Ahmed Sozayev haqqında

Qafqazın o tərəfində və bu tərəfində: –

AXMAT SOZAYEV

 

Balkarları bizdən bir dağ silsiləsi ayırır. Böyük Qafqazın güneyində biz yaşayırıq, qüzeyində onlar. Quzey Qafqazdakı dincəlmə və müalicə yerlərinə Sovetlər Birliyinin müxtəlif bölgələrindən hər il minlərlə insan dincəlməyə gəlirdi. Yayda bu yerlər daha gur olurdu. Yaxın olduğundan və ya başqa səbəblərdən, azərbaycanlıların böyük əksəriyyəti istirahətə uzaqlara deyil, Quzey Qafqaza getməyə üstünlük verirdi.  Ailəliklə gedənlər də çox olurdu.

Bütün bunlara baxmayaraq, Quzey Qafqazda dili dilimizdən olan qaraçay, balkar, noqay, qumuq adlandırılan soydaşlarımızla mədəni əlaqə yox dərəcəsində idi. Bu əlaqələrin yaranması və güclənməsinə Sovet strateqləri açıq və gizli əngəllər törədirdilər.

Bütün qadağalara, yasaqlara baxmayaraq içimdə türk ellərini gəzmək, onlarla birbaşa ilişki qurmaq istəyi vardı. Dış məmləkətlərə getməyə isə nə maddi imkanım vardı, nə də yaradılmış maneələri keçməyə gücüm. Ola bilsin, Bolqarıstana, Yuqoslaviyaya, Rumıniyaya turist göndərişi ala bilərdim. Onda da, birincisi, sərbəst gəzib türklərlə görüşüb, söhbətləşməyə imkan olmayacaqdı. İkincisi də, hər turist qrupunda DTK və başqa təşkilatın adətən bir neçə güdükçüsü olurdu.

Bütün bunlara görə öncə mümkün olan yerləri gəzib görməyi qərara  aldım. İlk səfərim 1983-cü ilin dekabrında Krıma oldu. Krım haqqında bilgim yetərincəydi. İ. Qaspıralı, B. Çobanzadə, Krımda hakim olmuş Geray xanlar haqda çox oxumuşdum. Yer-yurd da mənə doğma idi. Qaldığımız istirahət evi ”Foros”, ümumiyyətlə, kurortları ilə zəngin olan Yalta yönəsi — ölkənin güneyi mənə Azərbaycanın Astara, Lənkəran, Nabran bölgələrini, dağları aşıb quzeyə keçəndə isə Naxçıvanı, Şirvanı, Qarabağı, Muğanı xatırladırdı. Təbiətinə vurulduğum bu yerlərdə addım başı qanım qaralırdı. Dağ, daş, çay, çəmən, çöl adları türkcəydi. Torpağın hər qarışı türklərdən  xəbər verirdi. Amma onların özlərindən xəbər-ətər yox idi.

Baxçasarayı, Gireyxanların sarayını gəzəndə dözə bilməyib acığımı bələdçiyə tökdüm. Muzey kompleksi haqqında bilgi verən cavan və yaraşıqlı qız tez-tez “köçəri, vəhşi, qaniçən tatarlar” deyə vurğulayırdı. Özümü saxlaya bilməyib: “Onların heç olmasa bir nümunəsini muzeydə görmək istərdim!” — dedim. Mənim bu atmacam yalnız bələdçini deyil, muzeyin rəhbərliyini və b. “də’vət olunmuşları” bərk sancdı.

Qrupumuzun partiya işçilərdən ibarət olması və qaldığımız sanatoriyanın nüfuzu (xanımım Naxçıvan Vilayət Partiya Komitəsində işlədiyinə görə Sov. İKP MK-nın”Foros” sanatoriyasına göndəriş almışdıq) mənim yaxamı onların əlindən qurtardı.

Sovet rejimi yavaş-yavaş laxlayırdı. M.S.Qorbaçovun hakimiyyətə gəlməsi bunu daha da sürətləndirdi. Bundan istifadə edib arzularımı həyata keçirmək istəyirdim. Çalışdığım “Sovet Naxçıvanı” qəzetinin redaktoru Akif Axundovun razılığını alandan sonra Sovetlər Birliyindəki özərk — muxtar respublikalarda milli dillərdə nəşr edilən qəzetlərin redaksiyalarına məktublar yazdıq. Məktublarda hər şey Sovet qaydalarına uyğun idi. Formal cəhətdən biz Sovetlər Birliyinin yaranmasının 60 illiyi münasibəti ilə səhifə mübadiləsi edəcəkdik: biz Naxçıvanla bağlı yazılar hazırlayıb onlara göndərəcəkdik, onlar da özərk respublikaları haqqında bizə materiallar göndərəcəkdilər. SSRİ-də belə bir təcrübə var idi — bu iş mərkəzləşmiş qaydada SİTA tərəfindən həyata keçirilirdi. Biz isə belə bir  mərkəzləşmədən qaçır, birbaşa ilişkilər qurmağa çalışırdıq. Bunlardan əlavə həmin özərk respublikalarda çıxan rusdilli qəzetlərlə yox, milli dillərdə nəşr olunan qəzetlərlə işbirliyi qurmaq istəyirdik. Rusdilli  qəzetlərlə bu işi qurmaq asan idi. Onlar öz qəzetləri üçün hazırladıqları materiallardan seçib bizə göndərəcəkdilər. Biz də tərcümə edib qəzetimizin səhifələrinə qoyacaqdıq. Bu isə bizi təmin etmirdi...

Biz çətin yol seçmişdik. Çünki məqsədimiz başqa idi. Sovetlər Birliyindəki 20 muxtar respublikadan 10-da türk ləhcələrində qəzetlər nəşr olunurdu. Mən imkandan istifadə edib özərk vilayətləri olan qaraçaylara,  xakaslara,  hətta noqaylara da məktub göndərmişdim. Məktublar, əlaqə forması Sovetlər Birliyinin təbliğatına uyğun seçilmişdi. Ancaq redaksiyaların heç də hamısı bizim təşəbbüsümüzə həvəslə qoşulmadılar. Türk xalqlarına dəfələrlə məktub yazıb onları bu işə çəkmək istəyirdimsə, bəzi qəzetlərə ikinci-üçüncü dəfə müraciət etməyi  lazım bilmirdim. Qəzetimizin adından səhifələr hazırlayıb özərk respublika və vilayətlərin qəzetlərinə göndərirdik. Bu səhifələrin materiallarını mən hazırlayır, qəzetimizin rus redaksiyasında işləyən Tahirə Müslümqızı isə tərcümə edir, makinada yazır, yola salırdıq. Hazırlayıb göndərdiyimiz materiallar özərk respublikanın iqtisadiyyatının ayrı-ayrı sahələrini əhatə edirdi. İqtisadiyyata aid olan belə yazıları  bu və ya digər biçimdə tarixlə, mədəniyyətlə bağlayırdım. Məsələn, üzüm istehsalından, şərab emalından məqalə hazırlayırdımsa, əvvəlində mütləq Naxçıvanın üzümün vətəni olmasına aid araşdırıcıların fikirlərini, arxeoloji qazıntı zamanı tapılmış üzüm emalı alətləri haqqında bilgi verirdim.

Belə səhifələrimdən biri 1987-ci ilin 22 aprelində balkarların “Kommunizmqe jol” qəzetindən “Şuxluq bizqe güç beredi” başlığı ilə çap olunmuşdu. Qəzet mənə də gəlib çatmışdı. Məqalənin altında imzam yanlış verildiyinə görə redaktorun ünvanına e’tiraz məktubu da göndərmişdim. Təxminən bir ay sonra isə partiya işçilərinin Jeleznovodsk şəhərindəki “Qornı vozdıx” (“Dağ havası”) sanatoriyasında idim. Yerimizi rahatlayıb Nalçikə yollandıq. “Kommunizmqe jol” qəzetində qiyabi tanıdığım Fatma Baziyeva ilə, Əlibəylə, redaksiyanın başqa əməkdaşları ilə söhbətimiz səmimi keçsə də, mübahisəsiz ötüşmədi. Xüsusən, milli dəyərlərdən, milli münasibətlərdən söz düşəndə fikirlər haçalanırdı. Hamımız sosializm quruluşunda yaşasaq, Sovetlər Birliyində təhsil alsaq da çox fikirlərimiz düz gəlmirdi. Xüsusən, 1937-ci ildə adamların kütləvi həbsinə münasibətdə, 1943-cü ildə qaraçay-balkarların sürgünü məsələsində. Bə’ziləri həmin ağır və çətin günlərdə Azərbaycanın azsaylı türk xalqlarına himayə durmadığını söyləyirdilər. Mən isə onlara e’tiraz edir, həmin vaxt Azərbaycanda da yüzlərlə aydının həbs edildiyini, güllələndiyini, Ermənistandan Azərbaycan türklərinin  köçürüldüyünü söyləyirdim. Söhbətlərimizdən aydın olurdu ki, biz onları tanıdığımız qədər onlar bizi tanımırlar. Bu da təbii idi. 13—14 illik sürgün müddətində məktəblərini, kitabxanalarını, arxivlərini, ən əsası isə aydınlarını itirən xalq hələ yenicə dirçəlirdi.

Söhbət zamanı radioda olmaq istədiyimi bildirdim. Azdanışan, şərq qızları sayaq həyalı Fatma xanım mənə radioda baş redaktor işləyən şair Axmatd Soziyevlə görüşməyi məsləhət bildi. Özü ona zəng etdi. Telefondaca bizim haqqımızda bilgi verdi. Axmat bəy bizi radioya aparmağa gəldi. Redaksiyadan çıxanda qapıda iki nəfərlə qarşılaşdıq. Axmat bəy məni və xanımımı təqdim etdi. Sinəsində muxtar respublikanın deputatı nişanı olan şəxsin qəzetin redaktoru İ.İ. Quzyev olduğunu söylədi. Quzyev bizi tə’kidlə kabinetinə də’vət etdi.

Azərbaycandan, bizim gəlişimizin məqsədindən xəbər tutmamış, ərkyana mənə hücuma keçdi:

— Qəzetçi deyilsən? Heç özün səhvə yol vermirsən? Bir korrektura səhvinə görə məni nə atəşə tutubsan? —dedi.

— Baxır o hansı səhvdir. Sizin qəzet korrektura səhvi ilə mənim milliyyətimi dəyişib. Şalimov geniş yayılmış yəhudi soyadıdır. Mən isə türkəm.

Quzyev mənim sözümü kəsib: — Yalnız mənim yaxın qohumlarım arasında 5 nəfərin adı sənin soyadındandır. Balkarların da hər 10—15 nəfərindən birinin adı Şamildir. Yanlışlığa yol verib “l”i  önə çəkib “m”i arxada yazıblar. Bəxtin kəsib ki, indi 37-ci il deyil. Yoxsa səni çoxdan millətçi kimi həbs etmişdilər —deyərək güldü.

Sonra konuşmamız rəsmiləşdi. Quzyev Azərbaycandakı şəxsi dostlarını, qəzetimizin tirajını və s. soruşdu. Sessiyadan fasiləyə çıxdıqlarını, yenidən toplantıya qatılmaq zorunda olduğunu söylədi.

Axmat bəylə söhbətimiz ümumi tanışlıqla başlasa da, əsasında balkarların sürgün edilməsi, sürgündə və ordan geri döndükdən sonra başlarına gələn faciələr dururdu. Elə yana-yana danışırdı ki, bə’zən onun cavan olduğunu unudurdum. Mənə elə gəlirdi Axmatın özü də sürgündə  olub.

Yük vaqonlarında  tualet yoxuymuş. Küncə bir qab qoyublarmış. Ondan tualet kimi istifadə etməli, stansiyalarda  dayananda isə boşaltmalıymışlar. Cavan qız-gəlinlər qaynatalarından, ağsaqqallardan utandıqlarından həmin tualetlərdən istifadə etməməyə çalışırlarmış. Nəticədə ya böyrəkləri xarab olur, ya da sidik kisələri partlayırmış. Bax, beləcə bə’ziləri xəstəlikdən, soyuqdan ölürmüşsə, bə’ziləri də abır-həyadan ölürmüş.

Alman orduları 1942-ci ilin sentyabrında bu yerləri tutub 4-5 ay sonra — 1943-cü ilin yanvarında geri çəkiliblər. Kəndlərimizin çoxu dağlar qoynunda yerləşdiyindən qış aylarında ətraf mühitlə əlaqəsi tamam kəsilir. Balkarların, qaraçaylıların çoxu alman ordularının gəlib qayıtmasından heç soraq da tutmamışdı. Xəbərsiz insanların hamısını almanlarla işbirliyi yapmaqda suçlayıb sürgün etdilər. Bir deyən olmadı, onların iş birliyi nədəymiş.

Sovet DTK-sı onları ucqar dağ kəndlərindən qısa bir müddətdə elə toplayıb vaqonlara doldurdu ki, yazıqlar nə baş verdiyini başa düşməmiş gedib Qazaxıstanın çöllərinə çıxdılar. Rəhbər partiya, sovet xadimlərinə, hüquq işçilərinə, bir sözlə, sosializm quruculuğuna bütün varlığı ilə inanan və ona xidmət edənlərə, onların ailələrinə də güzəştə getmədilər.

Bu gün qəzetlərdə, jurnallarda, kitablarda iftixarla yazır, az qala hər gün televiziya və radioda səsləndiririk: Kabarda-Balkar Muxtar Respublikasında 25 nəfər Sovet İttifaqı Qəhrəmanı var, 15 min nəfər isə cəbhədən orden və medallarla qayıdıb. Müharibədə minbir əziyyət çəkən, ölümün pəncəsindən xilas olaraq şikəst və ya sağlam geri dön balkarları vətənə buraxmadılar. Onları da ailələrinin arxasınca sürgünə göndərdilər. Sürgündə isə ailə üzvlərini tapmaq çox çətin idi. Hərəni bir tərəfə dağıtmışdılar. Komendantın icazəsi olmadan bu kənddən o birinə getmək mümkün deyildi. Hələ bunlar azmış kimi, həyatın dibinə endirilmiş adamların hər 15—20 nəfərindən biri öz soydaşlarından komendanta xəbərçilik etməliydi. Hamı narazı olsa da, bu narazılığı dilinə gətirənlər incidilir, həbsxanalara göndərilirdi.

Mən: — Buna da şükür. siz N.X. Xruşşovun İ. Stalin əleyhinə başladığı kompaniya sayəsində vətənə dönə bildiniz. Krım türkləri Axısxa (Mesxeti) türkləri isə hələ də sürgündədirlər,—dedikdə Axmat bəy könülsüz-könülsüz:

“SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar 1957-ci il fərmanı formal bir sənəd idi. Sürgündən geri dönənlər ev-eşiklərinin ya uçub dağıldığını, ya da onlarda başqalarının məskunlaşdığını gördülər. Yenidən doğma yurdda yuva qurmaq dağlıq bölgə şəraitində çox çətin oldu. İnsanların həyatında heyvandarlıq əsas rol oynayır. Balkarlar da tarixən buna alışmışlar. Sürgündən gələndə isə bilmirdilər özlərinə ev tiksinlər, damazlıq inək, keçi, qoyun alsınlar, yoxsa ala bildikləri heyvanlara tövlə tiksinlər.

Sürgün haqqında yazmaq o yana, toplum içərisində o barədə  danışmaq belə yasaq idi. Son illərdə qorxa-qorxa sürgün məsələsinə toxuna bilirik. Hamımızın içərisinə çökmüş qorxu hələ də bizlərə həqiqəti dolğun yazmağa imkan vermir”.

İlk baxışda Axmat Sozayev xoşbəxt insanlardan idi. Gənc yaşında rusca və ana dilində bir neçə şe’rlər kitabı çıxmışdı. Kabarda-Balkar Muxtar Respublikası Lenin komsomolu laureatıydı, Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor işləyirdi, yə’ni vəzifəsi də vardı, onun Sovetlər Birliyindən narazı qalmağa sanki haqqı  yox idi. Amma o narazıydı. Bu narazılıq şəxsən özünə görə deyildi. Xalqının başına gətirilənləri heç cür bağışlaya bilmirdi. Tarixi çözələyirdi. Az qala balkarların hər nəslinin, hər tayfasının 19-cu yüzildə Rusiya imperiyasına qarşı necə döyüşdüklərindən, Şamil hərəkatında necə fəal iştirak etdiklərindən söz açır, bəzən də döyüşlərin daha geniş bölgəni çulğadığı 1824-25, 1837, 1854-cü illərdən söhbət açırdı.

Onun Quzey Qafqaz haqqında rusca yazılmış tarixi və bədii kitablar oxuduğu aydın idi. Mən isə söhbətimdə bir az yazılanlara məntiq əsasında yanaşmağa çalışdım:

— Axmat bəy, tarix kitablarında kabarda-balkarların 1727-ci ildə Rusiya imperiyasının tərkibinə qatıldığını yazırlar. Elə onun arxasınca da bu yerlərdə 1804-cü, 1824—25-ci illərdə müstəmləkə zülmünə qarşı üsyanların baş qaldırdığını göstərirlər. —dedim.

Axmat bəy bir xeyli durub:

Düzünə qalsa, tarixi hadisələrə bu cür yanaşmamışam. Yazılanların çoxunun yalan olduğunu hamı bilir. Yazanların özləri də bilirlər. Şamil əsir alınandan, minlərlə soydaşımız Türkiyəyə köçmək məcburiyyətində qalandan, Sibirə sürgün ediləndən sonra da dağlarda dinclik yaranmadı.

Onların yazdıqlarına inansaq, soykökümüzün bir olduğu, birlikdə dövlət qurub idarə etdiyimiz  Krım türkləriylə, bu gün “noqay” adlandırılan türklərlə, lap elə siz azərbaycanlılarla düşmən olmalıyıq. 200 ildi təbliğat aparırlar — bir şey çıxmır. Yenə də  bir-birimizin səsini eşidəndə tanımaza-bilməzə qardaş kimi qucaqlaşıb görüşürük. Dilimiz bizi  möhkəm tellərlə bir-birimizə bağlayıb. Heç bir fitnə-fəsad, ləhcə ayrılıqlarının şişirdilməsi bu telləri qıra bilməz. Biz  dağlılar əyilməz, qürurlu xalqıq, bu gün parçalanıb zəifləmişik.  Ağır döyüşlərdə çoxlu qan itirmiş döyüşçü kimiyik. Sabah yaralarımız sağalıb, gücümüz bərpa olunanda yenidən döyüşə atılacağıq. —deyir.

Axmat hməd danışdıqca qəlbim qürur hissiylə dolur. Öz içimdə yaxın və uzaq tarixi götür-qoy edirəm. Rusiyanın apardığı tarixi yaddaşsızlaşdırma metodunun hər addımda iflasa uğradığının şahidi oluram. Rusiya tarixçilərinin yazdığına görə, Quzey Qafqazda erkən dəmir dövründə skif və sarmat mədəniyyətinin izləri tapılıb. Bu xalqlar isə kabardalıların, adıgeylərin, çərkəzlərin əcdadı hesab edilir. Balkarlar qıpçaq köklü olub 13-cü yüzilin başlanğıcında tatar-monqollarla dağlara çəkilib bu yerlərdə məskunlaşdıqlarını yazırlar.

Skiflərin (saklar), hunların, xəzərlərin, bulqarların türk kökənli olduğunun  üstündən isə sükutla keçirlər. Amma atalar sözü var: ”Cidanı çuvalda gizlətmək olmaz”. Son illər balkar bilgini Miziyev apardığı araşdırmalar, yayınlatdığı kitablar, qəzet və jurnal məqalələri çox qaranlıqlara işıq salır.

Rusiya çarları qonşuluqlarındakı qüdrətli Krım xanlığını gücdən salmaq üçün öncə adıqları parçalayıb onların bir tayfasından istifadə etdi. Kabardalılar adlanan bu tayfa Moskva çarları ilə qohum oldular. Kiçik bir bölgədə — Mərkəzi Qafqazda yaratdıqları “dövlət”in 1557-ci ildə Rusiyanın tərkibinə daxil olduğunu elan etdilər. Bu oyuncaq dövlətə diqqət yetirməkdə Rusiyanın məqsədi onlardan Krım xanlığına və Osmanlı dövlətinə qarşı dayaq məntəqəsi kimi istifadə etmək idi. Bu da mümkün olmurdu. Nəinki 16—17-ci yüzillikdə heç 19-cu yüzildə də Quzey Qafqaz xalqları Rusiya qanunlarını qəbul etmək, bu qanunlar əsasında yaşamaq istəmirdilər. Çünki onlar həmin mərhələni min-iki min il öncə keçmişdilər. Qul sözü bu xalqlara nağıl və rəvayətlərdən qalmışdı. İnsan azad olmuşdu. Rusiyada isə 19-cu yüzilin ikinci yarısında belə, qəzetlərdə knyazların kəndlər, kəndlilər satdığına dair elanlara rast gəlmək olurdu. E’lanlarda yazılırdı: “Knyaz filankəs, filan kənddən 3 nəfər 15—18 yaşlı qız satır. Qızlar ev-eşik işləri görməyi, toxumağı bacarırlar.” Və yaxud: “Filan kənddə 15 nəfər hər cür fiziki işə yararlı cavan kişi satılır”.

Satılan oğlanın, qızın ata-anaları övladlarının sonrakı taleyindən xəbərsiz olurdular. Rusiyada təhkimçilik hüququ 1861-ci ildə rəsmən ləğv olunsa da, yaşayırdı. Geridə qalmış, hərbi qüdrəti gündən-günə artan Rusiya işğal etdiyi əraziləri də beləcə—təhkimçilik qaydaları ilə idarə etmək istəyirdi. Bu da daimi üsyanlar, qiyamlar kütləvi çaxnaşmalar törədirdi.

Axmat bəy bizi balkarların döyüş yerləri, tarixi abidələri ilə tanış edə bilməyəcəyi üçün üzrxahlıq etdi. Bizim gəlişimiz Axmatın işinin ən qaynar çağına düşmüşdü. Mən isə qaldığım sanatoriyadan Elbrusa, Göy gölə, Çegem dərəsinə təşkil olunmuş turist səfərlərinə bilet aldığımı bildirdim. Axmat da ürək ağrısıyla ekskursavodların-bələdçilərin balkarları turistlərə geridəqlmış, az qala yarımvəhşi kimi tanıtmasından gileyləndi və — Elbrusun zirvəsinəmi qalxacaqsan? Mütləq Yusup İbrahimoviçlə məsləhətləş! —deyə zarafat etdi. Sonra da — Gedəcəyiniz yerdəki  ”Elbrus” kepinqinin direktoru dostumuz Yusup İbrahimoviçdir. Onunla mütləq görüşərsən. SSRİ-nin məşhur alpinistlərindəndir. Dəfələrlə Elbrusun və b. dağların zirvəsinə qalxan dəstələrə başçılıq edib. İndi tə’limatçılıqla məşğuldu. Alpinistləri öyrədir. 1982-ci ilin mayında Comolunqmanı gecə fəth edən Sovet alpinistlərinin də tə’limatçısı Yusup İbrahimoviç olub. —dedi.

Həkimlər xanımıma yüksəkliyə qalxmağa icazə vermədilər. O, Qazaxıstanın Uralsk şəhər partiya komitəsinin I katibinin bizimlə bir sanatoriyada dincələn qızına göz-qulaq olmağı mənə tapşırdı. Tibb institutunun son kursunda oxuyan bu qazax qızı olduqca utancaq və çəkingən idi. Bizlərdə belələrinə “elə bil kənddən yenicə gəlib” deyirlər.

Axmat bəyin dediyi an gəlib çatır. Milliyyətcə rus olan bələdçi qəribə bir təbəssümlə balkarlar arasında  çoxuşaqlılığın geniş yayıldığını,  hətta Zayukovanın 17 uşaq dünyaya gətirdiyini deyəndə avtobusdakılar gülüşür, müxtəlif atmacalar atır, bunu az qala geriliyin, vəhşiliyin örnəyi kimi qiymətləndirirlər. Onlara qoşulub mən də gülürəm. Amma sevincindən gülürəm. Ürəyimdə deyirəm: ”Kərəminə şükür, ilahi! 200 ildir Rusiya müstəmləkəçiləri bu xalqı qırır. Amma qurtara bilmir. Çünki sağ qalan hər bir ailə min bir əziyyətlə də olsa, 10—15 övlad böyüdür. Bəlkə ata-anaların özləri də bunun xalqa və millətə nə qədər gərəkli olduğunu düşünmürlər. Əhmədlə görüşəndə ona: “Cavan rus qızı olan bələdçilərin istehzasından narahat olma, qardaşım. Əksinə, qürur duy! Demək, sənin xalqın yaşayır və yaşayacaq” —deməyi qərara aldım.

Şxelda zirvənin ətəyində coşub-daşan dağ çayının sahilində salınmış “Elbrus” kempinqi üçün olduqca gözəl yer seçilmişdi.  Bina doğudan iynəyarpaqlı, batıdan enliyarpaqlı ağaclarla əhatə olunmuşdu. Pəncərələrdən Şxeldanın qarlı zirvəsi görünürüdü. Biz birinci gün burada qalıb dincəlib, şəraitə alışandan sonra ertəsi gün Elbrusun qarlı yamaclarına gəzməyə gedəcəkdik.

Kempinqin işçilərinin ikisi foyedə nərd oynayır, bir neçə gənc də azarkeşlik edirdi. Uduzmaqda olan oyunçu əsəbiliklə zər atır və ana dilində söyüş söyürdü. Yaxınlaşıb sakitcə: —Bacarmırsan, oynama! Niyə söyüş söyürsən?! Görmürsən qadınlar var?! —dedim. Oyunçular da, azarkeşlər də təəccüblə mənə, bir də aralıda dayanmış qazax qızına baxaraq, işin nə yerdə olduğunu anladılar. —Elə bildim gələnlər rusdur. Dediklərimi anlamazlar. Bağışlayın, — deyib nərdi örtdülər. Utandıqlarından nəinki qızdan üzr istədilər, heç ona tərəf baxmadan sakitcə dağılışdılar.

Günortadan sonra foyedə nərd oynayan gənclərdən biri gəlib məni direktor çağırdığını  söylədi. Direktorun otağında yaşı 40-ı keçmiş, pəhləvan cüssəli birisi əyləşmişdi. Axmat bəyin təsvirindən Yusup (İbrahim oğlu) olduğunu bildim. İrəli gəlib mənimlə mehribanlıqla görüşdü. Nərd oynayanlara görə üzrxahlıq etdi. Azərbaycandan olduğumu biləndə sevinci daha da artdı. Dostlarını xəbər aldı. Xəbər aldığı adamların hamısını tanısam da, çoxu ilə şəxsi əlaqəsi yox idi.

Mən də ona Axmat bəyin salamını çatdırdım.Üzü güldü. Axmatla bağlı bə’zi hadisələri lətifəvari danışdı. Mən ondan məşhur balkar şairi Qaysın Quliyevlə qohum olub-olmadığını soruşanda: —Bu, rusca yazılışdan gələn dolaşıqlıqdır. Mənim soyadım Gülüyevdir. Rusca yazanda “Gül” “qul”a çevrilir.—deyərək bərkdən güldü. Sonra da: —Keçib gəldiyiniz yolun sağında qalan, buradan 5 kilometr aşağıdakı Yuxarı Baksan kəndində doğulmuşam. —dedi.

Axmat bəydən onun SSRİ alpinistləri sırasında dünyanın ən uca  zirvələrini fəth etdiyini öyrəndiyimi deyəndə əlini yelləyərək: —Kiçik şeydir. Bu yerlərdə insanlar anadan alpinist doğulurlar. 1829-cu  ildə general Q.A. Emanuel Elbrusun zirvəsinə ekspedisiya təşkil edəndə Axiey Sattayev bələdçi olub. O, ingilis Duqlas Freşfildin 1868-ci ildə təşkil etdiyi ekspedisiyanın tərkibində də Elbrusun zirvəsinə qalxıb. Neçə-neçə qrupa bələdçilik edən Axiey 130 il ömür sürüb. Sonuncu dəfə 114 yaşında Elbrusu aşıb. O heç “alpinist” sözünün nə olduğunu da bilmirdi, adi bir balkar ovçusuydu. Mənim yaxından tanıdığım Çokka Zəlixanov da dəfələrlə Elbrusun zirvəsinə qalxıb, sonuncu dəfə 110 yaşında! 10 yaşlı oğlum İbrahimə də bu il 3 dərəcəli alpinist nişaın veriblər. —dedi.

O elə söhbət edirdi,  elə bil 5642 metr ucalığındakı dağın zirvəsinə qalxmaq su içimi kimi bir şeydi. Mən də zarafata salıb: —Yusup bəy, elə danışdınız, məni elə həvəsləndirdiniz, səhər turistlərdən ayrılıb Elbrusun zirvəsinə qalxacam. Axşam gəlməsəm, narahat olmayın. —dedim.

Zarafatıma zarafatla: —Sən də çıxa bilərsən, fiziki hazırlığı olan hər bir adam da. Oğul ona deyərəm, adını bəsini  eşitmədiyiniz Uşbaya çıxa. Şxeldanın zirvələrindən biri olan Uşba 4700 metrdən bir az ucadır. Onun da 4000 metrlik qayalığı buz layı ilə örtülü olur. Necə deyərlər, qarış-qarış qalxmaq, ayağına yer açmaq üçün qaya kimi sərt  buzları çapmaq lazım  gəlir —deyir. O bu yerlərdə baş verən  qar uçqunlarının hər il 100 hektarlarla meşəni dəryaz kimi biçdiyindən, ov heyvanlarının zənginliyindən, təbiətin  gözəlliyindən necə deyərlər (hər qarışından, hər bir insanından) ilhamla söhbət açdı. Balkariyanın Qafqaz ərazisinin cəmi 3%-ni təşkil etdiyini, amma burada Qafqazda bitən 6000 çiçəkdən 3000-nə rast gəlmək mümkün olduğunu ondan eşitdim. Yusup bəylə söhbətədək bilmirdim ki, Elbrus dağında qarın qalınlığı 400 metrə çatan yer var. Dağda daimi buz örtüyünün sahəsi 144,5 kv. km-dir. Qafqazda dəniz səviyyəsindən ən aşağı yüksəklikdə 230 metrdə olan buzlaq Şxeldadır. Ümumiyyətlə, Böyük Qafqaz dağlarında 1400 buzlaq qeydə alınıb. Bunların çoxu balkarlar və qaraçaylar yaşayan ərazilərdədir. Bu buzlaqlar yüzlərlə bulağı  bir-birindən dadlı su ilə tə’min edir. Ümumiyyətlə, bu yerlərdə bulaqların sayını bilən yoxdur.

Əslində bura müalicəvi mineral bulaqları ilə, əsrarəngiz təbiəti ilə mö’cüzəli bir diyardır. Bir də baxırsan, buzlaqların arasından qaynar su kükrəyib çıxır. Adamlar qarın üstünə adyal atıb dəniz sahili çimərliklərində olduğu kimi, soyunub günəş vannası qəbul edirlər. Baksan çayının yuxarı vadisindədəniz səviyyəsindən 2150 metrlikdə olan bir sahə qışı ən isti olan bölgə sayılır. Buranın havası adətən Orta Asiya ilə müqayisə edilir.

Bu yerlərdə yaşamaq çox çətindir. Az qala ilin 7 ayı hər tərəf qarla örtülü olur. Amma bütün bu çətinliklərə baxmayaraq, balkarlar yurdlarını coşğunluqla sevirlər. Buzlaqlardan başlayan köpüklü çayları ilə də, minbir dərdin dərmanı bulaqları ilə də, sıx ormanları,  il boyu qarlı zirvələri ilə də, hətta deyərdim mal-qaralarına tez-tez hücum edən ayıları, qurdları ilə də öyünürlər. Bu yerlərdə torpağın altı da, üstü  qədər zəngindir. Volfram-molibden yataqlarının yaxınlığında Tırnauz mə’dən-metallurgiya kombinatı işləyir. Bunun hesabına dağlar qoynunda yaraşıqlı bir şəhər salınıb.

Ormanlar arasında güzgünü xatırladan Göy gölün sahilində gəzəndə də, Çegem dərəsində sevgililərin göz yaşı bulaqlarına baxanda da mənə elə gəlir ki, bu yerlərdə doğulub boya-başa çatmışam. Çeqet dağının 2719 metrliyindəki “Ay” kafesində oturub Elbrusun qoşa zirvəsinə baxıram. Buradan dağın qoşa zirvəsi çox aydın görünür. Bəxtimdən duman-çən də yoxdur. Bir azdan özümü saxlaya bilməyib qara bata-bata  daha yuxarılara  dırmaşmaq istəyirəm. Sağımdan, solumdan xizək sürənlər şütüyürlər. Ürəyim məni  zirvələrə, bələdçimizin və yol yoldaşlarımın səsi ilə kanat meydançasına səsləyir. Geri dönmək vaxtıdır. Bələdçilər türkcə olan dağ, dərə, göl, çay, şəhər, kənd adlarının rusca tərcüməsini deyəndə, mən doğma yerlərə yadların axıb dolduğunu ağrıyla duyurdum. İçimdə kədər qarışıq qəzəb baş qaldırırdı.

1989-cu ilin iyulunda da, 1990-cı ilin sentyabrında da Axmatlə görüşəndə hər ikimiz elə bil bir-birimizdən çəkinirdik. Axmat üstüörtülü Azərbaycan olaylarına gendən baxdıqlarına görə narahat olduğunu bildirirdi:

 —Bir muxtar respublikamız var. Onun da adı muxtardır. Nə dilimizdə məktəbimiz var, nə də hüququmuz. Bir tərəfdən rusların basqısı altındayıqsa, digər  tərəfdən dinimiz bir, dilimiz ayrı olan kabardalı qardaşlarımız sıxışdırır bizi. 80—90 min balkarıq. Rusların sayı 220 mini, kabardalılarınkı isə 330 mini keçib. İnzibati ərazini qəsdən belə təşkil ediblər, bizimlə  eyni dildə danışan, eyni dindən olan xalqa “qaraçay” adı verib çərkəzlərlə bir muxtar vilayətdə birləşdiriblər, —deyir.

— Bu muxtariyyatlar, respublikalar üçün biz babalarımıza minnətdar olmalıyıq. 1918—20-ci illərdə onlar qanları bahasına müstəqil dövlətlərimizi yaratmağa cəhd göstərməsəydilər, bolşeviklər heç bir muxtariyyət verməzdilər. Çarizm zamanında olduğu kimi, Rusiyanın bir vilayəti olaraq idarə edəcəkdilər.

Mənim söhbətim Axmat bəyin də ürəyindən oldu. Amma qaraçaylarla balkarların iki xalq kimi tanıdılması, iki inzibati bölgüyə daxil edilməsi ilə heç cür razılaşa bilmirdi.

Axmat bəylə ilk görüşümüzdə balkar yazılı ədəbiyyatı mövzusunda söhbətimizdə fikir ayrılığı yaranmışdı. O, Qaysın Quliyevin yaradıcılığını yüksək qiymətləndirirdi. Mən isə balkar xalqını Qaysın Quliyevə görə tanısam da, onun yaradıcılığına o qədər də önəm vermirdim. Q. Quliyevin şerləri Azərbaycan türkcəsinə çevrilmiş, haqqında istər azərbaycanlı, istərsə də rusiyalı ədəbiyyatşünaslar xeyli tərif dolu məqalələr yazmışdılar. Bunların çoxu ilə tanış olduğuma görə fikrimin üstündə durur, Q.Quliyevi ədəbiyyata yenilik gətirməmiş, dərin fəlsəfi və milli dəyərli şerləri olmayan, Sovetlər Birliyinin onlarla tərənnümçü şairlərindən biri hesab edirdim. Yerliçilik duyğusundanmı, ya Axmat Sozayevin öz yaradıcılığına da söylədiyim fikirlər uyğun gəldiyindənmi, mənimlə razılaşa bilmirdi. Mübahisəmizin gərgin keçməsi səmimiyyətimizə söz yox, təsir etmirdi. Axmat bəy balkar ədəbiyyatının qüdrətini sübut üçün ana dilində müxtəlif şairlərin əsərlərindən nümunələr söyləyir və onları təhlil edirdi.

— Axmat bəy, adını çəkdiyiniz şairlərin heç birinin əsərlərini oxumadığıma görə sizinlə mübahisə edə bilmərəm. Heç adlarını da eşitməmişəm. Yalnız Kazım Meçiyev haqqında Azərbaycan ensiklopediyasında qısa bir bilgi oxumuşam. Bir misra da olsun şe’rini oxumamışam. Oxuduğum Qaysın Quliyevdir. Onun haqqında da söylədiklərində məni fikrimdən döndərə bilmədi, —dedim.

Axmat bəy ayrılanda Kazım Meçiyevin şerlər kitabını mənə bağışladı. 100 səhifəlik bu kitabda şerlər və iki poema salınmışdı. 1859-cu ildə Şiki aulunda doğulan Kazım Bekki oğlu 1945-ci ilin 25 martında sürgündə Qazaxıstanın Taldı Kurqan şəhərində  ölmüşdü. Onun şe’rləri Azərbaycanda 20-ci yüzilin önlərində yaşamış orta səviyyəli aşıqların şerlərinə oxşayırdı. Şairin 1910-cu ildə Həccə getdiyi zaman İstanbulda, Məkkədə yazdığı şe’rlər 1920-ci ildən sonra yazdığı şerlərlə uyğun gəlmirdi.

1989-cu ilin iyulunda Axmat bəylə Nalçikdə yenidən görüşəndə zarafatımdan qalmadım:

— Axmat bəy, deyəsən kitab nəşr olunsun deyə Kazım bəyin adından Lenin, Oktyabr, Pioner, kolxoz mövzusunda şe’rlər də yazıbsınız. Bizdə də bu təcrübədən çox istifadə ediblər. —dedikdə o ciddiyyətlə: —Yox, hamısı öz şe’rləridir. —dedi.

—Bəs onda dini məzmunlu şe’rləri hanı? —deyə sual verdikdə mə’nalı-mə’nalı üzümə baxdı. Onun baxışından: Sizdə məgər dini məzmunlu şe’rləri çap etmək mümkündür? —sualı  oxunsa da, dildə: —Hər şeyə bir qulp qoymağı sevirsən! —deyərək, zarafata keçdi.

Mən isə ondan əl çəkmək istəmirdim:

— Siz deyirsiniz balkarlar bu yerlərin qədim sakinləridir. Zəngin folklorunuz da var. Bu çox gözəl. Bir tərəfdən də Kazım Meçiyevin balkar yazılı ədəbiyyatının banisi adlandıraraq onunla öyünürsünüz. Necə qədim xalqsınız ki, yazılı ədəbiyyatınız 19-cu yüzilin sonlarından başlayır? Özünüzə zidd getmirsnizmi? Bəlkə birdən Çegemi ayırıb başqa bir inzibati mərkəzəçevirdilər. Onda Qaysın Quliyev də Çegem ədəbiyyatının  banisi olacaq? —deyə xəbər aldım.

Axmat bəy nə demək istədiyimi anlayıb xeyli düşünməli oldu: Çətin sual qarşısında qoydun məni. Bunun üçün zaman və çox iş lazımdı. Əməli bir iş görməmiş danışmağı artıq sayıram.—dedi. Ayrılanda 1985-ci ildə Moskvada “Sovetskiy pisatel” nəşriyyatında rusca çap olunmuş “Letyaşis okna” şe’rlər kitabına “Doroqaya sestra Aziza, brat  Ali. S pojelaniem bolşoqo sçastya! Sau boluquz! avtor Axmat. 3.08.89”.

1987-ci ildə Nalçikdə “Elbrus” kitab basmasında yayınlanmış “Kolla” (“Qollar”) adlı şe’rlər kitabına: “Bahalı qonaqlarım — Azizaqa bla Aliqe nasıbıqız köp bolsun! deyme. 3 avqustda 89 j. Axmat Sozayev” yazıb bizə bağışladı.

Zaman elə gətirdi A.Sozayevlə 1990-cı ildən sonra görüşə bilmədik. Müxtəlif toplantılarda balkarların milli azadlıq hərəkatı öndərləri ilə görüşəndə Axmati soraqladım. O da Azərbaycandan tanıdığı adamlardan narahatlıqla “Əli sağdırmı” deyə məni soruşur, salam göndərirdi.                                

11.04.1997

 

 

Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 118-128

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol