YAZIQ SÜLEYMANI SALDIN ƏNGƏLƏ
Sədərək (1) kənd orta məktəbində müəllim işləyən, şair Vaqif Məmmədov (2) mənə bir neçə bəndlik vəzni, qafiyəsi, ahəngi pozulmuş şer parçaları verdi: «Bəlkə sən bir yana çıxara bildin» – dedi. Misralarda bir neçə ad vardı: Süleyman, Budaq, Pəsərək və Süleymanın anası Gövhər.
Axtarış üçün bu az deyildi. Açar rolunu oynaya bilərdi. Amma çətini o idi ki, Naxçıvan bölgəsi İranla, Türkiyə ilə sərhəd oldu-ğundan burada qaçaq çox olub. Dağlar, meşələr qaçaqları həm qo-rumuş, həm də yedirtmişdi. Rusiya hökuməti onları lap cidd-cəhdlə təqib edəndə Arazı keçib üç-beş ay, bəzən də illərlə İranda, İraqda, Türkiyədə daldalanır, ara sakitləşəndə yenidən geri dönür, qəflətən bir tufan qoparır, çar məmurlarının dincliyini pozurdular. Çar mə-murları Tiflisə-canişinliyə, Peterburqa – hökumət dairələrinə «Öldürdük!» deyə sevinclə xəbər verdikləri, orden-medal, mükafat aldıqları bir vaxtda qəflətən «ölmüş» qaçaq yenidən meydan sulayıb.
Atasının adını, doğulduğu kəndi bilmədən 150 illik bir zaman içində yaşamış qaçaq haqda bilgi toplamaq olduqca çətin olur. Bir tərəfdən də təxminən eyni zaman kəsiyində, eyni bölgədə yaşamış, adları da eyni olan qaçaqlar haqqında gəl, bilgi əldə et, görüm, necə edirsən?!
Naxçıvan bölgəsində Süleyman adlı üç qaçaq haqqında dumanlı bilgim vardı. Rusiyanın jandarma və polis idarələrinin gizli yazış-malarından arxivlərdə qalmış sənədlərdə qaçaq Süleyman adına rast gəlmişdim. Lakin bu bilgilər də aydın deyildi. Gizli yazışma-larda hansı Süleymandan söhbət getdiyini aydınlaşdırmaq olmur. Bunu yazanların heç özləri də dəqiq bilmirlər.
Haqqında az-çox bilgim olan Süleymanlardan biri Arayatlı Süleyman adı ilə tanıdılan Süleyman Ağahüseyn oğludur. O, 1872-ci ildə Füzuli rayonunun Əhmədallar kəndində doğulub. 1891-ci ilin yazında Şuşa qalasına aparılarkən qaçıb. Quzey və Güney Azərbaycanda daha çox məşhur olub. Səttərxanın rəhbərlik etdiyi məşrutə hərəkatına (1906-1909) yardım edib. Qaçaqlar arasında nisbətən siyasiləşmiş şəxs olub. 1917-ci il aprelin 5-6-da Acıdərədə (Güney Azərbaycan) Rusiya və İran hökumət qoşunlarına qarşı döyüşdə həlak olub. (3)
Tivili Süleymanı 1918-ci ilin yayında erməni quldurbaşısı Andranik Ozanyan 17 kənd ağsaqqalı ilə birlikdə danışıq aparmaq, sülh şərtlərini müəyyənləşdirmək adı altında bir evə toplayır. Silah-larını təhvil verib danışmağa gələnlərin toplaşdığı evi Andranik odladır, kəndi də dağıtdırır. Deyilənə görə, Tivili Süleyman 25 il qaçaq olub.
Dərələyəzli (4) Süleyman haqqında isə bilgim lap az idi. Şeri Vaqif müəllim sədərəklilərdən topladığına görə axtarışa da o böl-gədən başladım.
Sovxoz (5) kəndində yaşayan, yaşı 80-i keçmiş Süleyman Əhmədovun söhbətləri axtarışımıza ipucu oldu. O dedi:
– Eşitdiyimə görə, Süleyman Dərələyəzin Qaraqaya, ya da Ayı-səsi kəndindən olub. Danzik (6) kəndinin örüşündə – Zərdə dərədə öldürülüb. Danziklilər indi Xanlıqların (7) üstündəki qəsəbədə (8) yaşayırlar. Onnar yaxşısını bilər.
– Süleyman əmi, Qaçaq Süleyman haqqında şerlər var. Bu şerlər hansı Süleymana qoşulmuş olar? – sualımıza kişi belə cavab verdi:
– Hansı şeri deyirsiniz? Qocalmasaydım, Süleymannan sizə çox şer deyərdim. Huşum yaman dağılıb. Aşıxlar bir gecə Süleymannan danışar, oxuyardılar. Yadımda qırıq-sökük bunlar qalıb:
Yorğanım adyaldı*, döşəyim həsir,
Bavıska** gələndə dizdərim əsir.
Nəçənnik yazır, divan da iş kəsir,
Deyillər, deyillər, ay Qaçaq Süleyman,
Anası özündən qoçaq Süleyman.
Atına minəndə dedilər nazat,***
Altına yaraşır bir dənə bozat,
İşlərin mayası binamaz Hürzat,
Deyillər, deyillər, ay Qaçaq Süleyman,
Anası özündən qoçaq Süleyman. --------------------
* odeyal (rusca) - battaniye, nazik yorğan
** povestka (rusca) - əsgərliyə çağırış
*** nazad (rusca) - geriyə, arxaya
Süleymanın yanında Budaq, Paşa, Pəsərək də gəzirdi. Onnar haqqında da şer qoşmuşdular. Budaq haqqında oxuyurdular:
Ağmanqal (9) deyilən bir gözəl yaylaq,
Burda şırıltıdan tutulur qulaq.
Sənə qurban olum Qaynamaz bulaq, (10)
Bulaq mənim xan Budağmı neynədin?!
Başqa bir şerdən isə bunnar yadımda qalıb:
Gödəkli* qısnadı yıxıldım tara,
Qaralı kürdləri gəldi havara.
Budaq Saraşdıdan (11) idi. Qızı Naciyə Aşağı Daşarxda (12) yaşıyırdı. Bir-iki il (13) olar ölüb. Uşaxlarınnan soruşsan, bəlkə dayıları haqda bir şey biləllər.
Təəssüf ki, Naciyənin övladlarından və nəvələrindən elə bir bilgi ala, şer və rəvayət toplaya bilmədik.
Yuxarıdakı şer parçaları isə başqa qaçaqlara da aid edilir. Kimin dilindən söylənməsindən asılı olmayaraq, həmin dövrün əhval-ruhiyyəsini özündə əks etdirir. Evdə yorğan-döşəkdə yatmağa alışmış insanlar həbsxanadakı həsirə, adyala alışa bilmir. Hər «bavıska» gələndə elə bilirlər ki, Sibirə göndərəcəklər. Türk oğlu atsız olanda onun üstünə yerimək asan olur. Elə ki, atına mindi, onda ruslar qorxudan «nazad!» komandası – yəni geri çəkilmək əmri verirlər.
Aşağı Daşarxda çox söhbət etdik. Zaman öz işini görmüşdü. Şerlərin və hadisələrin çoxu unudulmuşdu. Yadda qalanlardan onu bərpa edə bildik ki, Budağın Hacı Məhəmməd, Məhəmmədhəsən adlı qardaşları, Əminə adlı xanımı olub. Qaçaq düşməsinə səbəb isə adam öldürməsi olub. Budağın Şora (14) kəndindəki dədə-baba torpaqlarına İrəvanlı Seyid nasos qoydurub, Arazdan su çıxararaq əkmək istəyirmiş. Bu mübahisəli torpaq məsələsi ölümlə nəticələnib.44
Aşağı Daşarxlı Sabir Əşrəf oğlu Kamalov da yadında qalan aşağıdakı misraları söylədi: --------------
* Tayfa adı
Bu görünən Pəsərəyin dağıdı,
Şamda yanan ürəyimin yağıdı.
İki xalaoğludu Həsoynan Paşa,
İgidlikdə tayı yoxdu, Süleyman,
Patronu çiynində çoxdu, Süleyman.
Ayağını apardı səngərin daşı,
Yaxasını çürütdü gözünün yaşı,
İki xalaoğludu onun yoldaşı,
Ona deyillər ki, ay dəli Budaq.
Budaq haqqında Aşağı Daşarxlı tarix müəllimi Vaqif Məmmədovun topladığı şe’r parçaları da on bir hecalı, hər bəndi dörd misralıdır. Vəzn və qafiyədə qoşmanı xatırlatsa da, ahəngcə fərqlidir. Ona görə də aşıqlar «müxəmməs» üstə oxuyarlar.
V.Məmmədovun Budaq haqda topladığı şerlər aşağıdakılardır:
Saymaz nəçənniyi, kattanı, xanı,
Döyüşə girəndə ona tay hanı?
Elə bir iyiddi, şöhrəti-şanı
Düşübdü dağlara, daşa Budağın.
Onu qaçaq salıb Meydannan Xəlil.
Yalvarıb ediblər nəsihət, dəlil.
Şəninə söz qoşur Şahablı Cəlil,
Keçməyir gülləsi boşa Budağın.
Şeirin qafiyə quruluşuna əsaslanıb ilk bəndin olmadığını yəqin-liklə söyləyə bilərik. Bundan belə qənaətə gəlmək olar: şeir beş, yeddi, bəlkə də daha çox bənddən ibarət olub. Möhürbənddən şeiri qoşanın Şahablı Cəlil olduğu bilinir. Bu da xəyali bir şəxs deyil. Vedibasarda, Dərələyəzdə, Şərurda yaxşı tanınan bir aşıqdır. Belə söyləyirlər ki, Abbasqulu bəy Şadlinski və başqa qəhrəmanları öyən şeirlər yazıb oxuduğuna amma erməni quldurlarını tərifləyən mahnılar oxumadığına görə 1918-ci ilin yayında Andranik Ozanyanın quldur dəstələri Cəlilin dilini dartıb boğazından qopa-raraq öldürüblər. Aşıq Cəlilin kürəyinə qaynayan samavar bağla-yaraq oxumağa məcbur etdikləri, kərmə qalağında yandırıldığı haqqında da rəvayətlər var.
Danziklilərlə də çox söhbət etdik. Süleymanın Zərdə dərədə öl-dürülməsini təfsilatı ilə danışdılar. Şer bilən isə yox idi. Dərələ-yəzin Kotam kəndində doğulan, sonra köçüb Danziyə gələn aşıq Həmid Ağamalıyev (15) bu boşluğu doldurdu. O dedi:
– Süleymanın, Budağın igidliyindən çox eşitmişəm. Aşıq oldu-ğumdan məni şerlər daha çox ilgiləndirib. İstəmişəm məclislərdə çalıb-oxuyam. Görünür, ona da gec başlamışdım. Şerləri bilənlərin çoxu dünyasını dəyişmişdi. Cağazirli (16) Cəfərdən eşitdiyim şeri deyim yaz:
Beşaçılan tüfəngi mıxdan endirdi,
Endiribən sinə üstə mindirdi.
Yeddi gündə on beş düşmən öldürdü,
İgidlikdə tayı yoxdu Süleyman!
Patronu çiynində çoxdu Süleyman!
Süleymanı öyən şerlərlə yanaşı, onun dilindən söylənmiş lirik şerlər də var. Onlardan biri belədi:
Qurban olum başındakı əyməyə,
Gözüm düşüb yaxandakı düyməyə,
Əhdim budu anan səni döyməyə.
Naz-naz eylə, Kəlbə Xəlilin qızı,
Xara tuman, mintənəsi qırmızı.
Qurban olum başındakı puşduya,
Anan qoymur bir gələsən qonşuya,
Əhdim budur, ərin səni boşuya,
Naz-naz eylə, Kəlbə Xəlilin qızı!
Xara tuman, mintənəsi qırmızı!
Qurban olum başındakı çəngələ,
Duman gələ, çisgin gələ, çən gələ,
Yazıq Süleymanı saldın əngələ,
Naz-naz eylə, Kəlbə Xəlilin qızı!
Xara tuman, mintənəsi qırmızı!
Danziklilərlə söhbətdən Süleymanın Qaraqayalı olduğunu yəqinləşdirdim. 1985-ci ilin bir yay günü İliç rayon Mədəniyyət Evinin müdiri Qivami Baxşəliyevin «jiquli»sində Naxçıvan Vilayət Partiya Komitəsi Siyasi Maarif Evinin məsləhətçisi, folklor həvəskarı Yusif İmranovla, yol aldıq Sədərəyə. Vaqif müəllimi də götürüb dağlar qoynunda yerləşən Qaraqayaya üz tutduq. Kərki (17) kəndinin yanından keçəndə Vaqif müəllim hay-harayla Qiva-midən maşını saxlamağı xahiş etdi:
– Vidadi müəllim yolun qırağında durmuşdu. Şənbə günüdü, yəqin evlərinə gedir. Maşın gözləyir. Tez geri dönüb onu da götürək! – dedi.
Deyəsən, Allah işimizi rast salmışdı. Qaraqayada doğulan Vida-dinin təyinatını Naxçıvanda Pedaqoji İnstitutunu bitirəndə Kərkiyə veriblər. Orda müəllim işləyir, istirahət və bayram günlərində kən-də – ata-anasının yanına gedir. Biz də 50-100 metr arxaya dönüb onu da maşına aldıq. Bizim yanından keçib, bir də geri dönməyi-miz onu təəccübləndirmişdi.
Bir zamanlar Süleymanın at oynatdığı, meydan suladığı yerlər-dən – Yelpin, Civə, Arpa, Ələyəz, Qovuşuq, Gülüdüz və b. kənd-lərdən keçib üç saat sonra Qaraqayaya çatdıq. Vidadi müəllimgildə bir az dincimizi alıb çörək yeyəndən sonra axşamüstü kənd içinə çıxdıq. Qaçaq Süleymanla maraqlanmağımız bu kiçik dağ kəndinə səs saldı. Bizim harayasa getməyimizə, kimisə gör-məyimizə ehtiyac qalmadı. Süleyman haqqında bilgisi olanlar bizi görməyə gəldilər.
Qaraqayalı 67 yaşlı Mərcan Rzayevanın dediklərindən:
– Bir anam vardı. Şair idi, şair. Toya da aparırdılar, yasa da. Anam oturub-durub Süleymannan danışardı. Süleymanın dədəsi Məmməd Qaraqayalı, anası Göhər qonşu kənddən-Ayısə-sinnəniydi. Onnarın 7 oğlu, 4 qızı olub. Süleymanı kiçik yaşlarında maması (atasının bacısı) Hürzadın qızı Səadətlə nişanlayıblar.
Allah baisin evini yıxsın. Sonralar nə olursa, bu iki ailənin ara-sında bir soyuqluq olur. Səadəti dədəsi Qasım qızını xəlvəti Qara-bağlı bir tacirə ərə verir. Özü də «Süleyman qızımı qaçırıb» deyə hay-haray salır.
Yalan ayaq tutar, yeriməz, deyiblər. İşin üstü açılır. Süleyman Qasımı öldürmək istiyir. Ağsaqqal-qarasaqqal yığılır. Deyillər: «Qasım bir səhvdir eləyib, qanmayıb. Buna görə iki nəsil arasında qan düşmənçiliyi salmaq olmaz. Biri dəli olanda, biri ağıllı olar». Qasımın qardaşı qlava Hasan deyir: «Altı qızım var. Süleyman hansını istiyir, onu alsın. Təki nəsillərimiz arasında qan düşmənçiliyi salmasın».
Süleyman ağsaqqal-qarasaqqal sözünü eşidir. Sakitləşir. Deyir: «Hər şeyə dözəcəm, hər şeyi bağışlayacam. Amma kimsə bunu mə-nim başıma qaxsa, Qasımı da, oğlanlarını da öldürəcəm».
Heç aradan bir il keçmir. Süleyman erkək otarırmış. Başı qar-ışır. Erkəklər* Fatma qarının noxud zəmisinə dolur. Fatma qarı da, nə Fatma qarı! Açır ağzını, yumur gözünü: – Nişannısını saxlaya bilməyən qurumsaq, məni sahibsizmi görübsən?! Noxudumu ota-rırsan?! – deyir. Süleyman Fatma qarının təhqir və söyüşündən can qurtarmaq üçün qaçıb evə girir. Başına yaylıq bağlayır. Deyir: «Mənə daha papaq gəzdirmək yaraşmaz».
Yenə ağsaqqal-qarasaqqal yığılır. Çox nəsihət edir, dəlil gəti-rirlər. Süleyman sakitləşmir ki, sakitləşmir.
Qaraqayalı 84 yaşlı Ələkbər Məşədi Ələsgər oğlu Məmmədovun söylədiyinə görə, Süleyman var-dövlətini satıb, baş götürüb kənddən gedir. Bir il nə öldüsündən, nə qaldısından xəbər çıxır.Bir gecə Süleyman, yanında da bir yoldaşı ilə kəndə gəlir. Məqsədləri Qasımı öldürmək olur. Gecə Qasımın evinin üstünə çı-xıllar. Bacadan baxıb, içəridə kim olduğunu öyrənmək istiyillər. Hürzad evin içində gəzinirmiş. Yoldaşı tüfəngi üzünə götürür, istiyir onu vursun. Süleyman qoymur. Deyir: «Uşaqlıqda dizinə çox baş qoyub, laylasına qulaq asmışam. Bir də deyərlər, Süley-manın zoru kişiyə çatmadı, arvad öldürdü».
Gecəynən Qasımı axtarıllar. Gülüdüz kəndinin üstündə taxıl ------------------------
* Ətlik üçün burulmuş və ya axtalanmış erkək davarlara deyilir.
zəmisini suvaran yerdə tapıllar. Yoldaşı Qasımı vurmaq istəyəndə
Süleyman qoymur. Deyir: «Arxadan vursaq, kişilik olmaz. Üzbəüz gəlsək də bizi tanıyıb qaçacaq. Öldürə bilməyəcəyik. Bir də qız onundu. Kimə istəsə verə bilər. Buna görə də onu öldürməyə haqqımız yoxdu».
Çox ölçüb-biçdikdən sonra Qasımı hirsləndirməyi qərara alıllar. Gəlib arxı uçurub yaxınlıqda gizlənillər. Qasım gəlib çətinliklə arxı düzəldib zəmini suvarmağa gedir. Onnar arxı bir də uçurullar. Qa-sım gəlib bir də düzəldib gedir. Üçüncü dəfə su kəsiləndə Qasım bunun qəsdən edildiyini annıyır. Amma Süleymanın qayıtması ağ-lına gəlmir. Söyüş söyə-söyə arxın uçan yerini düzəltməyə gəlir. Onda Süleyman deyir: «İndi vaxt gəldi. Ana-bacımızı söyəni öldür-məyə haqlıyıq». Gizdəndiyi yerdən çıxıb Qasımı vurur. Hürzadın Süleymana tikdiyi arxalığı və beş patronu da Qasımın meyidinin yanında qoyub dağlara çəkilirlər. Sabah Qasımın meyidini tapıllar. Nişanələrdən Süleymanın gəldiyini bilillər.
Bu gün də Gülüdüzün üstündəki dərəyə Qasımölən deyillər. Bunnan başqa kəndimizin yaylağında Süleymanın adıyla bağlı yer-lər var. Qızılqayada Süleyman səngəri, Süleyman kahısı var. Bun-nar qaçaq Süleymanın adıyla bağlıdır.
Bununla da balaca bir kənddə iki nəsil arasında qan düşmən-çiliyi başdıyır. Süleyman da qaçaq düşür.
45 yaşlı Ağakərim Əhmədovun söylədiyinə görə, Süleyman Qarabağa gedir. Dilənçi paltarında Səadətgilə gedib pay istəyir. Sə-adət gözlərindən Süleymanı tanıyır. Ərini öldürəcəklərindən qorx-ub hay-haray salır. Nə qədər eləyillər, Süleymanı tapa bilmillər. O qaçıb aradan çıxır. Süleyman Qarabağlıların sürülərini yaylağa buraxmır. Qaçaqlığı dövründə Süleyman 72 adam öldürür. Çox cəld və çevik imiş. Gülləsindən kimsə yayına bilməzmiş. Quşu gö-zündən vurarmış. Rus qoşununu bu dağlarda çox pərən-pərən salıb.
Ona görə də aşıq Süleymanı:
Çıxarıf çəhmeyi, geyifdi məsi,
Ordu pozur, top dağıdır gülləsi,
Deyillər tayı yoxdu, Süleymanın
Belində patronu çoxdu, Süleymanın. – deyə təriflərmiş.
– Süleymanın sevgilisi Səadətdirsə, niyə ona şer qoşmayıb? Yəni qəhrəmanın dilindən niyə sevgilisinə deyil, Kəlbə Xəlilin qızlarına, Qaragözə şer qoşulub? – sualımıza Mərcan Rzayeva anası Xanımdan eşitdikləri əsasında belə cavab verdi:
– Qaragöz ad deyil, bənzətmədi. Kəlbə Xəlilin qızdarı Zəhra, Sona və Xanım çox qoçaq imişlər. Nə hökumətdən qorxullarmış, nə də Süleymanın düşmənnərinnən. Süleymanın öldürdüyü Qasım qlava Hasanın qardaşı olsa da, Kəlbə Xəlilin qızdarı həmişə gizlicə çörək, patron aparar, vəziyyətdən onu halı eliyərmişlər. Ona görə də Süleyman onnarı çox istəyirmiş. İslam aləmində qadının adının çəkilməsi qəbahət sayıldığından Süleyman onnarı Kəlbə Xəlilin qızdarı deyə tərif edib. Bu qızdarın anası Tükəz Süleymanın doğmaca əmisi qızıymış. Kəblə Xəlilin qızlarına qoşulmuş mahnı dillər əzbəriydi. Təkcə Dərələyəzdə deyil, Şərurda, Naxçıvanda da toylarda oxunardı. Onnardan yadımda qalan bunnardı:
Ələyəzin (18) üstü xaş-xaş,
Xaş-xaşı biçərlər yaş-yaş,
Bir cüt məmən mənə peşkəş,
Çəpgəni xal-xal Qaragöz,
Məməndə var bal, Qaragöz.
Ələyəzin cəvizdəri,
Kəlbə Xəlilin qızdarı,
Yarımın ala gözdəri,
Çəpgəni xal-xal Qaragöz,
Məməndə var bal, Qaragöz.
Ələyəzdə sonam təkdi,
Əhməd yanında köpəkdi,
Süleyman kəsən ipəkdi,
Çəpgəni xal-xal Qaragöz,
Məməndə var bal, Qaragöz.
Qaçaq Süleymana aid edilən
Naz-naz eylə, Kəlbə Xəlilin qızı,
Xara tuman, mintənəsi qırmızı,–
sözləri yalnız Şərur-Dərələyəzdə deyil, İrəvan, Naxçıvan bölgə-sində də məşhur olub. Onu azacıq dəyişməklə müxtəlif bölgələrdə, dəyişik şəkildə oxuyublar. Dediklərimizə Rafiq Babayevin toplayıb çap (19) etdirdiyi «Səmədin qızı» şerində aşağıdakı beyti nümunə olaraq göstərə bilərik:
Adı Sura, yanaqları qırmızı.
Naz-naz eylər, gəlməz Səmədin qızı.
Mərcan Rzayeva onu da söylədi ki, Göhər kişi kimi qadınmış, yanında silah gəzdirərmiş. Dəfələrlə İrəvana gedib naçalniknən, qubernatnan danışıb. Elə olub ki, həbs olunmuş oğlanlarını həbs-dən, Sibir sürgünündən azad etdirib. Onun düşmənlərinin qarşısına silahla çıxmasına, İrəvana getməsinə də şerlər qoşulubmuş. Göhə-rin dediyi bir neçə bayatı Mərcan Rzayevanın yadında qalmışdı. Onlar aşağıdakılardır:
İrəvanın uşaxları,
Kətannan qurşaxları,
Təndirə düşüf yansın,
Səvəvin uşaxları.
Sinəmi büryan eylərəm,
Didəmi giryan eylərəm,
Daha cannan usanmışam,
Qoysalar qurvan eylərəm.
Süleymanın döyüşlərindən, çar əsgər və zabitlərini üç-dörd qa-çaq yoldaşı ilə darmadağın etdiyindən, jandarma və polisi dəfələrlə pərən-pərən saldığından da danışdılar.
Süleymanın şəxsi intiqam hissi ilə başladığı mübarizə getdikcə ictimailəşirmiş. Birinci Dünya Savaşı illərində Rus orduları Kars-Ərzurum ətrafında cəmləşibmiş. Döyüşən orduya ərzaq, hərbi sursat daşımaq üçün at, araba səfərbərliyə alınırmış. Camaat bundan narazı qalsa da hökumətin qorxusundan könülsüz də olsa, əmri yerinə yetirirmiş. Süleyman cəbhəyə kömək edənləri cəza-landırır, hədələyir, yük aparan karvanlara basqınlar təşkil edirmiş. Osmanlı orduları ilə döyüşən rus ordularının arxasında belə təx-ribatçı qüvvələrin olması hökuməti bərk narahat edir. Bir tərəfdən hökumət dağlara — qaçaqların arxasınca silahlı dəstələr göndərir, o biri tərəfdən də qaçaqları öz içərisindən parçalayıb dağıtmaq üçün gizli casuslardan istifadə edirmiş. Qaçaqlarla yaxınlıq edən adamları aşkarlayıb ələ alırmış.
Süleymanın da başına belə bir iş gəlir. Çivəli dəllək Səfəralı ne-çə illərmiş Süleymanın saçını-saqqalını qırxırmış. Süleyman da ona çox inanırmış. Süleyman gəlir Danzikin yaxınlığındakı Zərdə dər-əyə və milliyyətcə erməni olan dəllək Səfəralıya sifariş göndərir. O da gəlir. Süleyman Qızılqışlağın (20) ağası Arpakəndli (21) Teto-vosu da özü ilə gətiribmiş. Tetovos at, araba, ərzaq toplayıb rus ordusuna göndərirmiş. Süleyman ona neçə dəfə xəbər göndərib, bu işdən əl çəkməyi tapşırıb. Amma Tetovos çar Nikolaydan orden al-maq, hökumət yanında nüfuzunu artırmaq üçün daha da fəallaş-ırmış. Süleyman yolda ona rast gələndə əl-qolunu bağlayıb gətiribmiş ki, cəzalandırsın.
Süleyman saçını-saqqalını qırxdıranda yorğun olduğundan yuxu onu tutur. Bundan istifadə edən Səfəralı Tetovosun əl-qolunu açır. Birləşib Süleymanı öldürürlər. Xəbər öncə Süleymanın düşmən-lərinə çatır. Onlardan Hacı Namazallı Qara (Qovuşuqlu) (22) gedib Süleymanın cənazəsini öz gözü ilə görür. Qamçısını da qanına bə-ləyir. Sonra da Süleymanın qohumlarına «Gedin itinizin leşini sürüyüb bir çuxura atın. Qoxuyub ordan keçənnərin ürəyini bulandırır!» sifarişini göndərir. Bu söz Süleymanın adamlarına ya-man toxunur. Öncə gedib Qaranı öldürür, sonra meyidi aparıb el adətilə dəfn edirlər.
Deyirlər, Hacı Namazallı Qaranın yasında qardaşı arvadı Niyar belə oxuyurmuş:
Həyatdarın, həyatdarın,
Tövlədə bədoy atdarın,
Xanım-xatın arvatdarın,
Balqonuynan kimə qaldı?!
Hay dizdərin, hay dizdərin,
Çuxura endi gözdərin,
Zər-ziba geyən qızdarın,
Balqonuynan kimə qaldı?!
Süleymanın qardaşı Məşədi Ələsgərin oğlu Ələkbərə görə, qaraqayalı Məmmədin ayısəsili Göhərlə olan izdivacından olan övladlar bunlardı: qızları Almaz, Ballı, Nərgizxatun, Vəsmiyyə, oğlanları Əmiraslan, İbrahim, Abdüləzim, Abdülkərim, Məşədi Ələsgər, Həşim, Süleyman.
Kinişik (23) kəndindən milliyyətcə erməni olan Yeranus da Süleymana gizlincə kömək edirmiş.
Süleymanın qaçaq yoldaşları sırasında aşağıdakı adlar sadalanır: qardaşları Abdüləzim, Əmiraslan, dayısı oğlu Əli, xalası oğlu Pəsərək (bir rəvayətə görə, o Tiflis tərəfinin türklərindən imiş), Saraşdı Budaq, Bəşki kürdlərindən Həso, Paşa və başqaları. Bu qaçaqlardan Budağın, Həsonun ölümündə bir yəqinlik vardı. Paşaya isə Türkiyədə zəhər verib öldürdüklərini söyləyirdilər.
Süleyman öldükdən sonra onun dəstəsi də başsız qaldığından hökumət az vaxtda onları həbs edib, ya da öldürtdürüb.
Süleyman haqqında rəvayət və şerlər arasında dağlara həsr edilmiş bir bənd şer də var. Şer belədi:
Bir adın Məzədi, (24) bir adın Qonqar, (25)
Alıfdı köksünü çiskin, duman, qar.
Uçufdu tərlanım, çox görünür sar,
Boş qalıf sonalı göllərin, dağlar.
Bu şer parçaları onu göstərir ki, Qaçaq Süleyman haqqında zəif də olsa, bir dastan varmış. Bu dastanın yaradıcılarından biri, bəlkə də elə birincisi şahablı Aşıq Cəlil imiş.
Qaçaq Süleymandan söz açanların tez-tez təkrarladıqları bir deyim də yaddaşıma hopub:
Az qaçaqlıq elədi,
Çox qoçaqlıq elədi!
15. VI. 1986.
Qaynaqlar və notlar
1.Naxçıvan Muxtar Respublikasında kənd. 1989-cu ildən rayon mərkəzinə çevrilib.
2.Məmmdov Vaqif Cəfər oğlu. 1950-ci ildə Noraşen rayonunun (indiki Şərur) Sədərək kəndində doğulub. Naxçıvan Dövlət Pedoqoji Universitetini bitirib.
3.Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, Bakı, 1980, 9-cu cild. s.98,
4.Tarixən Şərur-Dərələyəz bütöv bir bölgə kimi idarə edilmişdi. Çünki Şərurdan qışlaq və əkin sahəsi kimi. Dərələyəzdən yaylaq kimi istifadə edilib. 1828-ci ildə Rusiya Azərbaycanı işğal edəndə də bu bölgünü pozmadı. 1921-ci ildə Dərələyəz Ermənistan Respubliasına verildi. Bu yerlərin adı dəyiş-dirilsə də, yeni inzibati mərkəz yaradılsa da, xalq həmişə Dərələyəz dedi. 20-ci yüzilin əvvəlindən başlayaraq bu yerlərdən müsəlmanlar zaman-zaman sıxışdırılıb çıxarıldı. Son kütləvi köçürmə isə 1988-ci ildə oldu.
5.Şərur rayonunda kənd.
6.Şərur rayonunda kənd. 1970-ci illərdə Doğu Arpaçay üzərində baraj tikildiyindən çay sahilindəki kənd köçürüldü.
7. Şərur rayonunda kənd.
8. Şərur rayonundakı bu adsız qəsəbəyə 1990-cı ilin yanvarında Sədərək yaxınlığında ermənilərin basqınının qarşısını alarkən şəhid olmuş Məmmədin adını verdilər.
9. Göyçə dağlarında, Dərələyəz bölgəsində yayla adıdır.
10. Göyçə dağlarında, Dərələyəz bölgəsində bulaq adıdır.
11. Arazın sol sahilində, Dilucu yaxınlığında Şərur rayonu ərazisində kənd. 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır.
12. Şərur rayonunda kənd.
13. 1976-cı ili nəzərdə tutur. Naciyə 1913-cü ildə doğulub.
14. Kənd 1918-ci ildə erməni quldurları tərəfindən dağıdılıb.
15. Aşıq Həmid Məmmədbağır oğlu Ağamalıyev 1925-ci ildə Əzizbəyov rayonunun Kotam kəndində (indiki Ermənimtsan Respublikası) doğulub. 4 noyabr 1986-cı ildə Şərur rayonunun Yenikənd kəndində vəfat edib.
16. Şərur rayonunda kənd.
17. Naxçıvanın batısında kənd. 1990-cı ilin yanvarın 17-də Rus Sovet qoşunlarının köməyi ilə erməni silahlı dəstələri kəndi işğal etdi.
18. Dağ adıdır İndiki Ermənistan Respublikasındadır.
19. Babayev Rafiq. Səmədin qızı. «Yeni ordubad» qəzeti və «Qobustan» dərgisi.
20, 21, 22, 23. Dərələyəzdə kənd adları İndiki Ermənistan Respublikasındadır.
24, 25. Göyçə dağ silsiləsində zirvə adı.
Çap olundu: Əli Şamil. Dastanlaşmış ömürlər, Bakı, “Səda” nəşriyyatı, 2001, səh.48-60
|