AZERBAYCANIN KUBA KASABASINDA SOVYET DÖNEMINDE KERBALA VAKİASININ TANITILMASI
Əzizə Şamilova
Azerbaycan Sendıkalar Federasionu
ezizeshamil@yahoo.com
Özet
Sovetlər ateist bir ideologiyaya dayansa da ölkədə milyonlarla insan dindar olduğunu, inanclarını qoruduqlarını gizlətmirdilər. İnanclı insanlar nə Sovet təbliğatına, nə də hökümətin təzyiqlərədinə məhəl qoyurdular. İnsanların bir qismi isə qorxusundan və ya hökumətdə tutduğu vəzifəyə görə özünü üzdə ateist kimi göstərsə də gizlində dini ayinlərə əməl edirdilər. Bunu doğulub boya başa çatdığım Quba şəhərinin timsalında da aydın görmək olurdu. Şəhərdəki 4 məsciddən ikisi anbara, biri tikiş sexinə çevrilmişdi. Çəmi bir məscid təziqlər altında da olsa fəaliyyətini davam etdirirdi. Bu məscid də 1930-cu illərdə bağlanmış, Sovetlər Birliyi İkinci Dünya Savaşında məğlub olma təhlükəsi ilə üzləşəndə yenidən qapısını dindarların üzünə açmasına icazə verilmişdi.
Həmin məscidə ibadətə gələnlərin sayı çox az olurdu. Bölgədəki məscidlər bağlandığından cümə günləri ətraf kəndlərdən buraya gələn dindarların sayı çox olurdu. Qurban və Ramazan bayramlarında, Məhərrəm ayında məscidə gələnlərin sayı o qədər artırdı ki, hökumət məmurları bundan bərk qorxuya düşürdülər. Kommunistləri, komsomolçuları, ictimai-siyasi fəallardan olan müəllimləri, həkimləri bir sözlə hökümətdən maaş alanların əksəriyyətini səfərbərliyə alır, dini ayinlərin keçirilməsinə əngəl olmağa çalışırdılar. Polisdən, KQB işçilərindən təzyiq vasitəsi kimi istifadə etirdilər.
Hökümət nümayəndələrinin ən çox ehtiyatlandıqları Aşura günü keçirilən mərasim olardı. Çünki həmin gün məscidlərdə və ətarafında insanların sayı daha çox olar, ibadətə gələnlər elə çılğınlaşar, idarəedilməz hala gələrdilər. Odur ki, Aşuraya bir neçə gün qalmış, KQB-də, polis təşkilatlarında, partiya- sovet aparatlarında tədbirlər planı hazırlanar, hər bir vəzifəli şəxsə xüsusi tapşırıqlar verərdilər. Əvvəlcədən görülən önləmə tədbirlərinə, qadağalara baxmayaraq Aşura mərasimi keçiriləndə məscid dolub daşar, insanlar küçələrə çıxardılar. Kücə boyu “Şah Hüseyin!, Vay Hüseyin!” sözlərinin qısaldırmışı olan “Şaxsey-vaxsey”, “Ya Hüseyin” və b. şüarlar səslədirərək irəliləyərdilər. Kücə boyu hərəkət edən insan axınının qarşısında davullar calınır, zing vurulur, insanlar zəncirlə özlərini döyür, əllərində xənçər olan ağköynklər dəstəsi başlarını yarır, qanlarını axıdırdılar. Hökümət orqanları bütün gücünü səfərbrliyə alsa da bu axının qarşısını ala bilməzdi. Bəzən polislər, hökumət məmurları ilə dindarlar arasında kicik qarşıdurmalar yaranar, bir neçə nəfər həbs edilərdi.
1960-1980-ci illərdə Qubada “Şəbeh” tamaşaları göstərilməzdi. Yaşlı nəsil isə 30-40 il öncə Qubada Məhərrəmlik ayında “Şəbeh” tamaşaları göstərildiyindən həvəslə söz açardılar. İmam Hüseyin və onun tərəfdarlarının şəhid edilməsini, əsir alınmasını canlandıran “Şəbeh”lər xalqa güclü təsir göstərirmiş. “Şəbeh”lərin hazırlanmasında dövrün ziyalıları fəal iştirak edirmiş. Yeniyetmə yaşlarında “Şəbeh”lərin hazırlanmasında yaxından iştirak etmiş, atamın yaxın qohumu Yahya Yusifov idi. O, 1922-1924-cü illərdə Qubada Mətbuat İşləri Müdiri və “Quba qəza icraiyyə və firqə komitəsinin əxbarı”, “İki dirilik” qəzetində redaktorluq edən Azərbaycanın vətənsevər şairi, publisist, tərcüməci Əliabbas Müznibin “Şəbeh”lərin hazırlanmasında fəal rolundan maraqlı xatirələr danışırdı.
1883-cü ildə Bakı şəhərində doğulan Əliabbas Mütəllib oğlu ibtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909-1910), “Dirilik” (1914-1916), "Babayi-Əmir" (1915-1916), “Övraqi nəfisə”(1919) və b. jurnallara, “Hilal” (1910-1911), "Səhabi saqib" (1911) və b. qəzetləri çap etmiş, redaktoru olmuş, 1907-1908-cu illərdə “Tazə həyat”, 1908-1909-cu illərdə “İttifaq”, 1908-ci ildə “Tərəqqi”, 1910-cu ildə “Günəş”, 1911-ci ildə “Yeni həqiqət”, “Məlumat”, “Nicat”, 1912-ci ildə “Yeni irşad”, 1913-1914-cü illərdə “İqbal”, 1916-1919-cu illərdə “Bəsirət”, 1919-cu ildə “Azərbaycan” qəzetlərində ictimai-siyasi məzmunlu şeirlərini və publisistik məqalələrini çap etdirmişdir.
1909-1920-ci illərdə “Hürriyəti bəşəriyyət” (1909), “Dəvrişi kəhkaşan”(1913), “Sibirya məktubları” (1913), "Tikan rolu" (1913), “Ürək yanğısı”(1913), "Yusif və Züleyxa" (1914), “Tac mahal” (1916), “Müxtəsər əmbiya və islam tarixi” (1917), “Xorasanın topa tutulması və ikinci Nikolayın cəzalanması” (1919), “Respublikanın qəhramanı Rasputin” (1919), “Bakı fatehi-alilərindən namdar türk qəhrəmanlarından Məhəmməd Tofiq bəyin zopası” (1919) və b. 20-ə yazın kitabın, eləcə də "Molla Nəsrəddin məzhəkələri" (1910), “Şeyx Bəhlulun lətifələri” (1910), “Əlif leyla” (1911-1912), Mirzə Rza Təbrizinin “Muxtarnamə” (1912), “Birinci Napolyonun müaşiqəsi” (1912), Əmir Əbdürrəhman xanın “Əfqan tarixi”, Cürc Zeydanın “Osmanlı inqilabı” (1914), Vaqnerin “Türk əleyhinə Bolqar” (1914) və b. tərcümə, təbdil kitablarını çap etdirən Əliabbas Müznib Sovetlər himiyyətə gəldikdən sonra mətbuatda az işləyir, az şeir və publisistik məqalələr yazır. 1026-cı ilin təzyiq və təqiblərindən sonra əsasən Azərbaycan şairlərinin əsərlərini toplayıb nəşrə hazırlayır. Onu tərtib etdiyi kitablardan 1928-ci ildə "Aşıq Pəri və müasirləri", Nakam “Seçilmiş əsərləri”, Abbas Səhhət “Seçilmiş əsərləri”, Nətavan “Secilmiş əsərləri”, M.Ə.Sabir “Seçilmiş əsərləri”, 1930-cu ildə Seyid Əzim Şirvani “Seçilmiş əsərləri”, 1935-ci ildə Abbas Səhhət “Əsərləri” (ikinci təb) işıq üzü görür.
Antiimperialis əhvali-ruhiyyəli, Rusya müstəmləkəçilərinə qarşı mübari Əliabbas Müznib çar hökümətin yeritdiyi siyasəti tənqid edən məqalələrinə görə 1911-də həbs edilir. Onun nəşr etdiyi qəzetləri bağlayır və özünü də Sibirə sürgün edirlər. Müsavat Partiyasının yaradıcılarından olan Əliabbas Müznib kəskin satirik şeirləri və dini məzmunlu əsərləri ilə tanınır.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan sonra təqaüdə çıxmağa məcbur edilir. Türkçü və milliyyətçi olduğu üçün Müznib sovet dövründə də, çar dövründə olduğu kimi təzyiq və reaksiyalara məruz qalar.
1937-ci ildə yenidən həbs olunur və avqustun 27-də güllələnir.
Məruzədə Əliabbas Müznibin və Yahya Yusifov ömür yolundan və onların şəhid olan peyğəmbər nəvələrinin tanıdılmasında rollarından söhbət açılacaq.
Anahtar kelimeler Kerbala şəhidləri, Əliabbas Müznib, Yahya Yusifov, Quba gəzası
Girş
Bütün işğalçı dövlətlər kimi Rusiya da əsarət altına aldığı xalqları müstəmləkə boyunduruğu altında saxlamaq üçün onları öz kökündən ayırmağa, dilini, dinini dəyişdirməyə, adət-ənənəsini unutdurmağa çalışırdı. Hökümətin strateqlərinin hazırladığı gizli layihələr maarifçilik, xalqların gerilikdən, cəhalətdən qurtarmaq kimi müxtəlif vasitələrlə həyata keçirilrdi. Sovetlər Birliyinin dağılmasından sonra arxivlərin açılması bir çox gizli sənədləri aşkara çıxardı. Aydın oldu ki, Nikolay İvanoviç İlminski (1822–1891) və Aleksandr Efimoviç Alektorov (1861–1918) kimi strateqlər Rusiya əsarətində olan xalqları əritmək üçün birinci onların əlifbasını, sonra dinlərini dəyişməyi və oncüllərini rus qadınları ilə evləndirməyi, bu mərhələ başa çatdıqdan sonra isə onları islam dinindən uzaqlaşdırıb xiristian dininə keçirməyi, ən sonda ruslaşdırmağı planlayırdılar. (Şamil Əli, 2014:52). Qəribəsi budur ki, Rusiya əsarəti altında olan xalqların ruslaşdırılması uğrunda canı-dildən çalışan Aleksandr Efimoviç Alektorovun özü rus deyildi. O, əsarət altında olan xristina türklərdən, çuvaşlardan idi.
20 yüzilin başlarında Rusiya İmperiyasının get-gedə zəifləməsi, Rus- Yapon savaşından və Birinci Dünya Savaşında məglub olması mustəmləkəçilərin istəklərinin reallaşmasını ləngitdi. 1917-ci ilin Ekimin 25-də silahlı üsyan-devrimlə hakimiyyəti ələ alan bolşeviklər mövqelərini möhkəmlətmək üçün elə hakimiyyətlərinin ilk günlərində- 1917 il Kasımın 2(15) də Sovet Hökuməti “Rusiya xalqlarının hüquq bəyannaməsi”ni və onun ardınca 1918-ci il Ocak ayında keçirilən Üçüncü Sovetlər qurultayında isə “Zəhmətkeş və istismar olunan xalqların hüquq bəyannaməsi”ni qəbul etdi (ASE, 1984:528). Sadölövh insanların böyük bir qrupu bu qanunlarına inandılar. Bölşeviklərin müstəmləkəçilik siyasətindən əl götürəcəklərinə, Rusiya əsarət altındakı xalqlara azadlıq verəcəklərinə inandılar. Hətta ömürlərini millətlərinin azadlıq mübarizəsinə həsr edənlərin bəziləri də müəyyən müddət bolşeviklərlə əməktaşlıq etdilər.
1.Qubada məhərrəmlik mərasimləri
Uşaqlıq və yeniyetməliyim (1950-1973) ata-babamın vətəni Qubada keçib. Həmin illərdə Sovet hökümətinin islam dininə qarşı baskıları ən yüksək həddə çatmışdı. Qubanın 60 yaxın kəndindəki məscid ya dağıdılmış, ya da bağlanalraq oradan anbar, fabrik və s. kimi istifadə edilirdi. Quba şəhərindəki 4 məsciddən yalnız biri işləyirdi. Qadağalara, təziqlərə baxmayaraq cümə günlərində, Qurban və Ramazan bayramlarında cümə məscidəinə gələnlərin sayı çox olardı. Məhərrəm ayının 9-10 günləri isə kəndlərdən Qubaya gələn avtobusları durdursalar da, yollara polislər qoyulsa da məscidə insanlar axın edərdilər. Gələnlərini sayı o qədər çox olardı ki, insan axını məscidə sığmazdı. Məscidin çevrəsi Hz. Hüseyin və onun silahdaşlarına yas tutanlarla dolu olardı. Atam rəsmi dövlət işində olduğundan məscidə getməyə ehtiyat edərdi. Amma anasına-nənəmə pul verərdi ki, məscidin kassasına salsın. Nənəm və babam bizi-nəvələrini də başına yığıb Cümə məscidinə aparardı. Orada ehsanlıq, şərbət, şirin kökələr, halva və s. paylanardı. İnsanların sayı artdıqda polisdən, hökümət məmurlarından qorxu hissi elə bil yoxa çızardı. Adamlar başlarına, sinələrinə döyə-döyə küçə boyu hərəkət edərdilər. Geflenin qarşısında, davul, zinc vuranlar və mərsiyə oxuyanlar gedərdilər. Mərsiyə oxuyanlar arasında diqqəti çəkən ata qohumumuz Yahya Yusif oğlu olardı. Mən Qubada Şəbeh göstərildiyini görmədim. Amma məndən böyüklər Qubada gəncələr göstərilən Şəbeh tamaıalarından həvəslə danışardılar.
Şəbehlərin ən fəal təşkilatçılarından və iştirakçılarından biri də Yahya Yufif oğlu olarmış.
2. Hacı Yahya Yusif oğlunun (Yahyayev) rövzəxanlıq fəaliyyəti və xatirələri
Xalq arasında Yahyabala kimi tanınan Hacı Yahya Yusif oğlu (Yahyayev) 1904-cü ildə Quba qəsəbəsində doğulub. İlk təhsilini atası Yusifdən alıb. Yusif Qubada məhəllə məktəbi açarak uşaqlara yazıb-oxumağı, Quranı əzbərləməyi öyrədərmiş. Atası Yahyanı Şərqin məşhur dini mərkəzlərində oxutmağı arzulayarmış. 1917-ci ildə Rusiyada baş verən qarışıqlıqlar onun istəklərini yarıda qoyub. Bolşeviklərin silah gücünə hakimiyyəti ələ almaları bölgələrdəki sosialist düşüncəli insanları ilhamlandırıb. Bakıda da sosialistlər silah gücünə hakimiyyəti ələ alıb və qısa ömürlü Bakı Kommunası adlı bir hökümət qurublar. Bu hökumət qurulduğu ilk gündən yaradığı silahlı dəstələrə müsəlmanlara divan tutmaq əmri verir. Erməni silahli dəstələri də bolşeviklərlə birləşiblər. 1918-ci ilin martın sonlarında bolşeviklərin və ermənilərin silahlı Bakıda on minlərlə dinc əhalini öldürməklə kifayətlənməyəcək, Şamaxının, Qubanın 200 yazın kəndini xaraba qoydular, 30 mindən çox qocanı, qadını, uşağı qətlə yetirdilər.
Təhsil ala bilməyən, ailəsini dolandırmaq üçün hər işin qulpunda yapışan Yahya Yusif oğlu öz üzərində işləyir, müstəqil olaraq ərəb-fars dilərini öyrənir. Türkdili dini ədəbiyyata böyük maraq göstərir. Gözəl, məlahətli və yanıqlı səsi olduğuna görə yeniyetməlik çağlarından Məhərrəm ayının 9-10 təşkil edilən Şəbeh tamaşalarında müxtəlif rolları ona tapşırırlar. O bu rolları içdən qələn yanğı ilə oynadığından xalqın sevimlisinə çevrilir.
1950-1980-ci illərdə Qubadakı Cümə camisində rövzəxanlıq edən Yahya Yusif oğlu 1978-cı ildi çox çətinliklə də olsa Məkkəyə gedərək Kəbəni ziyarət edir. 1986-cı ildə isə Yahya Yusif oğlu Quba şəhərində dünyasını dəyişir. (Ягубов Михаил, 2002:145).
Yahya Yusif oğlu 1923-ci ildə Qubada Aşura günü keçirilən bir Şəbehtən tez-tez söz açardı. Deyirdi ki, Sovet höküməti hələ yerini möhkəmlətmdiyindən dinə qarşı mübarizən açıq və sərt apara bilmirdi. Aşura günü Şəbeh göstərilməsin deyə əvvələr Şəbehdə iştirak edən insanları müxtəlir bəhanələrlə Qubadan uzaqlaşdırmış və mətni də aradan çıxarmışdılar. Belə bir çətin vaxtda Ümumrusya Kommunist (bolşeviklər) Partiyası Quba rayon Komitəsini qəzeti “İki dirilik”in redaktoru Əliabbas Müznüb biz gəncləri ətrafina topladı. Özü də mətnlər yazıb bizə verdi. Biz onun yazdığı mətinlərlə Şəbeh tamaşasını Quba meydanında gıstərdik.
3. Əliabbas Müznib kim idi və nədən Şəbeh tamaşası üçün qısa müddətdə mətin yaza bildi
Əliabbas Mütəllib oğlu Əhmədov 1883-cü ildə Bakı şəhərində kasıb bir ailədə anadan olub. İlk təhsilini anası Reyhanın öz evində qadınlar və uşaqlar üçün təşkil etdiyi əlifbanı və Quranı Kərimi oxumağı öyrədən kursda alıb. Sonra da mollaxana adlandırılan məhəlli məktəbə gedib. 1892-ci ildə Bakıda vəba xəstəliyi yayıldığına görə ailələri Abşeron bağlarına köçüb. Beləcə onun təhsil alması yarımşıq qalıb.
Kiçik yaşlarından şeirə böyük maraq göstərib. İstedadı ilə diqqəti cəlb etdiyindən xeyriyyəçiliyi ilə ad qazanmış, neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onu Bakıda hökumətin açdığı məktəbdə oxutmaq istəyib. Əliabbasın daşyonan işləyən atası Mütəllibin çar Rusiyasına nifrəti və qəzəbi o qədər böyük olub ki, Hacı Zeynalabdin Tağıyev kimi nüfuzlu bir şəsxin sözünü yerə salaraq: “Mənə Rusdan gələn heç bir xeyir lazım deyil!” çavabını verib.
Atası Əliabbası araba düzəldən ustaya şagird verib. O, böyük həvəslə bu peşəni öyrənib və araba düzəltməklə ailəsini dolandırmağa çalışıb. Əliabbas Müznibin uşaqlıq və yeniyetməliyi haqqında kişik qardaşı, 1919-1926-ci illərdə İstanbul Darülüfununun Ədəbiyyat fakültəsində oxumuş Əmin Abid universiteti bitirərkən yazdığı “Azəri ədəbiyyatı tarixi” əsərində qardaşını belə tanıdır: “Daha pek küçük iken, muhitinin milli mektebi olan eski «Mollahane»lerden birisine verilmiş, Türk lisan ve kavaidini, daha dorrusu Türkçe yazmağı tahsil etmeden, bir kaç sene içinde Sadi ve Hafız eserlerini takip ile Farisi lisanında okuyup yazmağı öğrenmiştir. Fıtraten pek zeki yaratılan şairin mektep tahsili yalnız bundan ibarettir. Oğlunun «Gülistan-ı Sadi»yi «bülbül» gibi okuyup tercüme ettiğini gören pederi, çocuğu bir tüccar nezdine katip veriyor. Aliabbas küçük yaslarını bu memuriyyette geçiriyor. Sonralar bir marangoza çırak veriliyor. Babasının cehaletinden Rus mekteplerine gönderilmeyen bu genç çıraklık zamanında tabiatın Şevkiyle kitap mütalaasından ayrılıyor. Acem edebiyatının meşhur eserlerini tedkik ettiği gibi Türk edebiyatı namına yegane olarak eline geçirdiği «Fuzuli»divanını okuya okuya Türkçeyi de elde etmiş bulunuyor”. (Abid Əmin, 1926:78)
Şeirə həvəs onu Bakıda 1880-ci illərdən fəaliyyət göstərən “Məcmə üş-şüəra”ya gətirib. Məhəmmədağa Cürmünün rəhbərlik etdiyi, sonralar isə Sürəyyanın davam etdirdiyi bu ədəbi dərnəkdə Əliabbas şeir texnikasını mənimsəyib (Ağayev İslam, 2003:8).
Müznibin dini ədəbiyyata meyli haqqında Əmin Abid yazır: “Yirmi yaşlarına, doğru, ufaklığından beri şiire olan istidadına bir istikamet veriyor. Müznib mahlasını kabul ediyor, gittikçe tekamül eden nevhalar, mersiyeler, kasideler tahririne başlıyor. Bunlar yalnız kendi defterinde kalıyor; kısman de o rikkatler mescitlerde, tekyelerde tertip edilen «Aza Meclisleri»nde inşad edilerek «azadar» ahalinin nazar-ı dikkatini celbediyor. Müznib bu eserlerinde gayet mutaassıb Şii bir şair görünüyor, terennüm ettiği mersiyeler hep «Al- Ali»nin medhinde yazılmıştır. O, Azerbaycan’a hakim mersiye edebiyatının tesiri altında başlamış olduğu «nevhager»likte Azeri matbuatının kat’i surette tesisine kadar devam ediyor”. (Abid Əmin, 1926:78)
Onun həyatında əsaslı dəyişiklik 1905-ci il hadisələrindən sonra baş verib. Rusiyada mütləqiyyət əleyhinə baş vermiş mitinqlər, tətillər və itaətsizlik çar II Nikolayı 17 Oktyabr manfestini imzalamağa məcbur edib. Bu manifestə görə mətbuatın nəşrinə icazə alınmasına qoyulmuş əngəllər azaldılıb, xalq söz və vicdan azadlığını, seçib-seçilmək hüququnu əldə edib. Beləcə uzun illər monarxiyanın hakim olduğu Rusiyada Dövlət Dumasına seçkilər başlanıb.
Haşım bəy Vəzirov 1907-ci ilin ilk aylarında Əliabbası “Tazə həyat” qəzetinə korrektor götürüb. Oktyabr ayının 3-də isə gənc şairin ilk şeiri çap olunub. “Tazə həyat” qəzetindəki bütün yazılarına Mirzə Əliabbas Müznib Mütəllibzadə Bakuyi imzasını qoyub. Sonrakı illərdə müxtəlif ləqəblərdən istifadə etsə də, ərəb sözü olan bu ləqəb, Azərbaycan Türkcəsinə tərcümədə günahkar, müqəssir mənasını verən Müznib az qala onun soyadına çevrilib.
Əliabbas Müznibin mətbuata gəldiyi illərdə sinfi mübarizəni əsas tutan sosialistlərlə, milli məsələyə önəm verənlər arasında gərgin bir ideoloji mübarizə gedirdi. “Həyat”, “İrşad”, “Fyüzat”, “Tazə həyat” və b. nəşrlər ətrafında toplaşanlar milli məsələyə üstünlük verir, “Türkləşmək, islamlaşmaq və müasirləşmək!” şüarını özlərinin amalı sayırdılar. Əliabbas Müznib də ömrünün sonunadək bu amala sadiq qalanlardan olub.
Müznib 1907-09-cu illərdə H.Vəzirovun nəşr etdiyi “Tazə həyat”, “İttifaq” qəzetində korrektor işləyərək jurnalistlik təcrübəsi qazanıb. 1908-ci ilin sonlarında mətbəə fəhlələri naşirdən maaşlarını artırmasını tələb edəndə Əliabbas fəhlələrin tərəfini tutub. Beləcə Haşım bəy Vəzirovla aralarında ziddiyət yaranıb. Sonralar bu ziddiyət böyüyərək xoşagəlməz bir hal alıb.
“Molla Nəsrəddin”dən sonra Əbülxalıq Axundov Bakıda 1909-cu ildə “Zənbur” satirik jurnalının nəşrinə başlamışdı. Burada da Müznibin satirik şeirləri çap olunmuşdu. H.Vəzirovla Müznib arasında ziddiyət yarandığını görən Ə.Axundov onu 1910-cu ildə baş redaktor təyin edib. Həmin ilin sonlarında jurnal bağlanıb. Əliabbas Müznibin üsyankarlığını Əmin Abid belə izah edir: “Muhitinin cehaleti, Çar hükümetinin zulüm ve istibdadı ile asrın günden güne yükselen medeniyyeti gibi gayet kuvvetli mütezad cereyanlar arasında çabalayan şair, gittikçe asabiyyet peyda ediyor; içinde alevler, yangınlar hasil oluyor. Azerileri bütün medeni inkişaftan mahrum eden istibdada karşı ateşler püskürmeye başlıyor”. (Abid Əmin, 1926:93).
Əliabbas Müznib 1910-cu il dekabrın 18-də “Hilal”adlı qəzetin nəşrinə başlayıb. Qəzetin dekabrın 25-də çıxan ikinci sayını senzura müsadirə edib. Ə.Abid yazır: “Taşıdığı büyük mefkureyi gazetesinde makaleler, manzum hitabelerle milletine aşılamağa çalıştığı gibi Azerbaycanlıların ve bütün müslümanların hukukunu müdafaa etmekle de meşgul oldu. Hakikaten «Hilal» bir gazete olmaktan ziyade Rusya’ya karşı sıyrılmış bir hançer oldu” (Abid Əmin, 1926:96).
Müznib 1911-ci il yanvarın 22-də “Hilal”ın ideya xəttini davam etdirən “Şahabi saqib” jurnalını açıb. Çar Rusiyasının müstəmləkəçilik siyasətini kəskin tənqid etdiyinə, türkçülüyü, islamçılığı təbliğ etdiyinə görə həmin il martın 19-da jurnalın nəşrini dayandırıb və redaktorunu 25 manat cərimə, 15 günlük həbslə cəzalandırıblar. Lakin bu ona verilən son cəza olmayıb.
Müznib həbsdən buraxıldıqdan sonra “Məktəb” jurnalına uşaqlar üçün təmsillər yazıb, şifahi xalq ədəbiyyatı nümunələrini nəzmə çəkib, tərcümələr edib. Onun 1909-1912-ci illərdə tərcümə və çap etdirdiyi əsərlər arasında “Molla Nəsrəddin məzhəkəsi”, “Əlif-leyla”(Min bir gecə nağılları), “Şeyx Bəhlul”, Əfqan əmiri Əbdürrəhim xanın “Əfqan tarıxi” və b. əsərlər var.
1912-ci il yanvarın 31-i və fevralın 27-də keçirilən məhkəmə iclaslarında Əliabbas Əhmədovun “Şahabi saqib” və “Hilal”dakı məqalələri xalqı dövlətə qarşı üsyana səsləmək kimi qiymətləndirilib və ömürlük Sibirə sürgün edilib. Şair bunu faciə kimi qarşılamayıb. Xanımı Səriyyəyə 1912-ci ildə yazıb:
Vətən övladıyam, zülm-zillət istirahətdir mənə,
Mən vətən övladıyam, həm də vətən qurbanıyam.
Min tərəfdən eyləyir düşmən təcavüz millətə
Günbəgün düşməkdəyik dərdə, bəlaya, zillətə.
Şair sürgündə də yaradıcılığından qalmayıb. Qəzet-jurnallara, oğlu Hüseyin Nicdətə şeirlər yazmaqla yanaşı, əfqanların ingilis müshəmləkəçilərinə qarşı mübarizəsini əks etdirən “Əfqan tarixi” romanını da tamamlayıb. Onun “Rusiya çarı II Nikolaya təqdim olunur” şerindəki
Zülm evi bərbad olar Kəbətullah olsa da,
Qan içən zatın içərlər qanın Allah olsa da.-- misraları dillər əzbərinə çevrilib.
1913-cü ildə Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illiyi münasibətilə elan olunmuş aministiya ömürlük Sibirə sürgün edilmiş Müznibə də şamil edilib. Lakin ona qəzet-jurnal çap etməyə icazə verilmədiyindən savadsız qardaşı Əbülfəzin adına icazə alaraq 1914-cü ildə ictimai-siyasi, ədəbi “Dirilik”, 1915-ci ildə satirik “Babayi Əmir” jurnalını nəşr etməyə başlayıb. (Ağayev İslam, 2000:4) Kərbəlayı Vəli Mikayılov, Məhəmmədəli Rəsulzadə, Abbas Kazımzadə, Seyid Hüseyin və b. məsləkdaşları ilə birlikdə Müsavat partiyasının formalaşmasında əlindən gələni əsirgəməyən naşir “Dirilik” jurnalını, necə deyərlər, partiyanın tribunasına çevirib. Məmmədəmin Rəsulzadənin də bir çox siyasi məqalələri bu jurnalda çap olunub.
Müznib Rusiyanın və Avropa dövlətlərinin Şərqdə yürütdüyü müstəmləkəçilik siyasətinə qarşı çıxaraq, şeirlərinin birində yazıb:
Gədə, ya əl ibni İvan, dinc ol, dolaşma bu islama,
Tıxar axır səni zülmün yəqin odlu bir damə.
Şairin satirik şeirləri yalnız müstəmləkəçiləri deyil, xristian missionerlərini, hətta müsəlman mövhumatçılarını da bərk narahat edirdi. Müznib imam Hüseyinin qəhrəmanlığına və cəsarətinə, 1911-ci ildə Bakıda fanatik dindarların öldürdüyü Axund Molla Ruhullanın mənəvi saflığına həsr etdiyi nohələr, Azərbaycan ilahiyyatçısı Mirzə Rza Təbrizinin farsca yazdığı “Muxtarnamə”ni ana dilinə çevirməsi, Quranın “Yusif” surəsi əsasında “Yusif və Züleyxa” romanını yazması, “Müxtəsər ənbiya və islam tarixi” kitabı, “Ya Rəsulullah” şeiri, “Mövludu nəbi” məqaləsi və s. yaziları onu islamın qızğın təbliğqtçısı kimi tanıtsa da fanatizmə, xürafata qarşı kəskin mübarizəsinə, köləliyi, məddahlığı təbliğ edən din adamlarını satira atəşinə tutduğuna görə 1914-cü ildə Hacı İmaməli məscidinin axundu Şeyx Molla Qəni onu kafir adlandırmış və ölümünə fitva vermişdi. Lakin Muznib bu təhdidlərdən qorxmayıb, mübarizədən geri çəkilməyib.
Vəziyyət elə gərginləşib ki, təqiblərdən yaxa qurtarmaq üçün 1916-ci ilin payızından 1917-ci ilin fevral hadisələrinə kimi yarım gizli yaşamalı olub. II Nikolayın taxtdan uzaqlaşdırılması Müznibin daha geniş elmi-ədəbi, içtimai-siyasətə başlamasına imkân verib. “Tikan kolu” kitabını yeni əlavələrlə çap etdirib. (Əhmədov Bədirxan, 2003:18).
Türk dünyasının 100 məşhur söz ustasının, Nəvainin, Füzulinin, Qüdsinin, Osmaninin, Zakirin, Nətavanın, Vəhdətinin, Vəfainin, Cənnətinin və b. şeirlərindən bir kitab hazırlayıb. Bolşevik və erməni silahlılarının 1918-ci ilin martinda müsəlmanları kütləvi qırmasından bəhs edən “Mart hadisələri”, məşhur Ənvər Paşaya həsr eydiyi kitabça böyük maraqla qarşılanıb.
Əliabbas Müznibin ən ürəkaçan günləri 1918-1920-ci illərdə olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və möhkəmlənməsi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycana xilasa gəlmiş Osmanlı əsgəri birliyinin komendatına katiblik etmiş Müznib Zülfüqar Hacıbəyovun naşirliyi ilə çıxan “Övraqi nəfisə” jurnalına redaktorluq edib. “Azərbaycan”, “Müsavat”, “İstiqlal” qəzetlərində çap etdirdiyi məqalələrilə xalqda milli mənlik hissini alovlandırmağa, vətənuin başı üzərini almış təhlükəyə qarşı dözümlü olmağa ruhlandırıb. “Yaşıl qələmlər” dərnəyinin fəallarından olan Müznib Türk aktyorlar ittifaqının təşkil etdiyi təkmilləşdirmə kursunun tarix şöbəsində işləyib.
Əliabbas Müznib Sovet hakimiyyəti illərində Qarabağda “Qarabağ”, Bakıda “Azərbaycan füqərası”, Qubada “İki dirilik” qəzetlərinə redaktorluq edib, 1921-24-cü illərdə “Kommunist” qəzetinin müxbiri işləyib. (Qasımov Cəlal, 1998:156).
Sovet hakimiyyəti ilə Əliabbas Müznibin əməkdaşlığı çox da uzun sürməyib. Onun antisovet fəaliyyətini diqqətlə izləyən Sovet xüsusi xidmət orqanlarının gizli göstərişilə 44 yaşlı şairi təqaüdə göndəriblər.
Ədəbiyat tariximizin öyrənilməsində böyük xidmət göstərən Ə.Müznib 1928-ci ildə XIX əsr Azərbaycan ədəbiyyatı seriyasından “Nakam (seçmə parçalar)”, “Aşıq Pəri və onun müasirləri” kitablarını nəşr etdirib. Tərtib etdiyi “Nətavan”, “Sabir”, “Abbas Səhhət”, “Hacı Seyid Əzim Şirvani” və onlarla başqa kitablara yazdığı ön sözlər, çap etdirdiyi məqalələr ədəbiyyatşünaslığımıza gözəl töhfədir. Onlarca şairimizin əsərlərini toplamıı, elmi məqalələr yazmışdı. Nəşriyyatla Məhəmməd Hadinin, Molla Pənah Vaqifin, Cəfər Cabbarlının əsərlərinin tərtibi və nəşrə hazırlanması haqqında müqavilə bağlamışdı. Lakin onları, eləcə də üzərində işlədiyi neçə-neçə kitabı, yazmış olduğu məqaləni çap etdirə bilməmiş, bir çoxu da həbs zamanı itib batmışdı.
1936-cı il dekabrın 12-də KQB Əliabbas Müznibi həbs edir. 1937-ci il avqustun 27-dək davam edən işgəncəli istintaqda 54 yaşlı şair sanki müstəntiqlərə meydan oxuyur. (Qasımov Cəlal, 2003:86). Türkçülük fəaliyyəti ilə qürur duyduğunu söyləyir. Onu Sovetlər Birliyini dağıdaraq “Vahid Türk-Tatar Dövləti” yaratmaq cəhdində suçlayaraq 8 illik həbs cəzasına məhkum edirlər. (Şamil Əli, 2011, http://ali-shamil.tr.gg /%26%23399%3 Bliabbas-M.ue.znib.htm)
Xəstə və işgəncələrə məruz qalmış Əliabbas Müznib 1938-ci il avqustun 28-də Sovetlər Birliyinin ən Doğu şəhərlərindən biri olan Vladivastokdakı xüsusi həbs məntəqəsində şəhid olub.
Sonuc
Hz. Hüseyin və silahdaşlarının ölümlərini bilərək haqsızlığa, ədalətsizliyə baş qaldıraraq şəhidlik şərbətini içmələri sonrakı nəsillərə bir örnək olub. Minlərlə insan Hz.Hüseyinin yolunu seçib. Onlardan biri də Əliabbas Müznib olub.
Kaynaklar
1. Abid Əmin.(1926). Azəri ədəbiyatı tarihi. (Ege Universitetnin tələbəsi Əziz mehraniyə bu əsərin ərəb əlifbasından latın əlifbasına çevrilməsi diplom mövzusu kimi verilmişdir. Onun tamamladığı bu əsərin surəti ailə arxiizdə saxlanılır).
2. Ağayev İslam. (2000) Əliabbas Müznib, Elm nəşriyyatı, Bakı.
3. Ağayev İslam. (2003) Əliabbas Müznib: Həyatı, yaradıcılığı, əsərlərindən seçmələr, Elm nəşriyyatı, Bakı.
4. Azərbaycan Sovet Enskilopediyası (1984). 8 cild, Azərbaycan Sovet Enskilopediyasının Baş redaksiyası, Bakı.
5. Əhmədov Bədirxan. (2003). Bir istiqlal yolçusu, Elm nəşriyyatı, Bakı.
6. Xəyal Sona.(2003). Əliabbas Müznib. Bakı və Bakılı şairlər haqqında, Nurlan nəşriyyatı, Bakı.
7. Qasımov Cəlal.(1998). Əhmədov Əliabbas Mütəllib oğlu (Müznib), Repressiyadan deportasiyaya doğru, Mütərcim nəşriyyatı, Bakı.
8. Qasımov Cəlal.(2003). Əhmədov Əliabbas(Müznib) Mütəllib oğlu, Məhbus tərcümeyi-halı, Səda nəşriyyatı, Bakı.
9. Şamil Əli. (2014).Türkçülüyün qurbanları (Qazaxıstan), “Elm və təhsil” nəşriyyatı, Bakı
10. Şamil Əli. (2002) Ümumtürk ədəbiyyatı araşdırıcı: Əmin Abid. “Bilig” (Ankara) dərgisi, yaz, sayı 22.
11. Şamil Əli.(2011) Əliabbas Müznib, http://ali-shamil.tr.gg /%26%23399%3 Bliabbas-M.ue.znib.htm
12. Ягубов Михаил (2002), От Синая до Канаана, от Канаана до Элбрусаь, жил чеоловек мудрый Фатали хан.(О развитии экономики Азербайджанской Республки), Баку, Мутаржим.
Çap olundu: Uluslararası Kerbela ve Hz. Hüseyin Sempozyumu Bildirileri(2016), Yayına hazırladı, Gülağ Öz, Ankara, səh. 201-208.
|