ÖZ GÜNAHIMIZI DA DANMAYAQ- Səttar Şahverdiyev
Şahverdiyev familiyası Naxçıvanda hörmətlə qarşılanır. Bu hörməti onlar ailələrinin, kəndlərinin, elin –obanın namusunu qorumaq uğrunda gedən döyüşlərdə qazanıblar. Naxçıvanda və Ermənistanda Sovet hakimiyyətinin qurulmasında Şahverdiyevlər fəal iştirak ediblər. Abbasqulubəy Şadlinskinin başçılıq etdiyi əfsanəvi, beynəlmiləlçi “Qırmızı Tabor”un cəsur döyüşçüləri siyahısında da, Naxçıvanda sosializm quruculuğu uğrunda mübarizələrin sırasında da Şahverdiyev familiyasına rast gəlmək olar.
Bu gün də ziyalıları ilə seçilən Şahverdiyevlər nəslinin ağsaqqallı Səttar əmidir. Səttar əminin ömür yolu inqilabdan sonrakı Azərbaycanın keçdiyi yoldur. 1913-cü ildə Şərur-Dərələyəz qəzasının (indiki İliç rayonu) Sədərək kəndində anadan olan Səttar Həsən oğlu 20-ci illərin coşqun komsomolçulardan olub. Sosialist inkişafının yeganə yolunu kollektivləşmədə gördüyündən kolxoza ilk yazılıb.
Səttar əmi mübariz bir ömür yaşamış, əsrimizin canlı salnaməsidir. Ötən günlərdən söz düşəndə deyir:
- Sədərək kimi kənddə 27 ailə birləşib kolxoz təşkil etmişdik. Torpağın ən yaxşısını da bizə vermişdilər, sudan da birinci biz istifadə edirdik. Hökumət də bizə hər cür qayğı göstərirdi. Təsərrüfatın da tam sərbəstliyi vardı. Odur ki, kolxozun əldə etdiyi nailiyyət fərdi təsərrüfatınkından çox yüksək idi.
Biz də ictimai şüurun formalaşıb formalaşmadığına əhəmiyyət verməyərək ilk rəqəmlərə əsaslanaraq kollektiv təsərrüfatın üstünlüklərini təbliğ edirik. Sonra hamını məcbur kolxoza üzv yazdılar. Bu o qədər də uzun çəkmədi. Partiyamızın Mərkəzi Komitəsi adamları inzibati qaydada kolxoz yazmağı pislədi. Amma bu ötəri və aldadıcı oldu. Kolxoza könüllü yazılmayanlara o qədər vergi qoydular, müxtəlif bəhanələrlə sıxışdırdılar, inzibati cəza verdilər ki, əksəriyyət ürəkdə istəməsə də məcbur olub kolxoza üzv yazıldı.
S. Şahverdiyev kolxozda az çalışır. Kənddəki yeddiillik məktəbi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna qəbul olunur. Son kursda oxuyanda əsgəri xidmətə çağırırlar. Orduda milli kadrlara böyük ehtiyac olduğunu nəzərə alıb onu Bakıdakı kiçik zabitlər hazırlayan məktəbə göndərirlər. Qambay Vəzirovun rəhbərliyi altında Azdiviziya Elbrus dağının yürüş edəndə S. Şahverdiyev də kursant kimi zirvəni fəth edənlər sırasında olur. Azərbaycan oğullarının çevikliyini və cəsurluğunu nümayiş etdirən həmin yürüş Səttar əminin yaddaşında nə qədər xoş iz buraxıbsa 37-ci ilin faciəsi onu bir o qədər sarsıdıb.
Həmin ağır günlərdən bu gün də söhbət açmaq istəmir. Söz düşəndə “Xalqımıza müharibədən ağır zərbə 37-də vuruldu”-deyir.
Milli diviziyalar ləğv edildiyindən S. Şahverdiyevin təhsil aldığı hərbi məktəb də bağlanır. Ailə vəziyyətini nəzərə alıb onu ordudan tərxis edirlər. Əsgəri xidmətdən Sov.İKP üzvü kimi Naxçıvana qayıdan Səttar əmi 2 il-1939 -1941-ci illərdə gah komsomol, gah da ticarət təşkilatlarında müxtəlif vəzifələrdə işləyib. Ötən günləri xatırlayanda səmimiyyətlə etiraf edir ki, işi yaxşı bilmirdim, amma vicdanla və məsuliyyətlə çalışırdım. İşlədiyim sahəni yeni öyrənəndə başqa sahəyə dəyişirdilər.
Böyük Vətən müharibəsində və müharibədən sonrakı bərpa illərində göstərdiyi hünərə görə dəfələrlə hökumət təltiflərinə layiq görülən S.Şahverdiyev ailə şərəfini həmişə yüksək tutub. Ata-babasının Şahverdiyevlər nəslinə qazandırdığı nüfuzu qoruyub saxlaya bilib.
Onun orden və medallarını, təltiflərini xidmətlərindən geniş söhbət açmağa ehtiyac duymuruq. Özünün dediyi kimi: Ötənlər keçmiş ola. Bu gün Səttar əmi canlı tarix, gözəl tərbiyəçidir. O, şirin və ibrətamiz söhbətləri ilə yalnız məktəbliləri deyil, gənc kadrları da həyata hazırlayır. Ötən illərə münasibətdə o onun öz meyarı var:
- Kompaniyaçılıqla heç aram olmayıb. Etiraz etdiyimə görə dəfələrlə cəza da almışam. Amma son nəticə mənim xeyrimə olurdu. Dəfələrlə görmüşəm ki, kollektiv sağlam, mübariz olanda adamlara haqsız cəza vermək olmur. İstər Stalin repressiyası dövrü olsun, istər volyuntarizm, istər durğunluq, istər də bu gün. Bir hadisə heç vaxt yadımdan çıxmır.
50-ci illərin əvvəli idi. Ağır və çətin illər idi. Hamı, necə deyərlər, qorxu və xof içərisində yaşayırdı. Az qala qardaşının da qardaşa inamı qırılmışdı. Amma buna baxmayaraq əhalinin əksəriyyətində partiya və dövlət rəhbərlərinə qarşı güclü bir inam var idi. Onların hər bir sözünü həqiqət kimi qəbul edir, söylədiklərinin peyğəmbər hədisi kimi əzbərləyirdilər.
Əlbəttə, bunlar ağır, çətin və bağışlanmaz bir əhval-ruhiyyə yaradırdı. Vəziyyətlə barışmaq istəməyənlər, səsini ucaltmağa təşəbbüs göstərənlər də ətrafdakıların barışdırıcı mövqeyini, yüksək əhval-ruhiyyəsini görüb susurdular.
Şəxsi-qərəzdən və müxtəlif səbəblərdən, paxıllıqdan adamlar çox vaxt bir-birinə üzünə dururdular. Gözü götürməməzlikdən qonum-qonşunun üzünə durur, yalandan şahidlik edirdilər.
Naxçıvan rayonunun (indiki Babək) Şıxmahmud, Xəlilli, Uzunoba, Didivar, Nəzərabad kəndinin əhatə edən kolxozun partkomu idim. İşlərimiz də pis getmirdi. Müharibədən yeni çıxsaq da il uğurlu gəldiyindən camaata yaxşı taxıl bölmüşdük. Məhsulun bol gəlməsi, camaatın güzəranının yaxşılaşması əhalinin də, rəhbər vəzifədə işləyənləri də sevindirmişdi.
Onu deyim ki, həmin vaxt Naxçıvanda Allahverdi İsayev deyilən bir şəxs vilayət partiya komitəsinin birinci katibi işləyirdi. Hamı onu görəndə zağ-zağ əsirdi. Muxtar respublikada bir xof yaratmışdı ki, gəl görəsən. Haqlı-haqsız adamları kütləvi surətdə tutdurub həbs etdirirdi.
Belə bir gərgin günlərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Hüseyn Məmmədov bizim kolxoza gəldi. Görüşüb söhbət etdik. Söhbət əsnasında mənə bildirdi ki, İsayevin tapşırığı ilə Jdanov adına kolxoza sədr getməliyəm. Kolxoz əməkçilərinin məni sədr seçib seçməyəcəklərinin əhəmiyyəti yox idi. Demək İsayev belə demişdisə hökmən belə də olacaqdı. Lakin mən bütün çətinlikləri və qorxunu gözümün qabağına gətirib etiraz etdim. Mənim etirazımdan xəbər tutanda İsayev bərk əsəbiləşir və tapşırır ki, məni partiyadan xaric etsinlər.
Bir neçə gün sonra kolxoz partiya təşkilatının yığıncağını çağırdılar. İclasa şəhər (onda Babək rayon partiya komitəsi yaranmamışdı – Ə. Ş ) partiya komitəsinin büro üzvləri, partiya komitəsinin ikinci katibi Eynalı Zeynalov, katibi Qriqor Mkrtçyan, kənd təsərrüfatı şöbəsinin müdiri Hidayət Axundov, rayon XDS İcraiyyə Komitəsinin sədri Nifti Əliyev gəlmişdilər. Hamısı ilə də yaxın idim, bir-birimizi yaxşı tanıyırdıq. İclası açdılar. Bu dörd nəfərdən heç biri mənim əleyhimə çıxış etmək istəmirdi.
Buna baxmayaraq İsayevin qorxusundan mütləq danışmalı, kommunistləri mənim əleyhimə qaldırmalı idilər. Nifti Əliyevi dığırlayıb verdilər qabağa. O, da bəs qədər danışdı mənim əleyhimə. Son sözləri bu oldu ki, belə adamların partiya sıralarında qalması mümkün deyil, onu sıralarımızdan xaric etməliyik.
Otağa sükut çökdü. 130 nəfər kommunistin hamısı susurdu. Necə deyərlər, suyun şırıltısına qulaq asırdılar. Bəlkə də öz ürəklərində deyinənləri haqq-ədalət tərəzisində ölçürdülər. Bir-iki nəfərin çıxışı ilə məni partiyadan çıxartmaq olmazdı. İşlədiyim təşkilatda da mənim əleyhimə danışmalı, nöqsanlarımı deməli idilər ki, iclas qərar qəbul etsin. Bəs bunu kim deyəcəkdi?
Şıxmahmudlu Famil söz alıb ayağa durdu. Bir az əsəbi, bir az da həyəcanla dedi ki, partiya rəhbərlərinə də burada iclas aparmağa gələn yoldaşlara da böyük hörmətimiz vardır. Lakin onlar bu gün yığıncaqda elə sözlər dedilər ki, özlərini bizim gözümüzdən saldılar, başqa partiya rəhbərlərini də. Bir ildir ferma müdiri işləyirəm. Bir dəfə də olsun Səttarın fermadan bir kilo pendir, ət, süd apardığını görməmişəm. S. Şahverdiyev təmənnasız, halal adamdır. Özümüzə qardaş deyib, arvadımıza bacı. Belə olan halda onu niyə biz partiyadan çıxarmalıyıq? Bacarırlar qoy aparıb şəhərdə çıxarsınlar.
Famildən sonra Qənbər kişi ayağa durdu. Qənbər kişi bisavad adam olsa da dünya görmüşdü. Uzun müddət kolxoz sədri işləmişdi. Görünür ki, haqsızlığa o da dözə bilmədi. Elə danışdı ki, camaat bir anın içərisində ayağa qalxıb iclas otağını tərk etdi.
Həmin vaxtdan 30 ildən artıq vaxt ötür. Kommunistlərin bir çoxu vəfat edib. Ancaq sağ qalanları da var. Onlardan xəbər alsanız görərsiniz ki, mən heç kimdən də xahiş etməmişdim ki, iclası pozsun. Sadəcə olaraq kollektivdə birlik, bir-birinə inam və səmimiyyət vardı. Beləliklə nə həmin iclasda, nə də sonra məni partiyadan çıxara bilmədilər. Yəni kollektiv, kiçik bir partiya təşkilatı fitvaya uyub yaxından tanıdıqları bir adama mənə qarşı durmadılar, əksinə məni müdafiə etdilər. Sonra uzun illər mən həmin kolxozun sədri işlədim.
Bütün bunları danışmaqda məqsədim odur ki, 30-cu illərin repressiyası dövründə də, sonrakı illərdə də qonum-qonşu, qohum-qardaş, kollektivlər adamları nahaqdan güdaza verməsəydilər həbs və sürgün olunanların, əzab çəkənlərin sayı bu qədər çox olmazdı.
Sözüm indiki gənclərədir ki, keçmişi yaxşı öyrənib sabahı fikirləşsinlər. Keçmişi qisas almaq üçün yox, ibrət götürmək üçün öyrənsinlər.
Bu gün dostlarına, qonum-qonşularına, iş yoldaşlarına nahaqdan şər-şamata atılmasına şərait yaradıb sonra günahı dövrün, zamanın boynuna atmasınlar.
Böyük Vətən müharibəsindən sonra Səttar Şahverdiyev ömrünü həmişəlik kənd təsərrüfatı ilə bağlayıb. 1984-cü ilin avqustunadək kolxoz və sovxoz partiya komitəsinin katibi, kolxoz sədri işləyib. Həmişə də yaxşı işi, xoş əməllərilə tanınıb. Odur ki, bu gün də onun hörmətini saxlayır, bayramlarda evinə görüşə gəlirlər.
Hazırda Babək rayonunun Kültəpə kəndində (müharibədən sonra öz əlləri ilə ucaltdığı evdə) yaşayan Səttar əminin tez-tez qonağı gəlir. Qonaqların yaşı da, dünyagörüşü də, yaşadıqları ərazi də müxtəlif olur. Onlar bu canlı həyat enkslopediyasından öyrənməyə, ömür yollarını müəyyənləşdirməyə gəlirlər.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzetinin əməkdaşı
|