YADDAŞLARDA YAŞAMIŞ İNCİLƏR
Azərbaycan aşıqlarının IV qurultayı qarşısında nəşriyyatlarımız xalq ədəbiyyatı nümunələrinin oxuculara çatdırılmasına diqqəti artırraq zəngin mündərəcəsi ilə bir-birindən seçilən kitablar çap etmişlər. Bele kitablarda biri də “Azərbaycan aşıqları və el şairləri” (“Elm” nəşriyyatı, 1983-cü il) adlanır.
Aşıq və el şairlərinin şeirlərindən ibarət onlarla toplu nəşr edilmişdir. Lakin bu topluların heç biri Azərbaycan aşıqlarının çoxsahəli yatradıcılığını tam əhatə etmir. Mərhum folklorşünas M. Təhmasibin və folklorşünaslardan İ. Abbasov, B. Abdullayev, T. Fərzəliyevin redaktəsi ilə çapa hazırlanan iki cildlik “Azərbaycan aşıqları və el şairləri” kitabı əvvəlki nəşrlərdən istər əhatə dairəsi, istərsə dəbədii dəyəri ilə seçilir.
Kitabın birinci cildinə dolğun və yığcam müqəddimə yazan İ. Abbasov qeyd edir ki, kitabı 5 cilddə hazırlamaq nəzərdə tutulmuşdur. Lakin çoxcildliyin tərtibçisi, qocaman follorçumuz, filologiya elmləri namizədi Əhliman Axundov səhhəti ilə əlaqədər olaraq bu işi başa çatdıra bilməmişdir. Onun tərtib etdiyi mətn vəfatından sonra Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun müdiriyyəti və şifahi ədəbiyyat şöbəsinin əməkdaşları tərəfindən yenidən nəzərdən keçirilmiş, kitabı iki sanballı cilddə hazırlamaq məqsədə uyğun sayılmışdır.
Hər iki cildin mətnləri yenidən nəzərdən keçirilərkən redaktorlar cildlərin quruluşunda, nümunələrin aşıq şeirlərinin forma və şəkilləri üzrə düzülüşündə əsaslı dəqiqləşdirmələr aparmış, əsərləri verilən sənətkarların çoxu barədə yığcam məlumat yazmışlar.
Cildlər təkmilləşdirilərkən mövcud çap materiallarından, institutun folklor arxivində qorunan, həmçinin şöbə əməkdaşları tərəfindən ekspedisiyalar zamanı toplanmış nümunələrdən də geniş istifadə olunmuşdur. Müqəddimə müəllifinin təvazökarlıqla qeyd etdiyi “dəqiqləşdirmələr aparılmışdır” sözünün arxasında cildin redaktorları İ. Abbasovun və T. Fərzəliyevin ağır zəhməti, axtarışları durur. Bunu qabarıqlığı ilə göstərmək üçün bir fakta nəzər salmaq kifayətdir. Azərbaycan aşıqlarının mənəvi atası Qurbaninin “Sənə” rədifli qoşması dövrü mətbuatda 20 dəfədən çox çap olunmuşdur. Hələ ayrı-ayrı aşıqlardan və şeir həvəskarlarından toplanmış nümunələri də bura əlavə etsək bu şeirin 30-a yaxın nüsxəsinə rast gəlirik. Bu nüsxələrdə bir-birindənfərqli cəhətlər də vardır. Bu fərqli cəhətləri tutuşdurmaq, bədii cəhətdən ən dəyərlisini seçmək lazım gəlir. Bunun üçün də folklorşünas Qurbani dövrünün etnoqrafiyasını, ideologiyasını, dilini və sairi bilməlidir. Kitabda dərc olunmuş əksər şeirlər üzərində bu baxımdan dəqiqləşdirmələr aparılıb.
Kitabda XVI-XIX əsrlərdə yaşamış 23 müəllifin onlarla şeiri dərc edilmişdir. Yaradıcılıqda öz dəsti-xətti, öz sözü olan, xalqın qəlbinə dərindən nüfuz etməyi bacaran bu sənətkarların yaratdıqları incilər yüzillikləri aşaraq, ağızdan-ağıza keçərək dövrümüzə qədər gəlib çatmış, bu gün zəngin el xəzinəsinə çevrilmişdir. Bu incilər yalnız Azərbaycan xalqının deyil, qonşu xalqların da mənəvi dünyasını bəzəmişdir. Milliyyətcə erməni, gürcü, ləzgi olan aşıqlar uzun müddət azərbaycanca yazıb yaratmışlar. Erməni folklorşünaslarının fikrincə Azərbaycan dilində yazıb-yaradan erməni aşıqlarının sayı 400-dən çoxdur.
Bu da səbəbsiz deyildir. Azərbaycanda ozan – aşıq ənənəsinin tarixi olduqca qədimdir. Ozanlarımızın yaratmış olduğu “Kitabi Dədə-Qorqud” dastanlar toplusu dünyanın bir çox dillərinə tərcümə edilmiş, hər yerdə də böyük rəgbətlə qarşılanmışdır.
Qədim tarixə malik ozan aşıq sənəti haqqında geniş və maraqlı məlumata oxucu yalnız kitabın müqəddiməsində rast gəlir. Kitabda yaradıcılığından nümunələr verilən sənətkarların isə bizdən ən uzaq dövrdə yaşayanı Qurbanidir. Yaxşı olardı ki,Qurbanidən əvvəl yaşamış, müqəddimədə şeirlərindən kiçik nümunələr verilmiş sənətkarların əsərləri də cildə daxil ediləydi. Bu, müqəddimə müəllifinin “elə həmin əsrdə (XII-XIV əsrlər nəzərdə tutulur – Ə. Ş.). Hovanes Yerzinqatsi, Hovanes Tlkurantsi kimi erməni şairlərinin həm də Azərbaycan dilində aşıq şeiri tərzində yazıb-yaratmaları Azərbaycan xalq şeirinin təsir dairəsini müəyyənləşdirir, onu orta əsrlərin ilk çağlarından başlayaraq geniş yayılan forma və şəkil olduğunu təsdiq edir” hökmünün təsirini gücləndirmiş olardı.
Çox təəssüf ki, kitabda bir çox sənətkarların – Ağ Aşıq təxəllüslü Allahverdinin, Xəstə Həsənin, Ululu Kərimin və b. Yaradıcılığından nümunələr vermək tamamilə unudulmuşdur. Kitabın redaktorları Kərim adlı iki el şairinin yaradıcılığını, həyat yolunu aydınlaşdırmış, birinin Vardanlıda, o birinin isə Cəbrayıl rayonunun Cəfərabad kəndində yaşadığı haqqında məlumat vermişlər. Lakin Mücrüm Kərimə aid edilən şeirlər sırasında XVIII-XIX əsrlərdə Şahbuz rayonunun Aşağı Remeşin kəndində yaşamış Ulului Kərim adlı el şairinin “Kim ola”, “Olmaz” şeiri verilmişdir. Görünür istər tərtibçi , istərsə də redaktorlar Ululu Kərimlə Mücrüm Kərimi eyniləşdirmişlər. Ümumiyyətlə eyni yüzillikdə və ya müxtəlif yüzilliklərdə yaşamış, eyni adlı və ya təxəllüslü sənətkarların yaradıcılıqlarının dolaşıq salınmasına tez-tez təsadüf edilir. Bu cür halları aradan qaldırmaq, xalq şeiri ruhunda yaradan sənətkarların əsərlərini tam şəkildə çap etmək üçün akademik nəşrin vaxtı çoxdan çatmışdır. Belə bir nəşrin uzun müddətdir ki, folklor həvəskarları da, orta və ali məktəb müəllimləri də, tədqiqatçılar da, geniş oxucu kütləsi də səbrsizliklə gözləyir. Belə bir nəşr Dədə Qorquddan bu günədək aşıq şeirinin keçdiyi yolun əhatə dairəsini izləməyə imkan verir.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti,
6 mart 1984-ci il, sayı 57. |