Xoca Əhməd Yəsəvinin öyrənilməsinin qadağan edilməsinin və onu araşdıranların güllələnməsinin səbəbləri

XOCA ƏHMƏD YƏSƏVİNİN ÖYRƏNİLMƏSİNİN QADAĞAN EDİLMƏSİNİN VƏ ONU ARAŞDIRANLARIN GÜLLƏLƏNMƏSİNİN SƏBƏBLƏRİ

Əli  Şamil Hüseyinoğlu

 

Özət

 

Giriş

Bütün müstəmləkəçi dövlətlər kimi Rusiya da işğal etdiyi xalqları əbədi əsarətində saxlamaq üçün uzunmüddətli planlar hazırlayıb həyata keçirir. Bu plan işğal altındakı xalqların xiristianlaşdırılması və ruslaşdırılmasından ibarət idi. Çar Rusiyası dönəmində bu plan yarıgizli və nisbətən həyata keçirilirdi. Öncə türk və müsəlman xalqlarının yüzillər boyu işlətdikləri ərəb əlifbasını dəyişmək, məktəb və mədrəsələri bağlamaq, qadınları-anaları xristianlaşdırmaq istəyirdilər. Lakin onlar unudurdular ki, islam dinini türkcə yayan Yəsəvi dərvişlərinin rolu heç də məktəb və mədrəsələrdən az deyil. Köçəri həyat sürən toplum arasında dəvrişlərin apardığı təbliğatın gücü kitablardan, mədrəsələrdən daha böyük idi. Ona görə də Rusiyanın əsarət altında saxladığı xalqları xristanlaşdırmaq, sonra da Ruslaşdırmaq siyasəti çox ləng gedirdi.

 Bolşeviklər hakimiyyəti silah gücünə ələ aldıqdan sonra çarizm ruslaşdırma siyasətini sərt və açıq şəkildə həyata keçirilməyə başladı. Öncə dinin hökumətdən ayrıldığını elan etdilər. Hakimiyyətlərini möhkəmləndirdikcə dinə qarşı mübarizəni də sərtləşdirdilər. Beləcə ateist bir toplum formalaşdırmaq, sonra da beynəlmiləlçilik adı altında ruslaşdırmaq siyasəti yeritməyə başladılar.

Çarizmin süqutundan yararlanıb 1918-ci il mayın 28-də  müstəqil dövlətlərini quran Azərbaycanlılar isə bolşeviklərdən fərqli yol seçdilər. Yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyun ayının 17-də təşkil edilən kabinetində Xalq maarifi və dini etiqad nazirliyi də oldu. Hökumətdə beş dəfə kabinə dəyişikliyi olsa da onun dördündə dini etiqad nazirliyi olmuşdur.

Bolşeviklər 1920-ci idlə Azərbaycanı işgal edərək demokratik yolla seçilmiş hökuməti dağıtdıqdan sonra qurduqları yeni hökumətdə dini işlər ilə bağlı nazirliyi qurmamışlar.Onların hakimiyyətinin ilk illərində Azərbaycanda dinə ikili baxış: 1)  loyallar-mötədilçilər (N.Nərimanov, S.M.Əfəndiyev və b.); 2) radikallar (S.Ağamalıoğlu, R.Axundov, Ə.Qarayev və b.) olmuşdur (http://modern.az/articles/45732/1/#gsc.tab=0).

Hakimiyyətlərini möhkəmləndirdikdən sonra dinə qarşı mübarizəni sərtləşdirməyə başlamışlar. 1922-ci ildə Rusiyada din əleyhinə başlayan prosesslər Azərbaycana da təsirsiz ötüşməyib. Moskvada “Allahsız” (“Безбожник”) adlı qəzet nəşr olunmağa başlayıb. Az sonra, 1923-cü il sentyabrın 12-də Moskva şəhərində Din Əleyhinə Komissiyanın növbəti iclasında “Mübariz Allahsızlar” dərnəklərinin təşkili ideyasını irəli sürülüb. Oktyabr ayının 7-də isə bu təklif “Allahsız” qəzetində dərc edilib(http://az.azvision.az/news.php?id=12459).

1923-cü ildə “Materialistlər klubu”nda bir araya gələn Azərbaycan hökümət rəhbərlərindən  S.Ağamalıoğlu, R.Axundov, Ə.Qarayev kimi bolşeviklər namaz qılmaq, həccə getmək və s. İslam ayinlərinin zəhmətkeş xalqın fiziki və mənəvi inkişafına yabançı olduğunu iddia edirdilər. Onlar xalq arasında elmi kommunizmi, elmi ateizmi təbliğ edərək yalnız dini mövhumata və xurafata deyil, bütövlükdə islama qarşı çıxırdılar (http://modern.az/articles/45732/1/). 1924-cü ilin yanvarında Azərbaycan K(b)P Siyasi Bürosu "Din əleyhinə komissiya" yaradır.Moskvanın göstərişilə 1924-cü ildə Azərbaycanda da Allahsızlar Cəmiyyəti yaradıldı ki bu təşkilat sonralar “Mübariz Allahsızlar İttiifaqı”na çevrilir. “Allahsızlar cəmiyyəti”nin işini sürətləndirmək üçün, AK(b)P 1929-cu ilin aprelində keçirilən plenumu dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni də müzakirəyə çıxarılır. İslama qarşı bolşevizmin tutduğu radikal siyasət onunla nəticələndi ki, 1930-cu illərin sonlarında Azərbaycanda cəmi 20 məscid formal fəaliyyət göstərirdi  (http://modern.az/articles/45732/1/)

Bolşeviklər hətta şərqdə geniş nüfuz qazanmış “Molla Nəsrəddin” jurnalını da “Allahsız” adı altında nəşr etməyə başlayırlar. Jurnalın bir neçə sayı nəşr edildikdən sonra hökumətin dəstəkləməsinə baxmayaraq bağlanır.

 Sovetlər Birliyinin hər yerində  olduğu kimi, Azərbaycanda da məscid, kilsə və sinaqoqların kütləvi bağlanmasına, din xadimlərinin təqib olunmasına başlanır. Quran zərərli bir kitab kimi qadağan edildi. 1928-ci ilin dekabrında AK(b)P MK Rəyasət heyətinin iclasında “Kəndlilərə mədəni ehtiyacları üçün verilmiş məscidlər haqqında” məsələyə baxıldı, bir sıra məscidlər mədəni-maarif müəssisələrinə, anbarlara, istehsalat sexlərinə və s.  çevrilir. Bu qərarın təsiri ilə 1929-cu ildə 120 məscid məktəbə çevrilir.

Kollektivləşmə bolşeviklər üçün bütövlükdə din əleyhinə mübarizənin gücləndirilməsi kimi başa düşülürdü. 1929-cu ilin fevralında bütün partiya təşkilatlarına ÜK(b)P MK katibi L.Kaqanoviçin imzasıyla “Din əleyhinə mübarizə işlərinin gücləndirilməsi tədbirləri haqqında” adlı tam məxfi sənəd göndərilir.Artıq dinə qarşı mübarizə sinfi-siyasi mübarizə ilə bərabərləşdirilir.

1929-cu il aprelin 8-də SSRİ hökumətinin “Dini təşkilatlar haqqında” fərmanından dərhal sonra Azərbaycan K(b)P 1929-cu il aprel plenumunda dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni müzakirə edilir. Plenumun qərarında deyilir: “Allahsızlar İttifaqının işi gücləndirilsin. Azərbaycan dilində din əleyhinə müntəzəm işi qaydaya salmaq və genişləndirmək, kəndlərdə qabaqcıl ictimaiyyətçi, kolxozçu, komsomolçu və başqalarından ibarət cəmiyyət özəkləri təşkil etmək lazımdır”(http://az.azvision.az/news.php?id=12459).

Sovetlərin apardığı sərt siyasətə baxmayaraq islam dinini insanların qəlbindən silmək mümkün olmurdu. Heç bir yerdə rəsmi qeydiyyatı olmayan, hər hansı  bir təşkilat ətrafında birləşməyən dəvrişlər Əhməd Yəsəvinin ənənəsini yaşadaraq ana dilində islam dinini təbliğ edirdilər.

 

1. Əmin Abidi Əhməd Yəsəviyə bağlayan səbəblər

 

1898-ci il noyabrın 2-də Bakıda daşyonan Mütəllibin ailəsində doğulan Zeynalabdin sonralar Əmin Abid kimi tanınır. O, ilk təhsilini anası Molla Reyhanın evdə qadınlar və uşaqlar üçün açdığı “Quran” kurslarında aldıqdan sonra Bakıdakı 3-cü AleksandırOğlan gimnaziyasında oxuyur. Yeniyetməliyindən şeirlərini və hekayələrini qəzet və jurnallarda Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, Qozqurab bəy və s. imzalarla nəşr etdirir. 1918-1926-cı illərdə İstanbuldakı Darülməllimeyi aliye və Darülfünunda oxuyur. Həmin  illərdə Gültəkin imzası ilə antisovet şeirlərini və Əmin Abid imzası ilə elmi məqalələrini nəşr etdirir(AMBA AEİTVSMA fond 39, siyahı 374).

Onun  milli dəyərlərə bağlı bir müsəlman kimi   formalaşmasında anasının və böyük qardaşı Əliabbas Müznibin, eləcə də o dövrki Bakı mühitinin rolu danılmazdır. Ö dönəm Bakının küçələrdində hər gün kəşküllü dəvrişlərin türkcə nohə deməsinormal bir hal sayılırmış. Bu dəvrişlərin oxuduqları arasında Əhməd Yəsəvinin hikmətləri də olmamış deyil.

Əmin Abidin böyük qardaşı çarizmə qarşı qələmi ilə döyüşdüyündən 1911-ci ildə həbs edilərək Sibirə sürgün edilmişdi. Müsavat Partiyasının əsasını qoyanlardan biri olan, satirik şair, tərcüməçi, publisist, naşir Əliabbas Müznib islama dair çox dəyərli əsərlər yazmış və tərcümə etmişdir. 

Əmin Abidin  1913-1918-ci illərdə nəşr etdirdiyi şeir, hekayə, tərcümə və publisistik məqalələrində Əliabbas Müznibin üsyankar ruhu aydın duyulur.  Satirik şeirlərində öz dilinə xor baxanlar, gününü sərxoşluqla keçirənlər tənqid edilirdisə, ictimai siyasi şeirlərində Türk gənclərini mübariz olmağa, birləşməyə çağırırdı. “Türkün səmasından qanlar damdığından”, “öksüz Vətəndə bayquş yuvası artdığından” narahat olan 15-16 yaşlı şair “Şanlı addımlar at, ey Türk oğlu” deyərək hayqırır.

Bağlar xarab oldu bahar çağında,

Çiçək görünməyir Türkün bağında.

Obasında, çölündə, yaylağında

Məzarlığa bənzər Turan elləri (Gültekin, 1999:90).

deyən şair Turan ellərini xarabalığa döndərən imperiyaları da göstərərək yazır:

Bu gün Qərbin göklərində Türkə qarşı

Kəsafətli buludlar da qabarıyor (Gültekin, 1999:92).

Yetişməkdə olan nəsli qorxmaz, mübariz olmağa səsləyən, millət və vətən  yolunda başdan belə keçməyin şərəf olduğunu söyləyən gənc şair “Türkün dərdi” şeirini aşağıdakı misralarla bitirir:

Fəqət, ey arslan yürəkli bəgim!

Ey yigit, qəhərman, rəşid Türküm!

Əldə Türklük nişanı al bayrağı

Bu çəkişmə cəhanına çıkarak

Yaşasın tacidar millət!

Yaşasın şəhriyar millət! (Gültekin, 1999:74).

Əmin Abid siyasi cəhətdən ən coşğun, döyüşkən şeirlərini 1920-1926-cı ildə yazaraq Gültekin imzası ilə çap etdirmişdir(Gültekin, 1999:9-19). Əhməd Cəfəroğlu bu şeirlər haqqında yazır: “Gültekin bəgin şeirlərinin qüvvət və gücü, deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşı bəzi şeirləri bəstələnib İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir” (Cəfəroğlu, 1932, sayı 8-9).

Rusiyanın Sovet İttifaqı adı ilə yenidən Qafqazı, Türküstanı müstəmləkə boyunduruğu altında saxlamaq cəhdinə qarşı çıxaraq gürcüləri (“Gürcü qardaş”) (Gültekin, 1999:59), Qafqaz xalqlarını (“Kafkas türküsü”) (Gültekin, 1999:57), dünyanın mütərəqqi insanlarını düşmənə qarşı birləşməyə çağırır. Onun “Buzlu Cəhənnəm”, “Bayrağım və İstiqlalım”, “Azərbaycan istiqlalı”, “Annemə”, “Canavar”, “Çeka”, “Bolşevik”, “Moskova” və b. şeirləri Sovet ideologiyasını ifşa edən, ona qarşı sərt reaksiya verən bir insanın ürək yanğısı ilə yazdığı misralar idi (Gültekin, 1999:22-60).

Onun 14-20 yaşlarında nəşr etdirdiyi əsərlər ədəbiyyata istedadlı bir vətənsevərin gəlişindən xəbər verir.

 

2.Əmin Abidin elmi əsərləri

Hələ İstanbulda tahsil aldığı vaxtlar Bakıdakı jurnallarda elmi məqalələrini yayımladan Əmin Abid bütün təqib və təzyiqlərə baxmayaraq gecə-gündüz elmi araşdırmalarını davam etdirmişdir. Azərbaycanədəbiyyatı tarixində bir çox mövzuya ilk dəfə o toxunmuşdur. Misal olaraq Söhbətül-əsmərin M.Füzuliyə aid olduğunu sübut edən, Kitabi Dədə Qorqud haqqında dəyərli araşdırmalar aparan, Tür­kiyə, Azərbaycan, Tatar, Özbək, Qaqauz, Kərkük vs. Türk xalqlarının beş min manisini müqayisə edən, tarixini müəyyənləşdirən Əmin Abiddir. Araşdırıcı sadəcə Azərbaycanda yayımlanan qəzet və jurnallar ilə kifayətlənməyərək Ankara, Səmərqənd, Bunakski (Da\ıstan) jurnallarında da araşdırmalarını yayımlamışdır.

Mirzə Fətəli Axundzadənin əsərləri, dini tənqid etməsi və ədəbiyyata gətirdiyi yeniliklərdən dolayı Sovet Azərbaycanında xüsusi qayğı ilə araşdırılıb öyrənilməsi planlaşdırılmışdı. Axundzadənin ən yaxşı araşdırıcılarından biri də Əmin Abid idi. Buna görə də onu məcburən Elmlər Akademiyasında işə götürürlər və Əli Nəzmi ilə birlikdə Axundzadənin 3 cildlik əsərlərinin nəşrini tapşırırlar. Qısa zamanda bu iş bitmiş olur.  Onun Fars dilində əsərlərini Əmin Abid Türkcəyə çevirir böyük bir Ön söz yazıb bəzi mövzularda geniş açıqlama verir. Azərbaycan Elmlər Akademiyası Elmi Heyəti Əmin Abidə 1926-1935-ci illər arası fəalyyətindən dolayı heç bir dissertasiya yazmadan elmlər namizədi dərəcəsi verilməsini təklif edir, ancaq siyasi mülahizələr buna imkan vermir.

Əmin Abidin M.F.Axundzadə haqqında apardığı araşdırma həcminin böyüklüyünə və əhatə dairəsinə görə diqqəti cəlb edir. Beş, altı dil bilməsi, yaxşı əlaqələr qurması ona M. Fətəli Axundzadə  (Avropa, Rus­iya, Türkiyə, Azərbaycanmətbuatında yayımlanan araşdırmalara bir nəzər) (Maarif işçisi,1928:40-44, sayı 4(36), sayı 5-6(37-38): 24-32, sayı 7-8 (39-40):87-93), kimi bir kitabı tamamalamağa şərait yaradır. Qazi Bürhanəddin (Maarif və mədəniyyət,1927 :42-45, sayı 4-5 (39-40)), Füzuli, (Maarif və mədəniyyət,1926: 32-34, say, 12 (35)), Həbibi (arxivdə saxlanılır – Ə.Ş.), Xətai orta əsrlər (Maarif işçisi, sayı 3 (23): 50-55, sayı  4 (24): 58-61, sayı 6-7 (26-27): 45-62) şairləri ilə birlikdə, 19-cu yüzildə Axundzadəni də ortaq türk ədəbiyyatının təmsilçisi kimi araşdıran Əmin Abidi gördüyü bu işlər müasirlərindən fərqləndirir. (Maarif işçisi, sayı 3 (35):20-50) Axundzadənin bir çox əsərini ilk dəfə ortaya çıxaran və onlar haqqında bilgi verən Əmin Abid olmuşdur. Əmin Abid 1933-36-cı illərin mətbuatında 10-a qədər araşdırmasını yayımlatmışdır. Axundzadənin üç cild halında yayımlanan əsərlərinin birinci cildinə Əmin Abidin yazdığı Önsöz 182, ikinci cildinə yazdığı isə 118 səhifədən ibarətdir. Qaynaqların verdiyi bilgiyə görə onun Axundzadə haqqında iki monoqrafiyası və bir neçə araşdırması var. Ancaq 1937-ci il təzyiqləri bu əsərlərin yayımlanmasına əngəl olmuşdur.

 Azəri Ədəbiyyatında Türkçənin Təkamülü (Maarif və Mədəniyyət,1926:17-22, say, 2-3 (26-27), Elmi hərəkatlar (Maarif ve Mədəniyyət, 1927:41-43, sayı 9 (44), Ədəbiyyat vəElm (Maarif İşçisi, 1927: 49-53), sayı 9 (29), Oktyabr inqılabının AzərbaycanƏdəbiyyatına Təsiri (Maarif İşçisi, 1927:67-95), sayı 10(30), Azərbaycan proletar jurnalistikası tarixinəbir nəzər (Dan Ulduzu, 1928:21-26), say.1 (13), sayı 2 (14):20-23, sayı, 8-9 (20-21):38-41), Azərbaycan: Yeni bir mədəniyyət mərkəzi (Dan ulduzu, 1928:5-6, sayı 4-5 (16-17), Türk Ədəbiyyatında M.F.Axundov (Dan Ulduzu, 1928:22-25, sayı 4-5 (16-17), sayı 6 (18):9-14), AzərbaycanƏdəbiyyatTarixi ətrafında (İnqilab vəMədəniyyət, 1929: 45-47, sayı 1), Böyük Şura Ensiklopediyası və Türk Ədəbiyyatı (İnqilab vəMədəniyyət, 1929:37, sayı 2), Türk El Ədəbiyyatına elmi bir nəzər (Oğuznamə, Prof. Samoyloviçə) (Dan Ulduzu, 1929:30-32, sayı 5 (29), sayı 8 (32): 28-29),  M.F.Axundovun əlifba inqilabı və latın sistemli əlifbası (İnqilab vəMədəniyyət, 1929:33-39, sayı 6), Zərərli tənqidlər  (İnqilab vəMədəniyyət, 1929:31-34, sayı 10), Aşirət Dövründəki Azərbaycan Ədəbiyyatına aid Sənədlər (Azərbaycanı Öyrənmə Yolu, 1930:48-52, sayı 3 (8)), Türk xalqları ədəbiyyatında mani növü vəAzərbaycan bayatılarının xüsusiyyətləri (Azərbaycanı öyrənmə yolu, 1930:9-42, sayı 4-5 (9-10), Aprel Mədəniyyəti vəxarici mətbuat (İnqilab vəMədəniyyət, 1930:34-36, sayı 4),  M.F.Axundzadənin məlum olmayan əsərləri (İnqilab ve mədəniyyət, 1930:45-49, sayı 11-12) və yayınlanmamış, əl yazması arxivdəsaxlanan Azərbaycan Folkloru,Həbibi, Mirza Əli Əkbər Sabir  vb. Məqalələri və adına qaynaqlarda rastladığımız, özünü oxuya bilmədiyimiz məqalələri də onun Azərbaycan Türklərinin ƏdəbiyyatTarixi kitabının parçaları kimi qiymətləndirilməlidir. Bu əsərlər də onun ƏdəbiyyatTarixini yazmaq metodları haqqında fikir yürütməyə imkan verir. O, həbs olunduğu zaman KQB tərəfindən əl qoyulan əsərləri ilə birlikdə 1931 və 1936-cı illərdə yayımlanmaq üçün nəşriyyata verdiyi kitablar da itir.

 

3.Azərbaycanda Əhməd Yəsəviyə münasibət vəƏmin Abidin bu mövzuda araşdırmaları

 

Dinə, milli dəyərlərə qarşı sərt təbliğat getdiyi bir vaxtda Əmin Abid elmi əsaslara dayanaraq milli dəyərlərimizə, dinimizə sahib çıxmağı təbliğ edən məqalələr yazır. O dövrün ən sanballı elmi jurnalı olan “Azərbaycanı öyrənmə yolu”nda belə bir qeyd var: “Əhməd Yəsəvinin əsərlərindən Azərbaycanın mətbuatında ilk dəfə olaraq “Maarif işçisi” jurnalında nəşr olunmuşdur” (Əmin, 1930, 4-5:17). Bu sətirlərin müəllifi Əmin Abiddir.

Bu fikir Əhməd Yəsəvinin Azərbaycanda ilk dəfə tanıdılması kimi başa düşülməməlidir. Yüz illər boyu dərvişlər Əhməd Yəsəvinin şeirlərini Azərbaycanın hər bir kəndində, qəsəbəsində oxuyurdular. Əmin Abid isə Əhməd Yəsəvinin əsərlərini Azərbaycanda Arvopa metodları ilə araşdıran ilk alimlərdən oldu. Həsənoğludan başlamış ta XX yüzillikdə yaşamış bir çox Azərbaycan şairi az və ya çox dərəcədə Ə.Yəsəvidən yararlanmışdır. Rusiyanın Qafqazı, Türküstanı işğalı xalqlarımız arasındakı tarixi bağları qırmışdı.  Rusiyanın işğalçı yürüşləri nə qədər zərərli olsa da aydın düşüncə sahibləri bundan millətin və xalqın xeyrinə istifadə etməyə çalışdılar. Avropanın inkişaf etmiş texnologiyasını öyrəndilər. Orada ali təhsil aldılar, tarixə, ədəbiyyat tarixinə, folklora Avropa metodları ilə yanaşmağa başladılar. Milli düşüncəli aydınlar yeni metodlarla Türk dünyasını öyrənməyə, xalqda milli şüur oyatmağa çalışdılar. Belə araşdırıcılardan biri də Əmin Abiddir.

Ə.Abid 1928-ci ildə Bakıda çapa hazırlanan “Bayatılar” kitabına ön söz yazmaq haqqında tapşırıq alır. İşə yüksək milli şüurla yanaşan Ə.Abid yalnız Azərbaycandan toplanmış bayatılar haqqında fikir söyləməklə kifayətlənmir, Turfan, Altay, Özbək, Mişər, Kazan, Krım, Qaqauz, Anadolu, İran və Dağıstan türkləri arasında geniş yayılmış 4 misralı 7 hecalı şeir şəklini müqaisəli təhlil edir və janrın tarixini də dərindən araşdırır. Belə bir ağır və şərəfli işə girişən araşdırıcı heç cür Əhməd Yəsəvinin yazdığı 7 hecalı dördlüklərdən yan keçə bilməzdi.

“Maarif işçisi”  dərgisində Əhməd Yəsəvidən bəhs edən, Azərbaycan mətbuatında ilk dəfə onun şeirlərini çap etdirən Əmin Abid “Heca vəzninin tarixi” əsərində yazır: “Təhkiyəçiliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca məqbul görünməsinin mənası qolaylıqla anlaşılır. Qayəsi daha böyük bir əksəriyyətə  - məfkurəvi təlqinlərə təsir yapmaq olan təhkiyyə təşkilatı xalq ruhunu nəzərə almaq və xalq ədəbiyyatı elementlərini qullanmaq məcburiyyətində idi. Bunun üçün təhkiyyə şeiri milli xalq şeiri olan heca ilə yaradılırdı” (Abid Əmin, 1927, 6-7:48).

Bəs bu dini ideoloji ədəbiyyatın əsasını qoyanlar kimlər olmuşdur? İslam dini İspaniyadan Yapon imperatorluğuna qədər yayıldığı Avroasiya məkanında geniş bir ərazini kapsadığı bir vaxtda “təhkiyəşeirini - milli xalq şeirini yaradan  kimdir?”- sualına Ə.Abidin araşdırmasında aydın cavab verilir. O yazır: “Heca vəznini ilk müdafii olaraq Yəsəvi təhkiyəsində buluruz. Yəsəvilik təriqəti üzrə doğan ədəbiyyatın məşhuru miladi 12-ci əsrdə yaşamış şair, həkim Ə.Yəsəvinin “Divani hikmət” adında toplanan əsərləridir. Əhməd Yəsəvi hecayi qullanmaqla bərabər ona daha əski zaman məhsullarındakı vəziyyətdən ayıran mütəkamil bir şəkil verməmişdir. Onun əsərlərində də heca itiradlı misrai ahəngdən məhrum bulunaraq ibtidai texnikanı mühafizə etməkdədir” (Abid Əmin, 1927, 6-7:49).

Yəsəvi  “Divan”ını diqqətlə nəzərdən keçirən və onu öncəki qaynaqlarla qarşılaşdırmalı şəkildə araşdıran Ə.Abid “Divan”da və başqa qaynaqlarda rastlaşdığı 12 hecalı şeir şəklinin də mayasında yeddiliklərin duraqı (bölgüsü) durduğunu söyləyir. Fikirlərinə aydınlıq gətirmək üçün Ə.Yəsəvidən bir yeddilik, bir on ikilik şeir nümunə göstərir. Yeddi hecalıya nümunə kimi Ə.Yəsəvinin məşhur “Aşiqlər” rədifli şeirini verir. Şeir:

On səkkiz min aləmdə

Heyran bolğan aşıqlar,

Tapmaq məşuq surağın

Sərsan bolğan aşiqlər.

bəndi ilə başlayır və

Əhməd sihnəm aşıq bol,

Sidqini birlə sadıq bol,

Dərgahına layıq bol,

Canan bolqan aşiqlər.

bəndi ilə tamamlayır.

On iki hecalı:

                            Xızır babam saldı məni o şubu yolğa,

                            Ondan sonra dərya bulub taşdım dostlar.

beytilə başlayan şeirini də bütünlüklə məqaləsində verib (Abid Əmin, 1927, 6-7:49).

Əmin Abidə görə “Kitabi-Dədə Qorqud”da, “Kutadgu bilig”də, “Divani-lüğət-it Türk”də rastlanılan, Əhməd Yəsəvinin “Divani hikmət”ində geniş işlədilən on iki hecalı şeir növü miladi 13 yüzildə Əli tərəfindən qələmə alınmış “Yusif və Züleyxa” dan sonra öz yerini on bir hecalı qoşmaya verməyə başlamışdır. On iki hecalı şeir tamamilə sıradan çıxmasa da, on birlik qoşma qədər fəal olmamışdır.

Əhməd Yəsəvi yaradıcılığını mövzusu ilə bağlı araşdırmaya cəlb edən Ə.Abid yazır: “Əhməd Yəsəvi zamanında Orta Asiya Türkləri heca vəznilə bir çox xalq mənzumələrinə malik olmuşdur. Hələ bu xalq mənzumələri içində yeddi hecai çox modda olmuş olacaq ki, mühitin ədəbi təsiri altında Əhməd Yəsəvi də yeddili vəznə çox əhəmiyyət vermişdi” (Abid Əmin, 1930, 4-5:18).

     Ə.Abid yalnız tarixdən yazanda deyil, müasirləri ilə ədəbi mübahisələrdə də Əhməd Yəsəvi yaradıcılığına söykənmişdir. Məs: Əli Nazim Moskvada nəşr olunan “Peçat i revolyutsiya” jurnalının 1929-cu il iyul sayında “Azərbaycan ədəbiyyatı” adlı bir məqalə çap etdirmişdi. Ə.Abidə görə Ə.Nazimin “İnqilab və mədəniyyət” (Azərbaycan), “Dan ulduzu” (Gürcüstan), “Türk Yurdu” (Türkiyə) dərgilərində çap etdirdiyi məqalələrinin ruscaya tərcüməsi olan bu əsərdə çoxlu yanlışlıqlar var.

Biz iki araşdırıcı arasındakı elmi mübahisəyə aydınlıq gətirməkdən uzağıq. Çünkü Nizaməddin Babayev “Ədəbi mübahisələr” əsərində bu məsələyə kifayət qədər yer ayırıb (Babayev Nizaməddin, 1988). Yalnız mövzumuzla bağlı bir məsələyə toxunacağıq.

Ə.Nazimin Azərbaycan ədəbiyyatı tarixinin 13-cü yüzildə yaşamış Həsənoğlu ilə başlanması fikrinə etiraz edən Ə.Abid yazır: “Azərbaycan ədəbiyyatı Nazimin təkrar etdiyi kimi nə Həsənoğlu kimi sufi bir şeyxlə, nə də Şah İsmayıl Xətai kimi bir dərəbəyi ilə başlamaz. Bizim ədəbiyyatımız Azərbaycan torpaqlarına köçməyə başlayan əşirətlərin, buralarda kəndlər təsis etmələri və kənd təsərrüfatının təməlini qurmaları sayəsində inkişafa başlamışdır ki, bu da hicri tarixinin əvvəllərinə qədər enir. …Həsənoğludan daha əvvəl Veys oğlu Əhməd, ondan da əvvəl Şəms Təbrizi (Araşdırıcı yanılır, Şəms TəbriziYəsəvidən sonra yaşayıb - Ə.Ş.) var ki, bu surətlə Türkcə əsərləri məlum olan ilk sxolastik şailərimiz hicri altıncı əsrə qədər enmiş olur.” (Abid Əmin, 1929, 10:31) (Ə.Abid Azərbaycanın yazılı ədəbiyyatını nəzərdə tutur. Ümumilikdə isə ədəbiyyat tarixini “Kitabi-Dədə Qorqud”la başlayır - Ə.Ş.).

Ə.Abidin yaradıcılığı, onun ədəbiyyat tariximizə baxışları ilə yaxından tanış olmayan oxucu araşdırıcının Veys oğlu Əhmədi Azərbaycan ədəbiyyatı tarixinə daxil etməsində bir yanlışlıq görər və onu türk xalqları arasında ziddiyyət yaratmaqda təqsirləndirər. Onun yaradıcılığı ilə yaxından tanışlıq isə Ə.Abidin coşqun bir millətsevər, türk xalqlarının birliyinə çalışan və bu yolda canından keçən bir şəxs olduğunu görər. O, hələ İstanbul Universitetində tələbə ikən Bakıya göndərdiyi məktubunda yazırdı: “Azəri türkcəsinin… on dördüncü əsrin ortalarına qədər doğurduğu məhsulatın fonetik etibarilə Səlcuq türkcəsinin məhsulu aid etsək yanlış bir hərəkət olmaz” (Abid Əmin, 1926, 2-3:20).

Miladi 14-cü yüzilin ortalarına qədər türk xalqlarının ədəbiyyatının ortaq olduğu qənaətində olan araşdırıcının fikrincə, sonrakı yüzillərdə bu ayrılma sürətlə, yəni bir-birini anlamayacaq dərəcədə olmamış, əksinə, həmişə bir-birindən bəhrələşmilər. Fikirlərini isbatlamaq üçün Ə.Abid on beşinci əsrə doğru cığatay ədəbiyyatının gücləndiyini, Əlişir Nəvai kimi dahilər yetişdiyini və Azərbaycanda neçə-neçə şairin, lüğət müəllifinin cığataycadan bəhrələndiyini  yazır. Onun araşdırmalarına görə bu ötəri bir təsir olmamış 17-18-ci yüzilədək davam etmişdir. XIX yüzillikdə isə M.F.Axundov yaradıcılığından istər tatarların, istər qazaxların, istərsə də özbəklərin bəhrələnməsini təbii və qanunauyğun sayır.

Türk xalqlarının ədbiyyat tarixini, mədəniyyətini dərindən öyrənən, onun ortaq cəhətlərini ortaya qoyan Əmin Abidi bu gün türk dünyası lazımınca tanımır. Bunun da əsas günahkarı Sovet irticasıdır.

Ə.Abid İstanbuldan Bakıya döndükdən sonra burada Gültəkin imzası ilə yazdığı şeirlərdə olduğu kimi açıq döyüşkən mövqedə dayanmadı. Tamam başqa bir yol seçdi. Ədəbiyyatımızın tarixini araşdırmağa başladı. Sovet xüsusi xidmət orqanları (KQB) onun elmi məqalələrindəki türklük ruhunu görür, bundan qorxuya düşürdü. Ona elmi dəlillərlə cavab verə bilmədiklərindən təqib edir, işdən  çıxarır, mərkəzdən – ədəbi və siyasi mühitdən uzaqlaşdırırdılar.

Bütün təzyiq və təqiblərə baxmayaraq Ə.Abid əqidəsindən dönmür, Orxan-Turfan abidələrini, “Kutadgu bilig”i, “Divani-lüğət it  türk”ü, “Divani hikmət”i və s. təbliğ edirdi. Onun öhdəsindən gələ bilməyəcəklərini görən Sovet ideoloqları ölümünə fətva verdilər. 1938-ci il oktyabrın 21-də saat 21.00-da DTK (KQB) zindanında 40 yaşı tamam olmamış istedadlı bir alimi, coşğun vətənpərvəri güllələdilər(AMTBA, dosye 32796).

Əmin Abid güllələnsə də, ömrünü həsr etdiyi ideyanı gerçəkləşdirdi. Türk xalqlarının nümayəndələrinin tez-tez bir araya gəlməsi, mədəniyyətlərini, ədəbiyyatlarını, tarixlərini öyrənməsi Əmin Abid və onun kimi millətsevərlərin ideyalarının ölməzliyinə gözəl nümunədir.

 

Sonuc

Qəribə burasıdır ki, Özbəkistanın cədidçi şairi, mill dünyagörüşü ilə bölgənin aydınlarına güclü təsir göstərən Abdurauf Fitrət Əhməd Yəsəvini təndid etdiyi bir dövrdə Əmin Abid Əhməd Yəsəvinin dini nəfəslərinin ümumtürk ədəbiyyatının inkişafına güclü təkan göstərdiyindən söz açırdı.

Sovetlər Birliyinin rəsmi sənədlərində dindarların heysiyyatına toxunmamaqdan söz açılırdısa əməldə onlar hər cür alçaldılır, təqib edilir, həbsxanalara və sürgünlərə göndərilir, güllələnirdilər. Rəsmi sənədlərdə belə dindarların heysiyyatına toxunmamağın ardınca ona tamam əks olan fikirlər gəlirdi. Bunu Sov.İKP Proqramında da aydın görmək olar. Orada yazılıb: “Partiya adamları, dünyanı elmi-materialistcəsinə anlamaq ruhunda tərbiyə etmək və dindarların heysiyyatına toxunmadan dini mövhumatı aradan qaldırmaq üçün ideya təsiri vasitələrindən istifadə edir. Müntəzəm surətdə  geniş elmi-ateizm təbliğatı aparmaq... dini etiqadın əsassızlığını səbrlə izah etmək lazımdır” (Sov.İKP Proqramı, 1973:108).

Ali və orta ixtisas məktəblərində “Elmi ateizmin əsasları” fənni tədris edilirdi. Sov.İKP MK yanında  İctimai Elmlər Akademiyası tərkibində Xüsusi Elmi Ateizm İnstitutu yaradılmışdır (1964). Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda elmi ateizm şöbəsi vardı. 1968-ci ildə Azərbaycan Dövlət Ateizm Muzeyi yaradıldı(ASE, 1976: 460, 1 cild).

SSRİ-nin bütün dünyada bənzəri görülməmiş nəhəng təbliğat maşını vardı və modernizmdən güc alan, zəkanın gücünə inanan, elmlə, maariflə hər şeyin dəyişəcəyinə iman gətirən kommunistlər islama qarşı qılıncla yox, sözlə mübarizə aparırdılar. Misal üçün 1948-ci ildən 1976-cı ilə qədər Azərbaycanda islam əleyhinə 96 kitab çap edilmişdi, Mərkəzi Komitənin xətti ilə hər il Azərbaycanda islam əleyhinə 15 min mühazirə oxunurdu ( http://kulis.lent.az/m/news/2060).

Sovetlərin təbliğat maşınının var gücü ilə işləməsinə, dindarları məhvetmə siyasəti yürütməsinə baxmayaraq, Sovetlər çökdükdən sonra islam dininə güclü axın başladı. Yeni məscidlər tikildi, ilahiyyat təhsili verən mədrəsələr aşıldı.

Əhməd Yəsəvi və onun ardıcıllarının əsərləri kütləvi tirajla çap olunub yayılmağa başlandı.  Əmin Abidin də Əhməd Yəsəvi haqqında yazdıqları dəfələrlə nəşr edildi.

 Qaynaqlar

1.         Abid Əmin.(1926) Azərbaycan ədəbiyyatında türkcənin təkamülü. “Maarif və  mədəniyyət” dərgisi, , sayı 2-3, s.20.

2.         Abid Əmin.(1927) Heca vəzninin tarix. “Maarif işçisi” dərgisi, , sayı 3,4, 6-7.

3.         Abid Əmin.(1929) Zərərli tənqidlər. “İnqilab və  mədəniyyət” dərgisi, sayı 10, s.31.

4.         Abid Əmin.(1930) Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyəti. (5000 bayatı-mani üzərində yazılmış bir tətəbönamədir) “Azərbaycanı öyrənmə yolu” dərgisi, , sayı 4-5.

5.         ASE (Azərbaycan Sovet Ensiklopediyası), 1976, Bakı, 1 cild

6.         Azərbaycan Milli Elimlər Akademiyası Azərbaycanda Elmi İrsin Toplanması ve Sistemleşdirilmesi Merkezi Arşivi (AMEA  AEİTVSMA), fond 39, siyahı 374, Əhmədov Əmin Abidin qovluğu.

7.         Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi. Ə.A.Əhmədovun istintaq işi,  N  32796.

8.         Babayev Nizaməddin. (1988).Ədəbi mübahisələr, “Yazıçı” nəşriyyatı, Bakı.

9.         Cəfəroğlu Əhməd.(1932) Azərbaycan ədəbiyyatında  istiqlal mücadiləsi izləri. “Azərbaycan yurd bilgisi” dərgisi, sayı 8-9. (Məqalə həmin il İstanbulda kitabça kimi çap edilmişdir).

10.     Gültekin - Əmin Abid. Buzlu Cehennem.  “Günəş” nəşriyyatı, Bakı, 1999. s.90.

11.     Hüseyinoğlu Eli Şamil. Emin Âbid'in H. Ahmed Yesevî hakkındaki makalesine dair. Aylık Sevgi Dergisi “Yesevi”, 2002,  sayı 100, (9 yıl), Nisan, səh. 40

12. Sovet dövründə Azərbaycanda İslam dini: loyallar və radikallar. (http://modern.az/articles/45732/1/#gsc.tab=0) 

13.     Sov.İKP (Sovet İttifaqı Kommunist Partiyası) Proqramı. (1973). Azərnəşr, Bakı.

14.Qan Turalı. (2012). SSRİ-nin islamı ləğv etmək projesi necə iflasa uğradı?, Bakü, 16 iyul,  http://kulis.lent.az/m/news/2060

15.Фитрат Абдурауф.( 2000) Танланган асарлар, (Болтабоев Ҳамидулла нашрга тайёрлаган.), "Маънавият" нашриёти,  2 жилд, Тошкентпроф,Toşkent.

16.     http://az.azvision.az/news.php?id=12459)

 

 

 

 

HOCA AHMED YESEVÎ’NİN ÖĞRENİLMESİNİN YASAKLANMASI VE ONU ARAŞTIRANLARIN KURŞUNA DİZİLMESİ NEDENLERİ

 

Özet

Hoca Ahmed Yesevî’nin ortaya koyduğu fikirler Azərbaycan’da da Yesevi devrişleri tarafından geniş yayılmıştır. Kafkasya’nın Ruslar tarafından işgalinden sonra bu konunun da durdurulması planlanır. Baskılara rağmen 20. yüzyıldan itibaren ədəbiyyattarixinin Avrupa metotları ile öğrenilmesi Ahmed Yesevî’ye Azərbaycan’da yeniden ilgi çeker.  Sovyetler Birliği döneminde Özbekistan’ın cedidci şairi, mill dünyagörüşü ile bölge aydınlarını etkileyen Abdurauf Fitret Ahmed Yesevi’yi eleştirdiği bir zamanda, Emin Abid onun dini nefeslerinin genel türk edebiyatına etkisinden söz ediyordu.

İstanbul Darulfünu’nunu bitirip 1927 senesinde vatanına dönen Emin Abid kültürel ve fikrî mirasımızı muhafaza edebilmemiz için Ahmed Yesevî yaratıcılığının Avrupa metotları ile öğrenilmesinin temelini atmış.  O, Ahmed Yesevî'nin hece vezninden nasıl yararlandığını ve İslam’ın yayılmasında ondan nasıl faydalanacağını anlatır.

Emin Abid Ahmed Yesevînin dörtlüklerindeki evrensel anlayış, sevgi, huzur, barış ve mutluluk öğretilerini gözler önüne sermekte. Araştırıcı Hoca Ahmet Yesevî’nin  küresel sürecin güncel ve tartışmalı kavramlarının her birine adeta ayrı ayrı yer vererek onların çözümlerini ortaya koyan tekliflerini yüksek degerlendirmiştir.

Bolşevikler ise idyolojik yönden Hoca Ahmet Yesevî şiirlerine karşı koyacak gücü kendilerinde bulamadıklarından onun hakkında yazanları kurşuna dizdiler, hapsettiler ve sürdüler. 

Anahtar kelimeler: Hoca Ahmed Yesevî, Türk şiir türü, hece vezni, Azərbaycan’da sufizm, Emin Abid.

 

THE REASON OF THE SUPPRESSING OF THE STUDY AND SHOOTING THE RESEARCHERS OF HOJA AHMET YESEVI

 

Abstract

The ideas of Yesevi spread through the Azerbaijan by the Yesevi’sdervishs. But after the occupation of Caucasus by the Russia it’s planned to stop this theme as well. Despite the suppressions the study of AhmetYesevi by the European methods attracts attention again.During Soviet Union EminAbid talked about the influence of Yesevi’s poems to general Turkic literature, despite AbduraufFitrat, the great enlightener poet of Uzbekistan criticized him. 

First person begun to learn AhmetYesevi by the European methods id EminAbid  who graduated the Istanbul Darulfunun and returned to Azerbaijan on 1927. He explain how AhmetYesevi benefits by metre based on the number of syllables and how can benefit by him to propagate the Islam. 

EminAbid indicated the understanding of universality, love, composure, peace, happiness of his poetry consists of four. The researcher giving the place the topical and polemical concepts of global process of AhmetYesevi and put to good account his proffers to resolve it.

But the Bolsheviks had shouted the researchers of AhmetYesevi because they can’t contest to his ideas.

Key words:HojaAhmetYesevi, The Turkic poem genre, syllable genre, Mysticism in Azerbaijan, EminAbid


 

HOCA AHMED YESEVÎ’NİN ÖĞRENİLMESİNİN YASAKLANMASI VE ONU ARAŞTIRANLARIN KURŞUNA DİZİLMESİ NEDENLERİ

 

Özet

Идеи Ходжа Ахмеда Есеви было пропагандировано Есевийскими дервишами и в Азербайджане тоже. Было планировано позаботиться и об этом тожепосле Российской оккупации Кавказа. Несмотря на давления изучения Ахмеда Есеви с Европейскими методами все равно привлекал вниманию на него в Азербайджане в 20-м веке.

Во время Советского Союза когда Абдурауф, просветительный поет Узбекистана критиковал Ахмеда Есеви, ЭминАбид показывал о влияниичетверостишиях Ахмеда Есеви на обще-туркскую литературу.

После окончании СтамбулскийДарилфюнюн в 1927-м году Эмин Абид впервые изучал творчество Ахмеда Есеви, что бы сохранить культурную и мысленную наследству.  Он объясняет как Ахмед Есеви воспользовался силлабических стих и как оновоспользовано в прапогандии Ислама. 

Эмин Абид показывает концепцию универсальности, любви, мира, счастия в его четверостишиях. Он высоко оценивал как Ахмед Есеви предложил решение на глобальных и спорных проблем. 

Но большевики не смогли сопротивляться против идеи Ахмеда Есеви, поэтому  расстреляли, выслали всех кто написал о нем.

Ключевые слова: Ходжа Ахмед Есеви, Туркский тип поэзии, силлабика, суфизм в Азербайджане, ЭминАбид

 

Çap olundu: Hoca Ahmet Yesevənən öyrənilməsinin qadağan edilməsi və araşdırıcılarının güllələnməsi səbəbləri. Keçmişdən gələcəyə Hoca Ahmet Yesevi Uluslararası Sempozyumnun (26-28 Eylül 2016) Bildirileri, Türkiye, İstanbul, 2016, cild 1,  seh. 172-183.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol