıq siyasətindən əl götürmürdü.

 Doğu Türküstanda uyğurlarla yanaşı qazaxlar, qırğızlar, tatarlar, altaylılar və b. türk xalqları da yaşayırlar. Eyni soydan olduğumuza görəmi, yoxsa tarixin gedişindənmi oxşar taleyi yaşayırıq. Əlaqələrimiz zamanın sürətiylə ayaqlaşmasa da, qan yaddaşı sayəsində hələ də ədəbi əsərlərimizin adlarında, mövzularında bir çox oxşarlıqlar var. Toponim və şəxs adlarımızın da böyük bir hissəsi eynidir.

Bu gün Çində yaşayan soydaşlarımız  uyğur, biz isə azərbaycanlı adlanırıq. Hər birimizin də ayrıca (az qala bir-birindən tədric olunmuş) tarixi, ədəbiyyat tarixi, dil tarixi və s. yaradılıb.

1819-1826-cı illərdə Doğu Türküstanda Cahangir xanın başçılığı ilə xalq mançur mənşəli Çinq sülaləsinin hakimiyyətinə qarşı üsyan qaldıranda Qarabağda, İrəvanda, Gəncədə  Abbas Mirzənin başçılıq etdiyi hərbi hissələr də rus ordusuna qarşı vuruşurdu. 1830, 1831-ci ildə Car-Balakəni, Lənkəranı, 1837-1838-ci illərdə Şəki və Qubanı, 1829-1861-ci illərdə Şeyx Şamilin başçılığı ilə Qafqazı bürümüş üsyanlar ilə Doğu Türküstanda 1830-cu ildə Yusup Xocanın, 1846-cı ildə Muhəmmətimin Xocanın, 1855-ci ildə Alixan Törənin başçılıq etdiyi üsyanlar bir-birlərinə çox bənzəyir.

1931-ci ilin fevral ayında Qumul vilayətində Xoca Niyaz Hacı və Salih Dorğanın öndərliyi ilə xalq Çin-Şu-Jenin (1928-1933)  hakimiyətinə qarşı üsyan qaldırdı. Üsyan dalğası sürətlə ölkəni bürüdü. 1933-cü il noyabrın 12-də Kasqarda Doğu Türküstan İslam Cümhuriyyəti elan edilir. Lakin  qurulan bu dövlətin ömrü uzun olmur. 1934–1944-cü illər arasında SSRİ Doğu Türküstanı öz təsir dairəsində saxlamaq, ondan Yaponyaya və Çinin bəzi dairələrinə təsir vasitəsi kimi istifadə etmək üçün diplomatik vasitələrdən və silahlı qüvvələrdən istifadə edir.  

1937-ci ildə SSRİ ilə Çin arasında bağlanmış andlaşma Doğu Türküstan İslam Cümhuriyyətinin ləğv edilməsilə nəticələnir. Xalq kütlələri isə bu müqavilənin şərtləri ilə razılaşmır. Ölkənin müxtəlif bölgələrində itaətsizlik, silahlı üsyanlar davam edir.

1938-ci ilin sonlarında müqavimət hərəkatı daha da güclənir. Xalqın iradəsini qırmaq üçün olmazın qəddarlığına əl atıldı. Kaşqarda polis idarəsinə rəhbərlik edən sovet vətəndaşı Mavlanovun bir gündə 6.000 nəfəri güllələtməsi, 300.000-dən çox insanı həbs etdirməsi və 10.000-dən çox ailənin malını müsadirə etməsi Azərbaycanda 1936-1938-ci ildəki kütləvi həbslər və sürgünləri yada salmırmı?!

1944-cü ilin iyulunda İli bölgəsində-Qulcada Əli xan Törənin başçılığıyla çinlilərə qarşı yenidən  üsyan baş qaldırdı və qələbə ilə başa çatdı. 1944-ci ilin avqustun 7-də “Doğu Türküstan Cümhuriyyəti”nin  qurulduğu elan edidi və hökümət başçısı Alixan Törə seçildi. Lakin beynəlxalq güclər yeni höküməti tanımaq istəmədilər.

1946-ci ilin dekabrında  şah orduları Güney Azərbaycanda qurulmuş dövlətin varlığına  son qoyur və rəhbərləri, fəalları Sovetlər Birliyinə gətirilir. Güney Azərbaycanda qurulmuş, milli hökumətin rəhbəri  S.C.Pişəvəri 1947-ci ildə Quzey Azərbaycanda avtomobil qəzası adı ilə öldürüldüyü kimi, Stalin ile Mao-Dze-Dun gizli razılaşmasıyla Doğu Türküstan Cümhuriyyətinin prezidenti Ahmetcan Kasimi, Milli Azadlıq Ordusunun Komandanı general İshak bəy, onun müavini general Delil Kan, Ordunun Siyasi Komissarı Abdukərim Abbas və b. təyyara qəzasına salınaraq məhv edildilər. Təşkil olunmuş bu təyyarə qəzasının ardından işğalçı ordu 1949-cu ilin oktyabrinda Doğu Türküstanı tutdu.

Ölkələrimizin taleyi kimi insanlarımızın taleyi də oxşardır. Uyğur inqilabçısı, şair və dramçı Lutpulla Mütəllipin gənc yaşlarında qəddarlıqla öldürülməsi Mikayıl Müşfiqin, sonradan onun sümüklərinin tapılaraq təntənə ilə dəfn edilməsi Hüseyin Cavidin taleyini yada salır.

Bu yazıda xalqımızın yaxından tanımadığı, lakin tanımasına və sayqı göstərməsinə ehtiyac olan Lutpulla Mütəllipin ömür yolundan söz açacağıq. 

Lutpulla Həzim Axun oğlu Mütəllip 1922-ci ilin oktyabrın 16-da Qazaxıstan Respublikasında, Almatı yaxınlığındakı Uyğur bölgəsi kimi tanınan Nilki qəsəbəsinin Çunçi kəndinin Sayboyu məhəlləsində anadan olub.

Millətini azad və xoşbəxt görmək arzusuyla yaşayan və bu yolda həyatını qurban verən Lutpulla Mütəllip haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilib. Uzun illər Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində dururlub. Uyğur araşdırıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axund “Min bir hədis” adlı kitabının qapağına oğlunun doğumunu hicri tarixiylə yazıb. Həmin tarixi miladiyə çevirdikdə 1922-ci il oktyabrın 16-na uyğun gəlir. Ailədəki müqəddəs kitabların qapağına mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur. Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü yazıbsa, demək, ən doğru sənəd bu sayılmalıdır.

Kiçik yaşlarından fitri istedadıyla ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullanı Qulca şəhrindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini öyrənmiş olur. Sonra təhsilini rus gimnasiyasında davam etdirir. İki il də burada oxuyur. 15 yaşında ikən “Mənim xalqım” adlı şeirini “İli qəziti”ndə  çap etdirir.

Yeniyetməlik və gənclik illərində yazdığı üsyankar şeirlərinə görə onu “od yürəkli şair” adlandırırlar.

Lutpulla imtahan verərək Urumçi şəhrindəki Darülmuəlliminə qəbul olunsa da, maddi sıxıntı üzündən təhsilini davam etdirə bilmir. 1941-ci ildə sovet mühəndislərinin tərcüməçisi kimi Güney Şincana gedir. Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra sovet mühəndisləri axtarış-kəşfiyyat işlərini yarıda buraxıb geri döndüklərindən Lutpulla Mütəllip işsiz qalır və yenidən Urumçiyə dönür.

Təhsilini davam etdirməklə yanaşı, “Şincan” qəzetində işləyir və qəzetdə “Ədəbiyyat gülzarı” adlı səhifə hazırlayır.

İstedadlı şair, publisist və dramçı Lutpulla Mütəllip1942-ci ildə, yəni 20 yaşında yazdığı, elə həmin il də səhnələşdirilən «Gerçək moden» pyesi Çin valisi Şenq-Şi-Şey tərəfindən yasaqlanmış və ona qarşı təqiblər başlamışdır.

Təqib və təzyiqlərə baxmayaraq o, bədii yaradıcılığını və siyasi mübarizəsini dayandırmır.  Rus dilində təhsil alması, bu dilin vastəsilə inqilabi ədəbiyatla tanışlığı, Marksın, Engelsin, Leninin, Stalinin əsərlərini oxuması təsirsiz qalmır. Lutpulla yeniyetməliyindən Avropada kabus kimi dolaşan, oradan da dünyada yayılan kommunizm ideologiyasının təsiri altına düşür. O, bu ideologiya vasitəsilə xalqının azad və firavan yaşayacağına inanır.

 O, ənənəvi əruz və heca vəznində şeirlər yazmaqla yanaşı, sərbəst vəzndə də qələmini sınayır, bu janrın çılğın təbliğatçısına çevrilir. Həm də “Borandan sonrakı aydınlıq”, “Samsaq ağa hirsləndi” kimi pyeslər yazmaqla oxuma və yazma bilməyən insanlara səhnədən müraciət etməyə, xalqını cəhalətdən qurtarmağa çalışır.         Pyeslər yazarkən və onları səhnələşdirərkən rus rejissor və aktyorlarının təcrübəsindən bəhrələnir.

1943-cü ildə Şincanın siyasi həyatında dəyişmələr baş verir. Liberal, demokratik görünməyə can atan vali Şenq Şi-Şey Qomindan Çin Milli Partiyasına daxil olur. Bu, bölgədə tarazlığın pozulmasından, çinlilərin müstəmləkəçilk siyasətinin getdikcə şiddətlənəcəyindən xəbər verirdi. Şincanda yanvar ayında partiyanın vilayət şöbəsi təşkil edilir və iyun ayında partiyanın ən mühafizəkar üzvlərindən Fen Qun-Bini “Şincan” qəzetnə redaktor təyin edilir.

Qomindan Çin Milli Partiyasının hakimiyyətə gəlməsi Şincanda Lutpulla Mütəllip və onun kimi inqilabi əhval-ruhiyyəli, yenilik tərəfdarı vətənsevərlərin vəziyyətini ağırlaşdırır.  Bir çox kitablar yığışdırılır, inqlabi ruhlu, vətənsevər kitablar çap edən nəşriyyatlar bağlanılır. Həbs edilmək və ya sürgünə göndərilməklə üzləşən  Lutpulla Mütəllip 1943-cü ilin sonunda işdən çıxarılır. Onu Aksudakı “Şincan” qəzetinə redaktor müavini göndərirlər.

Lutpullanın gəlişi Aksu şəhrində vətənsevərlər tərəfindən sevinclə qarşılanır. Qəzetdə “Cənub Şamili” adlı səhifə hazırlayır və buraya şair Nimşehit, Bilal Əzizi kimi gəncləri cəlb edir. Gənc şair elm öyrənməklə, bədii yaradıcılıqla yanaşı içtimai-siyasi işlərdə fəal iştirak etdir. 

Aksu Vilayətlik Uyğur Mədəniy Akartiş Uyuşmisi (Aksu Vilayət Uyğur Mədəniyyətinin İnkişafı Birliyi) ilə “Aksu Şincan” qəzetinin birgə çıxartdığı “Cənubtin avaz” (Cənubdan səs) jurnalına məsul katiblik edən Lutpulla Mütəllip “Təsiratım” (Duyğularım), “Hoş” (Əlvida),” “Yillarka cavap”(İllərə cavab), “Pəryat” (Fəryad), “Hiyalçan tilək” (Xəyallı diləklər), “Küreş ilhami” (Mübarizə ilhamı), “Şair toğrusida Muveşşeh” (Şair hakkında müvəşşəh), “Muhəbbət həm neprət” (Məhəbbət və nifrət), “Oğlum hekkidə mərsiyə” (Oğlum haqqında mərsiyə), “Vətən ala, xəlik ala (Vətən ala, xalq ala), “Büyük mayak” (Böyük mayak) və b. şeirlərini, eləcə də “Əcəl hudukuşida” (Əcəl anında), “Padişah samuraylari ağir halsiraydu” (Padişah samurayları böyük yorğunluq içində), “Uniz kəlgüsi zor həm parlak” (Onun gələcəyi güclü və aydın) satirik  məqalələrini və “Samsak akan kaynaydı” (Sarımsaq ağa əsəbləşir), “Küreş kizi” (Mübarizə qızı), “Borandin keyinki aptap” (Borandan sonrakı günəş), “Çin moden”, “Çiməngül” adlı səhnə əsərlərinin, “Ədəbiyyat nəzəriyyəsi”, “Sənətkə muhəbbət” (Sənətə məhəbbət), “Tiyatirmız kelip çikişi və ravaclaniş tarihi” (Teatrımızın yaranması və inkişafı tarixi) adlı məqalələrini yazır.

Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının Doğu Türküstanda uğurla səhnələşdirilməsi və böyük tamaşaçı marağı qazanması bir çox səhnə əsərlərinə rejissorluq edən, özü baş rolları oynayan gənc Lutpulla Mutallipi “Tahir ilə Zöhrə” və “Qərip ilə Sənəm” operalarının librettosunu yazmağa ruhlandırır.

1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uyğurların Çin hökümətinə qarşı başladıqları etiraz hərəkatı tarixə “Üç vilayət inkilabı” kimi daxil oldu. “Üç vilayət inkilabı” təşkilatının liderlərinin Aksu şəhrinə göndərdiyi nümayəndələrlə görüşən, onların istəklərini öyrənən Lutpulla Mütəllip onlarla birgə bölgədə hakimiyyəti devirmək uğrunda mübarizə aparacağını vəd edir. Bundan sonra böyük bir eşq və ilhamla “Uçkunlar ittipakı”(Qığılcımlar ittifaqı) təşkilatını qurur. Tam adı “Şərqiy Türkistan Uçkunlar İttipaki” (Şərqi Türküstan Qığılcımlar Ittifaqı) olan təşkilata millətini sevən Nimşehit, Bilal Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi vətənsevərlər daxil olurlar. Təşkilatın parolu “Biz cümə namaziga teret elip koyduk. Cümə namazini sizlər bilən billə okumakçimiz” (Biz cümə namazını qılmaq üçün abdəst aldıq. Cümə namazını sizinlə bərabər qılmak istəyirik) olur.

 “Üç vilayət inkilabi” ordusu Çin hökümət qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. Lutpulla Mütəllip qurmuş olduğu “Uçkunlar ittipaki”nın üzvləri də döyüşə hazırlıq işlərini sürətləndirir, Qomindan Partiyasının tabeliyində olan əsgəri birliyin silah anbarına girmək, oradakı silahları alaraq öz düyüşçülərinə paylamaq üçün anbar qapılarının gizlicə açarlarını hazırladırlar.

Satın aldığı xainlərin yardımı ilə Qomindan Partiyasının məmurları Lutpulla Mütəllipi və silahdaşları  Bilal Əzizi, Müniridin Xocanı, Abla Mevlancan, Rozi Turdiyof və 30 yaxın məsləkdaşını həbs edirlər. Xalqının azadlığı və xoşbəxtliyi uğrunda Qomindan ordularına qarşı cəsarətlə vuruşan “Üç vilayət inqilabı” əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq Güney Şincana keçib, Aksu şəhrinə doğru irəliləyir. Qomindançılar həbsdə olanların üsyan qaldıracağından, xalqın da onlara qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentiyabrın 18-də Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyirlər. “Uçkunlar ittipaki”nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən xalq kütlələri  həbsxanaya hücum edib oranı dağıdırlar. Aksu şəhəri qomindançılardan azad olur. Həbsxanada Lutpulla Mütəllipin divarla qanıyla aşağıdakı misraları yazdığını görürlər:

 Bu kən dunya mən üçün boldi duzəx -  Bu geniş dünyü mənim üçün oldu cəhənnəm,

Yaş gülümni şazaz kildi kanhor əbləh... - Gənç gülümü xazan qıldı qaniçən əbləh...

 Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da, onun ideyaları reallaşır. Doğu Türküstan höküməti qurulur. Sovetlərin yardımı ilə Çində kommunistlər hakimiyyətə gətirilir. Lakin onlar vədlərini tez unudaraq, dünənki silahdaşlarına və əməkdaşlıq etdikləri insanlara divan tuturlar. Xalqlara azadlıq vəd etsələr də, müstəmləkəcilik siyasətini davam etdirirlər.  İki imperialist dövlət-Çin və SSRİ gizli plan quraraq 1947-ci ildə Doğu Türküstanlıların liderlərini təyyarə qəzasında öldürür, hökumətin fəallarını və müstəmləkəçilərə müqavimət göstərənləri də məhv edirlər.

Lutpulla Mütəllip və dostlarının vəhşicəsinə edam edilməsindən beş il sonra xalq ayağa qalxaraq yenidən həbsxanaya basqın edir. Həmin vaxt həbsxanada işləmiş nəzarətcilərə təzyiq göstərərək Mütəllip və məsləkdaşlarının cənazələrinin harada gizlədildiyini tələb edirlər. Həbsxana işçiləri canlarının qorxusundan həqiqəti deyirlər. Məlum olur ki, vətənpərvərlər həbsxana ərazisindəki donuz damında güllələnmiş, sonra da ora ayaqyoluna çevrilmişdir.

Həmin yeri qazarq şairin və əqidə yoldaşlarının param-parça edilmiş cəsədlərinin qalıqlarını tapırlar. Aksu və ətrafından gələn xalq kütlələri bu vətən övladlarının param-parça edilmiş cəsədlərini islam qaydaları və uyğur adət-ənənəsiylə dəfn edirlər.

Çin cəlladları Lutpulla Mütəllipin 18 yaşlı xanımı Sopiyam Baiz qızını təqib edir, nəticədə Lutpullanın yeganə övladı aclıqdan ölür.

Son illərdə Urumçidə baş verənlər onu göstərir ki, Lutpulla Mütəllipin ideyaları yaşayır,  bu ideya uğrunda ölümə gedən uyğur gəncliyi yetişib.

Əli Şamil

Çap olundu: “525-ci qəzet”, 14 sentyabr 2011-ci il, səh 4.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol