Noqay şairi Qədriyyə nədən 29 yaşında öldürüldü

Əli Şamil

NOQAY ŞAİRİ QƏDRİYƏ NƏDƏN 29 YAŞINDA ÖLDÜRÜLDÜ?

 

Tanınmış noqay şairi Qədriyə Teymurbulatovanın ölümündən 34 ilə yaxın bir zaman keçir. Günün günorta çağı, 29 yaşında evində öldürülmüş, sonra da cəsədi yandırılmış şairi heç zaman unuda bilmirəm. Eyni illərdə, yaxın bölgələrdə doğulsaq da, onu şəxsən tanımırdım. Sağlığında heç şeirlərini də oxumamışdım. Ölümü haqqında xəbəri də Sovet mətbuatından deyil, xaricdə fəaliyyət göstərən antisovet “Azadlıq” radiosundan eşitmişdim. Sonra da mətbuatda çap olunmuş üç-beş şeirini tapıb oxumuşdum. Bu şeirlərdə onun ölümünə səbəb olacaq bir iz tapa bilməmişdim. Amma həmişə düşünmüşdüm ki, yəqin çap olunmamış şeirlərində, yaxud da yazılarında nə isə var.

SSRİ-nin çöküşü başlayanda Azərbaycanı mitinq dalğası bürüdü. Bura sanki antisovet düşüncəli, demokratik dünyagörüşlü insanlar üçün bir təcrübə məktəbinə çevrildi. Pribaltikadan, Ukraynadan, Tatarıstandan, Dağıstandan və b. bölgələrdən buraya mitinqlərə tamaşa etməyə, onları təşkil edənlərlə fikir mübadiləsi aparmağa gələnlərlə tez-tez görüşürdüm. Bəzən onları o dövrdə yaşadığım və işlədiyim Naxçıvana da aparırdım. Dağıstandan gələnlərlə söhbət zamanı onlardan Qədriyə Teymurbulatovanın KQB- Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən öldürüldüyünü eşitdim. Lakin onlar ciddi bir qaynağa dayanmırdılar.

Azərbaycan müstəqilliyinə qovuşandan, SSRİ süquta uğradıqdan sonra Bakıda simpoziumlara, konfranslara gələn alimlər də həmin fikri söylədilər. Bu yaxınlarda dağıstanlı alimlərdən biri ilə telefonla söhbət edərkən SSRİ dağıldıqdan sonra Qədriyə Teymurbulatovanın öldürülməsi ilə bağlı çap olunmuş sənəd və məqalələrin surətini mənə göndərməsini xahiş etdim. O həyəcanla bildirdi ki, bu mövzu telefon söhbəti deyil.

Başqa bir tanışıma zəng vurdum. Onu daha cəsarətli sanırdım. O da eyni cavabı verdi və üstüörtülü bildirdi ki, qonşu vilayətdə baş verənlərdən sonra nəinki o mövzularda yazmağı məhdudlaşdırdılar, hətta KQB arxivlərini də üzümüzə bağladılar.

Qədriyə Orazbay qızı Teymurbulatova 1949-cu il dekabrın 14-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonu Tepekli Məktəb kəndində anadan olmuşdu. Rus qrafikasının və rus dilinin təsirilə noqaylar Qədriyə Teymurbulatovanın ad və familiyasını Kadriya Temirbulatova, Qıpçaq kökənli olduqlarına görə də doğulduğu kəndin adını Dirəkli Məktəb deyil, Terekli Məktəb kimi yazırlar. Çoban ailəsində doğulan Qədriyəni 1954-cü ildə, hələ beş yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. O illərdə uşaqlar yeddi yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşda, həm də boyda kiçikmiş. Buna baxmayaraq cəldliyi, dərin zəkasıyla sinif yoldaşlarının arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir.

 1964-66-cı illərdə SSRİ-də orta məktəblər 11 illik olmuşdu. Qədriyə də 1965-ci ildə Terekli Məktəb kənd orta məktəbini bitirib, həmin il də Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olmuşdur. Orta məktəbdə oxuduğu illərdə ədəbiyyata böyük maraq göstərən çoban qızının ilk şeiri Noqay rayonunda, noqay türkcəsində nəşr edilən “Şöllük mayakı”(Çöllük mayakı) qəzetində dərc olunur.

Qədriyə ilk şeirləri ilə müəllimlərinin, rayonun ədəbiyyat həvəskarlarının, Dağıstan Yazıçılar İttifaqının diqqətini çəkir. “Komsomolets Daqestana”, “Daqestanskaya Pravda”, qumuq türkcəsində çap olunan “Lenin yolu” qəzetlərində, qumuq türkcəsində çıxan “Dostluq” jurnalında müntəzəm şeir və məqalələrini nəşr etdirən Qədriyəni üçüncü kursdan sonra o dövrdə SSRİ-də böyük nüfuzu olan avar şairi Rəsul Həmzətovun zəmanəti ilə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərirlər.

Ədəbiyyat İnstitutunun tələbəsi ikən Qədriyənin SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilməsi böyük əks-səda doğurur. O dövrdə əyalətlərdə yaşayanların, xüsusən də SSRİ-də yaşayan və rus olmayan xalqların nümayəndələrinin imzalarının Moskvada çap olunan qəzet və jurnallarda görünməsi böyük hadisə sayılırdı. Qədriyə rus dilini də ana dili kimi bildiyindən hələ tələbə ikən Moskvada çap olunan qəzet və jurnallarda nəşr olunurdu.

İlk qələm təcrübəsi olan “Qumlu tastar şöllüqim”, alleqorik “Gələ zaman”, “Men tuvqanda”(Mən doğulanda) şeirləri ədəbiyyata xalqını ürəkdən sevən, onun tarixinə və ənənəsinə bağlı istedadlı bir gəncin gəldiyindən xəbər verir. Doğma kəndinə həsr etdiyi “Tereklidə (Dirəkli) üç gün”, “Menim xalkıma” , “Ayıtdılar”(Dedilər), “Güclü yellər əsdilər çölümdə”, “Amzatxanqa”, “Almirağa” və b. şeirlərində noqay ədəbiyyatına gətirdiyi yeni ifadə vasitələrilə seçilirdi. O, şeiri şüarçılıqdan uzaqlaşdıraraq, poeziyaya, klassik Doğu şeirində olduğu kimi dərin fəlsəfi məna verməyə çalışırdı.

Qədriyə “Bağçada” şeirini gözəl bir lirik lövhənin təsviri ilə başlayaraq yazır:

 

Tangı şakta, bavdı kezip yürgende -Dan vaxtında, bağçanı gəzib yürürkən

Tamşı tüsti kızıl güldey ayama. -Damla düşdü qızıl gül güldən ovcuma.

Ottay yağıp, kamışıday şalındı -Oddan yanıb, qamçı kimi çalındı

Sol tamşıdın paşmanlıgı yanıma.- O damçıdan peşmanlğı canıma.

 

Lakin şair şeirinin son bəndində mövzunu gözlənilməz şəkildə dəyişir. Lirik lövhə ilə başlayan şeir qəhrəmanlığın tərənnümü ilə bitir.

 

Atsız bâtir yata menim koynunda - Adsız bahadır yatır mənim qoynumda -

Yuvıklarga dayımga ol yoyılgan. -Yaxınlara daima o yox olur.

Köresifime başka güller ayandı- Görürmüsən başqa güllər söylədi

Küydirtpeydi köz yaslanman. -Yaxmaz göz yaşlarım ilə.

 

Yüz illər boyu rus knyazlarının canına vicvicə salan Noqay Ordası dövlətini məhv etdiyini düşünən rus şovinistləri əriyib yox olmaqda olan noqayların gənc bir qızının belə uğur qazanması, hətta rusiyalı gənclərin əksəriyyəti tərəfindən də sevilməsi ilə barışa bilmirdilər. Çox zaman açıq-aşkar büruzə verirdilər ki, nədən 150 milyonluq Rusiyadan deyil, 50-60 minlik noqaylardan və b. əsarət altında saxladıqları xalqlardan belə istedadlar ortaya çıxır.

Allahın verdiyi istedadın qarşısını heç bir güclə, təbliğat və təzyiqlə almaq mümkün deyil. Bu gənc çoban qızında da şairlik Allahın verdiyi bir istedad idi. O dövrdə məşhur yazıçı və şairlərin kitablarının nəşriyyatların planına saldırılması, rəyə göndərilməsi və çapı azı 3-5 il çəkirdi. Bürokratik əngəllərin güclü olduğu bir dövrdə Qədriyənin 22 yaşında, yəni 1971-ci ildə Mahaçqaladakı dövlət nəşriyyatında ilk şeirlər toplusu çap olunur. Şairin ana dilində çap olunan, “Tav danıldan başlandı” (Dağ yamacdan başlayar) adlandırdığı şeirlər kitabı yalnız noqaylar və Dağıstanda yaşayan qumuqlar, avarlar, ləzgilər, darginlər arasında deyil, Quzey Qafqazda yaşayan qaraçaylar, balkarlar, çeçenlər, çərkəzlər, kabardalılar, inquşlar, osetinlər, türkmənlər arasında da böyük maraqla qarşılanır.

Qədriyənin şeirinə marağın artmasına səbəb onun poeziyanın, o dövrün siyasi maşınının tərənnümçülüyündən, şüarçılığından uzaq olması idi. O, poeziyaya ideoloji mübarizədə bir təbliğat vasitəsi kimi baxmırdı. Şeirə bir sənət nümunəsi, insanların daxili aləminə enən, onların mənəviyyatına təsir edən, iç dünyasının tələblərini ödəyən bir vasitə kimi baxırdı. O istəyirdi ki, şeirlərini oxuyanlar ürəklərindən keçirdiyi duyğuların bədii əksini orada görsünlər.

1956-cı ildə Sov.İKP XX qurultayında Stalinin şəxsiyyətə pərəstişdə ittiham edilməsi, ölkədəki kütləvi həbs və cəzaların onun idarəetmədəki yanlışlığı kimi dəyərləndirilməsi, bu qəddarlıq və haqsızlıqlardan ziyalıların daha çox zərər gördüyünün rəsmi məclislərdən söylənməsi gənc nəsildə böyük ruh yüksəkliyi yaratmışdı. Xüsusən gənc yaradıcılar keçmişdəki haqsızıqların bir daha təkrarlanmayacağına inanır və böyük həvəslə yazıb-yaradırdılar. Onlar hər gün qarşılaşdıqları haqsızlıqları, senzor nəzarətini isə yerli məmurların özbaşınalığı kimi dəyərləndirirdilər. Beləcə Sovet ədəbiyyatında altmışıncı illərin nəsli deyə bir ədəbi gənclik formalaşırdı. Onların sayı o qədər artırdı ki, hamısını 1937-ci ildə kütləvi həbslər, güllələnmələrlə aradan qaldırmağın mümkünsüz olduğunu hakimiyyət orqanları yaxşı başa düşürdü. 1960-cı illərin nisbi yumşalmasını aradan qaldırmaq mümkün olmadığını gördükdə senzor nəzarətini artırır, arxivləri yaradıcı ziyalıların üzünə qapayır, xarici ölkələrdən qəzet-jurnal, kitab gətirilməsini məhdudlaşdırır, onların həqiqəti öyrənmək, söz demək imkanlarını daraldırdılar.

1973-cü ildə Qədriyə Teymurbulatovanın “Yaslık yırları”(Gənclik nəğmələri), “Tav danıldan baslanadı” (Dağ yamaçdan başlayar), “Ayındırık yarıqı”(İldırım işığı) və “Yatlablar” (Şeirlər) adlı kitabları çap olunur. Bu milli azlıqlardan olan gənc bir şair üçün olduqca böyük bir uğur idi. 1964-cü ildə N.S.Xruşşovu devirərək hakimiyyəti ələ alan partiya rəhbərləri Stalini şəxsiyyətə pərəstişdə ittiham edə-edə özləri də onun yolunu davam etdirirlər. Onlar açıq-aydın görürdülər ki, demokratik islahatların həyata keçirilməsi Sovetlərin dağılmasına gətirib çıxaracaqdır. Odur ki, xaricdə özlərini demokrat, xalqların hüququnun müdafiəçisi kimi göstərmək üçün etnik qrupa çevirdikləri avarlaradan, nenlərdən, noqaylardan olan yazıçı və şairlərə müəyyən həddə milli mövzularda əsərlər yaratmağa imkan verirdilərsə də özbək, qazax, ukrayın, Azərbaycan ədiblərinin milli mövzuda yazmalarını əngəlləyir və müxtəlif təziq vasitələrilə bu yoldan çəkindirirdilər.

Qədriyə də yaranmış imkandan istifadə edərək “Tereklidə üç gün”, “Nənəmə”, Atama”, “Anama” və başqa şeirlərində Rusiyanın yüzillər boyu xalqının başına açdığı müsibətləri dilə gətirirdi. Rəhbər partiya-sovet işçiləri çar hakimiyyəti zamanı əsarət altında olan xalqlara divan tutulduğunu tənqid etsələr də, özləri də həmin siyasəti yürüdürdülər. Ona görə də əsarət altında saxladıqları xalqların qələm sahiblərinin Rusiyanın işğalçı siyasətini tənqid etmələrini istəmirdilər. Yaxşı bilirdilər ki, bu milli oyanışı sürətləndirir.

Belə bir ikili siyasət yeridildiyi zamanda onlar Qədriyə kimi fitri istedadları özlərindən narazı salmaq istəmirdilər. Əksinə, nə yolla olur-olsun, onları siyasətlərinin təbliğatçısına çevirmək üçün şirnikdirir, imtiyazlar, mükafatlar verirdilər.

1975-ci ildə isə Moskvadakı “Molodaya qvardiya” nəşriyyatı Qədriyənin rus dilinə çevrilmiş “Ulıbka lunı”(Ayın təbəssümü) kitabını nəşr edir. O dövürdə çox böyük nüfuza malik olan, hakiyiyyət orqanları tərəfindən neçə-neçə mükata laiq görülmüş, məşhur malkar(balkar) şairi Qaysın Quliyevin ön söz yazdığı bu kitab müəllifinə böyük uğur qazandırır. Kitabın birinci nüsxəsi Qədriyəyə Moskvada, Gənc Yazıçıların VI Ümumittifaq müşavirəsində təqdim olunur. Az sonra Qədriyə Teymurbulatova Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Dağıstan Vilayət Komitəsinin Mükafatına layiq görülür.

Qədriyə öz əsərlərini təbliğ etməklə kifayətlənmir, 26 yaşında intihara sürüklənmiş Qamzat Acıgəldiyevin noqay türkcəsində yazdığı şeirləri rus dilinə çevirərək çap etdirir. Qamzat intihar edəndə Qədriyənin 16 yaşı yenicə tamam olmuşdu. Hakimiyyət orqanları adının belə çəkilməsini istəmədikləri Qamzatın daha geniş aidutoriyada təbliğ edilməsilə də razılaşa bilmirlər. Qədriyə Teymurbulatova “Qamzatxan” şeirində yarırdı:

 

Küntuvarda kün tuvmaydı zamansız,- Gündoğarda gün doğmadı zamansız,

Künbatarda kün batpaydı zamansız, -Günbatarda gün batmadı zamansız,

Yahşi yok dep aytpayman bu dunıyada,- Yaxşı yox deyib söyləməm bu dünyada,

Tekbolmaydı eken dunıya yamansız... –Tək olmadı ikən dünya ymansiz...

Zaman yetpey tuvmaydılar âvletler, -Zaman yetmədən doğulmur övladlar,

Zaman yetpey atılmaydı tav suvlar,- Zaman yetmədən axmır dağ sulaır,

Zaman yetpey kurımaydı tenizler. -Zaman yetmədən qurumur dənizlər.

Bu dunıyada bolmay bir zat zamansız,- Bu dünyada olmaz heç şey zamansız.

Bolmay bir zat zamansız bu dunıyada. -Olmaz heç şey zamansız bu dünyada.

Tek zamansız kele yerge şairler, -Tək zamansız gələr yer üzünə şairlər,

Zamansız da taya olar dunıyadan...-Zamansız da gedərlər onlar dünyadan..

 Onu bir tərəfdən mükafatlandırsalar da, o biri tərəfdən rəhbər partiya işçiləri, hakimiyyətə yaxınlığı ilə seçilən, mükafatlı yazıçı və şairlər, KQB məmurları öyüd-nəsihətlər verir, üstüörtülü hədələyirdilər. Qədriyə isə heç bir hədə-qorxudan çəkinmir, öyüd-nəsihətə qulaq asmır. Rəsmi dairələrdə deyilənləri əldə bayraq edərək millətinin hüquqlarını qorumağa çalışır.

1978-ci ildə onu Moskvaya SSRİ Yazıçılarının qurultayına və Daşkənddə keçirilən Asiya -Afrika Ölkələri şairlərinin forumunda iştirak etməyə göndərirlər. Həmin il Mahaçqalada Qədriyənin ana dilində “Xayran”(Heyran) kitabı çap olunur.

Rəsmi toplantılarda öyülən, mükafatlandırılan, arxada isə hədələnən, qorxudulmağa çalışan gənc şair yolundan dönməz olduğunu nümayiş etdirir. 1978-ci ilin iyulunda onun adını da Kubanın paytaxtı Havanada keçiriləcək XI Ümumdünya Gənclər Festivalına gedəcək nümayəndə heyətinin tərkibinə daxil edirlər. Lakin bu səfər Qədriyəyə nəsib olmur. İyun ayının 30-da, günün-günorta çağında onun cəsədini öz evində tapırlar. Məlum olur ki, onu öldürdükdən sonra cəsədini yandırıblar ki, başqalarının da gözünü qorxutsunlar. Bu faciəyə cinayət donu geydirilir. Sovetlər dağıldıqda isə bu qəddar cinayətin KGB tərəfindən təşkil edildiyi açıldı. Çeçenistanda başlayan antirusiya hərəkatından qorxuya düşən rəhbər işçilər yenidən bu mövzunu qapatdılar və KQB arxivlərinin Dağıstan Respublikasında açılmasını əngəllədilər.

Qədriyə Teymurbulatovanın şeirləri ölümündən sonra toplanaraq “Əsmə, saxlan” və “Peşiman yırları” adlı kitablarda çap olundu.

 

Çap olundu:  1. Noqay şairi Qədriyə nədən 29 yaşinda öldürüldü? “Türk eli” jurnalı, 2012-ci il iyun, sayı 13, cəh. 36-39. http://www.uluturk.info/photos/TURKELI_13%20zeif.pdf

 

2. Noqay şairi Qədriyə Teymurbulatova nədən öldürüldü?, "Birlik" jurnalı, 2014-cü il, sayı 08-09 (19), səh.45-47.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol