Əli ŞAMİL
Azərbaycan Milli Ensiklopediyası
“Türk xalqlarının tanınmış insanları”
ensiklopediya qrupunun rəhbəri.
Bakı- Azərbaycan.
Oguz-turkmən ədəbiyyati, yoksa turkiyə,
Azərbaycan, türkmənistan ədəbiyyati
Diyarbəkirdəki Bayundur əşirətindən Tur Əli bəy digər əşirətləri də öz ətrafında birləşdirərək qüdrətli Ağqoyunlular dövlətini qurdu. Anadoluda qurulan bu dövlətin sınırlarının Doguda Xorasana, Herata qədər uzanması neç də təsadüfü deyildi. Dövlətin qurucuları yüzilliklərdən gələn Türk dövlətciliyi törəsinə sadiq idilər. Onlar tabeliklərinde olan xalqların daxili işlerine qarışmır, elm, ədəbiyyat, kültür insanlarını qoruyurdular. Buna Həbibinin saraya gətirilməsini nümunə göstərmək olar.
Şirvan bölgəsində quzu otaran Həbibi hazırcavablığıyla Sultan Yaqubun döyüşçüsünü çətin vəziyyətdə qoysa da sultan ona qızmamış, əksinə bu zəki yeniyetmənin saraya alaraq təlim-tərbiyəsinə qayğı göstərmişdir.
Soltan Yaqubun mühafizi ilə Həbibi arasındakı söhbətə Əmin Abidin də diqqətini çəkimş və Həbibiyə həsr etdiyi məqaləsində bu konuya yer ayırmışdır. Ə. Abidin Ağqoyunlu sülaləsindən olan Qarayuluq Osman bəyin 1398-ci ildə Sivas döyüşündə öldürdüyü Qazi Bürhanəddin(1344-1398) haqqındakı araşdırması da çağdaşı olan aydınların diqqətini çəkmişdi. “Söhbət-ül Əsmər”in M. Füzuliyə məxsus olduğunu ilk dəfə söyləyən də Əmin Abid olmuşdur.
Ümumiyyətlə ədəbiyyət tariximizin araşdırılmasında Əmin Abidin xususi yeri var. O, ədəbiyyat tariximizin, kültürümüzün bölgəsəl, yəni bölgələrə parçalanaraq ayrı-ayrılıqda öyrənilməsinə qarşı çıxırdı.Mənalı ömrünü Türk ədəbiyyatının, Türk tarixinin, Türk kültürünün bütövlükdə öyrənilməsinə həsr etmişdi. Bu yolda Əmin Abid tək deyildi. B. Çobanzadə, A. Musaxanlı, H. Zeynallı, X.S. Xosayev və b. bu yolda qətiyyətlə irəliləsələr də həmişə təziqlərlə, əngəllərlə rastlaşırdılar. Çünki onlara qarşı duran qüvvələrin arxasında nəhəng Rusya İmriyası dayanırdı.
Bu qeyri bərabər qarşıdurmanın doğurduğu çətinliklərə baxmayaraq Ə. Abid nəinki keçmişdə yaşayıb-yaradan ədəbi simaların, hətta çağdaşı olan Nazim Hikmətin yaradıcılığını da ümumtürk ədəbiyyatının bir parçası kimi öyrənməyklə ədəbiyyatımızın ayrılmaz olduğunu sübüt edirdi. Necə deyərlər hər şeydə sinfi mübarizəni önə çəkən, siyasiləşmiş bir qurluşun öz silihıyla özünü vururdu. O, yazırdı: “...Bu gün Azərbaycan, Türküstan, Tatarıstan, Krım, Türkiyə mətbuatında Nazim Hikmət haqqında bir çox təhlillər yapıldığını, əsərlərinin təkrar edildiyini və ona nəzirələr yazıldığını görməkdəyik. Bu nə deməkdir? Bu Azərbaycan proletar ədəbiyyatında ilk dəfə özünü göstərmiş olan Nazim Hikmətin bütün türk xalqları ədəbiyyatı üzərində təsirə başladığını göstərir. Buna görə N.Hikməti bir tənqidçi və yaxud ədəbiyyat tarixçisi ümumtürk ədəbiyyatının gedişi izində tədqiq etməzsə, onun ədəbi mövqeyini xəyallaşdırmış olur”.
Əmin Abidin ədəbiyyat tariximizin bölgəsəl öyrənilməsinə qarşı durduğu bir vaxtda nəinki Sovetlər Birliyində Rusiyanın baskısı altında yaşayan araştırıcılar, hətta Mehmet Fuad Köprlüzadə kimi nəhənglər də Türkiyə ədəbiyyatını, Azərbaysan ədəbiyyatını, Türkmənistan ədəbiyyatını ayrılıqda öyrənirdilə.
Bu da təsadüfi deyildi. Son yüziliklərdə Avropa sürətlə irəliləmiş, Şərq isə geri qalmışdı. Şərqin aydınlırı və vətənsevərləri bu geriliyi aradan qaldırmaq üçün Avropanı təqlid etməkdən çəkinmir, əksinə xilas yolunu onda görürdülər. Avropada Fransa, İtalya, Almaniyya tarixi yazılırdısa bizdə də tarix bölgəsəl yazılmağa başlayırdı. Bunu ədəbiyyət tariximizin yazılmasında və b. məsələlərdə də aydınca görmək olar. Əmin Abid ədəbiyyat tarixini yazarkən ümumitürk kontekstindən çıxış etsə də İstanbul Darülüfununda ona xocalıq etmiş Fuad Köpürlünün təsirindən tam xilas ola bilməmişdi.
1898-ci ildə Bakı şəhərində daşyonan usta ailəsində doğulan Əmin Abidin ailə vəziyyətlərini böyük qardaşı şair, naşir, tərcüməçi və araşdırıcı Əliabbas Müznib 1930-cu illərdə yazdığı tərcümeyi halında belə təsvir edir: "Anam ötkün fikir, kəskin zəkaya malik, əqlə, kamal, ev işlərini bacararaq, iqtisadi cəhətcə anlar bir qadındır. Əl sənətində mahir olduğundan axşamlar altunbaşlıq, yaxalıq, başmaq üzü tikər, gündüzlər dərs verərdi. Bu gün evimizin, ailəmizin qurulmasına bais anamdır. Atam sırf avam, cahil, davakar, xeyir-şərini bilməz, fənaxoylu bir erkəkdi. Bununla bərabər atam övladlarının savadlı olmasını istər, var qüvvəsini də bu yola həsr edərdi."(AMEAƏİ,:7)
Ə.Abid də ilk təhsilini anası Molla Reyhanın evdə qadınlar və uşaqlar üçün açdığı məktəbdə almış, sonra şəhər bələdiyyəsinin III Aleksandr kişi gimnaziyasında davam etdirmişdi. Onun dünyagörüşü böyük qardaşı Əliabbas Müznibin (1882-1938) təsirilə formalaşmışdı. Gənc yaşlarında araba düzəltməklə məşğul olan Əliabbas Müznib coşğun vətənpərvərliyi ilə 30 yaşında diqqəti özünə cəlb edə bilir. Satirik şerlər, publisist məqalələr yazır, milli şüur oyadacaq əsərləri dilimizə çevirərək çap etdirir. Türklük, islamçılıq əleyhdarlarına qarşı sərt təpki göstərdiyinə görə hakim dairələrin xoşuna gəlmir. Onun nəşr etdiyi jurnalı qapadıb 1912-ci ildə özünü də Sibirə sürgün edirlər. 1913-cü ildə Romanovlar sülaləsinin üç yüz illik yubileyi münasibətilə verilən əfvi-ümumiyə (amnistiya) Müznib də düşür.(Ağayev,2000, 36) Bakıya döndükdən sonra yenidən coşğun elmi, bədii, publisistik və naşirlik fəaliyyətilə məşğul olur.
Əmin Abidin imzasına ilk dəfə qardaşı sürgündə olan zaman rast gəlirik. Yaşının az olmasına baxmayaraq onun Qafqazda nəşr olunan "Kəlniyyat", "Məktəb", "Lək-lək", "Məzəli", "Dirilik", "Babayi-əmir", "Molla Nəsrəddin", "Övraqi-Nəfisə" jurnallarında "İqbal", "Yeni iqbal", "Bəsirət", "Sovqat", "Azərbaycan" qəzetlərində 40 çap vərəqindən çox tərcümələri, şerləri, elmi-publisistik məqalələri çap olunub.(Şamilov,1982) Bunların da əsas mövzusu vətən sevgisi, millətinə, dilinə, dininə xorbaxanlara qarşı barışmaz mübarizədir.
Bütün bunlar İstanbula təhsil almağa gedəndən Ə.Abidin özünü Qafqaz türkləri arasında coşğun vətənsevər, istedadlı və zəhmətsevər bir gənc kimi tanıtdığından xəbər verir. O, Türkiyədə oxuduğu illərdə "Şəbab", "İnci", "Süs", "Xidməti ümumiyə", "Yarın İstanbul", "Yeni Kafkasiya" və b. jurnallarda şerlərini və publisistik məqalələrini çap etdirmişdir. Onun ədəbiyyat tarixilə bağlı ilk sanballı elmi məqalələri də Türkiyə mətbuatında işıq üzü görüb.( AMEARHA,5)
Görünür, elə bunları nəzərə alan Azərbaycan SSR Maarif Komissarlığı İstanbuldakı Darülmüəllimi Aliyeyl bitirmiş Əmin Abidin yenidən İstanbul Darülfünunda oxumasına şərait yaratmış (Ayda 35 ABŞ dolları məbləğində təqaüd təyin edilmişdir) və ona Avropa metodları ilə Azərbaycan türklərinin ədəbiyyatı tarixini yazmağı da tapşırmışdı. (ARMTNA)
Ə.Abidin sağlığında çap olunmuş bir neçə məqalədə onun "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini yazmış olduğu göstərilir və yüksək qiymətləndirilir. 1937-ci il irticasından sonra özü kimi əsərləri də unutdurulmağa çalışılmışdır.
70-ci illərdən Ə.Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərindən bəhs edənlər onun üç və ya altı cilddən ibarət olduğunu yazırlar. Bəs bu yanlışlıqlar hardan qaynaqlanır? (Şamilov,1982)
Ə.Abidin Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində fondunu təşkil edən arxiv əməkdaşı yazdığı şərhdə qaynaq göstərmədən "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"nin üç cilddən(ARMDƏİA,3) müəllifi yaxından tanıyan, 1920-ci illərdə Tiflisdə nəşr olunan Zaqafqaziya Sovet Fedarativ Sosialist Respublikası Mərkəzi İcraiyyət Komitəsinin və Xalq Komissarlar Sovetinin orqanı "Yeni fikir" qəzetinin İstanbul müxbiri Əli Şahbazov isə əsərin altı cilddən ibarət olduğunu yazır.(Şahbazov,1926)
Ümumiyyətlə Ə.Şahbazovun "Yeni fikir" qəzetində "Türkiyə məktubları" rubrikası altında çap etdirdiyi iki1 məqalə Ə.Abid haqqında ən gözəl və dolğun qaynaqlar sırasında öndə gəlir. "Yeni bir mədəniyyət yapmağa başlayan azərbaycanlıları sevindirəcək bu hadisə münasibətilə qısa da olsa izahat verməyi faydasız görməyən" Əli Şabhazov yazır: "Bu mühüm əsəri vücuda gətirməyə çalışmaqla Azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor. Darülfünunda qəbul edilən əsəri kitabının son əsrə aid yalnız bir cildidir. Ümumi əsər altı cilddən ibarətdir. Azəri ləhcəsinin zühur etdiyi tarixdən əsrimizə qədər Azərbaycanda cərəyan edən fikir və ədəbi hərəkat son sosioloji metodlar nəzər etibarı alınaraq müqayisəli təhlil və tərtib üsullarına əsasən təqdim edilmişdir". (Şahbazov, 1926)
Onun məqaləsindən öyrənirik ki, "İstanbul Darülfünunun Ədəbiyyat fakültəsini bitirmək üzrə bulunan tələbələrdən Əmin Abid yoldaşın məzuniyyət tezi olaraq vücuda gətirdiyi "Azəri türklərinin ədəbiyyatı tarixi" nam əsəri darülfunun imtahan heyəti tərəfindən qəbul edildi. Elmi üsullara istinadən yazılan tətəbbönamə məclis müdərrisin (professorlar məclisi) tərəfindən təqdir edilərək təb olunmasına qərar verilmişdir".
Əli Şahbazov elə həmin məqalədəcə "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərinin xülasəsi çap olunmaq üçün gənc macar şərqşünası Margit Pallu tərəfindən tərcümə edildiyini, müəllif Bakıya gedib əsərin "maarif komissarlığına təqdim" edəcəyini və "maarif komissarlığı müsəyyərindən dolayı Əmin Abid yoldaşımıza təqdir medaliyəsi" veriləcəyini yazır.
Ə.Abidin İstanbul Darülfünunda "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərinin son cildini diplom işi kimi müdafiə etdiyini müdafiə etdiyini başqa qaynaqlar da təsdiq etmiş olur. Bu qaynaqlar sırasına onun "Sərvəti Fünun" və "Türk yurdu" jurnalında çap etdiyi məqalələr və hazırda əlimizdə olan "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsəri də var. Əlyazmanın "Ədəbiyyatımıza aid yapılan tədqiqlər haqqında təhlili bioqrafik məlumat" adlandırılan fəslininn "Türkiyədə yapılan tədqiqlər" bölməsində "İstanbul Darülfünunda təhsil edərkən son əsrin 1925-ci il tarixinə qədər bütün fikri və ədəbi cərəyanlarını mühütün müsahidəsi nisbətində iqtisadi, ictimai nöqteyi-nəzərdən təhlil edərək 400 səhifəlik böyükcə bir cild halında verdigimiz lisaniyyə tezini də yapılan tədqiqlər arasında göstərə biləriz. (İstanbul Darülfünunun ədəbiyyat fakültəsi rəyasəti nəzdindəki yazmalar arasında məhfuzdur) o vaxta qədər ədəbiyyatımızın bu dövrünə aid Türkiyədə başqa bir tədqiq nəşr edilməmişdir" oxuyuruq.(AMDƏİA)
İstanbul Universitetində bu gün də qorunub saxlanan, ərəb əlifbasıyla yazılmış diplom işinin XX yüzili əhatə etdiyi doğru olsa da həcmində bir az yanlışlıq var. Belə ki, əlyazmanın həcmi 345 səhifədir. Bəs əvvəlkilər necə cild, hər cild neçə səhifə imiş, hansı dövürləri əhatə edirmiş? Ümümiyyətlə Ə.Abid çoxcildlik "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni yazıb tamamlayıbmışmı, yoxsa yazmağı planlaşdırıbmış?
Onun əlyazmalarında, anketində, çap olunmuş məqalələrində bu məsələyə tam aydınlıq gətirən fikirə rast gəlmədik. 1933-cü ildə SSRİ EA Zaqafqaziya Şö'bəsi Azərbaycan filialına işə girmək üçün doldurduğu anketdə və yazdığı elmi hesabatda çap edilməmiş əsərləri sırasında “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“nin də adı var. Çox təəssüf ki, burada əsərin neçə cilddən ibarət olduğu göstərilməyib. 30 çap vərəqi həcmində olduğu qeyd edilib.
Ə.Abid " Maarif işçisi" jurnalında yazır: - "XIX əsrin sonlarına doğru Şimali İrandakı türklər arasında ədəbiyyat tamamilə nifaq etdi. Ədəbi fəaliyyət yalnız bizim Qafqas türklərinə mühəssil qaldı ki, iyirminci əsrin başlarında sxolastik dini ədəbiyyatı mütəşəkkil bir nəşriyyat halında yaşadan yalnız bu kiçik sahə olmuşdur" ("Azərbaycan türklərinin ədəbiyyatı tarixi“, üçüncü cild - Ə.Abid".) (Abid,1927,10:68)
Burada diqqətimizi çəkən Ə.Abidin öz əsərinin üçüncü cildini qaynaq kimi göstərməsidir. Bundan da belə qənaətə gəlirik: "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"nini üçüncü cildi də yazılıbmış. Özü də bu cild XIX yüzilliyi əhatə edirmiş. Əmin Abidin başqa bir qeydindən aydın olur ki, "Oktyabr inqilabının Azərbaycan ədəbiyyatına təsiri" adlı iri həcmli məqaləsi İstanbulda yazılmış, lakin siyasi mülahizələrə görə heç bir jurnal onu çap etməmişdir.
Bəs bu cildlərin hər birinin həcmi nə qədərmiş? - sualına cavab verə biləcək qaynaq hələlik əldə edə bilməmişik.
Hələlik əlimizdə Əmin Abidin çoxcildlik "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərinin Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan bir cildi və İstanbul Darülfünunu bitirərkən yazdığı dirlom işi var.
Birincisi qara mürəkkəblə, səliqəli və seyrək xəttlə yazılmışdır vər 316 səhifədir. Tək-tək yerdə düzəlişlər edilmişdir". Ərəb əlifbası ilə yazılmış mətni müəllif başqa bir mətndən göçürdüyü və köçürə-köçürə də üzərində işləyib təkmilləşdirdiyi aydın görünür.
A-5 formatlı kağıza yazılmış bu kitab üzərində İstanbul Darülfunu ilə Darülmüəllimin aliyəsindən məzun Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Birinci kitab“ yazılıb. Kitaba yazılmış kiçik annatasiyada isə deyilir: “Bu gün Azəri türkcəsi dedigimiz ləhcə ilə danışan Qafqas, İran, Xorasan və İraq türklərinin ədəbi və fikiri həyatları haqqında təhlillər.“
Adətən əsərlərin başlanğıcında, çoxcilidliklərdə isə birinci cilldə əsərin neçə cilddən ibarət olduğu, hansı dövrləri əhatə etdiyi və s. yazılır. Çox təəsüf ki, Ə.Abid kimi səliqəli və diqqətcil bir araşdırıcının əlimizdə olan “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“ əsərində buna rast gəlmədik.
İlk səhifələrdə kitabın mündərəcatı, tərtibatı haqqında geniş bilgi var. “Birinci söz“ adlandırdığı ön sözün sonunda “İstanbul 1922 - Bakı 1927 Əmin Abid“ qeydindən aydın görünür ki, müəllif əsər üzərində 1922-ci ildən İstanbulda olarkən başlasa da 1927-ci ildə Bakıya gələndən sonra da işini davam etdirmişdi.
“Azərbaycan türklərinin ədəbiyyatı tarixi“nin əlimizdə olan nüsxəsi əsasən “Oğuznamə“lərdən, “Kitabi-Dədə Qorqud“dan, Orxon abidələrindən bəhs etsə də əvvəlində verilmiş biblioqrafiya ədəbiyyatımız tarixini əhatə edir. Yəni əlimizdə olan cildin deyil, sonrakı cildlərin biblioqrafiyası da burada verilib. Müəllif özəndən əvvəl yazılanların xülasəsini verərkən bəzən geniş şərhləri sonrakı cildlərə saxladığını yazır. Məs.: professor Nəcib Asimin “İqdam“ qəzetində (1921) çap olunmuş “Məchul bir şair: Molla Həmidi“ məqaləsindən söz açarkən göstərir ki, məqalədə verilən məlumatlar “Qaraman tarixi“nin xülasəsidir. Mötərizədə isə “Bu tarixin verdiyi məlumat kitabımızın gələcək bəhslərindəndir“ və yaxud: Ə.Abid kitabının “Ədəbiyyatımıza aid yapılan tədqiqlər haqqında təhlili bioqrafik məlumat“ fəslinin “Avropada yapılan tədqiqlər“ yarımbaşlığının 4-cü paraqrafında Mirzə Şəfinin Avropada təbliğinə və tədqiqinə, eləcə də bu işdə “Münxen Darülfünunun rus və ingilis dil və ədəbiyyatları professoru olmuş və 1833-1835-ci il tarixində Qafqasda yaşamış olan Fredrix fen Bodenştedt“in fəaliyyətinə geniş yer artırır. Bodenştedt və Mirzə Fətəli mövzusunda A.Krımskinin F.B.Köçərlinin, S.Mümtazın, Y.Vəzirovun yazdıqlarını müqaisəli araşdırmaqla kifayətlənməyərək səhifənin ətək yazısında belə bir qeyd verir: “Qitələrin (söhbət Bodenştedtin kitabında Mirzə Şəfinin əlyazması ilə verilmiş şerin M.Füzuliyəmi, yoxsa M.Şəfiyəmi aid olmasından gedir - Ə.Ş.) müqaisəsi kitabımızın gələcək cildlərindədir ki, burda Mirzə Şəfi haqqında müfəssəl məlumat da var“.(AMDƏİA)
Bu və buna bənzər qeydlər müəllifin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“ kitabını çoxcildlik yazmış olduğunu sübut edir. Çox təəssüf ki, müəllif “kitabımızın gələcək cildləri“, “kitabımızın gələcək bəhsləri“ deyəndə konkret bir rəqəm göstərmir.
İkinci kitab isə hazırda İstanbul Universitetində saxlanılır. 1990-cı ildə ərəb əlifdasında olan bu kitabı Ege Univerisitetinin müəllimi Əli Yavuz Akpınar tələbəsi Əziz Merhana diplom işi kimi vermiş, o da ərəb əlifbasından latına çevirmişdir.
Bu gün biz Azərbaycan ədəbiyyatı dedikdə coğrafi anlamda müəyyən bir bölgədə yaşayan və çoxluq təşkil edən bir xalqın nəzərdə tuturuqsada M.Füzuli, Q.Bürhanəddin və b. şairləri oraya daxil etməklə dolaşıqlıq yaratmış oluruq. Ə.Abidin yazmış olduğu əsər də bu günkü metodologiyadan uzaq deyil. Bu öyrənmə, tədqiq metodunun təməl daşlarını qoyanlar sırasında Əmin Abid də var. O, bunu belə əsaslandırmağa çalışır. “Türk ədəbiyyatı tarixinin bir silsilə halında tədqiq edilməsinin lazım olduğunu qəbul edənlərdəniz. Bununla bərabər türk ədəbiyyatını müxtəlif dövrlərə, müxtəlif ləhcələrə ayırıb da ümumi təkamül xəttini buraxmadan tədqiq etmənin daha qolay bir yol olduğu qənaətindəyiz“.
Araşdırıcıya görə müasirləri arasında “bir ləhcənin ədəbi məhsulları ilə, hətta bir dilin müəyyən bir dövrünün tədqiqi ilə məşğul olan mütəxəssislər də yox deyil“. Amma Əmin Abidə görə “ləhcəmizin məhsullarının ümumi gedişi nəzərə alınmadan“ doğru öyrənilə bilməz.
Əmin Abid “ləhcəmizin hakim olduğu dairə“yə belə aydınlıq gətirir: “...bu günkü vəziyyətə görə Dərbənddən Bağdada, Xorasandan Qara dənizə qədər yayılan geniş torpaqlar üzərində yaşayıb da eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyat deməkdir... Nasıl ki, İraq, İran və Qafqasdakı türklərin bu vaxta qədər yaratdıqları ədəbiyyat tamamilə yekpara bir çöhrə ərz etmişdir“.
Azərbaycan ədəbiyyatşünaslığının bu günkü səviyyəsindən baxanda Ə.Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“ əsəri çox bəsit görünə bilər. Burada çoxlu metodoloji və faktik səhvlər də olduğu açıq-aydın görünür. Görünür bunları müəllif özü də hiss etdiyindən kitaba yazdığı “Birinci söz“də aşağıdakı fikri qeyd edir: “Türkoloji sahəsində daha gənc olduğumuzu dərk edərək tədqiqat əsnasında bilxassə mətinlər ilə elmi hüviyyətlərini isbat etmiş səlahiyyatdar müstəsraq və türkoloqların ədəbiyyat və etmolojimizə aid vaqe olan tədqiqlərinə də çox əhəmiyyət verildi“.
Əmin Abid müəyyən bir bölgənin, dövlətin sərhədləri daxilində yaşayan xalqın deyil bir etnosun ədəbiyyat tarixini yazmağı qarşısına məqsəd qoyduğundan Azərbaycan termininə, eləcə də Azərbaycan Respublikasının adına da öz münasibətini bildirmişdi. Bu mövzu araşdırıcı üçün çox önəmli olduğundan dönə-dönə üzərində işləmiş və 1927-33-cü illərdə üç çap vərəqi həcmində “Azərbaycan termini tarixdə və həmin terminlə əlaqədar Azərbaycan elmi ədəbiyyatında müxtəlif cərəyanlar məqaləsini yazıb tamamlamışdır.
Ə.Abid "Türk el ədəbiyyatına elmi bir baxış. "Oğuznamə" məqaləsində yazır: "Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyimiz ən əski əsər "Oğuznamə"dir. "Oğuznamə" indiki vəziyyətinə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir".
Hazırda AMDƏİA olan mətnin 8 çap vərəqi, İstanbul Universitetində diplom müdafiəsi üçün yazdığının 15 çap vərəqi olduğunu nəzərə alıb üst-üstə gəlsək bu 23 çap vərəqi edir. Demək Ə.Şahbazova inanıb Ə.Abidin altı cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“ əsərini yazdığını qəbul etsək onda 4 cildi üçün 7 çap vərəqi qalır. Hətta İstanbul Universitetində təhvil verdiyi 345 səhifəni anketdə göstərmədiyini düşünsək 30 çap vərəqini yerdə qalan beş cildə böləndə hər cild üçün 6 çap vərəqi düşür. Əlimizdə olan birinci cildin 8 çap vərəqi Universitetdə olan son cildin 15 çap vərəqi olması 6 cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“nin yazılıb tamamlanması şübhə altında qoyur.
Əldə edə bildiyimiz qaynaqları gözdən keçirəndə Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni altı cilddən ibarət yazmağı planlaşdırdığı qənaətinə gəlirik. Bundan iki cildi əlimizdədir. Müəllifin qeydlərindən yəni çap olunan məqalələrindən və çap olunmayıb yalnız adlarını qaynaqlardan oxuduğumuz məqalələrdən bu qənaətə gəlmək olur: İkinci cild yazılı ədəbiyyatımızın XII-XVIII yüzilliklərini əhatə edirmiş.
Bəlkə də "Azərbaycan termini və həmin terminlə əlaqədar Azərbaycan ədəbiyyatında müxtəlif cərəyanlar", "Dərəbəylik dövründə Azəri Ədəbiyyatı", "Füzulinin tədqiq edilməmiş bir əsəri", "Həbibi", "Nəsiminin ərəbcə və farsca şerləri", "XVII əsr Azərbaycan ədəbiyyatı", "M.P.Vaqif" kimi irihəcmli məqalələri həmin cildin materialları əsasında yazılıbmış.
Ə.Abidin arxivində çap olunmamış "Natəvan", "Ədəbiyyatımız tarixinidə M.Ə.Sabirin möqeyi" kimi irihəcmli məqalələrin, "Mirzə Şəfi Vazeh", "Mirzə Fətəli Axundov", "Azərbaycan folkloru" monoqrafiyalarının qalması çoxcildlik ədəbiyyat tarixi yazılmasına kifayət edəcək materialı olduğunu göstərir.
Əmin Abidin on doqquz çap vərəqi həcmin “Azərbaycan ədəbiyyatının qədim abidələri“, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi“ və M.Füzulinin “Söhbətül əsmar“ əsərlərinin 1931-ci ilin nəşriyyat planına salınsa da heç biri işıq üzü görməyib. (Əhmədov, 1989)
1929-cu ildə millətçi "Gənc Azər" təşkilatının üzvlərinin həbs olunması, onların Əmin Abidin adını da halandırmaları gənc araşdırıcını rəsmi dairələrin nəzərindən salır. Onun kitablarını nəşriyyat planından, məqalələrini jurnal səhifələrindən çıxarır, mətbuatda haqqında təhqir dolu məqalə çap olunur, özünü də mərkəzdən uzaqlaşdırırlar. Ağdaş, Quba, Ağdam rayonlarında ümumtəhsil məktəblərində və texnikumlarda müəllim işləməyə göndərirlər.
1930-cu illərdə M.F.Axundovun əsərlərindəki islam dini əleyhinə fikirlər bolşeviklərin işinə yaradıcılığına görə ona daha çox önəm verir, anadan olmasının 125 illiyini təntənəli qeyd etməyə hazırlaşırlar. Təntənəli yubiley tədbirləri planında Mirzə Fətəlinin əsərlərinin nəşri də daxil edilmişdi. Bu işi görə biləcək mütəxəssisə ehtiyac duyulurdu. Hakim dairələr Ə.Abidin baxışlarını kəskin tənqidini təşkil etsələr də ondan istifadə etmək qənaətinə gəlirlər.
Mirzə Fətəlinin əsərlərinin tərtibi 1933-cü ildə Əli Nazimlə Əmin Abidə tapşırılmışdı. Ə.Abidin həmin illərdə dövrü mətbuatda M.F.Axundovla bağlı bir sıra sanballı məqalələri çap olunmuşdu. Mərkəzdən uzaq rayonlarda müəllim işləyən bir şəxsin belə məqalələr yaza bilməsi üçün material əldə edə bilməsi qeyri-mümkündür. Güman ki, bu məqalələrin əksəriyyətini Ə.Abid "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərinin üçüncü cildindən istifadə edərək yazırmış.
AMDƏİA-də Ə.Abidin M.F.Axundovun üç cildlik əsərlərinə yazdığı ön söz də qorunub saxlanılır. Latın qrafikası ilə yazılmış, üzərində çoxlu düzəlişlər, kəs-yapışdırlar edilmişdir.
Bu ön sözün həcmi 300 səhifədir.
1937-ci ildə onun nəzərdən salınıb işdən çıxarılması və 1938-ci ildə həbs olunaraq güllələnməsi yalnız M.F.Axundovun üç cildliyinə yazdığı ön sözü və başqa əsərlərinin çap olunmasını dayandırdığı kimi, 20 çap vərəqi həcmində "M.F.Axundovun elmi-ədəbi dünyagörüşü" monoqrafiyasının da "itməsinə" səbəb oldu.
Ə.Abid əsərinin ön sözünüdə yazır: "...Avropa müstəşriqləri kibi, rus mötəbərlərindən V.V.Bartold və Türkiyə alimlərindən Köprülüzadə Məhəmməd Fuad qarışıqlığa meydan vermək üçün son yazılarında Şimali-Qərbi İranı Azərbaycan, bizim indiki Cümhuriyyətin tutduğu yerləri Arran təbiri ilə göstəriyorlar. Biz isə Azərbaycan kəlməsi ilə Şimali-Qərbi İranı qəsb etməklə bərabər hökumətimizin hakim olduğu torpaqları əhalimizcə daha müstəmal olan Qafqas təbiri ilə yad edəcəyiz". Lakin müəllif hər yerdə vədinə əməl edə bilmir. Gah Qafqas türkləri, gah Azərbaycan türkləri, gah da sevimli müəllimi Mehmed Fuad kimi Azərilər yazır.
Müəllif əsərində "Azərbaycan dili" termini işlətmir. Dilimizi hər yerdə ləhcə kimi qeyd edir. Amma bu ləhcənin əhatə dairəsi və yaratdığı ədəbiyyatın sahəsi daha genişdir. Ona görə də Ə.Abid kitabının proqramı içinə aldığı ədəbi sərhədləri belə qeyd edir: "Bugünkü vəziyyətə görə Dərbənddən Bağdada, Xorasandan Qara dənizə qədər yayılan geniş proqramlar üzərində yaşayıb eyni dil və ləhcə üzərində danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız deməkdir".
Ə.Abid o dövr üçün olduqca bir maraqlı məqama da toxunur. Ziya Göyalpı 1926-cı ildə İstanbulda çap etdirdiyi "Türk mədəniyyəti tarixi" əsərində "Kitabi-Dədə Qorqud" boylarında təsvir olunan xanlar xanının evini yağmalandırmasında "el daim bir kommunist həyat" yaşayan kimi görür. Ə.Abid isə tarixi hadisəyə bu cür yanaşma ilə razılaşmır. Belə yağma mərasimlərində yalnız xan və bəylər, hərbi qəhrəmanlar iştirak etdiyini, aşağı təbəqədən yalnız ozanlar bu məclislərə dəvət edildiyini yazır.
Nəzərdən keçirdiyimiz faktlara əsaslanıb aşağıdakı qənaətə gəlirik.
1. Əmin Abid “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“ni altı cilddən ibarət yazmağı planlaşdırıbmış.(Şamilov,1982) İstanbul Darülfünunu bitirərkən diplom işi kimi müdafiə etdiyi 345 səhifəlik əsəri XX əsri əhatə edirmiş və bu mövzuda araşdırıcının “Sərvəti-fünun“, “Türk yurdu“ və “Maarif işçisi“ jurnallarında beş məqaləsi çap olunubmuş.
3. “Ədəbiyyat tarixi“ bir siyasi bölgənin, dövlətin, coğrafi ərazinin ədəbiyyatının tarixi deyil bir etnosun ədəbiyyatını tarixi kimi düşünülübmüş. Ona görə də buraya Azərbaycanda doğulub, boya-başa çatmış, lakin türkcə yazmayan (müəllifləri milliyyətcə türk olsa belə ədiblərin əsərləri daxil edilməyibmiş).
4. Ə.Abid İstanbulda Universitetə diplom işi kimi yazdığı əsərindən əlavə üç cild (ədəbiyyatımızın başlanğıcından XIX yüzillikdə əhatə olunmaqla) “Azərbaycan türklərinin ədəbiyyatı tarixi“ əsərini tamamlayıbmış.
"Azərbaycan türklərinin ədəbiyyatı tarixi" yazıldığı vaxt çap edilsəydi ədəbiyyat tariximizin inkişafına deyil, milli özünüdərkə də güclü təsir göstərmiş olacaqdı.
Bir çox qüsur və yanlış mülahizələrinə baxmayaraq Ə.Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsəri bu gün də öz aktuallığını itirməyib.
Qaynaqlar
Abid, Əmin. Oktyabr İnqilabının Azərbaycan ədəbiyyatına təsiri "Maarif işçisi" jurnalı, 1927, sayı 10, s.68
Ağayev, İ. Əliabbas Müznib. “Elm“ nəşriyyatı. B., 2000, s.35.
AMEAƏİ- Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu. Əliabbas Müznib fondu, 37 (Q.Z. 53) fond 1, siyahı1, saxlama vahidi 55, səh.7.
AMEARHA- Azərbaycan Milli Elmlər Akademiyas Rəyasət Heyətinin . Ə.A.Əhmədovun şəxsi işi, s. 5.
AMDƏİA-Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 170.
ARMNTA-Azərbaycan Respublikası MTNarxivi.Ə.A.Əhmədovun istintaq işi, № 32796.
Şahbazov, Əli. İstanbul Darülfünunda Azəri ədəbiyyatı tarixi (Türkiyədən məktublar), "Yeni fikir" qəzeti, 1926, 9 yanvar. Şahbazov, Əli."Yeni fikir" qəzeti, 1926, 9 yanvar, 26 iyul.
Əhmədov B.. Aydınlığa doğru. "Azərbaycan gəncləri" qəzeti, 9 fevral 1989-cu il; "Ağ ləkələr silinir" (tərtibçi Osman Mirzəyev). "Azərnəşr", B., 1991, səh.125.
Şamilov, Əli. Əmin Abidin ədəbiyyat tarixi. "Ədəbiyyat və incəsənət" qəzeti, 1986-cı il, 12 dekabr, sayı 50 (2237), s.6.
Şamilov, Əli. Dastanın ilk Azərbaycanlı tədqiqatçısı. "Azərbaycan" jurnalı, 1987, sayı 4, s.179-182, Əli Hüseynoğlu Şami. Əmin Abid "Kitabi-Dədə Qorqud" haqqında. "Milli folklor" (Ankara) jurnalı, 1997, sayı 38, s.43. Əli Şamil Dədə qorqudşünaslığımızın əsasını qoyanlardan biri. "Filoloji araşdırmalar", IX kitab, BDU nəşriyyatı, 1999, s. 159-174.
Şamilov, Əli. Pedaqoq, alim Əmin Abid. “Azərbaycan müəllimi” qəzeti, 1982, 2 iyul, № 53 (3657).
Çap olunub: I Uluslararası Oğuzlardan Osmanlıya Diyarbakır sempozyumu (2004, 20-22 Mayıs), Bildiriler. Diyarbakır, 2004, səh.61-68.
|