Qorxmazam, mən düşdüm elimdən qaçaq

QORXMAZAM, MƏN OLDUM

ELİMDƏN QAÇAQ

 

«Azərbaycan» jurnalının 1970-ci il 8-ci nömrəsində yazıçı, araş-dırıcı Əzizə Cəfərzadənin çap etdirdiyi «Aşıq şe’ri tərzində ictimai motivlər» (1) məqaləsi sanki Naxçıvanda yatmış hissləri oyatdı. Çayxanalarda, xeyir-şər məclislərində Qorxmazın adı tez-tez çəkil-məyə, xatirələr dilə gəlməyə başladı. Əzizə xanım yazır: «Naxçı-vanın Sədərək kəndində qaçaq olmuş Qorxmazın adı ilə bağlı şerlər diqqəti cəlb edir. Bu yoxsul kəndli eyni zamanda öz sevgili arvadı Tellini də (Nəbinin Həcəri kimi) yanına alıb dağlara çıxmalı ol-muşdur. Onu da elindən, günündən, qohum-qardaşlarından ayrı sa-lmışdılar. Qorxmazın adı ilə bağlı olan şerlərdə dərin bir kədər, həzin bir sızıltı var:

 

Bir gün çıxdım Sədərəyin düzünə,

Qarşı durdum mən düşmənin yüzünə,

Güllə dəysin müxənnətin gözünə,

- Ağla Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.

 

Mən sığındım Sədərəyin daşına,

Səni alıb qaşdım dağın başına,

Axır həsrət qaldım yar-yoldaşıma,

Ağla Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.» (2)

 

Sədərəkli gənc şair Vaqif Məmmədov əlavə bilgi almaq ümidilə Əzizə Cəfərzadəyə müraciət edir. Əzizə xanım isə cavab mək-tubunda Qorxmaz haqqında əlavə bilgisi olmadığını və yalnız şeri aldığı qaynağı göstərməklə kifayətlənir.

Qəzetçilər daha çevik olurlar. Çingiz Nağıyev və İslam Əliyev Qorxmazı tanıya biləcək adamlarla görüşür, xatirələri toplayır və geniş məqalə yazırlar. Bu məqalə İliç rayonunda çıxan «İşıqlı yol» qəzetinin 1970-ci il, 4 dekabr №112 (586)–cı sayında 3-cü və 4-cü səhifələrdə «Qaçaq Qorxmaz» (3) başlığı ilə, həmin məqalənin bir az redaktə və ixtisar edilmiş variantı isə «Şərq qapısı» qəzetinin 1970-ci il, 25 dekabr, №296 (9696) sayında 4-cü səhifədə «Qaçaq Qorxmaz kimdir?»  (4) başlığı altında çap olunur.

Mənimsə Naxçıvanda gedən bu işlərdən xəbərim yoxuydu. Ba-kıda Universitetin jurnalistika fakültəsində oxuyurdum. Əzizə Cə-fərzadənin məqaləsi də diqqətimi o qədər çəkməmişdi. Son kursda oxuyanda təyinatımı Naxçıvana verəcəklərini bildim. Odur ki, kö-hnə qəzet və jurnallarda, kitablarda Naxçıvanla bağlı diqqətimi çə-kən yazılardan, faktlardan özüm üçün qeydlər götürür, gələcəkdə görə biləcəyim işləri planlaşdırırdım. Bu qeydlər sırasında Hümmət Əlizadənin tərtib etdiyi iki cildlik «Aşıqlar» kitabındakı (5) «Sədə-rəkli Qorxmaz» şeri və Əzizə Cəfərzadənin «Aşıq şe’ri tərzində ictimai motivlər» məqaləsi də vardı.

1973-cü ilin payızında «Şərq qapısı» qəzetində işə başladığım ilk günlərdə Qorxmazla maraqlandıqda iş yoldaşlarım qəzetimizdə «Qaçaq Qorxmaz kimdir?» başlıqlı məqalə çap olunduğunu söy-lədilər.

Bu xəbər mövzuya marağımı söndürmədi. Əksinə, qəzetin ötən illərdəki saylarını səhifələyib məqaləni tapdım. Çingiz Nağıyev və İslam Əliyev də şerdəki Sədərək sözünə görə ilk axtarışa oradan başlayıblar. Yaşı yüzü keçmiş Həbib baba və b. ilə görüşüblər. Topladıqları məlumatları aşağıdakı şəkildə qələmə alıblar:

«–Qorxmaz elə bir igid idi ki, gördüyünüz dağlara onun qor-xusundan quş da səkə bilməzdi. O, illərlə bu dağlarda yaşadı, ka-sıblara əl tutdu, varlılara qan uddurdu. Ayrı-ayrı yerlərdən Nax-çıvana, Ordubada, Şərura və Dərələyəzə gəlib keçən xan, bəy və tacir karvanlarının qabağını kəsir, əldə etdiyi qəniməti yaxınlıqdakı Azərbaycan və erməni kəndlərinin yoxsullarına, məzlumlarına pa-ylayırdı. Yadıma gələni azı on dəfə Şərur pristavı onun üstünə atlı kazaklar göndərdi. Hər dəfə Qorxmaz qalib gəldi, ələ keçmədi. Az müddətdə bu igid qaçaq özünə yaxşı dostlar tapmışdı. Sədərəkli Keçəl Rəsul, Məşədi və Qara onun sınanmış silahdaşları idilər.

– Həbib dayı, bəs Qorxmaz nə üçün qaçaq olmuş, Tellini də götürüb dağlara çəkilmişdi?

– Daha dürüstünü bilmək istəsəniz, Kərimbəyliyə (6) gedin, ora-da dünyagörmüş qocalar çoxdur, tapın, onlarla söhbət edin.

Kərimbəylidə bizə 112 yaşlı İsa Şəfiyevi nişan verdilər. Bu qoca ilə söhbətimiz müqəddiməsiz başladı:

– Sizin kənddə Qorxmaz adlı adam olubmu?

– Qaçaq Qorxmazı deyirsiniz, Almazoğlunu?

– Bəli.

– Necə ki olmayıb, ay oğul. Heç Qorxmazı da unutmaq olar? Doğrudan da Qorxmaz  idi. Heyf ki, namərdlər onu didərgin saldılar.

– Axı nəyə görə?

– Bu, uzun söhbətdi, bala. İndi ki, maraqlanırsınız, qısa da olsa danışaram. Qorxmaz  ortaboylu, sağlambədənli bir gənc idi. Toy-larda onun kürəyini yerə vuran, qolunu qatlayan olmazdı. Amma kasıb idi. Bu cavan həm də bir az dikbaş, heç kimin qarşısında əyil-məyən idi. Qorxmaz Telli adlı bir qızla sevişir. Bundan xəbər tutan qızın qohumları Qorxmazın kasıb olduğunu nəzərə alıb Tellini əlüstü əmisi oğluna nişanlayır və Qorxmaza xəbər göndərirlər ki, əgər bu tərəflərdə görünsə, onu öldürəcəklər. Bu hadisə Qorxmaza pis təsir göstərir. O, Telliyə sifariş göndərir ki, əgər mənimlə ge-tmək istəyirsənsə, gecə səni də götürüb kənddən çıxacağam. Bu xə-bərdən hədsiz dərəcədə sevinən Telli razılıq verir. Qorxmaz ata mi-nib kənd çayxanasının qarşısına gəlir. Qızın adamları onun üstünə tökülürlər. Elə camaatın gözü qabağındaca kəndin varlılarından Əzizi və Kəlbə Rəsulun oğlunu güllə ilə vurub atı Telligilin qapı-sına sürür. Demə Telli də atasının atlarından birini yəhərləyib Qorxmazı gözləyirmiş. Həmin gecədən bu iki gənc kəndi tərk edib Sədərək dağlarına çəkilirlər. Qorxmazın qızı Əfruz hazırda rayo-numuzun Mahmudkənd (7) kəndində yaşayır. Atasının son günləri haqqında o, yəqin ki, sizə müfəssəl məlumat verər. Bir onunla da görüşün.

Əfruz xalanı Çomaxtur (8) kəndində qızıgildə tapdıq.             Üz-gözündən, necə deyərlər, nur tökülən bu ağbirçək qadın atasını yaxşı xatırlamır: – O, vəfat edəndə mənim 6-7 yaşım var idi, – de-yir. Danışırlar ki, atam xəstə olarkən anamı və məni Kərimbəyliyə gətirib qoymuş və gecə o taya qayıtmışdır. Məni əmimgil böyüt-dülər. Ata nəvazişi, ana qayğısı görmədim. Amma onların haq-qında mənə o qədər danışıblar ki...

Bir gün atam Qızıldaşda (9) ov edirmiş. Uzaqdan bir dəstə atlının ona tərəf gəldiyini görüb iri bir qayanın dalına yatır. Onun gizlənməsindən şübhələnən atlılar qayanın hər tərəfini mühasirəyə alır və atama oradan çıxmasını əmr edirlər. Dalbadal atılan güllə-lərdən sonra kazaklardan bir neçəsi yerə sərilir. Atamın gizləndiyi qayaya güllə dolu kimi yağır. Bir neçə yerdən ağır yaralanmış ata-mın gülləsi qurtarır. Onun qollarını bağlayır, Keşişkəndə (10) gətir-irlər. Bundan xəbər tutan anam iki gündən sonra qaçaqlardan bir neçəsini də götürüb gecə ilə Keşişkəndə gəlir. Anamgil gecə həbs-xanaya basqın edib iki gözətçini öldürür, atamı da götürüb Sədərək dağlarına çəkilirlər. Daha bu yerlərdə yaşaya bilməyəcəklərini başa düşür, yoldaşları ilə birlikdə İrana keçirlər.

Hər dəfə atamdan xəbər gətirənlər başımı tumarlayıb: – Qızım, atan deyirdi ki, darıxmasın, tezliklə gələcəyəm, – deyə mənə təsəlli verirdilər. Lakin gəlmədi. Bir gün eşitdik ki, atam İranın Yovşanlı (11) kəndində acanlarla vuruşarkən həlak olmuşdur.» (12)

Məqalədə oxuduqlarımı uğurlu axtarış kimi təqdir etsəm də, ümumilikdə məni qane etmədi. Müəlliflərlə görüşdüm. «İşıqlı yol» qəzetində çap etdirdikləri ilə «Şərq qapısı»nda çap olunanların məzmunca fərqləndiyini bildirdim. Çingiz Nağıyev Qorxmazın ölümü ilə bağlı fakta belə aydınlıq gətirdi: Biz «İşıqlı yol»da Əf-ruzdan eşitdiyimiz kimi «...İranın Yovşanlı kəndində vəfat etmişdir» yazmışdıq. «Şərq qapısı»nda yazını çapa hazırlayarkən kimsə onu siyasiləşdirmək məqsədilə «acanlarla* vuruşarkən həlak olmuşdur» şəklində redaktə etmişdi. Biz də bir söz deyə bilmədik. Desək də əhəmiyyəti olmayacaqdı. Nə düzəliş verəcəkdilər, nə də... Ortada başağrısı qalacaqdı bizə.

Məqalə müəlliflərinin diqqətini aşağıdakı bəndlərə cəlb etdim (Ə.Cəfərzadə şerin yalnız birinci və ikinci bəndlərini nümunə kimi verib -Ə.Ş.):

   Dalımca yeridi pristav, kazak,

Yoxdu bir kimsəmiz ərizə yazaq,

             Qohumdan, qardaşdan biz düşdük uzaq,                                       --------------------

* Həmin zamanda İranda polis vəzifəsi.

 

Ağla Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

 

Vermədi haqqımı İbrahim ağa,

Divanda üz gördü Aleksan dığa,

Çəkdilər sinəmi düyünlü dağa,

Ağla Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

 

Qorxmazam, mən oldum elimdən qaçaq,

Gəlməyib dünyaya mən təki qoçaq,

            Yan yerdə yatıram düşmüşəm naçaq,

Ağla Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

 

Şerdən aydın görünür ki, Qorxmazın narazılığına səbəb İbrahim ağanın ona qarşı haqsızlığı və divanda Aleksan dığanın üzgörənlik etməsidir.

«Qorxmazın qaçaq düşməsinin səbəbini, bəlkə, qız götürüb qaç-mada deyil, ictimai məzmunlu bir məsələdə arayaq», – dedim.

Bildirdilər ki, şerin tam mətni əllərində olmadığından görüş-dükləri qocalara bu mövzuda sual verməyiblər. Onlardan nə eşi-diblər onu da yazıblar.

Mən yenidən axtarışa başlayanda artıq məqalədə adları çəki-lənlər həyatda yox idilər, dünyalarını dəyişmişdilər. Mən də ardıcıl axtarış apara bilmirdim. İşimlə bağlı yolum Şərura      düşəndən-düşənə görüşdüyüm adamlardan Qaçaq Qorxmazı xəbər alır, topla-dığım informasiyaları dəftərimə köçürürdüm.

1977-84-cü illərdə Qorxmazın nəvəsi Tərlan Paşa qızı Quliyeva ilə görüşdüm. Mahmudkənddə doğulan Tərlan Çomaxdurlu Hey-dərə ərə gəlib. Anası Əfruz da ömrünün son günlərini qızının yanında keçirib. Yaşı 40-ı keçmiş Tərlan Paşa qızı ali təhsil almasa da, geniş biliyə malik idi. Babası ilə bağlı məqalənin hazır-lanmasından söz düşəndə dedi:

– Qəzetçilər gəlib anamı tapanda yazıq arvad bərk qorxdu. Bilmədi necə cavab versin. Qorxması da səbəbsiz deyildi. Gözü qarşısında nə qədər yaxın adamını öldürmüşdülər. Qardaşı Vəlini    12-13 yaşı olanda Arazda çimərkən güllə ilə vurub öldürüblər. Qan davası uzun illər nəsli qırıb tükədib.

Babamgil Kəsəmənli tayfasınnandı. Arazın qırağında Kəsəmən adlı kəndləri də varmış. Çay daşıb kəndi su basdığına görə onları köçürdürlər. Kərimbəyliyə bitişik bir məhəllə saldılar. Oraya indi də Kəsəmənnilər deyillər. Çətin qaynayıb-qarışan tayfaydı. Çoxu da     20-30-cu illərdə Arazı o taya keçib İranda, Türkiyədə yaşayır.

– Tərlan xanım, babanızın qaçaq düşməsinə, sizcə, səbəb nə olub?

– Mən bilən, babam bir neçə dəfə qaçaqlıq edib. Əvvəl adam öldürdüyünə, qız qaçırdığına görə. Ağsaqqal, qarasaqqal yığışıb bu işə əncam çəkir, araya barışıq qoyurlar. Sonralar da kürd İbrahim ağanın sürüsünü otarırmış. Muzd üstündə sözləri çəpləşir. Divana düşürlər. Divan ağanın tərəfini saxlayır. Belədə qalır məsələni ölüb-öldürməklə həll etməyə. Babam yenidən qaçaq düşür.

Babamın bir qardaşı, iki bacısı varmış. Bacılarının birinin adı Telli, o birinin adı Ballı imiş. Ballının iki qızı – Sona, Şamama, səhv etmirəmsə, sağdılar. Qan düşmənçiliyinin oyanacağından qorxmasalar, bəlkə də bir şey deyələr.

Tərlan xanımın məsləhətindən sonra Kərimbəylidə Kəsə-mənlilər məhəlləsinə yollandıq. Çox təəssüf ki, heç bir şey öyrənə bilmədik. İllər keçsə də, qorxu hissi insanları tərk etməmişdi.

Aşağı Daşarx kəndində müəllim işləyən Vaqif Məmmədov kən-dlisi Qəhrəman Qəhramanovdan eşidib qələmə aldığı bir deyişməni də mənə verdi. Vaqif müəllim güman edirdi ki, bu deyişmə Qorxmazla Telli arasında olub:

Oğlan:

Dolaydan gedənin yolu olaydım,

Bilbilli bağçanın gülü olaydım,

Sən cürə xanımın qulu olaydım,

Telli gəlin, qonaq deyin al məni.

 

Qız:

Dolaydan gedənə yol əskik deyil,

Bilbilli bağçamdan gül əskik deyil,

Mən cürə xanıma qul əskik deyil,

Yeri, oğlan, burda qonaq əylənməz.

 

Oğlan:

Qızıl üzük yerdə qalsa, çürüməz,

Gözəl olan heç üzünü bürüməz,

Quruyar qədəmim indi yeriməz,

Telli gəlin, qonaq deyin al məni.

 

Qız:

Qızıl üzük yerdə qalsa, çürüyər,

Gözəl olan hey üzünü bürüyər,

Qurumaz qədəmin indi yeriyər,

Yeri, oğlan, burda qonaq əylənməz.

 

Oğlan:

Dəvəmi tapşırdım yolda sarvana,

Lənət gəlsin o Yezidə, Fərmana,

Gün də batır yetişmənəm karvana,

Telli gəlin, qonaq deyin al məni.

 

Qız:

Dəvəni tapşırma yolda sarvana,

Lənət gəlməz o Yezidə, Fərmana

Gün də çoxdu yetişərsən karvana,

Yeri, oğlan, burda qonaq əylənməz.

 

Sədərəkdə, Mahmudkənddə, Kərimbəylidə, Çərçiboğanda (13) və b. kəndlərdə neçə-neçə insanla görüşsəm də, yenə ən etibarlı və geniş bilgi sahibi Tərlan Quliyevanı gördüm. O da xeyirdə-şərdə, uzaq-yaxın qohumlarından babası haqqında xatirələri toplayırdı.

Tərlan xanıma və Qorxmazın bacısı qızı Sonaya görə, Qorxmaz Yovşanlı kəndində ölməyib. 1919-20-ci illərin erməni-müsəlman davasında şərurluların, vedililərin hamısı kimi Arazın o tayına-İrana keçsə də, sonra geri qayıdıb. Axaməddə (14) Qəribovların mülkünü alıb. 1922-ci ilin yayında Axaməddə 50-55 yaşlarında ölüb. Orada da dəfn edilib.

Tərlan xanıma: – Babanızın dilindən deyilmiş şerləri kim qoşmuş olar? – deyə xəbər aldıqda Tərlan xanım Həvva Tağı qızı-nın yaddaşında ilişib qalmış bir bənd dedi. Bu bənd də sanki yuxarıdakı deyişmədən qopub:

 

Dəvəmi yüklədim, iz verdim dağa,

Buludlar qarışdı, qorxuram yağa,

Dəvəmin başıdı Məhəmməd ağa,

Telli gəlin, qonaq deyib al məni.

 

Tərlan xanım sözünə belə davam elədi: kəsəmənlilərin hamısı şair təbiətlidir. Anamın da şer demək qabiliyyəti vardı. Çox zaman başqalarının şerləri ilə özününkünü də qarışdırıb deyərdi. Heyif ki, Sizə onu görmək qismət olmadı. 1972-ci ildə dünyasını dəyişdi. Cavanlığında at minən, tüfəng atan, toylarda oynamaqdan yorul-mayan olub. Ən çox babamın qardaşı oğlu Heydərlə sözü-söhbəti düz gələrmiş. Özü deyərdi ki, toyda Heydərlə oynayanda 7 hava dəyişməsək, zurnaçıları yormasaq ortadan çıxmazdıq. Anamın əsl adı Püruzə idi. Heydərin kürd qızı Çileyi (əsil adı Çimnaz imiş) alıb qaçmasına da anam kömək edibmiş.

Heydərlə Çileyin məhəbbət macərası Leyli-Məcnun,            Əsli-Kərəm kimi bir dastanıymış. Eşitdiyimə görə, Fatma müəllimə kərimbəylili Səlbi Usub qızından (neçə ildi Allah rəhmətinə gedib) «Sarı mintənə» adlı bir dastan toplayıb Azərbaycan Dövlət Universitetində Vaqif Vəliyevə verib. Onu tapsanız bəlkə işinizə yaradı.

– Tərlan xanım, Sizcə, o dastan nədən bəhs edir?

– Anam Heydərin şerlərini daha çox söyləyərdi. Anam həmişə radioda «Kürdün gözəli» mahnısı oxunanda ağlayardı. Deyərdi Heydərin sözlərini niyə o günə salıblar?! Anam onu belə oxuyurdu:

 

Kürd qızı oturub toxuyur xalı,

Yanına qoyubdu yağınan balı,

Onu görən neynər dünyada malı

Dur sallan dağlardan kürdün maralı.

 

1950-60-cı illərdə Azərbaycan xalq mahnılarının üzərində re-daktə işi aparılmasından, bu mahnıların zəmanəyə uyğunlaş-dırılmasından xəbərdaram. İlkin mətn əldə olmasa da, Cahangir Cahangirovun musiqi tərtibatı verdiyi mahnını mətni aşağıdakı şəkilə salınmışdı:

Kürd qızı oturub toxuyur xalı,

Dillərdə əzbərdir hüsnü camalı,

Onu sevən neynər dünyada malı,

Nəqərat

Söhbəti şirindi, sözü məzəli,

Sözü məzəli, kürdün gözəli, kürdün gözəli.

 

Kürd qızı oturub telini bəzər,

Nişanlı qızlarla dolanıb gəzər,

Xumar baxışları canları üzər.

 

                   Nəqərat

Kürd qızı batıbdır şala-qumaşa,

Yerişi ahutək, boyu tamaşa,

Ömrü xoşbəxt keçir dolduqca yaşa. (15)

 

1920-ci ildə Kərimbəylidə anadan olub. Çərçiboğan kəndinə ərə gəlmiş Fatma Kəblə Qadir qızı Abdullayeva da vəzni, qafiyəsi poz-ulmuş şer parçalarının Heydər Əziz oğlunun olduğunu söylədi:

 

Akrucut* etdilər evin Heydərin,

Talana çəkdilər malın Heydərin.

 

Yaxud:

Qorxmaynan, əcəm oğlu,

Bir dəvəynən qaldırasan,

Gül bənizin soldurasan

------------------

* Okruceniya (rus) – mühasirəyə almaq, çənbərə salmaq.

 

 

Yaxud:

Kürd qızıyam, hovur-hovur,

Ele gəldi xirmənin sovur.

Heydərin ölümü ilə bağlı fikirlər şaxələnirdi. Heydər Trab-zondan, Ərzurumdan, İrəvandan, Naxçıvandan yük daşıyan dəvə karvanının cilovdarıymış. Çox qoçaq adamıymış. Fatma Kəlbə Qə-dir qızına görə, İranda 4-5 pəhləvanın kürəyini yerə vurubmuş. Bir rəvayətə görə, düşmənləri qəhvədə zəhər verib öldürüblər. Tərlan Quliyevanın və Səlbi Usub qızının eşitdiyinə görə, Heydər Trab-zonda və Ərzurumda qəhvəxanada çalıb-oxuyur. Heydərin söz qoş-maqla yanaşı tulum zurnada, neydə, balabanda, sazda çalmağı da varmış. Qəhvəxanada çalıb oxuyandan sonra tərli-tərli yola çıxır. Yolda bərk soyuqlayır. Bu hadisə təxminən 1929-30-cu illərin payız-qış aylarında olur. Həmin soyuqdəymədən də Heydər 35-40 yaşlarında vəfat edir. Ölüm ayağında dediyi şerdən Səlbi Usub qızının yadında qalan aşağıdakı bəndlərdir:

 

Bu gələndi Nağdəlinin dəvəsi,

Heydər can verir kürdün pəyəsi,

Mən gedirəm, fani dünya, qal indi.

 

Gedin Əfruza deyin məni ağlasın,

Ağı açsın, o qaranı bağlasın,

Heydər deyib kürdün qızı ağlasın,

Mən gedirəm, fani dünya, qal indi.

 

Folklorçu, filologiya elmləri namizədi Cabbar Cəlilov da bu şei-rin başqa bir variantını Cütcülü  (16) Məhəmməddən toplamışdı. Həmin variant belədir:

Mən Heydərəm, qoymaynan Yəməndə,

Nə bileydim mən düşərəm bu dərdə,

Xəbər verin Əpruza bu dəmdə,

Mən gedirəm, fani dünya, qal indi

Gül nisbəti, gözəl yarım, qal indi.

 

Heydər xan deyilən bir qulbeçədir,

Qoynuma girmə, yarı gecədir,

Ayrılıq günüdü, halım necədi?

Mən gedirəm, fani dünya, qal indi

Gül nisbəti, gözəl yarım, qal indi.

 

Mən Heydəri Ərzurumda qoymayın,

Nökərlərim, libasımı soymayın,

Mən cavanam, ağlamaqdan doymayın,

Mən gedirəm, fani dünya, qal indi

Gül nisbəti, gözəl yarım, qal indi.

 

Dəvələr yüklənib qalxır yoxuşu,

Ağ məmələr bir-biriynən toqquşu,

Kağız yazıb yada sallam tay-tuşu,

Mən gedirəm, gözəl dediyi, qal indi.

 

Dəvələr yüklənib yenirdi əvə,

Qaşların qaradı, gözlərin şəvə,

Dur, qolumu salım bir gedək əvə,

Mən gedirəm, gözəl dediyi, qal indi.

 

Mən də düşdüm İrəvandan aralı,

Dost elində heyva kimi saralı,

Bu nər mayalar gör kimi  qalı,

Mən gedirəm, gözəl dediyi, qal indi.

                          ***

Damlarının dalı gərmə qalağı,

Camışları vurar, oynar balağı,

Sən bir Hacı qızı – dağın maralı,

Mən bir əcəm oğlu – ürək yaralı.

                          ***

Damlarının dalı peyin,

Yavaş yeri, sözüm deyim,

Təzə çıxmış məmən yeyim,

Ay qız, dur gəl, sabah oldu,

Yandı bağrım, kabab oldu.

                       ***

Damlarının dalı qaya,

Qayadan baxarlar aya,

Qonşu qızı ağca maya,

Ay qız, dur gəl, sabah oldu,

Yandı bağrım, kabab oldu.

                     ***

Damlarının dalı çuxur,

Ağacda bülbüllər oxur,

Mənim yarım bafta toxur,

Ay qız, dur gəl, sabah oldu,

Yandı bağrım, kabab oldu.

İliç qəsəbəsində yaşayan, 1924-cü il təvəllüdlü Hava Tağı qızın-dan da aşağıdakı şerləri topladıq:

Dəvələr gəlir dağdan,

Yükün tutub ahu-zardan,

Sənin kimi zalım yardan

Mən dönürəm, könül dönmür.

 

Dəvələrim gəlir daşdan,

Yükün tutub al qumaşdan.

Sənin kimi qələm qaşdan

Mən dönürəm, könül dönmür.

Yaşı 70-i haqlamış, Naxçıvan şəhərində yaşayan Leylan Mana-fova isə uşaqlıqda ata-baba yurdu Sərdarabadda (17) öyrəndiyi həmin mahnını belə oxuyurdu:

Dəvələr gəlir Gəncədən, ay molla,

Qurtarmadım işgəncədən, ay molla,

Ağız şirin, bel incədən, ay molla,

Mən dönürəm, könül dönmür, ay molla.

 

Dəvələr götürüb bardan, ay molla,

Qurtarmadım ahu-zardan, ay molla,

Ağız şirin, bel incədən, ay molla,

Mən dönürəm, könül dönmür, ay molla.

Aşıq İsgəndər Ağbabalı Amasiya rayonunun Ellər kəndinin sa-kini Daşdan Daşdanovun (İkinci Dünya savaşında – 1944-cü ildə mayor rütbəsində həlak olmuşdu – Ə.Ş.) 1933-35-ci ildə tərtib etdi-yi bir şeir dəftərini tanış olmaq üçün mənə göndərmişdi. Latın əlifbası ilə yazılmış bu dəftərdə aşıqların və şairlərin 50-60 şeri vardı. Heydər təxəllüsü ilə təqdim olunmuş iki gəraylı da vardı. Onlardan biri:

Duman-çən alçaqlara çəkilir,

Alçaqlardan ucalara tökülür,

On dördündə qəddi bükülür,

Bu eli yardan ayrılanın.

 

Bülbül gülsüz ötməzmiş,

Gül tikənsiz bitməzmiş,

İşə güclə getməzmiş,

Əli yardan ayrılanın.

 

Heydər bəyim olarmış,

Pərvanətək dolarmış,

Qönçə ikən solarmış,

Gülü yardan ayrılanın.

«Ağılar» rədifli gəraylının birinci bəndinin üçüncü misrası vəzncə pozuq, üçüncü bəndin isə son üç misrası yox idi.

C.Cəlilov həmin gəraylının təkmil variantını toplayıb «Sovet Naxçıvanı» qəzetinin 1982-ci il 29 may sayında (18) çap etdirdi. Onu aşağıda veririk:

 

İki sevgi bir araya gələndə

Sanasan behiştdə güllər açılır.

Bir-birinə nazü-qəmzə edəndə

Utana-utana dillər açılır.

 

Zər-zibadan geyinib əyninə,

Qızıl həmayıl salıb boynuna,

İstədim ki, əl uzadım qoynuna,

Öz-özünə düymələri açılır.

 

Mən Heydərəm, mənzil oldu iraqlar,

Yar sevəndə yanar şamlar, çıraqlar.

İki həsrət bir-birini qucaqlar,

Axar güllər kimi ellər açılır.

Gəraylını oxuyanda bu qənaətə gəldim: Dəvəçi Heydərin, Kəsə-mənli Heydərin şerləri yalnız Naxçıvan bölgəsində deyil, Ağbaba bölgəsində də yayılıbmış. Onda güman etmək olar ki, Heydərin şerlərini İğdır, Kars bölgələrindən də toplamaq olar.

Rüstəm Rüstəmzadə də dastanlarımızdakı şer formalarından bəhs edərkən Qorxmaz haqqında olan şerin dördüncü və beşinci bəndlərindən istifadə edib. (19)

Mövzusu başqa olduğundan Qorxmazın şəxsiyyəti, ömür yolu ilə bağlı heç bir söz deməyib.

Bütün bunlar onu göstərir ki, Qorxmaz, Heydər mövzusunu qa-panmış, bitmiş hesab etmək olmaz. Bu mövzuya yenidən qayıtmaq və daha geniş araşdırmalar aparmaq lazımdır.

Qaynaqlar və notlar

1. Cəfərzadə Əzizə. Aşıq şeri tərzində ictimai motivlər. «Azərbaycan» jurnalı, 1970, N8, s.196.

2. Orada s.196.

3. Nağıyev Çingiz və Əliyev İslam. Qaçaq Qorxmaz. «İşıqlı yol» qəzeti, 1970, 4 dekabr, N112 (5860), s.3-4.

4. Nağıyev Çingiz və Əliyev İslam. Qaçaq Qorxmaz kimdir? «Şərq qapısı» qəzeti, 1970, 25 dekabr, 296 (9696), s.4.

5. Əlizadə Hümmət.Aşıqlar. Bakı «Azərnəşr», 1,2 cild, 1935-1936.

6, 7, 8. Naxçıvana bağlı Şərur rayonunda kənd adları.

9. Naxçıvan Muxtar Respublikasının Şərur bölgəsində yayla.

10. Keçmiş Dərələyəz mahalında kənd. İndiki Ermənistan Respublikasındadır, kəndin adı dəyişilib.

11. İran İslam Respublikasının Qərbi Azərbaycan ostanında Maku şəhəri yaxınlığında kənd.

12. Bax 2-ci qaynaq.

13, 14. Şərur rayonunda kənd adları.

15. Cahangir Cahangirov. (tərtib edən Qafar Namazəliyev). Azərbaycan xalq mahnıları və təsnifləri. «İşıq» nəşriyyatı, Bakı, 1985, s.20.

16.  Şərur rayonunda kənd.

17.  İndiki Ermənistan Respublikasında bölgə adı.

18. «Sovet Naxçıvanı» qəzeti, 1982, 29 may, s.3.

19. Rüstəmzadə Rüstəm. El qəhrəmanları xalq ədəbiyyatında, «Günclik» nəşriyyatı, Bakı, 1984, s.160.

 

Çap olundu: Əli  Şamil. Dastanlaşmış ömürlər, Bakı, “Səda” nəşriyyatı,  2001, səh.61-74

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol