AZƏRBAYCANLA SIX BAĞLI OLAN
ASAN (HƏSƏN) SƏBRİ AYVAZOV
Əli Şamil
AMEA Folklor İnstitutu direktorunun
Xarici Ölkələrlə Əlaqələr üzrə müşaviri
alishamil@yahoo.com
Özət: Asan Sabri Ayvazov yalnız doğulduğu Kırımda, tatarlar arasında deyil, Türkiyədə, Azərbaycanda, Türkistanda da tanınan bir şəxsiyyətdir. Çoxşaxəli yaradıcılığı ilə oxucu rəğbətini qazanmasına baxmayaraq Sovetlər Birliyi dönəmində onu gözdən salmaq üçün haqqında tənqid və təhqir dolu məqalələr yazılmış, kitabların səhifələri ona həsr edilmişdir. Antireklam reklama çevrildiyi kimi Asan Səbri Ayvazov haqqında yazılan tənqidlər də onun gündəmdə qalmasına, yaddan çıxmamasına səbəb olmuşdur.
Sovetlər Birliyi çokdükdən sonra araşdırıcılar yenidən Türk dünyasının millətsevər övladının həyat və yaradıcılığının öyrənilməsinə və təbliğinə diqqəti artırmışlar.
Yaradıcılığının çicikləndiyi, ən məhsuldar yazıb-yaratdığı bir zamanda Sovet repressiya maşını onu məhv etsə də, əsərlərinə qadağa qoysa da ideyalarını aradan qaldıra bilməmişdir. Onun əsərləri keçmiş qəzet, jurnalların səhifələrindən, Sovet senzorunun diqqətindən yayınmış kitabxanalardan, həbs olunmaqdan və çəzalandırılmaqdan qorxmayan insanların arxivlərindən toplanaraq nəşr edilməyə başlanmışdır. Çünki bu əsərlərin çoxu günümüzdə də aktuallığını itirməmişdir.
Açar kəlimələr: Asan (Həsən) Səbri Ayvazov(Eyvazov), Kırım, Azərbaycan, milli məsələ, türkçülük.
Giriş
Azərbaycanla sıx bağlı olan Kırım tatarlarıından biri də Asan Səbri Ayvazovdur. Tələbə yoldaşlarımız arasında bəzən Asan (onun adını və familiyasını Azərbaycanda adətən Həsən və Eyvazov kimi yazırlar - Ə.Ş.) Səbrinin azərbaycanlımı, yoxsa kırımlımı olması haqqında mübahisələr də gedirdi. Azərbaycanda Eyvaz adı, Eyvazov soyadı yayğındır. Bəzi bölgələrimizdə isə bu adı Ayvaz kimi tələffüz edir və yazırlar.
1.A.S.Ayvazova qarşı haqsız hücumlar
Sovet dönəmində Azərbaycanın istər orta, istərsə də ali məktəb dərsliklərində, proqrama daxil edilmiş dərs vəsaitlərində Asan Səbri Ayvazovun adı çəkilməsə də, bəzi məqalə və monoqrafiyalarda tənqid hədəfinə çevrilmiş Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev (Ağaoğlu), Haşımbəy Vəzirov və başqaları ilə eyni sırada onun da adı çəkilirdi. Bu adçəkmələr çox vaxt tənqid səviyyəsini aşaraq təhqir həddinə çatdırılırdı. Məsələn, H.S.Ayvazovun 1907-ci ildə Bakı, «Füyuzat» jurnalının 15-ci sayında (29 aprel) çap olunan məqaləsi haqqında Q.Mustafayev yazırdı: «H.S.Ayvazov həyasızcasına bildirirdi ki, «bu gün aramızda təqlid olmayan nasıl bir şey vardır ki, lisanımız da təqlid olmasın? Əlbisəmiz firənglərdən, qalpaqlarımız yəhudilərdən, botinlərimizi rumlardan alıyoruz, lisanımızı da osmanlı türklərini təqlid edərsək nə lazım gəlir? Osmanlılar...çalışmışlar, çabalamışlar ərəbdən almışlar, farsdan əxz etmişlər... mükəmməl bir lisan sahibi olmuşlar... Lisanımızda qullanılan ərəbi, farsi sözlərinə gəlincə məhəbbəti milliyəsi olanlar ögrənə bilərlər». (Mustafayev Q., 1973:49)
Q.Mustafayev və Sovet dövrünün tərənnümçüləri ömürlərinin ortaq türk dilinin, ortaq türk mədəniyyətinin təbliğinə həsr edənləri tənqid və təhqir etməklə yanaşı, onların məqalələrini çap edən qəzet və jurnallara da hücum edirdilər. Yuxarıda adını çəkdiyimiz kitabın 32-ci səhifəsində oxuyurduq: «Kaspi»nin, «Tərcüman»ın millətçilik, islamçılıq meyllərinə qarşı çıxış edən qəzet («Şərqi-Rus» – Ə.Ş.), eyni zamanda qatı panislamist, pantürkist Əbdürrəşid İbrahimovun, habelə Ərtoğrul oğlu (Qazan), Rəşid bəy İsmayılov (Buxara), Asan Səbri Ayvazov (Kırım) və b. millətçilik və dini ideologiyanı təbliğ edən məqalələrinə yer verilmişdir» (Mustafayev Q., 1973:32)
Müəllif təkcə bir-iki qəzet-jurnalı tənqid etməklə kifayətlənmirdi. XX yüzilliyin ilk onilliklərində çap olunan milli ruhlu mətbuatı nəzərdə tutaraq yazırdı: «Şərqi-Rus» qəzetin-dən başlayaraq bütün klerikal, feodal-burjua, liberal burjua mətbuatında Ə.İbrahimov, H.S.Ayvazov, Y.Akçuraoğlu, S.İbrahimov, İ.Qasprinski və başqa tatar ziyalıları panislamizmin, pantürkizmin təbliği üçün geniş fəaliyyət göstərmişlər» (Mustafayev Q., 1973:150).
Sovet dönəmində ən çox tənqid hədəfinə çevrilən «Füyuzat» və füyuzatçılar idi. Azərbaycan Dövlət Universitetində dərs deyən Qədim Mustafayev də «Füyuzat»ı tənqid edərək yazırdı: «O, («Füyuzat» – Ə.Ş.) milli məcmuə olmaqdan çox, nəinki ümumrusiya müsəlmanlarının, hətta ümumdünya müsəlmanlarının məcmuəsi olmaq iddasını öz üzərinə götürmüşdü. «Füyuzat»da Ə.Hüseynzadənin «Abdulla Cövdət», «Midhət paşa», «Şamil və həfidi», «Baqeyi-aləmə bir nəzər», «Əhvali aləm», «Məcnun və Leylayi-islam», «Tolstoyçuluq nədir?», «Türk dilinin vəzifeyi-mədəniyyəsi» və s. H.S.Ayvazovun «Həyatı-əqvam», «Təlimi-ətfal» və s. kimi silsilə məqalələrini, «Nədən bu hala qaldıq?» adlı dini-millətçi məzmun daşıyan «pyesi», A.Y.Talıbzadənin «Cameyi-islam nə deməkdir?» və s. məqalələri, habelə onun «İslam və məzahib» adlı «risaləsi» haqqında Ə.Kamalın Türkiyə, Misir həyatına, «ədəbi-tənqidi» məsələlərə dair məqalələri dərc olunmuşdu. Bu məqalələrdə «islamın keçirdiyi böhranın» səbəbləri, «ittihadi-islamın» məzmunu, elm ilə islamın barışdırılması dini idealist-milliyətçi mövqedən şərh edilir, «islam mədəniyyəti» Avropa mədəniyyətinə qarşı qoyulur, müsəlman aləmində ictimai-siyasi həyatın guya «özünəməxsus yolla» inkişaf edəcəyi göstərilir, «nicat məhəbbətdədir» şüarı irəli sürülərək «sinfi sülh» ideyası təbliğ edilirdi. (Mustafayev Qədim, 1973: 103-104)
2. Tənqidin əks təsiri
Bu tənqidlər, qadağalar, çox vaxt əks təbliğat rolunu da oynayır, həmin məsələyə marağı daha da artırır. Mənim də Asan Səbri Ayvazovu tanımağıma, onun həyat və yaradıcılığını öyrənməyimə, onu böyük məhəbbətlə sevməyimə bu qadağalar şərait yaratmışdı.
Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuduğum illərdə (1968-73) bizdən bir kurs aşağıdakı qruplara elmi ateizm dərsi deyən Qədim Mustafayevlə hərdən görüşəndə kitabında yazdıqları ilə bağlı diskussiyaya girmək istəyəndə onun gözlərinin dərinliyində bir məhəbbət, sevinc olduğunu sezirdik. Dildə isə: «Kitabımı diqqətlə oxuduğunuza görə çox sağ olun!» deməklə söhbətdən yayınırdı.
Təkcə Qədim müəllim deyil, millətçiləri, pantürkist və panislamistləri tənqid edən müəlliflərin əksəriyyəti onların məqalə və kitablarını diqqətlə oxuduğumuzdan, onlarla mübahisəyə girişmək istəyimizdən məmnun qalsalar da, müzakirələrdən qaçırdılar.
Ali məktəblərdə ana dili dərsliklərinin azlığından əsas bilik mənbəyimiz müəllimlərimizin oxuduğu mühazirələr idi. Bəzi diribaş tələbələr isə müəllimlərin mühazirələrilə kifayətlənmir, ilkin mənbələrlə tanış olmağa çalışırdılar.
İlkin mənbələrin bir çoxuna isə nə kitabxanalarda rast gəlmək olurdu, nə də arxivlərdə. Çünki onların əksəriyyətinin üzərinə «məxfi», «ən məxfi» qrifləri yazdıqlarından nəinki tələbələr, hətta müəllimlər də tanış ola bilmirdilər. Müəllimlərimiz mühazirələrində, bəzi alimlərin kitab və məqalələrində millətçi burjua ideoloqları arasında tez-tez İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirov, Əliabbas Müznib və başqa ideoloqlarla yanaşı, Asan Səbri Ayvazovun da adı çəkilirdi. Müəllimlərimizə sual verdikdə isə aydın və geniş cavab ala bilmirdik. Tələbə yoldaşlarımızın bir çoxu isə Asan Səbri Ayvazovu Azərbaycan türkü sayırdı.
Respublika kitabxanasında, universitetin və Elmlər Akademiyasının kitabxanalarında, bəzi ailə arxivlərində 20-ci yüzilliyin əvvəllərində çap olunmuş qəzetlərin saxlanması ərəb əlifbasını bilən gənclərin işini asanlaşdırırdı. Onlar həmin qəzetləri oxuduqda müəllimlərindən eşitdiklərindən tamamilə fərqli vəziyyətin olduğunu görürdülər.
Həqiqətləri bilmək, yazılanları oxuyub bilgi əldə etmək və özüm nəticə çıxarmaq üçün çətin də olsa, ərəb əlifbasını öyrəndim. Bundan sonra istədiyim vaxt «Tərcüman», «Həyat», «İrşad», «Açıq söz» və b. qəzet-jurnalları gözdən keçirə bilirdim. Asan Səbri Ayvazovun ömür yolu və yaradıcılığı ilə da bax beləcə, köhnə qəzetlərin səhifələrindən tanış oldum.
İnsafən onu deməliyik ki, müəllimlərimizin hamısı Asan Səbri Ayvazovu kəskin tənqid etmirdi. Onlar xüsusi xidmət orqanlarının, rəhbərliyin cəzasından qorxsalar da, mülayim şəkildə də olsa, xoş sözlər söyləyər, «onlar tənqid yazmasalar siz çoxlarını heç tanımazdınız» – deyərək milli düşüncəli aydınları tənqid edən müəllifləri də çılğın gənclərin hücumundan qorumağa çalışırdılar. (Şamil Əli, 2012: 85)
3.A.S.Ayvazovun Azərbaycandakı fəaliyyəti
Bakıda 1963-cü ildə nəşr edilən «Azərbaycan kitabı (Biblioqrafiya) 3 cilddə I cild, 1720-1920. I cildi tərtib edəni Ə.Y.Əliyev)» kitabının və 31-ci və 53-cü səhifələrində Asən Səbri Ayvazovun haqqında belə məlumat verilir:
Ayvazov Həsən Səbri. «Üsuli-Tədris və təlim tərbiyə». Mühərriri Həsən Səbri Ayvazov Alupka məktəbi müəllimi-sabiqi Kırım, Bakı, «Kaspi mətbəəsi», 1906, kitabxaneyi – «Həyat» ədəb. 233, səh. 23x15.
Ayvazov Həsən Səbri. «Nədən bu hala qaldıq?» Teatr mühərriri və naşiri Həsən Sabri Ayvazov 1907-78 səh. 1 portret 21X14 sm.
Azərbaycanın pedaqoqika tarixinin araşdırıcısı A.Abdullayev 1966-cı ildə nəşr etdirdiyi «Azərbaycan dilinin tədrisi tarixindən» kitabında yazır: «Müəllif bu əsərdə (Söhbət «Usuli-Tədris və təlim tərbiyə» kitabından gedir – Ə.Ş.) dərs üsulları və pedaqogika haqqında geniş məlumat vermişdir. Hasan Səbri dil müəllimlərinə 12 qayda ilə dərs verməyi məsləhət görür. Məsələn, o göstərir ki: 1.müəllimin nitqi qısa və aydın olmalıdır, 2.tədrisdə əyaniliyə əhəmiyyət verilmə-lidir, 3.müəllimin izahatı inandırıcı olmalıdır, 4.öyrədilən hər hansı bir sahənin səbəbi şagirdə aydınlaşdırılmalıdı, 5.şagirdlərə yığcam, lakin dərin məlumat verilməlidir, 6.elmlərin əsasını öyrədərkən nəzəriyyə ilə təcrübə arasında əlaqə yaratmalı və təcrübi (əməli) cəhətə daha artıq diqqət edilməlidir, 7.hər bəhsi keçəndən sonra şagirdlərə həmin bəhsə aid müəyyən nəticə əldə etdirilməlidir, 8.tədris tədricən asandan çətinə doğru, təkmilləşdirməyə doğru getməlidir, 9.dərs müsahibə, sual-cavab üsullarına geniş yer verilməlidir, 10.məşğələlərdə şifahi və yazılı suallardan istifadə etməlidir, 11.müəllim mövzudan asılı olaraq, sinfin səviyyəsi nə üçün münasib olan üsullar seçilməlidir, 12.yazı işlərinə diqqət edilməli, yazısız dərs olmamalıdır, əlifba dövründən başlanmış ta yuxarı siniflərə qədər həmin yazıya xüsusi əhəmiyyət verməlidir.
Bunlardan sonra müəllif «Üsuli-sövti» sərlövhəsi ilə sövti üsulun mahiyyəti və aparılması yollarını da geniş surətdə izah etmişdir.
Kitabın sonunda «Məktəbin müəllimlərinə aid nizamnaməsi», «Məktəbin şagirdlərə aid nizamnaməsi» adı ilə məktəb rejimi barədə təlimat verilmiş və kitaba təhsil müddəti 5 il olan məktəblər üçün proqram nümunəsi də əlavə olunmuşdur» (Abdullayev A. 1966:255).
Sovet dönəmində H.S.Ayvazov kəskin tənqid olunmasına baxmayaraq, bu tənqidlər içərisində gözəl etiraflara da rast gəlinir. Məsələn, Azərbaycan Dövlət Universitetinin profes-soru, dövrünün ən nüfuzlu alimi və pedaqoqu sayılan Əli Sultanlı 1964-cü ildə Bakıda nəşr etdirdiyi «Azərbaycan dramaturgiyasının inkişaf tarixi» kitabında yazır: «Füyuzat» dramaturgiyası romantizmin ən səciyyəvi əlamətlərini özündə toplamış olan bir dramaturgiya idi» (Sultanlı Ə.,1964:194).
Bu dramaturgiyanın əsası isə H.S.Ayvazovun «Füyuzat» jurnalının 12-ci sayında (Əslində pyes jurnalın 1907-ci ildə nəşr edilən 12-ci sayının 187-190-cı səhifəsində, 14-cü sayının 217-222-ci səhifəsində, 15-ci sayının 232-235-ci səhifəsində, 16-cı sayının 254-256-ci səhifəsində, 16-cı sayının 287-288-ci səhifəsində, 20-ci sayının 317-320-ci səhifəsində, 21-ci sayının 335-336-cı, səhifəsində, 22-ci sayının 334-352-ci səhifəsində çap olunmuşdur – Ə.Ş). Çap olunmuş «Nədən bu hala qaldıq?» pyesi ilə qoyulurdu. Ondan sonra 15 il içində yazılan 20-yə qədər pyesin «umumi xüsusiyyət ondan ibarət idi ki, onlar tarixi keçmişə dönməkdəydilər. Onlardan bir qismi islam tarixinə, ikinci qismi Türkiyəyə və Türkiyə tarixinə baxaraq onlardan özlərinə mövzu seçməkdəydilər». (Kəngərli-Əliyeva Aybəniz, 2008:58-59).
4. Mədəniyyət mələyi
Bu cümlələr içimizdə bir rahatlıq yaratdığı kimi onu yazan müəllimlərimizə də hörmətimizi artırırdı. D.P.Ursun H.S.Ayvazovu «Mədəniyyət mələyi» adlandırması millətsevər gənclərin dillər əzbərinə çevrilmişdi. Çox vaxt hökumət dairə-lərindən və ya yanımızdakı insanın xəbərçi ola biləcəyindən ehtiyatlananda H.S.Ayvazovun adının əvəzinə «mədəniyyət mələyi» deməklə kifayətlənirdik. Qarşı tərəf də kimdən söz açdığımızı anlayırdı.
O zaman çoxlarımız üçün aydın deyildi ki, 1878-ci il may ayının 6-da Alupkadakı kasıb bir ailədə doğulan, bitirdiyi mədrəsədə xocalıq edən, İstanbulda, Qahirədə təhsilini artıran, «Tərcüman» qəzetinə məqalələr yazan, hətta bir müddət qəzetin redaktoru olan Asan Səbri Ayvazov nədən Azərbaycanla bu qədər bağlı olmuşdu? Nədən Akmescid-Simferopolda 1917-ci ildə nəşrinə başladığı «Millət» adlı gündəlik siyasi, ictimai, iqtisadi, ədəbi qəzeti 1918-1919-cu illərdə Bakıda çap etməli olmuşdur?
Peterburqdakı Mərkəzi Dövlət Tarix Arxivindəki 821-ci fondun siyahı 133, iş 472-də olan Rusiya Daxili İşlər Nazirliyinin bir məlumatında deyilir: «İstanbul müsəlman cəmiyyətinin rusiyalı başçıları, məsələn, Əbdürrəşid İbrahimov, şair Akçurin və publisist Ağayev son zamanlar öz ideyalarının yayılması yolunda səylə çalışırlar. Rusiya müsəlmanları içə-risindəki güclü yüksəliş onların işi üçün əlverişli zəmin yaradıb. Onlar Rusiya müsəlman əhalisi arasında populyar olmalarından istifadə edirlər. Türkiyə və Misir dövri mətbuatında türk və ərəb dillərində çap edilən kinli russofob məqalələrin hamısı onların qələmindən çıxır. Adlarını çəkdiyim şəxslər Rusiyanı həmişəlik tərk etsələr də, hazırda şəxsi yazışmaları yolu ilə rus müsəlmanları ilə möhkəm əlaqə saxlayırlar. Eyni zamanda onlar İstanbuldakı panislamist təşkilatın görkəmli xadimləridirlər».
«Rusiya müsəlmanları içərisindəki güclü yüksəliş»i təmin edənlər isə Asan Sərbi Ayvazov və onun məsləkdaşları idi. Asan Səbrinin Azərbaycandakı məsləkdaşlarının sayı Kırımdakılardan heç də az deyildi. Baxmayaraq ki, Rusiyanın hakimiyyət orqanları Bakıdan Ə.Ağayev, Ə.Hüseynzadə, Əhməd Kamal Rasim oğlu, Xalid Xürrəm Səbribəyzadə, eləcə də Rusiyanın başqa yerlərindən və Ə.İbrahimov, H.S.Ayvazov Y.Akçuraoğlu və başqalarının vətənlərini tərk edərək İstanbula getməyə məcbur etmişdi. Onlar Rusiyadakı məsləkdaşlarının dayağıyla İstanbulda «İttihadi-islam» (1909), «İttihadi Məhəmmədiyə» (1909), «Türk dərnəyi» (1908), «Türk ocaqları» (1910), «Türk yurdu cəmiyyəti» (1911), «Cəmiyyəti-elmiyyəyi-islamiyyə» və s. yaratmış, «Taarifi-müsəlman» (1910), «Siratül müstəqim» (1908), «Səbil ül-Rəşad» (1911-ci ildən «Siratül müstəqim» davamı kimi), «Türk yurdu» (1911-ci ildən) və s. qəzet və jurnalları nəşr edərək müxtəlif yollarla vətənlərinə göndərmişlər. Bu da Rusiyanın hakimiyyət orqanlarını bərk narahat etmişdir.
«Tərcüman»da, «Füyuzat»da, «Vətən xadimi»ndə, «Millət»də və b. qəzet-jurnallarda H.S.Ayvazovun çap etdirdiyi məqalələr günümüzədək aktuallığını qoruyub saxlamışdır. «Füyuzat» jurnalının 1906-cı ildə nəşr olunan 2-ci sayındakı «Həyat»ın qürubundan «Füyuzat»ın tülulundan hasil olan təəssüratım» (səh.25-27), 3,4 və7-ci saylarındakı «Həyati-əqvan nə ilə qaimdir?» (səh. 42-43, səh. 59-60, səh. 106-108), 5-ci sayındakı «Bəşər və səy» (səh. 74-76), 6-cı sayındakı «Kırımlılar nə üçün tənqid edilmişdir?» (səh. 93-96) və «Həyatı ailə və ailəçilərimiz» (səh.93-96), 1907-ci ildə nəşr olunan 7-ci sayındakı «Qivai mənəviyyə» (səh.107-108), 13-cü sayındakı «Təlimi-ətraflı məsələsi» (səh.200-203), 16-cı sayındakı «A.H.S. Lisan qovğası» (səh.251-254), 17-ci sayındakı «Əsarət qurbanları» (səh.263-265), 25-ci sayındakı «Qadınlar və qadınların əhəmiyyəti» (səh. 415-416) məqa-lələri müəllifin məhsuldar yaradıcılığından xəbər verir («Füyuzat» , 2002).
5. Siyasi mubarizənin önündə
Kəndlilər tərəfindən II Dövlət dumasına deputat seçilən idtedadlı publisist, islahatçı görüşlərilə seçilən Rəşid Mehdiyev 1906-cı il may ayının 1-dən Qarasubazarda «Vətən xadimi» qəzetini nəşrə başlayır. Həftədə dörd sayı çıxan bu qəzetə redaktorluq (mühərrirlik) Asan Səbri Ayvazov edir. Millətin qəflət yuxusundan oyanmasında, tarixi keçmişini öyrənməsində, azadlıq uğrunda savaşa hazırlanmasında qəzetin rolu böyük olur. Bundan qorxuya düşən hökumət «Vətən xadimi» qəzetini 1908-ci ildə bağlayır.
Özünü həmişə İsmayılbəy Qaspıralının tələbəsi sayan Asan Səbri onun həm də köməkçisi və məsləkdaşı olmuşdur. «Tərcüman» qəzetinin redaktorluğunu da İsmayılbəy Qaspıralı məhz A.S.Ayvazova həvalə etmişdi. İsmayılbəy Qaspıralı dünyasını dəyişəndə onun başı üzərində olan və onun son sözlərini Türk dünyasına çatdıran da Asan Səbri olmuşdur.
Xalqını oyandırmaq, onları zülmə, istismara, müstəmləkə-çiliyə qarşı mübarizəyə səfərbər edən Asan Səbri təqib və təzyiqlərdən qurtulmaq üçün bir müddət Moskvaya gedir. Oradakı Lazarev adına Şərqşünaslıq İnstitutunda dərs deyir. Lakin Azərbaycanla əlaqəsini yenə də kəsmir. Bakıda nəşr edilən qəzetlərin Moskva müxbiri kimi də fəaliyyət göstərir. 1910-cu ildə Osmanlı dövlətinin sədrəzəmi (Baş Naziri) olan Hüseyn Hilmi Paşa ikinci dəfə istefa verərək Avropa səyahətinə çıxır. Oradan da Rusiyaya dönən Hüseyn Hilmi Paşa Rusiya çarı II Nikolay və xanımı, eləcə də o zamankı baş nazir Stolıpin tərəfindən hörmət və ehtiramla qarşılanır. Rusiyaya səfər edən ilk Osmanlı baş naziri Hüseyn Hilmi Paşa Peterburqla tanış olmaqla kifayətlənmir. O, 1910-cu ilin aprelin 8-də Moskvaya gəlir.
Moskvada A.S.Ayvazov Hüseyn Hilmi Paşaya tərcüməçilik etməklə yanaşı, onun haqqında xəbərləri və aldığı müsahi-bələri Bakıda nəşr edilər «Həqiqət» qəzetinə göndərir. Diqqətiçəkən bir cəhət odur ki, Osmanlı dövlətinin istefada olan baş naziri Rusiyanın dövlət rəhbərlərini avtomobillərilə deyil, Murtuza Muxtarov və Şəmsi Əsədullayevin avtomobillərilə gəzir.
Moskvada məscidlərə gedən, müsəlmanların öndəgedənlərilə görüşən Hüseyn Hilmi Paşa oradan Nijni Novqoroda gedir. Kazan şəhərində ona göstərilən maraq və diqqətə görə üç gün qalmalı olur. Paşa Kazandan da Samaraya gedir. Həştərxana da getməsi əvvəlcədən planlaşdırılsa da, nədənsə Samaradan geri qayıdaraq Rusiya tabeliyində olan Varşavaya, oradan da İstanbula dönür.
Osmanlı dövlətinin istefada olan sədrəzəminin Rusiya səfərinin Qafqazda, Türküstanda, İranda və b. yerlərdə təbliğində Asan Səbrinin Bakıda çap olunan məqalələrinin böyük rolu olmuşdur.
Asan Səbri Ayvazov harada yaşamasından, harada işləməsindən asılı olmayaraq maarifçiliklə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğul olur. Bəzən də vətənini çətin durumdan qurtarmaq üçün yaradıcılığına ara verib dövlət quruculuğu ilə məşğul olur.
1917-ci ilin fevralında Rusiyanı sarsıdan inqilab Kırımdan da yan keçmədi. Kırımın vətənpərvər və millətsevərləri ölkə-lərini azad və müstəqil görmək üçün ayağa qalxır. Müstəqil dövlətlərini də qura bildilər. 1917-ci il martın 26-da Kırım Xalq Cümhuriyyəti elan edilir və Noman Çələbi Cihanın rəh-bərliyində Kırım Millî hökuməti qurulur.
Kırımda çağırılan məşhur I Qurultayın əsas təşkilatçılarından biri də Asan Səbri Ayvazov olur. 1917-ci il noyabrın 17-də Kırımda ilk dəfə qadınların da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçirilir. Aralarında qadınlar da olan 76 deputat Baxçasarayda toplaşır. Kırım Müsəlmanları İcra Komitəsi adından Noman Çələbi Cihan onları salamlayır. 1917-ci il noyabrın 26-da Qurultay nümayəndələri Xan camidə namaz qıldıqdan sonra Kırım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin sədri Noman Çələbi toplantını açır. Qurultayda Kırım Xalq Cümhuriyyətinin Anayasasını (konstitusiyasını) hazırlamaq üçün komissiya yaradır. Bu komissiyaya Noman Çələbi Cihan, Cafer Seydahmət, Cafer Ablay, Asan Səbri Ayvazov üzv seçilirlər. (Kandimov Yunus, 1991:16). Onların hazırladığı Anayasa geniş müzakirədən sonra qurultay iştirakçıları tərəfindən dekabrın 13-də qəbul olunur. Qurultay Kırımda bütün həyatı idarə etmək üçün ciddi addımlar atır. Ölkədə parlamentli respublika yaradıldığı elan olunur. Asan Səbri Ayvazov yeni yaradılmış parlamentə sədr seçilir.
Qurultayda Kırımdan kənarda olan əsgəri birliklərin vətənə gətirilməsi qərara alınır. Erkan-ı Harbiye Rəisi (Hərbi nazir) Cafer Seyit Ahmet Ukrayna cəbhəsindəki Kırım Süvari bölüklərini gətirmək üçün çox çətinliklə də olsa, Kiyevə gedir. Süvari alaylarını Kırıma yola salmağa başlayır. Fəqət Rumıniya cəbhəsindəki müsəlman və tatar əsgərlərdən ibarət 28.000 nəfərlik ordu məsafənin uzaqlığından və bölgədəki qarışıqlıq ucbatından, dəmir və şosse yollarının normal işləməməsindən vaxtında Kırıma gətirmək mümkün olmur.
Asan Səbri Ayvazovun 1917-ci il iyulun 27-də nəşrinə başladığı gündəlik siyasi, ictimai, iqtisadi, ədəbi «Millət» qəzetinin 132 sayını dekabrın 19-na kimi çap edə bildi. Qurduqları hökumətin bolşeviklər tərəfindən qan içində boğulması, hökumətin başçısı Noman Çələbi Cahanın şəhid edilməsi, ölkədə yaranmış qarışıqlıq Asan Səbrini yenidən Bakıya gəlməyə məcbur edir. Nazim Axundovun hazırladığı «Azərbaycan mətbuatı. (Biblioqrafiya)» kitabında «Millət» qəzetinin Bakıda 1918-ci il fevralın 1-dən dekabrın 30-dək 186, 1919-cu il avqustun 15-də yalnız bir sayının çap edildiyi göstərilir. (Axundov Nazim, 1965).
Sovet hakimiyyəti illərində daima tənqid edilən Asan Səbri Ayvazovun nəşr etdiyi «Milliyyət» qəzetinin Azərbaycanın kitabxanalarında 65, 67, 68, 70-86, 89, 91-176 saylarının qorunub saxlanmasını hünər saymaq olar.
Lakin bolşeviklər Kırımda çox duruş gətirə bilmir. 1918-ci ilin yazında Almanlar onları yarımadadan vurub çıxarır və "müsəlman korpusu"nu tərksilah edir. General Masey Sulkeviç əsasən Polşa tatarlarından ibarət bir qrup zabitlə Krıma gəlir. Burada o, alman hərbi komandanlığı ilə əldə edilmiş razılıq əsasında Krım hökumətini formalaşdırmağa başlayır. Özü hökumətdə baş nazir postunu tutmaqla yanaşı müdafiə və daxili işlər naziri vəzifəlrərini də icra edir. Xarici işlər naziri vəzifəsinə Krım tatarlarının tanınmış liderlərindən biri, sonralar Türkiyədə və Polşada Krım siyasi mühacirətinin rəhbəri və Krım dövlətçiliyi ilə bağlı bir sıra tədqiqatların müəllifi kimi məşhurlaşan Cəfər Seyid Əhməd təyin edilir. Ədliyyə naziri postu milliyyətcə Litva tatarı Aleksandr Əhmədoviçə (sonralar, 1928-ci ildə Polşa Senatının üzvü seçilmişdi) həvalə olunmuşdu. Yerli rus icmasının nümayəndələri Nikiforov və Nikitin müvafiq surətdə maliyyə və sənaye-ticarət naziri vəzifələrini tuturdular. Krımdakı alman icmasının təmsilçisi Friman kənd təsərrüfatı və təchizat naziri vəzifəsinə təyin olunur.
1918-ci il iyun ayında hökumətdə aparılan yerdəyişmə və yeni təyinatlarda Kırım tatarı Mustafa Mirzə Kıpçaq kənd təsərrüfatı, rus generalı Çarikov təhsil, Polşa tatarlarından general Aleksandr Milkevski müdafiə, Litva tatarı Boquşeviç dövlət əmlakı, polyak Donbrova təchizat naziri vəzifələrinə təyin edilirlər.
M.Sulkeviç 1918-ci il iyunun 25-də elan etdiyi memorandumda bildirilirdi ki, “mövcud şəraitdə onun təmsil olunduğu hakimiyyətin qarşısında dayanan əsas vəzifə keçmiş Rusiya imperiyasının taleyi müəyyənləşənə və yeni yaranmış dövlətlərlə bağlı situasiya aydınlaşana qədər Krım yarımadasının müstəqilliyini qorumaq və milli mənsubluğundan asılı olmayaraq bütün Krım əhalisinin təhlükəsizliyini təmin etməkdir”. (Quliyev Vilayət, 2009:321)
“Yeni dövlətin hüquqi əsaslarını möhkəmləndirmək üçün M.Sulkeviç Krım Seyminin fəaliyyətə başlamasını zəruri sayırdı. Yarımada əhalisinin 40 faizini təşkil edən Krım tatarlarının dini və mədəni problemlərin həllində muxtariyyət hüququnu tanımaqla, Krım-tatar parlamentinin - Qurultayın və onun komissiyalarının fəaliyyətini təqdir etməklə bir sırada əhalinin bütün təbəqələrinin və milli icmaların hamısının öz nümayəndələrini göndərdiyi Seym vasitəsi ilə Krımın gələcək siyasi quruluşunu müəyyənləşdirməyi daha etibarlı və vacib hesab edirdi.
Lakin Seymə seçkilərin keçirilməsi uzun vaxt və ciddi hazırlıq tələb etdiyindən, dəyişən şərait isə hər gün qarşıya yeni vəzifələr qoyduğundan hökumət başçısı kimi Sulkeviç özü bir sıra qanun qüvvəsində olan hüquqi aktlar qəbul etmişdi”. (Quliyev Vilayət, 2009:321)
Bizcə Məhəmməd Sluleviçin qəbul etdiyi qanunlar sırasında ən önəmlisi geriyə mühacirət (reemiqrasiya) haqqında qanun idi. Bu qanun 150 ilə yaxın davam edən Rusiya işğalı dövründə zorakı yollarla Türkiyəyə və Rusiyanın daxili quberniyalarına köçürülmüş Kırım tatarlarının maneəsiz şəkildə ata-baba yurdlarınatmalarına imkan verirdi.)
Durumun getdikcə ağırlaşdığını görən Cafer Seyit Ahmet, Seyitcəlil Xəttat, Həsən Səbri Ayvazov, Ahmet Özanbaşlı, Amdi Bəkirzadə və Xəlil Çapçaqçının iştirakı ilə gizli bir toplantı təşkil edilir. Toplantıda qərara alınır ki, H.S.Ayvazov Osmanlı dövlətinə səfir göndərilsin. Onlar yaxşı bilirdilər ki, Osmanlı dövlətinə düşmən gözüylə baxan ruslar bununla razılaşmayacaqlar. Odur ki, qərarlarını yalnız Baş Nazir Süleyman Sulkeviçə dedilər və ondan xahiş etdilər ki, məsələ reallaşanadək heç kimə heç nə deməsin.
Əslində bu məsələ yeni deyildi. Xarici İşlər Naziri Cafer Seyit Ahmet 1918-ci ilin aprelində Osmanlı Dövlətinin Sədrəzəmi (Baş vəziri) Tələt Paşadan Kırımda səfirlik açmalarını xahiş etmişdi. O da bunun reallaşması üçün Kırım hökumətinin İstanbulda bir elçilik açmasının lazım gəldiyini vurğulamışdı.
1918-ci il avqustun 1-də İstanbula gələn A.S.Ayvazov təcili mətbuat konfransı çağırır, gəlişinin məqsədini açıqlayır və Kırım Hökuməti Dərsəadət Mümessil-i Siyasiliyi adıyla konsulluq fəaliyyətinə başlayır. Türkçülüyün ideoloqlarından biri kimi tanınan Asan Səbri İstanbulda böyük hörmətlə qarşılanır və o, Kırımın müstəqilliyi ideyasına Osmanlı dövlətinin mənəvi-siyasi dəstək verməsinə nail olur. Azərbaycan höku-mətinin başçısı Məhəmmədəmin Rəsulzadə Osmanlı paytaxtındakı Azərbaycan nümayəndə heyətinin başçısı, xarici işlər naziri M.H.Hacınskiyə 1918-ci il avqustun 4-də yazdığı mək-tubunda da qələm və əqidə dostu Asan Səbri Ayvazovun İstanbula gəlməsi və diplomatik fəaliyyətə başlaması haqqında məlumat verilir, onunla sıx əlaqə qurmalarını tövsiyə edir. (Quliyev Vilayət, 2009:324)
Kırım hökumətinin rus üzvləri H.S.Ayvazovun İstanbulda işə başlamasından bərk əsəbləşərək onun fəaliyyətini qanunsuz sayırlar. Lakin Asan Səbri ruhdan düşmür, fəaliyyətini davam etdirir. O, var gücü ilə Kırımın Almaniyanın koloniyasına çevrilməməsinə çalışır. Osmanlı hökumətinin üzvləri ilə, İstanbul ziyalıları ilə yaxından tanışlığı və dostluq əlaqələri onun səmərəli fəaliyyət göstərməsinə səbəb olur. Osmanlı Hərbi nazirliyinin gizli təhsisatından Kırım Tatar Milli İdarəsinə 100.000 Osmanlı lirəsi ayrılmasına nail olur.
Kırımın müstəqilliyini qoruyub-saxlamaq üçün bir neçə istiqamətdə ardıcıl və düşünülmüş fəaliyyət göstərilsə də beynəlxalq vəziyyət olduqca mürəkkəb idi. Bir tərəfdən Ukrayna Radası Qurultay işyirakçılarına təbrik məktubu göndərir, o biri tərəfdən Kırımı «tarixi torpaqları» kimi öz tərkibinə qatmağa can atırdı. (Quliyev Vilayət, 2009:323)
Ukrayna hökuməti 1918-ci ilin iyulunda yarımadanı iqtisadi blokadaya alır. „Bu məqsədlə Krım hökumətinin ədliyyə naziri Aleksandr Əhmədoviçin başçılığı ilə 1918-ci ilin sentyabrında Kiyevə nümayəndə heyəti göndərilmiş və Ukraynanın yarımadaya qarşı apardığı "gömrük müharibəsinin" qarşısını qismən almaq mümkün olmuşdu“. (Quliyev Vilayət, 2009:324)
Birinci Dünya Savaşından Almaniyanın və Osmanlının məğlubiyyətə uğraması, Tələt Paşanın istefası ayrılmış pulların Kırıma gətirilməsini əngəlləyir. Lakin o, yenə də ruhdan düşmür, Əhməd İzzət Paşanın rəhbərlik etdiyi hökumətlə, xüsusən, xarici işlər naziri Nabi Bəylə əlaqəsini kəsmir. 1919-cu il yanvarın ortalarınadək İstanbulda qalır və Kırımın hüquqlarını qoruyur.
Yeni-yeni möhkəmlənməyə çalışan Azərbaycan Xalq Cümhuriyyəti də Kırımdakı soydaşlarının taleini diqqətlə izləyir. „1918-ci il noyabrın 1-dən Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəsi Mir Yusif Vəzirova (Çəmənzəminli) Azərbaycan Xalq Cümhuriyyətini Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrm əvvəlində Azərbaycana göndərdi.
Azərbaycan Hökumətinin elçisi M.Y.Vəzirov 1919 ilin yanvarında Simferopolda Krım türk parlamentinin sədri Seyid Camal Xəttatovla və milli direktoriyanın başçısı S.Misxarlı ilə görüşdü və Cümhuriyyətin Krım türklərinin milli müstəqillik uğrunda mübarizəsini müdafiə etdiyini bildirdi. Azərbaycan Hökumətinin başçısı Fətəli xan Xoyski 1919 il yanvarın 14-də Krım türk milli direktoriyasının başçısı S.Misxarlıya göndərdiyi məktubda onun Hökumətinin Krımı müstəqil dövlət kimi görməyi arzu etdiyini və Paris sülh konfransında Krım nümayəndəsinin Azərbaycan nümayəndəliyi ilə sıx əlaqədə fəaliyyət göstərməsinin zəruriliyini bildirdi.
1919 il martın 19-da doktor Cəfər bəy Rüstəmbəyov Azərbaycan Cümhuriyyətinin Krımda və Kubanda diplomatik nümayəndəsi və ticarət agenti təyin edildi. Lakin 1919 il aprelin 9-da Krımın Qırmızı ordu tərəfindən işğalı, iyulun 1-də isə yenidən Denikin ordusunun əlinə keçməsi onun müstəqilliyinə qəti olaraq son qoyduğu üçün C.Rüstəmbəyovun bu missiyanı icra etməsi mümkün olmadı. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyi bölgədə baş verən prosesləri yaxından izləmək üçün 1919 il sentyabrın 22-də iqtisadçı alim Şeyx Əli Hüseynovu Azərbaycanın Krımda konsul agenti təyin etdi”. (Azərbaycan Xalq Cümhuriyyət Ensklopediyası, 2004: 203-204)
1919-cu ildə daha çox ağqvardiyaçılar kimi tanınan, Rusiyada zor gücünə hakimiyyəti ələ almış bolşeviklərə qarşı mübarizə aparan «Könüllü ordu» və ya general A.Denikinin (16.12.1872-08.08.1947) rəhbərlik etdiyi Rusiyanın Cənubundakı Baş Silahlı Qüvvələr Kırımı işğal etməklə bölgədə vəziyyəti daha da gərginləşdirir. 1920-ci ilin aprelin 4-dən isə A.Denikinin hakimiyyəti general P.N.Vrangelə (15.08.1878-25.04.1928) verərək xaricə gedir. General P.N.Vrangelin rəhbərlik etdiyi «Könüllü ordu» Kırımda at oynatmağa başlamışdı.
6.Siyasət və dövlət quruculuğundan ictimai işlərə
1920-ci ilin noyabrında bolşeviklər ağqvardiyaçı adlandırdıqları hərbi qüvvələrə qalib gələrək Kırımı yenidən işğal edir və 1921-ci il oktyabrın 18-də RSFSR-in tərkibində Kırım Muxtar Sovet Sosialist Respublikasını yaratdıqlarını elan edirlər.
Bolşeviklər hakimiyyəti zorla ələ ala bilsələr də, onların dövlət idarələrində, məktəblərdə, xəstəxanalarda çalışacaq ki-fayət qədər kadrları yox idi. Odur ki, burjua kadrları adlandırdıqları mütəxəssislərdən, hətta bolşevikləri sevməyən kadrlardan da istifadə etmək məcburiyyətində idilər.
Bolşeviklər Asan Səbri Ayvazovun keçmiş fəaliyyətini yaxşı bilsələr də, ondan imtina edə də bilmirlər. Onu Kırım MSSR Mərkəzi İcraiyyə Komitəsinin tərcümə şöbəsində işə götürürlər. Bölgənin iqtisadi durumunun ağırlığını, yüzlərlə insanın acından öldüyünü görən bölşevik rəhbərləri vəziyyətdən çıxmaq üçün Türkiyəyə müraciətdən başqa yol görmürlər. Kırım Mərkəzi İcraiyyə Komitəsi 1922-ci il martın 2-4-də keçirdiyi ikinci sessiyasında Türkiyə Böyük Millət Məclisinə yardım üçün müraciət etməyi və bu məqsədlə bir nümayəndə heyəti göndərməyi qərara alır. Asan Səbri Ayvazov yenidən gənc Türk Respublikasına elçi göndərilir.
A.S.Ayvazov və katibi Mamut Nədim uzun və ağır səfər-dən sonra aprelin 17-də Ankaraya gəlib çata bilir. Türkiyədəki Sovet böyük elçisi Semyon Aralov A.S.Ayvazovu xoş qar-şılayır və onu səfirliyin müşaviri vəzifəsinə götürür. İki gün sonra isə Kırımda aclıq çəkənlərə yardım toplamaq məqsədilə Cafer Seyit Ahmetin başçılığı ilə Ankaraya yeni bir heyət də gəlir.
A.S.Ayvazovun və Cafer Seyit Ahmetin birgə fəaliyyəti, qəzetlərə verdikləri müsahibələr, dövlət xadimləri və iş adamları ilə apardıqları söhbət öz bəhrəsini verir. Aclıq və səfalət içərisində olan gənc Türkiyə Kırıma yardım toplama kampaniyasına başlayır.
Kırım aclarına yardım üçün təşkil edilmiş mərkəzi komitə genişləndirildi. Buraya deputatlar, paşalar, Ankara qubernatoru, Ankara Müftisi və b. daxil oldular. Təşkilatın rəhbərliyinə məhşur generallardan Refet Paşa seçildi. Onun rəhbərliyi ilə aprelin 25-də keçirilən ilk toplantıda bütün Anadolu və İstanbul xalqına yardım üçün müraciət edildi. Toplanacaq yardımlarının Hilal-i Əhmər (Qızılay) Cəmiyyəti hesabına yığılması qərara alınır.
Bu toplantılara Azərbaycanın Türkiyədəki elçisi İbrahim Əbilov, yazıçı və ictimai xadimlərdən Yunus Nadi, Yusuf Akçura və Ağa Gündüz, deputatlar Mahmut Esad və Tevfik Rüşdü kimi çox məşhur adamlarla iştirak edirlərmiş.
Türkiyədən Kırıma gönərilən birinci yardım kampaniyasında Anadoludan və İstanbuldan toplanan 1000 çuval un, ikinci dəfə isə 2000 çuval un, 696 sandıq səbzə və ət konservləri olur. Xalqını aclıqdan qurtaran, bununla da bolşevikləri də çətin vəziyyətdən çıxaran A.S.Ayvazov 1922-ci ilin sonunda vətənə dönür. Sovet məmurları yerlərini möhkəmlətdikcə A.S.Ayvazov kimi nüfuzlu və bacarıqlı insanlara da münasibətləri dəyişir.
7.Elmi-pedaqoji fəaliyyəti
Savadsız, məhdud dünyagörüşlü insanların rəhbərliyi altında işləməyin mümkünsüz olduğunu görən Asan Səbri Ayvazov 1922-ci ilin sonlarında Kırım Pedaqoji İnstitutunda ərəb və türk dillərindən dərs deməyə başlayır. 1923-cü il iyun ayında onun ədəbi və ictimai-siyasi fəaliyyətinin 25 illik yu-bileyini qeyd edirlər. Yubileydə H.S.Ayvazovun üç cildlik «Kırımtatar dili və ədəbiyyatı tarixi» yazdığını qeyd edirlər.
Azərbaycanla əlaqəsini kəsməyən Asan Səbri Ayvazov 1926-cı il fevralın 26-da Bakıda keçirilən I Türkoloji Qurultaya gəlir. Qurultayın 131 nümayəndəsı arasında ən fəal iştirakçılardan biri də Asan Səbri olur.
Qurultay iştirakçısı milliyyətcə alman olan T.Menzel qurultayı məşhur türkoloq V.Radlovun şərəfinə, Türkiyədən gələn nümayəndələr isə İsmayılbəy Qaspıralının şərəfinə keçirilməsini təklif etmişlər. Hər iki təklif qəbul olunduqdan sonra Türk xalqlarının dilinə, tarixinə, etnogenezinə, etnoqrafiyasına, ədəbiyyatına və mədəniyyətinə həsr edilmiş 17 iclas keçirilmiş və bu iclaslarda 38 məruzə dinlənilmişdir.
Asan Səbri burada da türk xalqlarının dillərinin anlaşıqlı olduğundan bir birlərini asanca başa düşdüklərindən söz açarkən göstərir ki, Türkiyədə, Qazanda, Özbəkistanda elə bir ziyalı, mədəni türk yoxdur ki, Nəvainin əsərlərini həvəslə oxumasın (1926-cı il Bakı Türkoloji…, 2006: 206).
1926-cı il martın 6-da başa çatan qurultayda Kırım tatarlarından Asan Səbri Ayvazovla yanaşı Hüseyn Akçokraklı, Bekturə Şevqi, İsmayıl Lemanov, Mamut Nedim, Xabibulla Abdureşid oğlu Odabaş, Bəkir Vahab oğlu Çobanzadə və Yakum Memet oğlu Yakubkamal iştirak etmişdilər. Bu da əhalinin sayına görə Kırımlıların daha çox olduğunu göstərir.
Asan Səbri Azərbaycanda köhnə dostlarının çoxunu Bakıda görə bilmir. Onların bəziləri bolşeviklər tərəfindən güllələnmiş, bəziləri həbsxanalara göndərilmiş, bəziləri mühacirətə getmək məcburiyyətində qalmışdı. Buna baxmayaraq o, Kırıma yeni əhval-ruhiyyə, yaranmış vəziyyətdən beynəlmiləlçilik, kasıb-kusubun rifahı naminə adı altında istifadə etmək Türk xalqlarının birliyi uğrunda mübarizə əzmilə qayıdır.
Türk xalqlarının latın əlifbasına keçməsində böyük xidmətləri olan, 1927-ci ildə keçirilən I və 1929-cu ildə keçirilən II Ümumkırım dil konfranslarında məruzələr edən Asan Səbri 1927-ci ildə «Latın əlifbasına dair», «Oktyabr inqilabı və tatar münəvvərləri», 1928-ci ildə «Qiraət kitabı», «Meyus şairlərimiz» və başqa əsərlərini çap etdirir, «Yeni dünya», «İleri», «Oxul işleri» jurnallarına dilçiliklə bağlı silsilə məqalələr yazır, latın əlifbasıyla çap olunan «Kozaydın» jurnalına redaktorluq edir. (Fazıl Riza, Naqayev Safter 2001:226).
V.Şekspirin «Otello» faciəsini Haşımbəy Vəzirovla birlikdə tərcümə edən (Azərbaycan teatrının salnaməsi, 1975:565) Asan Səbri Ayvazov Turgenevin «Babalar və balalar» əsərindən parçalar, Çexovun 20-dən çox hekayəsini, Tolstoyun və b. rus klassiklərinin, Lonqellinin «Tayfun», Kunt Qamsununun «Yarım ay altında» dramını ana dilə tərcümə etmişdir. (Fazıl Riza, Naqayev Safter 2001:226).
Azərbaycanla əlaqəsini kəsməməyə çalışan Asan Səbri Ayvazov Azərbaycan teatrlarında tamaşaya qoyulan əsərlər haqqında «Na rubeje Vostoka» jurnalına və b. rusdilli mətbuata olduqca dəyərli məqalələr də yazmışdır (Cavid-ömrü boyu, 1982:207,219). Bu məqalələr belə qənaət yaradır ki, o, Bakıda 1927-28-ci illərdə olmuş və teatr tamaşalarına baxmışdır.
Sonuc
Asan Səbri Ayvazovu keçmişdəki ictimai-siyasi fəaliyyətinə, yazdığı məqalə, pyeslərə görə 1932-ci ildə çalışdığı pedaqoji institutdan işdən çıxarırlar. Bununla da ondan əl çəkmirlər. 1937-ci il aprelin 4-də 59 yaşlı vətənpərvər ədibi həbs edib 1938-ci il aprelin 4-də güllələyirlər (Fazıl Riza, Naqayev Safter 2001:227).
Diqqəticəkən odur ki, 1937-ci ildə Azərbaycanda həbs olunan, güllələnən aydınların istintaq materiallarında da Asan Səbri Ayvazovun adı tez-tez çəkilir. Demək DTK (KQB) istintaqda da onu azərbaycanlı məsləkdaşlarından «ayırmağı» lazım bilməyib.
Qaynaqlar
1. Abdullayev A. (1966). Azərbaycan dilinin tədrisi tarixindən, “Maarif” nəşriyyatı, Bakı.
2. Axundov Nazim (1965). Azərbaycan mətbuatı, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı.
3. Azərbaycan kitabı (1963). (Biblioqrafiya) 3 cilddə I cild 1720-1920. (I cildi tərtib edəni Ə.Y.Əliyev), Bakı.
4. Azərbaycan teatrının salnaməsi. 1850-1920 (toplayanı, tərtib edəni və izahların müəllifi Qulam Məmmədli). (1975). Azərbaycan Dövlət Nəşriyyatı, Bakı.
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası.(2004). İki cilddə, I cild, “Lider” nəşriyyatı, Bakı.
6. Cavid-ömrü boyu (Həyat və yaradıcılıq səlnaməsi 1882-1941). (1982). “Yazıçı” nəşriyyatı, Bakı.
7. Kandimov Yunus. (1991). 1917 sene Kurultay. O nasıl olğan edi (oçerk). “Abdet” qəzetinin nəşri, Baxçasaray.
8. Kəngərli-Əliyeva Aybəniz. (2008). Azərbaycanda romantik türkçülük, İstanbul.
9. Qəhramanlı Nazif. (1994). Qarasubazardan olan professor, Bakı.
10. Quliyev Vilayət. (2009). Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində: General Masey Sulkeviç, Son illərin yazıları, “Ozan” nəşriyyatı, Bakı.
11. Mustafayev Q. (1973). XX əsrin əvvəllərində Azərbaycanda islam ideologiyası və onun tənqidi, “Maarif” nəşriyyatı, Bakı.
12. Sultanlı Ə. (1964). Azərbaycan dramaturgiyasının inkişaf tarixi, Bakı.
13. Şamil Əli.(2012). Azərbaycanla sıx bağlı olan Asan (Həsən) Səbri Ayvazov “Kimlik”(Elmi-ictimai dərgi), sayı 7, mart, Bakı.
14. Fazıl Riza, Naqayev Safter. (2001) Kırımtatar ədəbiyyatının tarixi. (Kıska bir nazar), Ağməscid.
15. «Füyuzat» jurnalı. (2002). Biblioqrafiya(tərtib edəni Aydın Xəlilov), Az.Ata.M. nəşriyyatı, Bakı.
16. 1926-cı il Bakı Türkoloji qurultayı (Stenoqram materialları, biblioqrafiya və foto sənədlər) (2006). Ruscadan tərcümə, ön söz və şərhlərin müəllifləri Professor Nərimanoğlu Kamil Vəli, elmi işçi Ağakişiyev Əliheydər. «Çinar Çap» nəşriyyatı, Bakı.
Çap olundu: Ali Şamil. Azerbaycanla siki bağlantisi olan Asan (Hasan) Sabri Ayvazov. Матеріали III-го Mіжнародного Cимпозіуму "Tюркомовні народи України" 18-21 вересня 2012 року," III.Uluslararasi Ukrayna'da Türkçe Konuşan Halklar sempozyumu" 18-21 eylül 2012, Bildiriler (Відповідальні за випуск / kitabi hazirlayanlar:Ірфан Юнвер Насраттиноглу, (проф.) /prof. Dr. Irfan Ünver Nasrattinoğlu, Ф.İ. Арнаут, канд. філол. наук, доцент / doç. Dr. Fedora Arnaut, Київ, 2012, seh. 258-265
|