Ziləli Azərbaycanlılar

ZİLƏLİ AZƏRBAYCANLILAR

  Zilə Türkiyədə bir kəndin adıdır. Bir az böyük olduğundan qəsəbə deyirlər. Anadolunun mərkəzində — Kayseri şəhərinin 60-70 kilometrliyində yerləşir. İnzibati bölgüdə Dəvəli ilçəsinə (təxminən bizdə rayon statusuna uyğun gəlir) daxil edilmiş Zilə kəndi dağ döşündə yerləşir. Əkin sahələri, bağlar kənarda olduğundan kənddə yaşıllıq çox azdır. Bir-birinə sıx tikilmiş evlərin bir çoxu uçulduğundan (sahibləri güzəran dalınca ya böyük şəhərlərə, ya da xaricə işləməyə getmişdir) miskin təsiri bağışlayır.
 
Kəndin yaxınlığında yaşıllıqlar qoynunda mineral bulaqlar qaynayır. Orada hovuzlar düzəldiblər. Adamlar uzaq yerlərdən də buraya gəlib çadır qurub qalır. Hovuzda çimərək özlərini müalicə ediblər. Heç bir həkim-müayinə məntəqəsi yoxdur. Amma səliqə-sahmanlı restorana  söz ola bilməz. Hovuzlara toplanan sudan həm də əkin sahələrini suvarırlar.
  Bir təsadüf nəticəsində yolumuz Zilə kəndinə düşmüşdü. Kayseri şəhərinin başı üzərində ucalan Ərçiyəs dağının Təkur  yaylasında Millətçi Çalışma Partiyasının təşəbbüsü ilə türk xalqlarının Üçüncü Zəfər qurultayı keçirilirdi. Qurultay keçiriləcək yaylarda əvvəlcədən xeyli iş görülmüşdü. Mərkəzdə Başbu üçün – yəni Millətçi Çalışma Partiyasının sədri Alparsan Türkeş üçün çadır qurulmuşdu. Onun çadırının sağında və solunda türk elləri – tayfalarının çadırları qurulmuşdu. Burada qazax ellərinin də, əfşarların da, türkmənlərin də çadırına rast gəlmək olardı.
   Qurultay bizim şahidi olduğumuz mitinq-gəzintiyə və xaricdən daha çox oxşayırdı. Ölkənin müxtəlif guşələrindən və xaricdən on minlərlə uşaq-böyük, qadın-kişi buraya toplanmışdı. Bu gur insan toplantısında adamlar bir-birindən uzaqlaşanda tapılmaq üçün əziyyət çəkdikləri halda Naxçıvandan tanış olduğum Turqut bəy bizi çox asan tapdı. Təkidlə AXC Naxçıvan MR bölgəsinin sədri Arif Rəhimoğlu ilə məni Dəvəli elinin çadırına dəvət etdi. Qurultaya başa çatanda sonra da maşına əyləşdirib doğulub boya-başa çatdığı Zilə kəndinə apardı. (Turqut bəy uzun müddət Avstraliyada yaşayıb. Bir neçə ildi vətənə dönüb. Ankarada yaşayır və işləyir.) Dəvəli eli XIX yüzillikdə yaşamış məşhur aşıq Seyranın vətəni olduğu üçün getmək-görmək, adamlarla söhbət etmək mənim daha çox ürəyimdən idi.
  
Zilə qəsəbəsində bizim Azərbaycandan gəldiyimizi bilən kimi söhbətin mövzusu dəyişdi. Xatirələr dilə gəldi. Kəndin mərkəzindəki kiçik dükanda işləyən 30-35 yaşlı ortaboylu bir gənci də çağırdılar. Vaxtilə atasının Azərbaycandan gəldiyini söylədilər. Məlum oldu ki, bu kənddə 1980-ci illərin ortalarınadək 4 nəfər azərbaycanlı yaşayırmış. Ömürlərinin sonunadək vətənə dönmək, qohum-əqrəbaları ilə görüşmək istəyən həmyerlilərimizin heç biri arzusuna çata bilməyib dünyalarını dəyişiblər. Çox çalışıb əlləşsələr də SSRİ-nin rəsmi dairələrindən Azərbaycana getməyə viza ala bilməyiblər.
  Ziləli azərbaycanlılar haqqında bizə ən geniş məlumatı (həmyerlilərimizin oğul-uşağından da ətraflı) qəsəbənin Cami Kəmir məhəlləsinin muxtarı Əli Özdəmir verdi.
    Əli Özdəmirin dediyinə görə ikinci Dünya Savaşında Almaniya orduları tərəfindən əsir alınan həmyerlilərimiz sonradan Türkiyəyə gəlmiş, burada yaşamış, ailə qurmuş, oğul-uşaq sahibi olmuşlar. Onlardan yalnız Vəli oğlu Qulunun Almaniyadakı arvadından iki uşağı varmış. Bir bizə nar ağacının qarşısında şəkil çəkdirmiş iki qızın fotosunu göstərdilər. Dedilər ki, bunlar da Vəli oğlu Qulunun nəvələridir. şəkilin arxasında  nə ad, nə də ünvan vardı.
   Qəribə burasıdır ki, Ziləyə gələn həmyerlilərimiz Türkiyənin qaydalarına uyğun özlərinə familiya-soyadı götürəndə də görünür çox ölçüb-biçiblər. Məsələn, Alimət oğlu Musa özünə Gəlməli Familiyasını götürüb. Qulu isə Cığatay.
   Zilədə yaşamış həmyerlilərimizin ikisinin də adı və soy adı belə qeyd edilib. Aslan oğlu Nüsrəddin Boylu. Qəni oğlu Atabalbay.
  Kənd sakinlərinin dediyinə  görə Ziləli azərbaycanlılardan yalnız Qəni oğlu Atabalbayın oğlu Fərrux atasının vətəninə gedib. O da hazırda İstanbulda yaşadığından – Kadıköy mühürdar Caddəsində kunduraçılıq yapdığından görüşə  bilmədik. Alimət oğlu Musa gəlməlinin oğlu isə bacısına zəng vuraraq: — “Biz necə insanlarıq, heyvandan fərqimiz nə?! Babamızın kimliyini, hansı göydən olduğunu da bilmirik” – deyə əsib-coşduqdan sonra oğlunu evə göndərdi. Bir azdan sevincək gəldi. Əlində balaca bir cib dəftərcəsi vardı. Latın əlifbası ilə yazılmış Quba nahiyəsi, Qusar kəndi. Söhbət zamanı ləzgiyə olduğunu da dedilər.
   Ziləli həmyerlilərimizə dünyanın dəyişdiyini görmək. Türkiyə ilə Azərbaycan arasında sərhədlərin sadələşdirilmiş gedişindən istifadə etmək müyəssər olmadı. Onların oğul-uşaqlarının adlarını yazıram ki, bəlkə gözü yolda qalan qohumları var. Qoy xəbər tutub əlaqə saxlasınlar. Atabalbayın üç övladı (Fərrux, Canı və Yaşar), Musa Alimət oğlunun üç övladı (Yauz, Erdoğan və Doğan), Nüsrət, Əhməd Boylunun iki övladı (Mehmed və Atilla) var.
   Söhbət zamanı bir nəfər Musanın oğluna tənə etdi ki, niyə ata-babasını yaxşı tanımır. O isə: “Məgər sən tanıyırsan?” – deyə soruşdu. Müsahibi fəxrlə: “Əlbəttə tanıyıram” dedi. Bizimkilər də 200-250 il öncə Azərbaycandan – Qobudan gəliblər. Öyrənirəm ki, söhbətə qoşulan Əhməd Erqılıq adlı ağsaqqalın soyadı Qobu oğullarıdır.
 Zilədən ayrılandan hərə bir söz deyirdi. Sonradan diktofona qulaq asanda: “Sizə bir şey olduqda bizə olurmuş kibiyiz.” “Yerimizdə dura bilməyiriz.” “Sizi dəstəkləyiriz.” “Azərbaycana salamlar, sabahlar.” – səslərini eşidirəm. Bu yarımçıq cümlələr ziləlilərin  Azərbaycana münasibətini aydın əks etdirir. 

                  Əli Şamilov

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol