Bir həftə Kırıkkaledə: –
İSGƏNDƏR MUZBEG
Sosialist ölkəsi olduğuna görə, Sovetlər Birliyindən Yuqoslaviyaya getmək asan hesab edilirdi. Bu “asan gedişin” bir sıra zorluluğu vardı. Yol xərclərini zor-xoş toplasan da qarşıda viza almaq, gedişini əsaslandırmaq çətin idi. Nisbətən asan yol turist qruplarına yazılmaqdı.
Turist səfərinin də mə’lum marşrutu, məhdud vaxtı olurdu. Səfərə çıxacaq şəxs yerlərdə patiya, KQB nəzarətindən keçəndən sonra da turist qruplarına bir-iki güdükçü daxil edilirdi. Əslində, bu turist qruplarının əksəriyyətini gəzməyə deyil, ailəsinin tələbatını ödəmək və yaxud xırda alver üçün bazarlıq etmək istəyənlər təşkil edirdilər. Səfərdən qayıdanları söhbətə tutur, müəyyən suallar verib mətbuatda oxumadığımız məlumatı almağa çalışırdıq. 1980-ci illərin ortalarında turist səfərindən qayıdan iş yoldaşım Namiq Cəlilovdan Yuqoslaviyadakı türklərin vəziyyətini xəbər aldım. O çox sərt:—Türkləri də gördüm. Əsasən, ticarətlə məşğuldular. Türklüklərindən bir dilləri qalıb. Özləri qaraçı kimi bir şeydilər. —dedi.
Dostumun bu sözü qəlbimə toxunsa da, başqa söz deyə bilmədim. Çünki gəzib-gələn o idi, mən yox. Bir neçə gün sonra Namiq başqa bir hadisə danışdı: onunla bir qrupda olan biologiya elmləri namizədi Yuqoslaviyada qaraçıdan 5-6 plastmas saat alır. İki gün sonra saatları baha aldığını düşünərək axtarıb qaraçını tapır. Qiymət üstündə çox çənə-boğaz edirlər. Mübahisəyə dözməyən qaraçı Sovet turistinə —biologiya elmləri namizədinə müəyyən məbləğ pul qaytarır və tüpürüb gedir.
Namiq bunu gülə-gülə danışdı və “bizimkilər qaraçılardan da betərdilər!” deyərək sözünü tamamladı. Onun bu sözündən bizdən turist kimi gedənlərin Yuqoslaviyada yaşayan türklərin hansı təbəqəsini görə bildiklərini anladım. Cəmiyyətin insanı beş-üç qəpik üçün necə alçaltdığını anladım. İstər türk olsun, istər qaraçı, istər erməni, istər rus — alver edənlər beş-üç qəpik gəliri demək yalnız yalan, kələk, fırıldaqla qazana bilər. Normal ticarətə cəmiyyətdə şərait yoxdur!
Yollar açılandan sonra iştirakçısı olduğum toplantılarda tez-tez eşidirdim: “İskəndər bəy gələ bilmədi!”, “Filan toplantıda İskəndər bəylə birlikdəydik!”, filan dərgidə onun araşdırması, şeri yayımlanıb” və s. Bu qısa cümlələr məndə də ona qarşı maraq oyatmışdı. 1990-cı illərə kimi Yuqoslaviya türklərindən yalnız Zəkəriyyə Nicatini tanıyırdım. Bakıda çox olsa da, onu bir dəfə 1968-ci ildə M.P.Vaqifin yubileyində görmüşdüm.
İndi isə Türkiyədə yayımlanan qəzet və dərgilərdə İskəndər Muzbegin də imzasını arayırdım. Onun ömür yolu, yaradıcılığı haqqında mənə Türk Folklor Araşdırmalar Qurumunun başqanı İrfan Ünver Nasrattinoğlu da xeyli bilgi vermişdi. 1995-ci ilin 9— 11 iyununda Kırıkkale valiliyi və Folklor Araşdırmaları Qurumu “Dünya Xoşgörü — Manas — Abay yılı” devizi altında “YII Uluslararası Türk Xalq Edebiyyatı seminarı və I Uluslararası Türk Dünyası Kültür Qurultayı keçirirdi. İskəndər bəy də “Yuqoslaviyada gerçəkləşdirilən türkcə egitim və ögretim sürecində Türk Halk Edebiyyatının yeri” məruzəsilə qurultaya qatılmışdı. Onunla şəxsi tanışlığımız da burda oldu.
Söhbət üçün mövzu axtarışına ehtiyac duymadıq. Köhnə tanışlar kimi söhbətləşirdik. Onu ən çox Azərbaycanın durumu, Qarabağ məsələsinin tezliklə həlli düşündürdüyü kimi, məni də keçmiş Yuqoslaviya Federasiyasında baş verənlər maraqlandırırdı. Serblərin Bosniya-Hersoqovinya müsəlmanlarının başına açdığı oyunlara dözə bilmirdim. Bu mənim, sadəcə, dini təəssübkeşliyimdən doğmurdu. Bir insan kimi qızışdırılmış serb silahlılarının qəddarlıqlarına dözə bilmirdim.
Balkanlarda baş verənlərlə Qafqazda gedən toqquşmalar arasında bir oxşarlıq görürdüm. Hər iki bölgədə milli zəmində toqquşmaları qızışdıran Rusiyanın imperiyapərəst qüvvələri olduğu qənaətindəydim. İskəndər bəydən Bosniya müsəlmanlarının durumunu öyrənmək istəyəndə:
— Döyüş bizlərdən uzaqlarda gedir. Bu savaşa qatılmaq istəmirik. Qoy, bosniyalılarla serblər öz problemlərini çözsünlər, —dedi.
Onun cavabı mənə bərk toxundu. Belə cavab eşidəcəyimi ağlıma belə gətirmirdim. İsgəndər bəy tutulduğumu həmən hiss edib söhbəti yumşaltmağa çalışdı: ... Ayrı-ayrı ölkələrdə yaşasaq da siz də, biz də sosializmin etkisi altında olmuşuq. Toplantılara da hər türlü kişilər qatılır. Canımızdan totalitar rejimin qorxusu görünür hələ tam çıxmayıb. Bir də, doğrusu, savaş, soyqırımı haqda dəqiq bilgim yoxdur. Sizin kimi mən də qəzetlərdən, radio-televiziyadan eşidirəm. Biz axı savaş bölgəsindən çox uzaqda, ölkənin güney batı bölgəsində yaşayırıq.
— Bəs sabahı düşünmürsünüz? Bosniya-Hersek, Xorvatiya ilə haqq-hesabı çürüdəndən sonra serb ordularının sizlərin üzərinə yürüş etməyəcəyinə zəmanətiniz var? —deyə tə’nə etdikdə — Dünyanın demokratik qüvvələrinə ümid bəsləyirik. Bu ümidlər də çox vaxt boşa çıxır. Sosializm düşərgəsi dağılsa da, Sovetlər Birliyi parçalansa da, dünyanın qüdrətli dövlətləri hələ də Rusiyadan çəkinir, ona güzəştə gedir, — deyə İsgəndər bəy düşüncələrini açıqlamağa başladı.
Yazılardan İsgəndər bəyin 1947-ci ildə Prizrendə doğulduğunu, ilk okulu və ögretmen okulunu ana dilində orada bitirdiyini, sonra da Priştində serb-xorvat dilində hüquq təhsili aldığını bilirdim. Amma Prizrenin dəqiq harada yerləşdiyinə diqqət yetirməmişdim.
İsgəndər bəy Prizrendə on minə yaxın türk yaşadığını, ana dillərində orta məktəbləri, qəzet və dərgiləri olduğunu söyləyəndə mən də onun yadımda qalan bir dördlüyünü söylədim:
Uzaklarda bir Mamuşa düşledim.
Yapmacıq bir köy gəldi gözümə
Acılara bir az sevinc ekledim.
Bitek ova güldü yüzüme.
Uzaklarda bir Mamuşa düşledim.
Bir türlü yeşilini vermədi resimlər
Taşında, torpağında, suyunda
Hep yaşayacaq əski isimler.
Şair şerini söyləməyimdən heyrətləndi:
— Şerlərimi heç özüm əzbərdən bilmirəm. Bir Türkiyəli şerimi söyləsəydi, o qədər təəccüblənməzdim. İnan, yatsam yuxuma girməzdi. Demək, Azərbaycanda da bizləri tanıyan, oxuyan var!
— Var, İsgəndər bəy, var! Biz yalnız Tofiq Fikrəti, Zəkəriyyə Nicatini, Nazim Hikməti, Fazil Hüsnü Dağlarcanı oxumamışıq. Həm də Mehmed Akif Ersoyu, Nəsib Fazil Kısakürəyi və b. oxumuşuq. Sənin də “Kaynak”, “Sevil”, “Yaşamaq”, “Gerçək”, “Taşa Türkülər” və b. şer kitablarının olduğunu bilirəm. Amma 5-10 şe’rini oxumuşam. Türkiyədəki dostların da Priştendə çıxan “Tan” qəzetinin qurucularından biri olduğunu, qəzetin kültür, egitim, sanat sayfalarını yönəltdiyini, 1951-ci ildən “Türk Kültür və Güzəl Sanatlar Cəmiyyəti”nin “Doğru yol” dərnəyi nəzdində bir neçə yoldaşımla 1968-ci ildə “Nazim Hikmət” Yazı kolunu təşkil etdiyinizdən, indiyədək oranın başqanı olduğunu da söyləyiblər.
Mənim sözümə ara verdiyimi görüb incə bir təbəssümlə: “Bayram İbrahimin şerlərini, Turan Oflazoğlunun “IV Murat” pyesini serb-xorvat dilinə çevirdiyimi, serb-xorvat yazıçısı Miodraq Nikoliçin əsərlərini türkcəyə çevirdiyimi...”—mən onun nəfəs dərməsindən istifadə edərək:
—Türk xalq şerlərindən seçmələr yayımlatdığını, şer, öqkü, roman, deneme, eleştiri alanında çalışmalar sürdürdüyünü, bir çox ulusal və uluslararası dil və folklor konqrelərində də bildirilərə katıldığını da söyləyiblər.— deyib onun fikrini tamamladım. Ətrafımızdakılar da, İsgəndərin özü də mənim bu zarafatıma ürəkdən güldülər. Birdən İsgəndər bəy elə bil ayıldı:
—Arkadaşım, sen heç azerilərin ağzıyla konuşmadın. Türkiye televizyon yönəticiləri kibi qonuşdun.
Onun diqqətcilliyi mənə də ləzzət verdi. Arxamda gizlətdiyim “Doğru Yol” KGSD “Nazim Hikmət” yazı kolu almanaxını göstərdim. Yenidən gülüşdülər. Söhbətimiz axarına düşdü. Şer oxumasını xahiş etdim. Əksər şairlər kimi öncə müxtəlif bəhanələr gətirdi. Təkid etdiyimizi görüb bir neçə şer oxudu. Diktafonum isə onun səsini yazırdı:
Her bekleyiş ölümə salamdır uzaklardan
Arabayı, uçağı, tireni bekleriz.
Yüz bin istekle gideriz bir yerdən başqa yerə
Qaçarıq tuzaqlardan
Araba da ölümə gider, tiren də.
Her bekleyiş bir başka tatlı gelir bize.
Her gedişde bir az daha yaklaşırız kendimize
Akşam olanda, güneş mavi sulara girende.
Mövlana Cəlaləddin Ruminin etkisiylə yazdığı şe’rlərdən birisini oxumasını xahiş etdik. Deyəsən İsgəndərin ilhamı gəlib. Öncə bir şe’r oxumaq istəmədiyi halda indi ara vermədən üç-dördünü oxuyur. Onlardan biri belə idi:
Gəl, gəl, yenə gəl.
Sevginin ötəsindən sevgi getir bize
Erinc taşı açının ötesindən
Zenginliyinle gəl, çomertliyinle
Və qarışıqlığınla yüzyılın
Bu günə doğru yürü
Türkü söylə
Yaz şiirleri dize-dize
Hüzursuzlukda yak işığını
İyiligin, bilginin
Gəl onüçüncü yüzyıldan
Bugünün ağırlığını seze-seze
Yanımızdasın
Gəl, gir içimizə.
Söhbətimizin istiqaməti dəyişdiyindən mən onu öncəki axarına salmaq üçün: — İsgəndər bəy , Prizren harada yerləşir?—deyə xəbər aldım. O sakitliklə: “Kosovoda” —dedi və səbrlə dinlədiyimizi görüb auditoriyada tələbələri qarşısında mühazirə oxuyan müəllim ədasıyla:
— İkinci Dünya Savaşında qaliblər sırasında olan Sovetlər Birliyi Balkanlarda ərazisi 255,8 min kvadrat kilometr olan Yuqoslaviya Federativ Respublikasını yaratdı. Federasiyaya Sloveniya, Xorvatiya, Çernoqoriya, Bosniya və Hersoqovina,—Makedoniya, Serbiya sosialist respublikaları daxil idi. Ölkənin paytaxtı Belqrad Serbiyada yerləşirdi. Serblər özlərini hakim xalq sayırdılar. Voyevodina və Kosovo muxtar ölkələri də Serbiyanın tərkibinə qatılmışdı. Doğulduğum Prizren Kosova Muxtar ölkəsinə daxildi. Sahəsi 10,9 min kilometr olan bölgənin əsas əhalisi arnavutlar—sizlərin dediyi kimi, müsəlman albanlar və türklərdir. Kosova batıdan Albaniya ilə sərhəddir. Serblər gələcəkdə albanların Kosovanı birləşdirmək niyyətinə düşməsinlər deyə Bros Tito öləndən sonra bölgənin muxtariyyətini ləğv elədilər. Bu Kosovo arnavutlarını elə bil yuxudan ayıltdı.
Avropalıların hər an qürur duyduqları işğalçı yürüşləri ilə öyündükləri İsgəndərin vətəni Makedoniya da Yuqoslaviya ilə Yunanıstan arasında bölünüb. Makedoniyanın müstəqillik əldə etməsindən yunanlar bərk narahatdır.
— İskəndər bəy, Kosova dedin yadıma tarixin bir dövrü gəldi. Sovetlər Birliyində basılan kitablarda xaçlıların tərəfini saxlama var. Bu da uyarsızlıq yaradır. Hətta bizim Azərbaycan tarixçiləri türk, müsəlman olsalar da, sanki rus qafasıyla yazırlar. Onların yazdığına görə: 1389-cu ilin iyunun 15-də Kosovada serb knyazı Lazarın başçılıq etdiyi 15-20 minlik serblərin və bosniyalıların birləşmiş qüvvələri Sultan I Muradın 27-30 minlik ordusuyla qarşılaşıb. Meydan savaşının qızğın çağında serb feodalı Miloş Obiliç osmanlıların qərargahına soxularaq I Muradı öldürüb. Serblərin inadlı müqavimətinə baxmayaraq Kosovo meydan savaşı osmanlıların qələbəsilə qurtarıb. Knyaz Lazar edam edilib. Serbiya Osmanlı imperiyasının vassallığına çevrilib.
Hər dəfə bu və ya buna bənzər yazıları oxuyanda anlaya bilmirəm. Serblər Osmanlıların qərargahına daxil olub Sultan I Muradı öldürdükləri halda niyə məğlub olub əsarətə düşüblər? Savaş qaydalarına görə qərargahı ələ keçmiş, başçısı öldürülmüş orduda bir çaşqınlıq olar, dağılar.
İskəndər bəy:
— Yuqoslaviyada basılan kitablarda, qəzet və dərgilərdə, radio və televizyon yayınlarında Kosovo meydan savaşı haqda o qədər yalan, şişirdilmiş şeylər yazıblar, gəl görəsən. Orada yaşayan başqa xalqları demirəm, hətta bizim bəzi türk gəncləri də bu əfsanələri həqiqət kimi qəbul edirlər.
Sosialist ölkələrində hər şey necə də bir-birinə oxşayır. Tarixi də eyni türlü saxtalaşdırırlar. Məğlub xalqlardan oyuncaq qəhrəmanlar yaradırlar. Bütün bunların arxasında da bir məqsəd durur: Türklərə nifrət oyatmaq.
Türk səlnaməçilərini demirəm, Avropanın peşəkar tarixçilərinin yazılarını oxumuş olsaydınız, onda yanlışlığa həmin anda aydınlıq gətirə biləcəkdiniz.
I Murad Kosova savaşına atılanda 63 yaşı vardı. Özü at belində ordusunun mərkəzində durmuşdu. Sağ cinahında böyük oğlu Yıldırım Bayazid idi, sol cinahında digər oğlu şahzadə Yaqub. Kosova Serbiyanın güneyində dağlar arasında yerləşən eni təxminən 14 kilometr, uzunu 84 kilometr olan bir çökəklikdir. Dəniz səthindən 500—700 metr yüksəklikdə təpəliklər və kiçik dərələrdən ibarət bu obanı quzeydən Kopanik, güneydən isə Şar-Planina dağ silsiləsi çevrələyir.
I Murad bilərəkdən Kosovo obasını döyüş meydanı seçmişdi. Avropa dövlətləri əlavə qüvvə göndərsəydilər belə, ovaya keçirə bilməyəcəkdilər. Uzağı 1—2 günə də türk süvariləri uzunluğu 84 kilometr olan obada düşməni tə’qib edib sonuna çıxacaqdılar. Hər şey Sultan Murad tərəfindən çox dəqiq ölçülüb-biçilibmiş.
Kəndlilər, şəhərlərin sənətkarları Osmanlıların gəlişinə o qədər də pis baxmırlarmış.Çünki xalq kiçik feodalların bir-birilə ara verməyən savaşlarından cana doymuşdu. Türklərin Balkanlara gəlişindən xaçlılar qorxuya düşmüşdülər. Serblərdən, bulqarlardan, arnavutlardan, xorvatlardan, macarlardan, makedonlardan, lehlərdən, ulahlardan, çexlərdən, slovaklardan, qaradağlılardan, bosniyalılardan, slovenlərdən təşkil edilmiş muzdlu ordu Osmanlılara qarşı çıxarılmışdı. Qaynaqlarda bu ordunun döyüşçülərinin sayı 40—80 min nəfər göstərilir. Savaşın ilk çağlarında şahzadə Yaqub məğlubiyyət təhlükəsi qarşısında qalır. Yıldırım Bayazid qardaşına köməyə gəlir. Onu halqaya almaq istəyən düşmənə arxadan sarsıdıcı zərbə vurur. Düşmən qaçmağa üz qoyur. Sultan Murad Yaquba qaçan düşməni tə’qib etməyi tapşırır.
Səkkiz saata yaxın davam edən meydan savaşında qan dizə çıxır. Laza əsir alınır. I Murad hərb meydanını dolaşarkən, əsir kralın damadı Miloş Sultana yaxınlaşmaq istəyir. Qoruyucular buraxmayanda Miloş: “Buraxın məni, mən Sultanın əlini öpməyə gedirəm.” —deyir.
Qalib Sultan Murad sayıqlıq göstərmir. Qoruyucularına Miloşu buraxmağı əmr edir. Miloş əyilib Sultanın əlini öpəndə paltarının altında gizlətdiyi kiçik xəncərini çıxarıb I Muradın düz ürəyinə soxur. Tarixçilərin yazdığına görə, qərargaha soxulub I Muradı öldürmək belə olub.
Sultan Muradın cənazəsi Bursaya aparılıb əqrəbalarının yanında dəfn edilib. Öldürüldüyü yerdə isə ürəyi, ciyəri və bağırsaqları basdırılıb. Həmin yerdə əzəmətli bir cami ucaldılıb. Cami 500 ildən çoxdur ki, müsəlmanların ibadətgahıdı. Türklər balkanlardan sıxışdırılandan sonra serblər həmin camenin qarşısında Miloşun şərəfinə 15 metrlik bir abidə ucaldıblar. Üzərinə də kin-küdurət dolu sözlər yazıblar. Qalib xalqın oğlu olduğuna baxmayaraq məğlub xalqların təhqir və tə’nələrini uda-uda yaşayırıq.
— İsgəndər bəy, Osmanlılar Balkanlara yürüş edəndə oralarda məgər türklər yaşamırdılar?
— Həmin dövrlərin səlnamələrində Balkonlarda çoxlu türkcə toponimlərə rast gəlinir. O yerlərdə yaşayan türklər görünür hunqarlar kimi öz köklərindən uzaqlaşıb, xristian dininin tə’siri altında türklərlə düşmənə çevriliblərmiş. Osmanlılar Balkanlarda hökmran olduğu 550 ildə heç bir xalqı assimilə etmədi. Dilinə, kültürünə basqı yapmadı. Gündə bircə ailəni assimilə etsəydilər indi balkanlarda nə yunan qalmışdı, nə serb, nə xorvat, nə bolqar, nə də başqa xalq. Bizim babalarımızın etmədiklərini son 150 ildə xristianlar bizlərə etdilər. İndi Balkanlarda türkləri az qala barmaqla saymaq olar.
Babalarımız Balkanlarda 500 ilə yaxın hürriyyət yaratdı. Aldıqlarından çox verdilər. Ekrem Hakkı Ayverdininin incələməsinə görə Osmanlı İmperatorluğu Yuqoslaviyada 3500 came və məscid, 1500 məktəb, 300 mədrəsə, 400 tekke, 1000 çeşmə, 500 hap, 200 hamam, 25 müsafirhane, 50 türbə, 40 saat kulesi, 15 bedestan, 60 imaret, 40 karvansaray, 15 kütüphane, 1000 sebil, 25 Darülhadis, 100 körpü, 50 qale və s. yapmış və yaşatmışdı.
Osmanlı imperatorluğunun “zülmündən xilas olandan” sonra Balkanlar yenə qan çanağına dönüb. Ən azı 40—50 ildən bir qanlı savaşlar baş verir. Çox təəssüf ki, xalqlar hələ də ayılıb həqiqəti anlamayıblar.
— Qardaşım, bu Balkanlarda yaşayan xalqların qəbahəti deyil. Bizim Qafqazda da elədir. Dünya gücləri bunu belə yönəldir. Günü-gündən qüdrəti artan gənc imperiyalar belə siyasət yeridir. Bu işdə xalqları oyuncağa çevirir, öz istəklərini onların əlilə həyata keçirirlər.
Bir diqqət yetir: Rus imperiyası “xristian qardaşlığı” adıyla 1783-də Gürcüstanı öz tərəfinə çəksə də, Qafqazda möhkəmlənə bilmədi. Rusiya 1787-1791-ci illərdə Osmanlı imperiyası ilə Balkanlar uğrunda açıq savaşa atıldı. O biri tərəfdən də serbləri, xorvatları, yunanları və b. xalqları türklərin əleyhinə qaldırdı. Məqsədi Osmanlı imperiyasını həm doğudan, həm batıdan çəmbərə almaq idi. Rus orduları 1796-cı ildə general Zubovun komandanlığı altında Azərbaycana soxulsa da, 1797-ci ildə geri çəkilmək məcburiyyətində qaldı. 1804-cü ildə general Sisyanovun komandanlıq etdiyi rus ordusu Ramazan ayında Gəncəyə basqın etdi. Gəncə xanı Cavad xan və şəhərin müdafiəçiləri rus ordularına qarşı qəhrəmanlıqla döyüşüb həlak oldular. Azərbaycanda Rus imperiyasına qarşı döyüşlər 1813-cü il Gülüstan andlaşmasınadək davam etdi. Birinci Serbiya üsyanı adlandırılan döyüşlərədə diqqət yetirsək, 1804-1813-cü illərə düşdüyünü görərik. Məgər bunlar təsadüf idi? Xeyr! Doğuluların dəli Petro, Avropalıların I Pyotr dedikləri Rus çarının vəsiyyətlərini yerinə yetirərək isti dənizlərə çıxmaq, İstanbulu işğal edərək özünə paytaxta çevirmək istəyən Rus çarları Qafqazda açıq döyüşə gedirdilərsə də, Balkanlarda əsasən yerli xalqlardan istifadə edirdilər. Onlara silah, sursat, hərbi kadrlar verərək Osmanlı imperiyasının əleyhinə qaldırırdılar. Nə bu xalqlar, nə də Osmanlı imperiyasının tərkibində olan müsəlman ərəblər “milli azadlıq mübarizəsi”nin nəylə nəticələnəcəyini görmürdülər.
1877-78-ci il Rusiya-Osmanlı müharibəsində Rusiya Kars ilini işğal etdi. Balkanlarda isə Serbiya və Çernoqoriya guya tam müstəqillik əldə etdi. Ümumiyyətlə, son 200 illik tariximizdə oxşarlıqlar çoxdu. Bunun hamısının arxasında da Dəli Petronun hazırladığı strateji plan — türklərin dövlətçilik gələnəyinə son qoymaq durur!
— Qardaşım, dediklərin doğru. Biz Balkan türkləri yönümüzü batıya çevirdiyimizdən Günəşin necə doğduğunu görmürük. Siz Qafqazlıların Türkiyəni, Balkanı tanıdığı kimi bizlər Qafqazı tanıyırıq. 200 il öncə Balkanlarda türklərin sayı heç də Qafqazdakından az deyildi. Toparlanıb müqavimət göstərə bilmədik. Avropanın xristian dövlətləri də bizə çox basqılar yapdılar. Üzdə dostluqdan, insan haqlarından dəm vurub, arxada olmazın iyrənc planlarını hazırlayıb həyata keçirdilər. Bir sözlə, pambıqla baş kəsdilər.
Sizlər özünüzü qorudunuz. İndi, şükür Qafqazda Azərbaycan Respublikası kimi dövlətiniz var. Balkarlar, Qaraçaylar da pis-yaxşı özgürdürlər. Noqaylar, qumuqlar mədəni muxtariyyət əldə ediblər. Balkanlarda isə türk toplumunun mədəni muxtariyyəti yoxdu. Çünki babalarımız ya savaşlarda, sürgünlərdə həlak oldu, ya assimilə olundular, yaxşı halda isə qaçıb Türkiyəyə sığındılar. Azərbaycan bu gün gücsüz olsa da Türkiyə ilə, Batı Türklərilə Türküstan arasında bir körpü rolunu oynayır. Bundan biz də ibrət dərsi almalı, yönümüzü Batıya deyil, Doğuya—Qafqaza,Türküstana — Günəşə doğru çevirməliyik.
İsgəndər Müzbeglə söhbətlərimiz bitib tükənmək bilmirdi. Avtobusda da, süfrə arxasında da, yığıncaqlar arası fasilələrdə də, istirahət saatlarında da davam edirdi. Bəzən söhbətimiz gərginləşəndə başqalarına mane olduğumuzu hiss edən kimi səsimizin tonunu azaldırdıq. Bu işdə İsgəndər bəy, xüsusilə, həssas idi. Bir dəfə söhbət zamanı:
—İskəndər bəy, əhalinin artımına dair cədvəllərə göz gəzdirəndə Yuqoslaviyada xalqların əksəriyyətinin sayının artdığını, türklərin isə artmadığını müşahidə etmişəm. Nədən türklər artmırlar? —deyə xəbər aldım. İskəndər bəy dərindən ah çəkib:
—Artır, qardaşım, artır. Amma Yuqoslaviyada qala bilmirlər. Müxtəlif yollarla ölkəni tərk edirlər. Yəhya Kamalı yəqin tanıyırsan. Onun doğum yeri Üsküpdür(Skonuye) —bugünkü Makedoniyanın paytaxtı. Yəhya Kamalın “Kaybolan Şehir” şe’ri Yuqoslaviya türklərinin sanki hamısının taleyidir.
İskəndər bəy çantasını qurdalayıb kağızlar çıxarır. Onlar arasından birini seçib hüzündəymiş kimi kədərlə oxuyur:
Üsküp ki, Yıldırım Beyazid xan diyarıdır.
Evladi Fatihana onun yadigarıdır.
Firuzə qübbələrlə bizim şəhərimizdi o
Yalnız bizimdi, çehre və ruhuyla bizdi o!
Üsküp ki Şah dağında davamıydı Bursanın
Bir lale bahçesiydi tökülmüş temiz qanın..
Üç şanlı hərbin arşa asılmış silahları
Parlardı yaşlı gözlere bayram sabahları.
Bengirmeden hayatı şafaklandıran çağa
Bir sonbaharda annemi gömdük o toprağa,
İsa beyin fetihdə açılmış məzarlığı
Hülyama ahiret kibi nakşetti varlığı.
Vaktiyle öz vatanda bizimken, bu gün neçin
Üsküp bizim deyil? Bunu duydum için-için.
Kalbimde bir hayalı qalıp, kaybolan şehir
Ayrılmanın bırakdığı hicran derindədir.
Çok sürse ayrılık, aradan keçse çok sene
Biz sende olmasak bile, sen bizdesin gene!
Avstriya-Macarıstan, faşist Almaniyası, Rusiya bu və ya başqa ad altında Balkanları işğal etdilər. Onlardan kimisinin ömrü beş il oldu, kimisinin də 50—100 il. Amma Osmanlı imperiyasının Balkanlardakı hakimiyyəti 550 ilə qədər çəkdi. Dış güclərin, xüsusən də Rusiyanın tə’sirilə Balkanlardan türklər dışlandı. Bu əslində fiziki dışlanma oldu. Balkanların hər qarış torpağı bu gün də türklükdən xəbər verir. Dağ-daş, çay, göl, kənd-kəsək adları da türkcədi. Tarixi abidələri də türk abidələridir. Dillərindəki sözlərində, yeməklərində, bir sözlə kültürlərində, bir sözlə, türklük Balkan xalqlarının içində bu gün də yaşayır, sabah da yaşayacaq.
İskəndər Müzbeğlə bir həftəlik söhbətlərimiz bizi daha da yaxınlaşdırdı. Sonralar görüşə bilməsək də, telefon və məktubla, tanışlar vasitəsilə sıx əlaqə saxladıq. Balkanlarda baş verən hər bir dəyişikliyi diqqətlə izləməli oldum. Axı orada İskəndər Müzbeg kimi on minlərlə soydaşımız var. Onların taleyinə məgər biganə qalmaq olar?!
16.10.1997
Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 65-73
|