Bizim qarğalar – Əli Şamil yazır
http://turkustan.info/2017/04/04/bizim-qargalar-%C9%99li-samil-yazir/
4 Aprel 2017 01:41
Xəbər xətti Əli Şamil
Bir qarğa kilsənin üstündəki xaça qonar, bir az qarıldadıqdan sonra xaçı batırıb gedərmiş. Qoca keşiş də hər gün nə zülümlə nərdivanı qoyub qülləyə çıxar, xaçı yuyub təmizləyərmiş. Bir gün belə, beş gün belə, sonda keşiş cana doyur. Xaçın yanına bir qab çaxır qoyur. Qarğa xaça qonanda şərabdan içir, uça bilmir. Keşiş qarğanı tutub kilsəyə gətirir və qarğaya deyir: “Xristiansan, niyə xaçı batırırsan, müsəlmansan, niyə şərab içirsən?”
İndi bizim “ondə gedənlərimizin” bir qismi dönüb həmin qarğaya.
Mətbuatda döşlərinə-başlarına döyüb, sinə yırta-yırta deyirlər ki, biz türk deyilik. Lap yaxşı, anladım ki, onlar türk deyil. Sonra da deyirlər ki, biz Heydər Əliyevçiyik. Onlardan xəbər alanda ki, Heydər Əliyev Türkiyəyə münasibətdə “Biz bir millət, iki dövlətik!”-deyirdi. Heydər Əliyev bir millətik deyibsə, onda ya biz də türkük, ya da gərək gedib Türkiyədə yaşayanların hamısını azərbaycanlı yazdırasınız. Onda cavab verirlər ki, “siz müxalifət həmişə beləsiniz!”
Demək, məntiqli, doğru bir söz söyləyəndə olursan müxalifət. Onda belə çıxır ki, iqtidarpərəs olmaq üçün yaltaqlıq, mövqesizlik, saxtakarlıq gərəkdir.
Bir də baxırsan, dünyanın hər yerini gəzib Azərbaycanı təbliğ etdiyini deyən bir deputat, alim və s. və i. mətbuatda hay salır ki, biz Azərbaycan Cümhuiyyətinin varisləriyik və varislik ənənəsini davam etdiririk. Xəbər alanda ki, Azərbaycan Cümhuriyyətində rəsmi dil türk diliydi, bəs siz nədən türk dilinin rəsmi dil olmasını əngəlləyirsiniz, hətta belə bir fikrə düşənlərə divan tutursunuz?! Onda adamın üzünə elə bozarırlar, elə bil başqarının əsərini oğurlayıb doktor adı alan o deyil, mənəm! Yaxud da seçkiləri saxtalaşdıran, nazirləri, rəhbər işçiləri rüşvət almağa məcbur edən, Azərbaycanın sərvətinin dağıdılmasına şərait yaradan da mənəm, onlar deyillər.
Bərkə düşəndə də deyirlər ki, biz Nəriman Nərimanovun varisləriyik. Onda deyirəm yaxşı, etiraz etmirəm. Ancaq bir vəzifə xatirinə Azərbaycanı Rusiyanın qucağına atanların başında durmuş Nərimanovun vaxtında belə rəsmi dil türk dili idi… Onda da deyirlər ki, araqarışdıranlıq etmə!.
Deyirəm Həzrət Abbas haqqı, araqarışdıranlıq etmirəm, türk olsa da, milləti rus bolşeviklərinə qırdıran Mirzə Davud Hüseyinovun Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu vaxtda da, gürcü Viktor Naneyşvili və Vladimir Dumbadzenin zamanında da, altıca gün katiblik edən Yelene Stasova (9 sentyabr1920 – 15 sentyabr1920) dövründə də, Qriqori Kaminski, Sergey Kirov, Nikolay Gikalo, Vladimir Polonski hakimiyyəti illərində də, hətta erməni Levon Mirzoyan və Ruben Rubenov (nə yaxşı ki, 33 ildə Mirzə Davud Hüseyinov və Ruhulla Axundov kimi rusdan betər millətə divan tutanları hakimiyyətə qısamüddətli də olsa, yaxın buraxıblar) zamanında da dövlətin rəsmi dili türk dili idi. Bu sözləri eşidəndə az qalırlar adamı vətən xaini elan etsinlər və polis çağırsınlar ki, gəl bunu tut apar (Maşallah bizim hüquq mühafizə orqanlarında işləyənlər də o qədər abırlı-həyalıdırlar ki, yuxarıdakıların qəlbini qırmaq istəmirlər. Kimi tut desələr, onu tuturlar. Qanunlar onların nəyinə lazımdır ki?!).
Öz adlarından deyil, xalqın adından, soykökünü onlardan yüz dəfə yaxış bilənlərin adından danışmaları mənə bir hadisəni xatırladır.
1990-cı ilin yanvarın 5-də sərhəddəki əlavə qurğuların sökülməsindən narahat olduqlarını bildirən bir qrup rəhbər işçi ilə Naxçıvanda görüşdük. Onların arasında Sov.İKP MK-nın katibi Girenko, şöbə müdiri Mixayılov, Millətlər Sovetinin sədri Nişanov, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini və b. generallar da vardı. Görüş çox sərt, gobud keçirdi. Bəzən rəhbərliyi yalançılıqda, saxtakarlıqda, başarısızlıqda ittiham edəndə təhqiramiz ifadələr də işlədilirdi.
Onlarsa səbir və təmkin nümaiş etdirir, nə istədiyimizi xəbər alırdılar. Biz çox tələblər irəli sürdük. İran İslam Respublikası ilə vizasız gediş-gəliş, söz, mətbuat, secib-secilmək azadlığı və s., sonda isə Azərbaycanın müstəqilliyi…
Sonrakı görüşdə generalın (familyasının baş hərifi P ilə başlayırdı. Hardasa bütöv ad-familyasını yazmışam, indi xatırlamıram) dediyi “Sizə müstəqillik veriləcək. Amma sonra özünüz yalvaraçaqsınız ki, bizi Rusiyanın tərkibinə qəbul edin” sözləri bizi hövsələdən çıxardı. Hay-harayla, bir-birimizin sözünü kəsə-kəsə ona etirazımızı bildirdik. O bizi xeyli dinlədikdən sonra çox səbir və təmkinlə dedi ki, bu gün sizi ruhlandıran, arxanızca gedən insanlar sabah sizi daş-qalaq etməyə, didib-parcalamağa hazır olacaqlar. Sizləri məcbur edəcəklər ki, Rusiyanın hakimiyyət orqanlarından xahiş edin bizi Rusiya tərkibinə qatsınlar. Bu dəfə Rusiya silahsız, əsgər göndərmədən sizi işğal edəcək. Özünüz yalvaracaqsınız ki, əsgərlərinizi yedirdəcəyik, milli sərvətlərimizdən gələn gəliri sizə verəcəyik, təki, siz gəlin”.
Onun bu sözü bizi daha da çoşdurdu. O isə “Biz bunu zorla etməyəcəyik. 70 il yasaqlanmasına baxmayaraq millətin içindəki müstəqillik eşğini yox edə bilmədik. Müstəqillik dövrünün bayrağı, gerbi haqqında təsəvvürü olmayan nəsil belə ölkədə rejim laxlayan kimionu bərpa edib başı üzərində dalğalandırdı. Biz indi o bayrayı, müstəqillik ideyasını sizin öndəgedənləriniz vasitəsilə məhv edəcəyik ki, xalq bir daha o ideyanı, o bayrağı arzulamasın.Müstəqil dövlətiniz olmasıyla, onun atributları ilə qürurlanırsınız. Amma unudursunuz ki, 70 ildə elə kadrlar yetişdirmişik ki, onlar milli dəyərlərinizdən çox uzaqdılar. Onlar sərvət, var dövlət, karyera üçün millətini nəinki hər çür alçaltmağa, “of” demədən minlərlə həmvətənlisini bir gecədə öldürməyə hazırdılar. Onlar üçün fərq etməz sosializmi olsun, ya kapitalizm, onların arxasında duran Rusiya olsun, yoxsa Amerika, İngiltərə, Çin ya da Yaponiya. Təki onlara ölkənin sərvətlərini talamağa imkan yaradan olsun. Onlar idarəetmə orqanlarında yerləşəndə sizin müqəddəs saydığınız bayrağa istehza ilə baxıb önündə rüşvət alacaqlar,haha çox sərvətə sahib olmaq üçün bir-birinin qanını içməyə hazır olacaqlar. Doğru-düzgün, işgüzar, vətənsevər adamlar ya həbslərdə çürüdüləcək, ya da xarici ölkələrə getməyə məcbur ediləcəklər. Sərvət uğrunda açıq-gizli mübarizə aparanlar da bu gün xalqın xilaskarı kimi təriflənsə də sabah görəcəksən ki, həbsxanadadır.
Bizim hazırladığımız, seçib yerləşdirəcəyimiz kadırlar sizin sevimli dövlətinizin gerbi olan möhürləri sənədlərə vurmaq hesabına milyonlar qazanacaqlar. O milyonların çoxunu yenə Moskvadakı, Vaşinktondakı, Londondakı, Parisdəki himayadarlarına hədiyyə, xeyriyyəçilik və s adlar altında rüşvət verəcəklər. Sovetlər dönəmində yuxarılara ötürülən rüşvətləri haqqında xalq bilmirdi, bilinən, xalqa sızan faktları dedi-qodu sayırdılar. Ancaq bundan sonra onlar açıq olacaq. Hamı bu hədiyyə adı altında verilən rüşvətlərdən xəbər tuta biləcək.
Ölkənin sərvətini talayıb hakimiyyətlərini qorumaq üçün başqalarına ötürənlərözlərinə qalan pulları qumara, eyş-işrətə xərcləyəcəklər. Bunu nümayişkarlıqla edəcəklər. Başqalarına sanki deyəcəklər, siz bacarıqsızsınız, görün biz necə var-dövlət sahibi oluruq.
Sovetlərin sizi dəmir pərdə arxasında saxladığından, dünyaya çıxmağa imkan vermədiyindən şikayətlənirsiniz. Həmin dəmir pərdələr qaldırılandan sonra gənclərin ağıllıları, savadlıları məmur özbaşınalığına dözməyib xarici ölkələrə sığınacaqlar.
Xalqın arzu-istəyini eşidən olmayacaq. Yaltaqlıq, saxtakarlıq, rüşvət, əxlaqsızlıq, mənəviyyatsızlıq, zorakılıq baş alıb gedəcək. Sovet hökuməti zamanı da bunlar vardı. Amma çoxu örtülü qalırdı. Sizin istədiyiniz azad mətbuat isə bunlara geniş yer ayırmaqla xalqın qəzəbini körükləyəcək. Onda xalq da “Əvvəllər dərdimizi Moskvaya yazırdıq. Yoxlama gələndə bunlar bir qorxuya düşürdülər. İndi yazılanlara baxan, dərdimizə çarə qılan yoxdu!”-deyəcək, keçmişin xiffətilə yaşayacaq. Qisasçılıq hissi baş alıb gedəcək. Arzulayacaqlar ki, bir güclü əl, Moskva gəlib ölkənin sərvətlərini talayanları, xalqı soyanları cəzalandırsın. Onların ürəyi bir az sakitləşsin. Onda sizin xalq qarşısında dura biləcək gücünüz qalmayacaq”.
Millətimizi çox sevdiyimizdən deyilənlərə inanmadıq. Düşünürdük ki, millətimizin övladları vətəninin pis gününü, xalqının səfalətini istəməz. Əksinə, ölkənin zəngin milli sərvətlərindən istifadə edib, Azərbaycanı abad, firəvan və demokratik bir ölkəyə çevirəcəklər.
İllər keçdikcə deyilənlər doğru çıxdı. Soyumuz türkdü, özümüz Azərbaycan millətindənik deyən bizim qarğalar Azərbaycana bir çəmdək kimi daraşdılar. Yetərincə yeyib qarınlarını doyursalar da, gözləri doymadı, yeyə bilmədiklərindən də qoparmağı bacardıqlarını aparıb kənar bir yerdə gizlətməyə çalışdılar ki, sonra yesinlər. Daha bilmədilər ki, onların bu saxlanc yerləri qurd-quşun nəzarətindədi. Qoyduqlarını sabah oradan götürə bilməyəcəklər.
|