İsgəndər Ağbabalı haqqında

Əli Şamil

SƏMİMİ İNSAN, GÖZƏL SƏNƏTKAR

 

Keşəli

 

Aşıq İsgəndərlə tanışlığımın uzun və maraqlı bir tarixi var. Hələ tələbəlik illərində folklorumuzda, aşıq poeziyasında       bir-birinə qarışdırılan mətnlər, adlar məni çox düşündürərdi. Nəyin doğru, nəyin yanlış olduğunu aydınlaşdırmaq istəyilə axtarışa çıxmışdım. Bu yol məni İsgəndər Ağbabalıyadək apardı. Axta­rışa çıxdığım yol Keşəlidən başlayırdı.

 

13

Aşıq İsgəndər Ağbabalı Naxçıvan Televiziyasında
çıxışa hazırlışarkən

 

Keşəli Kürün sağ sahilində, Tbilisidən 15 kilometr aşağıda bir kənddir. Elə də məşhur deyil. Şəxsən mən orta məktəbi bi­tirib Ba­kıya təhsil ardınca gələnədək bu kəndin adını belə eşit­məmişdim.

Sumqayıtda kimyaçıların fəhlə yataqxanasında qalırdım. Bu­ra­dakı fəhlələrin çoxu ya axşam, ya qiyabi şöbələrdə oxu­yanlar, ya da imtahanlara hazırlaşanlar idi. Müxtəlif səbəb­lərə görə qə­bul ola bilməyən yeniyetmələr zavodda işə girir, işləyə-işləyə hazırlaşırdılar. Gözəl bir mühit formalaşmışdı. Heç bir mü­əllim yanına, hazırlıq kurslarına getmədən yeniyetmələr öz­lə­ri hazır­la-şır, hazırlıq səviyyələrini yoxlamaq üçün suallaşır, fikir mü­ba-diləsi edir, bir-birlərindən öyrənirdilər.

Belə müzakirələrin birində Osmanla tanış olmuşdum. Yerli­lərilə bir otaqda qalırdı. Keşəli kəndinin adını da ilk dəfə ondan eşitmişdim. Gürcüstandakı Marneuli rayonunun Keşəli kən­din­də doğulan Osman qəbul imtahanlarını uğurla versə də müsa­bi­qə­dən keçə bilmədiyinə görə gəlib buraya çıxmışdı. İti yaddaşı, çıl­ğın xasiyyətilə seçilir və həmişə çalışırdı ki, ətraf­dakılar ona da­ha çox diqqət yetirsinlər. Arzusu Azərbay­can Döv­lət Univer­si­tetinin filologiya fakültəsində oxumaq idi.

1968-ci ilin avqustunda o, arzusuna çatdı. Həmin illərdə yal­nız Azərbaycan Dövlət Universitetinin Filologiya fakültə­si­nin nəz­dində Jurnalistika şöbəsi vardı. Mən də oraya qəbul olun­dum. Eyni fakültədə oxuduğumuzdan və Sumqayıt­dan bir- bi­ri­mi­zi tanıdığımızdan çətinlik çəkmədən universitet yataq­xa­na­sın­da bir otaqda qalmağa göndəriş ala bildik.

Bununla Osmanla dostluğumun və onun doğulduğu kəndlə bağ­lı­lığımın təməli qoyuldu. Göyçədə, dağlar qoynunda doğul­muş­dum. Gözümü açandan uca dağlar, buz kimi suyu olan bulaqlar, yaşıl çəmənlər görmüşdüm. Təbiət gözəlliyindən söz düşəndə nəzərimdə doğulduğum bölgə canlanırdı. Düzənlikdə yerləşən, şirin sulu bulaqları olmayan, qışı palçıqlı, yayı tozlu-torpaqlı kəndlərdən xoşum gəlməzdi.

Amma iş elə gətirdi ki, Osmanın təkidilə onların kəndinə ge­dəndən sonra Keşəliyə urəkdən bağlandım. Osmangilin evi Kü­rün yarğanının qaşında yerləşirdi. Burdan Qarayazı meşəsi ovuc içi kimi görünürdü. Meşədəki maralları, qırqovulları görmək üçün saatlarla oraya baxırdıq. Gah da Kürü keçib bö­yürt­kan və başqa meyvələr yeməyə gedirdik. Osmanın çu­buq­dan hörülmüş səbətin dibinə yem bağlayaraq axşamdan çayın mü­nasib bildiyi ye­rinə qoymasına, onu su aparmasın deyə məf­til­lə bir yerə bər­kit­məsinə, səhər ordan balıq tutmasına maraqla ba­xardım. Uni­versitet tələbəsi olsam da, neçə ildi Xəzərin sa­hi­lin­də yaşasam da üzməyi bacarmırdım. Kəndin 12-13 yaşlı uşaq­ları, Kürdə ba­lıq kimi üzür, burulğanda boğulma­sın­lar deyə yar­ğanın uca ye­rin­dən suya tullanırdılar. Mən də maraqla onlara ba­xır, ləzzət alırdım.

Kənddəki saza-sözə vurğunluq da mənə doğma idi. İlk dəfə bu­rada Nəqşibəndi təriqətilə, insanların mənəvi dünyalarının tə­ləbatını ödəmək üçün Mir Həmzə Seyid Nigarinin şeirlərini oxu­ya-oxuya «dınqır» sədaları altında oynamalarını gördüm. Gör­düklərimin və eşitdiklərimin təsiridir ki, bu gün də Keşə­li­nin adı gələndə quşdan qanad alıb oraya uçmağım gəlir.

 

Karslı Aşıq İslam

 

Göyçə mahalında doğulduğumdan aşıq mühiti, dastan­ları­mız, aşıqlarımız və el şairlərimizin yaradıcılığı ilə yaxından ta­nış idim. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxu­sam da, filologiya fakültəsinin tələbələri kimi folklor nümu­nə­ləri toplayır, aşıq musiqisinə daha çox qulaq asır, aşıq­la­rın məc­lisinə daha çox meyl edirdim. 1973-cü ilin yazıydı. Son kurs­daydım. Osman Əhməd oğlu həyəcanla gəldi ki, Qən­bər (1) Tür­kiyədə yaşayan qohumu Aşıq İslamı Keşəliyə gə­tir­dib. Ma­raq qorxuya üstün gəldi. Biz ikinci kursda oxuyanda fakül­təmiz ayrılmış, Şirməmməd Hüseyinov da dekan seçil­mişdi. Onun zəhmindən nəinki biz tələbələr, hətta müəl­limlər də çəkinər­di­lər. Fakültədə müxtəlif bəhanələrlə ondan icazə alıb gedən tə­ləbələrin başına gətirdiyi hadisələr geniş ya­yıl­mışdı. Aşığın gö­rüşünə getməyə Şirməmməd müəllim icazə ver­məyə­cəyini yax­şı bilirdim. Bir yalan uydursam da sonra üstü açı­lı­ca­ğından qorxaraq dərsləri yarımçıq buraxıb elə həmin axşam qa­tarla yo­la düşdük. Səhər tezdən Rustavidə qatardan düşüb Ke­şə­liyə yollandıq.

Həmin illərdə Türkiyədən qonaq gətirtmək hər oğulun işi de­yildi. Çəmiyyətdə yüksək mövqeyi, nüfuzu olan, mənəm-mə­nəm deyənlərin çoxu ən yaxın qohumlarını belə danırdılar. Belə bir çə­tin şəraitdə Qənbər (Allah rəhmət eləsin) xeyli pulundan keçib, ba­şına bəla açıla biləcəyindən qorxmayıb İslam Ərdənəri Tür­ki­yə­dən – Ərdahanın Kümbətli köyündən qonaq gətirdə bil­mişdi (2).

Aşıq İslamın gəlişi yalnız Keşəlidə deyil, ətraf kəndlərdə də bay­ram əhval-ruhiyyəsi yaratmışdı. Onu evinə qonaq dəvət et­mək üçün adamlar növbəyə düzülmüşdü. Özü də tək İslam ki­şini deyil, başının dəstəsi ilə qonaq çağırırdırlar. Hər qonaqlıq bir toy məcli-sini xatırladırdı. Hamı kimi biz də Aşıq İslamın söz-söhbətindən doymaq bilmirdik. Bunun bir səbəbi də o idi ki, Aşıq İslam bir məclisdə etdiyi söhbəti ikinci məclisdə qətiy­yən təkrarlamırdı. Tür-kiyədə adamların həyat tərzinə, ya­şa­­yışına, ən xırda məişət məsə-lələrinə dair onlarla sual ve­rir­dilər. Aşıq İslam da suallara səbr və təmkinlə cavab verirdi. Bir çox­ları da xəlvətdə İkinci Cahan Sava-şında və ondan əvvəl izsiz-soraqsız yoxa çıxan qohum-qardaşlarını xəbər alırdı.

 

Xəstə Hasanla bağlı heyrətləndirici bilgi

 

 Folklora, xüsusən də aşıq yaradıcılığına maraq göstər­di­yi­miz­dən Aşıq İslamın söhbətlərini diqqətlə din­lə­yir­dik. Həmin illərdə Tür­kiyə-dən Azərbaycana kitab, qəzet, jurnal çox az gə­lirdi. M.F.Axun­dov adına Respublika Kitabxa­nasının abu­nə­çisi olduğu «Türk Folk­lor Araşdır-maları», «Yed­ditəpə», «Dil» və s. jurnalları maraqla oxu­yurduq. Ora-dan, bir də Türkiyə ra­dio­­­su­nun verilişlərindən tanıdı­ğı­mız el sənət­kar-ları–Süm­ma­nı, Şen­lik, Zülali, Aşıq Beyhani (İbra­him Ən­gin) və b. haq-qında Aşıq İslamdan əlavə bilgi almağa çalışır, həm də özümüzün mə­lumatlılığımızı göstərirdik.

Söhbət zamanı «Türk Folklor Araşdırmaları»nın 238-240-cı say­larından əzbərlədiyim aşağıdakı qoşmanı söylədim.

01

Aşıq İslamın avtoqraf ünvanı

 

Zibadır sevdiyim qəddi-qamətin,

Necə vəsf eyləyim cananım səni.

Məni Məcnun etdi çeşmi afətin,

Leylaya bənzətdim a canım, səni.

 

Qaşların kamandır, müjganın oxdur,

Arzı-halın çəkər, müştərin çoxdur,

Dünyanı versələr könlümdə yoxdur,

Vermərəm ey hüsnü fəttahım səni.

 

Ərbabı, eşqinə ey dil güvəndim,

Həsrətinlə yandı canım əfəndim,

Həqiqət eylə, gəl, səndə ləvəndim,

Könlümün taxtında sultanım səni.

Aşıq İslam Ərbabinin «Səni» rədifli qoşmasını söylədiyimə o qədər də təəccüb etmədi. Onun haqqında xeyli xoş sözlər söylədi. Mən də bu fürsətdən yararlanıb təssüflə bildirdim ki, jurnalda aşığın çox dəyərli divanisinin bir beyt veriblər. Aşıq İslam hansı divaninin bir beytini verdikləri ilə maraqlandı. Mən də aşığın Türkiyədə çap olunan jurnalı oxumadığını hiss edən kimi daha həvəslə, bir az da özümü göstərənsayaq:

 

Həsrətindən xəstəyəm, təşni-zəbanım[1] bir su ver.

Hörmət eylə gəl mənə, ey mehribanım bir su ver.

beytini deyəndə Aşıq İslam aramla və şirin bir səslə sanki mənim söylədiyim şeiri davam etdirdi.

 

Sallanıban bağdan gələn, ay maralım, bir su ver.

Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.

Vücudumu atəş aldı, dumanım ərşə çıxar.

Qurudu dilim-dodağım, dili-fəraqım[2], bir su ver.

Gözəllər xətri əzizdi bir-birindən seçmərəm.

Versələr də dünya malın sevdiyimdən keçmərəm.

Yad əlindən abı-həyat[3] olursa da içmərəm.

Özün doldur, öz əlinlə ey məlalım[4] bir su ver.

 

«Xəstə Hasan gəldi» deyə çağırarlar adımı.

Eşq ucundan yandı cismim, eşidin fəryadımı.

Neyləyirəm dünya malın, almasam muradımı.

Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver.

 Divaninin möhürbəndindəki Xəstə Hasanın təxəllüsü mə­nim kimi məclisdə əyləşənləri də çaşdırmışdı. Ona ilk etiraz edən Osmanla mən oldum. Belə gözəl bir şeirin Xəstə Hasanın ol­duğuna inanmadığımızı, nəsə bir yanlışlıq olduğunu söylədik. Bizim bu çür təpkimiz İslam Ərdənəri çaşdırdı.

Müəllimlərimizin elminə güvəncli olduğumuzdan və oxu­duğu­muz kitabların təsirindən Aşıq İslamın dediklərini saf-çü­rük etmə­dən ona Xəstə Hasanı olduqca zəif və istedadsız bir aşıq kimi ta­nıt­­mağa çalışdıq. Fikirlərimizi əsaslandırmaq üçün də Xəstə Ha­sanın Xəstə Qasımın qıfılbəndini öz adından Aşıq Ələsgərə gön­dər­diyi, Ələsgərin də qıfılbəndi açdığını və son bəndlərindən birində

Qasım «qaf»nandı, Hasan «hey»inən,

Xeyir çəkməz usdadınnan deyinən,

İşim yoxdur seyidnən, bəyinən,

İxtiyarımda qaldı məxluqat,

Daimil-övqat.

deməklə bu şeirin Xəstə Qasımın olduğuna işarə vurduğu haqda olan məşhur rəvayəti misal çəkdik. Məclisdə əyləşənlər aşıq yaradıcılığı ilə yaxından tanış olduqlarından bizim tərə­fi­mizi saxladılar və Xəstə Hasanı ədəbi oğurluqda qına­dı­lar. Hətta Aşıq Ələsgərin şeirləri çap olunmuş kitabı tapıb məş­hur qıfıl­bən­di və ona verilmiş cavabları da oxudular.

Aşıq İslam çox təəssüfləndi. Ərbabının da, Xəstə Hasanın da Bir su ver divanilərini əzbərdən söylədi və dedi ki, Aşıq Ələs-gər böyük sənətkardı. Nə onu bu yolla ucaltmaq olar, nə də Xəstə Ha­san kimi bir ustadı belə aşağılamaq. Xəstə Hasan İrə­van­lı deyil. Axır­kələyin Levis kəndindəndir. Aşıq Ələsgərlə də yaşıd olmayıb. Mən Türkiyədə Aşıq Şenliyin şeirlər kitabını çap etdirmişəm. Ora­da yeniyetmə Hasanı – sizlərin Şenlik kimi ta­nıdığınız aşığı dayısı İbrahim sınağa çəkdirmək üçün Aşıq Nu­runun yanına apardığını yazmışam. Aşıq Nuru da Xəstə Ha­sa­nın şəyirdi – çırağıdır. Aşıq Nuru Şenliyi sınağa çəkəndə ustadı Xəs-tə Hasanın üç şeirini söylədib. Şenlik də eyni qafiyə ilə cavab verib. Yeniyetmə Hasan sınaqdan uğurla çıxdıqdan sonra Aşıq Nuru ona sənətin sirlərini öyrədib, ustad şilləsi vur­duqdan son­ra aşıqlıq etməsinə icazə verib. Bunları da mən Aşıq Şenliyin oğlu Aşıq Qasımdan eşidib yazmışam. Türkiyədə də çoxları bu məsələni bilir. Sizlərin bilmədiyinizə təəccüb qaldım.

02

Görüşdə öyrəndik ki, Türkiyədə sadə bir kəndli olan İslam hərdən aşıqlıq da edir və 1960-cı ildə Aşıq Şenlik divanı” adlı ki­­çik bir kitab da çap etdirib. Təssüfləndi ki, həmin kitabını özüy­­lə gətirə bilməyib. Bu kitabla uzun illər keçəndən sonra tanış oldum. Həmin günlərdə isə Aşıq İslamdan Xəstə Hasanın, Şenliyin, Sum­manın və b. xeyli şeirini yazıya aldıq. Tanınmış aşıqların da bil­mədiyi bu şeirlər Azərbaycanda çap olunmadığı üçün folklor­şünaslıqdan dərs deyən müəllimlərimizin də xəbər­ləri yox idi.

02-000avtograf

Aşıq İslam Ərdənərin avtoqrafla müəllifə göndərdiyi şəkil.

İslam Ərdənərin avtoqrafı.

 

Redaksiya qapılarında və ya həqiqət ugrunda

 

Aşıq İslamdan topladığımız şeirlər sənətkarlıq baxımından çox bitkin idi. Onları müəllimlərimizə, o dövr «Ədəbiyyat və incə­sənət» qəzetində işləyən və xalq yaradıcılığı guşəsi hazır­layan, böyük ehtiram göstərdiyimiz şair Məmməd Aslana gös­tər­dik. Çox laqeyid qarşıladılar. Bu laqeyidliyi yalnız orada gör­mə­­dik. Hansı redaksiyanın, nəşriyyatın qapısını döydüksə ora­dan əliboş qayıtdıq. Səbəbini bilsək də inidkarlıq edirdik. Sovet hö­kü­məti tərəfindən xəyanətkar elan edilərək sürgünə göndə­ril­miş bir xal­qın övladlarına kömək etməyə, onlar haqqında xoş sözlər söylə­məyə çoxlarının hünəri çatmırdı. Bu haqsızlığı başa düşənlərin də bir qismi «azaçıq aşım, ağrımaz başım» prinsipilə yaşayırdı. Az qala suyu da üfürə-üfürə içənlər 1944-cü ilin noyabrın 14-15-də elliklə sürgün olunan bir xalqın oğlu haq­qın­da məqalə verməkdən çəkinirdilər. Özü də ədəbi oğru kimi ta­nı­nı­dılmış bir aşığın şeirlərini çap etməkə heç kim başını ağrıt­maq istə­mirdi.

Nüfuzlu bir şəxs, Xəstə Hasanın şeirlərini çap etdirə və bu ləkənin onun üzərindən silinməsinə yardımçı ola bilərdi. Belə birisini də tapa bilmirdik.

1973-cü ildə universiteti bitirdim. Məni Naxçıvandakı «Şərq qapısı» qəzetinə işləməyə göndərdilər, Osman da öz kəndlərinə döndü. Buna baxmayaraq Keşəli ilə əlaqəni kəsmədim. İldə ol­masa da iki-üç ildə bir oraya gedir, xeyir-şərdə iştirak edirdim.

İslam Ərdənər içimizdə bir şübhə toxumu əkib getmişdi. Biz «Aşıq Ələsgər» kitablarında Xəstə Hasanla bağlı yazılanları yenidən və diqqətlə oxuyanda qarşımıza bəzi suallar çıxdı:

1. Kitabda Xəstə Hasanın İrəvan tərəflərdən olduğu gös­tə­rilir. İrəvan bölgəsində belə bir aşıq olubmu?

 2. Xəstə Hasan bağlamanın bir surətini Aşıq Ələsgərə gön­dərib. Nədən həmin vaxt Göyçədə Ağ Aşıq, Aşıq Alı kimi daha tanınmış ustadlar olduğu halda bağlama gənc, hələ məşhurlaş­ma­mış Ələsgərə göndərilib?

3. Bağlamanın bir surətini də Miskin Bürcüyə göndərdiyi, onunsa aça bilməyib beş bəndlik bir qoşma ilə cavab verdiyi göstərilir. Bütöv verilmiş şeirin son bəndi belədir:

 

Müsəmmə Miskinəm, mən zitzi-camal,

Çün adam güdmüşəm, nə qoyun, nə mal,

Sən ki, cüz etmisən bu nəzmi kamal,

Bizə lazım deyil, özgələrə sat!

 

Nədən möhürbənddə Miskin Bürcü deyil Müsəmmə Miski­nin­dir?

Qaynaqlardan Gəncədə yaşamış, milliyətcə erməni olan Mis­­kin Bürcünün 1848-ci ildə öldüyünü oxumuşduq. Onun Ma­te­na­daranda saxlanan şeir dəftərində Müsəmmə Miskin imzası yoxdu. Şeirlərinin də vəzni, qafiyəsi olduqca pozuqdu.

İlk aydınlaşdırdığımız o oldu ki, Miskin Bürcü ilə Müsəm­mə Miskin ayrı-ayrı şəxslərdi.

İrəvan bölgəsində Xəstə Hasan adlı aşıq olmayıb. Xəstə Ha­san Axırkələyin Levis kəndindəndir.

Lakin bununla kifayətlənmirdik. Bir tərəfdən Türkiyədə olan Aşıq İslam Ərdənərlə ara-sıra məktublaşır, o biri tərəfdən də tanıdığımız aşıqlardan Xəstə Hasanı xəbər alırdıq. Rəhmət­lik Hüseyn Saraclıdan xəbər alanda dedi ki, onu bilsə-bilsə aşıq İs­gəndər bilər. O, bilməsə əziyyət çəkib axtarmayın. Hüseyn Sa­­­raclı Aşıq İsgəndərin dəqiq ünvanını söyləmədi, Ermənistan tə­rəfdən olduğunu söyləməklə kifayətləndi.

 

Aşıq İsgəndərin axtarışında

 

Aşıq İsgəndəri axtarmağımız 5 ildən çox çəkdi. Bir gün Os­man sevinclə telefonda mənə xəbər verdi ki, Marneuli rayo­nu­nun Alget üzümçülük sovxozunda yaşayan Güləşməd Bilal oğ­luy­la görüşüb.(3) O, Aşıq İsgəndərin qohumudu. Ünvanını bilir.

Osmandan aşığın ünvanını aldım. Qalırdı Ermənistan SSR Ama­­­siya rayonunun Ellər kəndinə gedib Aşıq İsgəndərlə gö­rüş­mək. Oralar mənə tanış idi. Yaxşı bilirdim ki, aşıqlar çox vaxt toy­larda, el şənliklərində olurlar. Əvvəlcədən şərtləşməyib get­səm onu tapmaya bilərəm. Odur ki, bir soraqçı məktub yol­la­dım. Familyasını bilmədiyimdən zərfin üstünə «Aşıq İsgəndər Ağ­babalıya çatacaq» yazmışdım. Çox keçmədi mənə cavab gəldi.

Bundan sonra başladım aşığın görüşünə getməyi planla­ma­ğa. Amasiya rayonu sərhəd bölgəsində yerləşdiyindən oraya xü­susi icazə olmadan gedə bilməzdim. İcazə almaq üçün də gə­rək oradan mənim adıma rəsmi dəvət – arayış gələydi. Bu də­vəti –  ara­yışı almaq üçün də gərək Aşıq İsgəndər gedib idarə qa­pı­larında boynunu burub dura, məmurlar insafa gəlib onu qəbul edən­də məni niyə çağırdığı, kim və nəçi olduğum haqda onlara iza­hat verə. Məmurların da könüllərinin xoş vaxtına düş­sə aşığa min­nət qoyub arayışı verə, kefləri istəməsə onu get-gə­lə sala­lar.

Başqa problemlər də vardı. Aşıq arayışı alıb göndərəndə mə­nim getməyə pulum olacaqdımı, işdən icazə ala bilə­cək­dimmi? Bu işləri düzüb-qoşub sahmana salanadək də xeyli vaxt keçdi.

Bunları deməkdə məqsədim odur ki, Amasiya mənə tanış idi. Yolunu-izini, gedib-gəlmə qaydalarını yaxşı bilirdim. Buna bax­­ma­yaraq Aşıq İsgəndərlə görüşməyə münasib bir vaxt ara­yır­­dım.

Amasiya rayonunun Qaraçanta (Əzizbəyov) kəndində müəl­lim ailəsində doğulmuş Ramiz Əsgərov 1972-ci ildə Azər­bay­can Dövlət Universiterinin jurnalistika fakültəsinə qə­bul olun­muşdu. O, birinci kursa qəbul olanda mən beşinci kursda oxu­yur­dum. Buna baxmayaraq söhbətimiz tez tutdu. Mən uni­ver­si­te­ti bitirib təyinatla işləməyə Naxçıvana, Ramiz də təh­si­lini da­vam etdir­mə­yə Moskvaya getdi. Buna baxma­ya­raq əla­qə­miz kə­sil­mədi. Ra­miz yay tətilində Moskva­dan Naxçıvana gə­lər, bir neçə gün biz­də qalar, gəzər, qəzetə məqalalər yazar, radioya ve­ri­lişlər ha­zırlayar, sonra evlərinə yola düşərdi. 1978-ci ildə Unverisiteti bi­tirib diplomu alandan sonra da bizə gəlmişdi. Ora­dan da birlikdə Amasiyaya gedib onun «diplom yuma» mə­ra­simində iştirak etmiş, böyük ailə sahibi Baxşəli müəllimi xey­li xərcə salmışdıq.

 1980-ci ilin avqustunda Ramizin toyu idi. Ailəliklə toya getmişdik. Bakıdan da tələbə yoldaşlarımız gəlmişdi. Toydan son­ra qalmamızı, yaylaqlarda gəzməyimizi, bulaq başına gedib ye­yib-içməyimizi təkid edirdilər. Buna vaxtımız yox idi. İşə qayıt­malıydıq.

Bu dar vaxta baxmayaraq Aşıq İsgəndəri görmək istəyirdim. Ramizin əmisi, rayondakı «Əmək» qəzetinin redaktoru Kərim Əsgərov dadıma çatdı. Redaksiyanın maşınına məni Ellər kən­di­nə aparmağı tapşırdı. Arpa gölündən bir az aralıda, Türki­yə­nin sərhədində yerləşən Ellər kəndinin təbiətini Göyçənin­kin­dən heç nəyilə fərqləndirmək olmazdı. Hər yer çəmənliklər və buz kimi suyu olan bulaqlardı.

Əvvəlcədən məktub yazdığımdan Aşıq İsgəndər məni göz­lə­yir­di. Görüşüb tanış olduq. Çay-çorək tədarükü görmək istə­di­lər­sə də qoymadıq. Elə ilk söhbətilə məni heyrətə saldı. Çox aşıq görsəm də, çox aşıq məclislərində iştirak etsəm də beləsini görməmişdim. O, Göyçə, Qazax-Gəncə, Borçalı, Şir­van aşıqla­rın­dan tamam fərqli üslubda oxuyur və Çıldır, Qars, Axıska aşıqlarının şeirlərini və saz havalarını gözəl bilirdi.

İki-üç saatlık tanışlıqdan sonra hər ikimiz anladıq ki, belə qaçdı-qovduda iş görmək olmaz. Bunun üçün rahat vaxt, uzun-uzadı söhbətlər və məclislər lazımdır. Şərtləşdik ki,  mü­na­sib olan bir vaxtda görüşək. Hər ikimiz üçün münasib olan vax­tın çatması üçün 3 il keçdi. Görüşümüz 1983-cü ilin Novruz bayramı günlərinə düşdü.

 

Naxçıvana dəvət

 

Aşıq İsgəndərin Naxçıvana gəlməsi üçün çağırış göndər­mə­yin bürokratik əngəlləri çox idi. Buna görə də dəfələr­lə yarar­lan­­dığımız bir üsüldan istifadə etməyi qərara aldıq. Yerevan-Bakı qatarı Naxçıvandan keçirdi. Sərhəd bölgələrində qatarı sər­­hədçilər müşayiət edir, enənlərin sənədlərini diqqətlə yoxla­yır­dılar. Pasportunda sərhəd bölgəsində yaşadığına dair qey­di­yat və yaxud buaxılış vərəqi olmayanlara bilet belə satmırdılar. Bunu bildiyimizdən tanışlara Yerevandan Bakıyadək (Bakıdan gələnlərə də Yerevanadək) bilet almağı tapşırırdıq. Sərhəd stansıyalarında onları hava almaq, su içmək adıyla perrona en­di­rir və sərhədçilərin gözündən yayındırıb aparırdıq. Sərhəd­çilər adamların əşyaları endiriləndə kiminsə düşmək istədi­yinin fər­qinə varırdılar. Yükü endirən həmin bölgədə yaşadığından pas­por­tunu göstərməklə sərhədçiləri çaşdırırdı.

Buna görə ona yazdım ki, Yerevandan bileti Bakıyadək alsın və Bakıya gedəcəyini söyləsin. Mən onu Naxçıvanda vaqondan su içmək, havasını dəyişmək adıyla endirəcək və sərhədçilərin gözündən yayındırıb evə aparacaqdım.

 1983-cü ilin martın 16-da Ellər kəndinə teleqramma vuraraq onun yolunu gözlədiyimi bildirdim. Bir gün sonra cavab gəldi. Aşıq İsgəndər teleqramda martın 17-də qatarla gələcəyini yazırdı.

Qatar Naxçıvandan keçərkən aşığı vaqondan endirib maşına mindirdik. Hər şey planlaşdırdığımız kimi gedirdi. Sazı endirən­də sərhədçilər duyuq düşdülər. Saz sahibini axtarmağa başla­dı­lar. İsgəndərin buxara papağı, xrom çəkməsi onu «ələ verdi». Sərhədçilər onu əlimizdən alıb aparmaq istəyir, biz isə onlara mü­qavimət göstərirdik. Bu zaman dadımıza bir cavan oğlan çat­dı. O, sərhədçilərin aşığı saxlamaq istədiklərini görüb yanı­mı­za gəldi. Vəziyyətin nə yerdə olduğunu öyrəndikdə vəsiqə­si­ni komandirə göstərdi. Ruslar vəsiqəyə baxıb sakitcə uzaqlaş­dı­lar.

 

03

Aşıq İsgəndərə vurulmuş teleqramın cavabı

 

Bizi çətin durumdan qurtaran insanla tanış olduq. Göyçənin Ar­danış kəndində doğulan Yusif Novruzov Azərbaycan Dövlət Uni­ver­­si­tetinin tarix fakültəsini qırmızı diplomla bitirib Şəkiyə müəllim işləməyə gedibmiş. Orada vəzifədə işləyən uzaq tanış­la­rının birnin məs­ləhəti və yardımıyla Dövlət Təhlükə­siz­liyi Komitəsində işə girib. Xidməti işə dair xüsusi kurs bitirdikdən sonra onu Naxçıvana işə göndəriblər. Aşıq musiqisinin vurğunu olan, milli dəyərlərimizə hə­mişə sayqıyla yanaşan Yusif Nov­ru­zov reallıqlarla uyğunlaş­ma­yan qanun və təlimatlarla barışa bilmir, bunu söy­ləməkdən belə çəkinmirdi. Bu xasiyyəti də mühafizəkar mə­­murların xoşuna get­mirdi. Çünki onlar işin ma­hiy­yətinə, iş­çi­nin savad və ağlına deyil, görüntüyə, işçinin mü­ti­li­yinə və məd­dahlı­ğına üstünlük verirdilər. Öz düşüncəsi, öz fik­ri olan insan təhlükəli, etibarsız, bütün göstə­rişləri «Bəli!», «Baş üs­tə!» deyərək qul mütiliyi ilə yerinə yerirən­lər isə ba­ca­rıq­lı işçi kimi qəbul edilirdi. Yəni onların nəzərində peşa­kar təh­lükə­siz­lik işçisi nəinki aşığı sər­həd­çilərin əlindən alıb bu­rax­­malı, əksinə aşığı da, onu dəvət edəni də cəzalandır­ma­lıy­dı. Çox şükür ki, Yusifin bu hərəkə­tindən rəh­bər­­li­yini xə­bə­ri ol­madı. Sonralar da bir sıra işlərdə beləcə dadımıza çatırdı.

Aşıq İsgəndər gördüyüm aşıqlardan istər oxu tərzi, istərsə də bil­diyi şeir və dastanlarla fərqlənirdi. Mən ondan eşitmədiyim das­tan­­ları, şeirləri toplamaq istəyirdim. Dost-tanış da maqaqlı bir aşıq qo­nağım olduğunu eşidib bizə gəlir, onu oxudub qulaq asır­dı­lar. Adə­­tən aşıqlar oxuyanda şabaş verdikcə daha da həvəslənirlər. Aşıq İsgən­dərə dost-tanış şabaş verəndə geri qaytararaq dedi: «Mən ev­­dən çıxan­da deməmişəm toya, sün­nə­tə gedirəm, demişəm qonaq ge­­di­rəm. Burda da məclis apar­mıram, dövran yığam» Bununla məc­lis­­lə­rimiz yoluna düş­dü. O, eşit­mə­di­yi­miz dastan və şeirləri oxuyur, saz hava­la­rını çalırdı. Bizim ona sifa­riş verməyimzə ehtiyac qal­mırdı.

Göyçədə və radio-televiziyada aşıqlardan eşitdiyim saz hava­la­rını Aşıq İsgəndər bilirdi. Onun çaldığı havalar haqqında isə nə mənim, nə tanıdığım folklorçuların və aşıqların bilgisi vardı. Şen­liyin şeirlərinin əksəriyyətini əzbərdən bilən aşıq onu həm də bir bəstəçi kimi tanıdırdı. Aşıq İsgəndərə görə «Çu­xu­rova», «Xoş­da­maq», «Sarı yaylıq», «Otalı qız», «Çalpa­paq», «Dəli hic­ranı», «Kür­doğlu» və s. mahnıların müəllifi Aşıq Şen­lik olub. O, «Kö­şə­başı», «Dərbədəri», «Qəribi», «Nəcəfi», «Do­şan­­quluoğlu şikəstəsi» və b. saz havalarının da olduğunu söy­lə­yir və çalıb oxuyurdu.

 

Proqram hazırlığı

 

Mütəxəssislərin diqqətini çəksin və arxivdə qalsın deyə Nax­­­­çı­van radiosunun fondu üçün Aşıq İsgəndərin ifasında «Das­­­­­tanı» havası üstə Xəstə Hasanın «Ayağı gözdər», «Dər­bə­də­­ri» üstə Abbas Tufarqanlının «Yetişər», «Çalpapaq» havası üs­tə Şenliyin «Dedi», «Atüstü» havası üstə «Yaralı Mahmud» das­­tanından «Ya­ram var mənim»i, televiziya üçün «Şahsevəni» ha­­vası üstə özünün yazdığı «Telli sazım»ı, «Çuxu­ro­ba» havası üs­tə Dəllək Muradın «Elə­mə» ustadna­mə­sini, «Dastanı» havası üs­tə Xəstə Hasanın «Aya­ğı gözdər» qoş­ma­sını, «Müxəmməs» havası üstə Molla Cümənin «Pəri» şeirini oxu­masını planlaş­dır­dıq.

Bundan başqa, aşığın ifasında əvvəllər çalınan, indi unu­dul­maq­da olan, buna görə də aşıqların «Köhnə irfanı» dedikləri hava­nı, «Sum­manı», «Köhnə keşişoğlu» «Çuxurova», «Xoşda­maq», «Sal­ya­nı» hava­larını, Aşıq Əsədin qardaşı Mə­həm­mədin «Bacına», Çor­ru Mə­həm­mədin «Arvad səni kur­sa yazıflar» misrasıyla baş­layan şeirləri və «Şair Kazım» das­tanı incə yu­mo­ruy­la seçildiyinə görə onları da yazdırıb özüm­də saxladım ki, Nax­çıvan radiosunun gə­ləcək veriliş­lə­rin­də və Azərbaycan ra­dio­sunun «Bulaq» proq­ra­mında səsləndirək.

Qəzetdə və televiziyada mənə ikili münasibət vardı. İşçilərin bə­ziləri mənə hörmətlə yanaşır, xatirimi istəyir, fikir birliyinə gələ bi­lirdiksə, bəziləri də məndən xoşu gəlmədiyinə görə im­za­mın mət­buatda görünməsini, radio və televiziyaya veriliş ha­zır­la­mağımı is­tə­mirdi. Buna görə də onlar açıq-aşkar işimə mane olur­dular. İşimə mane olmağa çalışanlardan biri də televiziyanın baş rejissoru, ko­mitə sədri ilə ailəvi yaxın olan Əhməd İma­nov idi. İstəmirdim mə­nə görə Aşıq İsgəndərin səsinin ya­zıl­masına, ek­randa və efirdə ve­ril­məsinə əngəl törət­sinlər. Aşıq İsgəndəri ta­nıyan elə adam da yox idi ki, mən geri çəki­ləm, o qabağa dü­şüb bu işləri görə. Həm də is­təmirdim ki, Aşıq İs­gəndər kimi bir insan kiməsə rüşvət verməklə ek­­­rana, efirə yol tapa. İs­tə­yir­dim o mətbuat işçilərindən razı qayıt­sın.

Televiziyada işləyən, vəziyyətdən yaxşıca xəbərdar olan dost­larla məsləhətləşib evdə bir qonaqlıq təşkil etdim. Buraya tele­vi­ziya komi­təsinin sədrini və saz həvəskarı olan aparıcı işçilərindən də bir neçə­si­ni çağırdım.

Aşıq İsgəndərlə əvvəlcədən hansı havaları çalacağını, hansı mah­nıları oxuyacağını müəyyənləşdirdik. Məclis başladı. Aşıq çay iç­məyə fasilə verəndə mən onun oxuduğu mahnılar haq­qın­da söz deməklə əyləşənlər arasında bir fikir mübadiləsinə yol açdım. Məclis olduqca uğurlu keçdi. Elə oradaca qərara aldıq ki, televiziyada 45 dəqiqəlik, radioda 20 dəqiqəlik veriliş və radionun fondu üçün də yalnız mahnılardan ibarət 45 dəqiqəlik lent hazırlansın. Həmin dövr­də Naxçıvan televiziyasının gündə bir saatlıq efir vaxtı vardı. Demək xəbərlər­dən sonrakı bütün vaxt Aşıq İsgəndərə həsr olunacaqdı.

Verilişlərin ssenarisini mən hazırlasam da mətnin altına ko­mi­tə sədrinin imzasını qoydum ki, işçilər verilişin hazırlan­ma­sı­na həvəslə girişsinlər. Hətta verilişi hazırlayacaq texniki iş­çi­lə­rə araq da aldım. Mənə görə verilişi pozmaq istəyənlər ssena­ri­də komitə sədri Elxan Əliyevin adını görüb çıxılmaz vəziy­yət­də qaldılar. Sadəcə məni veri­lişin aparıcılığından uzaqlaş­dır­dı­lar. Naxçıvan Pedaqoji İnstitu­tun­da müəllim işləyən, hadi­sə­lər­dən xəbərsiz Əsgər Qədimovu dəvət et­di­lər. Əsgər müəllim aşıq və onun yaradıcılığı ilə yaxından tanış ol­ma­sa da mətni oxumaqla verilişi gözəl apardı və bu da məni qane etdi.

Radio və televiziyada işlərimiz yaxşı getdi. Sonralar da bu ve­ri­liş­lə­ri təkrar-təkrar səsləndirdilər. Səhv etmirəmsə Naxçı­va­­­na tə­lə­bə yol­daşı Əqidə Ələkbərovaya qonaq gəlmiş Kamilə Axun­dova ra­dio­da Aşıq İsgəndərin oxumalarını eşidən­dən son­ra onunla ma­raq­lan­mış və gəlib məni tapmışdı. Ata-babası Ab­şe­ronun Saray kən­din­dən olan, Bakıda doğulan, orta və ali mək­tə­bi rusca bitirsə də ana di­lin­də səlis danışan və yazan Ka­mi­lə Axun­dova ilk görüşdən yüksək mə­də­niy­yə­ti və davra­nı­şıyla rəğ­bətimi qazandı. Evimizə gəl­dilər. Aşıq musiqisi ilə bağ­­lı ol­duq­ca cəlbedici söhbətləri məni va­leh etmişdi. Bilmir­dim ona ne­cə kömək edim ki, saz musiqisilə bağlı sanballı bir əsər or­ta­ya qoy­sun. Sakit, təmkinli və təmənnasız, kim­səyə əziy­­yət ver­mə­yi istə­məyən bu gənc xanım, Naxçıvan radiosu üçün ya­zıl­mış lentin su­rə­tini və Aşıq İsgəndərin dəqiq ün­vanını, is­tədi. Özü gedib aşığı ta­pa­ca­ğını və daha genişliyi ilə lentə ala­cağını söy­­lədi.

Aşıq İsgəndər haqqında qəzetə məqaləni mən yazsaydım, onu doğrayıb tökəcəkdilər. Ona görə də qəzetin ədəbiyyat şö­bəsində işləyən Ceyran Nəbiyevadan xahiş etdim ki, Aşıq İsgəndər haq­qın­da məqaləni o yazsın. Ötkəm, sözü sərt deyən, yaradıcılıqda olduq­ca lirik ovqatlı Ceyran xanım əvvəlcə aşığın yaradıcılığıyla yaxın­dan tanış olmadığını bəhanə gətirsə də mənim təkidimi görüb razı­laşdı. Yaxşı bilirdim ki, əri dövlət təhlükəsizliyi komitəsinin Naxçı­van təşkilatında işlədiyindən onun yazılarında zərrəbinlə sətiraltı mənalar axtarmırdılar.

Aşıq İsgəndəri redaksiyaya aparıb Ceyran xanımla tanış et­dim. Aşı­ğı otağına dəvət edərək faktları götürmək istədi. Bir az­dan Cey­ran xanım məni dəhlizə çağıraraq məqaləni yaza bilməyəcəyini söy­lədi. Mən təəccüblə «niyə?» sualını verdikdə təbəssümlə bil­dir­di ki, aşığın dediklərini yaxşı başa düşmür. Əlavə suallar verməyə də uta­nır. Məni bərk gülmək tutdu. Za­rafatla dedim ki, qoy aşıq nə istəyir danışsın sonra mən «tər­cümə» edərəm. Sonra mən aşıgın əvə­zində müxbirin sual­la­rına cavab verdim. Ceyran xanım həmin faktlar əsa­sında Aşıq İs­gəndər haqqında gözəl bir məqalə yazdı.

 

11

Aşıq İsgəndər Ağbabalı və Naxçıvan Pedaqoji İnstitutunun

müəllimi Əsgər Qədimov televiziya verilişində.

 

Aşıq İsgəndər Naxçıvanda qonaq olduğu müddətdə Dövlət Pe­daqoji İnstitutunda müəllim işləyən Məhərrəm Cəfərovla da görüş­dü. Bu görüş onda olduqca xoş təəssürat yaratdı. Mənə yazdığı mək­tublarında həmişə onu da Əsgər müəllimi də hör­mət­lə xatır­la­yır, onlara salamını çatdırmamı xahiş edirdi.

On gündən çox Naxçıvanda müxtəlif ailələrlə, insanlarla tanış olan Aşıq İsgəndəri gələndə yalnız mən qarşılamışdımsa yola sal­mağa gələnlərin sayı 20 nəfərdən çox idi.

Aşıq İsgəndər getdikdən sonra Naxçıvan televiziyasındakı çıxı­şını gö­rənlər, radioda səsini eşidənlər onu öz məclislərinə dəvət etmək üçün müraciət edirdilər. Naxçıvanda yaşamadığını bildikdə təssüf­lə­nir, bir də gəlsə onlara da bildirməyimi xahiş edirdilər.

 

 

Ağbabadan köç

 

Aşıq İsgəndərlə cəmi iki dəfə görüşsək də bu görüşlər bizi elə doğ­malaşdırdı ki, o dünyasını dəyişəndən sonra övladları ilə dost­­lu­ğumuz bu gün də davam edir. Onunla məktublaşmamız isə müx­tə­lif fasilələrlə on ilə yaxın çəkdi. Milli azadlıq hə­rə­katı 1988-ci ildən elə bir vüsət aldı ki, dost-tanışa məktub yaz­ma­ğı, əlaqə sax­la­mağı düşünməyə belə imkan olmadı. Aşıq İs­gən­dər də Ru­siyanın ya­rat­dığı Ermənistan-Azərbaycan qar­şıdur­masının zərər­çə­kən­lərindən bi­ri kimi, min bir zəhmətlə tikdiyi evi-eşiyi qoyub Azərbaycana köç­mə­li oldu. Yazdığı mək­­­tubdan xəbər tutdum ki, Şamxor rayonunda yer­ləşiblər. Ca­vab yol­la­sam da ona əvvəlkilər kimi geniş məktub ya­za bil­mədim.

Səhv etmirəmsə, 1992-ci ildə yazıçı Mövlud Süleymanlı bir aşıq haq­qında telefilmmi, yoxsa böyük bir verilişmi hazırlamaq is­tə­diyini bildirdi. Mən Aşıq İsgəndəri münasib saydım və ad­resini verdim. Bir azdan Mövlud Süleymanlı Aşıq İsgəndərin dün­yasını dəyiş­di­yini bil­dirdi. Sonralar öyrəndim ki, Aşıq İs­gən­dər Gülməm­mə­dov 1991-ci ilin aprelin 24-də dünyasını dəyişib.

1993-cü il hadisələrindən sonra Bakıya köçməli oldum. Aşığın övladları məni tapdılar. Onlar da köçüb Bakıda məskun­laşmışdılar. Mənə həmişə hörmət və sayqı ilə yanaşan bu in­san­larla əlaqə­lə­rimiz genişləndi. Beləcə Aşıq İsgəndərlə baş­la­nan tanışlığım bir nəsillə sə­mimi münasibətlərə çevrildi. Aşığın sə­nətini davam et­dirən oğlu Fax­fur da, qardaşlırı da, hətta İs­gən­dərin qardaşı və qardaşı uşaqları da mənim hörmə­timi sax­la­yırlar.

 

10-15 mart 2003

Çap olunub:  Səmimi insan, gözəl sənətkar, Əzizə Şamil, Əli Şamil. Aşıq İsgəndər Ağbabalı.(Xatirə, məqalə, məktub və sənədlərin işığında). Bakı, «Səda» nəşriyyatı, 2006, səh.9-26

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



[1] təşni-zəbanım-farsca dili susamış

[2] dil-farsca ürək, firaq-ərəbcə ayrılıq, hicran.

[3] abı-həyat(f)-həyat suyu

[4] məlal(ə)- usanma, sıxılma, kədər,qəm

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol