GÖRÜŞLƏRİM VƏ SÖHBƏTLƏRİM :
– HƏMİD NÜTQİ
Dilimizdə “yerin də qulağı var” deyimi işlədilir. Bu, “baş verən olayı danışılan sözü, yazılan fikri gizlətmək olmaz, mütləq yayılacaq” anlamındadır. Sovetlər Birliyi öz sınırlarına “dəmir pərdələr” çəksə də, ölkəni qapalı bir durumda saxlamağa çalışsa da, mümkün olmurdu. Qatarla Naxçıvandan Bakıya gəlib-gedənə əskərlər qatarın pəncərəsindən Arazın o tayına baxmağı yasaqlasalar da, orada nələr baş verdiyindən az-çox xəbər tuturduq. O tayda yaşayan soydaşlarımızın üzünü görməsək də, bə’ziləri haqqında xeyli bilgimiz vardı. Şəklini gördüyümüz, səsini eşitdiyimiz insanlarla üz-üzə gələndə, danışıqlarını eşidəndə doğmalarımız kimi qarşlayırdıq. Məhəmmədhüseyn Şəhriyarın, Bulud Qaraçorlunun (Səhənd), Həbib Sahirin, Cavad Həyətin, Həmid Nütqinin, Hüseyn Məmmədzadənin və b. adı, yaradıcılığı bu tayda populyar idi.
Sərhədlərdəki tikanlı məftillər söküləndən, qanunlu-qanunsuz gediş-gəliş başlayandan sonra bilgilərimiz daha da artdı. Sonralar çoxlarının istehza hədəfinə çevrilən “saqqız, möhür, təsbeh” gətirməklə yanaşı, ədəbiyyata, elmə, incəsənətə dair bilgilər də gətirilirdi. Bu elə-belə, kor-koruna deyildi. Xalq Cəbhəsinin Naxçıvan təşkilatı o taya gedən hər bir üzvünə bilgi toplamağı tapşırırdı. O taydan gələnlər də söhbətə tutulur, öyrənilirdi. Saf-çürük edildikdən sonra toplanmış mə’lumatlar Xalq Cəhbəsinin salonunda təşkil edilən toplantılarda dinləyicilərə çatdırılırdı. Bə’zən bu toplantı mə’ruzəçiləri 14-18 yaşlı yeniyetmələr də olurdu. Onlar görlüklərini-eşitdiklərini, bəzəksiz-düzəksiz, daxili senzuradan keçirmədən danırşırdılar.
Tikanlı məftillər söküləndən 20 gün sonra Naxçıvanın Sovetlər Birliyindən çıxıb müstəqil Naxçıvan Respulikası yaratdığını dünyaya bildirəcək nümayəndə heyətinin tərkibində sərhəd pozucusu kimi mən də o taya getməli oldum. Təxminən bir həftəlik səfər zamanı İranın xüsusi xidmət orqanları bizə adamlara sərbəst görüşməyə mane oldular.
Bundan düz düz on ay sonra ikinci dəfə 1990-cı ilin noyabrında Təbrizə getdim.
Yenə də qanunu pozmuşdum. Mənə verilmiş sənədə əsasən Araz çayı boyu, yəni sərhəd boyu 45 kilometrlik məsafədə sərbəst gəzə bilərdim.Hamı kimi, mən də buna əməl etməyib Arazdan 150 kilometr aralıda yerləşən Təbrizdə əyləşmişdim. Bu dəfə mənə nə xüsusi xidmət idarələrinin, nə də mülki idarələrin mə’murları mane ola bilirdilər. Adamlarla rahat görüşür, toplantılarda iştirak edir, çayxanalarda şe’r məclislərinə qulaq asırdım.
Yalnız hoteldə qalmaq hüququndan məhrum idim. Hotelə gedib orada qalmaq istədiyimizi bildirəndə hökumət mə’murları sərhəd rejimini pozduğumuzdan xəbər tutub bizi zorla Culfaya qaytarar və geri göndərərdilər. O vaxt sərhədi keçməyə icazə versələr də, pul dəyişmirdilər. Sərhədi keçən şəxsin 10-15 gündə necə yaşayacığı nə İranı, nə də SSRİ mə’murlarını düşündürürdü. Onlar bilərəkdən belə əngəl yaratmışdılar. Gediş-gəlişin az olmasını istəyirdilər. Amma hər şey tərsinə idi. Pul dəyişilməsə də, o taya getmək üçün aylarla növbə gözləmək lazım gəlirdi.
1991-ci ilin qışında üçüncü dəfə Arazdan 45 kilometrlik məsafədə sərbəst gəzməyə icazə verən sənədlə o taya keçdim. Bu dəfə 150 kilometrlik məsafədəki Təbrizdə belə duruş gətirmədim. Üz tutdum ölkənin paytaxtı Tehrana (Qanunlar xalqın istəyincə olmayanda onun poozulmasına hamı şərait yaradır. Bə’zən yollarda qoyulmuş yoxlama məntəqələrindəki əsgər və zabitlər də üstünü vurmudular). Tehranda olarkən ziyalılarla görüşdük. Qəzet, jurnal redaksiyalarında olduq. Universitetdə tələbə toplantılarında iştirak etdik. “Varlıq” dərgisində Cavad Hey’ətlə xeyli söhbət etdik. (Bu da ayrıca bir yazının mövzusudur). Uzaqdan-uzağa tanıyıb sevdiyimiz şəxslərdən Həmid Nütqi ilə görüşə bilmədim. Həmid Nütqi həmin ilin yayında Böyük Britaniyada yaşayan oğlunun yanına getmişdi. Qayıtmamışdı. Həmişə olduğu kimi, yenə də o taydan xeyli qəzet, jurnal, şəkil, şer və s. ilə geri döndüm. Gətirdiyim materiallar əsasında televiziya və radioda verilişlər hazırlayır, qəzetlərə məqalələr yazır, görüşlərdə, toplantılarda çıxışlar edirdim. Biz sözlə, 70 illik ayrılığın doğurduğu boşluğu aradan qaldırmaq üçün əlimizdən gələni əsirgəmirdik.
…1992-ci ilin sentyabrında Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının açıq havada çayxanada təşkil etdiyi növbəti lektoriya Həmid Nütqiyə həsr edilmişdi. H.Nütqinin şe’rlərini oxumaq, elmi yaradıcılığı haqqında bilgi verməklə yanaşı, şəkillərini, “Varlıq” dərgisinin müxtəlif nömlərini, qəzetləri və s. göstərirdik. Heç bilmirdik ki, bir həftə sonra H. Nütqinin özü ilə görüşəcəyik.
Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının həmin günlərdə yerləşdiyi binanın həyətində səliqə-səhmanlı bir bağça vardı. Havalar xoş olanda çayxana həyətdəki bağçaya köçürdü. Rəsmi yığıncaqlardan başqa bütün görüşlər, toplantılar burada keçirilirdi. Bə’zən bu tədbirlərdə 100-200 nəfər iştirak edirdi. Həmin gün çayxanada hər hansısa bir tədbirin keçirilməsini nəzərdə tutmamışdıq. Axşam- üstü olduğundan adamlar yavaş-yavaş toplaşırdılar. Burada maraqlı toplantıların iştirakçısı olduqlarından, son mə’lumatları eşitdiklərindən heç bir tədbir olmasa da, əyləşib çay içməyə, söhbətləşməyə gəlirdilər. Həmin gün də adi günlərdən biri olacaqdı.
Cəbhəçilərdən birinin həyət qapısından: “Əli müəllim, nə muştuluq verəcəksən?”—hayqırtısı həyətdəkilərin hamısının diqqətini özünə çəkdi. Onun gövdəsi qapını tam tutduğundan arxasında kimin dayandığını, küçədə kimlərin olduğunu görə bilmirdik. Lektoriyaları adətən mən təşkil etdiyimdən qonaq gəldiyini anladım. Durub qapıya doğru getdim.
—Gəlin içəri. Bir qonaqlıq verəcəm,—deyə zarafatla cavab verdim. Qapıda dayanan məsləkdaşımız yana çəkiləndə pilləkənlərin başında Həmid Nütqini gördüm. Heyrətimdən özümü saxlaya bilməyib: “Həmid Nütqi?!”—dedim. Mənim səsim həyətdəkilərin hamısının diqqətini çəkdi. Çayxanadakılar çaylarını yarıda qoyub qapıya doğru axışdı (Apardığımız təbliğat öz işini görmüşdü. Körpü tikintisində çalışan cəbhəçilər H.Nütqini görən kimi tanımış, onu Xalq Cəbhəsinin qərargahına gətirmişdilər).
Çıxılmaz vəziyyətdə qalmışdım. Bilmirdim gövdəsilə qapını kəsib qonağı arxada saxlamış cəbhəçini danlayım, yoxsa Həmid Nütqi kimi bir şəxsi gətirənə təşəkkürümü bildirim. Ani bir çaşqınlıqdan sonra hamımız H.Nütqi ilə görüşdük. Bir də H.Nütqinin lektoriyada həmişə çıxışçının əyləşdiyi yerdə oturdulduğunu görəndə “ayıldım”. Həmişə hazır olan mikrofon da açılmışdı. Bir toplantını başlamaq qalırdı. Qonağın qarşısına çaydan öncə mikrofon qoyulmuşdu. Həyətdəkilərin hamısı səbirsizliklə onu gözləyirdi. Çayxanada yerlərin dolu olması, çoxunun ayaq üstə qalması məni təəcübləndirmədi. Belə hallar burada tez-tez olurdu. Adamlar çox qısa bir zamanda toplaşırdılar.
Toplantını açıq e’lan edərək. H.Nütqiyə xoşgəldin dedim. Sonra da onun haqqında qısa bilgi verdim. Söz H.Nütqinin idi. Dünyanın hər üzünü görmüş nurani qoca susurdu. Hamı onun dolduğunu hiss edirdi:
“İnanmazdım ki, məni Naxçıvan kimi ucqar bir şəhərdə belə tanıyacaq və bu qızğınlıqla qarşılayacaqlar. Bilsəm ki, Təbrizdə də belə qarşılayacaq və sonra da asacaqlar, elə bu gün gedərdim oraya!”—dedi. Qəhər onu boğurdu. Həyəcanından səsi titrəyirdi. Vəziyyətin belə alındığını gördükdə toplantını yarıda saxlayıb onu ikinci mərtəbədəki Xalq Cəbhəsi sədrinin otağına qaldırdıq. İçəriyə də heç kimi buraxmamağa çalışdıq. Uşaqlar otağa bir çaydan çay gətirdilər. H.Nütqi bir stəkan çay içəndən sonra Bakıya gedəcəyini söylədi. Xörək hazırlatsaq da, yemədi. Tələsdiyini bildirdi. Yenə həyətə endi. Onu gözləyənlərin sayı daha da artmışdı. Çıxış edə bilməyəcəyini söylədi. Üzrxahlıq etdi. Hər birimizlə yenidən görüşdü.
Sərhədçilərin çək-çevirə salmaması, Bakıda rahat yerləşdirilməsi üçün cəbhəçilərdən iki nəfəri ona qoşduq. Onu küçədən yola salmaq istəyəndə “Juqili”də əyləşmiş qadını hördüm. Utandığımdan tez geri döndüm. Biz Həmid bəylə görüşüb, söhbət edib, çay içdiyimiz zaman xanımının Naxçıvanın qızmar günəşi altında maşında saxladığımıza görə xəcalət çəkdim. Həmid bəy də deyəsən hər şeyi unutduğundan bu barədə bir söz deməmişdi.
Sonrakı görüşümüzdə Aytən xanım gəlişlərini belə xatırlayırdı.
—Dilucu məntəqəsində türk sərhədçiləri bizim keçməmizin mümkün olmayacağını söylədilər. Türklər sərbəst gedib-gəlirdilər. Biz isə Böyük Britaniyada yaşadığımıza görə türkiyəlilərin istifadə etdikləri imtiyazlardan istifadə edə bilməzdik. Həmid bəy Türk sərhədçiləri ilə danışır, yollar arayırdı. Türk sərhədçiləri isə deyirdilər:… “Biz sizlərin o taya keçmənizə izin versək də oradan ruslar geri qaytaracaqlar”.
Bu zaman iki-üç nəfər bizə yaxınlaşıb görüşdülər. Onlar Həmid bəyə adı ilə müraciət etdilər. Geyimlərindən körpü tikintisində çalışanlar olduğu bilinirdi. Avropa işçilərinin əksinə olaraq, üst-başları da səliqəli deyildi. Tozlu-torpaqlı paltarları ilə Həmid bəyi qucaqladılar. Sonra da çox ərkyana türk sərhədçilərini bizi saxladıqlarına görə tə’nə etdilər. Sərhədçilər onlara vəziyyəti izah etməyə çalışanda gülərək “Siz icazə verin, ruslarla işiniz olmasın. Onlar bizim boynumuza!”—dedilər. Beləliklə, bizi Arazın bu tayına keçirdilər. Ruslar sənədlərimizi görəndən sonra bizi geri qaytarmaq istədilər. Bizi gətirən cavanlar bir hay-haray saldılar, gəl görəsən. Orada olan tikinti işçiləri də, sərhədi keçmək istəyənlər də işlərini atıb sərhədçilərin üstünə cumdular. Mən qarışıqlıq yaranacağından dava-qalmaqal düşəcəyindən, silahlı hərbçilər qarşısında əliyalın adamların çıxılmaz vəziyyətə düşəcəyindən çəkinirdim. Amma tərsinə oldu. Silahsızlar az qalırdı silahlıları döysün, salihlarını alsınlar. Sərhədçilər bizi buraxmaq məcburiyyətində qaldılar.
Elə ilk sürücüyə Həmid Nütqinin gəldiyini söyləyən kimi bizi səmimiyyət və böyük məhəbbətlə maşınına götürdü. Biz əyləşdiyimiz maşından başqa bir neçə maşın da bizi müşayiət edirdi. Yolda maşınları saxlayıb qarpız aldılar. Qarpızı elə oradaca kəsib Həmid bəyə və mənə yeməyə verdilər. Qarpızı yumasalar da, əlləri, üst-başları tozlu olsa da, biz ona fikir vermirdik. Onlar elə ürəkdən, elə həvəslə təklif edirdilər ki, yeməmək mümkün deyildi.
Bu olaydan bir neçə il sonra Ankarada Türliyə radisounun Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylının evində qonaq idik. Söz-sözü çəkdi. Həmid Nütqinin Azərbaycana ilk gəlişindən söz düşəndə Seyfəddin bəy mənalı-mənalı güldü. Gülüşünün səbəbini təkid etdikdə gedib 1992-ci ildə H.Nütqinin ona yazmış olduğu bir məktubunu gətirdi. Həmid bəy səfərinin uğurlu keçdiyini yazır, məsləhətlərinə görə ona təşəkkürünü bildirirdi. Söhbətdən onu Azərbaycana gəlməyə həvəsləndirən Seyfəddin bəyin olduğunu öyrəndik. Seyfəddin bəy Həmid Nütqiyə keçəcəyi yollar və qarşılaşacağı əngəllər haqda məlumat verib, məsləhət görüb ki, rus sərhədçilərindən, DTK məmurlarından, polisdən yaxa qurtarması üçün mütləq Xalq Cəbhəsi üzvləri ilə görüşsün. Onlara Naxçıvanda Xalq Cəbhəsinin rəhbərləindən Arif Rəhimoğlunu, Əli Şamilovu görmək istədiyini söyləsin. Hətta Bakıda da Mövlud Süleymanlı ilə görüşməyin vacib olduğunu söyləyib, onların ünvanlarını verib.
…H.Nütqi təxminən 20-25 gün sonra Bakıdan Naxçıvana döndü. Yenə tələsirdi. Görüşüb ətraflı söhbət edə bilmədik. Onu tələsik Sədərək keçid məntəqəsinə çatdırmağa çalışdıq. Həmin gün Sədərəkdən Dilucuya - Türkiyəyə son keçən Həmid Nütqi və xamını Aytən oldu.
1993-cü ildə Tehranda olanda C.Heyət H.Nütqinin xəstəliyinin şiddətləndiyini (o vaxta qədər H.Nütqinin xəstə olduğunu bilmirdim) yeriyə bilmədiyini, əl arabasında gəzdiyini söylədi. Elə oradan telefon vasitəsilə hal-əhval tutduq.
1996-cı ilin noyabrında telefonda Həmid bəyin səsini eşidəndə təəcübləndim. Zəng səsindən H.Nütqinin Bakıdan danışdığını bildim. Həmin günlər də Bakıda M.Füzulinin 500 illiyi münasibətilə yubiley tədbiri və türk yazıçı və şairlərinin toplantısı keçiriləcəyindən xəbərdardım. Dünyanın hər yerindən qonaqlar gələcəyini də bilirdim. H.Nütqinin gələcəyinə isə ümidim yox idi.
Amma o gəlmişdi. Yeriyə bilməsə də, gəlmişdi. Əl arabasını Aytən xanım və oğlu sürürdü. “Azərbaycan” hotelində ona yer ayırmışdılar.
Qonaqların əksəriyyəti şəhəri gəzməyə, dost-tanışının evinə görüşməyə getmişdi. H.Nütqinin tək qalması məni sıxdı. Onu evə qonaq aparmaq istərdiyimizi söylədik. E’tiraz etmədi. Evə gətirdik. Dostum Məmməd Abdullayevin evinə gətirdik. Evi 6-cı mərtəbədəydi. Liftə də əl arabası yerləşmirdi. Çətinliklə də olsa, qaldırdıq. Biz narahat olanda H.Nütqi incə yumoru ilə bizi güldürür, xoş əhval-ruhiyyə yaradırdı. Həkimlərin tapşığırına ciddi əməl edir, pəhriz saxlayırdı. Gecə hotelə gec qayıtdıq. Onu evə də’vət etdiyimizə görə narahatdım. H.Nütqi isə çox şən əhval-ruhiyyədə idi.
Sonrakı günlərdə axşamlar biz onun olduğu otağa toplaşırdıq. İstəmirdik darıxsın. Həmin günlərdə H. Nütqiyə bir yubiley - anadan olmasının 75 illiyi də təşkil edildi.
Axşamlar hoteldə H.Nütqinin otağına toplaşında məxtəlif suallar verir, cavablarını diktafonla yazırdım. Onun danışığı olduqca şirin, canlı, bədiidir. Söhbətləri əsasında qəzet-jurnallar üçün müsahibə hazırlayanda gördüm çox çətinlik çəkirəm. Müsahibəni yazıya köçürəndə H.Nütqinin danışığındakı şirinlikdən əsər-əlmət qalmır. Danışığını olduğu kimi saxlayanda isə yazı üslubu pozulur, cümlələr anlaşılmaz alınırdı. Qəzet və jurnallar üçün müsahibə hazırlamaqdan vaz keçib Azərbaycan radiosunun xarici verilişlər redaksiyası üçün bir veriliş hazırladım. Güney Azərbaycan üçün hazırlanmış, efirdə “Tanıdığım adamlar” rubrikasında səslənmiş veriliş, deyəsən, pis alınmamışdı. Elə ona görə də radionun fondu üçün saxladılar.
1997-ci il iyunun önlərində Türkiyənin Çanaqqala şəhərindəki On səkkiz mart Universitetinin “Ədəbiyyatların qarşılıqlı əlaqəsi” mövzusunda təşkil etdiyi uluslararası elmi simpoziumu başa vuran kimi Ankaraya tələsdim. H.Nütqinin buraya gələcəyindən xəbərdardım. Atatürk Kültür Mərkəzi onu xidmətlərinə görə mükafatlandaracaqdı (Prof. Kamil Vəli Nərimanoğlu də mükafatçılar sırasında idi).
H.Nütqi “Öyrətmən evi”ndə qalırdı. Hər gün başına toplaşar, söhbətlərinə qulaq asardıq. Bə’zən ətrafdakılar da onun söhbətlərinə qulaq asmaq üçün icazə istəyirdilər. H.Nütqinin heç adını eşitməyən, tanımayan adamlar da 10-15 dəqiqə sonra onun söhbətinin sehrindən çıxa bilmirdilər.
Onunla 1997-ci il dekabrın 1-dək—5-dək Bakıda keçirilən uluslararası “Kitabi-Dədə Qorqud”—1300” simpoziumunda da 10 günə yaxın birlikdə olduq. (Bu ayrıca bir yazının mövzusudur).
H.Nütqiyə verdiyim suallarda oxucu üçün də maraqlı cavabları olduğunu nəzərə alaraq, 1996-cı ildə Bakıda və 1997-ci ildə Ankarada etdiyi söhbətlər əsasında aşağıdakı müsahibəni hazırladım. Müsahibəni bir qədər yazı qaydalarımıza uyğunlaşdırdığımıza görə H. Nütqinin danışığı öz gözəlliyini itirdi. Ancaq ədəbiyyatımız üçün əhəmiyyətli olacağını nəzərə alıb onu yazıya köçürməyi lazım bildim.
SÖHBƏTLƏRİM
Ə.Hüseynoğlu:—Həmid bəy, miladi təqvimi ilə 1920-ci il sentyabr ayının 11-də Təbriz şəhərində anadan olduğunuzdan, orada “Rüşdiy”, “Firdovsi” adlı məktəblərdə oxuduğunuzdan, sonra Tehran Universitetinin hüquq fakültəsini bitirdiyinizdən xəbərdarıq. Bu saydıqlarım quru tərcümeyi-haldır. Siz özünüz uşaqlıq və gəncliyinizi necə xatırlayırsınız?
H. Nütqi:—İnsan yaşadıqca xatirələri çoxalır. Yaşlaşmağın bir xüsusiyyəti var. Dünən nə yediyinizi unudursunuz. Amma 60 il əvvəl olanlara cüziyyəti ilə şərh verirsiniz. Bəlkə şərhin bir miqdarı hafizənin xəyalla qurduğu bir qurğudur. Adam bunu özünə keçmiş xatirəsi olaraq qəbul edər. Bu həqiqətdən də o qədər uzaq olmaz. Bu xəyallar həqiqət üstündə qurulmuşdur. Kökü həqiqətdədir.
—Mən Təbrizdə anadan olmuşam. Təbrizi çox sevirəm. Niyə sevirsən?—deyənə deyərəm:— “Hissi şeylərin, duyğusal şeylərin cavabı yoxdur”. Bunu soruşan adamın özü əcayib adamdır. İnsan anasını sevər. Amma onu izah edə bilməz niyə sevir!
Təbrizin hər məhəlləsində, hər küçəsində bir xatirəm yatır. Yaxşıdan, pisdən. Acı xatirə də get-gedə acılığını itirər, munisləşər, zarafata dönər. Atam aptekçiydi. Evimizin əndurini və büruni üsulunda iki həyəti, geniş zirzəmisi vardı. O zaman dərmanlar indiki kimi hazır gəlmirdi. Zirzəmimizdə bizim gözlərimiz qarşısında, bə’zən iştirakımızla hazırlanardı. Ailəmiz böyük idi. 8 uşaqdıq. İqtisadi zərbələr, bacılarımın ərə getməsi, böyük evdən əl çəkməmiz eyni vaxta düşdü. Ev kiçildi. Kiçik evi də sevdim. Evimiz əvvəlki tək böyük qalsaydı, güzəranımız həmişə yaxşı keçsəydi, indi deməyə sözüm qalmazdı.
Astaraya köçdük. Atam orada aptek açmışdı. Orada bir il qaldıq. Astara mənim şe’rlərimin ilham mənbəyi oldu. Ora köçənədək çox böyük su görməmişdim. Gördüyüm ən böyük su Təbrizdəki eni-uzunu 100 metr olan Şah gölüydü. Astaranın isə bir tərəfi ucu-bucağı görünməyən Xəzər dənizi o biri tərəfi isə dağlar və sıx ormanlarla əhatə olunmuşdu. Ormanlardakı rəngbərəng quşlar, onların səsi, dənizdəki cürbəcür balıqlar mənə elə güclü tə’sir etdi ki, bu gün yazdığım şe’rlərdəki təbiət lövhələri həmin illərdən gəlmədir.
Ailəmiz elmə-təhsilə maraqlı idi. Onları iki yerə bölmək olardı. Sırf elmə maraq göstərənlər, ədəbiyyata maraq göstərənlər. Mən ikincilərdən idim. Orta məktəbdə oxuyanda həmişə sinifdə birinci olsam da, ədəbiyyata marağımı da azaltmırdım. İstəyimlə hüquq fakültəsinə qəbul oldum. Oranı bitirdikdən sonra İstanbula gedib orada hüquq sahəsində doktorluq müdafiə etdim.
Ə. Hüseynoğlu:—Həmid bəy, siz İstanbulda doktorluq dissertasiyasını 1948-ci ildə müdafiə edibsiniz. Həmin vaxtadək ədəbi fəaliyyətlə də məşğul olubsunuz. Xahiş edirəm, bu fəaliyyətə necə başladığınızdan söhbət açasınız.
H.Nütqi:—Məktəbdə oxuduğum illərdə kitabımızda dərsliyə düşən şairin bir şeiri olurdusa, mən həmin şairin 20-30 şeirini oxuyub özüm mühakimə yürütmək istəyirdim. 7-ci sinifdə oxuyanda 1935-ci ildə Təbrizdə farsca çıxan “Şahin” qəzetində ilk şe’rim çap olundu. Redaktor şeirimin əvvəlinə bir neçə sətir xoş söz də yazmışdı. Bu məni daha da həvəsləndirdi. “Firdovsi” mədrəsəsində oxuyanda Həbib Sabir bizə coğrafiyadan dərs deyirdi. Şeirə həvəs göstərməyimdə görünür onun da təsiri olub. İstər Tehranda hüquq fakültəsində oxuyanda, istər İstanbulda doktorluq yazanda şe’rdən uzaqlaşmadım.
İstanbul mənim gözlərim qarşısında yeni dünya açdı. Tehranda adı çəkilməyən şairlərin əsərlərini oxudum, sağ olanlarla şəxsən tanış oldum. Deyərsiniz Tehranda adı çəkilməyən kimlər idi. Məsələn, onlardan biri Məhəmməd Füzuli. İstanbulda günün bir yarısını hüquq oxuyurdumsa, o biri yarısını ədəbiyyat oxuyurdum. Məsələn, mən icazəsiz qapını açıb Xalidə Ədibdən istədiyimi soruşardım. Ən çox Osmanlı ədəbiyyatı fənnindən dərs deyən Əli Nihat Tərlanla danışıb söhbətləşərdim. O, mənə oxumağa çoxlu kitablar verərdi. Onun ədəbiyyata bir baxışı vardı. Mən onun zidd tərəfini tapdım. Əbdülbaği Gölpınarlının ədəbiyyata baxışı Əli Nihat Tərlandan tamam fərqliydi. Bəlkə də deyərdim, onun əksi idi.
Ədəbiyyatçı Heydərbəy Diriöz Ayasofiyanın müdirliyini yapardı. Oranın zirzəmisində zəngin kitabxana vardı. Çoxlarını ora buraxmazdılar. Amma mən o kitabxanadan həmişə istifadə edərdim. H.Diriözlə bərabər gəzərdik. Bu şəkildə ədəbiyyat oldu mənim bir tərəfim. 1948-ci ildə İstanbulda Ə.Cəfəroğlunu tanıdım. Bacımın xocasıydı. Sadiq Aranı tanıdım, çox-çox qiymətli adamdı. Mənə dedi: “Çox dağılma”. Mənə bir proqram verdi. O proqrama “Kitabi Dədə Qorqud” da, Orxan abidələri də, “Qudatqu bilik” də, türkcə yazılmış çox kitab daxil idi. “Qudatqu bilik”lə onun vasitəsi ilə tanış oldum. Azərbaycan milləti, onun inkişafı, dili və dini haqqında çox söhbətlərini dinlədim. İstanbulda tanış olub dostlaşdığım ədəbiyyatlardan söhbət açanda çoxları mənə həsəd və heyrətlə baxırdı. “O…o…o… Siz onlarla görüşübsünüz?!—deyərdilər.
Ə.Hüseynoğlu:—Həmid bəy, ümumiyyətlə, şe’r sizin üçün nədir? Bir əyləncə, hisslərinizi çatdırmaq vasitəsi, mə’nəvi tələbat, yoxsa?
H.Nütqi:—Şer demək məndə bir növ ehtiyacdır. Şerlərimin çoxu itib-batıb. Bir xeyli əvvəl doktor Furuğ yanıma gəlmişdi. Bir neçə şe’rimi əzbər dedi. Onun hafizəsi çox yaxşıdır. İndi o şe’rlər heç yerdə yoxdur. Mən onları 1946-47-ci illərdə yazmışam. Həmişə yazdığım şe’ri bitirəndə hər şeyin qurtulduğunu sanmışam. Onları toplamağa bir yerə yığmağa səy göstərməmişəm.
Jan Jak Russo başqalarına uşaqlarını necə tərbiyə etmələrinə dair nəsihətlər verərdi. Öz uşaqlarını isə kilsə qapılarında qoyardı. Görünür, şe’rlərimə münasibətdə mən də elə olmuşam. Odur ki, şe’rlərimin çoxunu yellər apardı.
Xanımım Aytən məni məcbur etməsəydi yəqin ki, bu gün oxuduğunuz şe’rlərin nə çoxu yazılar, nə də bir yerə toplanardı.
“Varlıq”—jurnalı çap olunduqdan sonra, çarəsiz, şe’rlərim bir yerə toplandı. Yə’ni jurnal səhifələrində çap olunanlar qaldı. Onun da bir qüsuru vardı. 60 ildir türkcə oxumayan adamlar yazdıqlarımızı başa düşmürdülər. Şeri şer kimi yazanda zəng gəlirdi: “Bu nədir? Bunun vəzni, qafiyəsi hanı? Bəs şeri hardadır bunun?”
Əruza adət etmiş adamlara “şeri burdadır”— demək çox uzun sürürdü. Məcburduq yazılmış şerə əl gəzdirib edək bəsit bir şey. Bir zaman asi oldum. Dedim: ”İstər anlasınlar, istər anlamasınlar”. İranda bir şair vardı, Halət adında. Birisi yenilikçi hərəkətin öncülü Nemanın bir şerini ona gətirib məsxərə ilə xəbər alır: “Bu nə deməkdir?” Halət deyir: “Mən nə bilim? Savadın yoxdur, get öyrən!” Haqqın yoxdur Baxın musiqisini eşidəsən və deyəsən: “Bu nə deməkdir?” Get sən mə’mulu-kənd havalarını çal. Düşündüm ki, fədəkarlıq etməyəcəyəm. Şer nə cür gəlir, eləcə də yazacam. İçimdə olan şeyləri açıq demək adətim deyil. Desəm, baş məqaləyə bənzər. Şer gəlinin üzünə salınan tül-tor kimi olmalıdır. Tül gəlini necə gözəl, sirli göstərirsə, şerdə elə olmalıdı. Bəy tülün arxasında olanı aydın görmür. Tülü açanda bəzən pis sürprizlə-çirkin bir qadınla rastlaşa bilər.
Mənim səliqəmə görə şer gərək içli olsun. Birinci pərdə qalxsın bir sirr açılsın… Hər pərdənin altında bir şey saxlanmış olsun. Onun da açarı verilməmiş olsun. Hər kəs öz fikirləri ilə açmağa çalışsın o pərdəni. Yə’ni şer şairin yazması, söyləməsi ilə qurtarmasın. Şer onu oxuyanın fikirlə qurtarsın. Budur, mənim bildiyim teori!
Bə’zən məndən soruşurlar: “Şerdə demək istədiyin fikir budurmu?” Çox əcaib sualdır. Belə suallar adamın mərhəm şeylərinə əl uzatmaq kimidir. Deyirəm: “Necə başa düşübsünüz elədir”
Ə.Hüseynoğlu:—Həmid bəy, XX yüzilin 20-ci illərindən yeni Sovetlər hakimiyyətə gələndən sonra sərbəst şer bir yenilik, bir inqilab kimi təqdim olundu. Əruza, hecaya qarşı az qala savaş elan edildi. Bəzən ifrata varılaraq sərbəst şeri dünya ədəbiyyatına çıxmağın, inkişafın yeganə yolu olduğunu söylədilər. Halbuki “Kitabi Dədə Qorqud”da sərbəst şe’r nümunələrinə rast gəlmək olur.
Siz istər Şərq, istər Qərb ədəbiyyatına yaxşı bələdsiniz. Tarixi də gözəl bilirsiniz. İranda əruzun meydan suladığı, hakimi-mütləq olduğu bir zamanda necə oldu şerlərinizi sərbəst vəzndə yazmağı qərara aldınız? Bu avropaya meyllilikdən, yenilik axtarışından gəldi, yoxsa…?
H.Nütqi:—Doğru söyləyirsiniz. Sərbəst şer yeni deyil. İngilislərdə bunun çoxlu nümunələrinə rast gəlmək olar. V.Şeksprin nə qədər şeri sərbəst vəzndədir. “Kitabi Dədə Qorqud”dakı şer sərbəst xalq şe’rinə yaxındı, ritmi var. Mən XX yüzildə yaşadığım, “Kitabi Dədə Qorqud”u, keçmişdə sərbəst vəzndə yazılmış başqa şerləri oxuduğum üçün sahəni bir az dəyişdim. Niqablı danışmağa, simvolik şerə üstünlük verdim. Deyirlər müəyyən qorxudan, məsələn, İranda şah rejiminin qorxusundan simvolik yazırlar.
Mən hər hansı bir təhlükədən, qorxudan bu üslubu seçmədim. Yeddi pərdənin altında gəlinimi gizlədim. Bu pərdələri qorudum. Bu qorxu deyil! Bu eşqi ümumiləşdirməkdir!
Fransanın bir böyük qəbiristanı var: Fedeşeiz. İstəyiblər orada elə bir abidə ucaltsınlar ki, əsir düşərgələri olmuş 6 milyon adamı özündə əks etdirsin. Odur ki, simvolik, rəmzi bir şey düzəldiblər. Elə bil fotoqraf makinası ilə üst-üstə şəkil çəkiblər.
Mövlanənin bir şe’ri var:
Mənim ney səsimi anlayan yoxdur.
Hər kəs öz baxışıyla məni sevir.
Ə.Hüseynoğlu:—Bir halda ki, söhbəti Mövlanəya gətirdiniz, onda mən Şəms Təbrizi haqda Sizdən xəbər almadan keçinə bilməyəcəyəm. Şəms Təbrizinin əlimizdə nə divanı var, nə məsnəvisi, nə rübaisi, nə də tuyuqu. Amma Şərq ədəbiyyatından fəlsəfəsindən az-çox bilgisi olan hər bir şəxs Şəmsdən heyranlıqla söhbət açır.
H.Nütqi:—Deyirsiniz Şəms Təbrizidən bir şey oxumayıbsınız?! İsa peyğəmbərdən nə oxuyubsunuz? Sokratın özünün yazdıqlarından nəyi oxuyubsunuz? Zəmanəmizdə atom bombasını kəşf edən, Eynşteynin şagirdi, Avropadan Amerikaya qaçdı. (Çox ehtimal ki, H.Nütqi Robert Oppenheymeri nəzrdə tuturm (22.IV.!904-20.II.1967)O da heç bir şey yazmayıb. Sokratdan nə biliriksə, onu şagirdlərinin yazdıqlarından bilirik. İsa peyğəmbər də elə. İncil onun ölümündən təxminən 150 il sonra yazıya alınıb. İsa yəhudi idi. Görmüşdü yəhudi dini zamanla ayaqlaşmır. Demişdi: bunu böylə yapın, şunu şöylə yapın. Reformalar etmişdi. Reformaçıları isə mühafizəkarlar sevməzlər .Həmişə də hakimiyyətdə mühafizəkarlar olarlar, onlar da reformaçıları asarlar, kəsərlər, cəzalandırarlar.
İsa peyğəmbəri də Roma dövləti deyil, yəhudi dindarları öldürdü. Roma hökmdarı Pantus Pilətus dedi: “Su gətirin, mən əllərimi yaxalayıram”. “Quran”da İsa asılmır. Bir mələk onu xilas edir. Baramabasan “İncil”ində də belədi. İsa asılmır. Yenə İngiltərədə bir qrup çıxdı. Böyük papaz gurultu çıxardı. Dedi ki, İsanı asmadılar. Əf etdilər. 60 ildə yaşadı. Dəlil gətirdi ki, Efesin Məryəmin evi var. Bunların hansının doğru olduğunu bilmirik. Bildiyimiz əlimizdəki kitab-“İncildir”. O da İsanın ölümündən çox-çox sonra yazılıb. İndiki xristianlar əski Bibliyanı da, yeni Bibliyanı da oxuyurlar.
Dünya bunları bilə-bilə qəbul edir, sənsə məndən dəlil-sübut üçün Şəms Təbrizinin, divanını, risaləsini istəyirsən.
Bu bir növ yaşam tərzidir. Bə’ziləri yazar, bəziləri həyatlarında işlədər. Şəms də belə bir adamdı. Konya şəhərinin qazılar qazısını, Cəlaləddin Rumini bir neçə günlük (Adətən qırx gün deyərlər. Bilirsiniz ki, 40 da simvolik bir rəqəmdir) söhbətilə tamam dəyişdirdi. İsa ilə “İncil”i yazan dörd həvari arasında məsafə il baxımından Şəms ilə Mövlanə arasındakından çox-çoxdur. Mevlananın “Divani-Kəbir”inin adı “Divani-Şəms”dir. Sanırsan Mevlana yoxdur. Şe’rin dibində-təxəllüs yerində Mevlanə yazacağı halda Şəms yazıb. Cəlaləddin Türküstandan Anadoluya gələndə Təbrizdən keçib-keçmədiyini bilmirəm. Amma şerlərindən biri də Təbriz gəlməsi işlədəndə həmin dəqiqə Şəmsi xatırlayır. Məsnəvilərinin birində deyir:
Ey dəvə qəfləsi başı (Sarivan) dəvələrdən yükləri endir.
Çün Təbrizə yetişdik-sevgililərin məhəlləsinə yetişdik.
Hətta Mevlanə şerlərinin birində deyir.
“Şəmsin adının dərinliyində göydəki Şəms, yəni günəş utanır”. Şəms belə bir şəxsiyyətdir. Məchulluq simvolik şer kimi onu da gözəlləşdirmişdir!
Ə.Hüseynğolu:—Həmid bəy, söhbət Şəms Təbrizdən düşdüsə, onu bir az da davam etdirin. Bildiyimə görə, Siz də Şəmslə eyni məhəllədə—Surxab məhəlləsində doğulubsunuz.
H.Nütqi:—Biz Surxablıyıq. Dəstəbaşımız Şəmsdir. Bu o demək deyil ki, mənimlə o müqayisə edilir. Şəmslə həmşəhərli olmaqdan iftixar duyuram. Mövlanə da Şəmsin Təbrizin Sırxablı məhəlləsindən olduğunu bilirmiş.
Şəms gör nə qədər oxumuş, elmin dərinliklərinə yiyələnmiş şəxs imiş ki, zamanının elmlərinin hakimi olan adamdan – Mevlanadan elə sözlər soruşub, Mevlana mat qalıb, yolunu dəyişib.
Şəmsin hansı tarixdə doğulmasının, hansı tarixdə ölməsinin elə bir əhəmiyyəti yoxdur. (Onu Mevlananin oğlanlarından biri gicliyindən öldürdü. Dedi ki, bu nə adamdı, dədəmizi yolundan döndərdi. Dədmiz malını-mülkünü atıb ona qoşuldu) Mevlana ilə Şəms zamansızlıq zamanında yaşayırdılar.
Sizə bir məsəl çəkim. Bununla zaman bəhsini bir az açım. Niyşapurda Ömər Xəyyamın doğuldüğü və dəfn olunduğu yerdə bir qəbiristanlıq var. Məşhur sufi filosofu Şeyx Əttarın da, bizim keçən nəslin müasiri, rəssam. Kəmalümülkün də qəbri oradadır. Mən qızmar bir yay günü qəbiristana ziyarətə getmişdim. Günorta çağıydı. Kamalümülkün qəbirüstü yazısını oxuyandan sonra dedim gedim Əttarın də qəbirüstü yazısını oxuyum. Görüm aralarında nə qədər fasilə var. Yolun yarısını getmişdim. Birdən yadıma düşdü ki, bu dünyadan köçəndən sonra zaman qalmır ki?! Hər ikisi müasir olur, çağdaş olur.
20 il o yana, 20 il bu yana. Nə fərqi var? Bu təhqiq tarixçilər üçündür. Şairlər, filosoflar, alimlər üçün onların nə zaman yazdıqları yox, yazdıqlarının günümüz üçün nə qədər önəmliolması vacibdir. Mövləvinin ölüm gecəsi çox mənidardır. Türklər ona toy gecəsi deyirlər. Tarixləri dəqiq öyrənsək belə nə Mövləvini yaxşı tanıyacağıq, nə də Şəmsdən bir addım qabağa gedəcəyik. Mövləvini oxumaq lazımdır. Onu da deyim ki, Mövləvini anlamaq həm asandır, həm də çətin. Özü deyir: “Mənim məsnəvim Nur’an kimidir. Bə’zi adamlara yol göstərər, bə’zi adamları yolundan çıxarar”. Bu sözləri deyə biləcək əcaib bir adam, həddə yetişmiş bir adam haqda çox danışmaq olar. Bizdən öncə də danışıblar. Bir məsəl də deyim, Mevlana zikri burada bitsin. Mevlananı səmasız təsəvvür etmək olmaz. Mevlana deyir: “Fəqirlik iyi, cəhalət iyi, kibir və hərislik iyi danışarkən soğan kimi qoxar”. Gör nələrə imza basıb bu adam. Bə’zən kənarına gedib. Çiltik çalar kimi deyib.
Ə.Hüseynoğlu:—Həmid bəy, Həbib Sahirin müəlliminiz olduğunu söylədiniz. Onun da şe’rlərinin dili çox saf və təmizdir. Ruhən yenilikçi olan Həbib Sahir istər o tayda, istərsə bu tayda nədənsə az tanıdılıb. Yaddaşınızda Həbib bəy necə qalıb?
H. Nütqi:—Təbiətsevər insan kimi. Təbrizdə olanda az qala hər gün Eynalı dağına çıxardı. Evimiz onun yolunun üstündə olduğundan xatirimdə qalıb. Sonra biz Tehrana köçdük. Məhəlləmizdə kiçik bir park vardı. H.Sahir də Tehrana köçdü. Tə’til günlərində gələrdi məhləmizdəki parkda oturardı. O qədər oturardı ki, bütün park qurtarardı (yəni hamı çıxıb gedərdi. Ə.Ş.). Sonra gələrdi bizim qapının zəngini çalardı. Mənim şe’rlərimdə bu var. Bir çay gətirərdim. Xeyli söhbətləşərdik. O dəftərini açardı. Heç kəsə oxumadığı, (yəni ehtiyat etdiyi) şe’rlərini bizə oxuyardı. Oxuduqdan sonra da dəftərini büküb gedərdi. Çox həftələr bunu etdi. Sonra H.Sahirin qulağı tutuldu. Çox istərdim onunla xosunlaşım. Dəyirdim, eşitmirdi. Bir dəftər verdi ki, suallarımı, söhbətimi oraya yazım.
Mən tələbələrimə deyərdim. Fikirləşmədən danışma, təhqiq etmədən yazma. İş yazmağa gəlincə söhbətimiz kəsildi. Sonra ölümünü eşitdim. Haqqında “Varlıq” jurnalına geniş bir məqalə yazdım. Şer bağçasını gəzdim. Oxucuya onu təqdim etməyə çalışdım.
Ə.Hüseynoğlu:—Bəs Səhənd—Bulud Qaraçorlu…
H.Nütqi:—Tez-tez Tehrana gələrdi. Aylarla Cavad Hey’ətin qonağı olardı. Heç kimə oxumağa cəsarət etmədiyi şe’rlərini oxuyardı. Çox da mütavaze idi. Deyirdi, şe’rlərimi təshih edin. Öldükdən sonra vərəsələri arasında qarışıqlıq düşdü. Səhnədən oxuduğu həmin şe’rlərə sonra heç yerdə rast gəlmədim. Şe’rlər gün üzü görmədi. O şe’rlər əlimizdə olanlarla öpeycədir. Çox gözəl şe’rlər oxurdu. Ondan məmnunam ki, onlardan daddıq. Çox gur şair idi. Şair sosial adamdır, hər dövrə baxarsınız bir şair müşəxxəsdir. Hətmən ətrafında yarı böyük şairlər var. O əndazə şairlər var. Şair kol içində meşə kimi böyüyür. Bir-ikisi daha böyük olur. Çöldə bitən tək nəhəng ağac kimi şair görməzsiniz. Nizamilər də bir qrupun içindi müşəxxəs olur. Orada Xəqanilər, Əbül Ülalar, Fələkilər, Beyləqanilər və b. var. Hamısı da bir-birinə yaxındır.
Ə.Hüseynoğlu:—Həmid bəy, bir halda ki Nizamilərdən, Xəqanilərdən, Fələkilərdən söz açdınız, icazənizlə bir sual verim. Necə oldu türklər tarixdə hökmranlıq etdiyi halda, yəni onlar neçə-neçə dövlət qurduqları halda, saraylarındakı şairlər ana dilində deyil farsca yazıb-yaratdılar?
H. Nütqi:—Bu çox uzun söhbətin qonusudur. Yaşar Qarayev mənə söylədi ki, türklüklə ilişgili bir ensiklopediya hazırlayırıq. Ona ön söz yaz. Azərbaycanlıların təbiriylə desək: dabanlarımı çəkdi. Mən də yazdım. Kitab alındı. Başlanğıc qoydum. Türkün başlanğıcıdır. Bilirsiniz, əsas türklük Azərbaycandadır. Şe’rimizdə bir kaç məqsədim var. Bunlardan biri də Orhan abidələridir. O daşlara xitab edib deyirəm:
Ey soyumun sabır daşı,
Ey elimin, ulusumun
Sabir daşı, sır daşı.
Başımızın üstündən çox yellər gəlib-getmiş. Zənn etmirəm bizim kimi çox millət olsun. Az millət var başına bu qədər bəla gələ.
Bizə təvazö öyrətmişlər, iftixar öyrətmişlər. Zənn edirdik son nəfəsimizi çəkirik. Ümid yavaş-yavaş çürüyürdü. Və o günlər yanlış düşünürdük. Nə gözəl günlər günlər gəldi. Dünya nə edir-etsin, türkü inkar edə bilməyəgək. Tarixin hökmü olmasa da, tarixə hökm edən qövm qüdrətlidir. Bu hökmü haradan alır qövm? Vücud qüvvəti kiçik-kiçik zərrələrdən alır. Bu qüvvəti qövm insanlarından alır.
Türk sözünün çox mə’nası var. Biri də qüvvətli deməkdir. Həqiqətən, bu millət çox dözümlüdür. Çox xalqlar gəlmişlər-getmişlər dünyadan. Bizə bənzəri az-az tapılar. Biz türklər bitkilərə bənzəyirik. Ölüb gedir. Torpağı qazıyırsan ki, kök sağlamdır. Yenidən göyərəcək. Mevlana divanını nəzərdə tutaraq deyib:
Mən türklər kimi
Yarı qaynatdım, yarı çiy yedim.
Yoxsul və zəngin bizik. Varlığımızın sahibi çıxmırıq. Sahib çıxsaq çox şeyimiz var. Məmləkətlər qurmuşuq. Ədəbiyyatlar yaratmışıq. Farscayı doğurmuşuq. Biz beləyik. Özgəni bəzər, özü lüt gəzər. Tarix boyu türklərin qədərini (taleyini – Ə.Ş.) ayrı təsəvvür etmişik. Bu ən böyük yanlışlığımız olub. Azərbaycanın kəndinə gəlməsi qaqauza da, qumuğa da noqaya da, Türkiyəyə də tə’sir edəcək.
Tarixdə dəfələrlə aldanmışıq. Bu da ağlımızdan deyil, hüsnü niyyətimizdən olub. Hər kəsi kəndimiz bilmişik, Əlimizdə bir şey olduqda hamı ilə paylaşmışıq. Avropa isə bizi tərsinə tanıdıb, “türk yırtıcıdır” – deyə yüzillər boyu haray çəkib. Əslində tükrlər çox mədəni olublar. İndi də, keçmişdə də.
İranda 26 sülalə hakimiyyətə gəlmiş və getmiş. Nə vaxt ki, hakimiyyətə türklər gəlmiş, başqa xalqlar zorlanmamış. Marağada üç məzar gördüm. Hülakü xanın, annəsinin və xanımının məzarları. Biri müsəlman, biri buddai, biri xristian. Hər biri öz qaydasınca dəfn edilib. Bu günədək də qorunub saxlanılıb.
Əşkanilər dövrünə baxaq-biz sakalar dövrü deyirik. Tarixdə onların adını ellərin səltənəti qoymuşlar. Çünki hər eylədiyində, geydiyində, dediyində sərbəst idi. Avropa türk konfedarasiyonuna XX yüzildə gəlib çıxır. Bir müddət bizi uyutdular. Bu da kəndi-kəndimizi zəif düşürməyinizdən oldu. İki böyük qəhrəman: Səlim kimi insan! Şerdə yazar. İsmayıl kimi insan! O da şer yazar. Qarşı-qarşıya durub bir-birini əzdi. Nə apardılar? Yaxud Əmir Teymur! Əmir Teymur nə gəzirsən Ankaranın yanında?! Fateh kimi elm sevər adam! Bilmirəm ona kimi elə fateh olubmu şəhəri alsın aliminə hörmət etsin, adamına hörmət etsin! Hətta İspaniyaya desin: “Niyə adamlarını öldürürsən? Öldürmə, göndər gəlsin buraya”.
Bizi aldatmadılar özümüz imkan yaratdıq ki, bizi aldatsınlar. Biz bu yanlışlığı önümüzdəki minillikdə aradan qaldıracağıq.
Ə.Hüseynoğlu:—Həmid bəy, çox nikbin danışırsınız. Nikbinliyinizin bugünkü müşahidələrinizin nəticəsidir, yoxsa nəzəriyyənin?
H.Nütqi:—1987-də Türk Dil Qurumuna gəldim. Başqanı Aydın Paşa idi. Mənə çox hörmət etdi. Gördükləri işlərlə tanış etdi. Xəbər aldı.
—Necədir?
Dedim:—Şaşırdım.
Dedi:—Niyə?
Dedim:—Mən burayı belə bilməzdim. Düşünürdüm burada 19-20 kitabə var. Atatürkün gəncliyə ithafı qazaxca, qırğızca, uyğurca və b. dillərdə çap olunub. Gözəl sözlüklər yazırsınız: Azərbaycanda şuna da şu deyirlər. Siz ərəb kimi bir deyilsiniz. Ərəb 22 millətə bir dildə müraciət edir.
Bizim də yazı dilimiz bir olmalıdır. Gərək birisi düşərgə o birisi duraq deməsin. Ya düşərgə deyəlim, ya duraq. Heç olmasa hələlik oğuzların yazı dilini bir eləmək gərəkdir. Buna hər cür imkan da var. Çünki dilimiz olduqca zəngindir. Keçmişlərdə 8 qəbilə göndərdilər ki, türkləri assimlə etsin. İki nəsil sonra gəldilər gördülər ki, göndərdikləri qəbilə türkləşib. Bu “dilimizin” yox, ürəyimizin sadəliyi və zənginliyi sayəsində olub. Belə zəngin sərvətin hələ sahibi deyilik. Hələ xəbərimiz yoxdur hansı türk elində hansı rassam nə cızır, hansı alim nə yazır? Dünya dəyişir. Mən inanmıram kəndiliyindən dünya dəyişə. Dünyanı, tarixi insanlar dəyişir. Bu gün dünyada bir laxlama gedir. Kiçik-kiçik mübarizələrlə heç nəyə nail olmaq olmaz. Türk xalqları birgə mübarizəyə atılmalıdır. Bəsdir modaya uyduğumuz. O zaman mada ərəbcə farsca idi. Bir zaman Çincə, nə bilim necə! Bu ona bənzəyir ki, biri əlindəki saz aləti buraxıb başqasının əlindəki sınıq sazı alır. Deyir:—Ver çalım.
Nə çalacaq bilmirəm?! Tarixin dəyişmə dövründəyik. Nə mutlu insanlarıq ki, dəyişmə dövründə yaşayırıq, nə bədbəxt adamlaraq ki, bu dövrdə yaşayırıq. Dəyişmənin ağrıları, acıları çox olur. Bütün bu ağrı, acılardan renosansımız doğacacaq. Hiyləli adamlar olacaq yalançılar, amma renosans yapılacaq. Tarix dəyirmanını kim öyrətdi?! Bu dəyirmanın suyu zamandı. Su ilə fırladır daşını. Amma bir az qan da qatır.
Ə.Hüseynoğlu:—Həmid bəy, tarixin belə dönmələrində yeni dinlər, fikir cərəyanları və s. ortaya çıxır…
H.Nütqi:—Dinlər, fikir cərəyaları beş ilə, on ilə formalaşır. Onun kökü yüzilliklərə gedir. Bizə görünən, parlayan tərəfi qısa müddətdə olur. İslamda bir təsəvvüf çıxdı. Böyüklərindən biri Mövlanədır. Ondan öncə yaşayanlar da olub. Mövlanə məsnəvisində Əttar haqqda deyib:
Mən söyləmirəm ki, o alicənab, o böyük insan peyğəmbərdir.
Amma nə yapayım kitabı var.
İslamda deyərdilər: Allah cəyildir, cavandır. Yəni qorxuludur. Təsəvvüf gəldi. Dedi:—Allah camaldır—Yəni Allah gözəldir, gözəli sevərlər. Dinə münasibət də dəyişməlidir. Din iman üstündədir, elm isə məntiq. Elm dəyişir, din isə dəyişmir. Dinlə rabitəmiz anamız kimidir. Desək ananız gözəldimi? Deyəcəksiniz:—“Əlbəttə”. Başqası deyəcək: “O…o…o. İfritədir”.
Həzrət Məhəmməd zamanında da meydana peyğəmbərlər çıxdı. Harun ər Rəşid zamanında isə bu moda şəklini aldı. Bir qadın peyğəmbərlik iddia edirdi. Harun ər Rəşidlə onun arasında kiçik bir söhbət oldu.
—Sən qurana inanırsan?
—Əlbəttə.
—Quranda deyilir, Həzrət Məhəmməd son peyğəmbərdi.
—Orada aləmi-əmbiya deyilib-yəni kişilərdə son peyğəmbər. Xatəmi-əmbiya-yəni qadınlar da son peyğəmbər deyilməyib.
Başqa birisi də Allahlıq iddia edirdi.
Harun ər Rəşid onu yanına gətirib dedi:
—Bilirsən bir neçə gün öncə biri peyğəmbərlik iddia edirdi, boynunu vurdurdum.
Allahlıq iddia edən:
—Düz edibsiniz. Onu mən göndərmişdim. Dinçilər dinin içinə elmi soxmaqla çox zor iş görürlər. Dinə zərər vururlar. Siz heç bir zaman dəlillə ananızın gözəlliyini isbat edə bilməzsiniz. Din də belədir. Dində iman olar. Alimi ayaqda tutan imandır. Amma laboratoriya məntiqə əsasən işləyir.
Çingizxan şaman idi. Nesturi papazlarına adam göndərdi. İstədi onları gəlib xristianlıqa qəbul etsinlər. Nesturi papazları tənbəllik edib getmədilər. Müsəlmanlar gedib onlara islamı qəbul etdirdilər. Çingiz xristianlığı qəbul etsə idi, yəqin dünyanın xəritəsi başqa cür olardı.
Ə.Hüseynoğlu:—Həmidbəy, bayaq Siz Sakalara, onların konfederasiya dövlət quruluşuna işarə etdiniz. Bəs onların dili necədir? Ümumiyyətlə Qədim Şərq dövlətlərində yaşayan xalqların milliyyəti, dili bu gün də mübahisə obyektidir. Bu məsələyə Sizin münasibətiniz.
H.Nütqi:—Beş min il öncə Şərqdə yaşamış qəbilələrin bir çoxu ari imiş. Amma bu o demək deyil ki, Şərqdə yalnız arilər yaşayırmış. Bunlar bir qəbilə deyilmiş. İçərisində aridə varmış, sami də, türk də. Hakimiyyətdə kim olurdusa qövm də onlarım adıyla tanınırmış. Mediyalılar 7 tayfaydı. Onların da dördü türk, üçü aridir. Ari tərəfdən baxanlar Mediyalıları ari, türk tərəfdən baxanlar türk görürlər. Amma bilirik ki, Mesepotamiyadan İrana yaxın ərazilərdə ari olmayan dil və tayfa da var. Bu sami də deyil. Akkaddlar var, elamlar var, şumerlər var. Şumerlərin qeyri-adi olduğunu qəbul edirlər. Sami olmadığını da söyləyirlər. Türk olduğunu deyəndə isə hay-küy salırlar.
Cəfəroğlunun gözəl bir sözü vardı: Deyirdi: “Üç min ildi o səs gəsilmişdi. 100 ilə dil dəyişir. O ki qala uzun bir məsafə ola”.
Araşdırıcılarımız kəsilmiş o səsi üç min ilin yox, lap beş min ilin arxasından da olsa tapıb bərpa edəcəklər. Modern elm də onlara bu işdə yardımçı olacaq.
Ə.Hüseynoğlu:—Həmid bəy, elmdən, poeziyadan danışdıq. İrandan getməyinizin, Böyük Britaniyada yaşamanızın səbəbini söyləmədiniz.
H.Nütqi:—Bunun elə bir ictimai-siyasi səbəbi yoxdur. Oğlum orada yaşayır. Toyuna getmişdim. Özümü pis hiss etdim. Elə bildim soyuqdəyməm var. Həkimə müraciət etdim. Oh…o. Xəstəliyimi müəyyənləşdirdilər. Qaldım həkimlərin nəzarəti altında. İndi də idarədə çalışan bir adam harasa getmək istəyən kimi, mən də bir yerə gedəndə həkimdən 10-15 günlüyə icazə alıram.
Ə.Hüseynoğlu:—Həmid bəy, bir az da ailə üzvləriniz barədə.
H.Nütqi:—Oh…o. Burada mənim sözüm qurtardı.
Bu barədə bilkini Aytən xanımdan alırıq. Həmid bəy İstanbulda oxuyanda Aytən xanımla tanış olub, evlənib. Şe’rlərindəki Aytən adı da buradandır. Böyük oğulları Atilla Ankarada, ortancıl Alp Edinburqda (B.Britaniya), Arman Berlində yaşayır. Hər üçü elmlər doktorudur. Qızları Asiya və Asiman isə türkə ərə gediblər və İstanbulda yaşayırlar.
15.12.1997
Söz ardı: Kitab çapa hazırlanarkən Həmid Nütqinn ölüm xəbərini aldıq. 1999-cu ilin iyulun 16-da Böyük Britaniyanın Nottingem (son illər yaşadığı yer) şəhərində gözlərini əbədi yuman böyük insanı vəsiyyətinə uyğun olaraq 1999-cu ilin iyulun 23-də İstanbuldakı “Zəncirli Quyu” qəbristanlığında torpağa tapşırdılar. Cümə Şişli camesində ölü namazına yüzlərlə insan qatılmışdı.
Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 22-37
|