Əmin Abid bayatılarımız haqqında

ƏMİN ABİD BAYATILARIMIZ HAQQINDA

 Fikrin poetik ifadəsi, lakonikliyi, yığcamlığı və uzun müddət yaddaşlara hakim kəsilməsilə seçilən bayatılarımız maraqlı inkişaf yolu keçmişdir.

Geniş yayılmış, hətta qonşu xalqların ədəbiyyatının inkişafına da müəyyən qədər təsir göstərmiş bu şeir növünün araşdırılmasına əsasən inqilabdan sonra başlanmışdır.

Doğrudur, inqilabdan əvvəl də bayatılar toplanmış, ayrı-ayrı məcmuələrdə, kitabçalar şəklində çap olunmuşdur. Lakin bunlar pərakəndə və elmi nəşrdən kənar çap olunduğuna görə inqilabdan sonra yaradılmış Azərbaycan Öyrənmə Cəmiyyəti bayatıları geniş şəkildə toplamaq və yenidən tərtib etmək kimi xeyirxah bir vəzifəni öz üzərinə götürmüşdür. Bu vəzifənin birinci mərhələsi nisbətən yerinə yetirilsə də, toplanmış materialların saf-çürük edilməsi, onların elmi əsaslarla tərtibi tamamlanmamış qalırdı. Bu məsul və ağır iş gənc alim Əmin Abidə tapşırılır. O dövrdə Vyana, Budapeüt, İstanbul, Tbilisi və başqa şəhərlərin kitabxana və arxivlərində uzun müddət çalışaraq Azərbaycan ədəbiyyatı tarixinə dair maraqlı materiallar toplayan, dövrü mətbuatda bir-birinin ardınca dərin məzmunlu elmi məqalələr çap etdirən gənc tədqiqatçı Əmin Abid ədəbi ictimaiyyətin diqqətini çoxdan özünə cəlb etmişdi. O, təkcə bayatıları tərtib edib nəşrə hazırlamaqla kifayətlənmir, eyni zamanda onların elmi təsnifatını verməyə, keçdiyi tarixi yolu izləməyə, başqa janrlarla qarşılıqlı əlaqəsini öyrənməyə də böyük həvəslə girişir. Əmin Abid başa düşürdü ki, bayatıları öyrənmək üçün yalnız Azərbaycandan toplanmış materiallarla kifayətlənmək olmaz. Bunun üçün türkdilli xalqların əksəriyyətində mövcud olan 4 misralı, hər misrası 7 hecalı şeir növü ilə bayatılarımızı müqayisəli şəkildə öyrənmək lazımdır. Odur ki, türklərin “manı”, özbəklərin “əşülə” (aşulə), tatarların “cır”, qazax və qırğızların “qayım ələng”, “aytıspa”, İraq türklərinin “mani”, “xoryad” və sairi bayatılarımızla müqayisə edərək bu qənaətə gəlir ki, dördlüklərin hamısı eyni qaynaqdan su içib, eyni kökdən şaxələnib.

Bəs bu qaynaqlar hansılardır?

Müəllifin “Türk xalqları ədəbiyyatında manı növü və Azərbaycan bayatılarının xüsusiyyəti” məqaləsi (“Azərbaycanı öyrənmə yolu” jurnalı, 1930- cu il, № 45) yuxarıdakı sualı aydınlaşdırmaq baxımından böyük əhəmiyyətə malikdir. Həmin məqalə elmiliyi və aktuallığı ilə fərqlənməklə yanaşı, bayatılarımız haqqında tədqiqatı davam etdirən alimlərə də geniş ədəbiyyat siyahısı vermişdir. Bu məqalədə əsas məqsədimiz oxuculara həmin əsər barədə qısa məlumat verməkdir.

Əsər giriş və beş bölmədən ibarətdir: 1. Mədxəl (giriş); 2. Bayatımı. manımı?; 3. Başqa türk və tatar xalqlarının manıları içində bayatıların xüsusiyyəti; 4. Bayatıların başqa vəzn şəkillərin münasibəti; 5. Bayatılarla əlaqədar olan xalq ənənələri; 6. Bayatılarda qadın yaradıcılığı.

“Mədxəl” də janr haqqında yazılanların qısa xülasəsini verən tədqiqatçı ikinci bölmədə janrın ayrı-ayrı xalqlarda nə üçün müxtəlif adlanmasının səbəbini izah etməyə təşəbbüs göstərmişdir. O, Orxan – Yenisey) abidələrindəki 7 hecalı şeir nümunələrinin bayatılarımızla oxşar və fərqli cəhətlərini müqayisə edərək onların hər ikisinin eyni qaynaqdan bəhrələndiyini söyləmişdir.

Ə. Abid M. Kaşgarlının “Divanu-lüğat it-türk” Y. Balasaqunlunun “Qudatqu biliq” əsərlərində, eləcə də bizim günlərədək yaşayan bayatılarda mahnımanı şeir növü kimi xatırlandığına əsaslanaraq güman edir ki, vaxtilə dördlük şeirə “manı” deyilmişdir. Bayatı isə tayfa adından musiqiyə, oradan da şeir şəklinin adına keçmişdir. Ə. Abidin fikrincə, “xalq arasında bir mənzumə növünün müxtəlif ad qazanması ya müxtəlif zamanlarda müxtəlif ətirətlər tərəfindən adın dəyişdirilməsindən, yaxud birisinin musiqiyə qiymətindən irəli gəlir”.

Türkdilli xalqların folklor nümunələrini nəzərdən keçirib bayatılarımızı Orxan – Yenisey kitabələrindəki nəzmlərdən başlayaraq altayların “Murad Pİ” si və Əhməd Yəvəsinin “Hikmət”ləri ilə müqayisə edən Ə. Abid yazır:  “...Şimala doğru gəldikcə dördlüklər bizim bayatılara daha çox yaxınlaşır. Lakin bu yaxınlaşma tam eyniliyə gətirib çıxarmır. Forma və məzmunca nə qədər yaxın olsa da, bəzən müştərəkliyə rast gəlinsə də, fərqli cəhətlər də çoxdur”.

T. Kovalsk “manı”ları vəzn və ahəngə görə üç qrupa ayırır. Azərbaycanlı alim isə inandırıcı dəlillərlə sübut edir ki, qafiyələnən misralarda 14 növ təqd, qafiyələnməyən misralarda 21 təqd var. O, misralarda təqdin belə çox olmasının səbəbini başqa misralarla qafiyələnməyib təkbaşına sərbəst çıxış etməsində görür.

Bayatılarımızın zənginliyini sübut etmək üçün Ə. Abid görkəmli alim M. F. Köprülüzadə ilə də münaqişəyə girməkdən çəkinmir. Faktiki materialları saf-çürük edərək göstərir ki, Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk “manılarında” cinas çox azdır.

İraqda yaşayan və özlərini türkman adlandıran oğuz tayfalarının xoryadlarının, qaqauz dördlüklərinin bayatılarımızla eyni olduğu fikrini ilk dəfə Azərbaycan oxucusuna çatdıran da Ə. Abid olmuşdur. Haşım Nihadın Türkiyədə çap etdirdiyi materiallardan bəhrələnən Ə. Abid olduqca maraqlı fikirlər söyləmişdir. Araşdırıcının fikrincə, xoryadlarda birinci misranın qısa olması onu söyləyənin “oyandırıcı-çağırış” xarakterli ifadə əlavə etməsi üçündür. Dədə Qorqud boylarının “Xanım hey” nidası ilə başlanması, dastanlarımızdakı “Aldı Kərəm”, “Aldı Novruz” müraciətləri də belə nümunələrdəndir.

Haşım Nahidə istinad edən tədqiqatçı İraq oğuzları arasında bayatılarımızla əkiz qardaş olan xoryadların çoxluğunu, hətta onlardan kitablar tərtib etməyin mümkünlüyünü də söyləyirdi. Ə. Abidin bu arzusu 60-80- cı illərdə İraqla mədəni əlaqələrimiz yarandıqdan sonra həyata keçdi. Görkəmli şairimiz R. Rzanın “Uzaq ellərin yaxın töhfələri” məqaləsi yarandı. Q. Paşayev “Kərkük bayatıları” , “İraq – Kərkük bayatıları” kitablarını çap etdirdi.

Əmin Abid bayatılarımızın üçüncü və dördüncü misralarındakı heca çoxluğunu əsas fikrin son beytdə toplanması ilə, heca azlığının isə musiqi ilə bağlı olduğunu söyləyir. Bayatılarımızın ən incə xüsusiyyətlərini belə nəzərdən qaçırmayan, onların mərasimlərimizdəki rolundan geniş söhbət açan tədqiqatçı, bədii ifadə vasitələrinin zənginliyini və dörd misrada işlədilən çay, dağ-dərə, heyvan, quş, çiçək, meyvə adlarının doğurduğu estetik təəssüratı da yüksək qiymətləndirir. O, yazır: “Bu gün xalq arasında yaşayan türkü, qoşmalar mövzuya birləşdirilmiş bir çox bayatı-manıların bir-birinə bağlanmasından başqa bir şey deyildir. Bunlar zaman keçdikcə vəznlərinin və qafiyələrinin yerini dəyişmişlər”.

Bayatılarımızın ilk dəfə hərtərəfli geniş elmi-tədqiqata cəlb edən görkəmli Azərbaycan sovet ədəbiyyatşünası Əmin Abidin “Türk xalqları ədəbiyyatında manı növü və Azərbaycan bayatılarının xüsusiyyəti” məqaləsinin yazıldığı vaxtdan 60 ilə yaxın bir dövr keçməsinə baxmayaraq o öz elmi əhəmiyyətini bu günədək saxlamışdır.   

 

Əli Şamilov,

“Elm    həyat” jurnalı,

1986, noyabr, sayı 11, səh. 26
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol