Əli Şamil,
AMEA Folklor İnsitutunun elmi işçisi
ŞUMER MƏTNLƏRİNİN AZƏRBAYCAN VƏ QUMUQ ƏDƏBİYYATINDAKI İZLƏRİ
19-cu yüzilliyədək qaynaqlarda qumuq ədəbiyyatı islahına rast gəlinmir. Qafqazı işğal edən Rusiya müstəmləkəçiliyini uzunömürlü etmək üçün xalqları bölmək, bir-birindən ayırmaq üçün dürlü tələlər qurdu. Yüzillər boyu yazılı ədəbiyyatı bir olan türklərin hər bölgəsi, hər qövmü üçün dil, ədəbiyyat, tarix yaratmağa başladı. 1883-cü ildə Sankt-Peterburqda Mühemmet Efendi Osmanovun yayınlatdığı “Nokayski, kumukski reç” kitabı qumuq ləhcəsində ilk kitab sayılsa da, qumuqlardan toplanmış “Minkullnun yiri” Şumer dastanı “Bilkamis”la, “Enligim Senligim eshkini aç!” nağılı şumerlərin keçi qurd (bəzən də şir) motivi və Azərbaycandakı “Şəngülüm, Şüngülüm, Məngülüm, aç qapını mən gəlim” uşaq nağılını, “Bozoğlan” nağılı “Kitabi Dədə Qorqud”dakı Bamsı Beyrəyi, “Koroğlu” nağılı “Koroğlu” dastanını xatırladır.
Azərbaycanda geniş yayılmış “Məlik Məmməd” nağılının, qumuq mətnləri və Şumer gil kitabələrindəki mətnlərlə oxşarlığı ayrıca bir araştırma mövzusu ola bilər.
Bu cür oxşarlıqlar folklorda deyil, yazılı ədəbiyyatda da coxdur.
Açar kəlimələr: Şumer mətnləri, Qumuq və Azərbaycan türklərinin ədəbiyyatları, Minkullnun yiri, “Bozoğlan” nağılı, ümumtürk ədəbiyyatı.
Giriş
Muhammat Efendi Osmanovun 1883-cü ildə Peterburqda çap etdirdiyi kitab (Osmanov M., 1883:174) qumuqca ilk ədəbi nəşr sayılır. Bu kitaba noqaylardan və qumuqlardan toplanmış folklor nümunələri və müəllifi məlum olan şeirlər daxil edilmişdir. Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsində 1880-ci illərədək türk dili dərsi deyən M.E.Osmanov kitabı tələbələrə “Oxu kitabı” kimi nəzərdə tutub.
Professor Bəkir Çobanzadə 1926-cı ildə Bakıda qumuq dili və ədəbiyyatından bəhs edən bir silsilə məqalə yazıb. Onların bir qismini jurnallarda çap etdirib (Çobanzadə B.,1925:29-31, sayı, 3). Az sonra bu məqalələri Azərbaycan Tədqiq və Tətöbbə Cəmiyyətinin nəşriyyatı ərəb qrafikalı əlifba kitabı kimi çap edib. (Çobanzadə, 1926). «Qumuq dili və ədəbiyyatı tədqiqləri» adlı 105 səhifəlik bu kitab dövrü üçün olduqca dəyərli bir vəsait idi. Azərbaycanda uzun illər qumuq dili və ədəbiyyatı haqqında bu səviyyədə əsər yazılmadı.
Araşdırıcı Afaq Xürrəmqızı “Azərbaycan mərasim folkloru” (Xürrəmqızı A., 2002) kitabında bir neçə dəfə Bəkir Çobanzadədən bəhrələnib. O, B.Çobanzadədən istinad yazır: “Nisbətən son dövrlərdə çar İraklinin cənazəsi ətrafında «çianuri» çalan ağıçının dil deyib ağlaması da mahiyyəti etibarilə türklərin yuğ törənini xatırladır. (278; 53). Qırğızların «jok toşuu», qazaxların «joktau jilau» (245; 346), çuvaşların «sas kalarni» (158; 51), Krım türklərinin «tokmak» ağı mərasimi (326; 101) də azərbaycanlıların analoji mərasimi kimi mənşəyini adı çəkilən törəndən götürür”. (Xürrəmqızı A., 2002:135)
Başqa bir yerdə isə yazır: “Qumuq ağıları – «viyax»lar da bəzən qarğış əsasında qurulur:
Ders oxuyqan medresen bozulsun
Kitabların xar ayağına yozulsun
Kelem-tarın kara özenqe açılsın (326; 101)” (Xürrəmqızı A., 2002:146)
Və yaxud: “Bundan başqa, qumuqlarda qızı ər evinə müşayət edən şəxslərin «quda-xatın», «quda-qızlar» adlandırılması (326; 101), Dağıstan tərəkəmələrində qızı bəy arabasına qız evinin gəlinlərinin əyləşdirməsi (138; 174) bu personajın vaxtilə qadın səciyyəli olmasından xəbər verir”.(Xürrəmqızı A., 2002:94)
Türkoloq Güllü Yoloğlu da Azərbaycan mətbuatında qumuqlar, onların mədəniyyəti və ədəbiyyatı ilə bağlı bir sıra maraqlı məqalələr çap etdirmişdir (Yoloğlu G., 1996: 23-29 fevral).
Rusiya işğal altında saxladığı xalqlar arasında bölücülük siyasəti yeritdiyindən uzun illər qumuqlar yaşayan bölgələrdən toplanan folklor nümunələri ümumtürk folklorundan ayrılaraq qumuqların şifahi ədəbiyyatı kimi öyrənilmişdir. Buna görə də toplayıcılar xalq arasında mövcud olan nümunələrin hamısını deyil, məhz «qumuqlara aid olan folklor nümunələri»ni toplamağa və nəşr etdirməyə üstünlük vermişlər.
Toplanmış nümunələrin təsnifatında və janrlarının müəyyənləşdirilməsində də fikir ayrılığı, qarışıqlıq yaranmışdır. Beləliklə, folklor nümunəsinin formasından daha çox mövzusuna görə təsnifatı müəyyənləşdirilmişdir. Məsələn, «zahmat yırları», «igitlik yırları», «igitlik-tarixi yırları», «tarixi yırlar», «Sibir yırları», «tapşurma ya da nasiqat yırları», «masxara-irişxat yırları», «kazak yırları», «haşık yırları», «oylu yırlar», «alışıp aytahan yırları» (Kumık xalkı, 2002) və s. başlıqlar altında antologiyalarda verilmiş nümunələrin böyük bir qismi türk xalqları folkloru üçün xarakterikdir. Onların bir qismi yalnız qumuqlar yaşayan bölgələrdən toplandığına görə qumuq folkloru adlandırmaq olar. Hətta qumuq araşdırıcılarının topladıqları nümunələr arasında fərqlər olduğu kimi, bölgü prinsipində də fərqlər vardır. A.K.Abdullatipov və A.M.Sultanmuradovdan fərqli olaraq, Abdulhakim Hacıyev yırları «igidlik eposu», «igidlik-tarixi yırlar», «tarixi yırlar», «balladalar», «qanna qazaq yırları», «Sibir və tosnaq yırları», «Haşıq yırları» kimi ayırır. (Türkiye, 2002, 21-107). A.K.Abdullatipov və A.M. Sultanmuradov «Anjili kız»ı igidlik eposuna daxil edirsə, Abdulhakim Hacıyev onların fikri ilə razılaşmır, «Javatnı yırı»nı igidlik eposuna daxil edir. Bu da bir daha onu göstərir ki, araşdırıcıların müəyyənləşdirdikləri bölgülər, janrlar şərtidir.
1. Qumuq folklor nümunələrində Şumer dastanının izləri
Qumuqların çap etdirdikləri yırın bir qisminə, yəni bölgənin tarixi şəxsiyyətləri və hadisələri ilə bağlı olanlara başqa türk xalqlarında rast gəlinmir. Lakin bunlarda da qədim türk dastan, mif və nağıllarındakı ifadələrə, epitetlərə və başqa bədii təsvir vasitələrinə rast gəlmək olur. Araşdırıcılar bədii təsvir vasitələrinin oxşarlığına görə qumuqlardan toplanmış «Minküllünü yırı»nı qədim şumer (sumer) dastanı «Bilqamıs»la müqayisə edir və onu ən qədim qumuq folklor nümunəsi sayırlar. «Minküllünü yırı» belə başlayır:
Minküllü üyde tuvan, kırda ösqen,
Hapay bugün art elkesin çaç qesqen,
Tuvarlağa yimik tük bitqen.
Katın-kızlağa yimik çaç bitqen
Korkunçlu talalaqa köş tikqen,
Kaburqasın kıy qeçqen…
(Minküllü evdə doğmuş, çöldə böyümüş, Haray, bu gün saçları çiyinlərinə tökülmüş, Davar (qoyun-keçi) kimi bədənini tük örtmüş, Qadın-qız kimi saç bitirmiş (uzatmış), Qorxunc talalarda köşk tikmiş, Qabırğasına tezek keçmiş) (Kumuk xalq yırları, 1990 :13)
«Bilqamıs» dastanının qəhrəmanlarından Enkudu ilə Minküllü arasındakı oxşarlıqları başqa folklor nümunələrində də tapmaq olar. Qumuqlardan toplanmış «Eniligim, Seniligim, eşkini aç!» uşaq nağılı ilə qədim şumerlərdəki keçi-canavar (bəzən də şir) əhvalatı ilə də paralellər aparmaq olar. (Uşaq, 1999:333) Hətta onu da söyləmək olar ki, Azərbaycandan toplanmış «Şəngülüm, Şüngülüm, Məngülüm! Aç qapını mən gəlim!» nağılı ilə müqayisədə qumuqlardan toplanmış mətnlərdə keçinin balalarının adları şumer mətnlərinə daha yaxın səslənir. Bu nağıllarda keçi balalarını xilas etmək üçün qurdla savaşır və qalib gəlir.
«Javatnı yırı»nda qəhramanın ölüm mələyi ilə görüşü “Kitabi Dədə Qorqud” dastanlarında Dəli Domrulun Əzraillə görüşü eyni təfəkkürün məhsulu olduğu kimi eyni qaynaqdan bəhrələndiyini söyləməyə də imkan verir
Qumuq folklorunda mifləri dilçilik baxımından öyrənən İ.A.Xalipayeva doktorluq dissertasiyasında Tanrılara sitayiş zamanı oxunan bir nəğməni verir:
Gök Tenqrim gökten mağa
Gök gözlerini açıb bağa
Gök çüman avlaqlarda
Gök çicekli tarlada
Gök çoxketli balama
Gök Tenqrim özüm bağa.
(Mavi Tanrı göydən mənə, Mavi gözünü açıb baxır, Mavi çöllərdə, Mavi çiçəkli tarlalarda, Mavi keçilər otlayır, Mavi paltolu balaları, Mavi tanrım yüksəklərdən baxır) (Şamil Ə., 2000:55)
Araşdırıcıya görə, bu nəğmə qədim dövrlərdə yaranmış bir sitayiş, magik duanın qalığı, yaxud Tanrıya həsr olunmuş mərasimdə oxunan mahnının bir parçasıdır. Dağıstan Respublikasının Kayaxan bölgəsində bir Tanrıxan ağacı var. Bölgənin insanları həmin ağaca tapınıb qurban kəsirlər. Baxmayaraq ki, bu bölgədə insanlar yüz illərdir islam dinini qəbul etmişlər. 50 ildən çox ateist təbliğatın təsiri altında olsalar da, bu gün yenə Tanrıxan ağacına və b. bu kimi daş-qayalara staiş edilir, Tanrının göy rəngdə olduğunu və bu rəngin «ilahi gözəllik» anlamı verdiyini qəbul edirlər.
Onlarla folklor nümunəsi arasında belə paralelləri aparmaqla həmin süjetlərin türk xalqları arasında daha geniş yayıldığını göstərmək olar. Bu, tarixçilərimizin də dadına çatar.
Azərbaycanda «Qodu-qodu» mərasimində oxunan nəğmənin bir hissəsi qumuqlarda Oyunlar, Yumunçuqlar (sanamalar) kimi oxunur. Məsələn:
Gün çıq,
Gün çıq, gün çıq!
Duşmanlanı janı çık,
Ariv kızın alıp çık,
Erşi kızınq
Eşik artda qoyup çık! (Türkiye, 2002:50)
Azərbaycanda günəşin çıxması, yağışlı günlərin sona çatması üçün keçirilən «Qodu-qodu» mərasimində oxunan nəğmələr qaraçay-malkarlarda, qumuqlarda bir az fərqli şəkildədir. Qumuqlar bunu «Qüdürbay» nəğməsi kimi oxuyur.
Məsələn: birisi oxuyur:
Qüdür-güdür Qüdürbay!
O birilər xorla səs verir:
- Hossay!
Qüdürbaynı görqenler! - Hossay!
Görüb salam berqenlər! - Hossay!
Salamınqın ari qoy! - Hossay!
Kapçığıma tari kuy!- Hossay!
Tartıp boza etermen!- Hossay! (Kumık xalkı, 2002:8)
Qumuqlarda da toylarda, mərasimlərdə oxunan nəğmələrin əksəriyyəti yeddi hecalıdır. Onlar çox vaxt dörd misra şəklində ifa edilir. Araşdırıcı Əmin Abid hələ 1928-ci ildə bu problemə diqqət yetirərək «Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri» adlı tədqiqatını çap etdirmişdir. (Abid Ə., 1930:24) O, türk xalqlarından toplanmış beş min dördlük üzərində apardığı araşdırmasında yazır: «Qərb (Osmanlı) ləhcəsində mani, çöl Krım türkcəsində çın, Kazan ilə cənub Krımcada cır, özbəkcə əşulə, aşulə, İraq türk ləhcəsində turqu, qazax və qırğızlarda kayım öləng, yaxud aytıspa» adlanır.” Müəllifin fikrincə bu dördlüklər müxtəlif cür adlandırılsalar da, eyni kökdəndir. Araşdırıcı qusarlı tələbəsi Mustafa Əzəmətzadədən topladığı qumuk mani nümunələrini incələyərək yazmışdır: “Qumuq türkçəsilə Dağıstan əhalisi arasında da mani nevi inkişaf etmiş haldadır. Bunlar ümumi kuruluşca Azərbaycan bayatılarına çox yaxın bir şəkil göstərməkdədirlər:
Barbar gəltir, bar gəltir,
Bazarda satar əltir.
Qaşın bulan gözünü,
Arası çətir-çətir.
At mindim alaşasın,
O gör yekdim qaşqasın.
Alsam səni alırman,
Alman səndən başqasın.
Tar tırfırıq tar sokmak,
Tartajım biləgindən.
Tamurlanğan terəksən,
Tapmadın yürəgimdən.
Qapqara qara yaşman,
Qaralığım yaşırman.
Sən mağa gəlməsən də,
Sağa gəlib baş vurman.”(Abid Ə., 1930:34)
Bəzi xalqlarda janr kimi göstərilən yır, jır qədim türklərdə şeirə, nəzmə verilən ümumi ad olmuşdur. Bu günün özündə də İran İslam Respublikasının mərkəzi vilayətlərindən olan Əraq ostanında yaşayan Savə türkləri şeirə yır, şeir söyləyənə yırçı deyir.(Şamil Ə., 2000:98)
Maraqlı burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr şəklində olan folklor nümunələri qumuqlarda yır kimi, yəni mənzum söylənildiyi halda «Koroğlu» kimi məşhur dastan nağıl janrında verilib. Bu da açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu yaxşı bilən və söyləyən-informatorlardan toplanmayıb.
Qumuq folklorçularının “Minküllünü yırı”, “Anjili qız”ı igidlik eposu, “Abdullanı yırı”, “İşayının yırı”, “Zoruşnu yırı”, “Eldaruşnu yırı”, “Akmurzanı ve Bekmurzanı yırı”, “Ayqazini yırı”, “Torkalili Tonay biyii yırı”nı igidlik-tarixi yırları, “Soltanmutnu yırı”, “İslam batırın ve Soltanmutnu yırı”nı (Türkiye, 2002; Kumık xalkı, 2002) və s. tarixi yırlar kimi təqdim etsələr də, xalq tərəfindən sevilə-sevilə oxunur və yeni-yeni əlavələr, dəyişikliklər də edilir.
Əsarət altında olan xalqlarda işğalçılar əleyhinə yazılmış və yaradılmış bədii əsərlərin ifası, yazıya alınması və nəşri yasaq olsa da, insanlar həmişə belə əsərləri sevmiş, gizlində olsa da ifa etmiş, nəsildən-nəslə ötürərək yaşatmışdır. Nəhəng Rus dövlətinə qarşı 20 ildən artıq döyüşmüş Şeyx Şamil haqqında qumuqların yaratdıqları və yaşatdıqları “Şamil yırı” da başucalığıyla söylənmiş folklor nümunələrindəndir. Yırda oxunur:
Terekleni bulay başın quvartqan
Ertenqi aççı ayaznı tumanı,
Maskev bulan on seqiz yıl dav etdi.
Dağıstannı imam Şamil ulanı.
Dağıstandan Şamil taydı - sıy taydı,
Üstübüzden töre qerqen er taydı
(Ağacların böyle başını soldurmuş, sabahkı acı ayazın dumanı, Moskva ilə 18 yıl savaşdı, Dağıstannı imam Şamil oğlanı, Dağıstandan Şamil getti, üstümüzdən törə yürütən er gitti.) (Türkiye, 2002:43)
Qumuqlar arasında İmam Şamil və onun mübarizəsi ilə bağlı çoxlu şeir, mahnı, rəvayətlər olsa da, onlar vaxtında toplanıb çap edilməmişdir. Azərbaycanda da bu mövzuda xeyli folklor nümunəsi var.
İnsanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səsləyən atalar sözləri, «beynin idmanı» adlandırılan tapmacalar, müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan vermişdir. Qumuq yazılı ədəbiyyatı uzun illər klassiklərdən mərhum edilsə də, zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilmişdir.
2. Azərbaycan və Qumuq yazılı ədəbiyyatının əlaqələri
Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji təsirlər də aradan qalxmağa başladı. Hələlik qumuqlar ədəbiyyatlarını zəngin folklorları və XV yüzillikdə yaşamış Kamal Ümmi (Nuri) ilə başlayırlar. Kamal Ümminin (Nuri) qumuq olduğunu isbatlamaq üçün aşağıdakı misraları nümunə göstərirlər:
Elter qönqül ol ellerqe
Misqin kumuk sümbünlerin…
Gezdim, tuzdum çox devleşdim,
Axır vatanım oylaşdım,
Hay aman, Koünqa yol görmedim
İnq son barıp Şama döndüm (Karçıqa, 2002: 6)…
Misralardakı, «Misqin kumuk» ifadəsinə dayanaraq şairin qumuq olduğunu və «Koünqa» ifadəsinə dayanaraq Koünqalı olduğunu söyləyirlər. Araşdırıcılar Koünqanı indiki Dağıstan Respublikasındakı Bavaqay və Çirürt yaylasındakı Koysun çayının sahilindəki Koünqala ilə eyniləşdirirlər. Şairin öncə kəndlərində, sonra Şirvanda (indiki Azərbaycan) dərin bilik aldığını, əsgəri bölüklərdə qazı olduğunu, Osmanlı orduları ilə birlikdə döyüşlərdə iştirak etdiyini, sonralar indiki Türkiyədə yaşadığını və 1475-ci ildə Konya şəhərində öldüyünü yazırlar. (Karçıqa, 2002:6)
Son illərdə qumuq araşdırıcıları orta yüzilliklərin qaynaqlarını diqqətlə gözdən keçirərək ədiblərinə sahib çıxırlar. Buna Ümmi Kamalın (Nuri) yaradıcılığının öyrənilməsi gözəl nümunə ola bilər. Ümmi Kamala aid edilən:
Dengizde bir saz olur,
Gül açılır, yaz olur.
Men yarıma gül demen
Gülün ömrü az olur (Türkiye, 2002: 197)
– şeiri bu gün də Azərbaycanda xalq mahnısı kimi oxunur və «Bayatılar» kitablarına müəllifi məlum olmayan mətn kimi daxil edilir.
Aşıq Ensarı (1838-1934), Muhammat Efendi Osmanovu (1860-1934) da qumuq klassikləri sırasına daxil edirlər. Əslində, onların yaradıcılığı istər dil-üslub, istərsə də mövzu baxımından Azərbaycanda, Ön Asiyada, Krımda, Türkmənistanda yaşamış el şairlərinin, aşıqların əsərlərindən o qədər də seçilmir.
Yaxsay ötən yüzilliklərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din alimləri çalışmışdır. Onlardan təhsil və tərbiyə alanların bir çoxu sonralar Şərqdə məşhurlaşmışlar.
Şair Seyid Əzim Şirvani də bu mədrəsənin tələbəsi olmuşdur. 1835-ci ilin iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası ailəni dolandırmaq üçün Yaxsaya dövlət tərəfindən hakim təyin edilmiş atası Molla Hüseynin yanına gedir.(Köçərli F., 1981:30, II cild.) Babası Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu daha çox sevir və təhsilini davam etdirməsinə yardımçı olur. Orada 10 ilə yaxın yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə – Şamaxıya qayıdır. Şair sonralar həmin günləri xatırlayaraq yazmışdır:
Oldum ol gün ki, çardəh salə,
Düşmədim fikri-dövləti malə.
Eylədim arifanə kəsbi-ülum,
...Oxudum nəhvü sərfü-fiqhü üsul,
Hikmətü heyət eylədim məhsul. (Hüseynov S., 1977:13)
Çox təəssüf ki, onun həyatının Yaxsay dövrü və M.E.Osmanovla dostluğu lazımınca öyrənilməyib. Mədrəsədə ona kimlər dərs deyib, kimlərlə dostluq edib, sonralar qumuq ziyalılarından kimlərlə ünsiyyətdə olub? Bu suallara cavab verən araşdırmaya hələ rast gəlməmişik.
Sonuc
Sovetlər Birliyinin çöküşü ərəfəsində M.S.Qorbaçovun başladığı «perestroyka» hərəkatı ədəbiyyata da öz təsirini göstərdi. Dağıstanda yaşayan qumuqlar «Tenglik» adlı ictimai təşkilatlarını qurdular. Rusiyanın xüsusi xidmət orqanları milli dəyərlərə sahib çıxmaq uğrunda başlanan hərəkatı zəiflətmək üçün çoxmillətli Dağıstan xalqları arasında nifaq saldı. Lakin siyasi sıxıntıya, iqtisadi çətinliklərə baxmayaraq, qumuq ədəbiyyatı inkişafdadır.
Çox təəssüf ki, Azərbaycan-qumuq ədəbi əlaqələri yeni mərhələyə qədəm qoya bilməmişdir. Hətta 20-ci yüzilliyin 20-30-cu illərinin ənənəsi belə bərpa olunmamışdır.
Qaynaqlar
1. Abid Əmin. (1930). Türk xalq ədəbiyyatında manı nevi və Azərbaycan bayatılarının xüsusiyyəti (Beş min bayatı-manı üzərində yapılmış bir tətebbönamədir), “Azərbaycanı öyrənmə yolu”, sayı 4-5(9-10).
2. Çobanzadə B. (1925). Qumuq dili və ədəbiyyatı haqqında, “Maarif və mədəniyyət” jurnalı, sayı, 3.
3. Çobanzadə B. (1926). Qumuq dili və ədəbiyyatı tədqiqləri, Bakı.
4. Köçərli Firudin. (1981). Azərbaycan ədəbiyyatı, “Elm” nəşriyyatı, Bakı.
5. Kumuk xalk avuz yaratğçuluqğu, (2002). Xrestomatiya (Studentler uçun), Maqcaçkcala.
6. Kumuk xalk yırları. (1990). Maqcaçkcala
7. Hüseynov Sadıq. (1977). Seyid Əzim Şirvaninin yaradıcılıq yolu, “Elm” nəşriyyatı, Bakı.
8. Şamil Əli. (2000). Tanıdığım adamlar. “Sumqayıd” nəşriyyatı
9. Türkiye Dışındaki Türk Edebiyatları Antolojisi. (2002). Kumuk edebiyatı, Ankara, 20. cilt.
10. Xürrəmqızı Afaq. (2002). Azərbaycan mərasim folkloru, “Səda” nəşriyyatı, Bakı.
11. Yoloğlu Güllü .(1996). Qumuqlar, “PRESS Fakt” qəzeti, 23-29 fevral.
Cap olundu: Şumer mətnlərinin Azərbaycan və qumuq ədəbiyyatında izləri, Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər, IV Beynəlxalq Elmi Konfransın materialları. Slavyan Universiteti (özətlər), 22-23 Oktyabr 2010-cu il, Bakı. səh. 87.
|