Kıbrıs Azadlıq gazetes sahıfelerınde

Əli Hüseyn oğlu Şamil
“Azərbaycan Ensiklopediyası” 

Nəşriyyat-Poliqrafiya Birliyinin qrup rəhbəri

Uluslararası konfrans “Kuzey Kıbrıs - Tarix və çağdaşlıq”,
21-24 may 1999, Ali Diplomatiya Kolleci (Bakı),

Doğu Akdeniz Universitesi (Gazimağusa).

Azərbaycan Respublikası.

 

KIBRIS  “AZADLIQ” QƏZETİ SƏHİFƏLƏRİNDƏ
1989-cu il dekabrın 5-də ilk nömrəsi işıq üzü görən “Azadlıq” qəzeti öz gəlişi ilə Azərbaycan mətbuatına, ictimai fikrinə bir yenilik gətirdi. Sovetlər Birliyinin yaratmış olduğu qəlibləri, qadağaları dağıtmağa başladı. Qəzet yalnız xalqı azadlıq uğrunda mübarizəyə, totalitar rejimi aradan qaldırmağa səfərbər etmir, həm də öz oxucularına həqiqəti deməyə çalışırdı. Uzun illər Sovetlər Birliyinin təsirilə mətbuatın qanunpərəst mövqeyinə alışmış oxucu birdən-birə “Azadlıq” qəzetinin səhifələrində bunun əksini gördü. Qəzetin texniki imkanları olduqca zəif idi. Xarici informasiya qaynaqlarından yararlana bilmirdi. Özünün xarici ölkələrdə nəinki müxbirləri vardı, heç istənilən ölkə ilə əlaqə saxlamağa telefon, faks və s. imkanı da yox idi. Ona görə də Sovetlər Birliyinin informasiya qaynaqların­dan yararlanmaq zorunda idi. Lakin bu informasiya qaynaqlarının məlumatlarını partiya, Sovet mətbuat orqanları kimi kor-koranə təkrarlamır, ona öz münasibətini  də bildirirdi.  
Bunu biz qəzetin Kıbrısa həsr etdiyi ilk yazısında1 aydın görürük. Sovet mətbuatı Güney Kıbrıs Rum Cumhuriyyətinin prezidenti Vasilionun Moskvaya gəlişini işıqlandırırdı. “Azadlıq” qəzeti də bu mövzuda əsas diqqəti Vasilionun Moskvada keçirdiyi mətbuat konfransına yönəldib. Vasilion deyib: “Türklər Kipr əhalisinin 14 faizini təşkil etsə də, Türkiyə 1974-cü ildə Kiprin 40 faizini işğal edib. Türkiyə bu qanunsuz hərəkatına Kiprdə Türk azlığının mənafeyinin tapdanması ilə haqq qazandırır. Deməli dünyanın hər hansı bir bölgəsində türk azlığının mənafeyi tapdanarsa Türkiyə müdaxilə etməlidir. Həmin məntiqlə  Türkiyə Azərbaycan - erməni müna­qi­­şə­sinə qarışmaq üçün özünə yol açmış olur.”2
Qəzet rəsmi qaynaqlardan aldığı xəbəri olduğu kimi verir. Amma ona “Kipr probleminin erməni - Azərbaycan münaqişəsi ilə bağlı olması haqqında nağıl”3 başlığı qoyur. Uğurlu tapılmış bu başlıq xəbərə əlavə şərh verməyə ehtiyac qoymur.
Quzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Rauf Denktaşın baş müşaviri, prof. dok. Əhməd Qazioğlunun Azərbaycana gəlişini rəsmi qəzetlər radio və televiziya sükutla qarşılayır. Yenicə formalaşan milli yönlü mətbuat isə onun gəlişini gündəmə gətirir. “Azadlıq” qəzeti Əhməd Qazioğlunun şəklini səhifələrində yerləşdirməklə yanaşı, ondan alınmış kiçik müsahibəni də çap etmişdi.4
Prof. dok. Əhməd Qazioğlunun gəlişi Azərbaycanla Quzey Kıbrıs Türk Cumhuriyyəti arasında birbaşa əlaqələrin yaranmasına və genişlənməsinə səbəb oldu. Onun ardınca Azərbaycana gələn hökumət adamı Eşber Serakıncı olmuşdur. Quzey Kıbrıs Türk Cumhuriyyəti Milli Təhsil və Mədəniyyət naziri Eşber Serakıncı bir həftə Bakıda olmuş, “Azadlıq” qəzetinin müxbirinə müsahibə verərkən demişdi: “… Biz dünyanın 75 ölkəsi ilə əlaqə qurmuşuq və bu ölkələrin heç birində də nə iş adamları, nə də dövlət adamları bizi görəndə qaçıb gizlənmir”.5
Qəzetin müxbirinin: Demək səfərinizin heç bir səmərəsi olmayıb? - sualına isə Eşber Serakıncı: Azərbaycan Xalq Cəbhəsində görüşümüzdən gözəl təəssüratlar aldıq. Başlıcası isə Azərbaycanı gördük, tanıdıq - cavabını vermişdi.6
“Heç bir iş yapa bilmədən” geri qayıdan Milli Təhsil və Mədəniyyət naziri Eşber Serakıncıdan aldığı müsahibəyə müxbir “Kiprdən qorxmağa dəyməz”7 başlığını qoymuşdur.
Bu həmin vaxtlar idi ki, Azərbaycan öz suverenliyini elan etməsindən 7 aydan çox keçməsinə baxmayaraq, hələ də hakimiyyətdə keçmiş kommunist nomenklaturası qalmışdı. Onlar da keçmişin acı təsirindən yaxa qurtara bilmir. Rusiya Federasiyasının dünya ölkələrinə münasibətinə oxşar siyasət yeridirdilər. Quzey Kıbrısda onlarla dini bir, dili bir insanlar yaşadığını, onların Azərbaycanın müstəqillik əldə etməsinə sevinmələrini, birbaşa əlaqə yaratmağa çalışmaları­nı bilsələr də canlarındakı qorxu çıxmadığından susmağa üstünlük verirdilər.
“Azadlıq” qəzetində Quzey Kıbrıs Türk Cumhuriyyəti haqqında gedən ilk dolğun yazı “Kıbrıs danışıqların dördüncü mərhələsi qarşısında”8 adlanır. İlk dəfə idi ki, qəzet Kıbrısda olmuş əməkdaşının məqaləsini çap etdirdi. İlk dəfə idi ki, qəzetin səhifələrində Quzey Kıbrıs Türk Cumhuriyyətinin adı olduğu kimi yazılırdı. İlk dəfə idi ki, qəzet oxucularına Kıbrıs problemini həm tarixi, həm də siyasi baxımdan belə geniş açıqlayırdı. Müəllif Kıbrıs məsələsinə adada baş verənlər kimi deyil, ümumtürk problemi kimi baxırdı.
Çox təəssüf ki, qəzet tutduğu bu xətti davam etdirə bilmədi. İki ay  yarımdan sonra çap etdiyi məqalələrdə yenə də ölkənin adı rusdilli mənbələrdən alındığı kimi “Kipr” yazılmağa başladı. Qəzetin əməkdaşı Hüseynbala Səlimov hazırladığı materialda Azərbaycan Kıbrıs məsələsinə eyhamla yanaşaraq məqaləsinə ”Azərbaycan, Ben Q’urion, Rauf Denktaş və bir də … AXC”9 başlığı seçmişdi. Bu kiçik yazı aşağıdakı cümlə ilə tamamlanır: “… Və bu arada eşitdik ki, AXC-nin Şimali Kipr Türk Respublikasında nümayəndəliyi açılacaq. Amma təəssüf ki, bu xəbəri təsdiqləyən  və ya inkar edən bir şey (AXC qərarı və ya başqa bir sənəd) öyrənə bilmədik”.
İlham Səfərlinin “Türkiyə siyasəti: xəyallar gerçəklə­şir” məqaləsindəki “…Dördüncüsü, ölkə üçün prinsipial Kipr problemi növbəti dəfə gərginləşir.”10 cümləsindən sonra “Azadlıq” qəzeti səhifələrində üç ildən çox Kıbrıs mövzusuna rast gəlmirik. Bu da qəzetin mövqeyinin dəyişməsindən deyil. Azərbaycanda 1993-cü ilin 4 iyununda baş vermiş hökumət çevrilişindən irəli gəlir. Hökumət çevrilişindən sonra  “Azadlıq” qəzetinə təzyiqlər artır, senzor nəzarəti güclənir. Qəzet bəzən günlərlə çap olunmadı, bağlanmaq təhlükəsi ilə üzləşdi. Lakin bütun zorluqlara baxmayaraq  “Azadlıq” nəşrini nəinki davam etdirdi, həm də Azərbaycan Mediyasında oxunaqlı,  ciddi siyasi qəzetə çevrildi.
Azərbaycanda cəmi iki aya yaxın baş nazir işləmiş Pənah Hüseynov 1993-cü il 4 iyun qiyamından sonra gizlənmək zorunda qaldı. Respublikadakı istər rəsmi, istərsə ayrı-ayrı partiya və təşkilat qəzetlərində Pənah Hüseynovun gah Quzey, gah da Güney Kıbrısda (Məqalə müəlliflərinin bəzilərinin yazılarından Kıbrıs haqqında aydın təsəvvürləri olmadığı aşkarlanırdı) yaşadığını, orada villası mağazası, restoranı və s. olduğu yazılanda  “Azadlıq” qəzeti bu məsələyə münasibət bildirmədi. İki il sonra P.Hüseynov həbs ediləndə aydın oldu ki, o Bakıdan heç yerə getməyibmiş, yuxarıdakı Faktlar isə iqtidar uydurmasından başqa bir şey deyil.
Rusiya Federasiyasının  Kıbrıs  adasındakı  rum  icmasına
S-300 raketlərini satmağa təşəbbüs göstərməsi Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. “Azadlıq” qəzeti də bu yöndə səmərəli iş apardı. Kiçik xronikalar verməklə kifayətlənməyib, bu silah satışının doğura biləcəyi təhlükəni diqqət mərkəzinə çəkmək üçün geniş təhlilli yazılar verməyə başladı. Bu yöndən çap olunmuş məqalələr sırasında hərbi mütəxəssis Azad İsazadənin və Eldar İsmayılzadənin məqalələri maraq doğurur. E.İsmayılzadə yazır: “Kiprin yunan hissəsi Rusiyadan “yer-göy” tipli raketlərin alınması haqda bu ölkə ilə saziş imzalayıb. Sazişin təfərrüatı gizli saxlansa da məlumdur ki, söhbət çoxmilyonluq sövdələşmədən gedir. …. Lakin Avropa Birliyinə daxil olmağa can atan Türkiyəni müəyyən hərəkətlərə təhrik etməklə yunanlar Türkiyə ətrafında siyasi mühitin gərginləşməsi və ictimai fikirdə bu ölkənin gözdən düşməsinə nail ola bilər.”11
Rusiya və Yunanıstan S-300 raketlərinin müdafiə qurğuları olduğunu təkrarlamaqla dünya ictimaiyyətini çaşdırmağa çalışır. Hərbi mütəxəssis Azad İsazadə isə S-300 raketlərinin texniki göstəricilərini açıqlayaraq onun həm də hücum silahı ola biləcəyini söyləyir.12
Qəzet S-300 raketlərinin satışı ilə bağlı məsələni daim diqqət mərkəzində saxlamış, bu mövzuda çap etdiyi yazıların həcminin böyük və kiçikliyindən asılı olmayaraq hadisəyə beynəlxalq normalar çərçivəsindən yanaşmışdır. “Ankarada hərbi sərgi”13, “Kipr: qoşunlar olmayanda raketlər də olmayacaq”14, “Türkiyə embarqo ilə hədələyir”15, “Kipr: S-300 raketləri üçün baza modernləşdiriləcək”16, “S-300-lər Kiprə yaxınlaşır” və başqa məqalələr bu qəbildəndir. S-300 raketlərinin satışının Azərbaycanın və onun müttəfiqlərinin strateji maraqlarına uyğun gəlmədiyi vurğulanır. Bu da təsadüfi deyil. Rusiya Azərbaycan ərazisinin 20 faizdən çoxunu işğal etmiş Ermənistana yardım etməklə, onu bu işə təhrik etməklə kifayətlənmir, Türkiyənin düşmənlərinə də hər cür yardım etməklə onu gücdən salmağa çalışır.
“Azadlıq” qəzetində Kıbrıs mövzusunda ən çox yazan jurnalistlər İradə Ağayeva və Elxan Şahinoğludur. Qəzetdə imzasız və ya “Beynəlxalq həyat” və s. imzalarla çap olunan xəbərlər və təhlillərin əksəriyyətinin onlara məxsus olduğunu asanca seçmək olur. İradə Ağayevanın “Türkiyə - Yunanıstan: qaranlıq tuneldə işartı?”18, “Kipr problemi: manevr imkanları tükənib”19, “Kipr: vahid dövlət, yoxsa iki dövlətdən ibarət federasiya”20, “İ.Qaradayı Kiprdədir”21, “Klerides Türkləri qıcıqlandırmaqdan əl çəkmir”22, Elxan Şahinoğlunun “Dağlıq Qarabağ məsələsi ilə Kipr problemini qarışdırmaq olmaz”23, “Bir adadı, qərib ada”24, “Məmurlarımız Quzey Kıbrısın yubileyinə qatılmadılar”25 məqalələri istər yüksək siyasi səviyyəsi ilə, istərsə də faktların zənginliyi ilə seçilir.
1997-ci ilin payızında Azərbaycanda Quzey Kıbrıs Türk Cumhuriyyətinin Ticarət Nümayəndəliyinin açılması respublika mətbuatında Kıbrıs mövzusunu aktuallaşdırdı. Nümayəndəliyin rəhbəri Ayfer Səid Erkmən qəzetlərə müsahibələr verməklə kifayətlənmədi. Mədəni əlaqələrin inkişafı istiqamətində də xeyli iş gördü. 1978-ci ilin may ayında Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin yeddi müxbiri Quzey Kıbrıs Türk Cumhuriyyətinə yola düşdü. Bu dəstədə “Azadlıq” qəzetinin əməkdaşı Elxan Şahinoğlu da vardı. Səfərdən döndükdən sonra qəzetdə silsilə yazılar çap etdirdi.26 İlk dəfə “Azadlıq” qəzetinini birinci səhifəsində Rauf Denktaşın portreti verildi və qəzet bir səhifəsini bütövlükdə ondan alınmış müsahibəyə həsr etdi. Müsahibə aktual olduğu qədər də dolğun idi. Lakin E.Şahinoğlunun qəzetin iki nömrəsində verilmiş “Bir adadı qərib ada”27 başlıqlı səyahət oçerki təsviri xarakterli idi. Həmin günlərdə başqa qəzetlərdə çap olunmuş məqalələrə çox bənzəyir, “Azadlıq” qəzetinin keçmiş saylarında getmiş bir çox fikirləri təkrarlayırdı. Bu onu göstərirdi ki, jurnalist sərbəst olmamış, özü gəzib mövzu tapmamışdır. Onları bir turist qrupu kimi gəzdirmişlər. O da həmin gəzintidən aldığı təəssürat əsasında məqalə hazırlamışdır.
“Azadlıq” qəzeti Quzey Kıbrıs Türk Cumhuriyyətini  tanıtmaq, təbliğ etmək, ictimai fikri formalaşdırmaqla yanaşı bu işə laqeydliklə və ya qərəzli yanaşanları da tənqid etməkdən, onlara qarşı durmaqdan çəkinmir. Belələri istər Azərbaycan hökumətinin məmurları olsun, istər beynəlxalq təşkilatların nümayəndələri. Məsələn, 1998-ci il noyabrın 15-də Bakı Əyləncə Mərkəzində Quzey Kıbrıs Türk Cumhuriyyətinin 15-ci ildönümü münasibətilə toplantı keçirilmişdir. Dəvət edilsələr də Azərbaycan rəsmiləri toplantıya gəlməmişdilər.
“Azadlıq” qəzeti bu hadisəyə öz münasibətini belə bildirir: “…1990-cı ilin 20 yanvarında uzaq Bakıda törədilən qanlı hadisələrə biganə qalmadılar. Etiraz aksiyalarına Quzey Kıbrısda Rauf Denktaşdan tutmuş nazirlərədək hamı qoşuldu. Kıbrıslılar Azərbaycanlı qardaşlarını unutmadılar. Bizim dərdimiz onların dərdinə çevrildi. Bəs biz necə, onların hazırkı probleminə şərik ola bilirikmi?
…Görəsən, rəsmilərimiz nədən qorxublar? Bəlkə yunan müttəfiqimizlə, iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edib, xəbərimiz yoxdur? Elə həmin gün Quzey Kıbrısın başqa ölkələrdə keçirdiyi tədbirlərdə həmin ölkələrin rəsmiləri iştirak edib və bu hər il də belə olur”.28
Haqlı və kəskin iraddır.
1998-ci il mayın 24-də Bakıda T.İsmayılov adına Uşaq Sərgi Salonunda Uluslararası Qırmızı Xaç təşkilatı foto sərgi açmışdı. İlk baxışda təqdirəlayiq və humanist bir işdir. Amma bu sərgidə də xristian dünyasına xas bir tərəfkeşlik olub. Sərgini təşkil edənlər, eləcə də buna yardımçı olan Azərbaycanlılar nədənsə incəliklərə fikir verməyiblər. Amma “Azadlıq” qəzetinin nəzərindən bu yayınmayıb. Elə həmin günün səhərisi qəzet yazıb: … 1974-cü il Kipr müharibəsilə bağlı fotolara da eyni səpgidə yanaşmaq olar. Yunanların əziyyətlərini əks etdirən fotoşəkillər var, Türklərin əzablarından isə bəhs edən bir şəkil də gözə dəymir, sanki bu qarşıdurmada əzab çəkən yalnız yunanlar olub.”29
Qəzet haqlı olaraq tələb edir ki, Gəncədə təkrarlanacaq sərgidə belə nöqsanlara yol verilməsin.
“Azadlıq” qəzetində Kıbrısla bağlı çap olunan məqalələri mövzusuna görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Quzey Kıbrıs Türk Cumhuriyyətini tanıtmaq məqsədini daşıyan məqalələr.
Kıbrıs adasının bölünməsi nəticəsində yaranmış iki dövlət və bu dövlətlərin xarici siyasətindən bəhs edən məqalələr;
Quzey Kıbrıs Türk Cumhuriyyətinin müttəfiqləri və ona qarşı duran qüvvələrin - Yunanıstan, Rusiya, Ermənistan və b. yeritdikləri xarici siyasət;
Beynəlxalq Təşkilatların Quzey Kıbrıs Türk Cumhuriy­yətinə təsirindən bəhs edən məqaləlar;
Azərbaycan Cumhuriyyəti ilə Quzey Kıbrıs Türk Cumhuriyyətinin əlaqələrindən bəhs edən məqalələr.
 
“Azadlıq” qəzetini diqqətlə izləyən hər bir oxucu aydın görür ki, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan Kıbrıs adasının rumlular yaşayan bölgəsindəki dövlətlə, Yunanıstanla tərəfdaşdır. Rusiya Federasiyası da onları himayə edir.
Hətta yunan-Kipr hərbi təlimində Ermənistandan olan müşahidəçilər də iştirak edir.30 Kıbrısın rumlular yaşayan bölgəsində hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq dövlət antitürk əhval-ruhiyyəli olaraq qalır.31
“Azadlıq” qəzeti Kıbrıs problemini gündəmdə saxlamasına, bu mövzuda ardıcıl siyasi dolğun yazılar verməsinə baxmayaraq yazılarda texniki qüsurları aradan qaldıra bilmir. Məsələn, “Türklər Kipr Konfederasiyası yaratmağı təklif edir”32 məqaləsinin əvvəlində ölkənin adı Quzey Kıbrıs Türk Cumhuriyyəti kimi yazılırsa da, elə ikinci abzasda Şimali Kipr yazılır. Qəzetdə Kipr, Kıprıs, Kıbrıs sözləri qarışıq şəkildə işlədilir. Bütün bunlara son qoyub ölkənin adını da, dövlətin adını da, adanın yerləşdiyi dənizin adını da sakinləri kimi işlətsək daha doğru olar. Bu həm də yabançı dillərdən gəlmiş yanlışlığı aradan qaldırar.
 
Qaynaqlar
 
Kipr probleminin erməni-Azərbaycan münaqişəsi ilə bağlı olması haqqında nağıl, “Azadlıq” qəzeti, 1991, 8 noyabr, №55(85), s.2.
Yenə orada.
Yenə orada.
Müsahibə, “Azadlıq” qəzeti, 1991, 13 dekabr, №65(95), s.2.
Kiprdən qorxmağa dəyməz. “Azadlıq” qəzeti, 1992, 27 aprel,  s.8.
Yenə orada.
Yenə orada.
Şamilov Əli, Kıbrıs danışıqların dördüncü mərhələ­sində, “Azadlıq” qəzeti, 1993, 2 mart, №25(252).
Azərbaycan, Ben-Qurion, Rauf Denktaş və bir də… AXC (materialları hazırlayan Hüseynbala Səlimov), “Azadlıq” qəzeti, 1993, 22 may, №57(284), s.6.
Səfərli İlham, Türkiyə siyasəti: Xəyallar gerçəklə­şir… “Azadlıq” qəzeti, 1993, 25 may, №58(285), s.6.
İsmayılzadə Eldar, Kiprdə növbəti təxribat, “Azadlıq” qəzeti, 1997, 7 yanvar, №35(754), s.3.
İsazadə Azad, S-300 hücum silahı ola bilər, “Azadlıq” qəzeti, 1997, 18 yanvar, №12(763).
Ankarada hərbi sərgi, “Azadlıq” qəzeti, 1997, 24 sentyabr, №201(952), s.2.
Kipr: qoşunlar olmayanda raket də olmayacaq, “Azadlıq” qəzeti, 1997, 27 sentyabr, №204(955), s.2.
Türkiyə embarqo ilə hədələyir, “Azadlıq” qəzeti, 1997, 48 oktyabr, №210(961), s.13.
Kipr: S-300 baza modernləşdiriləcək, “Azadlıq” qəzeti, 1998, 28 yanvar, №16(1036), s.5.
S-300-lər Kiprə yaxınlaşır, “Azadlıq” qəzeti, 1998, 10 dekabr,  s.7.
Ağayeva İ, Türkiyə-Yunanıstan: qaranlıq tuneldə işar­tı, “Azadlıq” qəzeti, 1997, 29 mart, s.11.
Ağayeva İ, Kipr problemi: Manevr imkanları tükənib, “Azadlıq” qəzeti, 1997, 9 iyul, №135(886), s.3.
Ağayeva İ, Kipr: vahid dövlət, yoxsa iki dövlətdən ibarət federasiya, “Azadlıq” qəzeti, 1997, 13 avqust, №165(916),  s.5.
Ağayeva İ, İ. Qaradayı Kiprdədir, “Azadlıq” qəzeti, 1998, 11 iyul, №128(1148), s.11.
Ağayeva İ, Q.Klerides Türkləri qıcıqlandırmaqdan əl çəkmir, “Azadlıq” qəzeti, 1998, 16 iyul, №131(1151), s.5.
Şahinoğlu E,  Dağlıq Qarabağ məsələsi ilə Kipr proble­mi­ni qarışdırmaq olmaz, “Azadlıq” qəzeti, 1998, 4 iyun, №103(1123), s.5.
Şahinoğlu E, Bir adadır, qərib ada, “Azadlıq” qəzeti, 1998, 6 iyun, №105(1126), s.11. və 1998, 10 iyun, №107(1128), s.1.
Şahinoğlu E, Məmurlarımız Quzey Kıbrısın yubileyinə qatılmadılar, “Azadlıq” qəzeti, 1998, 17-18 noyabr, s.7.
23-24-cü qaynağa bax.
24-cü qaynağa bax.
25-ci qaynağa bax.
“Azadlıq” qəzeti, 1998, 16 may.
Yunan Kipr hərbi təlimi, “Azadlıq” qəzeti, 1997, 29 oktyabr, №226(977), s.1.
Kipr: Prezident Q. Klerides də qaldı, kurs da qaldı, “Azadlıq” qəzeti, 1998, 17 fevral, №29(1049).
Türklər Kipr yaratmağı təklif edir, “Azadlıq” qəzeti, 1998, 1 sentyabr, s.1.

 

Çap olundu: Kıbrıs “Azadlık” gazetesi sahifalarında (Şimali Kipr - Tarix və müasirlik mövzusunda 1999, 21-24 mayda Bakıda Ali Dip­lomatiya Kollecinin Doğu Akdeniz Universiteti ilə birgə keçirdiyi Ulusla­rarası konfransın məruzəsi) Quzey Kıbrıs. Bakı, 2001, səh. 133-141.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol