Əli Şamil
AMEA Folklor İnstitutu
Bakı-Azərbaycan
XƏSTƏ HƏSƏNİN ÖMÜR YOLUNA AİD BİR DƏQİQLƏŞDİRMƏ
Azərbaycan folklorşünaslığında Xəstə Həsənin adına ilk dəfə 1963-cü ildə Bakıda nəşr olunan “Aşıq Ələsgər” kitabında rast gəlmişik. Maraqlı burasıdır ki, Sovetlər Birliyi Türkiyə ilə özü arasında “dəmir pərdə” çəksə də, oradan kitab, jurnal, qəzet gətirilməsini, insanların gəlib-getməsini yasaqlasa da, buna uyuşmayan bir çox məsələlər təxminən eyni vaxtda orada da baş verib, burada da. Örnəyi, Xəstə Həsənin adı Türkiyə mətbuatında da Azərbaycanla təxminən eyni vaxtda görünməyə başlamasıdır.
“Aşıq Ələsgər” kitabındakı «daimül-övqat» qafiyəli müstəzada verilən izahda yazılıb: “İrəvan aşıqlarından Xəstə Həsən adlı birisi Xəstə Qasımın «daimül-övqat» qafiyəli müstəzad qıfılbəndini öz əsəri kimi yazdırıb, bir üzünü Ələsgərə, bir üzünü də Aşıq Miskin Bürcüyə göndərir. Aşıq Ələsgər qıfılbəndi haman müstəzad ilə açır, altıncı bənddə də qıfılbəndin Xəstə Qasımın əsəri olduğunu ona xatırladır. Xəstə Qasımın qıfılbəndi belədir:
Bir çarşıda dörd dərvişə uğradım,
Dördü bir-biriynən eylər ixtilat.
Dördünün də dili ayrı, dini bir,
İki də biz onlarınan şeş cahat.
Əsil kainat.
Bir şəhərin gördüm padişahını,
Qulun, yasovulun, hər dəsgahını,
Üç yüz altmış altı xoş süpahını
Onlar bir kişidən istədi sürsat,
Xoş çəkər səffat.
Altı, səkkiz, doqquz idi binası,
Otuz cəlalı var, bəyaz sinəsi,
Altı min altı yüz məddü mənası,
Ərəb idi, əcəm idi, türkü, tat,
Bir ismə fəryad.
Altıdan qırxatan sərgərdan idi,
İki yüz otuzdan özün tanıdı;
Altı min altı yüz pasiban idi,
Kimi yahu çəkər, kimi əssalat,
Kim edər fəryad.
İki dərya xoş görünmür gözünə,
İki qırx dörd gəlməz ərin dizinə;
Xəstə Qasımın bu şerinə, sözünə
Qazı, molla, müctəhidlər qaldı mat,
Tapmadı kəlmat.
Miskin Bürcünün Xəstə Həsənə göndərdiyi cavabı da burada verməyi məsləhət bildik:
Arif olan, bizə bir namən gəldi,
Amma ona baxdım, təlx oldu övqat.
Şair bunu nə növilə düzəltdi,-
İmlası rəkikdi, inşası qələt.
Verdim çaparlara mindi səməndi,
Dəydi oymaqlara, gəzdirdi kəndi,
Nə qədər var idi alim, əfəndi,
Onlar da bu sözə tamam qaldı mat.
Apardım derderə: “aset inça səs? “
Dedi:“asdex yegnin dun uy umes “.
And içdi mahrasa: “xacı-kidumçes“,
Pop skazal: “Yey boqq, niznayem, brat!”
Sən ol əhli-xibrə, biz olaq dağlı,
Sözün məddi gərək mənaya bağlı.
Nə çərən-pərəndi mərhumun oğlu,
Sənəmi qalıbdı hər cəfəngiyyat?
Müsəmma Miskinəm, mən zişdi-camal,
Çün adam güdmüşəm, nə qoyun, nə mal,
Sən ki cüz etmisən bu nəzmi-kamal,
Bizə lazım deyil, özgələrə sat!
Kimdən toplandığı, hansı qaynağa əsaslandığı göstərilmədən verilmiş bu kiçik informasiya ilə Xəstə Həsən ədəbi oğru kimi tanıdılıb və uzun illər bu məsələ sükutla qarşılanıb. Bizcə, bunun bir səbəbi Axısqa türklərinin Qazaxıstana sürgünü, o biri səbəbi də Türkiyə ilə əlaqələrimizin zəifliyi idi. Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə əsərləri təkrar nəşrə hazırlananda bu yanlışlıq bir daha təkrarlanıb.
Bu yanlışlığı həqiqət kimi qəbul etdiyimdən gənclik illərimdə Aşıq İslam Ərdənərlə mən də boş yerə mübahisə etmişəm. 1973-cü ilin yazında tələbə yoldaşım Osman Əhməd oğlu həyəcanla kəndlərinə Türkiyədən bir aşıq qonağın gəldiyini xəbər verdi. Onda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin son kursunda oxuyurdum. Elə həmin gün dərsləri yarımçıq buraxıb qatarla Keşəliyə (Gürcüstan Respublikasının Marneuli rayonu) yola düşdük. Aşıq İslam Ərdənər Türkiyədən - Ərdahanın Kümbətli köyündən qohumlarına qonaq gəlmişdi.
Folklora, xüsusən də aşıqların yaradıcılığına maraq göstərdiyimizdən Aşıq İslamın söhbətlərini diqqətlə dinləyirdik. Həmin illərdə Türkiyədən Azərbaycana kitab, qəzet, jurnal çox az gəlirdi. M.F.Axundov adına Respublika Kitabxanasının abunəçisi olduğu «Türk Folklor araşdırmaları», «Yedditəpə», «Dil» və s. jurnalları maraqla oxuyurduq. Oradan və Türkiyə radiosunun verilişlərindən tanıdığımız el sənətkarları - Sümmanı, Şenlik, Zülali, Aşıq Beyhani (İbrahim Əngin) və b. haqqında Aşıq İslamdan əlavə bilgi almağa çalışır, bir az da özümüzün məlumatlılığımızı göstərirdik.
Söhbət zamanı «Türk folklor araşdırmaları»nın 238-240-cı saylarından əzbərlədiyim Ərbabinin «Səni» rədifli qoşmasını söylədim, orada aşığın «Bir su ver» divanisindən yalnız bir beyti çap olunduğuna təəssüfləndim və sənətkarlığını yüksək qiymətlindirməyə çalışdım. Həmin beyti beləydi:
Həsrətindən xəstəyəm, təşni zəbanım, bir su ver.
Hörmət eylə gəl mənə, ey mehribanım, bir su ver.
Aşıq İslam diqqətlə məni dinləyib Ərbabu haqqında tərifimi eşitdikdən sonra şerin Xəstə Həsənə nəzirə olduğunu bildirdi.
Osmanla mən etiraz etdik. Xəstə Həsənin olduqca zəif və istedadsız bir aşıq olduğunu, Xəstə Qasımın qıfılbəndini öz adından Aşıq Ələsgərə göndərdiyini, o da qıfılbəndi açdığını və möhürbəndində şerin əsl yazarının kim olduğunu göstərdiyini söylədik. Toplantıda əyləşənlər aşıq yaradıcılığı ilə yaxından tanış olduqlarından bizim tərəfimizi saxladılar və Xəstə Həsəni ədəbi oğurluqda qınadılar. Hətta tez Aşıq Ələsgərin şerləri çap olunmuş kitabı tapıb məşhur qıfılbəndi oxuduq da.
Aşıq İslam çox təəssüfləndi. Ərbabinin da, Xəstə Həsənin də “Bir su ver” divanilərini əzbərdən söylədi və dedi:” “Aşıq Ələsgər böyük sənətkardı. Ona belə yamaq vurmaq yaramaz. Xasta Hasan kimi bir ustadı da belə alçaltmaq olmaz.Xasta Hasan İrəvanlı deyil. Axırkələyin Lebis kəndindəndir. Aşıq Ələsgərlə də yaşıd olmayıb. Mən Türkiyədə Aşıq Şenliyin şerlər kitabını çap etdirmişəm. Orada Xəstə Hasanın şəyirdi - çırağı Aşıq Nuru yeniyetmə Hasanı- sizlərin Şenlik kimi tanıdığınız aşığı sınağa çəkərkən, ona ustadının üç şerini söylədiyini və eyni qafiyə ilə cavab aldığını yazmışam. Yeniyetmə Hasan sınaqdan uğurla çıxdıqdan sonra Aşıq Nuru ona sənətin sirlərini öyrədib, «ustad şilləsi vurduqdan» sonra aşıqlıq etməsinə icazə verib“.
Aşıq İslam çap etdirdiyi “Aşıq Şenlik divanı” kitabını gətirə bilməmişdi. Bu kitabla uzun illər keçəndən sonra - 1992-ci ildə tanış ola bildim.
Folkloşünaslığımızın səviyyəsinə, kitabı tərtib edən alimlərimizə çox arxayın olduğumuzdan Aşıq İslamın dedikləri ilə razılaşmadıq. Amma onun Xəstə Həsəndən dediyi şerlər bizi özünə necə çəkdisə yazıb özümüzdə saxladıq. Bakıya dönəndə eşitdiklərimizi bizə folklorşünaslıqdan dərs deyən Vaqif Vəliyeyə söylədik və topladığımız şerlərin bir surətini də ona təqdim etdik. Vaqif müəllim də bizim kimi məsələyə inamsız yanaşdı.
Lakin həvəsdən düşmədik. Şerlərin bir surətini o zaman “Ədəbiyyat və inçəsənət“ qəzetində folklor səhifəsi hazırlayan Məmməd Aslana verdik. Xəstə Həsənin və Şenliyin şerlərini oxudu. Məqsədimizi biləndə-Xəstə Həsənin ədəbi oğurluğu məsələsinə şübhə ilə yanaşdığımızı görəndə əsəbiləşdi. Ondan sonra da hansı redaksiyaya üz tutduqsa eyni vəziyyətlə qarşılaşdıq.
Aşıq İslamın əkdiyi şübhə toxumu öz bəhrəsini vermişdi. Xəstə Həsən haqqında yazılanları diqqətlə oxuyanda bir neçə yanlışlıq üzə çıxarmışdıq. Miskin Bürcüyə aid edilən şerin möhürbəndində “Müsəmma Miskinəm” deyilir. Miskin Bürcüdə “miskin” təxəllüs-ləqəb kimi verilir, dilçilik baxımından sifətdir. Müsəmma Miskində isə Miskin təxəllüs deyil, addır, dilçilik baxımından isimdir. Tələbə olsaq da açıq-aşkar görürdük ki, araşdırıcılarımız adla təxəllüsü qarışdırıblar.
Azərbaycan türkcəsində şer yazan erməni aşıqları haqqında dəyərli araşdırmaların müəllifi İsrafil Abbasov, Əkbər Yerevanlı, Yusif Ramazanov və b. Miskin Burcunun Müsəmmə Miskin imzasıyla şer yazdığını göstərmirlər. Miskin Bürcünn əlyazması ilə yaxından tanış olan prof. İ.Abbasov M.Bürcünün peşəkar aşıq olmadığını, şerlərinin də bədii cəhətdən zəif, vəzni, qafiyəsi pozuq olduğunu yazır. Müsəmmə Miskinin şerində isə vəzn, qafiyə, ritm yerli-yerindədir.
Üçüncü: Miskin Bürcü 1848-ci ildə ölüb. Onda Göyçədə Ağ Aşıq (Allahverdi), Aşıq Alı kimi ustad sənətkarlar vardı. Ələsgər isə Aşıq Alının yanında şagird idi. Ustadları qoyub şagirdə bağlama yollammaq inandırıcı deyil.
Dördüncüsü: İrəvan ətrafında “Xəstə Həsən” adlı aşığın olduğunu nə qaynaqlar təsdiqləyir, nə aşıqlar və yaşlı insanlardan kimsə xatırlayırdı. İrəvan ətrafının türkləri belə bir aşığı tanımırdılar.
Məsələyə aydınlıq gətirmək üçün uzun illər axtarmalı oldum. Aşıq İslam gedəndən sonra da onunla məktublaşdım.Yaşlı aşıqlarımızla görüşəndə söhbəti Xəstə Həsəndən saldım. “Tanıdım“ deyən yox idi. Rəhmətlik Aşıq Hüseyn Saraclı məsləhət gördü ki, Ağbabalı Aşıq İsgəndəri tapım. Bilsə bir o bilər. O yanılmamışdı.
Məktub vasitəsilə Ağbabalı Aşıq İsgəndərin Ermənistan SSR Amasiya rayonunun Ellər kəndində yaşadığını öyrəndim. Onunla məktublaşmağa başladım. Aşıq İsgəndərin vasitəsilə Xəstə Həsənin 1944-cü ildə Qazaxıstan SSR-ə sürgün olunmuş, hazırda Talqar rayonunda yaşayan nəvə-nəticələrinin və qohumlarının ünvanlarını öyrəndim. Onlarla da məktublaşmağa başladım.
Aşıq İsgəndərlə görüşəndə, məktublarından və Xəstə Həsənin qohumu Aşıq Murtazadan xeyli material topladım. Əlimdə bəs qədər bəlgələr olsa da, onu mətbuat səhifələrinə çıxara bilmirdim. Yanlışlıq isə davam edirdi. Məs., müəllimim professor Vaqif Vəliyev 1981-ci ildə çap etdirdiyi “Qaynar söz çeşməsi“ kitabında yazırdı: “Aşıq Şenliyin həyatının müəyyən dövrü Azərbaycanla bağlı olmuşdur. Tədqiqatçı (müəllif Türkiyəli araşdırıcı, “Aşıq Şenlik” kitabının müəllifi Ensar Aslanı nəzərdə tutur- Ə.Ş. ) göstərir ki, aşığın (yəni Aşıq Şenliyin-Ə.Ş.) təsirləndiyi sənətkarlardan biri Xəstə Həsəndir. Bu el şairi Yerevan ərazisində yaşamış, Aşıq Şenliyə saz çalmağı öyrədən Aşıq Nurunun ustadı olmuşdur. Bu həmin Xəstə Həsəndir ki, Xəstə Qasımın “Daimül- övqat” qıfılbənd ayaqlı qoşmasını öz adına çıxıb, Aşıq Ələsgərə göndərmişdir. Aşıq Ələsgər həmin qıfılbəndi açmış və hətta Xəstə Həsənə eyham vurmuşdur: "Qasım qafnandı, Həsən heynən, xeyir tapmaz ustadından deyinən…” Beləliklə Aşıq Ələsgərlə müqayisədə sönük şama bənzəyən Xəstə Həsən Aşıq Şenliyə təsir etdiyi halda, Aşıq Ələsgərə Şenliyin təsiri ola bilərdimi?”
Ensar Aslan 1975-ci ildə Ankarada çap etdirdiyi “Çıldırlı Aşıq Şenlik. Hayatı, şiirləri ve hikayeleri (inceleme-metin-sözlük)” kitabında Azərbaycandakı ədəbiyyatdan, xüsusən aşıq yaradıcılığından ilhamla söz açıb. Lakin imkansızlıqdan Azərbaycanda yazılanlarla yaxından tanış ola bilmədiyinə görə, bir az da araşdırdığı mövzuya- Aşıq Şenlik şəxsiyyətinə alüdəliyindən müəyyən məqamlarda yanlışlıqlara yol vermişdir.
Ensar Aslanın səhvlərindən əsəbiləşən prof. Vaqif Vəliyevin özu də ondan uzağa getməmişdir. Xəstə Həsənin həyat və yaradıcılığını diqqətlə öyrənmədən onun haqqında sərt ittihamlar irəli sürmüşdür. Prof. V.Vəliyevin sitat gətirdiyi parçadan bir az öndə E.Aslan yazıb: “Bu aşıqlıq külturunu Şenlik Azərbaycan aşıqlarından almışdır. Çünki bu dövrdə Anadoluda Şenliyə təsir edəcək bir aşıq yoktu… Şenlik azəri sahasında aldığı bir çok ünsürü Anadoluda yayaraq, aşıq ədəbiyyatımıza yenilik gətirmiş, bu tarzın gelişib daha mükəmməl əsərlər verməsinə yardım etmişdir”.
Araşdırıçının fikirləri ilə tam razılaşmaq olmur. Xüsusən də “bu dövrdə Anadoluda Şenliyə təsir edəcək bir aşıq yoktu” ifadəsilə. Çünki aşıqlar yalnız ustaddan dərs almaqla yetərlənməyiblər. Ömürlərinin axırınadək axtarışda olublar. Nəinki peşəkar aşıqlardan, sadə şer həvəskarlarından da xoşlarına gələn şerləri almağı özlərinə ar bilməyiblər. Bunu Şenlik yaradıcılığını diqqətlə araşdıranda da görürük. Ona nəinki Qaracaoğlan, Dadaloğlu kimi aşıqlar, hətta Yunis İmrə, Hacı Bəktaş Vəli, Mövlana kimi sufilər də dərin təsir buraxmışlar.
Xəstə Həsənın haqqında Türkiyədə geniş araşdırmalara rast gəlməmişik. Əsasən Çıldırlı Aşıq Şenlikdən yazan Aşıq İslam Ərdənər, Alptəkin Ali Berat, Aşıkoğlu İsmail, Orxan Özbək, Aslan Ensar və b. Şenliyin ustadı Aşıq Nurudan bəhs edərkən Xəstə Həsəndən də söz açmış, şerlərindən nümunələr vermişlər. 1966-cı ildə Ankarada çap olunan “Kars ili. Çıldır, Ardahan, Hanak, Posof. I sayı. özəl say” nda Aşıq Qaranıdan bəhs edərkən yazılıb: “Qaranı. Dəyirman köylü. 18-ci yüzyıl. Axırkələkli Xasta Hasanın çağdaşı”.
Orxan Özbək 1969-cu ildə Ankarada çap etdirdiyi “Aşıq Şenlik (deyişmələr, qarşılaşdırmalar)” kitabında yazır: “… Dayısı (Aşıq Şenliyin-Ə.Ş.) İbrahim Doğunun məşhur xalq şairlərindən Xəstə Hasanın çırağı (şagirdi-Ə.Ş.) tanıtıb öyrətmək qərarındaydı.Bir gün dayısı ilə Şenlik Qafqaz şəhərlərindən Axırkələkə doğru yola çıxırlar. Bir kaç gün sonra Aşıq Nurunun evinə vardılar”.
Rəvayətdə gənc Şenliyin Aşıq Nuru ilə görüşü, Nurunun Şenliyi sınağa səkməsi, sınağa çəkərkən ustadı Xəstə Həsənin şerlərindən də istifadə etməsi təsvir olunur. İslam Ərdənərin kitabındakından bir az dəyişik olan bu rəvayətdən Ensar Aslan da öz kitabının hər iki nəşrində istiffadə edib.
Nizaməddin Onk isə 1983-cü ildə Qərbi Almaniyada çap etdirdiyi “Bir günəşin zərrəsiyiz (Şairlərimizdən seçmələr), cild I” kitabında Xəstə Həsənin “Bir su ver” rədifli divanisini verib və müəllifin 19-cu yüzilin sonu, 20-ci yüzilin əvvəllərində yaşadığınını yazıb. Xəstə Həsənin həyatı və yaradıcılığı ilə bağlı 1980-ci illərdə mətbuatda çap olunmuş məqalələrlə rastlaşmadıqlarından aşığın şerlərini toplularda çap etdirən Azərbaycanlı araşdırıcılar 1990-cı illərdə bu yanlışlıqları təkrarlayıblar.
Azərbaycan aşıqlarının IV qurultayına hazırlıq və qurultayın 1984-cü ildə keçirilməsi mətbuatın aşıq yaradıcılığına diqqət yetirməsinə səbəb olmuşdu. Xəstə Həsənın haqqında da ilk dolğun bilginin mətbuata çıxmasına səbəb aşıqların dördüncü qurultayı olmuşdur. Belə ki, “Sovet Gürcüstanı” qəzetində V.Hacıyevin “ Xəstə Həsən kimdir?” məqaləsi “Azərbaycan aşıqlarının IV qurultayı qarşısında”, “Sovet Naxçıvanı” qəzetində Əli Şamilovun “El sənətkarlarımız: Xəstə Həsən” məqaləsi “Bakıda Azərbaycan aşıqlarının IV qurultayı açılmışdır” rubrikası altında çap olunmuşdur.
Xəstə Həsənlə bağlı gəldiyim qənaəti və çap olunan məqalələri məktubla müəllimim, məndə ədəbiyyata böyük həvəs oyatmış, Aşıq Ələsgərin nəvəsi və kitabının tərtibçilərindən olan filologiya elmləri namizədi İslam Ələsgərova yolladım. O, 1983-cü ilin 4 fevralında mənə yolladığı məktubunda yazırdı: «Xəstə Hasan Aşıq Ələsgərə bağlama yollamadı. Aşıq Ələsgərə yolladıqları bağlama Xəstə Qasımındır. Aşıq Ələsgəri sınamaq üçün «Xəstə Həsən adı ilə ona yollayıblar ki, görək cavab verə bilirmi. Aşıq Ələsgər isə şerin Xəstə Qasımın olduğunu bilirdi. Cavabında «Qasım «qaf»ınandı, Həsən «hey»inən», deyərək eyhamla işarə etmişdi ki, şer Xəstə Qasımındır. (Bu haqda da rəvayət də var)».
Çox təssüf ki. İslam müəllim bu məsələyə soyuq yanaşdı və 1988-ci ildə çap etdirdiyi “Aşıq Ələsgər” kitabında əvvəlki nəşirlərdə verilənləri eynilə təkrarladı.
İslam müəllim Aşıq Ələsgərin anadan olmasının 175 illiyinə həsr etdiyi kitabında isə yazır: «Aşığın şəyirdlərinin söylədiklərinə görə, İrəvan yaxınlığındakı Kankan kəndində keçirilən bir şənlik məclisində Xəstə Qasımdan söz düşmüş, onun bağlamalarının hələ heç kəs tərəfindən açılmadığını etiraf etmişlər. Həmin kənddə yaşayan Abutalıb (o, Aşıq Ələsgərlə siğə qardaş imiş) deyir ki, nə cür çətin bağlama olsa, Aşıq Ələsgər açar. Bir atdan mərc gəlirlər. Xəstə Qasımın aşağıdakı bağlamasını «Xəstə Həsən adı ilə yazıb, bir üzünü Aşıq Ələsgərə, bir üzünü isə Miskin Bürcüyə göndərirlər. Aşıq Ələsgər bağlamanı açır… Aşıq Ələsgər bağlamanın cavabını göndərəndən bir qədər sonra Abutalıbdan ona bir məktub gəlir. O, məktubda əhvalatın necə olduğunu və mərci apardığını Aşıq Ələsgəpə bildirir».
Gec də olsa İslam müəllim məsələyə nisbətən aydınlıq gətirib.
V.Hacıyev ilk araşdırıcıdır ki, Azərbaycan mətbuatında Xəstə Həsəni “zəngin və hərtərəfli yaradıcılığa malik qüvvətli bir sənətkar,…böyük istedad sahibi” adlandırır və təcnis, divani və qoşmalarının axıcı, səmimi, ürəyəyatan olduğunu söyləyir. Araşdırıcı yazır: “Mesxet-Cavaxetidə, bu ərazinin gürcü və erməni kəndlərində onu böyük bir ustad kimi yad edən və şerlərini əzbərdən bilənlər indi də vardır. Bavra, Koteliya, Toloşi, Prtena kəndlərində, Axalkalaki şəhərinin özündə biz bunun şahidi olduq”.
Məqalədən aydın görünür ki, müəllif Gürcüstandan xatirə və rəvayətləri, aşıq şerlərini toplamaqla kifayətlənməyib, tarixi sənədlərə və Türkiyədə Aşıq Şenliklə bağlı yazılanların bəzilərinə də baş vuraraq Xəstə Həsənin yaşadığı dövrü müəyyənləşdirməyə çalışıb və istədiyinə də nail olub. Məqaləsinin sonunda da aşığın iki şerini-“Kimdə var?” divanisini və “Məni” qoşmasını verib.
“El sənətkarlarımız: Xəstə Həsən” məqaləsi V.Hacıyev araşdırmasından sonra işıq üzü görsə də, müəllifin ondan öncə yazılandan xəbəri olmamışdır. Buna baxmayaraq, hər iki müəllifin fikirlərində, məsələyə münasibətində oxşarlıq çoxdur. İkinci məqalədə müəllif Gürcustan, Ermənistan, Qazaxıstandan toplanmış materiallarla yanaşı, Türkiyədə çap olunmuş kitablardan da istiyadə etmişdir. Əsas diqqət də Xəstə Həsənin ədəbi oğru olmadığına və onun tərcümeyi-halının dəqiqləşdirilməsinə, çağdaşı olmuş tanınmış aşıqların əsərlərinin toplanmasına yönəldilmişdir.
Müəllif V.Hacıyevin məqaləsi ilə tanış olduqdan sonra mövzu üzərində yenidən işləmiş və “Xəstə Həsən və müasirləri” məqaləsini “Sovet Gürcıstanı” qəzetində sap etdirmişdir. Burada da Xəstə Həsənin ədəbi oğru deyil, qüdrətli sənətkarlarımızdan olduğu deyilsə də, əsas diqqət, onun müasiri olan, onunla deyişən, həyat və yaradıcılıqları folklorşünaslarımız tərəfindən öyrənilməyən Qul Qaranı, Usta Polad, Urfani (İlfanı-Ruhani), Molla Xəlis, Aşıq Teyfi, Küfdadi, Dəli Tamı və b. yönəldilir. Müəllifə elə gəlirb ki, bu sənətkarların əksəriyyəti Axıska, Axırkələk, Çıldır, Kars, Ərdahan bölgələrində yaşadıqlarından onların haqqında Gürcüstandan daha çox bilgi toplamaq mümkündür.
Hər iki müəllif bir çox məsələlərdə fikirbirliyi nümayiş etdirsələr də, Xəstə Həsənin doğum yerini başqa-başqa göstərmişlər. V.Hacıyevə görə, aşıq Dırqına kəndində doğulub. Onun Lebisə köçməsini isə belə izah edir: “Xəstə Həsən də digər elliləri ilə birlikdə 1831-ci ildə Dırqına kəndindən Lebisə köçür. Topladığımız rəvayətlərdən aydın olur ki, aşıq hələ Dırqınada yaşayarkən öz şerləri ilə tanınırmış. Rəvayətlərdən birində deyilir ki, Cavaxetiyanın kiçik kəndlərindən olan olan Dırqınaya Türkiyə ermənilərinin köçürülməsi xəbərini Xəstə Həsən yaxşı qarşılıyır, onlarla mehriban qonşu olacağını düşünüb sevinir. Lakin bir gün səhər təzə qonşularının aşıqdan xəbərsiz onun ot sahəsini biçdiklərini görən Xəstə Həsən bunun səbəbini soruşduqda onlar: “Sənə nə?” -deyib Xəstəni hədələyirlər. Aşıq bu işə mat qalıb :
Çayırları düz gördülər,
Özlərini yüz gördülər,
Xəstəni yalqız gördülər,
Çalhaçaldı Dırqınada.-
deyir və bir neçə gün sonra ailəliklə Lebisə köçür”.
Xəstə Həsənin Dırqınada yaşadığına dair topladığımız materiallarda heç bir bilgi yoxdur. Yeniyetmə çağlarında Dırqınada qız sevdiyinə dair xatirələr və “Əfəndim” qoşmasındakı “Dırqınada bir gözələ nökərəm” misrası onun adı çəkilən kəndlə bağlı olduğunu göstərir.
Topladığımız xarirə və rəvayətlərdə, Türkiyədə çap olunan yazılarda Həsənin Lebis kəndində yaşadığı, orada da Allahın rəhmətinə qovuşduğu göstərilir. El arasında haqq aşığı, övliya sayıldığından qəbrinə ziyarətə gedərmişlər. İl quraqlıq keçəndə müsəllaya çıxanlar aşığın qəbirdaşından tütyə kimi qoparıb çaya, bulağa salsalar yağış yağacağına inanarmışlar.
V. Haçıyevin “Türkiyə ermənilərinin köçürülməsi xəbərini” Xəstə Həsənin yaxşı qarşılaması, “mehriban qonşu olacağını düşünüb sevinməsi” fikrini də Sovet dövrünün senzurundan yaxa qurtarmaq kimi qiymətləndirmək olar. Rusiya Gürcüstanı asanlaqla öz cənginə keçirsə də Axısqa paşalığını işğal etmək ona baha başa gəlmişdir. Çünki yerli əhali sərt müqavimət göstərmişdi. Bunu döyüşlərin iştirakçısı olan rus generalları da dəfələrlə etiraf etmişlər. Qafqazın işğalına rəhbərlik edən “Paskeviçin korpusu 1928-ci ilin 5 avqustunda Axısqaya gəlib çatır.15 avqustda rus qoşunları şəhər ətrafındakı şam hasarları yarıb keçir. Şəhər ətrafında yaşayan əhali qeyri-adi qəhramanlıqla müdafiə olunur…hər bir ev uğrunda döyüş gedir, heç bir türk aman istəmir, hətta qadınlar da son nəfəsədək xəncərlə müdafiə olunur, yaralılar belə dikəlib vuruşurlar. Bütün gecəni səhərəcən döyüş davam edir, yanğınlar başlayır, küçələr meyidlə dolur.
…General Muravyov və general Saken elçi kimi qalaya daxil olub türk paşasına vəziyyətin çıxılmazlığını söyləyir və təslim olmağı tələb edirlər… Vəziyyətin imkansızlığını görən Kösə Məhəmməd paşa təslimə razılıq vermək istədikdə axısqalılır qəzəblənir və qəti etiraz edirlər. Axısqalıların ağsaqqalı olan Fətullanın çılğın etirazı xüsusilə qeyd olunur. Muravyov onu da əlavə edir ki, dağ əhalisi olan Axısqa türkləri heç vaxt, heç kimə boyun əyməmişdilər və indi də təslim olmaq istəmirdilər”.
Belə döyüşlərdən sonra Xəstə Həsən kimi dünyagörmüş bir insanın erməniləri Axırkələkdə yerləşdirilməsindən razı qaldığını söyləmək inandırıcı görünmür.
V. Haçıyev Xəstə Həsənin soykökündən bəs edərkən yazır: “Rus-Türk müharibəsindən sonra, 1830-cu ildə Türkiyədə yaşayan ermənilərin böyük bir qisminin Cavaxetiyə köçməsi ilə əlaqədər olaraq 1831-ci ildə tərəkəmələrin bir hissəəsi “Rusiya sərhədinə daxil olan və tarixi mənbələrdə Niyal düzü adlanan əraziyə köçürülür. Onlar Lebis, Van, Qarzamet, Kiondra, Daşlıqışla, Əlincə kəndlərində məskunlaşdılar və Lebis cəmiyyətini yaratdılar. Lebis cəmiyyətinin tərəkəmələri İmirhəsənni tayfasına aid idi”.
Araşdırıcının Xəstə Həsənin İmirhəsənni tayfasından olması fikri dolayısı ilə Aşıq İsgəndər Ağbabalıdan topladığımız bir rəvayətdə də təsdiqlənir. “Xəstə Həsənin Aşıq Poladla deyişməsi” adlanan bu rəvayətdə Axırkələyə dolu düşdüyündən məhsul qıt olduğu, Xəstə Həsənin kəndliləri ilə birlikdə Daşdıqullara taxıl almağa gəlməsindən, aşığın yatıb yuxuya qaldığından, öküzlərini qarğıdalı zəmisini yeməsindən, tarla yiyəsinin qızının öz rəfiqələrilə birlikdə onu daşlamasından danışılır. Xəstə Həsən onu daşlayan qızlar barədə deyir:
Biri çalmasını əyri çalayır,
Biri yavaş-yavaş yaxın gələyir,
Birisi birindən xəbər alayır,
O da deyir, “İmirhasannıdı!”
Aşığın öz şeri də onun İmirhasannı tayfasından olduğunu dolayısı ilə sübut edir. İmirhasannının da Oğuzun 24 tayfasından biri eymurluya daxil olduğu haqqında çox yazılıb.
Hacılı Asif görünür yuxarıda yazılanlarla tanış olmadığından Azərbaycanda yaşayan Axısqa türklərindən topladığı materialları çap etdirəndə yazıb: “Xasta Hasan Dersel kəndindəndir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb, qızı 1982-ci ildə Qazaxıstanın Talqar şəhərində 90 yaşında vəfat edib. Qız nəvələri Məhərrəm, Kazım Müzəffərovlar Talqarda, başqa qohumları Azərbaycanda yaşayır. Bu ustad aşığın son dərəcə kamil lirik şerləri xalqın hafizəsində indiyədək qorunub. Deyilənə görə, orijinal bir dastanın da yaradıcısı olub”.
Bu qeyddən sonra araşdırıcı aşığın 4 şerini verir. “Axısqa türklərinin folkloru” kitabında da aşığın 9 şeri verilmişdir. Lakin bu kitabda Xəstə Həsənlə bağlı əlavə bir bilgi verilmir.
F.e.d. İ. Kazımov Axısqa türklərinin dialektini araşdırarkən o yerin ünlü insanları sırasında Xəstə Həsənin adını çəkib əsərlərindən nümunə göstərsə də, aşığın tərcümeyi-halını dəqiqləşdirəcək yazısına rast gəlmədik. Araşdırıcı 17-18-ci yüzilin sənətkarları sırasında “Ahırkelekli Hasta Hasan”ın da adını çəkir. Şerlərində 18-19-cu yüzillikdə yaşamış Vaqifin, Gövhərinin adını çəkən Qul Qaranı, Aşıq Urfanı, Usta Polad kimi sənətkarlarla qarşılaşan, nəvə-nəticəsi günümüzədək yaşayan bir insanın 17-ci yüzildə yaşaması inandırıcı deyil.
Sank-Peterburqda çalışan həmyerlimiz, f.e.n. Faiq Çələbi 1997-ci ilin 1-5 dekabırında Bakıda keçirilən Albert Beys adına Beynəlxalq Konfransın Təşkilat Komitəsi, Azərbaysan EA Nizami adına Ədəbiyyat İnstitutu və Xətai Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi “VI Lord Beys Konfransı və Dədəm Qorqudun kitabı” konfransında “Xəstə Həsən dastanı” adlı məruzə ilə çıxış etdi. Araşdırıcı əsas diqqəti Qazaxıstan Respublikasının Çimkənd bölgəsində yasayan axısqa türklərindən Xəstə Həsənlə bağlı topladığı şer və rəvayətlərə yönəltdi və çıxışını Aşıq İlyas Dadaşovdan topladığı material üzərində qurdu. Burada da Xəstə Həsənin tərcümeyi-halına dəqiqlik gətirən fakt və rəqəmlərə toxunulmadı.
Göz önünə sərdiyimiz qaynaqlar onu göstərir ki, araşdırıcılardan heç biri Xəstə Həsənlə bağlı yazılı qaynaq əldə edə bilməyib. Belə olan halda sənətkarın yaşadığı dövrü müəyyənləşdirmək üçün ən tutarlı sənəd keçmişdə yazılmış cünglər olur. Xəstə Həsənin şerləri olan yeganə çüngü İkinci Dünya Savaşında həlak olmuş, Ağbaba mahalının Ellər kəndindən (indiki Ermənistan Respublikası) olan Daşdan Daşdanov tərtib edib. Orada Xəstə Həsənin üç şerini verib və altından 5.II.1935 qeydi edilib.
Belə vəziyyətdə ənənəvi üsuldan- xatirələrdən, rəvayətlərdən və aşığın öz şerlərindən istifadə etməklə onun dövrünü müəyyənləşdirmək lazım gəlir. Bu baxımdan topladığımız üç rəvayət, 82 şer və beş xatirədən araşdrıcıya ən çox informasiya verən Xəstə Həsənin “Bir” rədifli divanisidir. Divaninin əlimizdə yeddi nüsxəsi var. Bunlar arasındakı fərq çox azdır. Ancaq ilk baxışda kiçik görünən bu fərqlər böyük ziddiyət yaradır. Çünki bu tarix göstərən misradadır. 5 bənddən ibarət olduğunu güman etdiyimiz divaninin əlimizdə olan nümunələrinin hamısı 4 bənddən ibarətdir.
Bu şer üzərində daha çox duracağımızdan Aşıq İslam Ərdənərdən toplanmış variantı bütövlükdə veririk.
Abi çeşmə göllərində sona da bir, qaz da bir.
Süsən sünbül, mor bənəvşə, bülbül ötər yazda bir.
Vaqif dərddən xəbərdardır, Gövhərinin qiyməti yox.
Qul Qaranı, Qara Zülal, Aşığ Omar sözdə bir.
Qurbanı haqq aşığıydır, dayıma xamnan sökər.
Dəstinə alıp qələmi, xəddinə bir xədd çəkər.
Çöllü İsmail tac idi, cannan qasavvət tökər.
Kərəm ki yandı atəşə, od da birdi, köz də bir.
Molla Xəlis dəlalətdən içdi eşqin badasın,
Kyftadiyə pay verdilər onnan da ziyadasın,
İrfanı dərya-ümmandı keçmək olmaz adasın,
Aşıx Seyfi, Usta Polad, Dəli Tamı sazda bir.
İşdim eşqin badasını, həm oxuyam, həm yayam,
Böylə getməz bu rüzigar, həlbət gələr bir ayam,
Sənə min iki yüz on səkkiz, yox tarixin sayam,
Çox aşıxlar gəldi-getdi, Xəstə Həsən yüzdə bir.
Şerin yaranması ilə bağlı əlimizdə eyni məzmunlu üç rəvayət var. Bunlar Aşıq İslam Ərdənərdən, Aşıq İsgəndərdən və Aşıq Murtazadan toplanıb. Orada deyilir ki, Həsən yeniyetmə çağlarında bir qıza vurulsa da ona qovuşa bilmir. Aşıq qoca vaxtlarında kəndki Fədi adlı gəlin sevgilisinə bənzədib ona şerlər qoşar, görəndə söz atarmış. Bir dəfə də kəndə əriksatan cəlibmiş. Aşıq yaşıdları ilə ərik alıb yeyərkən Fədi də kənd arvadları ilə ərik almağa gəlibmiş. Aşıq yediyi əriyin dənəsini Fədiyə atır ki, dönüb ona baxsın. Aşığın bu hərəkətindən hirslənən Fədi məsələni ailəsinə deyir. Ailə üzvləri məsləhət-məşvərətdən sonra bildirirlər ki, kimi tanınan Xəstə Həsənin hörməti el arasında çoxdu. Ona bir şey etsələr özləri çətin vəziyyətə qalarlar. Yaxşısı budur o tayfanın vurub-tutanı, aşığın qardaşı Dəli Avdıllanı şəriətə küfürdə şərləyib həbs etdirsinlər. Bununla yalnız qoca aşığa deyil, bütün tayfalarfna zərbə vurmuş olarlar. Onlar planlarını həyata da kesirirlər. Aşıq məsələnin nə yerdə olduğunu bilsə də, üstünü vurmur. Zamanını gözləyir. Ramazan bayramı günü sazını qoltuğuna vurub Dəli Avdıllanı həbsdən azad etdirməyə yollanır. Bundan qarşı tərəf də xəbər tutub əks tədbir hazırlayır. Bölgənin ünlü aşıqlarından olan İrfanını da götürüb Xəstə Həsənin getdiyi yerə gəlir və aşıqların qarşılaşmasına nail olurlar. İrfanı Xəstə Həsəni bağlaya bilmir. Nə deyirsə cavabını alır. Məclisdəkilər onun hünərini alqışlayıb əvəzsiz aşıq olduğunu söyləyəndə Xəstə Həsən yuxarıdakı şerlə onlara cavab verir.
Onun bu təvazökarlığı, hətta onu bağlamaq istəyən İrfanını belə yüksək qiymətləndirməsi məclisdəkiləri razı salır. Aşığa ənam- hədiyyə vermək istəyəndə “Qul azad olur” şerilə qardaşı Dəli Avdıllanı azadlığa buraxılmasını istəyir və istədiyinə nail olur.
Divaninin möhürbəndindəki dördüncü misra İslam Ərdənər və Osman Əhməd oğluda “Sənə min iki yüz on səkkiz, yox tarixin sayam”, Aşıq İskəndər Ağbabalıda “Min iki yüz on dörd sənə, yox tarixim sayam”, Aşıq Murtazada “Min iki yüz qırx sənədi, tarixim yoxdu sayam”, Orxan Özbəkdə“Sənə bin iki yüz doxsan, hesabı yox ki sayam”, Ensar Aslanın“Yıl min üs yüz on səkkiz, hesabı yox ki sayam” kimidir. Bunu miladi təqviminə çevirəndə birinci 1803-cü ilə, ikinci 1799-cu ilə, üçüncü 1825-26-çı illərə, dördüncü 1873-cü ilə, beşinci isə 1903-cü ilə uyğun gəlir.
Birincisi: Şenliyin doğum tarixi 1850-1853-cü illər göstərilir. Dayısı İbrahim onu sınaq üçün ustad yanına gətirəndə yəqin ki, 17-20 yaşında olarmış. Aşıq Nuruya çavab verəndə şerlərini yetkin aşıqlar kimi təxəllüslə bitirir. Demək, Aşıq Nuru ilə Şenliyin görüşü ən tezi 1867-1873-cü illərdə ola bilərdi. Hər iki kitabdakı rəvayətdə deyilir ki, dayısı İbrahim yeniyetmə Hasanı- gələcəyin Aşıq Şenliyini Levis kəndinə ustad sınağına gətirəndə Xəstə Həsən həyatda yoxmuş. Aşıq Nuru da bölgədə ustad aşıq kimi tanınıbmış ki, Şenliyi onun yanına gətiriblər. O da, ustadının daha bişkin saydığı şerlərilə sınağa Şenliyi çəkib və sənətin sirlərini ona öyrədib. Nədənsə şerdəki tarixlə rəvayət arasındakı uyğunsuzluq araşdırıcıların diqqətini çəkməyib.
İkincisi: Rəvayətdən aydın görünür ki, Axısqa hələ Rusiyanın işğalı altına düşməyib. Yəni 1829-cu ildən əvvəldir. Adamların həbsi və buraxılmasında Rusiya məmurlarının rolu yoxdur.
Üçüncüsü: Xəstə Həsənin şerlərində Rus dilindən gəlmə bir sözə belə rast gəlmirik. Halbuki Rusiya işğalı altında yaşayan aşıqlarımızın əksəriyyətinin şerlərində buna rəst gəlirik.
Dördüncüsü: Şenlik Aşıq Nuru ilə görüşəndə Aşıq Nurunun 40-45 yaşı olması gərək idi. Xəstə Həsən də, sözsüz ki, şagirdindən böyük olmalıydı. Bu halda 1290 və1318 həqiqətə uyğun gəlmir.
Bütün nüsxələrdə, eləcə də Xəstə Həsənin əlimizdə olan öz şerlərində və deyişdiyi aşıqların şerlərində il əvəzinə “sənə” işlədilir. Yalnız Ersar Arslan nısxəsində “yıl” yazılıb. Bu da misranın sonralar dəyşikliyə uğradəğına bir tutalğacdır.
Beşincisi: Qohumlarının xatirələrinə görə, aşığın Mədəd və İsmayıl adlı oğlu, Sənəm adlı qızı olub. Mədədin də 4 nəvəsini və İsmayılın oğlu Həsəni xatırlayırlar. Həsənin oğlu Muradın 1984-cü ildə 94-95 yaşlarında olduğunu, qardaşı nəvəsi Mədədin 1982-ci ildə 117 yaşında dünyasını dəyişdiyini nəzərə alıb yaşlarını təxmini hesablayanda şerlərdəki 1290 və 1318 rəqəmlərilə uyğun gəlmir.
Qalır 1214, 1218, 1240 tarixləri. Bir-birindən o qədər də çox fərqlənməyən bu tarixlərdən sonuncunu daha münasib sayırıq. Çünki, birincisi bu rəqəm aşığın öz nəslindən toplanmış şerdəndir. İkincisi, aşığın nəvə-nəticəsinin doğum tarixlərilə hesablayanda bir uyğunluq yaranır.
Xəstə Həsənin nəvə-nəticələri aşağıdakı bəndlər istinadən aşığın 83 yaşında dünyasını dəyişdiyini söyləyirlər.
Xəstə Həsən deyər: Xəstə sinnidir,
Gey, qurşan əynini, xasta sinnidir,
Ölüm haxdan gələr, xasda sənnidir,
Gəl kəsmə üstümnən ayağın, gözəl.
Xəstə Həsən, qəmli-qəmli söylərəm,
Qara xəncər vurub bağrım teylərəm,
Səksən üçdə ömrü tamam eylərəm,
Sayılmaz tarixi qədərim mənim.
Rusiyanın Axısqanı işğalı, buraya erməniləri köçürməsi, sonrakı iki rus-türk müharibəsi bölgənin müsəlman əhalisinə ağır zərbə vurmuşdur. Müharidələrdən sağ çıxmış əhalinin bir qismi vətəndən didərgin düşmüşdür. Birinci Dünya Savaşı illərində bölgə əhalisinə bir tərəfdən rus qoşunları və məmurlar divan tutmuşdursa, o biri tərəfdən də gəlmə ermənilər qırğınlar törətmişlər. Bu qırğının qarşısını almaq və soydaşlarını xilas etmək üçün ünlü publisist, Mirzə Cəlillə birgə “Molla nəsrəddin” jurnalının əsasını qoyan Ömər Faiq Nemanzadənin başçılığı ilə Axısqa Türk Respublikası qurulmuşdur. Lakin bu uzun sürməmiş, bolşeviklərin gəlişilə hər şey dağıdılmışdır. Hələ bu azmüş kimi 1944-cü ilin noyabrında Axısqa türkləri elliklə sürgün edilmiş və hələ də vətənlərinə dönmələrinə icazə verilməmişdir. Xəstə Həsənin nəvə-nəticəsi də Aspinza rayonunun Lebis kəndindən sürgün edilmişdir. Bu müharibələr və əsasən də sürgün bölgədə yaşamış aşıqların şerlərinin toplanmasına, nəşrinə və Azərbaycanda yayılmasına əngəl olmuşdur.
Çap olundu: Xəstə Həsənin ömür yoluna aid bir dəqiqləşdirmə. ”Ortaq türk keçmişindən ortaq türk gələcəyinə». II Uluslararası Folklor Konfransının materialları, (18-21 mart 2004-cü il). AMEA Follkor İnstitutu, 2004, səh.106-117
|