AŞIĞIN VƏTƏN HƏSRƏTİ
Kiçik Qafqaz dağlarının dövrəyə aldığı Göyçə (Sevan) gölünü çox vaxt Zaqafqaziyanın incisi adlandırırlar. Füsünkar gözəllikləri ilə diqqəti cəlb edən bu yerlərdə vaxtı ilə Oğuz igidləri at oynatmış, yağılarla döyüşmüş, toy-düynlü, Ölümlü-itimli, acılı-şirinli ömür sürmüşlər. Ulu sənətkar DədəQorqud isə Oğuz igidlərini öz müdrik sənətilə əbədiləşdirib tarixə yoldaş etmişlər.
Dədə Qorquddan sonra da Göyçə çox-çox qanlı-qadalı günlər görmüş, çox döyüş meydanına çüvrilmişdir. Ozanlar Dədə Qorqud ənənlərini yaşadaraqdöyüşlərdə hünər göstərən, süfrə açıb çörək verən igidlərin şəninə dastan qoşmuşlar. Bu söz-söhbətin bir çoxu tarixlərin qaranlıq girdabında itib batsa da, bəziləri donunu dəyişərək əsrlərdən-əsrlərə keçib yaşamışdır. Əsrlər keçdikcə ozanları yanşaqlar, yanşaqları aşıqlar əvəz etmişdir.
Dədə Qorquddan çox-çox sonralar Göyçə gölünün ətrafında dağlar qoynundakı kiçik bir kənddə - Qızılvəngddə (Ermənistan SSR-in Vardenis rayonunun Çiçəkli kəndində) XIX əsrin ilk ilində kasıb bir ailədə bir körpə dünyaya gəlib. Ata-anasının sevincinə səbəb olan bu oğlan uşağı 14-15 yaşlarınadək yaşıdlarından o qədər də seçilməyib. Onun bacarığını, qabiliyyətini ilk hiss edib duyan, istedadınıcilalayan Ağ Aşıq ləqəbi ilə şöhrət qazanmış, Dədəd Qorqud müdrikliyini yaşadan Aşıq Allahverdi olmuşdur.
Aşıq Allahverdinin eləcə də onun yetirmələrinin tərcümeyi-halları vaxtında qələmə alınmamış, şeirləri toplanmamışdır. Odur ki, həmin sənətkarlardan söhbət açanda xalq arasında gəzən rəvayətlərə istinad edilir. Göyçə mahalında söylənən rəvayətlərin birində deyilir ki, Ağ Aşığın ata-babası Naxçıvan mahalından olmuş, özü isə 200 ilə yaxın ömür sürmüşdür. Bu bizə Dədə Qorqudun 300 ildən çox ömür sürməsi haqqında olan rəvayəti xatırladır. Başqa bir tərəfdən də maraqlı burasıdır ki, Ağ Aşığın şagirdi olmuş Alı 110 ilə yaxın, Alının şagirdi Aşıq Ələsgər 105 ilə yaxın ömür sürmüşlər. Ələsgərin şagirdlərinin əksəriyyəti də uzun ömür sürənlər sırasında olmuşdur.
Müdrik ustaddan dərsini kamil alan Aşıq Alı gənc yaşlarında vətənindən uzaq düşmüşdür. Özününmü, yoxsa ondan sonra yaşayıb yaratmış aşıqların yaratmış olduqları “Aşıq Alının İstanbul səfəri” dastanda deyilir ki, sevgilisi Bəstinin varlı valideynləri qızlarını kasıb aşığa verməmək üçün böyük məbləğdə toy xərci istəmişlər. Aşıq da toy xərci qazanmaq məqsədilə Göyçə mahalından gəzə-gəzə İstambuladək getmiş, yolda neçə-neçə aşıqla deyişməli olmuş, başına min bir qəzavü-qədər gəlmişdir.
Əlbəttə, dastandakı bu süjet bizə tanışdır. Aşıq Qərib də sevgilisinə qovuşmaq üçün səyahətə çıxmalı, pul toplamaq məqsədilə şəhər və kəndləri dolaşmalı olur. Bu süjet istər Azərbaycan dastanlarında, istərsə də türkdilli xalqların dastan yaradıcılığında geniş yayılmışdır.
Aşıq Alının İstambula, eləcə də bir çox şərq ölkələrinə səyahəti şübhəsizdir. Bunu aşığın şeirlərindən də aydın görmək olur.
Nə qədər dolandım Turan elini,
Yenə öz tarpağım yadıma düşdü.
Sarı Nər yaylağı, Göyçə mahalı,
Öz gözəl oylagım yadıma düşdü.
və yaxud:
Bülbüləm qonmaram qeyri güllərə,
Yarım əl verməsin özgə əllərə.
Aşıq Alı düşdü tozlu yollara
Yolum düşdü Alosmana deyinən.
və yaxud:
Gəşd eylədim Bəsrə, Bağdad, Buxara
İndi də gəlmişəm ay, Yəməndəndir.
Eləcə də aşığın başqa vətən həsrəti hopmuş şeirləri dastanda söylənilənləri şübhə altına alır. Çünki dastanda deyilir ki, Aşıq İstambula səfər edərkən Ağrı dağını görmüş və ona ithafən demişdir:
Havalanıb ərş üzünə qalxıbsan,
Dağların sultanı nər Ağrı dağı.
Payızın, baharın olub zimistan,
Səndən əskik olmaz qar, Ağrı dağı.
-
...Aşıq Alı insanatın sirridir,
Tozun qalxıb İravanı bürüdü.
Axşam üstü bir tərəfin yeridi
Batırdın Axuranı, Pir Ağrı dağı.
Tarixin mənbələrindən məlumdur ki, 1840- cı ildə olmuşzəlzələ nəticəsində böyük Araratın zirvəsinin bir hissəsi uçmuş və dağın ətəyindəki Axura kəndini batırmışdır. Demək Ararat dağında zəlzələ olanda Aşığın 39-40 yaşı varmış. Dastanda isə deyilir ki, aşıq 18-20 yaşlarında olarkən Bəstini sevmiş və onunla evlənmişdir. Bu tarixi fakt və eləcə də aşığın başqa şeirləri göstərir ki, o, heç də sevgilisinə qovuşmaq üçün toy xərci toplamaq məqsədilə Şərq ölkələrinə səyahətə çıxmamışdır. Bizcə onun vətəndən uzaqlaşmasının səbəbini həmin dövrün ictimai-siyasi hadisələrində axtarmaq doğru olardı. Aşıq “Getdi” rədifli qoşmasında deyir:
Ay həzərət, gəlin sizə söyləyim,
Axdı eynim yaşı çay oldu getdi.
Nə ağa, nə nökər, nə bəy, nə paşa
Hamısı bir-birinə tay oldu getdi.
və yaxud da:
Necə oldu atam, necə oldu anam
Dağıldı hasarım, pozuldu xanam,
Yüksəldi qəfilə, qatır, barxanam
Bu yurddan, o yurda köçürəm bu gün.
Görəsən aşığın sakit həyatı niyə pozulmuş, nə üçün bu yurddan o yurda köçürmüş? Nə üçün ağa, nökər, bəy, paşa bir-birinə tay olmuş? Axı sinifli cəmiyyətdə bu yalnız talanlardan sonra, müharibələr dövründə mümkündür. Görəsən aşıq şeirlərində hansı müharibəni nəzərdə tuturmuş? Nə üçün aşıq zəmanəsindən gileylənib deyirmiş:
Görüm xarab olsun belə zəmanə,
Dərdi-möhnət məni gətirdi canə,
Axdı eynim yaşı, döndü ümmüna,
Ağlar Aşıq Alı silən olmadı.
Aşıq Alı uzun müddət doğulub boya-başa çatdığı eldən-obadan, gözəlliklər məskəni, igidlər oylağı, Göyçədən uzaq düşsə də bu yerlərin füsünkar mənzərəsini həmişə həsrətlə yad etmiş, gördüyü yeni mənzərələr, tanış olduğu yerlər onun qəlbini qubarlandırmış, vətən həsrətini alovlandırıb şeirə çevirmişdir.
Süsənli, sünbüllü tər bənövşəli,
Yaylaq,bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
-
...Aşıq Alı deyər üç gözəl dərə,
Çiçəkli, Şaqaylı, xoş gözəl dərə,
Əyricə, Vers dağı, Baş Gözəl dərə,
Üç dağ, bizim dağlara bənzərsən.
Aşıq qürbətdə sevdiyi peşəsindən, sazından uzaq düşdüyünü yanıqlı dillə qeyd eləmiş, vətən həsrətilə qəlbi atlananda demişdir:
Könül tələb edir, ürək atlanır,
Gəşt eylə dünyanı, gəz vətənimdə.
Zəhmət çəkən bu dərdlərə qatlanır,
Coşur ürəyimdə söz vətənimdə.
-
Qürbət diyardayam, görünməz yurdum,
Həkimlər, loğmanlar bilməz dərdim,
Alagöz yaylağı, vəfalı yurdum,
Alardım əlimə saz Vətənimdə.
-
Alıyam söz deyib yaza bilmirəm,
Şad olub qürbətdə gəzə bilmirəm,
Hərcayi sözlərə dözə bilmirəm,
Alışsam, yanaram öz Vətənimdə.
Aşıq vətən həsrətli başqa bir şeirində deyir:
Yazıq Alı, pürğüm səni bürüdü,
Eynim yaşı sel-sel olub, yeridi.
Qürbət eldə yazıq canım çürüdü,
Neçə çərşənbələr, cümələr keçdi.
Aşığın bir çox şeirlərində tez-tez vətənini, doğulub boya-başa çatdığı eli-obanı istinad verməsi onu göstərir ki, bu şeirlərin əksəriyyəti vətəndən uzaqlarda olarkən yaradılmışdır.
Aşıq bir hərbə-zorbasının möhürbəndində deyir:
Mahalın Göyçədir, kəndim Qızılvəng,
Aşıq Alı birdir, birə-bir gərək.
Və yaxud da başqa bir şeirində deyir:
Göyçə mahalımdır, Alıdır adım.
Ümidim, pənahım, mənim imdadım
Atəşliyəm, səni yandırar odum,
Eşq əhlində atəş az ola bilməz.
Vətənini sonsuz məhəbbətlə sevən, doğulduğu el-oba üçün burnunun ucu göynəyən aşıq yalnız bir şeirində 15-dən çox yer adını əbədiləşdirmiş, onları hər birinə məxsus epitetlərlə vəsf edərək demişdir:
Ərzəyin yaylağı gözəl oylağı,
Bir zaman yadıma Başlıbel düşər.
Ovqanın yaylağı, Şahmar bulağı,
Ağ manqal, Mıktökən, Alagöl düşər.
Aşıq Alının həyatı haqqında əlimizdə dəqiq məlumat olmadığı kimi şeirlərinin də yarandığı illər və ilkin variantları haqqında dəqiq məlumatımız yoxdur. Ağızdan-ağıza keçdikcə xeyli təhrifə uğramış, dəyişikliklər edilmişdir.
Onun oynaq gəraylıları, şux təcnisləri, insanı düşünməyə vadar edən bağlamaları, nəsihətamiz divanələri ağızdan-ağıza keçərək yaşamış, dilimizin saflaşmasına, zənginləşməsinə müsbət təsir göstərmişdir.
Aşıq Alı ustad sənətkar kimi iyirmiyə yaxın şagird yetişdirmiş , aşıq şeirinin müxtəlif janrlarında gücünü sınamış, səmərəli bəhrələnmiş, saz-söz sənətinə yeniliklər gətirmişdir.
Aşığın xidmətlərini yüksək qiymətləndirən Azərbaycan KP MK onun anadan olmasının 180 illiyinin bayram edilməsi haqqında qərar qəbul etmişdir. Bu qərar Aşıq Alı yaradıcılığının və onun ədəbi irsinin dərindən öyrənilməsinə böyük təkan olmuşdur.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti,
18 sentyabr, 1981- ci il, sayı 222. |