Noqay türklərinin ədəbiyyatında modernləşmə

Əli Şamil

AMEA Folklor İnstitutun elmi işçisi

 

NOQAY TÜRKLƏRİNİN ƏDƏBİYYATINDA MODERNLƏŞMƏ

Özət: Son illərdə bir çox noqay araşdırıcıları ədəbiyyat tarixlərinin Orxon-Yenisey  abidələrindən başlandığını yazırlar. Orta  yüzillərdə Noqay dövləti ərazisində yaranmış yazılı və şifahi ədəbi nümunələrdən söz açsalar da, əsas ağırlığı hələ də 20 yüzildə yaradılmış ədəbi nümunələrə verirlər.
 Xalq ədəbiyyatının dastan söyləyicilərini  jırav, bahşı, mif və əfsanə söyləyənləri ertegişi, atalar sözü və yanıltmac söyləyənləri şeşen adlandırırlar. Əski Sovetlər Birliyində yaşamış qıpçaq kökənli xalqların bir çoxundan fərqli olaraq, noqaylar qıpçaqların yaratmış olduqları ədəbi əsərlərə yiyə çıxır,  onu özlərininki sayırlar. “Ahmet Adil ulu”, “Yedigey”, “Koplanlı batır”, “Mamay”, “Şora batır”, “Edil Soltan”, “Kırk Noqay batırı” noqayların məşhur dastanlarından sayılır. «Yedigey” dastanını  milliyyətcə polyak (leh) olan Aleksandr Xodzko 1830-cu ildə Həştərxan Noqaylarından olan Ali Şarapovdan toplayaraq 1842-ci ildə Londonda nəşr etdirir.
Noqay folklorunun toplanmasının özülü XIX yüzilin əvvəllərindən başlayır. Xalq şeiri üslubunda  yazan Sıbra noqayların çağdaş yazılı ədəbiyyatının özülünü qoyanlardan sayılır. Sıbradan sonra XV-XVI  yüzillərdə Parızdak Şaban ulu, Şal Kiyiz Tileniş ulu, Asan Kaygulu, Domambet Azaylı, Jirenşe Şeşen, Kazı Tuan Suyunişin  Şaban, və b. şairlər yaşamışlar. Məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq, Fəxrəddin Abuşahman ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Abdulhalık Abdulraşid ulu(1858-1913),  Aslan Şaban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Acı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh İsmail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziyanı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (monoloq), maktau (oda), munklau (ağı) və başqa janrlarda yaradıcılıqlarını davam etdirən sənətkarlar yeni noqay ədəbiyyatının formalaşması üçün zəngin bir baza yaratmışlar. 
Sovetlər dönəmində isə noqay ədəbiyyatı yeni bir yön almış, Avropa metodlarını mənimsəmək, yeniləşmək adı altında rus ədəbiyyatının təqlidi başlamışdı. Bu, bir tərəfdən ədəbiyyatın siyasiləşməsinə, noqayların yazı dilinin qonşu türk xalqlarının dilindən uzaqlaşmasına xidmət etmişdirsə, o biri tərəfdən də ədəbi dilin inkişafına yardımçı olmuşdur. Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybəliyev(1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışırlar. Hasan Bulatıkov 1936-cı ildə yazdığı «Fatimat» pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoyurlar. Bununla yanaşı, Basir Abdulin 1932-ci ildə yazdığı «Düşmən yenildi», «Batrak», 1934-cü ildə yazdığı «Əməyin yendiyi zaman» əsərləri ilə noqay nəsrini formalaşdırdı.
Noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə başladı. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salechgan Zalyandin(1924-73), Söyün Qarayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mirzayeva(1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev(1898-1979), Kuruptursun Orazbayev(1924-90), Qamzat Asıgeldiyev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temurbulatova (1948-78) və b. yazıçı və şairlər yetişdilər.
1970-90-cı illərin poeziyası Karaçay-Çərkəz xalq şairi Keldixan Kumratovanın, Nəsimi mükafatı laureatı Murat Kirimovun, Kadriya Temirbulatovanın, Askarbiy Kireyevin, Muharbiy Aubekigyevin, Farida Sidahmetovanın, Salimat Maylibayeva, Maqamedali Hasanov, Maqamet Kosayev, Argrntin Ayıbov, Srcadin Batırov və b. əsərlərində tarixi mövzulara daha duyarlı yanaşır, epik və lirik dastan janrını mükəmməlləşdirirlər. Noqay poeziyasına ənənəvi janrlarını və klassik ünsürlərini canlandırma prosesi davam edirmişlər.
Bekbiyke Kulunchakova (1946),   Valeri Kazakov (1948), İsa Qarayev(1949) və b. yeni nəsil peşəkar şair və yazıçılar ədəbiyyatı Kommunist partiyasının təbliğat vasitəsində, şüarçılıqdan uzaqlaşdıraraq insanın daxili aləmini işıqlandıran sənətə çevirməyə çalışdılar.
Açar sözlər: Noqaylar, Qıpçaq-Noqay ədəbiyyatı, folklor, «Yedigey” dastanı, çağdaş ədəbiyyat
 
Giriş: Noqaylar da öz ədəbiyyat tarixlərini miladi V-X yüzildə yazılmış Orxon-Yenisey qəbirüstü abidələrindən, Mahmud Kaşqarlının «Divani lüğat it-türk»ündən (XI yüzillik), Yusif Balasaqunlunun «Kutadqu biliq»indən, Hosa Əhməd Yəsəvinin “Hikmətlər”indən (XII yüzillik), Süleyman Bakırkanlının (XII yüzillik), Əhməd Yügnəkinin (XIII yüzillik), Rabğuzinin (XIV yüzillik) yaradıcılığından, «Nahsül feradis» kimi əsərlərdən başlayırlar. Hətta bəzi araşdırıcılar bu siyahını daha da genişləndirərək Xarəzminin «Məhəbbətnamə»sini, Qütbünün «Husrevü Şirin»inini, «Kodeks kumanikus»u və b. əsərləri də buraya daxil edirlər. (Сикалиев А., 1994: 44).
1. Yazılı ədəbiyyat – Qıpcaqların ortaq ədəbiyyatı
Sovet ədəbiyyatşünasları  noqay yazılı ədəbiyyatının XIV yüzildən başladığı fikrindədirlər. Sıbra Jırayı noqay şairlərinin babası hesab edirlər. Onun adına nadir hallarda «Şopbaşlı» epiteti əlavə edilməz. Bu da «zərif başlı» deməkdir. XIV əsrin sonlarında  yarandığı güman edilən, dastanlarda  180 yaşlı qoca kimi tanıdılan və  şeirləri dillər əzbəri olan şairin xalq arasında nüfuzu olduqca böyükdür. Bu cür öygülər onu «Kitabi-Dədə Qorqud»dakı ozan Qorquda bənzədir. XIV yüzildə bədii sözün görkəmli ustası olan Sıbra noqay tayfalarının müstəqil dövlət yaratmaq uğrunda Qızıl Orda xanları ilə mübarizəsinin tərəfdarı kimi tanınır. Sıbra  çoxlu xalq mahnılarının yaradıcısı sayılır. Lakin bizim günlərə onlardan yalnız bir neçə poetik monoloq (tolkau) gəlib çatmışdır. Xalq yaddaşında onun adı ilə bağlı olan bu monoloqlarda  yazar Toxtamış xanın və onun sələflərinin siyasətini tənqid edir. O, noqay tayfa başçılarının ağıllı tədbirlərini rəğbətlə qarşılayır və onların tərəfində olduğunu açıq söyləyir. Çünki onlar xalqı incidən  Qızıl Orda xanlarının özbaşınalıqlarına qarşı çıxış edirdilər. Sıbranın xalq arasında geniş tanınması məhz bunda irəli gəlir.
Sıbradan sonrakı yüzillərdə yaşayan noqay şairləri onu poetik sözün banisi kimi təsvir edirlər.  Sıbradan sonra Parızdak Şaban ulunu bu ədəbiyyatın böyük siması sayırlar. XV yüzildə yaşamış Şal Kiyiz Tileniş ulu, XVI yüzildə  yaşamış Asan Kaykılı, Dosmambet Azaylı, Jirenşe Şeşen, XVII yüzildə yaşamış Kazı Tuğan Suyunişi ulu və başqalarının yaradıcılığında doğrunun yalan, haqqın, həqiqətin zülm üzərində qələbəsi, sevgi aparıcı mövzudur. Şal Kiyiz Tileniş ulunun şeirlərindəki axıcılıq, dilin şirinliyi, Asan Kaykılının  poeziyasındakı dərin fəlsəfi fikir yalnız çağdaşlarını deyil, sonrakı nəsilləri, noqaylara qonaq olmuş səyyahları da heyrətə salmışdır. Yaradıcılıqlarındakı humanizm və sözün təsir gücündən bacarıqla istifadə adı çəkilən sənətçiləri oxucuların sevimlisinə çevirmiş  və noqay ədəbiyyatının klassikləri kimi tanıtmışdır. (Литература..., 1999:225).
Nəinki yuxarıda adları çəkilən şairlərin, hətta noqayların Ural-Volqa boylarından Kuban çöllərinə, Güney Qafqaza, Krıma qovulduqdan sonra yazıb yaratmış Elburkan Nayman ulu, Sarkınbay Krımlının, İsmayıl Masarlının (XVIII yüzillik), Oraz Aytmambey ulu (XVIII yüzil), XIX  yüzildə yaşamış Menkili Boraxan ulu, Mantik As ulu, Alibey Şarap ulu, Ahmedie Adil ulu, Mambet Əli Aşık, Əli Kusi Onkutlu (Сикалиев А., 1993:164-165) və b. yaradıcılığını da tatarların, qazaxların, qırğızların, qaraqalpaqların və qıpçaq kökənli türk xalqlarının ortaq ədəbiyyatının nümunəsi saymaq olar. Mambet Əli Aşığın adındakı aşıq sözü noqaylarda arxaikləşsə də, bugün Azərbaycanda, İranda, Türkiyədə və b. ölkələrdə çox işlədilir. El nəğməkarlarının, xüsusən məclislərdə saz çalıb oxuyan, dastan danışan sənətkarların adının önünə “aşıq” epiteti artırılır. Noqay xalq şairlərinin əsas xarakterik cəhəti–poetik yaradıcılıqları ilə doğma xalqa xidmət etmələridir.
 Noqaylar islamı qəbul etdikdən sonra,  XVIII yüzildən uyğur əlifbası ilə yanaşı, ərəb əlifbasından da istifadə etmişlər. Ərəb əlifbası ilə yazılarda saitlərin olmaması və türk dillərindəki bəzi samitlərin ərəb əlifbasında bir neçə hərflə yazılması bugünkü araşdırıcıya klassiklərin əsərlərini çağdaş yazı qaydalarına uyğun oxumağa imkan vermir. Son yüzillərdə noqayların Həştərxanda, Kuban çöllərində, Bucaqda, Quzey Qafqazda, Krımda və Türkiyədə dağınıq halda yaşamaları, onlar arasında sıx əlaqənin olmaması ədəbi dilin formalaşmasına mənfi təsir göstərmişdir. Bu kimi çətinliklərə və məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq, Fəxrəddin Abuşahman ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Abdulhalık Abdulraşid ulu (1858-1913),  Aslan Şaban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Acı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh İsmail ulu, Abdulkadır Bekbay ulu, kimi ənənəvi poeziyanı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (monoloq), maktau (oda), munklau (ağı) və başqa janrlarda yaradıcılıqlarını davam etdirən sənətkarlar yeni noqay ədəbiyyatının formalaşması üçün zəngin bir baza yaratmışlar. (Сикалиев А., 1993:164).
Fəxrəddin Abuşahman ulu ilə Aslan Şaban ulunun birgə yaradıcılığının bəhrəsi olan “Karaydar ilə Qızılgül” dastanı xalq arasında geniş yayılıbmış. Araşdırıcı Calaldin Şıhmirzəyevin yazdığına görə Beştav noqayları arasında yaşayan gənc Aslan Şaban ulu  Həştərxan vilayətindəki Alabuğat noqayları arasında yaşayan, xalq arasında ustad sənətkar kimi tanınan Fəxrəddin Abuşahman ulu yanına gəlir.  Bu vaxt artıq Fəxrəddinin iki dastanı “Egiz” və “Gül-Ənvər” xalq arasında yayılıbmış. Ustad-şagird  mövzusunu şahidləri olduqları hadisədən aldıqları, Aşıq Qərib dastanının süjetini xatırladan  “Karaydar ilə Qızılgül” dastanı yaradırlar. Az zamanda dastan dillər əzbərinə çevrilir.
2. Avropanın təsiri ilə yaranan ədəbiyyat
 Rusiya işğal etdiyi ərazilərdə toplumu idarə etmək, vergi toplamaq, dəftərxana işlərini qurmaq üçün yerli xalqlardan azsaylı kadrlar hazırlamağa çalışırdı. Yerli kadrlar da rus dilini öyrənməklə Avropaya çıxış, oradakı elmi, mədəni fikirlə tanışlıq imkanı əldə edirdi. Rusiya və Avropa  ziyalılarının təsiri ilə  onlar ədəbiyyata yeni ədəbi biçimlər-hekayə, povest, roman, sonet, dram kimi janrlar gətirirdilər. Rusiyanın hökumət idarələrində kiçik  məmur kimi çalışanlar beləliklə fəhmlə də olsa, tarixini, ədəbiyyatını, folklorunu öyrənir, millətinin maariflənməsinə çalışırdılar.
Abdurrahman Ömərov (1867-1933) mədrəsələr üçün dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümunələri toplayaraq çap etdirirdi. Onun 1913-cü ildə nəşr etdirdiyi «Noqay jırları» kitabına (Kitabda toplayıcının adı və soyadı Umerov Abdraxman kimi yazılır.) yazdığı önsöz bugün də elmi əhəmiyyətini itirməyib. Həbibulla Ömərov, Nəsib Mevluberdiyev, Abdurrahman Əliyev, Əli Hosayev, Kurbanəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda «Toy», «İslah» və «Maarif» adlı jurnallar nəşr etmişlər. Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapatmış, onları nəşr edənləri sürgünə göndərmişlər.
Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevral və oktyabr devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da inkişafına olduqca mənfi təsir göstərmişdir. Vətəndaş savaşı başa çatdıqdan sonra bolşeviklər  öz ideyalarını xalq arasında geniş yaymaq için azsaylı xalqların dillərində məktəblər açılmasına, dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti artırmışdılar.
3. Sovet dönəmində yaradılan ədəbiyyat
 1925-ci ilin aprelində dağlı xalqların (Qafqazın quzeyində yaşayan azsaylı xalqlara XX yüzilin əvvəllərində verilən ümumiləşdirici ad) konfransı keçirildi. Bu konfransın əsas mövzusu mədəni-maarif məsələsi oldu. İnzibati muxtariyyəti olmayan xalqlara mədəni muxtariyyət verildi. Quzey Qafqazda Mərkəzi Nəşriyyat quruldu. Azsaylı xalqların dillərində dərs kitablarının yazılmasına başlandı. 1927-ci ildən isə «Krasnaya Çerkasiya» qəzetinin nəzdində bir səhifəlik «Noqay bet» (Noqay səhifəsi) yayına başladı.
Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiyyatından da yan keçmir. Xalqın dastanlar söyləyən, özü də yeni dastanlar qoşan Acı Molla Noğman ulu 1917-ci il devrimindən sonra Sovet hökumətinin tərənnümçüsünə  çevrilir. 1887-ci ildə Qaranoqaydakı Kurqan Acı kəndində doğulub. As nəslindən olduğuna görə bəzi araşdırıcılar onun 1884-cü ildə As kəndində doğulduğunu yazırlar.
 Çağdaş noqay ədəbiyyatının  inkişafında və formalaşmasında Abdulhamid Canıbəyovun (1879-1955) xidməti böyük idi. O, etnoqrafik və tarixi materiallar toplamaqla, nəşriyyat işi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçısı olmaq onu yaradıcılığa daha da həvəsləndirdi. Milli məsələyə diqqətini artırdı və türk xalqlarının latın qrafikalı vahid əlifbasının yaradılması uğrunda çalışan aydınların sırasına qoşdu. 1928-ci ildə Moskvada «Qaraydar və Qızılgül» lirik poeması işıq üzü görür. O, Moskvada, eləcə də Kazanda çap olunan «Beznen yol» jurnalında folklor materiallarını çap etdirir. Ömrünün son onilliklərində noqay ədəbiyyatı tarixinin araşdırılmasına daha çox diqqət yetirmişdir. 
Abdulhamid Canıbəyov çoxsahəli ədəbi, elmi, pedaqoji fəaliyyətlə yeni bir ədəbi nəsil yetişdirmişdir. (Литература..., 1999:234).
Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybəliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışırlar. Bununla yanaşı, Basir Abdulin 1932-ci ildə yazdığı «Düşmən yenildi», «Batrak», 1934-cü ildə yazdığı «Əməyin yendiyi zaman», Hasan Bulatıkov 1936-cı ildə yazdığı «Fatimat» pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoyurlar. (Abdulhamid Canıbəyovun 1918-ci ildə  «Noqay toyu» adlı pyes yazdığı qaynaqlarda göstərilsə də, günümüzədək gəlib çatmayıb)
Basir Mesid ulu Abdulin (1892, Həşdərxan vilayətinin Tiyek kəndi-1937). İlk təhsilini mollaxanada alan Basir sonralar Həşdərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüşdür. Ərəb, rus və türk dillərini bilən ədib xalqının tarixini və folklorunu öyrənməyə də həvəs göstərmişdir. Öyrəndiklərindən  sonralar  bədii əsərlərdə geniş istifadə etmişdir.
Bolşeviklər hakimiyyətə gəldikdə  onların irəli sürdüyü şüarlar gənc Basirə də xoş gəlmişdir. Onlara qoşularaq  Həşdərxan bölgəsində varlı saydığı, sosializmi quruculuğunu qəbul etməyən soydaşlarına qarşı vuruşmuşdur.   30-cu illərin önlərində Qaranoqay bölgəsinə köçmüş və burada bir müddət “Qızıl bayraq” qəzetində də işləmişdir.  Daha çox kiçik hekayələr yazan B.Abdulin «Qırmızı gül» (1934) romanı və «Kır batırleri» (Çöl bahadırları-qəhrəmanları) (1934), «Aktivis» (1936) kimi sosializm quruculuğunu, Sovetlərin qələbəsini öyən nəsr əsərlərini yazır. 1937-ci ilin Sovet irticası noqay ədəbiyyatına da ağır zərbə vurur, Basir Abdulin kimi istedadlı dramçı və yazıçını məhv edir.
Hasan Şahim ulu Bulatıkovu(16.08.1907, Habez rayonunun Qızılyurd kəndi-1937). Noqayların birinci peşəkar yazıçısı sayır. Onun «İki həyat» (1936), «Çoxları üçün iki» (1936) povestləri və «Fatimat» pyesi, eləcə də “Azret, Erinşek, Mazan və kolxozçular” şeir toplusu sosializm quruculuğunun ilk illərində müsəlman respublikalarında sifarişlə yazılan qadın azadlığına, çadranın atılmasına, qadınların kişilərlə bərabər işləməsinə, kasıbların varlılara qarşı mübarizəsinə həsr olunmuş əsərlərdəndir. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxmayaraq 1937-ci ilin irticasından o da qurtara bilməmişdir.
Yalnız B.M.Abdulin və H.Ş.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilir və güllələnir. Sağ kalanlar qorxu içərisində yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, kommunist partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin məruzə və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.
Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diqqət yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər.  Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biri də Fazil  Apas ulu Abdulcəlilovdur.
Fazil Apas ulu Abdulcəlilov (01.03.1913, RF Stavropol ölkəsi, Mineralnıy Vodı rayonunun Kanqlı kəndi-1974). Fazil Çerkessk Pedaqoji Texnikumunda oxuyub. 1932-ci ildən dövri mətbuatda şeir və hekayələrini çap etdirib. «Murat şəhərdə nə gördü?» (1932), «Biz sosializm qururuq» (1932), «İki dünya» (1932), «Uşaqlar üçün müxtəlif hekayələr» (1933) və b. əsərlərini yazıb çap etdirəndə F. Abdulcəlilov 19-20 yaşlarında imiş. «Güclülər ailəsi» (1950), ”Asantay”(1956), “Sərt dönüş”(1961) povestlərinin, kolxozlaşmadan bəhs edən “Güclü axın” romanının, “Kuban çağlayır”(1955) şeir toplusunun yazarıdır.
II Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait yaradır. 1941-1950-ci  illərdə yazılan şeir, hekayə, roman və pyeslər bədii cəhətdən zəif olub qəzet və jurnal məqalələrini xatırladır. 50-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlər Birliyinin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilir. Fazil Abdulcəlilovun  «Güclülər ailəsi» (1950), Suyun Qarayevin «Tazasu sərgisi» (1965), «Durnacık» (1974) və b. noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır.
Kuruptursın Başi ulu Orazbayev(1924, Dağıstan Respublikası, Noqay rayonunun Boranşı kəndi-1990). Noqay ədəbiyyatında önəmli yer tutan yazıçılardandır. Ədəbiyyatda şeir və hekayələrlə gəlib. 1962-ci ildə “Gen çölər”,  1964-çi ildə “Nasip yıldızı”(Bəxt ulduzu) hekayə kitabları, 1970 –ci ildə “Atadın quşağı”(Atanın qurşağı), 1976-cı ildə  “Saban tübi” (Sarı qızıl), 1979-cu ildə “Danıl sagını”    romanlarını nəşr etdirib.
Söyün İmaməli ulu Qarayev (1927, Erkin Yurt kəndi -2001). Gənc yaşlarından şeir yazmağa başlayıb. Sonralar publisistika və nəsr sahəsində də qələmini sınayıb. 1955-ci ildən noqayca çap olunan  “Lenin jolu” qəzetinə redaktor təyin edilib. 1957-ci ildə Stavropol Pedaqoji İnstitutunu bitirib.  Çoxsahəli yaradıcılığı olan S.Qarayev 1957-ci ildə “Dağ bulaqları”, 1958-ci ildə “Çöl yatıb”, 1968-ci ildə “Ürək sirrim” şeir kitablarını nəşr etdirib.
Araşdırıcılar ədibin yaradıcılıq qaynağından söz açanda iki məsələyə diqqət yetirirlər. Zəngin noqay folkloru və özünün çətin həyat yolu. Çoxlu mahnılar və tərcümələr müəllifi kimi tanınan S. Karayev  üç roman, ondan çox povest və beş şeir kitabını noqay oxucusunun mühakiməsinə verib.
Ədəbiyyatda eniləşmənin öncüllərindən olan yazar noqaylarda sərbəs vəzninin ustadlarından sayılır. Onun durnalara xitabən yazdığı şeirdə deyilir:
Yarasık tı,
Şuvak bolup yaynaydı
 Küzgi kibik, küz kuni.
Tav betinde
Kökşil turgan kök köldey,
Köp-kömekyi
Küz küninde kök yüzü.
(Gözəldir, Aydınlık olup parlar, Payız mövsümü, Güzgü kimi payız günü. Dağ belində Göydə  duran göy göl kimi, Tamamən  qayı mavidir Payız(Güz) günündə göy üzü.)
Sovet dönəmində ən çox  inqilabdan, bolşeviklərin noqay xalqını xoşbəxtliyə çıxardığından yazan S.Karayev ömrünün son illərində çap etdirdiyi povest və hekayələr kitabını “Müqəddəs Quran” adlandırıb. Son illər xalq arasında geniş yayılmış əfsanə, əsatir, rəvayət  və nağılları bədiiləşdirib oxuculara təqdim etməsi öncələr yazdıqlarının üzrxahlığı kimi başa düşülə bilər. Bəlkə elə buna görədir ki, son kitablarından olan “Noqay evi” noqayların stolüstü kitabına çevrilib. Burada xalqının tarixinə və etnoqrafiyasına geniş yer ayrılıb.  
Sovetlər dönəmində Noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə başladı. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salechgan Zalyandin(1924-73), Söyün Qarayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mirzayeva(1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev(1898-1979), Kuruptursun Orazbayev(1924-90), Qamzat Asıgeldiyev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temurbulatova (1948-78) və b. yazıçı və şairlər yazıb-yaratmış və yaradırlar.
1956-cı ildə quruluşun bütün nöqsanlarının İ.V.Stalinin adına yazılması, 1937-ci il irticası qurbanlarına fiziki bəraət verilməsi, bir sözlə, rejimdə baş verən  yumşalma ədəbiyyata da müsbət təsirini göstərdi. Noqay nəsrində sürətli bir dirçəliş baş verdi. Təəssüf ki, bu  dirçəliş yeni yazılan əsərlərin məzmununda deyil, ən çox həcmində özünü göstərirdi. Nəşrlərin sayı artır kimi, roman, povest və hekayələrin həcmi böyüyür, mövzu dairəsi genişlənirdi.
4. Ədəbiyyatda insanın iç aləminə diqqətin artması
 1960-cı illərdə Sovet ədəbiyyatında baş verən dəyişiklik noqay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda «60-cı illər nəsli» deyə bir ifadə işlədilməyə başladı. Bu nəslin nümayəndələri 20-50-ci illərin ədəbi simaları kimi ideologiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kulunchakova (1946), Valeri Kazakov (1948), İsa Qarayev(1949) və b. yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədəbiyyata marağı artırdı. İ.Qarayevin yaradıcılığı çağdaş problemlərə yönəlib. İnsanın gündəlik qayğıları yazıçının əsas mövzusudur. Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və ləyaqət haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyərləri alaraq gələcəklə birləşdirməyə çalışır. İ.Qarayevin yaradıcılıq axtarışları  bədii cəhətdən də dolğundur.
  İ.Qarayevin «Xurcun (1975), «Sıntaslı Akında Tolgav» (1977), «Vokzal» (1980), «Sülder» (1989-91)  V.Kazakovun «Qızıl kəmər» (1977), «Doqquz kapital» (1983), «Babay ulduzu» (1983), S.Qarayevin «Torpağın hərarətı» (1976), B. Kulunçakovanın «Çöl torağayı» (1980) kimi hekayə və povestlərin nəşri noqay nəsrinin yeni çağının  başlandığından xəbər verirdi. (Türkiye dışındakı..., 2002:2, 21-ci cild).
Ümumtəhsil məktəblərində noqay dili və ədəbiyyatı tədris edilsə də, qalan fənlər rusca keçildiyindən, ölkədə rus dilinə xüsusi önəm verildiyindən noqay gənclərinin əksəriyyəti də rus dilinə daha çox diqqət yetirirdi. Mərkəzdən maddi və mənəvi dəstək aldıqları üçün gənc Noqay yazıçıları da fikirlərini daha çox sayda insana çatdırmaq, daha çox oxucu qazanmaq və məşhurlaşmaq için rus dilində yazıb-yaratmağa üstünlük verirdilər. Rusca yazmaq əcnəbi dillərə tərcümə olunmalarında qapı rolunu da oynayırdı.
60-cı illər nəsli insanın iç dünyasının bədii dillə təsvirinə diqqəti artırsa da, Kolumbiya yazıçısı K.K.Markesin yazdığı «Yüz il yalqızlıqda» əsəri xalqların tarixinə, ilkin başlanğıca, miflərə marağını artırdı. Uzun illər tarixi mövzulara yalnız bayları, mirzələri, bir sözlə, hakim sinfi tənqid etmək məqsədilə müraciət edən yazıçı və şairlər indi keçmişlərinə tamam başqa gözlə baxmağa başladılar.
Qamzat Yusup ulu Asıgeldiyev (1939, Dağıstan Respublikasının, Noqay rayonu Orta Töbe kəndi-1966). Ədəbiyyata gəlişi ilə diqqəti özünə cəlb edə bilib.    Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutu bitirib. 1962-ci ildə ilk şeir kitabı “Sokrak”ı çap edib. Dağıstanda yaşayan noqay ədiblərinin İkinci Dünya Savaşından sonrakı yaradıcılığından nümunələri seçərək 1964-cü ildə  “Karlıgac” adlı topluda çap etdirib. Onun bu təşəbbüsünü araşdırıcılar noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirirlər. 27 il ömür sürən şairin  “Kuşlar kaydan kelesiz”(Quşlar haradan gəlirsiniz?), “Mennen başqa bar bolsa...” (Məndən başqa varsa...), “İzleyemen seni” (Səni axtarıram), “Dördlüklər”,  şeirləri oxucular tərəfindən məhəbbətlə qarşılanıb.
Anvarbek Ötey ulu Kultayev (07.07.1941, Dağıstan Respublikası, Noqay rayonunun Günbatar kəndi) 1965-ci  ildə Qaraçay-Çərkəz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. “Lenin yolu” qəzetində işləyib. “Yolda”  adlı ilk şeir kitabını 1966-çı  ildə Çərkəzski şəhərində çap etdirib.  12 kitabi yayınladıb.   “Qarşılaşma”, “Halallıq”,  “Sənin haqqında nəğmə söyləyirəm”,  “Gözəl günlər” “Öylə vaxtı”, “Çoban” və b. şeir,  “Basamaklar” nəsr kitablarını nəşr etdirib. Sergey Yesenindən, Rəsul Həmzətovdan, Qaysın Quluyevdən, Həmzət Dadasannan, Anvər Acıyevdən, Süleyman Staliskidən tərcümələri ilə də ana dilinin zəngin söz xəzinəsini ortaya qoyub. 
İsa  Söyün ulu Qarayev (1949). Noqay ədəbiyyatında  araşdırıcı ədib kimi tanınır. Atası Söyün Qarayev noqay ədəbiyyatının görkəmli simalarındandır.  1975-ci ildə “Xurcun”, “Berdazi”,  1985-ci ildə “Qarmanıstika”  “Dünya ömürlü senin gözlerinde” “Reklama” povestlərini, 1982-ci ildə  “Vağzal” ,  1989-cu ildə “Sülder” romanlarını nəşr etdirib. “Sülder” romanını ikinci cildi 1991-ci ildə oxucuların mühakiməsinə verilib.
Farida Sidahmetova (22.11.1966, Stavropol, Neftekum rayonununn Arteziyan Mangıt kəndi). 1983-cü ildə rusca yazdığı ilk şeirini “Krasnoye znamya” qəzetində çap etdirib.  1985-ci ildə Qudrumes şəhərindəki pedaqoji texnikumunu   bitirib. Noqay türkcəsində yazdığı şerini  isə 1986-cı ildə  “Lenin yolu” qəzetində nəşr etdirib. Noqay türkcəsində olan ilk şeir kitabı  1991-ci ildə  “Ak örnək” adıyla Çərkəzskdə, “Priznaniye” kitabında toplanmış rusca şeirləri isə 1997-ci ildə Moskvada çap olunub. Feride xanım “Şölligim”(Çölüm) şerində deyir:
Yollarımda yellər essin, kum essin,
Sokpagımdı kar boratsın, korkpayman.
Noqay şölim-ak niyetim, tüz esim,
Sağa bergen sözlerimnen men tayman.
(Yollaımda yellər əssin, qum əssin, küçəmdə  qar-boransı olsun, qorxmaram.Noqay çölüm, xoş niyyətim, düz ağlım, Sənə verdiyim sözlərimdən mən dönmərəm.) 
1970-90-cı illərin poeziyası Kadriya Temirbulatovanın, Karaçay-Çərkəz xalq şairi Keldixan Kumratovanın, Nəsimi mükafatı laureatı Murat Kirimovun, Askarbiy Kireyevin, Muharbiy Aubekigyevin, Farida Sidahmetovanın, Salimat Maylibayeva, Maqamedali Hasanov, Maqamet Kosayev, Argrntin Ayıbov, Srcadin Batırov və b. əsərləri sayəsində inkişaf edir. Onlar şeirlərində tarixi mövzulara daha duyarlı yanaşır, epik və lirik dastan janrını mükəmməlləşdirirlər. Noqay poezyasına ənənəvi janrlarını və klassik ünsürlərini canlandırma prosesi davam edirdi.
1970-1990-cı illərdə sosial, əxlaqi problemlər (Murat Kirimov) gündəmə gətirilir, epik və lirik xalq dastanları əsasında pyeslər (Askerbiy Kireyev) yazır. Askarbiy Kireyev  son illərdə noqay türkcəsində nəşr edilən uşaq jurnalı “Mametekey”ın redaktorudur.
Sonuc
Sovetlər Birliyinin çöküşündən yararlanan noqaylar coğrafi olaraq “dağılmış”  soydaşlarının ictimai və ədəbi qüvvələrini birləşdirməyə çalışırlar. Bu məqsədlə 1989-cu ildə Rusiya Yazıçılar İttifaqının Noqay Yazıçılar Birliyi yanında «Birlik» ictimai-siyasi təşkilatı yaradılır. Lakin bu təşkilat hələ də xalqın tam istəyincə işləyə bilmir. Bunun bir səbəbi təşkilat üzvlərinin içindən imperiya qorxusunun çıxmamasıdırsa, o biri səbəbi də Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının bölücülük fəaliyyətidir. Bütün bunlara baxmayaraq, noqay ədəbiyyatında sürətli bir yeniləşmə gedir. Bu yeniləşmə tarixə obyektiv yanaşma, milli miraslara yiyə çıxma, milli özünüdərk, qapalı Sovet məkanından çıxıb çoxçalarlı dünya sivilizasiyasına canatma şəklində özünü göstərir.
Noqayların aşağıdakı qəzet, jurnal və toplumları nəşr olunur: Mahaçqalada 1973-cü ildən «Tuvkan erim» (toplum), 1989-cu ildən «Laçın» uşaq jurnalı, «Şollik davası» qəzeti, 1991-ci ildən Çerkesskdə «Polovetskaya luna» jurnalı, «Noqay davası» qəzeti, «Qıpçaq Ay» (noqay, karaçay-malkar dialektlərində və rusca) yayımlanır. Maliyyə sıxıntısından bu nəşrlərin bəziləri davamlı çıxmır, bəziləri bağlanır, yeni  adda qəzet və jurnallar da yayımlanmağa başlayır. (Kalafat Yaşar, 1999).
Qaynaqlar:
Azərbaycan türkcəsində
1.Dünya xalqları (tarixi, etnoqrafik ensiklopedik məlumat kitabı). (1998). Azərbaycan Ensiklopediya Nəşriyyat Birliyi, Bakı.
2.Yoloğlu Güllü.(1996). Noğaylar, “PRESS Fakt” qəzeti, 12-18 yanvar.
3.Yoloğlu Güllü.(1998). Noğay elim, «Ədəbiyyat qəzeti», 19 iyun.
Türkiyə türkcəsində
4.Ahmedov Ahmed. (2004). Muhammed Osmanovun örneginde “Yedigey” Nogay destanının bazi qramer özelliklerine bir bakış, Türk halk dastanlarının edebi gelişmesi: Türk dastanları(Uluslararası simpozyum, 6-7 may, 2004), Çağ ögretim işletmeleri Qafqaz Üniversitesi filoloji fakültesi, Baki.
5.Bice Hayatı. (1991). Kafkasya’dan Anadolu’ya göçler, Ankara.
6.Bozkurt Fuat. (1999). Türklerin dili, T.C. Kültür bakanlığının yayınları, 2335, Ankara.
7.Şamil Əli. Nogay edebiyatı eskiden ve şimdi. Abay türkoloji yıllığı, (Abay atındağı kazak Pedaqoqikalık Universiteti, türk Dünyası araştırmaları Vakfı, türk Dili ve Edebiyatı Bölümü), Almatı, 2006, sayı, 2, seh. 44-61.
8.Kalafat Yaşar. (2000). Güney Kafkasya(Sosyal antropoloji araştırmalar. Kuzey Azerbaycan-Gürcüstan-Nahcivan gezi notları ve Türk halk inancları), “ASAM” yayınları, Ankara.
9.Mızı ulu İsmail.(1993). Merkezi Gafgazın etnik tarihinin köklerine doğru, Türk Dünyası Araştırmalar vakfı, İstanbul.
10.   Nogay Sami. (1997). Nogay Türkleri, Ankara.
11.  Türkiye Dışındaki Türk Edebiyatları Antolojisi. (2002). Nogay edebiyatı, Ankara, 21 cild.
12.  Oğsiet (Revolyusiyadan burınqı noqay pogtlerininc şıqarmaları. Sost. Mşum İmam-Mazemoviç Sikaliev (Şeyxaliyev). (1990). Antaloqiya, «Daqkniqozdat», Maqcaçkcala.
Rus dilində
13.  Анталогия литературы народов северного Кавказа.(2003). Поэзия. Пятигорск, т. I.
14.  Краткая литературная Энциклопедия. (1966). 7 том, Издателство “Советская енсиклоредия» Москва.
15.  Культурная диаспора народов Кавказа: генезис проблем изучения (по материалам международной научной конференции.14-19 октября 1991 г. Черкесск), (1993).Черкесск.
16.  Османов М. (1990). Ногайские и кумыкские текст. СПб: Тиног Акад. Наук 1883. Махаскала.
17.  Сикалиев (Шейхалиев) А.И.-М.(1994). Ногайский героический эрос, Черкасск.
18.  Суюнова Н.Х.(2003). Кадрия Темирбулатова: на грани двух миров.(Вестник Карачаево-Черкесского института гуманитарных исследований) Выпуск 2, Черкесск.
19.  Ярлыкапов А.А.(1998). Библиографический указатель научной литературы по ногайцам, Махачкала.
 
 
Çap olundu: Nogay edebiyatı eskiden ve şimdi. Abay türkoloji yıllığı, (Abay atındağı kazak Pedaqoqikalık Universiteti, türk Dünyası araştırmaları Vakfı, türk Dili ve Edebiyatı Bölümü), Almatı, 2006, sayı, 2, səh. 44-61., Noqay ədəbiyyatı  ümüm Türk  ədəbiyyatının tərkib hissəsi kimi..XII Uluslararası KİBATEK (Kıbrıs-Balkanlar-Avrasiya Türk Ədəbiyyatı Vəqfi) Ədəbiyyat Şöleni, VEKTOR Uluslararası İlim Merkezi, Bakı Asiya Universiteti, Bakı Diplomatiya Universiteti, Bakı, 2006, 9-16 Mayı səh.   Noqay türklərinin ədəbiyyatında moderləşmə. Muqayisəli ədəbiyyat.(Ədəbiyyatlarda və mədəniyyətlərdə sterotipler) III Beynəlxalq elmi konfransın materialları.(21-21 noyabr 2008), Bakı, səh. 36-37.
 
 
 
NOQAY LITERATURE IN PAST AND PRESENT
 
Abstract: Most of Noqay researchers claim the history of their literature to be started since Orkhon-Yenisey monuments. Although the written literary monuments and folk-lore dating back to Middle Ages are being mentioned, the literary works created in XX century still get more attention.
They call jirav who tell sagas, bahshi who tell folk stories, ertegishi who tell myths and stories and sheshen who tell proverbs and tongue-twisters. Apart from other people having Kipchak root who lived in post Soviet Union, they declare themselves the owner of the literary works created by Kipchaks. “Ahmet Adil Ulu”, “Edigey”, “Koplanli batir”, “Mamay”, “Shora Batir”, “Edil Soltan”, “Kirk Noqay batiri” are outstanding sagas of Noqay literature. In 1830 Alexander Khodzko, polish by nationality, collected the saga “Edigey” from Ali Sharapov who was a Hashtarkhan Noqay and published it in 1842 in London.
The Noqay folklore started to be collected at the beginning of XIX century. Poet Sibra Noqayar who wrote in the style of folk poem is considered to be one of the founders of modern Noqay written literature. Besides Sibra the creativities of Parizdak Shaban ulu (the word “oghlu” is used as “ulu” by kipchaks.-A.Sh.), Shal Kiyiz Tilenish ulu, Asan Kaygulu, Domambet Azayli, Jirenshe Sheshen, Kazi Tuan Suyunishin, Shaban and others who lived in XV-XVIII centuries are worth to be mentioned.
            Soviet Union period turned a new page in Noqay literature. Imitation of Russian literature for the sake of possessing European methods and modernization began during that period. Though this process led Noqay literature to political level and separated it from neighboring Turkic languages, at the same time it played an important role in the development of Noqay literary language. The novels “Iki Həyat” (Two lives) (1936), “Choklari ichin iki” (two for most) (1936) and the play “Fatimat” (1936) by Hasan Shahim ulu Bulatikov are considered to be the beginning of Noqay Soviet literature.
Karachay-Cherkez folk poets such as Asgerbiy Kiriyev, Isa Kapayev, Keldikhan Kurmatova, Anverbek Kultayev, Bekbiyke Kulunchakova, Muharbiy Aybekijov, Farida Sidahmetova had a huge impact on the development of the Noqay literature during 1970-1990 s.
 Key words: The Noqays, Kipchak-Noqay literature, folklore, epos “Edigey”, modern literature
 
Çap olundu:.1.Noqay ədəbiyyatı  ümüm Türk  ədəbiyyatının tərkib hissəsi kimi..XII Uluslararası KİBATEK (Kıbrıs-Balkanlar-Avrasiya Türk Ədəbiyyatı Vəqfi) Ədəbiyyat Şöleni, VEKTOR Uluslararası İlim Merkezi, Bakı Asiya Universiteti, Bakı Diplomatiya Universiteti, Bakı, 2006, 9-16 Mayı səh. 
2.Noqay türklərinin ədəbiyyatında moderləşmə. Muqayisəli ədəbiyyat.(Ədəbiyyatlarda və mədəniyyətlərdə sterotipler) III Beynəlxalq elmi konfransın materialları.(21-21 noyabr 2008), Bakı, səh. 36-37.
 
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol