BƏHRUZ KƏNGƏRLİNİN BİR DİLƏKCƏSİ
Sənətşünaslarımız Azərbaycan incəsənətində realist dəzgah boyakarlığının təşəkkülünü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasını Bəhruz Kəngərlinin adı ilə bağlayırlar. Yaradıcılığı çox geniş araşdırılmasa da, peşəkar rəssam kimi tanınmışdır. İlk baxışda onunla bağlı hər şey qaydasındadır: Yaxşı təbliğ olunub, respublikamızda tanınır, əsərləri muzeylərdəqorunur, nümayiş etdirilir və s.
Bir az diqqətlə yanaşanda isə çoxlu boşluqlar olduğunu görürük. Naxçıvan şəhərindəki İmamzadə kompleksi “abadlaşdırılanda” rəssamın qəbri itmişdi. Milli azadlıq hərəkatı başlayanda (1988- ci il) Naxçıvandakı yurdsevərlər Tarix muzeyi yanında fəaliyyət “Yurd” birliyinin ətrafında birləşərək açıq fəaliyyətə keçdilər. Onların xeyriyyəçilik əməllərindən biri də B. Kəngərlinin qəbrinin yerini müəyyənləşdirmək və üzərində anıt ucaltmaq oldu. Birliyin fəal üzvlərindən Asif Kələntərlinin səyi nəticəsində rəssamın qəbrinin yerini bilən qohumu – Sabirlə görüşüldü. Şəhərin başqa yaşlı sakinləri ilə də məsləhətləşmələr aparıldı. Qəbir yeri müəyyənləşdiriləndən sonra işə başlandı. “Yurd” birliyinin üzvləri müəyyən məbləğ pul topladılar. Qəbirüstü anıtın layihəsi hazırlandı. Memarlıq həlli ilə Tofiq Mahmudov məşğul oldu. Heykəltəraş Hüseynqulu Əliyev natural ölçüdə B. Kələntərlinin ayaq üstə dayanaraq palitrasına söykənmiş vəziyyətdə heykəlini hazırladı. Şəhər yaşıllaşdırma idarəsində çalışan İsrafil bəy isə abadlaşdırma işlərini gördü. Birliyin üzvləri beş-on manat pul yığıb, iməciliklərdə iştirak etmişdilərsə, qəbirüstü anıtın yaranması adlarını yuxarıda çəkdiyim üç nəfərin təmənnasız və ağır zəhməti bahasına başa gəldi.
Bəhruz Kəngərli 1892- ci ilin yanvarında Naxçıvanın imkanlı ailələrindən biri olan Şirəlibəyin ailəsində dünyaya gəlmişdir. Rəsmi sənədlərdə adı “Bəhruz” kimi yazılsa da ailədə onu Şamo deyə çağırırdılar.
Zamanın qarışıqlığı gənc sənətkarın yaradıcılığına da, ömrünə də ağır zərbə vurdu. İstedadını, qabiliyyətini tam açıqlaya bilmədi. Tiflisdəki Qafqaz incəsənəti Təşviq Cəmiyyəti yanındakı Boyakarlıq və heykəltəraşlıq məktəbinin son kursunda oxuyanda Birinci Dünya savaşı başladı. Ölkədə rəssama, sənətkara yox, hərbçiyə sayğı göstərildi. Kəngərli nəslindən rus ordusunda xidmət edən çox idi. General rütbəsinə yüksələnlər də vardı. Bəhruz o vaxt gənc idi. İstəsəydi hərbi xidmətə gedər, yüksək rütbə qazanar, çiyninə qotazlı epolet taxardı, şalvarının yanlarına zər bəzəkli zolaqlar tikdirərdi. Ancaq o, sənəti seçdi. Əzab-əziyyətət qatlaşdı. Ömrünü qısaltdı.
Savaşın dolanışığa vurduğu zərbə öz işini görmüşdü. Ölkəni qıtlıq, aclıq, xəstəlik bürümüşdü. Çar taxtdan salındıqdan sonra da Rusiya strateqlə-rinin Qafqaz siyasəti dəyişməmişdi. Onların qızışdırdığı milli ədavət Qafqazı qan içində boğurdu. Kiçik əyalət şəhəri Naxçıvan da döyüş meydanına çevrilmişdi. Rus-erməni yaraqlı dəstələrinin dağıtdığı müsəlman kəndlərindən ölməyib sag qalanlar qaçıb Naxçıvana sığınmışdılar. B. Kəngərli də qaçqınların taleyini kətana köçürürdü.
1920- ci ilin yayında Rus- Sovet ordularının kiçik bir qrupu Naxçıvana daxil oldu. Milli zəmində toqquşmalardan cana doymuş, yurd-yuvasından didərgin düşmüş adamlar bolşeviklərin vədinə aldanaraq, işğalçı orduya müqavimət göstərmədilər, istəsəydilər də, dirəniş halında deyildilər.
Bolşeviklər yeni həyat, yeni quruluş vəd edirdilər. Var-yoxunu itirmiş, müflisləşmiş, müalicəyə ehtiyacı olan gənc rəssamın köməyə böyük ehtiyacı vardı. Belə ağır bir vaxtda onu hətta aldatdılar. Bunu rəssamın 1921- ci ilin iyununda Azərbaycan SSR Hərbi Dəniz Xalq Komissarı Ə. H. Qarayevə yazdığı bir diləkçə aydın göstərir. Naxçıvan Dövlət Arxivində (fond 63, siyahı 3, iş saxlanan, rusca yazılmışhəmin diləkcənin tərcüməsi aşağıdakıdır:
Hərbi-dəniz komissarı Qarayev yoldaşa,
Rəssam Bəhruz Kəngərli tərəfindən
diləkcə
25 dekabr 1920- ci ildə Revkomun sədri Əsgərov yoldaşın təklifi ilə mən öz əsərlərimi lotoreya oyununa buraxmağa razılıq verdim ki, onun satışından gələn gəlirin üçdə birini Naxçıvan uşaq yetimlər evinə, üçdə ikisini isə mənim xeyrimə ayrılsın.
Yoldaş Əsgərovun tələbini yerinə yetirərkən mən həmin tarixdə ona yazılı diləkçə verdim. O, mənim diləkçəmi lotoreya təşkil etmək üçün Qadın dərnəyinə göndərdi.
Həmin ilin yanvarın 7-də Cənnət Talıbzadənin sədrliyi ilə Qadın dərnəyi fövqəladə komissar Vəlibəyovun mənzilində hər birinin qiyməti min manat olan 500 ədəd lotoreya bileti düzəltdi. Betenskayanın möhürü ilə düzəldilən biletlərdə mənim 250 əsərim oynanılırdı. Biletlər sovet müəssisələrinə paylanılırdı, fərdi adamlara isə Naxçıvanda və İrəvanda Talıbzadə özü satırdı. 15 fevralda lotoreyalar oynanılırdı, 21 fevralda isə C. Talıbzadə revkom və sosial təminat qarşısında heç bir hesabat vermədən, həmin tarixli qəbzlə 30 nömrəli təliqə ilə yalnız 168400 manat təhvil verdi, qalan pulların aqibəti haqqında indi də məlumatım yoxdur.
Pulların xəzinəyə keçirilməsi günündən mən bir neçə dəfə Talıbzadəyə yazılı və şifahi şəkildə mənə çatan payın verilməsi haqqında müraciət etmişəm. Talıbzadə nəyə görəsə xəzinəyə keçirdiyi puldan mənə vermək istəmir.
Sonra mayın 1- də C. Talıbzadənin hərəkətləri haqqında ölkə revkomuna diləkçə verdim və xahiş etdim ki, ondan hesabat tələb edilsin və mənə çatacaq pulu versin. Lakin mənim bu cəhdim də nəticəsiz qaldı, Cənnət Talıbzadə isə heç kimin qarşısında hesabat verməyərək 16 iyulda Bakıya getdi.
Yuxarıda dediklərimi bəyan edərək itaətkarlıqla xahiş edirəm Qadın dərnəyinin sədri Talıbzadədən hesabat tələb etmək üçün sərəncam verəsiniz və kasıb rəssamın pullarının verilməsini təmin edəsiniz.
Bununla yanaşı bildirirəm ki, bu gün 18 iyunda mənə revkomun qərarı verilib ki, mən Talıbzadəyə qarşı iddia ilə məhkəməyə müraciət etməliyəm. Xahiş edirəm buna da diqqət yetirəsiniz.
Bəhruz Kəngərli.
Gənc rəssam bol-bol vədlər verən yeni hökumətdən qayğı görməsi, yardım alması bir yana, heç halal zəhmət haqqını da ala bilmədi, müalicə olunmaq əvəzinə, sovet idarələrinə ayaq döydü. Bu əsəbi gərginlik, maddi imkansızlıq onun vəziyyətini daha da pisləşdirdi. 1922 – ci il vefralın 7- də 30 yaşlı Bəhruz Kəngərli Naxçıvan şəhərində gözlərini əbədi yumdu.
Əli Şamil, “Qobustan” gözəl sənətlər toplusu,
1998-ci il, sayı 3, səh.75
|