Tudora Arnaut haqqında

Qaqauzam, Bucaqdir yerim: –

TUDORA ARNAUT

 

Yoldaşları ilə qızğın söhbət edə-edə yataqxanaya gedən Ejer məni qarşısında görəndə bir an duruxdu. Qıyıq gözləri daha da balacalaşdı. İçdən gələn bir səmiyyətlə görüşdük. Mən tələbə yoldaşım Əlipənah Bayramovun evindən metronun Elmlər Akademiyasına, o isə əks istiaqmətə — universitetdən yataqxanaya gedirdi. Tələsdiyimdən görüş üçün vaxt  müəyyənləşdirib  ayrılmaq istədim. Bunu hiss edən Ejer yanındakı qızlardan ikisini göstərərək: “Qaqauzdurlar. Bu il universitetə qəbul olunublar,”—dedi.

Onun verdiyi xəbər məni də bərk sevindirli. Ərklə: “Götürüb gətirərsən Naxçıvana. Tut arağını bol edəcəyəm!”—deyib ayrılmaq istədim. Bayaqdan sakitcə duran qızlardan qarabuğdayı, bəstəboylusu qaş-qabağını salladı. Sözüm xatirinə dəydiyini anlasam da üstünü vurmadım.

Azərbaycanı bürümüş mitinq dalğası, təqiblər, qadağalar, komendant saatları Bakıda təhsil alan altaylı və  qaqauz tələbələrini Naxçıvana aparmaq istəyimizi 6-7 ay yubatdı. Meydan dağıdılandan (5 dekabr 1988-ci il) sonra yalnız Bakıda deyil, Azərbaycanın hər yerində bir sakitlik hökm sürürdü. İnsanların içərisində azadlıq eşqi kükrəsə də üzdə bir sükut vardı. Sükut buzunu qırmaq, qadağaları da pozmaq lazım idi.

Çox ölçüb-biçdikdən sonra kəndlərdə ilk baxışda siyasətdən uzaq, maarifçi mitinqlər keçirməyi qətiləşdirdik. Naxçıvan Dövlət Tarix Muzeyinin nəzdində yaratdığımız “Yurd” tarix-etnoqrafiya birliyini işə qoşduq. Əslində bu birlik gizli fəaliyyət göstərən təşkilata üzvlər cəlb etmək, milli şüuru oyatmaq məqsədilə yaradılmışdı. Özünün idarə orqanı—idarə heyəti olsa da, idarə heyətin üzvlərinin yarısı gizli  təşkilatın üzvü olduğundan əslində gizli təşkilat tərəfindən idarə olunurudu.

Universitetdə fəaliyyt göstərən “Yurd” birliyinin (hər iki birliyin adı eyni olsa da bir-birindən asılı deyildilər) öncülləri ilə danışıb razılaşdıq. Aprel ayının ikinci yarısında Əlisəfa[1], Bahəddin, Tina filologiya fakültəsinin IV kursunda oxuyan  altaylı Ejer Çolokov, qaqauz Fyodora (Tudora) Arnautla birlikdə Naxçıvana gəldilər.

Naxçıvan sərhəd bölgəsində olduğundan burada doğulub başqa bölgələrə oxumağa, işləməyə gedənlər də istədikləri vaxt evlərinə dönə bilmirdilər. Mütləq buraxılış vərəqəsi almalı idilər. Buna görə də tələbələr Bakı—Yerevan qatarına bilet almışdılar. Naxçıvan dəmiryol stansiyasında sərhədçilərin diqqətini yayındırıb onları vaqondan endirdik.

Gəzə-gəzə heykəllərlə, tarixi abidələrlə tanış ola-ola şəhərə doğru gedirdik.  H.Cavid kinoteatrının yanında Əsəd Əliyevlə qarşılaşdıq. Nehrəm kəndində müəllim işləyən Ə.Əliyevin geniş dünyagörüşü, biliyi, gözəl danışığı və xoş xasiyyəti ilə Naxçıvandan kənarda da tanınırdı. Tələbələri görən kimi mehribanlıqla görüşdü. Nehrəm kəndində mitinq olacağından, tələbələr orada çıxış edəcəyindən xəbərdardı. Özü də harasa tələsirdi. Uşaqlarla söhbəti Nehrəmə saxlamağa da həvəsi yoxdu.

Çıxış yolunu yaxınlıqdakı çayxanada əyləşib söhbət etməkdə tapdıq. Arxiv  idarəsinin arxasında  yerləşən bu çayxana bizə mərhəm idi. Hər  gün  burada toplaşır, müzakirələr edir,  lərimizi burada planlaşdırırdıq. Naxçıvanda çayxanada qadınlar oturub çay içməzlər. Amma bu dəfə yanımızda qızlar də əyləşmişdilər. Açıq havada çay içə-içə söhbət edirdik. Küçədən  keçənlər maraqdan özlərini saxlaya bilməyib keçib qonşu stullarda əyləşərək çay içə-içə söhbətimizə  qulaq asırdılar. Bir  azdan boş stul olmadığından gənclər ayaq üstə durmalı oldular.

Əslində bu bizim ilk kiçik mitinqimiz idi. Oğlanları bizim evdə, qızları isə iş yoldaşım qonşum Qahirə Müslüm qızıgildə yerləşdirdik. Nahar edib, bir-iki saat dincələndən sonra şəhərlə və adamlarla tanışlığa başladılar.  Bazar günü Tarix Muzeyinin zirzəmisində “Yurd” birliyinin toplantıları  keçirilən salonda tələbələrlə görüş keçirdik. Salon ağzınadək dolmuşdu. Muxtar respublikanın kənd və qəsəbələrindən də gəlmişdilər. SSRİ də yaşayan türklər, onların dili, dini, sayları, beynəlmiləlçilik adı altında ruslaşdırma siyasəti yeridildiyindən geniş söhbət açılandan sonra söz Ejer Çolokova verildi. Onun  çıxışından nigarançılığımız yox idi. Qazax bölgəsindən olan tələbələrlə çox oturub durduğundan elə onlar kimi danışırdı. Görünüşü də onlardan o qədər seçilmirdi.

Nigarançılığımız Fyodora Arnautdan idi. Rəsmi sənədlərdə adı Fyodora olsa da onu qaqouzlaşdırıb Tudora etmişdi. Məqalə və şe’rlərinin altından “Tudora” imzası qoyduğu kimi, tanış olduqda da özünü Tudora deyə tanıdırdı. Orta məktəbi bütün soydaşları kimi rusca bitirmişdi. Bakı Universitetinin Şərqşünaslıq fakültəsinin türk-rus tərcüməçiliyi bölümündə oxuyurdu. Yaxından tanıyanlar ana dilində sərbəst danışdığını söyləsələr də toplum qarşısında çıxış edəndə çaşa biləcəyindən ehtiyatlanırdıq.

Gözlədiyimizin əksinə oldu. O, çox sərbəst və şirin danışdı. Öz şerlərini oxudu Toplaşanların əksəriyyətinin məhəbbətini qazandı. Qaqauzların xristian olmasından, Moldovada, Ukraynada, Ruminiyada, Bolqarıstanda toplum halda yaşadıqlarından, hətta Yuqoslaviya, Yunanıstan ərazilərində qaqouz kəndləri olduğunu xəbər verdi. Faktların çoxu hamımız üçün yeniydi. Çıxışının sonunda muzeyə hədiyyələr bağışladı.

Qaqouzların toplum yaşadığı Moldovada “Ana sözü” adlı qəzet nəşrə başlamışdı. Ana dilini bilənlərin sayı az olduğundan və ya nə səbəbdənsə ilk vaxtlar abunəçisi çox az idi. Bunu bəhanə gətirən bəzi qüvvələr ilk qaqouz qəzetini qapatmaq istəyirdilər. Həmin vaxt Azərbaycanda minlərlə insan qəzet bağlanmasın deyə “Ana sözü”nə abunə yazıldı.

Tudoranın gəlişindən istifadə edib “Ana sözü”nün abunəçilərinin sayını daha da artırmağı planlaşdırmışdıq. Poçt şöbəsindən abunə blankları götürüb doldurmuşduq. Bir qalırdı abunəçinin adını, soyadını və adresini yazıb pulunu ödəmək. Tudora çıxışında qəzetə abunə kampaniyasını genişləndirməyi xahiş etdi. Onun müraciətindən sonra toplaşanlar yalnız özləri abunə yazılmaqla kifayətlənmədilər, dost-tanışlarını da abunəçi etmək üçün blanklar götürdülər.

Tələbələrin uğurlu çıxışı bizi daha da ruhlandırdı. Elə gün olurdu bir-birindən  20-30 kilometr aralıda olan yaşayış məntəqələrində mitinqlər təşkil edirdik. Sovet hökuməti 70 il nə qədər təzyiq göstərdisə nehrəmli qadınlara çadrasını atdıra bilmədi. Bura mühafizəkar bir kənd kimi ad çıxarmışdı. Çoxları qızların çıxış edəcəyi bir mitinqi Nehrəmdə keçirə biləcəyimizə şübhə ilə yanaşırdı. Amma əksinə oldu. Kənddəki “Aşkarlıq” klubunun adı altında meydanda böyük bir mitinq keçirdik. Adamlar Ejerin və Tudoranın çıxışlarını böyük maraq və heyrətlə dinləyirdilər. Çoxları altaylıların, qaqouzların üzünü ilk dəfə görür, səslərini ilk dəfə eşidir, onların danışıqlarını tərcüməsiz başa düşdüklərinə sevinirdilər.

Xanağada, Bənənyarda, Yayıcıda, Şahbuzda, Y.Məmmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda keçirilən görüşlər də uğurlu oldu.

Görüşlər həmişə öncədən planlaşdırıldığı kimi keçmirdi. Bəzən az qalırdı pozulsun. Mitinqlərin birində Tudoranın çıxışından sonra yaşlı bir kişi: “Qızım Azərbaycanı bu qədər sevirsənsə gəl səni oğlanlarımdan birinə alım?”—dedi. Bir anlıq çaşıb qaldıq. Tudora neyləyəcək? Ağlayacaq, küsüb gedəcək, kobud bir cavab qaytaracaq, yoxsa?.. 18 yaşlı qızın bunları etməsi təbii idi. Hansı biri olsaydı, planlarımız pozulacaqdı. Lap toplantıları keçirsək də istədiyimiz  nəticəni ala bilməyəcəkdik.

Tudoranın şuxluqla dediyi: “Niyə getmirəm?! Gedərəm. Azərbaycanlılar yeddi milyon, qaqauzlar 200 bin. Oğlunuzu verin aparım Qaqauza. Qoy qaqauzlar olsun iki yüz bin bir nəfər!”—sözləri qəhqəhələr və alqışlarla qarşılandı. Elə bil üstümdən dağ götürüldü.

Bənənyar kəndində təpənin üstündəki çayxanada, açıq havada keçirdiyimiz toplantıdan sonra Rza İbrahim oğlu bizi evlərinə də’vət etdi. Xalq hərəkatından tanıdığım Rza müəllimin evində bir neçə dəfə olmuşdum. Dindar bir ailəydi. Atası, qardaşları da məni tanıyırdı. Kəndin qadınları çayxanaya, mitinqə gəlməsələr də orada gedən söhbətlərdən xəbər tutmuşdular. Rza müəllimin qohumları və qonşuları qaqouz qızı görmək üçün  onlara gəlmişdilər. Tudoranın qucaqlayıb öpür, danışdırıb  səsini-söhbətini eşitmək istəyirdilər.

Rza müəllimin anası Tudoranı qucaqlayıb öpmək istəyəndə mən zarafatla: “Bax ha, demə Əli demədi. Bu qız xristiandır!”—dedim. O da sanki mənə acıq verirmiş kimi Tudoranın daha çox əzizləyərək hər iki üzündən öp: “Bunun harası xristiandı? Görmürəm, özümünküdü!”

Xanağa kəndində də buna bənzər bir hadisə oldu. Mitinqdən sonra tələbəlik dostum Ələddingilə getdik.  Özümü bu ailənin bir üzvü kimi hiss edirdim. Ələddinin  anası Fatma xala da olduqca dindar bir müsəlman idi. O  da Tudoranı öpmək istəyəndə yenə zarafatımdan qalmadım. Tudoranın xristian olduğunu xatırlatdım. Fatma xala oğlu yaşda olan qonaqların yanında da yaşmağını ağzından çəkmədən həmişəki kimi sakit səslə: “Hər bir müsəlmanın borcudu öz  dindaşlarına deyil, başqa dindən olanlara da qayğı və məhəbbət göstərsin. Onlar da dinimizin gözəlliyini görüb islama iman gətirsinlər”—dedi.

Əlincə çayının sahilində, Əlincə qalasının yanında yerləşən Xanağa  kəndi yalnız tarixi abidələri, gözəl mənzərəsi ilə deyil, həm də sakinlərinin  səmimiyyəti, xoş münasibəti ilə hamını özünə çəkirdi.  Heç bir turist təşkilatı, qonaq qarşılama müəssisəsi olmasa da hər il yüzlərlə insan bu yerlərə ziyarətə gəlirdi. Onların qulluğunda isə Xanağa kəndinin sakinləri dururdular. Təmənnasız əllərindən gələn yardımı əsirgəmirdilər.

Həmişə bu evə çoxlu qonaq gətirməyimə evdəkilər alışmışdılar. Heç bir vəzifə bölgüsü aparmadan, kiməsə tapşırmadan tələbələri tarixi abidələrə, qalaya, bulaqlara, çay kənarına gəzməyə apardılar. Kənd sakinlərinin “Şıxın qərbi” adlandırdıqları, dövrü mətbuatda isə hürufizmin banisi Nəiminin qəbri kimi tanınan Xanəgah kompleksinin gözəlliyi, Əlincə qalasının əzəməti, dağ çayının gurultusu Tudoranı heyrətə salmışdı. Göz açıb gördüyü düzənlik və alçaq təpəli, az sulu Bucaq çölündən sonra Naxçıvanın sərt təbiəti, torpağın bağrını yarıb göylərə ucalan nəhəng  daşların yaratdığı dağlar, bu dağların minbir rəngi, dağların, təpələrin, çöllərin kasıb bitki örtüyü qarşısında dərələrdəki, çay boyundakı yaşıllıqların, bağ-bağçanın, çəmənlərin əlvanlığı  onu heyran etmişdi. İllər keçəndən sonra mənə göndərdiyi şerlərinin birində bu  heyranlığı belə gördüm:

 

Müəllim, bən Azərbaycan dediynen,

Yaş yerinə kan akar, kan.

Bülbül aaler ağac tepesinde

Derdini ondan başqa kimdir soran

 

Müəllim, ben Azərbaycan dediynen,

Gözüm önünde didiler Naxçıvan,

Çayxana məclisi, Nehrəm göyündə

O ixtiyar, ağsaqqalı soruya tutan.

 

Yılanlı[2]  dağın vatizli[3] sular yetegində

Çıvırlığa[4] səsli uşaqlar suda çırpınan

Yalnız içəridə diz çöküb Allaan önündə

Üç kerem gündə o karı namazını qılan.

 

Müəllim, ben Azərbaycan dediynen

Tanklar sürülerdi uşaan üstüne,

Azadlıq uğrunda çıldırardı meydan

Mezarlıq heykəl qoyardı ölən gəncinə

Sağ qalanlarsa olardı düşman.

Müəllim, bən Azərbaycan dediynen

Çox kıytlar[5] anama qaldı yazılmadan

Bu insanın canını doymazsan met etmee

Yıllarca yazsam da kaplayamaz[6] dastan.

Tudoranın bu şeri yazması üçün azı beş il keçməsi lazım imiş. Amma həmin günlərdə qaqauz  qəzetlərində Azərbaycanda gördükləri haqda məqalə yazırdı. Hər yerdə qaqauzlara, türklüyə böyük bir məhəbbət görmüşdü. Asəf-kəf adlanan dağdakı mağaranı ziyarət edərkən oradakı parça qırıqları bağlanmış dağdağan ağacını görəndə Ejerin necə heyrətləndiyinin şahidi olmuşdu. Şamançılıq, dağ kultuna, ağac kultuna, ata ruhuna inamların  Azərbaycandakı izlərinin Altaydakı oxşarları ilə bağlı diskussiyalarda iştirak  etmişdi. Naxçıvan Pedaqoji İnstitutunun tələbə qızları ilə gecə səhərə kimi söhbət etmiş, Qarabulağı, Ordubadı gəzmişdi.

Bir sözlə, Naxçıvandan tamam başqa bir ruhda geri dönmüşdü. Həmin günlərdə yalnız mitinq keçirdiyimiz Naxçıvan şəhərində, Nehrəm, Yayıcı, Bənənyar və b. kəndlərdə deyil, çox yerdə qaqouzlardan, altaylardan, bir sözlə türk xalqlarından söhbət gedirdi. 150 ildən çox Rusiya imperiyasının tərkibində yaşasaq da insanlarda elə  bil soydaşlarına, soyköklərinə maraq indi oyanmışdı. Naxçıvanda “Ana sözü” qəzetinə abunə yazılanların sayı az qala Moldova respublikasındakı abunəçilərin sayı qədər olmuşdu. Naxçıvanda gənclərdən Tudoraya vurulanlar, şer qoşanlar,  arxasınca Bakıya gələnlər də oldu. İstədiyimizə nail  olmuşduq. Durğunluğa son qoyulmuşdu. Hər yerdə diskussiyalar gedirdi. Marağa görə klublar xalq cəbhəsinin dayaq dəstələrinə çevrilir, yeni dayaq dəstələri yaradılır, mitinqlərə ciddi hazırlıq görülür, təşkilatlar  formalaşırdı.

1989-cu ilin dekabrın 4-8-də  Zağulbada keçirilən “Xəzər-89” formunda Tudora çəkinə-çəkinə iştirak etmirdi. Özünü toplantının bərabərhüquqlu üzvü kimi aparırdı. Qaqauz şairi, “Ana sözü” qəzetinin redaktoru Todor Zanetlə də şəxsi tanışlığımızın  səbəbkarı  Tudora oldu. Naxçıvanda onu səbirsizliklə gözlədiklərini söyləyəndə T.Zanet dərindən ah çəkib: “Of… Necə Naxçıvana getmək istərdim. Heyif ki, vaxt yoxdu. Tez geri qayıtmalıyam. Vacib işimiz var. Mütləq Naxçıvana gələcəm” dedi və mənim kimi tanıyıb üzünü görmədiyi Arif  Ağasoya (əcəl Arif bəyi vaxtsız haqladı. Onlar görüşə bilmədilər) salam göndərdi.

Tudora  Arnautun da burada Krımdan, Qazaxıstandan, Kazandan və b. bölgələrdən gəlmiş türklərlə tanış oldu. “Xəzər-89” formunu xatırlayanda  deyir: “İlk dəfə idi türk xalqlarının bir araya gəlib ortaq dil, ortaq ədəbiyyat, soykökə qayıdış məsələlərini müzakirə etdikləri toplantıda iştirak edirdim.  Sonralar belə toplantılara çox  qatıldım. Daha çoxsaylı, daha geniş, özümün də daha fəal  iştirak etdiyim toplantılara. Amma Zuğulbada keçirilən “Xəzər-89” ömür yolumu müəyyənləşdirməkdə mənə güclü təsir göstərdi.

Tudora ilə sonralar tez-tez görüşməli oldum. Bir ara “Yurd”un üzvlərinin və türkçülərin bir çoxu ondan soyudular. Tudoranın “Mən qaqauzam, türk deyiləm!” söyləməsi də çoxlarını qızdırırdı. Belələrinə: “Ona qızmayın, yardım edin oxusun, öyrəsin. Qaqauzun tarixini, soykökünü öyrənəndən sonra hamımızdan çox o qürurla türk olduğunu söyləyəcək”—deyirdim.

Ailəmizə alışdı. Bizimlə birlikdə dostlarımızın evinə qonaq getməyi çox sevirdi. Getdiyi yerdə də özünü sevdirə bilirdi. Şirin danışığı, incə yumoru ilə diqqəti özünə çəkə bilirdi. Bir dəfə qonaq getdiyimiz evdə xanımlar söhbət zamanı “biz müsəlmanlar beləyik, biz müsəlmanlar eləyik”—deyə gileylənirlərmiş. Bundan xoşlanmayan Tudora  nəzakət naminə susub dururmuş. Xanımım da həmin sözü təkrarlayanda: “Annaciyim, müsəlmançılıq neyləsin, xristianlıq neyləsin?! Ora gedirəm xristianlıqdan şikayət eşidirəm, bura gəlirəm müsəlmançılıqdan. Bir görmədin işinizin düz getməməsinin günahını özünüzdə axtarasınız”.—deyə Tudora cavab verdi. Onun bu cavabı hamımızın gülüşünə səbəb oldu.

Çox şeyə maraq göstərər, ona öz münasibətini bildirərdi. Yasamalda[7] Mehman adlı bir falçı məşhurlaşmışdı. Qəbuluna düşmək üçün neçə saat növbəyə durmaq lazım gəlirmiş. Yataqxanada, universitetdə qızlar bu falçının bacarığından çox danışarmışlar. Bir gün otaqdan Tudoranın pulunu oğurlayırlar. Qızlar təkidlə onu falçının yanına aparırlar. Mehman onun qaqauz olduğunu öncə bilmir. Çox tərif deyir, könlünü alır, prezident seçiləcəyini söyləyir. Tudora da: “Haranın prezidenti seçiləcəm, Qaqauzıstanın, yoxsa Azərbaycanın?”—deyə xəbər alır. Falçı səhvini düzəltmək üçün “Əlbəttə Polşanın yanındakı Qaqouzstanın!”—deyir.

Tudora görür falçı coğrafiyadan da bir şey bilmir. Verdiyi pulu geri almaq üçün: “Mən buraya prezident seçilməyimi bilməyə gəlməmişəm, pulumu tapmağa gəlmişəm”—deyir. Falçı da: “Apar məni qaldığın binanın qarşısına, məsafə yaxın olsun. Oradakı adamlardan pulunu kim oğurladığını söyləyim”—deyir. Tudora göyə işarə ilə: “Necə olur belə uzaq məsafədən xəbər tutursan, amma burdan 1000-2000 metr aralıdakı yataqxanadan xəbər tuta bilmirsən?”—deyir.  Bu hadisədən sonra Tudora Aydın imzası ilə “525-ci qəzet”də Naxçıvanın məşhur adamların vətəni olduğunu, onlar elmdə, ədəbiyyatda olduğu kimi, fırıldaqçılıqda da mahir olduqlarını incə bir yumorla oxucuya çatdırdı. Bununla da Mehmanın “bazarı” bağlandı.

Biz istəyirdik o Azərbaycanı yalnız kitablardan oxumaqla tanımasın. Azərbaycan ailələrini, onların məişətini, psixologiyasını özü görüb öyrənsin. Azərbaycan musiqisindən də, kinosundan da, operasından da, mətbəxindən də xəbərdar olsun. Bütün bunlar heç də asan olmurdu. Bəzən inciyib-küsürdü, bir xeyli keçəndən sonra barışırdı.

Onunla ədəbiyyat, şer mövzusundakı söhbətlərimiz xüsusən gərgin keçirdi. Şerlərimizdəki ərəb, fars tərkibləri onu lap təbdən çıxarırdı. Aşıq şerimizdəki  janr əlvanlığına formalizm kimi buxırdı. Mən də məcbur qalıb dodaqdəyməz, cığalı təcnis, təcnis, gözəlləmə və s. az qala misra-misra oxuyub izah edirdim. Bəzən “Koroğlu”, “Əsli-Kərəm”, “Aşıq Qərib” və s. dastanları bütöv oxuyub izah etməli olurdum.

Bir mövzunu tam anlamayana kimi ona qarşı qətiyyətlə muqavimət göstərirdi. Anlayandan sonra isə onun ən coşğun təbliğatçısına çevrilirdi. Dodaqdəyməzi formalizm adlandıran Tudora qaqouzlar arasında ilk dodaqdəyməz, xoyrad,  darayaqlı yazan oldu. Özü də öyrəndiklərini təkrarlamaqla kifayətlənmirdi,  ona yaradıcı yanaşırdı. Məs.: Azərbaycan şerində dodaqdəyməzlər əsasən on bir hecalı, qoşma forasındadı. Tudora isə səkkiz hecalı gəraylı qəlibindədi.

 

Səsin canın yanar atəş

Çizdə səssiz qalar tək səs,

Çiçəklərə sener kaşın

Nereye gitti, qız qardaşın?

 

Elde qaldı sarı çiçək

Ah çektirersen, gələcək.

Gecənin yarısı, qaşın

Nereye getdi, qız qardaşın?

 

…Al yananı serin cizer

Sancılar kanına daler,

Ah, aldatdı sanki acın

Gəlin getdi, qız qardaşın.

Özündən kiçik bacısının ərə getməsindən doğan bu şerdə kədər qarışıq bir sevinc var.

Onun İrak türkmanlarının xoyradlarının təsiri ilə yaratdığı şerlər də qaqauz ədəbiyyatında yeni idi.

 

                      Qazayaq

Çeşmə dolu Qazayaq.

Yarımın sofrasında

Beni beklir qaz ayaq.

 

          Beşalma

Gecə yıldız Beşalma

Yarım örüş yerinə

Verdi bana beş alma.

 

           Qomrat

Hodul bakışlı Qomrat.

Gəl qaçqın[8] nazlı yarım.

Yolda bekler qomur at.

 

Qaqauz göylərinə qoşulmuş bu xoyradlar indi xalq mahnısı kimi ağızdan-ağıza gəzir.

Mahnı sarıdan Tudoranın bəxti gətirib. Hələ orta məktəbdə oxuduğu illərdə yazdığı bir şer “Bəyaz güllər” şeri qısa müddətdə dillər əzbəri olub, xalq mahnısı kimi oxunmuşdu. “Ah, anacığım” şerinə qaqauz bəstəçisi Mihail Kolsa mahnı qoşub. Azərbaycanlı bəstəçi Müsəvvər Əsgəroğlunun Tudoranın sözlərinə yazdığı “Canım  boş, kefim sərxoş” mahnısı isə televiziya və radioda səsləndirilib.

Sovetlər Birliyində gənclərin əsərlərinin çap olunması adətən problemə çevrilirdi. Bunda da Tudoranın bəxti gətirmişdi. Şe’rləri, məqalələri toplularda,  qəzet və dərgilərdə çap olunur, radio və televiziyada verilirdi. Özü də həmişə maraqla qarşılanırdı.

Universitetdə onlara Türkiyə ədəbiyyatı keçirdilər. Biz isə isəyirdik onlar Azərbaycan, özbək, qazax, tatar, uyğur və b. türk xalqlarının ədəbiyyatından xəbərdar olsundar. Çətin də olsa istəyimizə  nail olduq. Son kursda oxuyanda “Azərbaycan, Türkiyə və Qaqouz türklərinin dördlükləri: Mani və bayatılar arasındakı oxşarlıqlar” mövzusunda diplom işi yazmaq istədi. Dedilər: “Plana saldığımız mövzulardan, yaxud da yalnız Türkiyə ədəbiyyatından hər hansı bir mövzuda diplom işi yaza bilərsən”.

Tudora inadı sayəsində istədiyi mövzuda diplom işi yazmağa nail oldu. Diplom işinin mövzusuna e’tiraz edən müəllimləri nəticədə “əla” yazmaqla onun axtarışlarını yüksək qiymətləndirdilər. Bundan necə ruhlandısa Türkiyədə oxuyarkən  araşdırmalarını həmin yöndə  apardı.

1993-cü ilin yayında M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk dili tərcüməçiliyi bölümünü ə’la qiymətlərlə başa vuran Tudora İvan qızı Arnaut vətəninə getdi. İki aydan sonra isə geri döndü. Bakının durumundan xəbərdardı. Çoxları Xalq Cəbhəsinin qərargahı  olan küçədən keçməyə cürət etməyəndə o tez-tez gəlir, verilən tpaşırıqları vaxtında yerinə yetirirdi. Bir sözlə, bacardığı  işin qulpundan yapışırdı. Hər şey gözləri qarşısında baş versə də təhsilini davam etdirmək, ictimai-siyasi işlərdə bişmək istəyirdi. Buna imkanımız yox idi. Bir-iki ay da qalıb Bakıda işləyəndən sonra onu Ankaraya yola saldıq.

Dolmuşdu. Bir himə bənd idi ki, ağlasın.  Bakıdan getmək istəmirdi. Könlünü almaq üçün:—“Nə oldu, Bakıya gələndə də ağlayırdın, indi gedəndə də ağlayırsan?—dedim. Özünü ələ  alıb güldü.  Onu yola salanlarda xoş ovqat oyatmaq üçün Bakıya gəlişini xatırladı:

Bizi Bakıya yola salanda bərk-bərk tapşırdılar:”Rusca danışmayan. Qoy yabançı olduğunuzu bilməsinlər. Kişilərə, cavan oğlanlara yaxınlaşıb heç nə xəbər almayın. Sizi alıb dağlara qaçarlar. Xüsusən saqqallırlardan qorxun. Çətinliklə üzləşəndə, çıxılmaz vəziyyətə düşəndə,  haranısa xəbər almaq lazım gələndə yaşlı qadınlara yaxınlaşın”.

Bu məsləhəti verənlər savadsız kəndlilər  deyildi. Ali təhsilli,  elmi dərəcəsi olan, bir sözlə, cəmiyyətdə müəyyən  mövqe tutmuş adamlar idi. Onlar hələ də Qafqaz haqqında Puşkinin, Lermontovun yazdıqlarının və ağızdan-ağıza gəzən şayiələrin tə’siri altında idilər.

Bakıda uçakdan endik. Külək amanımızı kəsirdi. Bilmirdik əllərimizlə yubkamızın ətəyini tutaq, yoxsa çantalarımızı götürək. Bu zaman orta yaşlı, saqqallı  bir kişi yaxınlaşıb yardım etmək istədi. Necə qorxduq!.. Düşündük ki , gəlişimizdən nə tez xəbər tutdular. Çox çətinliklə qaçıb avtobusa mindik. Sürücü bizi metronun Əzizbəyov stansiyasının yanında endirdi. Stansiyanı əlilə göstərib: “Burada metroya minin, Elmlər Akademiyasında çıxın. Ora universitetə yaxındı”—dedi. Yaxşı ki,  həmin vaxt Bakıda ali məktəblərin biri universitet adlanırdı. Yoxsa həmin gün getmək istədiyimiz yerə çətin çata bilərdik.

Keçiddən 4-5 dəfə o tərəfə, bu tərəfə keçdik. Metronu tapa bilmirdik. Nə metro görmüşdük, nə də  haqqında aydın təsəvvürümüz vardı. Tapşırığa əməl etməyə çalışır, heç kimdən heç nə xəbər almırdıq. Yorulub əldən düşəndən sonra məcbur qalıb bir qadına müraciət etdik. O, bizə metroya enib qatara minməkdə yardımçı oldu. Qatara minəndə Katya qapının arasında qaldı.

Elmlər Akademiiyası dayanacağında bir qadından universitetə necə getmək lazım gəldiyini xəbər aldıq. Qadın nə dediyimizi anlamadı. Bir dəliqanlıya bizə yardımçı olmağı tapşırdı. Oğlan yaxınlaşıb haraya getmək istədiyimizi xəbər alanda yol çantalarını götürüb perron boyu qaçmağa başladıq. Oğlan gah Azərbaycan türkcəsində, gah rusca xəbər alsa da, qorxumuzdan cavab vermək istəmirdik. Elə bilirdik cavab versək, bizi alıb dağlara qaçıracaqlar.

Oğlanın tə’kidindən sonra universitetə gedəcəyimizi bildirdik. Qorxumuzdan qaqouz olduğumuzu demədik. O, bizə yardımçı oldu. Sənəd qəbulunun sonuncu günü işin axırında universitetə çatdıq. Bizim gələcəyimizdən xəbərdar idilər. Yubansalar da, öncə bizi çaya, şirniyyata qonaq etdilər. Sonra da sənədlərimizi yoxlayıb imtahanlara buraxılış vərəqəsi verdilər. Elə həmin gün gətirib bizə qızlar yataqxanasında yer verdilər. Tə’til vaxtıydı, yataqxanada tə’mir gedirdi. Bizə kimya fakültəsində oxuyan, istehsalat təcrübəsində olduqlarına görə evlərinə getməmiş qəbələli qazların otağında yer verdilər.

Qızlar bizi çox mehribanlıqla qarşıladılar. Bir aydan  sonra əlimizə tələbə bileti alanda xarici tələbələrin yataqxanasında bizə də yer ayırdılar.  Biz oraya getməyib qızlarla birlikdə qalmaq istədiyimizi bildirdik. Məsələ böyüdü. Prorektor işə qarışdı. Bizi inandırmağa çalışdı ki, xarici tələbələr üçün  tikilmiş yataqxana daha yaxşıdı. Biz isə göz yaşı axıdaraq  dostlaşdığımız otaq yoldaşlarımızdan ayrılmaq istəmədik.

Bu hərrəkətimiz sonralar özümüzə də gülməli gəlirdi. Azərbaycanlılardan qorxmağımız hara, bir ay sonra onlar üçün ağlamağımız hara!

Tudora cəmi bir ay sonra otaq yoldaşları üçün ağlayırdı. Beş il sonra isə yazdığı məktublarında, şerlərində Azərbaycan üçün ağlayırdı.

Universitetdə proqram da, məncə, düzgün qurulmamışdı. Sovetlərin  hakimiyyəti illərində xarici ölkələrdən gəlib oxuyan tələbələr üçün xüsusi proqram hazırlanmışdı. Buraya elm öyrənməklə yanaşı, sosializm sisteminə, “Sovet mədəniyyəti” adı altında rus mədəniyyətinə məhəbbət aşılanırdı. Acınacaqlı burası idi ki, Sovetlər Birliyi dağılmış, respublikalar öz müstəqilliklərini e’lan etmişdilər. Amma  sistem hələ də yaşayırdı. Azərbaycanda təhsil alan xarici tələbələrə Azərbaycanşünaslıq tədris edilmirdi. Onlar beş il burada yaşayır, burada oxuyurdular.  Ancaq Azərbaycan haqqında sistemli məlumat əldə edə bilmirdilər.  Onlar adətən rus bölmələrində oxuyurdular. Bu bölmələrdə oxuyan tələbələrin, dərs deyən müəllimlərin bir çoxu milli dəyərlərdən xəbərsiz idi.

Tudora Türkiyəyə gedəndən bir il sonra “Qaqauzam, Bucaqdır yerim” adlı kitabını çap etdirdi. Ankaradakı “Ocak” yayınlarının basdığı bu kitabda şerlər qaqauzca verilmiş, hər səhifənin sonunda Türkiyədə anlanılması çətin olan sözlərin qarşılığı verilmişdi. Kitaba İ.E.Nasrattin oğlunun yazdığı ön sözdə qaqouz şairlərinin adı sadalandıqdan sonra: “Bunlar arasında ən çox  ilgi görən və diqqəti çəkəni Tudora Arnautdur… Adı keçən şairlərin ən gənci olmasına rəğmən, milli duyğuları ən güclü olanıdır. Bu duyğuların gəlişməsində beş yıldan fazla bir süre Azərbaycanda yaşamış olmasının da rolu böyükdür… 30 temmuz 1993 tarihinde Qaqauzstanın Çadır kentinde düzenlenen “Qaqauz Ana dili bayramı”nda Tudorkayı görmək, tanımak və kəndi sesindən şairlerini dinlemek fırsatını buldum. O bayramda okunan tek milli şiir onunkidi”—deyir.

Azərbaycanı öyrənməsi, milli duyğuların gəlişməsi heç  də asan olmamışdı. Azərbaycanın bir-birinə yaxın bölgələri arasında  danışıqda fərqlər var. O ki, qala qaqouz türkcəsilə Azərbaycan  türkcəsinə.  Bu fərqlər bə’zən anlaşılmazlıq yaradırdı. Eyni dil olduğunu düşünüb tez-tez danışanda bu anlaşılmazlıq özünü daha qabarıq büruzə verirdi.

Bakıda ilk günlər avtobusa minəndə adamların şoferə “saxla, düşürəm” deməsi onu bərk çaşdırmışdı. “Saxla” qaqouzlarda gizlət, “düşürəm” isə yıxılıram anlamında işlədilir. Yaxud da: Bir dəfə universitetin mühasibatlığına gedərək:

—Sabir müəllim nerədə?—deyə xəbər alır.

—Xəstədir—deyirlər. Tudora:

—Yatalaqdı?—deyə xəbər alanda otaqdakılar həyacanla və qəzəblə: “Allah eləməsin!”—deyirlər. Tudora isə onların narahatlığına fikir verməyərək: “Sabir müəllim və vaxt alışar?”—deyəndə otaqdakılar qaqouz türkcəsi ilə Azərbaycan türkcəsi arasında fərqdən belə gülməli söhbət yarandığını görərək: “Qızım, hələ od verməmişik. Od verəndə Sabir müəllim alışacaq?”—deyirlər. Tudora yanlış anlaşılan sözlər söylədiyini bilib üzrxahlıq edir. Qaqauzlar yataq xəstəsinə “yatalaq”, sağalmağa isə “alışmaq” deyirlər.

O, Ankarada  Qazi Universitesinin Fen Edebiyat Fakültəsində Yüksək lisans çalışması yapdı. Orada oxuduğu illərdə yalnız  Türkiyədə deyil, Rumıniyada, Makedoniyada və b. bölgələrdə keçirilən elmi konfranslara, simpoziumlara, qurultaylara qatıldı. Mövzusu da həmişə dünyada sayı 300 min olmayan qaqouzlardan oldu. Türkiyə”Qaqouzlarda Nəsrəddin  Xoca”, “Qaqauzlarda düyün adətləri”, “Qaqauzlarda ilk yaz bayramı” və b. araşdırmalarını çap etdirdi., “Qafqaz lətifələri” kitabını nəşrə hazırladı.

Tudoradan sonra Bakıya 50-ə yaxın qaqouz oxumağa gəldi. İçərilərində şairlər də vardı. Amma heç biri onun qədər tanınmadı. Yerliləri onun başına çox oyun açırdılar. Hamısına dözürdü. Oğlanlar döyüləndə Tudora məsələni araşdırmağa gedirdi, qızlar yataqxanada yer ala bilməyəndə yenə Tudora gedirdi. Kəsiri qalana kömək lazım gələndə Tudora meydana atılırdı. Yerlilərinin nöqsanlarını görür, ondan insanfsızcasına sui-istifadə etdiklərini duyur, ancaq bunu büruzə vermir, geri də çəkilmirdi.

Onun bu səmimiyyətindən yalnız qaqauzlar deyil, azərbaycanlılar, əfqanlar da sui-istifadə edirdilər.

Xatirini çox istədiyi, otağına dəvət edib birlikdə tikəsini böldüyü cəlilabadlı Müşfiq pulunu oğurlayıbmış. Amma Tudora Müşfiqdən şübhələnməmişdi. Sonra Tudoranın otağından, eləcə də qonşu otaqlardan əşyaları oğurlayıb satanda polis Müşfiqi yaxalamışdı. Müstəntiq Tudoranı da zərərçəkən qismində dindirib cinayət  işi açmaq istəyirdi. O isə bunu etmədi. Mən səbəbini ondan xəbər alanda: “Müəllim, Azərbaycanda onlarla adam mənə yaxşılıq edib. Bu yaxşılıqların qarşısında Müşfiqin vurduğu zərər çox kiçikdi. Bu kiçik zərərə görə bir azərbaycanlı gəncinin həbs edilməsini istəmirəm”—dedi.

Yalnız bu deyildi. Bütün varlığı ilə Azərbaycana bağlıydı. Qətiyyətlə deyə bilərəm ki, qaqauzstanlı bu qız bir çox azərbaycanlılardan daha çox azərbaycansevər  idi. 1990-cı ilin 20 Yanvar qırğını zamanı hərbçilərin təqibindən yaxa qurtarmaq üçün azərbaycanlı tələbə oğlanlar xarici tələbələr yaşayan yataqxanaya girirlər. Əllərindəki ağır bağlamaları Tudoraya verib gizlətməsini xahiş edirlər. O, bağlamaları öz otağında gizlətməkdən başqa yol tapmır.

Bir azdan hərbçilər yataqxanada axtarış aparmağa gəlirlər. Vəziyyətin gərginləşdiyini görən Tudora qırmızı cildi üzərinə “Qadın komitəsi” yazılmış vəsiqəsini göstərir, xristian olduğunu söyləyir və onlara yardımçı olmaq istədiyini bildirir. Zabitin diribaş qızdan xoşu gəlir. Onun yardımıyla otaqları ciddi axtarırlar. Öz otağına çatanda qapını açıb: “Bu da mənim otağım, xahiş edirəm buranı da yoxlayın” deyir. Onun qətiyyətli hərəkəti hərbçiləri çaşdırır. Ona inandıqlarını söyləyib otağını yoxlamırlar. Bir neçə gün sonra cavanlar gəlib qoyduqları əşyaları aparırlar.

Yataqxanada yaşayanlar Tudoranı hərbçilərin qabağına düşüb otaqları yoxlayan görmüşdü. Yalnız üç nəfər onun nəyi gizlətdiyini, necə böyük riskə getdiyini bilirdi. Bu risk ona baha başa gəldi. Üstündən 3-4 il keçsə də, gecələr sayaqlayır, diksinir, qəflətən toxunanda, səsləyəndə bərk qorxurdu. Biz Bakıya köçəndən sonra xanımım onu həkimə aparmalı oldu.

Tudora Bakı qırğınını “19 yanvar—qış ayı” şe’rində belə təsvir edir:

Unutma isterem  o günü.

Kan gölcük, gölcük

Karanfillerin kokusunu,

Kimin beterine öldük?

 

Açan türkü sesi işiderem,

Saneren o “meydan!” baarer,

Gece uykumda  dua ederem

Ölüler mezarlaa çaarer…

 

Qazi Universitetindən bir müəllim Naxçıvana elmi konfransa gəlir. Qonaq olduğuna görə onun şərəfinə çox məclislər qurulur. Geri dönəndən sonra auditoriyada deyir: “Azərbaycanda savaş getsə də, onların başı yeyib-içməkdən ayılmır. Bilmək olmur bu qədər paranı nerədən əldə edirlər”.

Auditoriyada azərbaycanlı tələbələr olsa da, susurlar Tudora orada yoxmuş. Dərsə gələndə ona: “Sənin təriflədiyin Azərbaycan haqqında xocamız çox kötü sözlər söylədi” deyirlər. O öncə azərbaycanlı oğlanlara acıqlanır. Sonra müəllimin növbəti dərsində onunla mübahisəyə girir. “onların evində bir tikə əkməkləri olmasa belə, qonaq olduğunuza görə qonşudan da olsa tapıb sizi yedirib-içirərlər. Bir zamanlar Rusiyadan Azərbaycana gələnlər də Sizin kimi qonuşurdular. Siz türklə rusun onda nə farkı var?”—deyə xəbər alır.

Müəllim Azərbaycanda çox qısa bir sürə olduğunu, yanlışlığa yol verə biləcəyini söyləyib üzr istəyir.

Tudora 1987-ci ildə qaqauz alimləri ilə birgə öz Vətənində kəndləri gəzmiş, etnoqrafik materiallar toplanmasında iştirak etmişdi. Yana-yana Zaporojye ətrafındakı qaqauz kəndlərinin necə ruslaşdırıldığından söhbət açırdı.

Rusiyanın güneyə doğru sərhədlərini genişləndirməsi qaqouzlara nə qədər zərbə vurmuşdursa, İkinci Dünya savaşı bunu  daha da gücləndirmişdi. Qaqauzlar yaşayan bölgələr Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan arasında bölündü. 1946-cı ildə “sosializmə müqavimət göstərirlər” deyərək onlarca qaqouzu güllələdilər, onlarca ailəni sürgün etdilər. 100 nəfərə yaxın qaqouz da Azərbaycana sürgün edildi. 1956-cı ildə bütün günahlar Stalinin boynuna yıxılaraq, sürgün olunanların bir qisminə vətənə dönməyə  icazə verdilər. Qaqauzların əksəriyyəti geri qayıtsa da, Azərbaycanda, Quzey Qafqazda, Qazaxıstanda məskunlaşıb qalanlar da az olmadı.

Rusiya qaqauzları xristian olduqlarına görə yeni bölgədə yerləşdirdi. Dini birliyə görə onlardan dayaq kimi istifadə etməyə çalışdı. Xalqı öz kökündən ayırmaq üçün çox çabalar göstərdi. Bütün bu ciddi-cəhddən sonra dünyaya gələn körpələr böyüyüb şair olanda yazdılar:

 

Günəş, torpaq, tütün zehiri

Tozdan görünmer babanın gözleri.

Sürer puluu  insanın kaderi

Ben bu toprakda duudum

Bu Vatan menim.

 

Yaxud:

Karlar çözülsün dalardan

Türk xalqı çaarar cəngə

Kutar kəndini saarlardan

Altay ateşi yaneer seninnən.

 

Və yaxud:

Kim dedi ki, cansızız

O insan büuk pişmannıkta

Biz Türküz birləştik.

Yolumuz qaavi hem düümükta.

 

Qaqauzlar toplu halda Moldovada yaşayırlar. Tudora isə Ukrayna Respublikasının Belqrad rayonunun Dimitrovka kəndində 1970-ci il sentyabrın 6-da anadan olub. Yalnız Dimitrovka deyil, rayonun bir neçə kəndində qaqouzlar tam, Odessa şəhəri ilə Moldova sərhəddinədək olan bölgənin bir çox kəndində isə ukrainlərlə, bolqarlarla qarışıq yaşayırlar.

Biz  Tudoranı bilərəkdən zor durumda qoyur, həyatın çətinliklərinə alışdırmağa çalışırdıq. Dözürdü, öyrənirdi, çıxış yolunu özü tapırdı. Bəzən bunu bizim etdiyimizi biləndə inciyib küsür, sonra yenə barışırdı. Türkiyədə oxuduğu illərdə yüksək hökumət məmurlarına tərcüməçilik edəndə və b. işlərdə çətinliklərlə qarşılaşıb onu aradan qaldıranda sevincini bölüşdürmək üçün məktublar yazır, minnətdarlığını bildirirdi. Bu məktubların həcmi adətən böyük olardı.

Maraqlı burasıdır ki, istər Tudora, istərsə də başqa uzaq ünvanlı türk tələbələr Bakıda mənim xanımımı çox istəsələr də, gedib işə başlayandan sonra məktublarında ona tənə edirdilər. Yazırdılar ki, müəllim (yəni mən) bizə acıqlananda, bizi bir işi görməyə məcbur edəndə niyə bizi müdafiə edirdin. Müəllim bizi nə qədər çox sıxışdırsa, biz bir o qədər çox öyrənər, indi çətin vəziyyətdə qalmazdıq. Xanımımın onların bu giley-güzarından inciməz, onlara zarafatla: “Daha müəllim sizləri döysə də, köməyinizə gəlməyəcəm” yazar, ancaq bu sözündə durmaz, o birilərini müdafiə edərdi.

Tudora məktublarının birində yazır: “Müəllim, Bakıya altaylı, qaqauz, tatar, uyğur, qazax kimi gəldik. Çox azımız oradan türk kimi vətənimizə döndük. Bü gün qürur duyuram ki, mən də o azların sırasındayam.

Universitetdə bizə bəlli proqram üzrə elm öyrətməyə çalışdılar. Siz isə bizlərə özümüzü tanımağı, özümüzü öyrənməyi öyrətdiniz. Bunun üçün çox əziyyət çəkdiniz. Ailələriniz də bizlərə öz məhəbbətləri ilə, səmimiyyətləri ilə insansevərlik öyrətdilər. Təəssüf ki, sizlərin bu məhəbbətini, səmimiyyətini çoxumuz anlamadıq. Uşaqlar sizləri aldadanda, arxanızca hədyanlar danışanda, qayğı və diqqətinizi müxtəlif cür yozanda sizlərə qızırdım. Siz onlara Qurban bayramında qoyun əti verəndə “Biz qoyun əti yeyə bilmirik, donuz əti yeyirik” deyəndə donuz əti almağa pul verərdiniz.  Qurban əti ilə şərab içib sizlərə gülərdilər. Mən yenə onda sizlərə qızardım. İstərdim həmin səhvləri təkrarlamayasınız. Amma siz təkrarlardınız.

Bakıda oxuyanda sufizm haqqında biliyim çox az idi. Türkiyədə bu mövzuda çox oxudum, çox bildim.Sizin də, sizinlə birgə olanların da davranışlarında sufi dərviş davranışını gördüm. SSRİ-də dərvişlik 70 ildi yasaqlanmışdı. Əgər gizli və ya aşkar onlar fəaliyyət  göstərsəydilər, yəqin mənə göstərər, bu haqda bilgi verərdiniz.

Müəllimciyim, mənim qaqouzlarımı qınama, onlara qızma. Yanlışlıq onlarda deyil, onları Bakıya göndərənlərdə oldu. Azərbaycandan uzaqlaşdıqdan, yaşları, təcrübələri artdıqdan sonra onların bir çoxu peşmançılıq çəkəcəklər. Bəziləri isə Azərbaycana nəyə getdiklərini nə biliblər, nə də biləcəklər.

Azərbaycanda oxumağa tələbə gətirəndə onu başqasının ümidinə qoymayın, özünüz seçin. Ali məktəblərdə oxuyan xaricilər üçün yeni proqram hazırlanmasına da nail olun. Azərbaycanın zəhmətlərinə heyfim gəlir. Yalnız  qaqouzlar, tatarlar deyil, əfqanlar, ərəblər,  hətta afrikalılar 5 il Bakıda oxusalar da, Azərbaycanı tanımadan gedirlər. Hətta bəziləri Azərbaycanda ali təhsil aldıqları, sənət öyrəndikləri halda, bu ölkəni nifrətlə tərk edirlər”.

Tudora özünün gördüyünü, müşahidə etdiyini yazırdı. O, bütün bunlara mədəniyyətlərin toqquşması, qarşılaşması baxımından yanaşmırdı. Sadəlövhlüklə  nəyi yaxşı bildi onu qəbul edir və yayırdı. Hətta kəndlərindəki kilsənin keşişinə “müsəlmanlar məscidə yuyunub, ətirlənib gəlirlər, bizim kilsələrə gələnlərdən tər və şərab qoxusu gəlir”—demişdi.

Öyrənmək, bilmək həvəsindən istifadə edən müsəlman missionerləri ona islam dini qəbul etdirməyə dəfələrlə cəhd göstərdilər. Bu mövzuda söhbətimiz olanda “Xalqına, millətinə xidmət etmək istəyirsənsə, onlar hansı dindədirsə sən də o dində olmalısan” deyirdim. Bu bir kəlmə söz onun tərəddüdlərinə son qoydu.

    

 

12.05.1996

Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 83-97

 



[1] 1993-cü ilin noyabrın 9-da avtomobil qəzasında həlak oldu.

[2] Naxçıvandakı Ilanlı dağ

[3] Səfalı

[4] Quş kimi cıvır-cıvır ötən

[5] Kağızlar, məktublar (Azərbaycanda gedən milli azadlıq mübarizəsində tökülən qanların təsvirilə bağlı yazıb, lain anasına göndərməyə rək etmədiyi məktublara işarədir).

[6] Qapanmaz, başa çatmaz.

[7] Bakıda məhəllə.

[8] Qaqauzlar qoşulub qaçan qıza qaqın deyirlər.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol