Əli Şamil Hüseyn oğlu
AMEA Folklor İnstitunun elmi işçisi
ƏLİ KAMALİ ARXİVİNDƏKİ«KOROĞLU» EPOSUNUN VARİANTLARINDA
MƏTİNŞÜNASLIQ MƏSƏLƏLƏRİ
İranın mərkəzi bölgələrindən olan Əraq ostanının (inzibati ərazi bölgüsü) Qərağan bəxşinin (rayon) Bəndəmir kəndində doğulan, ixtisasca hüqüqçu olan Əli Kamali (1944-1996) 30 ilə yaxın Tehranda vəkil işləmişdir. Zaman keçdikcə onu vəkil kimi tanıyanların sayı azalır, folklor toplayıcısı kimi tanıyanların sayı isə artır. Bu da səbəbsiz deyil. Sağlığında Savə, Həmadan, Qəzvin, Xorasan və başqa bölgələrdən 100 qovluqdan çox folklor nümunəsi və 17-20 yüzillərdə yaşamış şairlərin, aşıqların əsərlərini toplamışdır. Bu materialların bir qismindən istifadə edərək «Varlıq» jurnalında 20-yədək məqalə çap etdirsə də onların, kitab kimi işıq üzü görməsinə nail ola bilməmişdir.
Ə.Kamali coşqun vətənpərvər, çılğın bir millətsevər, bacarıqlı vəkil olsa da, peşəkar folklorçu deyildi. Elə buna görə də arxivində olan qovluqlar nə arxivşünaslıq, nə də folklorşünaslıq baxımından pasportlaşdırılıb. Kiçik yaşlarından şeir həvəskarı olsa da, onu ədəbiyyata gətirən ölkədəki milliayrıseçkiliyə etiraz olmuşdur. Məhkəmələrdə ayrı-ayrı adamların hüquqlarını müdafiə edən Əli Kamali bir millətin hüquqlarının tapdanmasına dözə bilməmişdi. Soydaşlarına, millətinə atılan böhtanlara cavab vermək üçün içtimai-siyasi hərəkata qoşulmuş, İranda baş verən inqilabın xalqların hüquq bərabərliyinə hörmətlə yanaşacağına inanmışdı. Hətta inqilab günlərində söylənən şüarları toplayaraq 1982-ci ildə Tehranda öz pulu ilə nəfis tərtibatla çap etdirmişdi.
Lakin inqilaba bəslədiyi ümidi puça çıxdıqda, İran İslam İnqilabının ölkədə yaşayan xalqlara azadlıq və səadət gətirmədiyini gördükdə hüquqşünaslara məxsus bir metodla faktlar toplamağa, faktların dililə böhtançılara cavab verməyə girişmişdi.
«Türklərin zəngin ədəbiyyatları, folklorları yoxdur. Bu dildə gözəl bədii nümunələr yaratmaq olmaz!» deyən şovinistlərə cavab vermək üçün doğulub boya-başa çatdığı bölgədən folklor nümunələri toplamağa başlamışdı. Zəngin bir xəzinə ilə rastlaşdığını görən Ə.Kamali ötən yüzilliklərdə yaşamış şairlərin küncdə-bucaqda qalmış əsərlərini əldə edərək onları çapa hazırlamağa təşəbbüs göstərmişdir. Gedə bilmədiyi yerlərə bu işin həvəskarlarını yollamış, onların xərclərini öz cibindən ödəmişdi.
Beləliklə, Ə. Kamalinin evində ədəbiyyat, folklor və etnoqrafiyaya dair zəngin, lakin pərakəndə bir arxiv yaranmışdı. Çox təəssüf ki, nə özü, nə də bu işə cəlb etdiyi şəxslər müvafiq sahədə mütəxəssis olmadıqlarından toplanılan materialları çapa hazırlayarkən müasir ədəbi dil normalarına uyğunlaşdırmağa çalışmışlar. Bünlara baxmayaraq toplanmış əlyazmalar və lentyazıları araşdırıcı üçün söz deməyə, fikir yürütməyə geniş imkan açır.
Ə. Kamalinin doğulub boya-başa çatdığı bölgə çox vaxt buranın ünlü şəhərlərindən Savənin adıyla adlandırılır və bölgədə yaşayan türklər Xələc, Əfşar və Şahsevən tayfasından olduqlarını söyləyirlər. 20-ci yüzilin əvvəllərində bölgədə əksəriyyəti türklər yaşayan 800-ə yaxın kənd olmuşdu. Hökümətin yeritdiyi siyasət və urbanizasiya nətiçəsində kəndlərin sayı azalaraq 450-yə enmişdi. Ə.Kamali də folklor materiallarının çoxunu məhz bu bölgədən toplamışdı. Onların arasında 18-19 yüzilliklərdə yaşamış mərəğeyli Tilimxana xüsusi diqqət yetirərək onun divanını çapa hazırlamışdı.
Şahsevənlər deyəndə öncə nəzərimizə Azərbaycan Respublikasında və Savalan dağı ətrafında toplu yaşayan Şahsevənlər gəlir. Lakin İran İslam Respublikasının ayr-ayrı bölgələrində də Şahsevənlər yaşadığını unutmamalıyıq. Şahsevənlərin hamısının soykökü eyni tayfalara dayanmır. Səfəvi hökmdarı I Şah Abbasın (1587-1629) siyasi məqsədlərlə formalaşdırdığı Şahsevən elləri ayrı-ayrı tayfalardan ibarətdir. Bunu Azərbaycanda və Savə bölgəsində yaşayan Şahsevənlərin timsalında aydın görmək olar.
Azərbaycan Sovet Ensiklopediyası «Şahsevənlər» məqaləsində: «Şahsevnələr - azərbaycanlıların etnoqrafik qrupu. Cənubi Azərbaycanın şimal-şərqində, Savalan dağı və Qarasu çayı arasındakı ərazidə (təqribən 250 min; 1983), qismən də Azərbaycan SSR-in cənubunda məskunlaşmışdır. I Şah Abbas (1587-1629) Azərbaycanın güclü tayfa başçılarının mərkəzi hakimiyyətə tabe olmamaq cəhdlərinin qarşısını almaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə bəzi tayfaları (əfşar, qacar və s.) öz tərəfinə çəkərək «şahsevən» adlı xüsusi şah qvardiyası yaratdı. Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən şahsevənlər sonralar Azərbaycanın siyasi həyatında mühüm rol oynamışlar. Ərdəbil, Muğan, Qəzvin və s. ərazilərdə şahsevənlərə xeyli torpaq əraziləri bağışlanmışdı. 19 əsrin sonunda şahsevənlərin əksəriyyəti oturaq həyata keçdi. Maldarlıq, toxuculuq, qismən əkiçiliklə məşğul olurdular. Onlarla tayfa, tirə və qoldan (dursunxocalılar, məstalibəylilər, zərcərdlilər, quzatlılar, inanlılar, rzabəylilər, poladbəylilər, talışmikayıllılar, novruzbəylilər və b.) ibarətdirlər»- yazılıb.
Savə bölgəsini incələyən Əli Kamali isə şahsevənlərin etnik tərkibinin əfşar, xələc, bayat, qaraqoyunlu, dögər, mosul, bozçalu, əlqutlu, lək, aruxlu, inanlı, satlı, çələbi, sulduz, qarluq və b. tayfa və tirələrdən ibarət olduğunu yazır.
Azərbaycanda yaşayan şahsevənlərlə Savə ətrafında yaşayan şahsevnlərin arasındakı bu fərq heç də təsadüfi deyil. Qaynaqları diqqətlə gözdən keçirsək məsələyə aydınlıq gətirmiş olarıq.
Həmin qaynaqları aşağıdakı kimi sıralaya bilərik. Qaraqoyunlu Məhəmməd şah 1410-33-cü illərdə, qardaşı Əmir 1433-45-cü illərdə, Qaraqoyunlu Məhəmməd Mirzə Pirbudaq 1466-cı ildə, Alpaut tayfasından olan Pir Məhəmməd 1467-1468-ci illərdə Bağdadın hakimi olmuşdur.
Şah İsmayıla məğlub olan Sultan Murad Yaqub oğlu da beş il yarım Bağdadda sultanlıq edib. Qaynaqlarda Barik bəy Pornakın adı İraqı-Ərəbin mütləq hakimi kimi qeyd edilir. I Şah Təhmasib Mosul tayfasından Əmir xanı öldürtdükdən sonra Zülfüqar bəy ibn Noxud Sultanı Bağdada hakim təyin edir. I Şah Təhmasib Təkəli tayfasının qətlinə fərman verəndə təkəlilər Kürdüstan yolu ilə min bir əziyyətlə qaçıb Bağdada gedir, oranın hakimi Məhəmməd xan Şərəfəddin oğlu Qunduz Soltanı və b. öldürüb başlarnı şaha göndərirlər.
Müxtəlif zamanlarda ustaclılar qismən İraqi-Əcəmin, təkəlilər İsfahan və Həmədanın, mosullular Bağdadın hakimi olmuşlar. Sadaladığımız faktlar 15-16-ci yüzillikdə Bağdad hakimlərinin, əsasən, türklər olduğunu göstərir. Yeni təyin olunan hər bir hakim də öz mövqeyini möhkəmlətmək üçün tayfasını, qohum-qələbəsini özü ilə aparırdı. Demək, orta yüzilliklərdə Bağdad ətrafında sıx bir türk toplumu varmış. I Şah Abbas da onlardan özünə sədaqətli olanları - tərəfdarlarını Savə ətrafında yerləşdirməklə baş verə biləcək qiyamın qarşısını almış və dövlətini gücləndirmişdir. Buna görə də bölgədə yaşayan türklərin böyük bir qismi bu gün də özlərini şahsevən, yaxud eli-bağdadi (yəni Bağdad elindən olanlar) adlandırırlar.
400 ilə yaxın bölgədə aparıcı olan, elat həyatı yaşayaraq-yayda yaylağa, qışda qışlağa köçən Şahsevənlərin tayfa qanunları 20-ci yüzillikdən zəifləməyə başlayır və İkinci Dünya Savaşından sonra tədricən oturaq həyata keçirlər.
Qafqaz Rusiya tərəfindən işğal ediləndən sonra Azərbaycanın qüzeyi ilə güneyi arasında əlaqələr zəifləsə də, tam kəsilməmişdi. Amma Xorasan, Şiraz, Savə ətrafında yaşayan türklərlə əlaqələr, demək olar, tamamilə kəsilmişdir. Həmin bölgələrdə yaşayan qacarların, qaşqayların, şahsevənlərin, əfşarların, xələclərin və b. tayfaların dialektləri, folkloru, adət-ənənələri layiqincə öyrənilib, təhlil edilməmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da əlaqələrimiz lazımi səviyyədə qurulmamışdır. Buna görə də araşdırıcılarımız həmin bölgələrə ekspedisiyaya gedib materiallar toplaya bilmirlər. Oraya getmək imkanı yarandıqda isə söyləyicilərin bir çoxunun dünyasını dəyişdiyi ilə rastlaşacağıq. Bu baxımdan da Əli Kamalinin topladığı materiallar olduqca dəyərlidir.
Əli Kamali hələ sağlığında arxivində olan «Koroğlu» dastanının bəzi qollarının əlyazmasının və lent yazılarının surətini tanış olmaq üçün mənə vermişdi. Çox təəssüf ki, onları Ə.Kamalinin sağlığında çapa hazırlaya bilmədim. Folklor İnstitutunda bu mövzu iş planına salınandan sonra «Koroğlu» dastanının lentə alındığı yeddi kaseti dinləyib yazıya köçürməyə başladım. Bu zaman bəzi çətinliklərlə rastlaşdım. Ədəbi dil nomalarına alışdığımdan söyləyicinin ləhcə ilə danışdıqlarını anlamağa çətinlik çəkirdim. Lenti bir neçə dəfə dinlədikdən sonra qulağım səs tonuna alışsa da, bəzi səsləri yazmağı bacarmadım. Əlifbamızda bu səslərin yazılması üçün işarələr olmadığından səs əlifbamızda hansı hərflə daha yaxın səslənirsə o hərflə yazdım.
Söyləyicinin özü də səsləri iki, bəzən üç şəkildə deyir. Məs: məgər- məyər, ayax-ayaq, ağıl-əqil, cavannığ-cavannık-cavannıx, heç-heş, vilayət-vəlayət, Eyvaz-Eyvəz-Ayvəz, duşmən-düşman, üç-üş, heç-heş və s.
Söz sonundakı səs düşür. Məs: gəl əvəzinə gə, dükandan əvəzinə dükanda və s. deyir. Söz ortasında səs düşür. Məs: şəhər əvəzinə şər, kövşən əvəzinə köşən, gətirəm əvəzinə gərəm və s.
Söz ortasında səs artır. Məs: nərə əvəzinə nəhrə. L səsinin d-ya(doymazlar-doymazdar), d səsinin t-ya(ad-at), z səsinin s-ya( olmaz-olmas), ç səsinin ş-ya(açdı-aşdı) çevrilməsi xarakterikdir. Diqqətlə dialektoloji material toplayası olsaq yuxarıdakı hallara respublikamızın müxtəlif bölgələrində rast gələ bilərik. Söyləyici danışarkən işlətdiyi ərəb sözlərinin sayı fars sözlərindən heç də az deyil.
Dilimizdə xarakterik olan səs əvəzlənməsindən başqa diftonqlar da var. «Koroğlu»nu söyləyən də diftonqlardan-qoşasəsdən geniş istifadə edir. Mətni dialektoloji baxımdan deyil, folklorçular üçün hazırladığımızdan onları xüsusi işarələrlə vermədik. Söz sonunda n səsilə y səsinin qarışığı kimi tələffüz edilən səsi y hərfilə verdik.
Bəzi sözlər isə bugünkü ədəbi dilimizdən fərqli olaraq orta yüzilliklərin ədəbi dilindəki kimi işlədilir. Məs: qaranlıq əvəzinə qaranquluq, otlayır əvəzinə otuşur, öpmək əvəzinə öpməlik, ikisi əvəzinə ikiləri, çalğıçı əvəzinə çalçı və s. Onları da olduğu kimi saxladıq.
Mətn anlaşıqlı olsun deyə ərəb, fars sözlərinin və bəzi məhəlli sözlərin lüğətini verdik. Danışıqda aydın başa düşülsə də yazıya köçürüldükdə anlaşılmazlıq yaratdığına görə bəzi söz və ifadələri [] işarəsi arasında, qafiyədən artıq, mətndən kənar hesab etdiyimiz söz və ifadələri () işarəsi arasında, sonradan dəqiqləşdirmək üçün verdiyimiz suallarına cavabları{} işarəsi arasında verdik. Aşığın mövzudan kənara çıxıb izahlar verdiyi yerlərdə * işarəsi qoyaraq mətni səhifənin aşağısına keçirdik.
Lentlər üzərində işimizi bitmiş hesab etdiyimizdən onları Azərbaycan MEA Folklor İnstitutunun arxivinə bağışladıq ki, lazım gələndə dil tarixçiləri, dialektoloqlar, etnoqraflar həmin materiallardan istifadə edə bilsinlər.
Lentdəki mətndə çoxlu qarışıqlar da var. Bunların bir qismi şeirlərdə heca fərqi, vəzn, qafiyə pozuqluğudursa, bir qismi də şəhərlərin, insanların adlarının fərqli-fərqli söylənməsidir. Qəribə burasıdır ki, bu fərqlilik ayrı-ayrı söyləyicilərin deyil, eyni insanın danışığındadır. Məs: Bolu Sərdar bəzən Koroğlunun dəliləri sırasında, hətta sərkərdəsi kimi təqdim edildiyi halda, bəzən də düşmənləri sırasında, qoşun toplayıb Çənlibelə hücum çəkən kimi təsvir edilir.
Aşıq «Koroğlunun durna səfərinin dastanı payama çatır» qolunu soyləyərkən dəlilərin durna ovu üçün Duran şəhərinə getdiklərindən danışır. Amma durna ovlayıb həbs edildikləri vaxt hadisələr Tokat şəhərində baş verir. Bunu söyləyicinin coğrafi biliklərinin zəifliyi kimi qiymətləndirmək olmur. Çünki «Bu Koroğlunun Dəmirçioğlu səfəriydiki, ərz elədim» qolunda Hələpcə sözünə belə bir izah verir: «Hələpçə şəri də hayandadı? Həlbətdə, bir Hələp var Suriyadadı, bir Hələp var İranda Zəncan yanındadı, bir Hələpçə Türkiyədədi. Hələpçədə bir nalbənt var, bu nalbəndi gərək gərəm».
Başqa qolları söyləyəndə də aşıq coğrafi adlara aydınlıq gətirir.
Maraqlı burasıdır ki, belə anoxronizmlərə Əli Kamalinin arxivindəki «Koroğlu» mətnlərində də rast gəlinir. « Eyvazın durna gətirməyə getməsi» qolunda Koroğlu dəlilərini durna teli üçün İstanbula yola salır. Dəlilər Tokatda həbs olunur. Onları xilas etmək üçün səfər hazırlığı görəndə Koroğlu belə oxuyur:
Səfər oldu Dağıstana,
Mənimnən gedən gəlsin,
Namərd meydana girməsin,
Mərd badəsin içən gəlsin.
Yaxud başqa bil misal. Koroğlunun qarının evində qonaq qalması, ona şeir deməsi müxtəlif qollarda söylənilir. «Koroğlunun durna səfərinin dastanı payama çatır» qolunda Bolu Sərdar Eyvazın, Dəmirçioğlunun səfər yoldaşı kimi təsvir edilirsə, başqa bir yerdə Eyvaz Dəmirçioğlundan Bolu Sərdarın kim olduğunu xəbər alır. Ənənəvi olaraq Eyvazı Nigar xanımın xahişilə Koroğlu Çənlibelə gətirir. Başqa bir variantda isə Nigar xanım İstanbuldan Çənlibelə gələndə Koroğludan Eyvazı ona tanıtmasını xahiş edir.
Bu və başqa dolaşıqlıqları aydınlaşdırmaq üçün aşıqla mütləq görüşmək lazım idi. Lentdə adını, soyadını belə söyləməyən şəxsin müəyyənləşdirilməsi o qədər də asan olmadı. Uzun illər Ə.Kamali ilə birgə işləyən Hüseyin Məmmədxani Güneylinin ciddi axtarışları nəticəsində aşığın yaşadığı yeri müəyyənləşdirdik. 2004-ci il dekabrın 31-də ədəbiyyatımızın və dilimizin vurğunlarından Hüseyin Məmmədxani Güneyli, Dərviş Bəhrəvan İnallı, Əskər Yaşıllı və Aşıq Əhədlə birlikdə Kərəc yaxınlığındakı Səidabad kəndində aşıqla görüşdük. Öyrəndik ki, 1932-ci ilin iyunun 2-də Qəzvin ostanının (vilayət) Bunizəhra mahalının İpək kəndində doğulmuş Aşıq Əliəkbər Zəbiulla oğlu Qurbani 20 ilə yaxındır Səidabad kəndinə yaşayır. (“Dədə Qorqud” jurnalının 2002-ci il 4-cü sayında çap etdirdiyimiz “Koroğlu” eposunun variantları Əli Kamali arxivində” məqaləmizdə H.Güneyliyə istinadən aşığın doğulduğu İpək kəndinin Həmədan ostanında olduğunu və Kərəc yaxınlığındakı Həşkert qəsəbəsində yaşadığını yazmaqla yanlışlığa yol vermişik.)
Aşığın ata-babalarından eşitdiyinə görə, ulu babaları elliklə Muğandan Şiraz ətrafına, son yüzilliklərdə isə oradan Qəzvinə köçüblər. Babası Sərxoş İpək kəndində doğulub və orada da ölüb. Aşığın çalıb-oxumasını, danışığını lentə almaq üçün özümüzlə kamera və diktafon da götürmüşdük. Yaxşı ki, «Koroğlu» dastanının lentdən yazıya köçürdüyümüz mətnilə yanaşı aşığın Əli Kamali üçün söylədiyi lentlər də yanımızda idi.
Aşıq Əliəkbər Qurbani Əli Kamali üçün 1986-1988-ci illərdə «Koroğlu» dastanının bir neçə qolunu söylədiyini xatırladı. Biz yazıya aldığımız mətndə dəqiqləşdirmələr aparmaq istədikdə aşıq həmin mətni o söyləmədiyini bildirdi. Lentləri səsləndirəndə aşıq heyrətləndi. Səmimi etiraf etdi ki, əvvəllər söylədiklərini unudub. Biz ondan dolaşıq olan parçaları yenidən söyləməsini xahiş etdik. Aşıq lentdəkindən fərqli bir variant danışmağa başladı.
Aşığın yardımı ilə qarışıqlığı düzəldə bilməyəcəyimizi gördükdə dastanı kimdən öyrəndiyini, lüğətlərdə olmayan məhəlli sözlərin mənasını xəbər aldıq. Aşıq Əliəkbər Qurbani ustadının Savənin Səngək Mərəğeyli (Tilimxan da bu kənddə doğulub.) Aşıq Əbülqasım olduğunu və ondan 20-ci yüzilin 50-ci illərində 18 dastan öyrəndiyini söylədi.
Kitabi-Dədə Qorqud»dan bəhs edən araşdırıcılarımız eposdakı anoxronizmiləri müxtəlif yöndən qiymətləndirmişlər. «Koroğlu» dastanı da anaxronizmlərdən xali deyil. Bu fərqli söyləyicilərdən yazıya alınmış mətinlərdə deyil, bir aşığın danışdığı qollarda da özünü cöstərir. Uzun illər aşıqlar üzərində aprdığımız müşahidələrdən və Ə.Kamali arxivindəki variantları çapa hazırlayarkən Aşıq Əliəkbərlə söhbətimzdən aşağıdakıları aydınlaşdırdıq:
1.Aşıq dastanın əsas sujet xəttini yadda saxlayır. İkinci dərəcəli detallardan məclisdə əyləşənlərin cəmiyyətdəki mövqeindən, yaş dərəcəsindən, cinsindən asılı olaraq istifadə edir. Məs: Məclisdə nüfuzlu bir qarı, el ağsaqqalı olduqda Koroğlunun qarıya qonaq olmasını, onunla deyişməsini söyləmir.
2.Aşıq dastanda Koroğlunun dəlilərinin və dostlarının adını dəyişmir. Onun düşmənlərinin adlarını isə dəyişə bilir. Bu məclisdə iştirak edənlərin mötəbər şəxslərlə bağlı olur. Məclisdəki mötəbər bir şəxsin adı dastandakı düşmən obrazın adıyla üst-üstə düşdükdə aşıq onu başqa adla əvəz edir. Əgər şeirlərdə həmin ad qafiyə, rədif kimi işlədilrə onda başqa bir həmqafiyə addan istifadə edir. Aşıq Əliəkbərə «Koroğlunun durna səfərinin dastanı payama çatır» qolunu danışarkən xanın adını əvvəl nədən bir cür, yarıdan sonra başqa cür deyibsiniz? sualı ilə müracət etdikdə o, «Görünür məclisə həmin adda nüfuzlu bir şəxs daxil olduğunu mənə bildiriblər, mən də tez adı dəyişmişəm. Əvvəldən həmin şəxs məclisdə olsaydı başlanğıcdan adını dəyişərdim. Cəfəri Səfər, Qəfər, Həsəni Hüsən etmək aşıq üçün o qədər də çətin deyil-cavabını verdi.
3.Aşıq bəzən məclisn vaxtını uzatmaq və ya qısaltmaq üçün ikinci dərəcəli detallardan istifadə edir. Bu sujet xəttinə xələl gətirmir. Məs: Aşıq Əliəkbər Koroğlunun Nigar xanımı, Eyvazı, Dəmirçioğlunu gətirməyə gedərkə qarının evində qonaq qalmasını, pilov bişirtdirib yeməsini, qarı ilə deyişməsini söyləyb.
Aşığın söylədiyi «Koroğlunun durna səfərinin payama çatır» qoldakı bir gəraylıda «Topu tüfənglər atuldu» misrasına var. Bu da Koroğlunun tüfəng çıxdıqdan sonra meydandan çəkilməs fikrilə uyğun gəlmir.
Anoxronizm kimi görünən bu detallar araşdırıcılarımıza «Kitabi-Dədə Qorqud»dakı anoxronizmiləri aydınlatmağa yardımçı ola bilər.
Lentdən yazıya aldığımız mətindəki qafiyə, rədif, heca, fikir pozğunluğunu aradan qaldırmaq üçün Aşıq Əliəkbərə müraciət etdik. O, sazı çalaraq əvvəllər söylədiklərini təkrarlamağa çalışdı. Onun çalıb-oxumasından və söhbətlərindən aşağıdakıları müəyyənləşdirdik:
1.Aşıq Əliəkbər «Koroğlu» dastanından bildiyi «Bu Koroğlunun Çəmlibelə gəlməgidi və Ərəp Reyhanı görməgidir», «Bu da Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi və onu geri almagıdır», «Bu Koroğlunun Nigar səfəriydi ki, dastanı Nigrı getdi gətirə», «Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi», «Bu Koroğlunun Dəmirçioğlu səfəriydi ki ərz elədim», «Koroğlunun durna səfərinin dastanı payama çatı», «Bu da Eyvazın Türkmənə getməgidi və ata-anasını toyuna dəvət etməgidi», «Bu dastan da Koroğlunun Bolu Sərdarı axtarmağıdı» qollarıdır.
Qolların adlandırılması yada «Kitabi-Dədə Qorqud»un boylarının adını, M.Füzulinin «Leyli və Məcnun» poemasının fəsillərinin başlıqlarını və b. orta əsr qaynaqlarını yada salır. Məzmunca da bir oxşarlıq var. Belə ki, dədə Qorqud boylarında olduğu kimi Aşıq Əliəkbər də bir neçə qolun sonunda dastanın adını çəkir. Aşığın söylədiyi qolların heç birində Aşıq Cünun adı çəkilmir. Bunu diqqətsizlik kimi qiymətləndirmək olmaz. Çünki söyləyici bir neçə dəfə kitabda Aşıq Cünunun adı olduğunu, lakin yaşadığı bölgədə yayılmış «Koroğlu» dastanlarında belə bir adın olmadığını söyləyir.
Lakin İslam Əfşar Xələcin yazıya aldığı qollarda Aşıq Cunun hadisələrdə fəal iştirak edir, şeirlər söyləyir, çalıb oxuyur. İ.Ə.Xələci öz şeirlərini də yazıya aldığı qolda verir və başqa bir qeydində bunu aşıqlar da oxuduğunu söyləyir. Bu da onu göstərir ki, bölgədə hələ də «Koroğlu» dastanının qolları formalaşmaqdadır. Aşıqlar və el şairləri mövzu ilə bağlı şeirlərini dastana əlavə edə bilirlər.
Aşıq Əliəkbər bir neçə dəfə Koroğlunun İrana gəlmədiyini, Ərzurum ətrafında yaşadığını və Osmanlıya səfər etdiyini xüsusi vurğulasa da «Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi» qolunu danışanda Türkmənsəhradan söz açır. Aşığın özünün söylədiyini və əlyazmalarıdaki variantları diqqətlə incələdikdə aydın olur ki, Türkmən bugünkü Türkmənistan anlamında deyil. Təkə Türkmən, Turkmən sırf məlum bir coğrafi məkan deyil, ümumiyyətlə türkmənlərin yaşadığı yer anlamındadır.
2.İstər Aşıq Əliəkbərin söylədiyi, istərsə də əlyazmalardakı variantlarda Yumuğ Əhməd, Qulu bəy kimi maraqlı obrazlar var. Koroğlu Nigar xanımı gətirərkən yolda Qulu bəyin ox atmağına heyran olur. Onu zorla atasından ala bilməyəgəyini gördükdə Nigar xanım işə qarışır. Atasını, anasını dilə tutaraq qulu bəyi özünə qardaş kimi Çənlibelə gətirir. Bu dəlilərin adıyla bağlı ayrıca qollar olmasa da əksər qollarda ən fəal iştirakçılarıdırlar.
Koroğlu dəlilərindən bəzilərinin adının sonuna balı sözü ələvə edilir. İsabalı, Eyvazbalı, Əhmədbalı və b. Görünür, balı sözünün də xüsusi bir anlamı, mənası var.
3.Bir qolda Çənlibeldə olduğu, hadisələrdə fəal iştirak etdiyi göstərilən dəli başqa bir qolda hələ Çənlibelə gəlməmiş təsvir edilir. Məs: İsabalı Nigar xanımın xidmətçisi kimi onun məktubunu Çənlibeldə Koroğluya gətirir. Başqa variantda Nigar xanımı gətirməyə gedəndə Koroğlu Çənlibeldə nizam-intizamı qorumağı İsabalıya həvalə edir.
4.Bölgədə saz, əsasən, musiqi aləti anlamında işlədilir. Bizlərdə saz dediyimiz musiqi alətinə onlar, əsasən, çöür, çöqür, çögür, tək-tək hallarda saz deyirlər. Ehtimal ki, Əfrasiyab Bədəlbəylinin «Musiqi luğəti» kitabında yazdığı: «çoğor-beş simli qədim Azərbaycan musiqi aləti» izahı da çöürə aiddir. Azərbaycanda geniş yayılmış qoltuq sazdan azacıq böyük olan çöürün qolu nisbətən uzun, sinə taxtası isə bizdə olduğu kimi nisbətən qabarıq yox, düzdür. Əsasən səkkiz simlidir.
5.Aşıqlar bizlərdə olduğu kimi sazın kökünü tez-tez dəyişmirlər. Havaların əksəriyyətini şur kökü üstündə oxuduqlarından ritmi dəyişməklə effekt yaradırlar. Buna görə də dastanda şeirlərin əksətiyyəti kəraylıdır, qoşmaya az-az rast gəlinir. Divani,müxəmməs, təcnis və b. şeir növlərinə isə demək olar rast gəlinmir.
6.Aşıq misralardakı heca fərqini musiqinin ahəngilə tənzimləyir. Buna görə də bəzi misralar özündən əvvəl və ya sonra gələndən nəinki bir-iki heca, bəzən dörd-beş heca fərqli olur.
Bizcə, bölgədəki musiqi alətlərinin, onların səsləndirilməsinin və havaların müqaysəli öyrənilməsinə böyük ehtiyac var. Musiq, mütəxəssisi olmadığımızdan bu işə girişməyib filoloji mətndən söhbət açacağıq.
Əli Kamalinin "Koroğlu"dastanı ilə bağlı olan və vaxtilə surətlərini mənə verdiyi, eləcə də arxivin gördüyüm materialları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Qara mürəkkəblə, səliqəli xətlə A-4 formatlı kağıza yazılmış, üzərində işlənmiş bir mətn də var. Mətnin əvvəlki iki səhifəsi əlyazmanın pasportu rolunu oynayır və informasiya baxımından zəngindir. Birinci səhifənin başında "tarix 12/4/1353"(miladi 3 iyul 1974) yazılıb. Ardınca 14 misralıq poetik təsvir gəlir. Əlyazma belə başlayır:
Yazacağam mən bu hekayəti bu gün qardaşıma,
İki ildir ki, salıb dörd dəfə minnət başıma.
Əzd edib üç gecədə vəqtimi dudtum özüm,
Yazmışam var bu kitab içrə nə həngamə sözüm.
Bu dastanı "dustu-əzizəm ağeyi-Həsən Fərzəndi Məhəmmədhəsən"in xatirinə qələmə alıdığını yazan İslam Əfşar Xələciyə görə "bu hekayəti takinun heç aşıq bilmiyib". O, hər bir məclisi-qolu bir dastan sayır və on bir məclisi öncə yazdığını qeyd edir. İki səhifəlik ön sözü xatırladan bu mətndən aydın olur ki, o da Aşıq Əliəkbər Qurbani kimi dastanın nЃşr olunmuş variantları ilЃ tanışmış. Sonunda "tarix 29/8/1354"(miladi 20 noyabra 1975-cı il) qeydi var.
İranda «Koroğlu» dastanının bir neçə nəşri olsa da Aşıq Əliəkbərin və İ.Ə.Xələcinin Qulamhüseyn Sədri Əfşarın 1347-ci ildə (miladi 1968) Tehrandakı İbn Sina nəşriyyatındı çap erdirdiyi kitabla tanış olduqlarını öyrəndik. Bu da Hümmət Əlizadənin Bakıda 1941-ci ildə Azərnəşrdə çap olunmuş kitabı əsasında çapa hazırlınıb.
2."Koroğlu" eposundan "Koroğlunun Türkmən səfəri", "Aşıq Cünunun Çəmlibeldən qaçması" qolları A-4 formatlı kağıza qara mürəkkəblə, səliqəli xəttlə köçürülmüşdür. Birinci qolun sonunda "söyləyən: Əfşar" qeydi var. Hər biri 25 səhifə olan bu əlyazmaları çap üçün hazırlanmışdır. Təəssüf ki, burada çapa hazırlayan, köçürən haqqında heç bir qeyd yoxdur.
H.M.Güneylinin Ə.Kamali ilə birgə işlədiyindən xəbərdardım. Ona görə də 2003-cü il yanvarın 9-11-də Bakıda keçirilən "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" folklor konfransına gələndə məndə olan əlyazmaları ona göstərdim. Səliqəli xətlə köçürülmüş əlyazmaların onun olduğunu, 1990-1995-ci illərdə Ə.Kamalinin tapşırığıyla çap üçün hazırladığını söyldəi. Redaktə zamanı ədəbi dil normalarını əsas götürdüyünü, mətnlərin dil-üslubunu qorumadığını bildirdi. Lakin hansı əlyazmalar üzərində işlədiyini xatırlaya bilmədi. Apardığmız araşdırmalardan bu qənaətə gəldik ki, H.M.Güneyli İslam Əfşar Xələcinin əlyazmalar üzərində işləyib.
3. "Koroğlu" dastanının bir neçə qolu da düz xətli məktəbli dəftərinə qara mürəkkəblə, səliqəli şəkildə yazılıb. Savə ətrafında yaşayan türklərin ləhcəsində yazıldığından və üzərində düzəlişlər edildiyindən çətin oxunur. Bunları yazanın kimiyini hələlik müəyyənləşdirə bilməmişik. Əlyazmadakı «Dastan-i Koroğlu və nigar xanım», «Eyvazın durna gətirməyə getməsi», «Koroğlunun Şilat səfəri» məclislər-qolları tam, «Koroğlunun Sərdar paşa dastanı» isə yarımçıqdır.
Əli Kamalinin arxivində gördüyümüz və əlyazmalarının surəti bizdə olmayan qollar da var. Söyləyicidən qələmə alındığını, yoxsa hər hansı bir əlyazmadan köçürüldüyünü müəyyənləşdirə bilmədiyimiz, qarışıq əlyazmaların başlıqları və həcmləri belədir:
Sonunda ђleyi xan Qasimi qeydi olan 18 sЃЋifЃlik bir ‡üng. Xəttindən bunun daha əvvəllər qələmə alındığını açıq bilinir. «Koroğlunun……….qurtarmaq dastanı» 20 səhifə, «Dastanı Eyvaz ki, istir gedə ………kuhuna» 24 səhifə, «Eyvazın durna gətirməgə getməsi» 43 səhifə, «Koroğlunun Eyvazı götürmək dastanı» 35 səhifə, «Koroğlu Aşıq Cünundan Eyvaz xanın……» 30 səhifə, «Koroğlunun Şilad şəhərindəki….» 17 səhifə, «Koroğludan şerlər» 17 səhifə, «Koroğlunun İstambul səfəri». 2 səhifə, adsız əlyazma 12 səhifə.
Əli Kamali arxivində ciddi araşdırma aparmağa imkanımız olmayıb. Ola bilsin ki, orada başqa mətnlər də vardır.
Bizdə olan və çapa hazırladığımız mətinlərdə Koroğlunun nəsli və qohumları ilə bağlı faktlar diqqəti çəkir. Belə ki, «Dastan-ı Koroğlu və Nigar xanım»da evində qonaq qaldığı qarı onu hədələyəndə deyir:
Yedigin boynuna almaz,
Heş kim belə qılıc çalmaz,
Əmisə Şabannan qalmaz,
Bir utanmaz vardur üzə.
Zurə dirə baxı süzə,
Əbəs qonax olde bizə,
Dirsə milə Xor Mirzə,
Qırat üstə çıxdı gözi.
«Koroğlunun Türkmən səfəri» qolunda da deyilir:
Yalan sözündən utanmaz,
Yedigün boynuna almaz.
Əmisı Şəbannan qalmaz,
Heç yoxdur utanan üzü.
… Mən qurbanam, ala gözə,
Xəsm eylüyüb baxdı bizə,
Atasıdur Xacə Mirzə,
Qırat üstə çıxdı gözü.
Koroğludur, Roşən xanay,
Mənim bu cismimə canay,
Qeysər qızı Səlbi anay,
Qırat vurub sınıb dizi.
Didi:
-Koroğlu, mən səni kamilən tanıdum. Sən Roşən Əli xan Xacə Mirzənin oğlu və nəbəni Səlimi xanın Qeysər-i Rumin qızı və əminin adı Şəban xan».
Belə faktların sayını artırmaq olar. Belə ki, variantlarda Ərəb Reyhanın, Mustafa bəyin də tərcümeyi-hallarına, Koroğlu və Eyvazla qohumluqlarına diqqət yetirilir. Bu faktları nəzərdən keçirdikdə Koroğlu adıyla məşhurlaşan Rövşənin sadə bir ilxıçı oğlu deyil, əsilzadə bir nəslin-Əli xan Xacə Mirzənin və Qeysər-i Rumun qızı Səlibi xanımın övladı olduğu aşkara çıxır. Professor Cəlil Nağıyev də Koroğlunun prototipndən danışarkən bir sıra qaynaqlara dayanaraq onu miladi yeddinci yüzildə Çin hökümətinə qarşı üsyan qaldırmış qüdrətli sərkərdə An Lu-şanla bağlı olduğunu yazır. Dastançılıq ənənələrimizdə qəhrəmanlar sadə xalqdan deyil, əsilzadələrdən seçilir. Qəhrəman hətta kasıb bir ailənin övladı kimi təsvir edilsə də, sonda onun hansısa bir əsilzadədən olduğu, müxtəlif səbəblərdən kasıb ailəyə düşdüyü təsvir edilir. Bu baxımdan Əli Kamali arxivindəki «Koroğlu» dastanının variantlarında qəhrəmanın əsilzadə kimi göstərilməsi təbii görünür.
Bütün bunlar yəqin ki, araşdırıcılarımız üçün dastanı yenidən incələməyə şərait yaradacaqdır.
Çap olundu: Əli Kamali arxivindəki “Koroğlu” eposunun variantlarında mətnşünaslıq məsələləri. ”Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”. III Uluslararası Folklor Konfransının materialları (13-16 noyabr 2005-ci il). AMEA Folklor İnstitutu, Bakı, 2005 , səh.136-142.
|