ÜLVİ HİSSLƏR İNSANI DƏYİŞIR
Respublikamızın xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, rejissor Eldar Quliyevin adı kino həvəskarlarına yaxşı tanışdır. “Səmt küləyi”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Ürək... ürək...” və başqa filmləri ilə tamaşaçıların qəlbinə yol tapmış rejissor muxtar respublikamızda yeni film üzərində ciddi yaradıcılıq işi aparır.
Ordubad rayonunun Dırnıs kəndi C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çəkiliş meydançasına çevrilmişdir. E. Quliyev burada “Gümüşü gölün sirri” adlı film çəkir. Filmin yaradıcı qrupu sonralar öz işlərini Arpaçay dəryaçasında davam etdirəcəkdir.
Qəzetimizin müxbiri Ə. Şamilov quruluşçu rejissor E. Quliyevlə görüşüb kiik müsahibə almışdır.
Müxbir – Eldar müəllim, necə oldu ki, siz “Gümüşü gölün sirri” filminin kəndlə bağlı kadrlarını məhz Naxçıvanda çəkməyi qərara aldınız?
E. Quliyev – (Zarafatla) Naxçıvanın ayağı mənə düşür. İlk dəfə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Babək” filmini Naxçıvanda çəkdim. Filmi bir ildə 25 ölkə aldı. “Babək” filmini çəkəndə irad tuturdular ki, nə üçün mən gözəl mənzərəli, yaşıllıqlı rayonları deyil, Naxçıvanın quru, müxtəlif rəngə çalan dağlarını fon kimi seçmişəm. Mən bununla tamaşaçılara demək istəyirdim ki, Vətənin heç nə bitirməyən daşı, kəsəyi də onun övladları üçün əziz olmalıdır.
“Gümüşü gölün sirri” filmi üçün respublikamızın bir çox yerlərini gəzdim. Laçında Qaragölə çıxdım, Qutqaşendə Bayraməli nohurana baxdım, Qubada, Qusarda, Şamxorda, Qazaxda və başqa rayonlarda oldum. Xalçaçılıqla məşğul olan gənc sənətşünüs Fəridin gəldiyi dağ kəndi mənim nəzərimdə Dırnısa daha çox oxşayır. Həm də “Babək” filmini çəkərkən gördüm ki, bu yerin adamları sənətə böyük məhəbbət bəsləyirlər. Bizə hər cür köməklik göstərirlər. Əminəm ki, “Gümüşü gölün sirri” filminin çəkilişində də nəinki dırnıslılar, bütün ordubadlılar bizə yaxından kömək edəcək, əllərindən gələni əsirgəməyəcəklər.
Müxbir – Filmin yaradıcıları haqqında nə deyə bilərsiniz?
E. Quliyev – Ssenarisini istedadlı yazıçı İsi Məlikzadə ilə mən yazmışam. İkinci dəfədir ki, ssenari sahəsində qələmimi sınayıram. “Nizami” filmində də ssenari müəllifi İsa Hüseynovla mən idim. Filmin operatoru Rafiq Qənbərovdur. Rafiqin bu sahədə zəngin təcrübəsi olsa da ilk dəfədir ki, bir yerdə işləyirik. Rəssamı isə Respublika Lenin komsomolu mükafatı laureatı Mais Ağabəyovdur. Mais indiyədək 11 filmdə geyim üzrə rəssam və sairə işləyib. “Babək” və “Nizami” filmlərində onunla birgə işləmişəm. Bir-birimizin iş metoduna yaxşı bələdik. Filmin musiqisini isə hamımıza yaxşı tanış olan görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayev yazacaqdır. Müslüm ilk dəfədir ki, bədii filmə musiqi yazır.
Müxbir – Bir neçə kəlmə də filmin aktyor ansamblı haqqında məlumat versəniz oxucularımız üçün maraqlı olar.
E. Quliyev – filmdə baş rolu – Fərid rolunu C. Cabbarlı adına “Azərbaycan film” kinostudiyasının aktyoru Eldəniz Rəsulov oynayır. Eldəniz indiyədək “Sevinc buxtası” , “Babək”, “Nizami” filmlərində bir çox epizodik rollarda çəkiləndə mənimlə işləyib. İmkanlarına, bacarığına bələdəm. Fəridin həyat yolunu dəyişdirən, onu öz sadəlövh dünyagörüşü ilə “orbitdən” çıxaran Leyli roluna isə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun II kurs tələbəsi Yelena Siranova çəkilir. Bu Yelenanın və Eldənizin kinoda ilk böyük roludur.. Ümumiyyətlə, filmdə çəkilənlərin əksəriyyəti gənclərdir. N. B. Vəzirov adına Lənləran Dövlət Dram Teatrının rejissoru Kamil Zöhrabov Dəmir, M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının aktrisaları Şükufə Yusifova – Səidə. Mətanət Atakişiyeva – Nərgiz, M. Əliyev adına Azərbaycan Dövlət İnstitutunun II kurs tələbəsi Etibar Rəhimov – Rza rollarında çəkilirlər. Filmdə tanınmış aktyorlardan respublikanın xalq artistləri Firəngiz Şərifova – Fəridin anası Fatma xanım, Həsənağa Turabov isə Ağazəki surətlərini yaradacaqlar.
Müxbir – Sizi tamaşaçılar əsasən yaxın və uzaq keçmişimizdən bəhs edən tarixi filmlər müəllifi kimi tanıyırlar. Necə oldu ki, indi lirik-psixoloji film çəkməyi qərara aldınız?
E. Quliyev – Düzdür, mən son zamanlar tarixi filmlər çəkirdim. Lakin həmin filmlərdə də müasirlərimizi düşündürən bir çox məsələlərə cavab verməyə çalışırdım. Yaradıcılığımın ilk dövrlərində də psixoloji filmlər çəkməyə meyl göstərmişəm. Məni həmişə narahat edən laqeydlik, məhdud həyat tərzi olub. Həmişə mən insanları bu laqeydlikdən silkələyib, fəal həyat mövqeyində durmağa çalışmışam. İsi Məlikzadənin “Gümüşü gölün əfsanəsi” povestini oxuyanda hiss etdim ki, bu mövzuda məni narahat edən məsələləri daha qabarıqlığı ilə verə bilərəm. Odur ki, filmin ssenarisi üzərində birgə işləməyi xahiş etdim. Razılaşdıq. Film müasirlərimizin mənəvi-psixoloji anlarını göstərən, onları mənəvi kamilliyə çağıran bir əsər olacaqdır. Gənclərin xarakterinin formalaşmasına da yəqin ki, müəyyən təsir göstərəcəkdir.
Müxbir – Müsahibəyə görə çox sağ olun.
“Sovet Naxçıvanı” qəzeti,
14 avqust, 1984- cü il, sayı 189.
|