GÖZƏL TÖHFƏ
Görkəmli yazıçı jurnalist, böyük demokrat Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında neçə-neçə monoqrafiya çap olunmuş, əsərlərini təhlil və şərh edən yüzlərlə məqalə yazılmışdır.
Mirzə Cəlilin yaradıcılığının geniş tədqiqi və təhlili ilə məşğul olanlardan biri də marksist tənqidçi Əli Nazim olmuşdur. Qısa, lakin mənalı həyat yolu keçmiş, istedadlı tənqidçi Ə. Nazim1932-1936- cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” haqqında “Realist, satirik və sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Molla Nəsrəddin haqqında bir neçə söz” və s. maraqlı əsərlər yazıb dərc etdirmişdir. Bu məqalələrdə vulqar sosioloji münasibətin təzahürləri özünü göstərsə də, qeyri-obyektiv müddəalar irəli sürülsə də həmin illərdə yazıçının yaradıcılığını, obrazlar aləmini öyrənmək baxımından yeni tədqiqatın başlanğıcı kimi qiymətlidir.
Tarixə münasibət və tarixi şəxsiyyətin xidmətlərini qiymətləndirmək haqqında proletariatın dahi rəhbəri V. İ. Lenin gözəl deyib: “Tarixi xidmətlərə qiymət verərkən tarixi xadimlərin müasir tələblərə nisbətən vermədikləri şeyləri deyil, öz sələflərinə nisbətən verdikləri yeni şeylər əsas tutulur”.
Əli Nazimin yaradıcılığına bu baxımdan yanaşdıqda onun əsərlərində nə qədər yeni fikrə, yeni təhlil üsuluna , hadisələrə, dövrünün nöqteyi- nəzərindən baxışlara rast gəlmək olar?! Bu axtarışlar həmişə müvəffəqiyyətlə nəticələnməsə də o, usanmaq, yorulmaq, geri çəkilmək nə olduğunu bilmədən axtarışlarını davam etdirib. Özünün nöqsanlarının üstündən də sükutla keçməyib.
40 ildən artıq idi ki, oxucular mətbuatda marksist tənqidçi Ə. Nazimin imzasını görmürdülər. Onun istər dövrü üçün aktual, istərsə də bu günkü oxucu üçün maraqlı olan əsərləri 20-30-cu illərdə nəşr olunmuş müxtəlif qəzet və jurnalların səhifələrində səpələnib qalmışdı. “Yazıçı” nəşriyyatı xeyirxahlıq göstərərək Ə. Nazimin “Seçilmiş əsərləri”ni çap etmişdir. Kitaba müəllifin 1924-1936- cı illərdə Azərbaycan, rus, Avropa və Şərq yazıçı və şairləri haqqımda yazdığı məqalələri, ədəbiyyatımızın nəzəri məsələlərinə dair əsərləri, tamaşalar haqda rəyləri və SSR Yazıçılar İttifaqının I qurultayında və III plenumdakı çıxışları daxil edilmişdir.
Rasim Tağıyevin tərtib, Əziz Mirəhmədovun redaktə etdiyi Əli Nazimin “Seçilmiş əsərləri” kitabında Şamil Salmanov yığcam, dolğun və maraqlı müqəddimə yazmaqla yalnız Ə. Nazimin ədəbi-tənqidi görüşləri haqqında deyil,20-30- cu illər Azərbaycan, eləcə də sovet ədəbi tənqidinin inkişaf yolunu izləməkdə və düzgün başa düşməkdə geniş oxucu kütləsinə istiqamət verir. Ə. Nazimin Plexanovun sənət nəzəriyyəsinin təsiri altında, eləcə də görkəmli ədəbiyyat nəzəriyyəçilərindən Perverzeyevin, Feriçenin yaradıcılığının təsiri altında yazıb-yaratmasının səbəblərini göstərir. Haqlı olaraq Ə. Nazimin rus tənqidi fikrini mənimsədiyi, onlardakı səhv görüşlərdən xilas ola bildiyi qənaətinə gəlir.
“Seçilmiş əsərləri”nə Ə. Nazimin 40-a yaxın müxtəlif məqaləsi və çıxışı daxil edilmişdir. Məqalə və çıxışlarda sovet ədəbiyyatı, marksist-leninçi ədəbiyyatşünaslıq uğrunda mübarizə öz əksini tapmışdır. Proletar inqilabi cəmiyyətin inkişaf yolunu qəti müəyyənləşdirmişdi. Yeni cəmiyyətin ədəbiyyatı, incəsənəti necə olmalıdır, klassik irsdən nə götürmək, nəyi atmaq lazımdır? Bu suallara tam və qətiyyətlə cavab verən, aydın bir nəzəriyyə yox idi. Yeni cəmiyyətin ədəbiyyatı ilə yanaşı nəzəriyyəsi də yaranırdı. Burada bəzən səhv addımlar, yanlış müddəalar da olurdu. Bütün bunlara baxmayaraq yeni sənət yaratmaq uğrunda mübarizə qətiyyətli idi. Yeni ədəbiyyat yaratmaq uğrunda mübarizədə Ə. Nazim öndə gedir, onun nəzəri əsaslarını yaradırdı. Onun “Yeni həyat və yeni ədəbiyyat”, “Ədəbiyyatımı, xalqımı?”, “Ədəbiyyatımız və ədəbiyyat tariximiz”, “Bu günkü ədəbiyyatımız haqqında”, “Proletar ədəbiyyatının yaradıcı siması”, “Rekonstruksiya dövrü və millətlər incəsənətinin vəzifələri”, “Yeni üslub yaratmalıyıq” və sairə məqalələri bu baxımdan maraqlıdır.
“Marks və Engelsin estetik görüşləri haqqında”, “Oktyabr və tənqidimiz”, “Klassikləri lenincəsinə öyrənməli” məqalələri göstərir ki, Ə. Nazimin dünyagörüşündə, eləcə də yaradıcılığında saflaşma, təmizlənmə dövrü başlanmışdır. Sosializm, realizm metoduna yaxın mövqedən çıxış edən müəllif maksizm-leninizm klassiklərinin sənət haqqında müddəalarından səmərəli bəhrələnir. Ədəbiyyatın beynəlmiləlçiliyini, ümumbəşərililiyini vacib sayır.
İstedadlı tənqidçi, coşğunluqla proletar ədəbiyyatının yaranma tarixini öyrənir, tədqiq edir, gənc müəllifləri maksim Qorkidən, xüsusən də Mayakovskidən öyrənməyə çağırır.
Nazim Hikmətin 1929- cu ildə Bakıda çap olunmuş ilk kitabını “ – Günəşi içənlərin türküsü”nü “Günəşi içirik... Günəşləşirik” məqaləsində geniş təhlil və təbliğ edirdiş.
Ə. Nazim yeni sovet ədəbiyyatının inkişafını, SSR xalqlarının ədəbiyyatının vəhdəti şəklində öyrənməyi məsləhət görürdü. Onun məqalə və çıxışlarında da mayakovskinin, tacik şairi Lahutinin, erməni şairi Çarensin, gürcü şairi Tabidzenin, türk şairi Nazimin adları eyni ilhamla çəkilir, yaradıcılıqları eyni aspekdtən təhlil edilirdi. O, SSR Yazıçılar İttifaqının III plenumumda söylədiyi nitqində demişdir: “Zənnimcə, biz sovet poeziyası haqqında danışdıqda Tacikistanın, Ermənistanın, Gürcüstanın və Azərbaycanın böyük şairlərinin təcrübəsindən istifadə etməliyik. Burada bizim aramızda böyük dramatik əsərlər yaratmış olan Hüseyn Cavid kimi böyük Azərbaycan şairləri vardır. Burada yoldaş Surkov dedi ki, Sovet poeziyası yalnız indi poetik dramlara keçmişdir. Bu doğru deyildir. O, yəqin bütün sovet poeziyasından xəbəri olmadığı üçün belə demişdir”..
Əli Nazim qətiyyətli, cəsarətli, öz fikrini açıq deməyi sevən tənqidçilərdən olmuşdur. Mübahisəyə girişdiyi şəxsin nə nüfuzu, nə vəzifəsi, nə elmi titulu onu sözünü açıq və cəsarətlə deməkdən çəkindirməmişdir. Milli ədəbiyyatlar haqqında “İzvestya” qəzetində dərc olunmuş məqalələrə, Mirskinin düzgün olmayan müddəalarına qətiyyətlə və elmi cəhətdən əsaslandırılmış cavablar vermişdir.
Ə. Nazim 20-30- cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən olmuşdur. Onun Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri bəzi yanlış müddəalarına və səhvlərinə baxmayaraq Azərbaycan ədəbiyyatını təblig cəhətdən qiymətlidir.
Çox təəssüf ki, tərtibçilər “Seçilmiş əsərlərə” müəllifin bir sıra qiymətli məqalələrini daxil etməyib. Xüsusən M. F. Axundov haqqında məqalələrinin, “Molla Nəsrəddin” adlı iri həcmli əsərinin, “Şeirimiz və şüurumuzuzun xəstəlikləri” məqaləsinin İstanbulda nəşr edilən “Türk yurdu” jurnalında dərc olunmuş məqalələri kitabda olmaması oxucuda təəssüf doğurur.
Kiçik nöqsanlarına baxmayaraq “Yazıçı” nəşriyyatının Ə. Nazimin “Seçilmiş əsərləri”ni çap etməsi təqdirəlayiqdir. Arzu edirik ki, nəriyyat bu xeyirxah başlanğıcı davam etdirsin. Başqa görkəmli ədəbiyyatşünasların əsərlərini də çap edərək oxucularını sevindirsin.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti,
13 yanvar 1980- ci il, sayı 10. |