ZƏMANƏDƏN NARAZI AŞIQ
Azərbaycan aşıqlarının yaradıcılığında məhəbbət şeirləri əksəriyyət təşkil etsə də, dövrün haqsızlığını əks etdirən qoşmalar, gəraylılar, təcnislər, divanilər də az deyildir. Qurbani, Aşıq Abbas, Xəstə Qasım və başqa aşıqların yaradıcılıqlarından qalmış nümunələr arasında zülm və istismar dünyasını ifşa edən sətirlərə rast gəlmək olur. Bu da təsadüfi deyildir. Hər bir aşıq yaşadığı mühitdə ədalət, düzlük, doğruluq, insanpərvərlik kimi anlayışların öz real mənasını itirdiyini görəndə dərindən kədərlənir. Bunu görkəmli söz sərrafı, müdrik el sənətkarı Aşıq Alının yaradıcılığında da müşahidə edirik. Aşığın yaradıcılığında dövrün ictimai haqsızlıqlarından narazılıq öz əksini bu və ya başqa şəkildə tapmışdır. “Dolandırır” qoşması buna parlaq misaldır.Aşıq deyir:
Ay ağalar, gəlin sizə söyləyim,
Bilin bu dünyanı pul dolandırır.
Kəsilib məhəbbət, qalmayıb hörmət,
Dövlətli dalınca mal dolandırır.
Bəs “Bu dünyanı dolandırır” pul, mal-dövlət kimin əlində cəmləşmişdir. Həmin puldan, var-dövlətdən xalqın mənafeyi üçün istifadə edilirmi? – mal-dövlət sahiblərinin xalq arasında nüfuzu, hörməti necedir? Bu suala aşıq şeirlərinin ikinci bəndində çox aydın cavab verir!
Bu dünyanın şərbətini içməyən
Körpü salıb üstdən karvan leçməyən,
Evdə arvadına sözü keçməyən,
Kənddə koxa olub el dolandırır.
Aşığın sarkazmı çox güclü və öldürücüdür. Yüksək sənətkarlıqla xalq deyim tərzini şeirə gətirərək fikrini ustalıqla dinləyicilərə çatdıra bilir. Bu kiçik şeir yalnız Alının yaşadığı kəndin, mahalın deyil, XIX yüzilliyin, ümumiyyətlə sinifli cəmiyyətin mənzərəsini gözəl əks etdirir.
Düzdür aşıq dövrünün, zəmanəsinin haqsızlıqlarını görür, ona etirazını bildirir. Lakin bu haqsızlıqları sinifli cəmiyyətin doğurduğunu görə bilmir. Odur ki, tənqid hədəfini cəmiyyətə deyil, ayeı-ayrı fərdlərə yönəldir. Aşığın fikrincə haqsızlıqların, zülmün səbəbi tək-tək adamların qəddarlığı və nadanlığıdır. Odur ki, həmin qoşmasının son bəndində deyir:
Aşıq Alı, halın oldu pərişan,
Ağ üzündə xalları var hər nişan,
Binamus qohumdan, namuslu düşmən,
Öldürsə qəbrimdə gül dolandırır.
Aşıq Alının şeirlərində zülm, haqsızlıq əleyhinə notlar ictimai narazılıq motivləri güclü olsa da sənətkar tarixin inkişaf qanununa uyğunluqlarından yaxşı baş çıxarmadığından şikayətlənməklə kifayətlənir. Haqsızlığı doğuran kankret səbəbləri deyil, ümumi və mücərrəd şəkildə fələyi günahlandırır.
Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu,
Bəydən nəmər aldım, ağadan ənam,
Müxtəsəri qazandığım bez oldu. – və yaxud da:
Vəfasız fələkdə etibar olmaz
Ağlayan kimsədə giridar olmaz,
Hər sevən kimsədə düz ilqar olmaz,
Çoxu çox danışdı, karın görmədim.
Aşığın “Görmədim” rədifli qoşması oxucuya M. P. Vaqifin həmin rədifli müxəmməsini xatırladır. Bu şeirdə Vaqif təsiri özünü qabarıqlığı ilə göstərsə də, aşığı qoşması “Görmədim” müxəmməsi qədər ictimai səciyyə daşıya bilmir. Aşıq deyir:
Viranə bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Bivəfa sözündən çox çəkdim cəfa,
Bəslədim budağın, barın görmədim.
Bu mövzuya yenidən müraciət edən aşıq Alının şagirdi Ələsgər həmin rədifli qoşmasında daha irəli gedərək narazılığına güclü ictimai məna vermiş, zəmanəsinin haqsızlıqlarını bəy-xanların ədalətsizliklərini, şahidlərin imansızlıqlarını, “qazıların düz bazar olmadıq”larını və s. kəskin tənqid etmişdir..
Aşıq Alının “Bax” rədifli qoşması da bizə M. P. Vaqifin məşhur qəzəlini xatırlatsa da, məzmunca Qasımbəy Zakirin “M. F. Axundova məktub” satirasına yaxındır. Zakir Qarabağda gördüklərini təsvir edirdisə aşıq Alı da yaşayıb yaratdığı, gəzib gördüyü yerlərdə müşahidə etdiyini təsvir edirdi.
Bu dünyanı mən tərcüman eylədim,
Bu çərxi gərdişin yollarına bax,
Satıcılar yalan yerə and içir,
Ortada oynayan dillərinə bax. – misraları Zakirin
Baqqal tərəziyə qoyar imanın.
Əsəl qiymətinə satar ayranın,
Qudurmuş it kimi tutar dörd yanın,
Deyən yoxdur Ali-Əbaya bir bax! – misralarını xatırladır. Bu cür paralelləri çox aparmaq olar. Aşıq Alı da boyaqçıların lələ, cövhərə aşqar qatmalarını, hacıların yoğun şal bağlayıb üzdə özlərini mömün. Xeyirxah göstərib daldala minbir fırıldağa əl atmalarını, sələmçilərin 5 verib sonra 10 almalarını, əllaf ilə baqqalın haqqını düz alıb yarımçıq verməsini, bir arşında yarım çələk qol vurmasını kəskin tənqid atəşinə tutur, bədəməl bənnaları, qalayçıları, dəmirçiləri, papaqçıları, kürkçüləri, pinəçiləri, çərçiləri, dəyirmançıları və s. peşə sahiblərini ifşa edir. Lakin aşığın bu şeiri neçənci ildə söyləmiş olduğu haqda əlimizdə heç bir məlumat yoxdur. Odur ki, eyni dövrdə yaşamış iki sənətkarın hansının o birisindən bəhrələnməsini söyləmək əlbəttə çətindir.
Aşıq Alını narahat edən yalnız ayrı-ayrı peşə sahibləri arasındakı fırıldaqçılar, xalqı aldadanlar deyildir. Nadanların, özündən razıların, dünyagörüşü məhdud, mədəniyyətdən, elmdən, savaddan uzaq olanların yekəxanalığı da aşığı qəzəbləndirir, onda zəmanəsinə narazılığı artırır. Aşığa görə bu cür adamlara meydan açan, onların qol-qanad atıb şaxələnməsinə şərait yaradan cəmiyyət, ictimai quruluşdur. Odur ki, deyir:
Aman Allah necə dözüm bu dərəd,
Hər yetən gədalar mənəm xan deyir.
Hərcayi danışar həddini aşar,
Alışdım, tutuşdum, Sultanam deyir.
-
Arif məclisində sayılmır insan,
Tülkdən törəyən olarmı aslan,
Misalı, forması, görnüşü insan,
Duruşu çaqqaldır, aslanam deyir.
Bu cür sifətlərlə yad edilən, həcv atəşinə tutulan görəsən hansı peşənin. Hansı vəzifənin sahibidir? Nə üçün el sənətkarı onların əməllərindən qəzəblənmişdir? Aşığın şeirinin möhürbəndində həmin peşə sahibləri cəsarətlə xalqa təqdim edilir.
Alı, sözün əzəl başdan yazılar,
Şeytandır, iblisdir, molla qazılar,
Bir gözəl görsələr yolun azarlar,
İmamın yolunda qurbanam deyir.
Bəzən aşıq həyatdan aldığı təəssüratını dinləyiciyə üstü örtülü, mücərrəd şəkildə, bəzən də açıq didaktik. Nəsihət şəklində çatdırır.
Bu dünyada mərdimazar çox olub,
Mərd iyidin gözü, könlü çox olub.
Qonşunu yox istəyən özü yox olub,
Onunçün elləri var istər könül.
Aşıq bəzən fikrini inandırıcı və dolğun çatdırmaq üçün tarixə müraciət edir, dinləyicinin keçmişdən ibrət dərsi almağa çağırır, var-dövlət, şöhrət hərislərinin, “mənə-mənəm” deyən cahangirlərin, cah-cəlal içərisində yaşayanların da, qan dənizində boğulduqlarını, malın, pulun əsiri olub məhv olduqlarını söyləyir.
Necə oldu varçün qanlar tökənlər?
Əziz canının əl qumaşa bükənlər,
Unutmasın şərm-xəta əkənlər,
Biçən biçib, biçməyənlər biçəcək.
Odur ki, Alı nəsihət edir:
Mənəm deyən başa varmaz,mənəm demə, geridə dur.
Əl ki, gördün qan içində, çək ətəyin geridə dur.
Bəs zəmanədə necə yaşamalı, necə dolanmalı, ictimai həyatda necə iştirak etməli! – suallarına isə aşıq belə cavab verir:
Fələk mənə cövr eylədi dünyada,
Yaxüı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Müxtəsəri qazandığın bez oldu.
-
Mən xabı qəflətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım
Mülkı, vara, zərrə tamah salmadım,
Çox gördüm zər-ziba bir gün toz oldu.
-
Cavanlığım qeybe çıxdı əlimdən,
Həlqə oldu gündən-günə belimdən.
Yaxın, uzaq incimədi dilimdən,
Şükür həqqə əməllərim düz oldu.
-
Bir mürğ tək leyli-nahar hey uçdum,
Bilənlərdən bilmədiyim soruşdum,
Müxənnətlə, bimürrvətlə vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.
-
Gəlib gedir yaxşılar da yaman da
Qu tükündə, saman üstə yatan da,
Aşıq alı da qazandır cahanda?...
Səndən qalan qatar-qatar söz oldu.
Bu müdrük el sənətkarının, ustad aşığın estetik ideyalı, ömrünün qürub çağını yaşayan Alının keçdiyi 110 illik yola saldığı nəzərdir.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti,
17 noyabr, 1981- ci il, sayı 271. |