Əmin Abdin “Oğuznamə” əsəri və onun taleyi

ƏMİN ABDİN “OĞUZNAMƏ” ƏSƏRİ VƏ ONUN TALEYİ

Əli Şamil

Özət

Əmin Abid “Kitabi Dədə Qorqud”u “Oğuznamənin” bir parçası hesab edir, araşdırmalarında da bunu əsaslandırmağa çalışırdı. Hətta Tbilisidəki “Dan yıldızı” jurnalının 1929-cu il 5(29)-ci və 8(29)-ci saylarındakı “Professor Samoyilovicə” ithafdı ilə verilmiş məqaləsi də “Türk el ədəbiyyatına elmi bir baxış. “Oğuznamə”   adlandırmışdı.

AMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi Arxivinin (AMEA AEİTVSMA), fon 39 da Əmin Abidin şəxsi işi saxlanılır. Burada onun SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində işə qəbul edilməsi haqqında ərizəsi, şəxsi işinin bir necə nümunəsi və s. yanaşı çap olunan və çap olunmayan əslrlərinin siyahısı da var. 1933-1935-ci ildə hazırlanmış siyahıda  Əmin Abid “Oğuznamə” adlı bir əsərinin də olduğunu göstərilmir. “Kitabı Dədə Qorqud” haqqında yazan məşhur alimlər də belə bir əsərin olub, olmadığından söz açmayıblar. Yalnız prof. Bədirxan Əhmədov Əmin Abidin “Oğuznamə” adlı əsərinin olduğunu yazır. 

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində fond 130, siyahı 1, iş 15-də Əmin Abidin xətti ilə 1927-ci ildə yazılmış 29 səhifəlik bir əlyazma var.  Ərəb əlifbası ilə yazılmış bu  əlyazma “Oğuznamə” adlanır. Əmin Abidin AMDƏİA saxlanan “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərinin ilk səhifələrinədki qeyddən aydın olur ki, araşdırıcı mövzu üzərində 1922-27-ci illərdə ciddi işləyib. Belə ki, burada o dövrədək Azərbaycanda öyrənilməmiş oğuzlar və “Oğuznamə”dən geniş söhbət açılır.

Bütün bunlar 1920-ci illərin sonlarında Əmin Abidin “Oğuznamə” ilə bağlı ciddi araşdırmalar aparıldığını göstərir.

Açar sözlər: Əmin Abid, “Kitabi Dədə Qorqud”,  Oğuznamə, qorqudşünaslıq, repressiya, ədəbi oğurluq.

Giriş

“Kitabi Dədə Qorqud” yazılan kitabların və məqalələrin siyahısını gözdən keçirən oxucuda elə təsəvvür yaranar ki, daha qaranlıq bir məsələ qalmayıb, mövzu gen-bol araşdırılıb. Son illər mövzu ilə bağlı nəşr edilən məqalə və kitabları oxuyanda və  alimlərin toplantılarda söylədiklərini dinləyəndə öyrənilməmiş nə qədər problem qalmasına heyrətlənməmək olmur. Geniş öyrənilməmiş mövzulardan biri də Azərbaycanda “Kitabi Dədə Qorqud”un ilk araşdırcısı Əmin Abidin yaradıcılığıdır.

20-ci yüzilliyin birinci yarısında yaşamış ədəbiyyatşünas-alim Əmin Abid haqqında dəyərli araşdırmalar aparmış, onun əsərlərini toplayıb nəşr etdirmiş prof.Bədirxan Əhmədov yazır: “Şair, alim, ədəbiyyatşünas və folklorşünas tədqiqatçı, Qorqudşünas və Axundovşünas, görkəmli ədəbiyyat tarixçisi Ə.Abid zəngin elmi irs qoyub getmişdir. Sistemli araşdırmaların məhsulu olan bu elmi irs hələ tədqiqatçılar tərəfindən hərtərəfli araşdırılmamışdır”.(Əhmədov B., 2007:9).

 

1.      “Kitabi Dədə Qorqud”un öyrənilməsində və tanıdılmasında Əmin Abidin rolu

 

Əmin Abidin“sistemli araşdırmaların məhsulu olan bu elmi irsi”nin hərtərəfli öyrənilməməsindən və təbliğ edilməməsindən prof. Bədirxan Əhmədovun rahatsız olması heç də təsadüfi deyil. Onun arxasında çox mətləblər yatır. 1929-30-cu illərdə  Tbilisidə və Bakıda “Kitabi Dədə Qorqud”la bağlı iki dəyərli məqalə- “Türk el ədəbiyyatına elmi bir baxış (“Oğuznamə”)”(Abid Ə., 1929:5-8)və“Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr”(Abid Ə., 1930:3) adlı məqalələrinəşr etdirən, heca vəzninin tarixi və bayatılarımızı öyrənərkən “Kitabi Dədə Qorqud” dan da bəhs edən, 1927-ci ildə tamamladığı çoxcildlik “Azərbaycan ədəbiyyatının tarixi” əsərinin birinci cildinin(AMDƏİA, fond 130, siyahı 1) böyük qismini  əvəzsiz abidəmizə həsr edən Əmin Abidin nə zəhməyi lazımınca dəyərləndirilib, nə də əsərləri gərəyincə təbliğ olunub. Ürək ağrıdıcı haldır ki, texniki tərəqqinin bugünkü inkişaf mərhələsində, yəni nəşriyyat işləri çox sadələşdiyi bir dövürdə belə Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” nəşr edilərək çoxsaylı oxuyuya demirəm, azsaylı mütəxəssislərin belə ixtiyarına verilməyib. Yenə də prof.Bədirxan Əhmədovun yazdıqlarına qayıdırıq. Əmin Abidin “Seçilmiş əsərlərini tərtib edən və ona ön söz yazan professor B. Əhmədov qeyd edir ki,  “şübhəsiz, 1920-30-cu illərdə Ə.Abidin apardığı tədqiqatlararın bir qismi folklorşünaslığımızın ilk tədqiqat mərhələsi üçün ən qiymətli araşdıram hesab olunmalıdır”.(Əhmədov B., 2007:10)

Prof. B.Əhmədov Əmin Abidin “Kitabi Dədə Qorqud”la bağlı əsərləri haqqındageniş bilgi verdiyindən(Əhmədov Bədirxan, 2003:86-117)biz həmin mövzuya təkrar qayıtmır, yalnız “Oğuznamə” ilə bağlı əsərinin olub olmadığına münasibət bildirəcəyik.

 

2.      “Kitabi Dədə Qorqud”un  sujetləri haqqında ilk bilgi verən “Kənz əd-dürər və cami əl-qürər” əsərini Azərbaycanda ilk araşdırmaya cəlb edən alim

 

“Kitabi Dədə Qorqud”un  sujetləri haqqında ilk və olduqca dəyərli  bilgi verənqaynaq  13-14-cü yüzillərdə Misir Məmluklarının saray məmurlarından Əbu Bəkir Abdullah ibn Aybək Dəvadərinin “Kənz əd-dürər və cami əl-qürər”(Dürlər xəsinəsi və seçilmişlərin toplusu) əsəridir.(Abid Ə., 2007:28) Azərbaycan qorqudşünaslarından bu əsəri ilk araşdırmaya çəlb edən və haqqında mətbuatda geniş bilgi verən Əmin Abiddir. Onun oxuyub bəzi hissələrini tərcümə etdiyi nüsxə İstanbulda  İbrahim Paşa kitabxanasının əlyazmaları arasında 913 nömrə ilə katoloqa salınmışdır.

Əmin Abid  bu kitaba istinad edən araşdırıcılar haqqında yazır: “Bu kitab haqqında ilk yazı yazan misirli Əhməd Zəki Paşa adlı birisidir. Məqaləsi “Aphule Acatiqne”dədir. Türkcə mətbuatda ilk əks etdirən İstanbul müəlliflərindən M.Cövdətdir. “Yeni məcmuə”nin yegan nüsxəsi 1334 və “Dərgah” məcmuəsinin 1338 (saylarındadır). Bundan sonra Köpürlüzadə də bu əsərdən istifadə etmişdir.(“Türk ədəbiyyatında ilk mütəsəffifələr”, səh.279-281). Gənc mütəxəssislərdən Hüseyin Naminin “Yeni məcmuə”nin son nüsxələrində ilk məqaləsi bu xüsusa həsr olunmuşdur”.(Abid Ə., 2007:28).

 Əmin Abid istər “Kitabi Dədə Qorqud” haqqında nəşr etdirdiyi məqalələrində, istərsə də indiyədək işıq üzü görməmiş “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərində bu mövzuya geniş yer ayırmışdır. Onun “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ndəki“Xalq ədəbiyyatı-çadır ədəbiyyatı” bölməsi“Kənz əd-dürər və cami əl-qürər” əsərinə və əsərin müəllifinə həsr edilib. “Oğuznamə” yarımbaşlığı altındakı10 səhifəlik araşdırmasında da,ondan sonra da Oğuz xanın haqqında bilgi verən qaynaqlardan, Oğuz xanın kimliyindən söz açıb.

“Oğuznamə” yarımbaşlığı “Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsirəddin Məhəmməd bin Qlavunın (cilusi 1075- vəfatı 1123) adamlarından Əbu Bəkr Abdullah bin Aybək əl-Dəvadaridir. Bu adam XIII əsrə qədər keçən vaxtlar haqqında yazdığı tarixində “Oğuznamə”yi böylə anlatır: “Başqa türklərin “Oğuznəma” (“Oğuznamə”) adında bir kitabı vardır. Bu kitab onların arasında məşhurdur. Onların əhvalları ilə mənşələri və ilk hakimləri haqqında məlumatı ehtiva edər. Onların böyükləri Oğuz denilən bir adamdır”(AMDƏİA, fond 130, siyahı 1,səh. 138-139)cümlələri ilə başlayır.

Dəvədari haqqında bilgi verdikdən sonra Əmin Abid yazır ki, tarixçi “Oğuznamə”nin türkcəsini görməmişdir. O, ərəbcəyə tərcümə edilmiş bir nüsxədən istifadə etmişdir.Bu nüsxədə 793 tarixində (hicri 211) tərcümə olunmuşdur”.

 Araşdırıcı Əli ibn Hilal əl-Əbvab adlı xəttatın şagirdinin köcürdüyü əsərin neçənci ildə, kimlər tərəfindən oxunduğunda diqqət yetirir: “Atam (Dəvadaridən söz gedir-Ə.Ş.) hicri 809 (miladi 1291) tarixində idarə mərkəzi Bilbays-Belbis (Qahirə civarındadır) olan şərq vilayətinin valisi idi. Tatarlar haqqında bir neçə alimlə yapdığım münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl-Həməvi bana bir kitab göstərdi: bu kitabın yeganə bir nüsxə olduğunu onun Əminbədrəddin Baysəri tərəfindən özünə verildigini əlavə eylədi... Yoldaşlarım Mənsur əl-Abbas, Əminəddin əl-Həməvi və Belicin şairi Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildigimiz parçaları bən kopiyə etdim. Bir takım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrail bin Bəxtiniz” (vəfatı 895) adında bir doktor olduğu öz dilindən yazılmışdı. Bu kitabın əvvəlcə türk dilindən əcəmcəyə tərcümə etildigini və sonradan özünün hicri  211 tarixində əcəmcədən ərəbcəyə tərcümə etdigini qeyd etmişdi. Bu əsər Əbu Müslüm Xorasaninin (vəfatı 719) xəzinəsinə aid şeylərdəndir. Əbu Müslimin özü də Buxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyliyormuş”. (AMDƏİA, fond 130, siyahı 1,səh. 140-142).

Onun zamanına qədər əsərin bir neçə parçasının gəldiyini yazan Dəvadari Harun əl-Rəşidin (730-775) həkimi olmuş və bir neçə əsər müəllifi Cəbrail bin Bəxtişiyə istinadən “Oğuznamə”nin 793-ci ildə farscadan ərəbcəyə çevrildiyini söyləyir. Əmin Abidə görə əsər türkcədən farscaya, farscadan daərəbcəyə çevrilib.  Onun fikrincə itib-batmış “Oğuznamə” V-VI əsrlərdəyazıya alınmışdır. Əmin Abid Davadarinin kitabında oğuz türklərinin yaradılışından, ən əski dövürdəki yaşamlarından, ilk hökmdarlarından bəhs edən  bir çox hekayə olduğunu göstərir və yazır ki, “Dəvadarinin gördügü “Oğuznamə”nin içində “Türklərin and üsulu”, “Altun Xan”, “Arslan hekayəsi”, “Ulu Ay Anacı”, “Ulu Ay Atacı”, “Ulu Qara dağ”, “Uşaq” hekayəsi, “Qartal” hekayəsi və sairə kibi mənqəbələr vardır.Bunlardan başqa kitabda onların (yəni oğuzların) “Dəpagöz” (“Təpəgöz”) dedikləri bir adamın sərgüzəşti var. Təpəgöz, onların məmləkətlərini yığub dağıtmış və böyüklərini öldürmüşdür.

Oğuzların köhnə etiqadlarınə görə “Təpəgöz” əcaib bir adam imiş, təpəsində tək bir gözü varmış. Ona nə qılınc, nə də nizə işləməzmiş. Annəsi Böyük dənizin cinlərindən imiş. Atası də qocaman bir adammış; o qədər ki, başına on üç qoyun dərisindən bir papaq geyərmiş. Bunun kibi bir çox hekayələri vardır ki, bizim zəmanımıza qədər oğuzlar arasında yaşamışdır. Bu hekayələri bilikli adamlar qopuz çalaraq əzbərdən nəql edərlər. Nəhayət türklərin içində yetişən Ərəs (Uruz) oğlu Bəsat adında bir qəhrəman öldürmüşdür.

Bir qız varmış. Onu yenən (basan) adama gedəcəgini elan etmiş imiş. Kimsə də onu yenəməmişdi. Ərəs oğlu Basat qızı yendi və qızlə bərabər atası Ərəsin yanına gəldi; atasına qızı yendigini xəbər verdi. Atası də cavab olaraq: “Mən öylə sandım ki, Təpəgözü öldürmüşsən!” – dedi. Basat bu sözün üzərinə haman getdi və Təpəgözü əqlin qəbul etməyəcəgi xürafi bir şəkildə öldürdi”.(AMDƏİA, fond 130, siyahı 1,səh. 143-145).

Əmin Abid bundan sonra Dəvədarinin kitabından aldığı parçalarla “Kitabi Dədə Qorqud”un üç boyundakı sujetlə müqayisə edir. Sonda belə bir nəticəyə gəlir: “bu gün məlum olan “Kitabi-Dədə Qorqud əla-lisan taifeyi-Oğuzan”ın məşhur “Oğuznamə”nin bir parçası olduğu qəti surətdə anlaşılmışdır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın “Oğuznamə”yə bağlı olduğunu göstərir. Kitabda bulunan on iki əfsanədən altısının sonunda o hekayəyə “Oğuznamə” deyildigini göstərən sözlər vardır”.(AMDƏİA, fond 130, siyahı 1,səh. 146).

Əmin Abidin əlində “Oğuznamə” adlı bir kitab olmasa da o qaynaqlara dayanaraq belə bir əzəmətli bir əsərin olduğunu isbatlamağa çalışmaqla yanaşı kitabın içərisindəki mövzular haqqında da fikr söyləyir. O, yazir: “...vəsiqələrdən də anlaşıldığı vəchlə “Oğuznamə” adı altında bizə qalan “Kitabi-Dədə Qorqud”ın hər əfsanəsidir. Bu surətlə “Qorqud”da on iki “Oğuznamə” var deməkdir. Halbuki Dəvadarinin yuxarıda göstərdigimiz izahatı “Oğuznamə” adında kitabın bir çox əfsanələrdən mürəkkəb bir kolleksion olduğunu meydana qoyuyor.

Oğuznamənin türkoloji aləminə qalan yalnız dörd parçasıdır:

1 – “Oğuz xan” mənqəbəsi

2 – “Həzrət əl-Risalət min-kələmat Oğuznamə əl-məşhur atalar sözi”.

3 – “Koroğlu” hekayəsi

4 – “Kitabi-Dədəm Qorqud əla-lisan taifeyi-Oğuzan”.(AMDƏİA, fond 130, siyahı 1,səh. 146).

Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyatı tarıxı” əsərində “dörd parça”nın hər biri haqqında qısa da olsa bilgi verir. Onun “Koroğlu” hekayəs”inin “Oğuznamə”nin bir parçası kimi görməsi isə ayrıca bir araşdırma mövzusudur.



3.      Əmin Abidin “Oğuznamə” adlı əsəri yazmışdırmı?

 

Prof.Bədirxan Əhmədov yazır: “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabında rast gəldiyimiz bir fakt isə tədqiqatçının “Oğuznamə” barədə kitab yazdığını sübut edir. Çadır ədəbiyyatından danışarkən müəllif özü yazır: “Oğuznamə” haqqında kitabımızın “Cadır ədəbiyyatı” qismində əlavə izahat verilmişdir.” (Əhmədov B., 2007:10). Bu çümlə Əmin Abidin “Oğuznamə” adlı əsər yazdığını isbaylayacaq gücdə deyil. Çünki  araşdırıcı “Oğuznamə”dən “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərinin “Cadır ədəbiyyatı” bölməsində əlavə izahat verdiyini yazır. Daha  “Oğuznamə” adlı əsər yazdığını yox.

Əmin Abid yaradıcılığını dərindən bilən prof.Bədirxan Əhmədovun araşdıcılıq duyumu repressiya qurbanının “Oğuznamə” mövzusunda əsərinin olduğunu söyləməyə məcbur edir. Tbilisidədki “Dan yıldızı” jurnalının 1929-cu il 5(29) və 8(32) saylarındakı “Türk el ədəbiyyatına elmi bir baxış. “Oğuznamə” məqaləsindəki “Oğuznamə”nin mahiyyətini göstərən izahatı gələcək məqaləmizdə buraxırıq” (Abid Ə., 1929:8, 28)qeydi məsələyə aydınlıq gətirir. Buradan aydın olur ki, Əmin Abidin “Oğuznamə”nin mahiyyətini göstərən” bir məqaləsi də hazırdı. AMDƏİA fond 170, siyahı 1, iş 15-də isə “Oğuznamə”  başlıqlı, ərəb əlifbası ilə yazılmış 14 səhifəlik bir yarımcıq mətn də var.

“Azərbaycan öyrənmə yolu” jurnalının 1930-cu il 3-cü sayında Əmin Abidin “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” adlı məqaləsi nəşr edilib. Bu “Oğuznamə”nin mahiyyətini göstərən” məqalə ola bilərmi? Sualına nə hə, nə də yox deyə bilirik. Əmin Abidin “Oğuznamə” adlı bir əsərinin tam mətini tapa bilməsək belə prof. Samoyloviçə ithaf edilmiş “Türk el ədəbiyyatına elmi bir baxış. “Oğuznamə”  və “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” məqalələrini və “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabındakı yazdıqlarını birləşdirsək bir kitab alınır. Həm də Sovet ideolajiyasına uyğun gəlməyən bir kitab!

 

4.Sovetlərin folklora önəm verməsi  və Əmin Abid

 

Folklorumuzun təməl daşlarını qoyanlardan, onu elmi əsaslarla öyrənən və təbliğ edən Əmin Abid Sovetlərin ədəbiyyat və mədəniyyət siyasətilə razılaşa bilmirdi. Bolşeviklər hakimiyyəti silah gücünə ələ aldıqdan sonra sosial ədalət adı altında soyğunçuluğa, insanların min illər boyu formalaşdırdıqları adət-ənənəni məhv etməyə girişdilər. Onlar yeni ədəbiyyat, yeni mədəniyyət, yəni proletar ədəbiyyatı və mədəniyyəti yaradıcaqlarını elan etdilər. Yazılı ədəbiyyat feodal-burjua ədəbiyyatı adlandırılır və onun əleyhinə təbliğat aparılırdı. Yeni yaradacaqları mədəniyyət və ədəbiyyat tarixəbağlamaq üçün folklora önəm verirdilər. Folkloru məzlum, əməkçi xalqın yaratdığını və onların mənafeini əks etdirdiyini təbliğ edirdilər. Belə bir dönəmdə “Kitabi Dədə Qorqud”dan bəhs edən Əmin Abid yazır:“Əşirət dövründə şifahi mahiyyətdə başlayaraq sonralar qismən yazılı bir şəkil alan xalq ədəbiyyatının bütün məhsulları işci-kəndli sinfinin malı ədd olunamaz. Xalq əfsanə və əsətirlərində zəfi mövzu (motiv) çox azdır. Olsa-olsa yalnız dil və şəkil etibarilə xalq ədəbiyyatının səciyyəsini daşıyırlar. Haman-haman cümləsi rəislərin, xanların, bəglərin şücaət və davalarından, onların ölümündən hasil olan təsirdən bəhs edər. “Qorqud əfsanələri buna gözəl bir misaldır”.(AMDƏİA, fond 130, siyahı 1,səh. 135).

Bu açıq-aşkar ədəbiyyatşünaslıqra Sovet ideologiyasına qarşı durmaq idi. Əmin Abid bu fikrini bir-iki dəfə söyləməklə kifayətlənmirdi. Dəfələrlə müxtəlif şəkildə təkrarlayırdı. Belə ki, çobanı, əkinçini, yəni Sovetlərin özünə dayaq sandığı əzilən xalqı tərənnüm edən əsərlər tapıb (yaxut süni mətinlər yaradıb) onu təbliğ etmək əvəzinə tayfa başçılarının, xanların, bəylərin çəsarətini, hünərini, igidliyini öyən əsərləri tədqiq və təbliğ edirdi. Onun üçün xalq bütöv idi. Xalqı bir-birinə qarşı qoyan sinfi mübarizə ideologiyası ilə barışmırdı. O sosial ədalətin coşğun tərəfdarı olsa da buna sinfi mübarizə vasitəsilə nail olunacağına inanmırdı. “Oğuznamə” dən bəhs edərkən yazırdı:“Əşirət bəgləri ətrafında vücudə gələn bu ədəbiyyatla saray padşahları ətrafında yaradılan divan-saray ədəbiyyatı arasında psixoloji cəhətdən heç bir fərq yoxdur.” (AMDƏİA, fond 130, siyahı 1,səh. 136).

Əmin Abid sonralar yazdığı əsərlərində də ideologiyasına sadiq qalmışdır.

 

5. Əmin Abid “Oğuznamə”yə dayanaraq Azərbaycanın sərhədlərini necə görürdü

 

Əmin Abid “Oğuznamə”yə istinad edərək Azərbaycanın sərhədləri haqqında belə yazırdı: “Şadi deyilən “Gürcüstan ağzı”nda yaşayan və məmləkətini Trabzondan Dərbəndə qədər genişləndirən xanlar xanı-Bayandır xan ilə Qazan xan Xorasandan Trabzona uzanan əski Azərbaycan torpaqlarında yaşayan İç Oğuzları, Tış Oğuzları və Qalın Oğuzları sık-sık böyük ovlara sürüklədikləri anlaşılmaqdadır”.(Əhmədov B., 2007:26).

Məqaləsinin başqa bir yerində isə Əmin Abid yuxarıdakı fikrini genişləndirərək yazır: “Qorqud” kitabındakı mənqəbələrin cəryan etdiyi çoğrafi yerlərdə əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğunu görülməkdədir. Masalların (nağılların) içində zikir olunan və zamanamizəcə məlum olan yerləri başdan-ayağa qədər gözdən keçirəlim: Mardin qalası, Bayburd hisarı, Ağ hisar, Trabzon, Qara dəniz, Qazlıq daş, Abxaza, Gürcüstan ağzı, Gögçə dənizi, Gəncə, Dəmir qapı, Qara Dərbənd, yaxud Dərvənd... Bu yerləri xəritə üzərində bir çizgi ilə bir birinə bağlasaq bu nəticəyi əldə edərik:

Şərqi Anadolu və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə... Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşsa da, vaqelərin gedişindən Şimali İranın (Cənubi Azərbaycanın) da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edərik. Məsələn, Dərbəndə və Gürcüstana kafərləri çapıb yağma etməyə gedərək, axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz, bunlar Kür və Araz nəhirləri (çayları) və qollarıdır” (Abid Ə., 1929:8, 29).

“Oğuzların” Azərbaycanda yerləşdiyi (məskunlaşdığı) dövr haqqında da fikirləri olduqca maraqlıdır. Oğuzların Azərbaycanda və Anadoluda yerləşməsinin təbliği dövlət siyasəti səviyyəsində təbliğ edildiyi bir zaman Əmin Abid yazırdı: “Bundan da anlaşıldığı vəchlə “Oğuznamə” oğuz türklərinin hicrətdən əvvəl başlayıb hicrətdən sonra da qüvvətli davam edən Azərbaycan torpaqlarına köçmələri sayəsində bu ölkəyə nəql edilmiş və məhəlli təsərrüfat əsaslarına uyğun olaraq inkişafa başlayan el ədəbiyyatının ilk əsəri olmuşdur”.(Əhmədov B., 2007:30).

 

 

Sonuc

 Əmin Abid gəncilyində bədii yaradıcılıqla məşğul olmuşdur. Şeirlər, hekayələr, publisistik məqalələr yazmışdır. Bununla yanaşı rus klassiklərinin əsərlərini ana dilimizə tərcümə etmişdir. SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsində işə girmək üçün əsərlərinin siyahısını hazırlamışdır. Orada“A.S.Puşkinin “Con Tenier”(1913), Tolstoyun “Bədbəxt”(1914), Turgenyevin “Ovçular”(1914-1915), Qorbunovun hekayələrini(1914) və Qoqolun “Yeni il axşamı” (1916)”  əsərlərinin adı var. Bunlardan başqa “Məktəb”, “Dirilik” jurnallarındakı bəzi  tərcümələri siyahıya düşməyib. (AMEA AEİTVSMA, fon 39)

İstanbul Universitetini bitirdikdən sonra Əmin Abid bədii yaradıcılıqdan demək olar ki, tamamilə əl çəkir. Ömrünü elmi axtarışlara həsr edir. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı dəyərli əsərlər yaratmaqla yanaşı. M.F.Axundovun farsca və rusca yazdığı əsərlərini, məktublarını çevirib üç cildliyinə daxil etməklə yanaşı 1925-ci ildə akademik Vasili İvanoviç Bartoldun (3.11.1869-19.08.1930) “O meste prikaspiyskix oblastey v istorii musulmanskoqo mira”, 1933-cü ildə prof. Yevgeniy Eduardoviç Bertelsin (13.12.1890-7.10.1957) “Novaya pukopis sobraniy socineniy Fuzulu”, 1934-cü ildə prof.Y.Maarın “Novoye istaros Şaxname” azərbaycan türkcəsinə çevirir. (AMEA AEİTVSMA, fon 39)

Gənc olamasına baxmayaraq onun haqqında prof.Fuad Köpürlüzadə 1925-ci ildə “İxfan” qəzetində, 1928-ci ildə “Türkiyat” məcmuəsinin 2-ci cildində, Cəlal Sahir 1925-ci ildə “İmeri” qəzetinin ədəbiyyat səhifəsində,  Yaqub Qədiri 1925-ci ildə “Türk yurdu” jurnalında, prof. Bartold 1926-ci ildə İstanbul Universitetində oxuduğu mühazirələrdə, prof. Samoylovic 1927-ci ildə Bakıda keçirilən I Azərbaycan Orfoqrafiya qurultayında dəyərli fikirlər söyləmişlər. (AMEA AEİTVSMA, fon 39)

Elmi yaradıcılığının başlanğıcında “Kitabi Dədə Qorqud”a böyük önəm verən Əmin Abid bu ölməz əsəri “Oğuznamə”nin parçaları sayır və yazır: “Azərbaycanlıların ... xalq ədəbiyyatı namına tapa bildiyimiz ən əski əsər “Oğuznamə”dir. “Oğuznamə” indiki vəziyyətə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir”. (Abid Ə., 1929:5, 31). Araşdırıcı “Oğuznamə”  yalnız Azərbaycan türklərinin əsəri olduğu fikirndən də uzaqdır. Onu ümumu oğuz abidəsi sayır. “Kitabi Dədə Qorqud”dan söz açanda isə yazır: “Qorqud kitabı” “Oğuznamə”nin bir hissəsi  olduğundan bu halda “Oğuznamə”nin Azərbaycanda məhəlli bir rəng alaraq, intişar etdiyini göstərir”.(Əhmədov B., 2007:30).

KQB-nin arxivində 1930-cu illərdə siyasi mənsubiyyətlərinə görə həbs edilən insanların evlərindən əsərləri də götürülürdü. Həmin əsərlərin siyahısi da istintaq işinə tikilirdi. Lakin həbs edilənlərin heç birinin işlədikləri yerdəki əsərlərinin müsadirə olunduğuna dair bir qeydə rast gəlməmişik. Buradan aydın olur ki, araşdırıcıların iş planlarına uyğun olaraq tamamladıqları əsərləri elm ocaqlarının arxivlərində qalıb, onları KQB müsadirə etməyib.

İstinata işi başa çatdıqda isə əgər müsadirə edilən əsərlərin məhv edilməsinə ehtiyac duyulurdusa akt bağlayıb məhv edir və bu haqqda hazırlanmış akt istintaq işinə tikilirdi.

Əmin Abid həbs edilərkən müsadirə edilən əşyalar içərisində onun əsərlərinin adı yoxdur. İstintaq işində onun əsərlərinin yandırılması, məhv edilməsi haqqında akt da yoxdur. Buradan belə qənaətə gəlmək olur ki, Əmin Abidin əsərlərinin böyük əksəriyyəti onun iş yerində, elmlər akademiyasının arxivində qalıb.

Bu fikrimizi təsdiqləyəcək bir sənəddən bir parcanı erməklə kifayətlənəcəyik. Əmin Abidin işdən qovulması haqqında  SSRİ EA Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun direktoru Ziffelrdin 1937-ci il mayın 20-də imzaladığı 7 saylı əmirdə yazılıb: “May ayının 23-dən etibarən Tarix, Dil və Ədəbiyyat İnstitutu Azərbaycan Ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi Ə.A. Əhmədov institutun tələblərinə çavab vermədiyi üçün tutduğu vəzifəsən azad edilsin. Ə.A.Əhmədov onda olan Azfana və Tarix, Dil, Ədəbiyyat İnstitutuna məxsus materialları üç gün müddətinə siyahı ilə şöbə rəhbəri Ə.Ə.Səidzadə yoldaşa təhvil versin.

Əsas: Azərbaycan Ədəbiyyatı şöbəsi rəhbərinin ərizəsi (AMEA AEİTVSMA, fon 39)

Əmin Abid güllələndikdən sonra “Kitabi Dədə Qorqud” haqqında məqalə və kitablar yazan araşdırmacıların əsərlərində Əmin Abidin “Oğuznamə”, “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi” əsərlərindəki nəinki fikirlərə, cümlələrə də rast gəlirik. Lakin onlar bu fikirləri haradan aldıqlarını qaynaqda göstərməyiblər. Qaynaq göstərdikləri mənbəələrin bəziləri də Azərbaycan kitabxanalarında və arxivərində yoxdu. O, mənbələr Əmin Abidin araşdırmalarında da var. Əmin Abid bu mənbələrdən İstanbulda ali təhsil alarkən və ya Avropaya elmi ezamiyyətə gedərkən istifadə etmişdir.

Araşdırıcının əsərlərinin başqaları tərəfindən mənimsənilməsinə prof. Bədirxan Əhmədov 2003-cü ildə “Elm” nəşriyyatında çap etdirdiyi “Bir istiqlal yolçusu...” kitabında geniş yer ayırdığından məruzəmizdə həmin mövzunu təkrarlamağa ehtiyac duymuruq.

Qaynaqlar

 

 

1.    ABİD, Əmin. (1927). Heca vəzninin tarixi (Ədəbiyyat teoriyası haqqında). “Maarif işçisi”  jurnalı, sayı 3(23), səh. 50-55, sayı  4, səh. 58-61, sayı 6-7, səh. 45-62.

2.    ABİD, Əmin. (2007). Seçilmiş əsərləri (Tərtib edəni və ön söz müəllifi: filolologiya elmlər doktoru Bədirxan Əhmədov), “Şərq-Qərb” nəşriyyatı, Bakı.

3.    ABİD, Əmin. (1929).Türk el ədəbiyyatına elmi bir baxış (“Oğuznamə”), “Dan yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32),  səh. 28-29.

4.    ABİD, Əmin.(1930). Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr, ”Azərbaycanı öyrənmə yolu” jurnalı, say.3(8), s.48-52.ABİD, Əmin. (1930). Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri, ”Azərbaycanı öyrənmə yolu”  jurnalı, say.4-5(9-10), səh. 9-42.

5.    AMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi Arxivi (AMEA AEİTVSMA), fon 39, Əmin Abidin şəxsi işi.

6.    AMEA Əlyazmalar İnstititu (AMEA Əİ), Əliabbas Müznibin şəxsi fondu 23, saxlama vahidi 255.

7.    Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 130

8.    ƏHMƏDOV, Bədirxan. (2003) Bir istiqlal yolcusu.(Əmin Abid: həyatı, muhiti, yaradıcılığı), “Elm” nəşriyyat, Bakı.

9.    ƏHMƏDOV, Bədirxan. (2007) Görkəmli ədəbiyyatşünas,Əmin Abid, Seçilmiş əsərləri (Tərtib edəni və ön söz müəllifi: filolologiya elmlər doktoru Bədirxan Əhmədov), “Şərq-Qərb” nəşriyyatı, Bakı.

10.    ƏHMƏDOV Bədirxan. (1991). Aydınlığa doğru, “Ağ ləkələr” silinir, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı.

11.    GÜLTEKİN-Emin Abid.(1999). Buzlu cehennem, “Güneş” nəşriyyatı, Bakı.

12.    ŞAHBAZOV, Əli.(1926). İstanbul Darülfünunda Azəri ədəbiyyatı tarixi (Türkiyədən məktublar), "Yeni fikir" qəzeti, 9 yanvar.

13.    ŞAMİLOV, Əli.(1986). Əmin Abidin “Ədəbiyyat tarixi”, “Ədəbiyyat və İncəsənət” qəzeti, 12 dekabr, sayı 50 (2237), səh.6.

14.    ZEYNALLI Hənəfi, ŞAİQ Abdulla, MUSAXANLI Atababa. (1928). Ədəbiyyattan iş kitabı, Azərnəşr, Bakı.

 

Çap olundu: Əmin Abidin “Oğuznamə” əsəri və onun taleyi, “Epos və etnos”  Beynəlxalq Elmi Konfransının materialları(06-07 noyabr 2015-ci il), “Elm və təhsil” nəşriyyatı,  Bakı, 2016, səh.125-130. www.folklor.az/arasdirmalar/EPOS-etnos-Konfrans-son.doc

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol