URMİYA AŞIQLARI
İran – İraq müharibəsində ən çox bombalanan şəhərlərdən biri də Urmiyadır. Lakin bu gün şəhərin səliqə-səhmanı, fərdi layihələr əsasında tikilmiş 2 – 3 mərtəbəli göz oxşayan şəxsi evləri görəndə inanmaq olmur ki, yaxın keçmişdə buranı müharibə alovları qarsalayıb.
Şəhərdə olarkən saz-söz ustaları ilə maraqlandım. Xeyli ad çəkdilər. Onlardan yalnız ikisi mənə tanış idi: Dərviş və Dehqan . 10 – 12 il əvvəl İran radiosunda bu aşıqların səsini eşitmişdim. Onları görmək istədim. Tanışlarımın aşıqlarn ünvanları haqqında təsəvvürləri yox idi. Odur ki, onların tanıdıqları aşıqların hər biri ilə görüşmək istədiyimi bildirdikdə məni saz həvəskarları Yaqubun yanına apardılar.
Yaqub şəhərin mərkəzində zirzəmidə keks bişirilən sexdə işləyir. Onların bişirdikləri keksləri ölkənin müxtəlif şəhərlərinə aparırlar. Naxçıvandan gəldiyimi, saz-söz ustaları ilə maraqlandığımı biləndə bərk sevindi. İşini yarımçıq qoyub sazını gətirdi. Elə sexdəcə çalmağa başladı, Usta yanında uzun müddət şəyirdlik etməyən, mükəmməl təhsil almayan Yaqub sənətə vurğunluğu ilə çalıb-oxumağı öyrənib. Söhbət zamanı bildirdi ki, Urmiya ilə Naxçıvanın arasında bağlanmış müqaviləyə görə bir qrup mədəniyyət və incəsənət xadimi yaxın günlərdə Naxçıvana gedəcək. Onda aşıqların sırasında Yaqu da olacaq.
İrandakı ictimai-siyasi vəziyyət məndə bu qənaəti yaratmışdı ki, iqtisadi müqavilələr həyata nə qədər asanlıqla yol tapsa, mədəniyyət sahəsində bağlanmış müqavilələr bir o qədər çətinliklə rastlaşacaq. Ürəyimdən keçənləri ona demədim. Aşıqda nikbin əhval-ruhiyyə yaratmaq üçün Naxçıvanda görüşəcəyimizdən, onun konsertlərini təşkil edəcəyimizdən söhbət açdım. Təəssüf ki, düşündüyüm kimi də oldu. Ötən ilin noyabr ayında nəzərdə tutulmuş səfər bu gün də reallaşmayıb.
Yaquba aşıq Dərviş və Dehqanla görüşmək arzusunda olduğumu bildirdim. O, xeyli fikrə getdikdən sonra dedi:
- Dərviş əvəzsiz xəzinədir. Heyif ki, ondan lazımınca istifadə edilmir. Qonaq qəbul etmək, çalıb-oxumaq halında deyil. Zəmanə, mühit aşığı yaman sındırdı. Hərdən özü sifariş göndərir. Gedirəm yanına. Bəzi saz havalarını, şeirlərini öyrədir. Bu günlərdə elə bir görüş olsa, arzunuzu aşığa çatdıraram. Ancaq qəti söz deyə bilmirəm. Sizinlə görüşmək istəyəcək, ya yox. Bir də bilmirəm siz Urmiyada neçə gün qalacaqsınız?!
Yaqubun vasitəçilik edib məni Dərvişlə görüşmək arzusu ilə vaxtından 15 gün də çox qaldım. Amma bir nəticə hasil olmadı.
Aşıq Dehqanla isə Urmiyanın Əncümanı İslamında (həftədə bir dəfə toplaşıb şeir oxuduqları məclis) görüşdük. Aşıq bura təsadüfdən-təsadüfə gələr. Vaxtı çox az olur. Ölkənin müxtəlif guşəsində yaşayan türklər onu tez-tez toya dəvət edirlər. Mən orada olanda da aşığı uzaqlara toya dəvət etmişdilər. Odur ki, apardığı məclisdə iştirak edə bilmədim. Özünün dediyinə görə əsilləri Qarapapaq tayfasındandır. Bu tayfanın böyük bir qolu 1801 – 1829- cu illərdə rus ordularına qarşı cəsarətlə döyüşə-döyüşə ailələri ilə birlikdə İrana və Türkiyəyə doğru geri çəkilmişlər. Ruslar Qafqazı işğal edəndən sonra əksəriyyəti geri qayıtmayıb. İrana gedənlər Sulduz mahalında məskunlaşıblar. İndi həmin yer Nəqədeyn fərmandarlığı adlandırılır. Fərmandarlığın doxsana yaxın kəndində Qarapapaqlar yaşayırlar. Adət-ənənələrini, dialektlərini də qoruyub saxlaya biliblər.
Aşıq Dehqan da 1934- cü ildə Urmiya yaxınlığındakı İydir kəndində anadan olub. Adı Məhəmmədhüseyndir. 12 yaşından saza maraq göstərib. Atası dünya görmüş, savadlı bir adam olduğundan oğlunun könlünü qırmayıb. Onu tanınmış aşıq Dollu Fərhada şəyird verib. Fərhad da sənətin sirlərini Dollu Mustafanın şəyirdlərindən alıb. O, Dollu Mustafanın ki, Şimali Azərbaycanda aşıqlar onun şeirlərini oxuyar, amma ömür yolundan xəbərləri yoxdur. Fərhadın şəyirdlərindən üçü – Əziz (vəfat edib). Dərviş və Dehqan ustad sənətkar kimi püxtələşiblər. Cavanlardan Heydərə, Buluda, Həmidə aşıqlığın sirlərini Dehqan öyrədib.
Əsasən klassik aşıqların, el şairlərinin və eləcə də müasirləri olan Cavanmərdin, Purazərin şeirlərini oxuyan aşıq Dehqan özünün dediyinə görə 42 dastan bilir. Bu dastanlardan “Baba Leysan”, “Herat Qasım”, “Şikarı”, “Gərgərli Məhəmməd”, “Əli və Rəfi” bizim tərəflərdə ya məlum deyil, ya da tək-tək aşıqlar bilir.
Son bir-iki ildə İranda çalıb-oxumaq sərbəstliyi veriblər. Ancaq buna baxmayaraq müəyyən hədlər, sərhədlər var. Hətta aşıq televiziyada çalıb-oxuyanda onun sazını göstərmirlər də . İran İslam inqilabından sonra aşıqlar da təqibə məruz qalıblar. Həmin ağır illərdə aşıq Dehqan şəhər kənarındakı alma və üzüm bağını becərməklə ailəsini dolandırıb. Xəlvət-xəlvət də çalıb-oxuyub ki, səsi, sazı kökdən düşməsin.
Son illərdə aşıq “Qulam Heydər” dastanını doqquz maqnitafon kasetinə yazdırıb-yayıb. El şairi və folklor həvəskarı Purazərin fikrincə, dastan səkkizinci maqnitafon kasetində artıq başa çatır. Yaxşı alındığını və dinləyicilər arasında nüfuz qazandığını görüb doqquzuncu hissəni aşıq Dehqanla Cavanmərd artırıblar. Qoy lap belə də olsun. Ugurlu alınarsa, xalq dastanı bu şəkildə qəbul edəcək, yox, əgər əlavə ugursuz olarsa, onda başqa məsələ. Heç kim qəbul etməyəcək.
Aşıq Dehqan böyük ailə sahibidir. Altı qızı, üç oğlu, xeyli nəvəsi var.
Yaşı altmışı haqlamış aşıq Mahmudla Urmiyanın musiqiçilər və el şairləri toplaşan çayxanasında tanış olduq. Sakit təbiətli, azdanışan, qocaman el sənətkarının ömür yolunu və yaradıcılığını öyrənməyə vaxt və imkan olmadı.
Aşıq İsməli Lütfi isə yaradıcılığı ilə tanış olmadığım üçün öz mahnıları yazılmış maqnitafon kaseti göndermişdir. Aşığın mənə bağışladığı maqnitafon lentindən aydın olur ki, bu onun İranda yayılan ikinci mahnılar toplusudur. Təqdirəlayiq haldır ki, İranın bütün musiqi magazalarında el sənətkarlarının, aşıqların, xanəndələrin oxuduqları mahnılar yazılmış maqnitafon lentləri, eləcə də məşhur kinofilmlərin musiqiləri yazılmış nəfis maqnitafon lenti satılır. Aşıq İsməlinin mənə bağışladığı maqnitafon lentində onun “Tüccarı”, “Qürbəti”, “Əmrahı”, “Hicranı”, “Müxəmməs” və başqa havalar üstündə oxuduğu 12 mahnı var. Aşıq bu saz havaları üçün mahnı mətnlərinin üçünü Qurbaninin, birini Tufarqanlı Abbasın, birini Purazərin yaradıcılığından götürmüş, qalanlarını isə dastanlardan seçmişdir.
Cavan aşıqlardan Əli Yekanlı ilə toy məclisində görüşdük. Məlahətli və zil səsi ilə qəlblərə yol tapan bu gənc, usta yanında şəyird durmadığından sənətin sirlərinə yaxşı bələd olmadığı aydınca hiss olunurdu. O, məclisdə gah saz çalıb oxuyur, gah da müğənnilik edirdi.
Qısa səfər müddətində Urmiya aşıqları ilə ötəri tanış ola bildim. Bu tanışlıq yəqin ki, foolklorşünaslarımız üçün bələdçi rolunu oynayacaq və Şimali Azərbaycanda yaşayan söz həvəskarları üçün o tay haqqında qısa məlumat olacaq.
Əli Şamilov, Naxçıvan.
“Ozan” qəzeti, 1992-ci il, 31 iyul, sayı 10 (10) səh., 1-2 |