Qaşqay elinə səfər - II yazı
https://525.az/site/?name=xeber&news_id=105637#gsc.tab=0
Yazar, Oxunub: 31 dəfə. 06.09.18 16:27
Əli ŞAMİL
ali-shamil@yahoo.com
Qaşqayların Şiraza dəvəti
Bu ilki dəvətlərindən boyun qaçıra bilmədim. Bir saata Bakıdan Tehrana, bir saat iyirmi dəqiqəyə Tehrandan Şiraza uçduq.
Tehranda olarkən Pərvin Bəhməni və oğlu Damun Şeşbuluki ilə görüşdük. Gəlmişdən-getmişdən, Qaşqayların bu günkü durumundan xeyli söhbət etdik. Ölkədə müsiqiyə, mədəniyyətə lazımı dəyər verilmədiyindən gileyləndilər. Mən isə ötən illərdə baş verənləri xatırlayaraq vəziyyətin getdikcə yaxşılaşacağından danışdım.
Pərvin xanımla oğlu Damun Şirazdakı proqramımız haqqında bilgi verdilər. Bizi Giresunda tanış olduğum Ərsalan Mirzeyi və Pərvin xanımın tanışı, gənc millətsevər Əmin Cəhangirinia qarşılayacaqdı.
Tehran-Şiraz reysində olan Avropadan gəlmiş turistlərin əksəriyyəti qocalardı. Onlar Persepolisi-Təxti Cəşidi, Hafiz Şirazinin, Sədi Şirazinin, Baba Kuhi Bakuvinin məzarlarını, Şirazdan İsfahana gedən yolda tikilmiş Quran qapısını, muzeyləri görməyə, mən isə Şirazda yaşayan Qaşqaylarla görüşməyə çan atırdıq.
Təyyarədən enəndə birinci diqqətimi çəkən Əmin bəy oldu. Ərsalan Mirzeyini Giresunda görsəm də Əmin bəy başına qoymuş olduğu qaşqay börkü ilə diqqətimi çəkdi. Bu zaman arxadan Ərsalan Mirzeyinin gəldiyini gördüm. Mehribanlıqla görüşüb Ərsəlanın maşınında Əmin Cəhangiriniagilə getdik.
Şiraz şəhərinin kənarında, Sənaye məhəlləsində yeni salınmış birmərtəbəli evdə səliqə-səhman diqqəti çəkirdi. Bu köçəri ailəsinin evindən çox uzun illər şəhərdə yaşamış bir ailənin səliqə səhmanını xatırladırdı. Ərsalan bizi qoyub işinin dalınca getdi. Biz bir az dincəldikdən sonra Şiraz şəhərini gəzməyə çıxdıq. Əmin gilin məhləsində yaşayanların əksəriyyəti qaşqaylardır. Onun verdiyi bilgiyə görə şəhər əhalisinin təxminən dörddə birini qaşqaylar təşkil edir.
Təxti-Cəmşid - Persepolis
Oxumuşdum ki, Şirazdan təxminən 50 kilometr aralıda yerləşən Persepolis miladdan öncə altıncı yüzilin sonlarında Əhəməni imperatoru Birinci Daranın vaxtında salınmağa başlayıb. Şah sarayını tikmək üçün uzunluğu 473 metr, eni 86 metr, qalınlığı 13 metr olan torpaq təpə düzəldiblər. Sonra üzərində binalar ucaldıblar. Pilləkənlərin yan divarlarını qabarma heykəllərlə bəzəyiblər. Birinci Daranın başladığı işi Birinci Kserks davam etdirib. Birinci Kserks taxt salonunda hər birinin hündürlüyü 20 metir olan 100 sütun ucaldıblar. Sütnların üstündə də 2 metrlik buğa və insan heykəlləri yerləşdiriblər. Bu möhtəşəm bina qalıqlarında çoxlu barelyef və yazılar var. İnsanları da buraya gətirən, heyrətləndirən 2600 il əvvəlin tikinti texnikası, insan əməyinin möcüzəsidir. Binaların neçə tikilməsi, heykəllərin o ucalığa necə qaldırılması, baralyeflərin hansı texnika ilə və neçə zərifliklə qazılması sualına hələ də dəqiq cavab vermək olmur.
Gah Təxti-Cəmşid, gah Təxti-Süleyman deyilən, geniş elmi ədəbiyyatda Persepolis adlandırılan bu möhtəşəm saray qalıqları haqqında bir neçə sənədli filmə baxmışdım. Ona görə də oraya getməyə heç həvəsim də yox idi. Buna baxmayaraq, Şirazdan 300 kilometr aralıdakı Cəm şəhərciyində işləyən Cəfər Evazi maşını ilə gəlib bizi oraya gəzməyə aparmaq istəyinə yox deyə bilmədim. Şirazda olduğumuz sonuncu gün, isti havada, toza-torpağa bata-bata Persepolisi gəzdik.
Ondansa məni Qaşqay çadırlarına aparsa idilər, Qaşqaylarla söhbət edib, folklor nümunələri toplasaydım daha yaxşı olardı. Persepolis haqqında sənədli filmlərə evdə çay içə-içə baxmaqla daha çox bilgi alardım.
Şirazda olduğumuz günlərdə Hafiz Şirazinin, Sədi Şirazinin və Baba Kuhinin qəbirlərini ziyarət etdik, şəhərdən İsfahan çıxışda tikilmiş Quran qapısının altından da keçdik.
Azərbaycanın ilk böyük folklorçusu - Baba Kuhi Bakuvi
Azərbaycandan Şiraza gedəsən, orada Baba Kuhinin Bakuvinin məzarını ziyarət etməyəsən?
Onun haqqında yazılanlar və söylənənləri 200 ilə yaxındır araşdırıcılar qarşılaşdırıb qəti bir qərara gələ bilmirlər. Min ilə yaxındır zəvvarların ziyarət etdiyi bir məzarın başında durub fatihə veririk. Şirvanda doğulduğuna, ona görə də Bakuvi ləqəbi götürdüyünə heç bir araşdırıcı etiraz etmir. Amma kimisi onu sufi, kimisi qələndəri, kimisi batini adlandırır. Burada fikir ayrılıqları yaranır.
Şirvanşah Mənuçöhrün məşhur vəziri Pir Hüseyin Şirvaninin (onun Navahı kəndi yaxınlığındakı, Pirsaat çay sahilindəki türbəsi də ziyarətgahdır.) doğmaca qardaşı olan Baba Kuhi Bakuvi 933-934-cü ildə doğulub. Bəzi araşdırıcılar Babadağ adının da bu məşhur alimin adından yarandığını söyləsələr də inandırıcı görünmür.
Dərin elmi biliyi, dünyanı gəzmək, tanımaq həvəsi onu Şərq ölkələrinə səyahətə çıxarır.
Mənim üçün Baba Kuhi Bakuvi Azərbaycanın dünyada tanınan ilk böyük folklorçusudur. Şərqin məşhur alimlərindən Xacə Abdullah Ənsarinin yazdığına görə Baba Kuhi Bakuvi 30 min hekayə və 3 min hədis toplayıbmış.
Şirazda Əbu Abdullah Xəfifə müridlik edən və ondan dərs alan Baba Kuhir mürşidi dünyasını 981-982-ci ildə dəyişdikdən sonra yenidən səyyahətə çıxır və Bağdada, Nişapura gedir. Nişapur o zaman sufi alimləri ilə məşhur idi. Onlardan söz açanda adətən Xorasanın yeddi ulduzu deyirlər. Məşhur alimlərdən Əbu Əbd ər-Rəhman Sullami və Əbdül Qasim Qüreyşi ilə dostluq edir, Əbu Abbas Nəhavəndi ilə elmi mübahisələrə girişir. Sonralar bu elmi mübahisələrin mövzusunu əsərlərində verir.
Xorasanın Mən şəhərində yaşayan, sufi şeyxi Əbu Səid ibn Əbül-Xeyri ilə görüşdüyü haqqında da mənbələr bilgi verir. Bu həmin Əbu Səid ibn Əbül Xeyridir ki, qədim və orta yüzillərdə sağlığında adı Avropa qaynaqlarında çəkilən yeganə alimimizdir. Onu İsanın və Məryəmin ikonalarını kilsə divarından endirib üzi qibləyə namaz qıldırdığı haqqında əfsanələr dolaşmaqdadır. Bu günkü terminlərlə desək, Əbu Səid ibn Əbül Xeyri şamançılıqla islamı çulğalaşdıran, illuzyanı, telapatiyanı, okultizmi başaran bir insan olub.
Belə bir alimlərlə görüşən, onlarla söhbətlər edən və öyrənən Baba Kuhi Əbu Əbd ər-Rəhman Sullami öldükdən sonra onun xanəgahına rəhbərlik etməli olur. Lakin orada uzun müddət qalmır, yenidən Şiraza dönür, burada şəhər kənarındakı Cəfərabad kəndi yaxınlığında olan kars mağaralarından birində yaşayır. Günümüzədək gəlib çatmış ərəb dilində yazdığı "Əxbar əl-arifin", "Əxbar əl-qafilin", "Bədayət hal əl-hallac" kitabları dünyada məşhurdur. Bundan başqa, onun farsca şeir "Divan"ı çap olunub yayılsa da bəzi araşdırıcılar bu divanın Baba Kuhinin olduğuna şübhə ilə yanaşırlar. 1051-ci ildə orada dünyasını dəyişir və yaşadığı mağaranın yanında dəfn edilir.
Böyük səyyah Zeynalabdin Şirvani Şirazda olarkən Baba Kuhinin məzarının dağıldığını görüb üzülmüş və orada səfərinə bir müddət ara verib qəbri təmir etdirmişdir. Şirazdan İsfəhana gedən yolun solunda yamacda yerləşən Baba Kuhi Bakuvinin məzarı son dövr yenidən abadlaşdırılmış, ətrafında park salınmış, farsca divanından beytlər yazılmış daşlarla park bəzədilmişdir. Buradan baxanda Quran qapısı və köhnə Şiraz ayaq altındaymış kimi görünür.
Cəfər və Əminlə Qaşqay eli haqqında söhbətlərimiz
Şirazı gəzib dolandıqca, muzeylərinə, tarixi abidələrinə baxdıqca Cəfər Evazi Yadıkurı ilə Əmin Cəhangirinia bizə Qaşqaylar haqqında da bilgi verirlər. Yüz illər boyu yaylaq qışlaq həyatı yaşayan Qaşqay elinin əsasını Əmələ, Dərəşuri (Derre Şuri), Kəşküli (Keşkölli) (Bu tayfa da öz daxilində Böyük Kəşküllü və Kiçik Kəşküllüyə bölünür), Şeşboki (Şeşəbəyli), Farsimədan (yəni farsca bilməyənlər. Bu tayfnı həm də bizlərdə imirli dediyimiz eymurlu kimi də adlandırırlar) təşkil edir. Bunlardan başqa elin idarə olunmasında söz sahibləri olsalar da sayları az olduğundan təsir gücləri zəif olan Qaraçaylı, Rahimli və Səfi Xanlı, İgdir və b. kiçik tayfalar da var. Böyük tayfalar da öz daxillərində tirələrə bölünür. Tirələrin adlarından aydın olur ki, onlar böyük türk tayfalarından qoparaq burada bir çatı altında birləşmiş və Qaşqay elini yaratmışlar. Əmələ tayfasının tərkibində bayat, bügər, çobankara (çobankərə), oryat, əmir salari, çigini və b. Dərəşuri tayfasının tərkibində qaraçorlu, qarakeçilli, cəlali, qırrıxlı (qırxlı), göyçəli, lək, mosullu və b. Kəşkülü tayfasının içərisində ağqoyunlu, oyrad, ağacərli, oxçulu, gəncəli, göyçəli, qocar Şeşbloki tayfasının içərisində arıqlı, ağacəri, tərəkəmə, cığallı, şamlı, amelə, qəcərvə b. Farsimədan tayfasını içərisində tuva, çobankara (çobankərə), dənizli, doğanlı, şeybani, əmələ, lək, mosullu, yağmurlu və b. tayfaların qalıqları var.
Bundan başqa Qaşqay elində iğdır, xələc, əfşar, uyğur, qaraqoyunlu, bəydili, qaragözlü, ayvatlı, muğanlı, irəvanlı soyadını daşıyanlar da var. Bu soyadlarını onlar tayfalarının adından aldıqlarını söyləyirlər.
Qaşqay elində aparıcı böyük tayfaların adı ilə o biri tayfaların içərisində tirələr var. Tirələrin bir çoxunun adı ilə bağlı Azərbaycanda toponimlərə tez-tez rast gəlinir. Tayfalar işərisindəki nəfillərin adı ilə, yaşadıqları və ya köçüb gəldikləri yerin adı ilə bağlı olan tirələr də vardır. Onlara da Azərbaycanda toponimlərimizdə rast gəlirik.
Zagros dağlarının ətəklərində, 20-60 kilometr enində, 500-1000 kilometr uzunluğunda bir ərazidə yaylaq-qışlaq həyatı sürən Qaşqaylar ilin 3-4 ayını köç yollarında keçirirmişlər. Yaşadıqları yurdu (evi) qara çadır (Qaşqaylarda qara yalnız rəng anlamında deyil. Qara qovurma, qara qurud, Qara ney və b. qara ilə bağlayan söz çox işlədilir. Qaraney bizim qara zurnaya ilə Özbəklərin gəranayına oxşa bir musiqi alətidir. Bir metrdən çox uzunluğu olan bu musiqi alətindən ən çox toylarda böyük nağara ilə birlikdə istifadə edilir.) adlandırırlar. Onun da üst hissə keçi qəzilindən sıx toxunmuş materialdan, çıq ya çit adlandırılan yan hissələri isə qamış və keçi qəzilindən hazırlanır. Keçi qəzili yuna nisbətən gec çürüyür və yağışda türkər şişərək su buraxmır.
El adətən elbəy tərəfindən bir ailə kimi idarə olunub. Ona görə də qaşqaylar arasında sinfi mübarizə deyilən şey olmayıb. Böyük qoyun sürüləri, at ilxısı, qaramalı, gözəl çadırları olan biris, təbii fəlakət, sel gəlməsi, qışın sərt keçməsi və s. nəticəsində qısa müddətdə müflüsləşib. Kasıb, onun bunun qaramalını, sürüsünü otarmaqla güzaranını keçirən cavan oğlan isə ağlı və fərasəti sayəsində beş-on ilə var-dövlət sahibi ola bilib. Müflisləşənə hər bir toğlu, dana, yorğan, çadır, qab-qazan verməklə onu dilənçi vəziyyətinə düşməyə qoymayıblar. Ağılsızını, bacarıqsızını, şikəstini də el yola verib. Onun dilənçilik etməsini və ya məhv olmasını qürurlarına sığışdırmayıblar. Onlarla nümunə göstərirlər ki, qohumlarının sürülərini otaran, qaramalına, atına baxan gənc az bir zamanda var-dövlət sahibi olub.
Qaşqaylar bir-birini dolandırmaqla kifayətlənməyib, yaylağa, qışlağa gedəndə yol boyundakı kəndlərin, qəsəbələrin kasıb təbəqəsinə, pulsuz şor, qatıq, ayran, pendir, ət, yun, dəri və s. veriblər. Bunu da bir savab iş sayıblar.
1962-ci ilin yayında Məhəmməd Rza Pəhləvinin torpaq islahatı ilə bağlı verdiyi qanun yazda yaylağa, payızda qışlağa köçən Qaşqayların yaşam tərzini dəyişdirdi. 216.984 kvadrat kilometrlik geniş bir ərazidə daim hərəkatda olan Qaşqay eli oturaq həyata keçmək məcburiyyətində qaldı. Bu da o qədər asan baş vermədi. Qarşıdurmalar da oldu, qan da töküldü. Amma hökumətlə hökumətlik etmək mümkün olmadı.
Qaşqayların ən sıx yaşadıqları yer Fars ostanıdır. Firuzabad şəhərində yaşayanların da 70-80 faizi qaşqaylardır. Mərkəzi Şiraz olan Fars ostanında, Yəzd, Kirman, İsfahan, Çahar-Mahalu Bəxtiyari, Kuhgiluyə və Buyer-Əhməd, Xuzistan və Hürmüzqan ostanlarında da toplu halda yaşayırlar.
Qaşqay elxanları
Qaşqaylar arasında belə bir fikir geniş yayılıb ki, Səfəvi hökmdarları onların ulu babalarını portuqaliyalıların dənizləri keçib Fars vilayətinə çıxmalarının qarşısını almaq üçün göndərib. İlk elxanları Ağqoyunu Həsənin nəslindən olan Əmir Qazi Şahılı imiş. Qəribəsi budur ki, şahlar dara düşəndə həmişə kömək üçün qaşqay elxanlarına müraciət edirlərmiş. Çətinlikdən çıxan kimi hakimiyyətləri üçün təhlükə sayaraq müxtəlif bəhanələrlə cəzalandırırlarmış.
Abbas Mirzəyə böyük məhəbbətləri olduğuna görə vəliəhdin ölümündən sonra (13.10.1833) qaşqay elxanlarını sıxışdırmağa başlayıblar. Hətta gah Tehrana şah sarayına aparmaqla, gah da zindana salmaqla onları eldən uzaq saxlamağa çalışmışlar. Buna baxmayaraq, onlar da döyüşlərdə olduğu kimi, zindanda da şücaətlərini göstərərmişlər. Məsələn, dustaqlıqdan müxtəlif yollarla azad olan Məhəmməd Əli xan yenidən Fars əyalətinə gəlib Qaşqaylara elxanlıq etməyə başlayır. 1836-cı ilin oktyabrında Məhəmməd Əli xanı şah yenidən yanına apartdırıb onu orada 13 il saxlayır. Məhəmməd Əli xanın zamanında qaşqaylar ilk dəfə ingilislərlə savaşırlar. Məhəmməd Əli xan olmayanda onu qardaşı Məhəmməd Qulu xan əvəz edir. Məhəmməd Qulu xanı da şahın əmrilə tutub zindana salırlar. Lakin o, 1847-ci ildə zindandan qaçaraq yenidən elinin Elxanı olur.
Buradan başlayan qarşıdurma İkinci Dünya Savaşı illərinin sonunadək davam edir. Hökumət ingilislərin dediklərinə boyun əysə də, qaşqaylar boyun əymirlər. Bu da hökumətə qarşı çıxmaq kimi qiymətləndirilir. Öz torpaqlarını qorumaq uğrunda güclü dövlətə-Böyük Birtaniyaya qarşı dirəniş göstərmək hakimiyyətdəkiləri qorxuya salır.
Elinin mənafeyini müdafiə etdiyinə, şaha yaltaqlıq və qorxaqlıq etmədiyinə görə 1875-ci ildə Mustafa Qulu xanın böyük oğlu Söhrab xana üsyançı adı qoyularaq edam edilir.
Qaşqaylar ingilislərə qarşı 19-cu yüzildə iki dəfə savaşsalar da, ən sərt döyüləri məşrutiyyə illərində olmuşdur. Qaşqaylar ingilislərə qarşı gah açıq savaşmış, gah da partizan müharibəsi aparmışlar. Bu qarşıdurmanın birinci mərhələsi 1925-ci ilə, yəni Rza xan Pəhləvi soyadı ilə şah elan edilənədək davam etmişdir.
Rza şah Pəhləvi qaşqay elxanı Sövlətüddövlə və oğlu Nəsir xanı millət vəkili kimi Tehrana, məclisin toplantılarında iştirak etməyə gedəndə həbs etdirir və 1932-ci ilin oktyabrın 8-də Sövlətüddövləni zindanda öldürtdürür.
İkinci Dünya Savaşında Rza şah Pəhləvi özünü tərəfsiz dövlətin başçısı elan etsə də, Sovetlər Birliyi quzeydən, ingilislər güneydən hücum edərək ölkəni işğal edirlər. Hökumət qoşunları qorxaqcasına təslim olanda Qaşqaylar savaşdılar. Onlar döyüşün qalibi olmasalar da, hünərləri ilə dünya mətbuatının diqqətini özlərinə çəkə bildilər. 1941-ci ilədək Tehranda Rza şah Pəhləvinin nəzarəti altında olan qaşqay elxanı Xosrov xan ölkədə yaranmış qarışıqlıqdan istifadə edərək yenidən elinin başına keçir. 15, 16, 17-ci seçimdə millət vəkili seçilir. 1951-ci ilin 20 martında neftin milliləşdirilməsi haqqında qanunun qəbulunda xüsusi fəallıq göstərir, Milli Şura Məclisini və Baş vəzir doktor Məhəmməd Müsəddiqin yeritdiyi siyasəti müdafiə edir. 1953-cü ilin avqustun 19-da ingilis və Amerika xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə doktor Məhməmməd Müsəddiq hakimiyyətdən uzaqlaşdırılanda Xosrov xan və Nasir xan ona qaşqay silahlılarının yardımını təklif edir.
Elə buna görə də şah hər iki qardaşı Avropaya sürgün edir. 25 il hər iki qardaş ölkədən kənarda yaşamalı olur. 1979-cu il İran İslam İnqilabından sonra Sövlətüddövlənin ən kiçik oğlu Xosrov xan Amerikadan vətənə döndür və Firuzabaddan millət vəkili seçilir. Lakin onun vəkillik sənədini islam keşikçiləri təsdiq etmirlər. Yeni hökumətin nümayəndələri ilə aralarında yaranan ziddiyətə görə Şiraza dönən Xosrov xan qaşqay tüfənkçilərini də başına yığıb dağlara çəkilir. İki ilə yaxın hökumət qüvvələrilə vuruşur. 1982-ci ilin may ayında Firuzabad yaxınlığındakı döyüşdə məğlub olur və oktyabr ayının 1-də Firuzabad şəhərində güllələnir.
Çap olundu: Qaşqay elinə səfər - II yazı, “525-ci qəzet”, 06 sentyabr, 2018-ci il.https://525.az/site/?name=xeber&news_id=105637#gsc.tab=0
|