Ah, bu urus başlılar...

Ah, bu urus başlılar...

            Hörmətli baş redaktor! Saytınızda AMEA-da seçkilərlə bağlı bir neçə məktub oxudum. Həmin məktublarda Rusiyada təhsil almış və ya rusdilli alimlərin akademik və müxbir üzv seçilmədiklərinə açıq və dolayısı ilə sərt etirazlar var.

            O məktublardan birini 2017-ci il 3 may tarixli saytınızda veribsiniz. Fəlsəfə üzrə elmlər doktoru, dosent Xatirə Quliyevanın AMEA seçkilərinə ilk etiraz - Bəs deyirdiniz haqq nazilər, üzülməz...? məqaləsi diqqətimi çəkdi. Müəllif AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərdə AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmlər doktoru İlham Məmmədzadənin haqqının tapdalanmasına narazılığını bildirir.

            İlham Məmmədzadəyə hörməti olanlardan birisiyəm. Məqalə müəllifini isə ola bilsin toplantılarda, simpoziumlarda, konfranslarda görmüşəm. Amma yaxşı xatırlaya bilmirəm. Seçkilərin gedişi haqqında da geniş bilgim yoxdur. Ona görə bu mövzuda danışmaqdan uzağam. Anladığım odur ki, bir ölkədə fərqli seçki sistemləri olmaz. Millət vəkilləri neçə seçilirsə, dövlət qulluğuna imtahan verib keçid balı toplayanlar söhbətdən necə keçirilirsə, hakim seçkiləri necə olursa, bir sözlə Azərbaycanda seçkilər və təyinatlar hansı sistem üzrə baş verirsə, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər də onlar kimidir. 

            Müəllifin bəzi fikirləri məni vadar edir ki, öz düşüncələrimi oxucularınızla paylaşım. Azərbaycanın müstəqilliyə qovuşmasından 26 il keçir. Ötən müddət ərzində arxivlər açıldığından, senzura götürüldüyündən Rusiya hakim dairələrinin və onun davamı olan Sovet hökümətinin əsarət altına aldığı xalqlara etdiyi zülümdən, qəddarlıqdan bəhs edən yüzlərlə kitab, minlərlə məqalə yazılıb. Eləcə də, radio və televiziyada minlərlə verilişlər səsləndirilib.

            Rusiya dönəmində və Sovet hakimiyyəti illərində təbliğat maşını “geridə qalmış xalqları Rusiyanın necə mədəniləşdirdiyini” durmadan təkrarlayırdı. Gizli arxivlər açılanda isə xalqları maarifləndirmə siyasətinin arxasında müstəmləkəçilərin əlifbamızı dəyişdirdiyi, inancımızı dəyişməyə çalışdığı, bizləri özünün əbədi müstəmləkəsinə çevirə bilməsi, insanlarımızı manqurtlaşdırması, rüşvəti, saxtakarlığı, yaltaqlığı, şişirtməni (pripiskanı) yaymaq, insanları qorxaq və gözüqıpıq etmək üçün hansı tədbirləri həyata keçirdiyi aşkarlandı.

            Yəqin ki, bu tipli yazıları məqalə müəllifi də oxumamış deyil. Nə yazıq ki, onları oxusa da, içərisindəki Rusiya sevgisi, Rusiya heyranlığı hələ də davam edir. Bunu məqaləsinin az qala hər abzasında görmək olur. Məs.: “O İlham Məmmədzadə ki, bütün həmkarlarından fərqli olaraq hazırda ilk və son alimdir ki,1970-ci ildə, bəli, bəli, təxminən 50 il əvvəl SSRİ paytaxtı Moskvanın dünyaca şöhrəti olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub...” 

            Müəllif yazır: “İlham Məmmədzadəni namizədlərdən və bütün fəlsəfə alimlərindən fərqləndirən bir cəhət də onun Azərbaycan Elmlər Akademiyasında deyil, 1980-ci ildə dövrünün və elə indinin də ən nüfuzlu elm məbədi Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda fəlsəfə doktoru (fəlsəfə elmləri namizədi) elmi dərəcəsini almaq üçün dissertasiya işi müdafiə etməsi ilə şərtlənir”.  

            Bu cür müqayisə lazımdırmı?! Rusiya Elmlər Akademiyasını yüksəklərə qaldırmaq üçün Azərbaycan Elmlər Akademiyasını alçaltmağa, onun fəaliyyətinə kölgə salmağa dəyərmi?! Müəllifin məntiqindən belə qənaətə gəlinir ki, Azərbaycan Elmlər Akademiyasında müdafiə edənlərdən istedadlı, bacarıqlı, üşgüzar alim olmaz. Bunun üçün mütləq Moskvada oxumaq, orada müdafiə etmək lazımdır. 

            Azərbaycan müstəqillik əldə etdikdən sonra qapılarını açdı. Yüzlərlə gənc Türkiyənin, Avropanın, Amerikanın, Yaponiyanın, Çinin ən məşhur universitetlərində oxudular, mudafiə etdilər, indi də dünyanın ən aparıcı təşkilatlarında işləyirlər. Onlar Moskvada oxumayıb, orada müdafiə etməyib deyə savadsız, baçarıqsızdırlarmı? 

            İlham Məmmədzadəni tərifləmək üçün onun Rusiyaya bağlılığını xüsusu vurğu ilə gözə soxmağa çalışmaqdansa, əsərlərindən və elmə gətirdiyi yeniliklərdən bir neçə fakt demək daha yaxşı olardı... Bəzən aludəçilik o yerə çatır ki, İlham Məmmədzadəyə filosof nüfuzu qazandırmayan əsərləri fəlsəfədə böyük nailiyyət kimi dəyərləndirilir.  Məsələn, məqalə müəllifi yazır: “Gənc elmlər doktorunun (yəni İlham Məmmədzadənin - Ə.Ş.) 1985-ci ildə çap olunan “Burjua əxlaqının böhranı” və 1988-ci ildə meydana çıxan “Əxlaq və siyasətin qarşılıqlı münasibəti ilə bağlı müasir burjua konsepsiyasının tənqidi” monoqrafiyaları onun elmi axtarışlarının ümumi tədqiqat istiqamətini ifadə etməklə bərabər, eyni zamanda fəlsəfə elmində öz sözü, öz mövqeyi olan, seçilən bir alimi təqdim edir”. 

            Adı çəkilən əsərləri oxumamışam. Ona görə də, fikir söyləməyə çətinlik çəkirəm. Amma əsərlərin adı onların Sovet təbliğatı naminə yazıldığını xatırladır. Görəsən, bu gün həmin əsərlərin olduğu kimi yenidən çapına İlham Məmmədzadə razı olarmı?!

            Müəllifin “Rusiya kimi dünyanın bir çox xarici ölkələrinin aparıcı Elmi Mərkəzləri”, “Azərbaycanın bu tanınmış aliminin elmi fəaliyyəti haqqında yazıların Moskvada nəşr olunan Ensiklopedik Məlumat kitabına daxil edilməsi” ifadələrini də onun Rusiya heyranlığının nəticəsi kimi dəyərləndirirəm. 

            Sərhədlərin bağlı olduğu, yalnız tək-tük seçilmişlərin dünyaya çıxa bildiyi dönəmlərdə milli kadrlar üçün ən böyük meyar Rusiya, Rusiya alimləri idi. Elə ki dəmir pərdələr qaldırıldı, alimlərimizin, ziyalılarımızın xarici ölkələrdəki toplantılara qatılmasına imkan yarandı, onda başqa bir mənzərənin şahidi olduq. Gördük ki, məşhur alim kimi təbliğ edilən, tanıdılanlar heç də əsarət altında saxlanan xalqların elm adamlarından, ziyalılarından savadlı, qabiliyyətli deyillərmiş. Onda gördük ki, Rusiyanın yaşlı nəsil alimlərinin çoxu xarici dilləri bilmədiklərinə görə Avropada, Amerikada, Çində və Yaponiyada keçirilən toplantılarda özlərini necə də ikinci dərəcəli hiss edirlər. Milli respublikalardan gedənlər heç olmasa Rus dilindən başqa ana dillərini də bilir, dünyanın gedişatını görüb yeniliklərə can atır, öyrənirlər. İmperya təfəkkürü isə Rus alimlərinin bir çoxunun yeniliyə çan atmasına, dünyaya inteqrasiya olunmasına əngəl törədir. 

            YUNESKO 2002-ci ili tolerantlıq ili elan etmişdi. İran İslam Respublikasındakı Beynəlxalq Sivilizasiyalararası Dialoq Mərkəzi ölkənin güneyində, azad iqtisadi zona elan etdikləri Kiş adasında üç günlük bir seminar təşkil etməklə YUNESKO proqramına qoşuldugunu nümayiş etdirirdi. Mаrtın 5-7-də кеçirilən sеminаrа ABŞ-dan, Almaniyadan, Çindən, İsveçdən, Norveçdən, Rusiyadan, Əfqanıstandan və b. ölkələrdən 120-yə yaxın alim qatılmışdı.  Аzərbаycаndan da həmin seminarda professor İsmayıl Vəliyev, professor Vaqif Sultanlı və mən iştirak edirdik. Rusiyadan isə Gеnnаdi İvаnоv, Оlqа Bаvinin, Niкоlаy Коnyаyеv gəlmişdi. Onlardan ikisini - Rusiya Yazıçılar İttifaqının katibi işləyən Gеnnаdi İvаnоv və Niкоlаy Коnyаyеvi  İsmay Vəliyev tanıyırdı. Moskvada keçirilən toplantılarda görüşmüşdülər. Gennadi İvanov “Sovremennik”, “Xudojstvennaya Literatura”, “Veçe” kimi SSRİ-də və Rusiyada məşhur nəşriyyatlarda vəzifələrdə işləmişdi. Niкоlаy Коnyаyеv də “Sovetskiy pisatel” nəşriyyatında,  “Neva” jurnalında məsul vəzifələrdə işlədikdən sonra Sankt-Peterburq Pravoslav Yazıçılar Cəmiyyətinin sədri olmuşdu.

            Rusiyada və SSRİ-də böyük nüfuz sahibi olan bu insanların Kişdəki hərəkətləri başqalarına təəccüblü gəlsə də, mənə təəccüblü gəlmədi. Rus dilindən başqa bir dil bilmədiklərinə görə çətin vəziyyətdə qalmışdılar. Orada rusdilli tərcüməci də yox idi. Seminarın dili Fars, Türk (Türkiyə Türkcəsi) İngilis dilləri idi. Məruzələr də bu dillərə sinxiron çevrilirdi. Rusiyadan gələnlər iştirakçılarla, hotelin işçiləri və bizə xidmət edənlərlə də ünsiyyətdə çətinlik çəkirdilər. 

            Qaldığımız Şаyаn hоtеlini işlədən Təbrizli Cаvidi idi. İslаm inqilаbındаn sоnrа Аvrоpаyа mühаcirət еdənlərdəndi. Yаşı 40-ı кеçmiş, Аzərbаycаn Türкcəsinin şirin Təbriz ləhcəsində dаnışаn Cаvidi rеjimin bir az yumşаldığını duyub gеri dönmüşdü. Hоtеlin аdministrаtоrluğundа, rеstоrаnındа dа Ərdəbildən, Təbrizdən gəlmiş bir nеçə gənc çаlışırdı. Bizim Bакıdаn оlduğumuzu bilib qürur duyur, bizə hər аn diqqət və məhəbbətlərini nümаyiş еtdirməyə çаlışırdılаr. Bunu görən Rusiyadan gələnlər professor İsmayıl Vəliyevə yaxınlaşaraq: “İndiyədək biz sizlərə böyük qardaş olmağımızla qürurlanırdıq, indi çətin vəziyyətdə qalmışıq, siz bizə böyük qardaşlıq edin. İcazə verin foyedə də, salonda da sizin yanınızda əyləşək, yeməyə də sizinlə birlikdə gedək”- dedilər. İsmayıl Vəliyev etiraz etmədi.

            Seminarın ikinci günü məruzələrini “İngilis dilində” oxudularsa da, salondan heç bir reaksiya olmadı. Seminarın üçüncü günü tələbə yoldaşım olmuş və bir-birimizə ərkimiz çatan İsmayıl Vəliyev mənə dedi: “İranda içkinin yasaq olduğunu, buna baxmayaraq çoxunun istəyəndə içdiyini hamımız bilirik. Bu Ruslar da üç gündü içmirlər deyə narahatdılar. Hoteldə işləyən gənclər sənin xatirini istəyir. Onlarla danış gör, bir az araq tapa bilərlərmi?” 

            Dedim ki, burada araq tapmaq elə də çətin iş deyil. Sadəcə, açıq şəkildə içmək olmaz. Gərək gizli içilə və bu da büruzə verilməyə. Ruslar da içən kimi özlərini apara bilməyəcəklər. Aləm qarışacaq bir-birinə. Ortada cavanlar cəzalandırılacaq”.

            İsmayıl Vəliyev dedi ki, mən tapşıraram, özlərini sakit apararlar. Hotel işcilərindən xahiş etdim. Onlar da yemək zamanı bizə verilən manqo şirəsinə araq da qarışdırdılar.  Bu, Rusların kefini yüksəltdi. Söhbət zamanı mən: “Məruzəçilərə suallar verirdilər, diskussiyalar da bəzən qızğın mübahisəyə çevrilirdi. Nədən sizin məruzələrlə bağlı sual verən olmadı?” -deyə xəbər aldıqda Gеnnаdi İvаnоv bərkdən gülərək “Dediklərimizi başa düşən oldu ki, sual da verəydilər?! Bizə Moskvada dedilər ki, Sivilizasiyalararası Dialoq mövzusunda fikirlərinizi yazın. Biz də hərəmiz 4-5 səhifə yazıb verdik. Onu İngilis dili mütəxəssislərinə verdilər. Yazılarımızı həm tərcümə etdilər, həm də elmi məruzə qəlibinə saldılar. Sonra da dedilər yaxşı-yaxşı oxuyun. Biz də bir neçə dəfə oxuduq. Burada oxuyanda nə dediyimizi, görünür, heç kim başa düşmədi deyə sual verən də olmadı” (Onlar İsmayıl Vəliyevə verdikləri vədə də əməl etmədilər. Bir az içəndən sonra istəkanlarını bir- birinə vurub bizim şərəfimizə badə qaldırdılar. Sakitləşdirə bilməyimiz də çox çətin oldu.)

            İngilis dilini bilmədiyimdən mən vəziyyəti başa düşməmişdim. Gеnnаdi İvаnоv məsələyə aydınlıq gətirdi. Sonralar xarici ölkələrdə keçirilən simpoziumlarda Rusiyadan gələn alimlərin  bəzilərinin İngiliscə oxuduğu məruzəyə reksiya olmayanda Gеnnаdi İvаnоvun dediyi yadıma düşür.

            SSRİ-də elmin, texnikanın, səhiyyənin, ədəbiyyatın, mədəniyyətin inkişafı haqqında durmadan gedən təbliğatın mən də bir müddət təsiri altında olmuşam. Sərhədlər açılandan sonra Türkiyənin, İranın xəstəxanalarında, klinikalarında Rusiyanın mərkəzi şəhərlərindən gələn xəstələrin növbəyə düzüldüyünü, bəzən tərcüməçi tapa bilmədikləri zaman azərbaycanlılardan tərcüməçilik etmələrini xahiş etdiklərini görəndə fikrim dəyişdi. Hətta Moskvanı, Peterburqu məbəd sayan soydaşlarımın orada müalicə oluna bilmədiklərindən Türkiyəyə, İrana, İsrailə, Avropa ölkələrinə gedərək müalicə olunduqları haqqında söhbətləri də çox eşitmişəm. Bütün bunları görə-görə bəzi ziyalılarımızın hələ də Rusiyaya belə heyranlıqlarına təəccüb qalıram.

            Fəlsəfə üzrə elmlər doktoru, dosent Xatirə Quliyeva yazır: “Bütün fəlsəfə sahəsində çalışanlar bilirdi ki, o bir yerin tək sahibi ölkənin ən tanınmış filosof alimi İlham Ramiz oğlu Məmmədzadədir”. 

            Görəsən, belə qətiyyətli hökm verən müəllifdən xəbər alsaq ki, bütün fəlsəfə sahəsində çalışanlar adından danışmağa sizi kim vəkil edib? Onda nə cavab verər?! 

            Nədən hələ də biz insanların elmə gətirdiklər yenilikləri təbliğ etməkdənsə onların harada təhsil almasını, hansı orden və medalları əldə etməsini, hansı vəzifələrdə işləməsini qabardırıq?! 

            “Bununla da hamı razılaşar”, “Hamıya məlumdur”, “Heç kim inanmazdı. Daha dəqiq desəm, heç kəs inanmırdı ki” ifadələrini gen-bol işlədən müəllif görəsən hansı sosioloji sorğulara dayanaraq hamının adından danışır. Qəribədir ki, bu fikirləri texnika sahəsində çalışan birisi deyil, sosiologiyanın nə olduğunu yaxşı bilməli olan bir şəxs -  fəlsəfə üzrə elmlər doktoru, dosent deyir.

            “Rusiya kimi dünyanın bir çox xarici ölkələrinin aparıcı Elmi Mərkəzləri”, “SSRİ paytaxtı Moskvanın dünyaca şöhrəti olan M.V. Lomonosov adına Moskva Dövlət Universiteti” ifadələrindən qürurla yazan müəllif görəsən, bir dəfə də olsa, dünya universitetlərinin, elmi mərkəzlərinin reytinq cədvəlinə baxıbmı? Maraq üçün ali təhsil ocaqlarının reytinq cədvəllərini gözdən keçirdim. Dedim görüm, müəllifin bəh-bəhlə təriflədiyi  o universitet reytinq cədvəlində neçənci yerdədir. Həmin universitet education.index.ru saytında verilmiş məlumata görə dünya universitetləri arasında 108-ci sırada yer alıb. (maraqlananlar bu saytdan oxuya bilərlər:

 https://www.educationindex.ru/articles/university-rankings/qs?page=2 )

            Bu yazını oxuyanda Sovet dövründə Rusiyanın hər hansı bir əyalətində, hətta kəndində işləmiş soydaşlarımın Azərbaycana geri döndükdə özlərini neçə təkəbbürlü apardıqları yadıma düşür. Çünki onları tez rəhbər vəzifələrə irəli çəkir, hər çür şərait yaradır, təbliğ edirdilər.

            Bir hadisəni heç vaxt unuda bilmirəm. Naxçıvanda “Şərq qapısı” qəzetində işləyirdim. İşdən sonra Şərur rayonuna getməli oldum. Sonuncu avtobusa çata bilmədim. Yol kənarında durdum ki, təsadüfü yol maşınları ilə gedim. 10-15 dəqiqə sonra qarşımda bir “Jiquli” dayandı. Elə bildim “xalturaçı” adlandırılan sürüçülərdəndi. Adımı çağıranda səsindən tanıdım. Kənd soveti sədri işləyən tanışım idi. Kommunist Partiyasının üzvü olan və mənsub olduğu partiyanı ürəkdən sevən bu insanla sözümüz-söhbətimiz çox mövzuda tuturdu. Bizi həmsöhbətə çevirən ölkədəki rüşvətxorluğa, şişirtməyə (pripiskaya), yaltaqlığa, saxtakarlığa, ikiüzlülüyə eyni münasibət bəsləməmiz idi. 

            Yol boyu xeyli dərdləşdik. Məndən xahiş etdi ki, onunla birlikdə kəndlərinə gedim. Rusiyada yaşayan baçısı oğlu gəlib. Bacoğlusunun şərəfinə qonaqlıq veriləcək. Orada iştirak edək. Sonra məni Aşağı Daşarx kəndinə, qohumlarımızgilə gətirər. Sözünü yerə salmaq istəmədim. Getdik. Biz çatanda məclis hazır idi. Bağçadakı stolların arxasında 50-60 adam olardı. Kabab iyi ətrafa yayılırdı. Bizə məclisin baş tərəfində yer ayırdılar. Kabab şişləri gəldi, araqlar süzüldü. Sağlıqlar başladı. Deyilənlər sağlıqdan çox Rusiya ilə bağlı xatirələr idi. Kimi əsgərlik günlərini xatırlayıb sağlıq deyirdi, kimi də Rusyada keçirdiyi günləri. Nataşalar yada düşəndə bəzən məclisə qulluq edən qadın və qızlar da unudulurdu.

            Oğlanın dayısına nədənsə məclisin əvvəlində söz vermədilər. Bir saat-saat yarımdan sonra dayıya söz veriləndə hamı sakitləşdi. Mən gözəl və vətənpərvərlik dolu bir sağlıq eşidəcəyimi düşünürdüm. Araq dolu istəkanı əlinə alıb ayağa qalxanda üzünü bacısı oğluna tutaraq soruşdu: (Dayı ilə bacoğlu arasındakı dialoq mənim yadımda aşağıdakı şəkildə qalıb)

            - Həsən, hansı şəhərdə yaşayırsan?

            - Krasnoyarskdan 320 kilometr aralıda bir qəsəbə var, orada yaşayıra -deyə təkəbbürlə cavab verdi. 

            - Nə işləyirsən?

            - Operator.

            - Harada operator işləyirsən, nə iş görürsən?

            - Böyük bir südçülük kompleksi var, orada operator işləyirəm. 

            Bir az fasilə verib qürurla sözünü davam etdi:

            - Dayı, ora bizdəki kimi deyil, ey... Hər şey avtomatlaşdırılıb. Tövlənin uzunluğu 200 metrdən çoxdu. Qışda tövlə qızdırılır. İnəklərin arxa tərəfindən bir kanal düzəldiblər. Orada elevator işləyir. İnəklər hər dəfə yeri batıranda mən tez lapatka ilə götürüb kanala atıram. Sonra da yeri şlankdan axan su ilə yuyuram. Qoymuram inəklərin üstü-başı batsın. İnəkləri sağmamışdan əvvəl də məmələrini yuyub dəsmalla qurudurlar.

            - Nə qədər maaş alırsan?

            - 157 manat!

            Dialoqun belə gedişi məclisdəkilərin üzərinə sanki qaynar su tökdü. Elə bil, yeyib-içmək həvəsləri də qaçdı. Mənə elə gəldi ki, dilə gətirməsələr də içərilərində deyirlər: “Bu mərdimazar niyə qoymur yeyib-içməyimizi davam etdirək?” 

            - Orada işlədiyin müddətdə nə qədər pul qazanıb, gətirib ata-anana veribsən ki, sənə toy tədarükü görsünlər?

            Bacoğlusu çaşqınlıqla baxdı. Məclisdəkilər pıqqıldaşmağa başladı. 

            - Ay bacı, min bir zülümlə qazandığını “oğlum gəlib” -deyə süfrəyə düzübsən.  Bir bu qədər də xərc çəksəydin toy edə bilərdin. Oğlun əsgərlikdən gələndə işsiz idi. Dedim kəndin naxırçısı yoxdu. Camaat hər mal-qara üçün naxırçıya ayına  beş manat verir. Bu  da 300 manatdan çox edir. Gündüz tanıdığı kövşəndə camaatın malını otaracaqdı, axşamlar da evində, gözünün qabağında rahat yatacaqdı. İldə də ən azı dörd minədək qazanacaqdı. Bu mənim qazancımdan da, müəllimin qazancından da çoxdu. Məndən incidin, küsdun ki, sənin oğlunu mən naxırçı etmək istəyirəm. Rusiyaya gedib katib, nazirmi işləyir? Rusun malının p... beləmi şirindi ki, 157 manata onu təmizləyir?!

            Məclisə bir ölüm sükutu çökdü. Əlindəki istəkanı dodağına belə vurmadan stolun üstünə qoyub ayağa durdu. Məni gətirib Aşağı Daşarxda qohumumuzun qapısında düşürəndə:

            - Yazacaqsan?- deyə xəbər aldı.

            Könülsüz “Hə” -dedim.

            - Yazsan da harada çap etdirə biləcəksən ki? -dedi və cavab gözləmədən maşını sürüb getdi.

            Mən həmin hadisə ilə bağlı məqalə yazdım. Lakin o məqaləni 17 il keçəndən, Azərbaycan müstəqilliyə qovuşandan  sonra çap etdirə bildim.

            Bu hadisəni ona görə xatırladım ki, illər keçir, insanlarımızın düşüncə tərzi isə dəyişmir. Bir zaman Rusiyada  oxumaqla, yaşamaqla qürurlanır, Azərbaycanda yaşayan həmyerlilərinə, qohumlarına yuxarıdan aşağı baxırdılar. İndi Rusiyaya Amerika, Avropa, Yaponiya, Çin və b. ölkələr də daxil edilib. 

            Ürək ağrısı keçirirəm ki, nə vaxta kimi biz insanlarımıza vətənə etdiyi xidmətinə görə deyil, hansı xairci ölkədə oxumasına və yaşamasına görə qiymət verəcəyik. Bir zaman xanlarımız, din xadimlərimiz, məşhur şairlərimiz Rus ordularını çağırıb vətəni parçaladılar. Milləti köləlik bataqlığına saldılar. Minlərlə insan Rus əsgərlərinin gülləsinin, süngüsünün qurbanı oldu. Minlərlə insan ata-baba yurdundan didərgin düşdü. Ağ padışah gəlib İslamı xilas edəcək deyən din xadimimizin də , Rusları dəvət edən xanımızın da, şairimizin də həm özünün, həm də ailəsinin həyatı faciə ilə bitdi.

            Sonralar Azərbaycan müstəqilliyinə qovuşsa da, “Urus başlılar” onu iki il yaşamağa qoymadılar. Kimisi ağqvardiyaçi Denikin ordularını dəvət etdi, kimisi də bolşeviklərin On birinci Qızıl ordusunu çağırdı. Qızıl ordu gəldi və il yarımda 48 minə yaxın insanımızı öldürdü, on minlərlə insanımızı xaricə qaçmağa məcbur etdi, həbsxanaya doldurdu. Ölkəni viranəyə çevirdi.  Bu da onları qane etmədi. Ənənələrinə sadiq qalaraq bir zaman xanlarımızı, din xadimlərimizi, şairlərimizi ailəliklə məhv etdikləri kimi, onları dəvət edən Əliheydər Qarayevləri, Həmid Sultanovları, Çingiz İldırımları, Qəzənfər Musabəyovları və b. ailələri ilə birlikdə məhv etdilər.

            Bizim “Urus başlılar” demokratiya və b. adlarla Rusiyanın yenidən gəlməsinin həsrətindədirlər. Görəsən, nədən onlar tariximizi unudurlar?! Düşünmürlərmi ki, Rusiya hansı adla gəlir-gəlsin, bu vətəni xarabazara çevirməklə yanaşı, onları da məhv edəcək, nəsillərini kəsəcək?!

Əli Şamil.

14.05.2017

Yayınlandı: http://www.moderator.az/news/178241.html, http://modernqezeti.com/mdniniyyt/386-ah-bu-urus-baslilarli-samil-yazir.html, http://ovqat.com/prizma/2114-ah-bu-urusballar.html,http://www.kafkassam.com/ah-bu-urus-baslilar.html, http://musavatxeber.com/2017/05/17/ah-bu-urus-baslilar-%C9%99li-samil-yazir/




 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol