Naxçıvanda Hüseyin Cavidin ev muzeyi

NAXÇIVANDA HÜSEYN CAVİDİN EV MUZEYİ

Əli Şamil

Naxçıvanı ikiyə bölən kiçik Bazarçayı çayının sol sahilində qırmızı kərpicdən şərq üslubunda tikilmiş birmərtəbəli bina uzaqdan diqqəti çəkir. Çağdam şəhərlik əlaməti sayılan çoxmərtəbəli binalar uca tiklilər hələ buraya təsir etmədiyindən Əlixan məhəlləsi keçmiş görkəmini nisbətən saxlayıb. Birmərtəbəli kərpic evi dövrələmiş alçaq hasar, hasarın dekorativ quruluşu, həyətdə görünən kiçik balaca hovuz, səliqə ilə əkilmiş əlvan biçimli qızıl güllər bu binanı ətrafdakılardan fərqləndirir. Elə ilk baxımdan burada daimi yaşayış olmadığı bilinir.

 İlk baxımdan insanda maraq qarışıq nisgil oyadan bu kiçik guşə da Azərbaycanın romantik şairi, böyük dramaturq Hüseyn Cavidin (1882-1941) ev-muzeyi yerləşir.

Buradan 50-60 addım aralıda Bazarçayın sağ sahilindəki kiçik bağda ucaldılmış yaraşıqlı türbədə H. Cavidin arvadı Müşkünaz xanımın və dünyadan yaşıl zoğ çağında getmiş oğlu Ərtoğrulun sümükləri basdırılıb. Bura şəhər sakinlərinin, buraya qonaq gələnlərin ziyarət yerinə çevrilib. Öz əqidəsindən dönməyən, türk xalqlarının birliyini və bu birliyin əzəmətini əsərlərində yorulmadan təbliğ edən şairin arzuları yenidən çiçəkləyir.

Şairin ev-muzeyi 1984-cü ildə təşkil edilib. 1937-ci ilin tuta-tutlarına məruz qalmış sənətkarın yalnız uşaqlığını keçirdiyi binada ev-muzeyini təşkil etmək o qədər də asan olmamışdı. Çünki 20 ilə yaxın Cavidlə, eləcə də repressiyaya uğramış şəxslərlə bağlı hər hansı sənədi, əşyanı qoruyub saxlamaq öz həyatını təhlükəyə atmaq demək idi. Təqiblərə, təhlükələrə baxmayaraq, cəsarətli insanlar Cavidi qəlblərində yaşatdıqları kimi, onunla bağlı sənədləri, əşyaları da qoruyub saxlaya bilmişlər.

Muzeyi zənginləşdirən də elə qonum-qonşudan, dost-tanışdan alınan xatirə əşyaları və H. Cavidin cənazəsinin Sibirdən gətirilməsini əks etdirən fotolar və s. dir. Muzeyə gələnlər dəhlizdə şairin büstü ilə qarşılaşırlar. Sağdakı birinci otaq Abdullanın oğlu Hüseynin uşaqlıq mühitini, eləcə də Abdullanın gəncliyində yaşadığı Şahtaxtı kəndini əks etdirir. Sonralar Cavid kimi ad qazanmış Hüseynin mollaxanadan qaçmasını, Təbrizdə və İstanbulda təhsil almasını əks etdirən rəssam Əli Verdiyev tablo və maketlər maraqla qarşılanır. Bu otaqda həm də gənc Hüseyn Fasizadənin  hansı qaynaqlardan bəhrələndiyini göstərən sənədlər var. Bunlar ərəb və fars dillərində yazıb yaratmış İsmayıl İbn Yasəf Musa Şahəvət ( VII - VIII yüz illər), Ə. Xaqani, N. Gəncəvi(XII yüz il), Qətran Təbrizi (XI yüz il) ana dilində incilər yaradan əqidə şairi İ. Nəsimi (XIV yüz il), M. Fizuli (XVI yüz il) eləcə də C. Rumi, Ö. Xəyyam, S. Şirazi, Şekspir, Şiller, İbsen, Heyns, Puşkin, Lermantov və başqalarıdır.

H. Cavidin pyesləri humanistliyinə, romantik vüsətinə görə yarandığı ilk gündən ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Üçüncü otaq da nümayiş etdirilən teatr tamaşalarının afişaları, proqramlar da neçə-neçə aktyor nəslinin Cavid pyesindəki rollarla püxtələndiyindən teatrların repertuarlarını H. Cavidin əsərləri bəzədiyindən xəbər verir. 

Şairin dramaturgiyada ilk təcrübəsi olan birpərdəli “Ana” pyesində uzaq səfərdən gələcək oğlunu gözləyən ana təsvir edilir. Ana oğlu gözlədiyi bir vaxt ona təqibdən qurtarmağa can atan iki gənc müraciət edir. Ana onları xilas edir, qoruyur. Sonra bəlli olur ki, onun təqibindən qurtarıb evində sığınacaq verdiyi iki gənc oğlunun qatilləridir. Səlimə ana bunu biləndə qəlbi parçalanır, qatilləri dişi-dırnağı ilə didmək istəyir. Lakin öz elinin obasının millətinin adətinə görə qonağa toxunmaq olmaz. Lap oğlunun qatili olsa belə Səlimə ana adət-gələnəyi,  qisas duyğusundan uca tutur. Muzeyin üçüncü və dördüncü otaqlarında Cavid əsərlərinin müxtəlif illərdəki nəşrləri, haqqında yazılmış məqalə və monoqrafiyalar, silə üzvləri, dostları, ictimai xadimlər yaradıcı adamlarla çəkdirdiyi şəkillər nümayiş etdirilir.

Din xadimi kimi məşhurlaşan Şeyx Sənanın xristian qızı Xuramana eşqindən, haqsızlığa qarşı mübarizəyə təkbaşına atılan Şeydanın faciəsindən dünyanı qana çalxayan iblislərin fəsadından bəhs edən tablolar maraqla baxılır. Filosof şairin “İblis nədir ?”  sualına verdiyi poetik cavab:

Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

-                                                                                  İblis...

        Rəssam O. Sadıqzadənin tablosunda öz əksini dolğun tapıb. Şəbəkə ilə yaradılmış “Cavid və əsərləri” muzeyi üçün maraqlı tapıntıdır. Mərkəzdə günəş kimi şəfəq saçan Cavid təsvir edilib. Onun ətrafındakı ulduzlarda isə 1910 -1937-ci illərdə yazdığı “Topal Teymur” ,“Peyğəmbər” , “Səyavuş”, “Uçurum”, “Xəyyam”, və b. əsərlərin adı yazılıb. Bir neçə ulduz isə boşdur. Bunlar sənətkarın indiyədək tapılmayan, ancaq adları xatirələrdə, qəzet-jurnal səhifələrində çəkilən əsərlərin və bəlkə həm də macal tapıb yaza bilmədiyi “Topal Teymur” pyesindəki:

Kəssə hər kim qan izini

Qurtaran dahi odur, Yer üzünü, -

beyti Cavid yaradıcılığının da, muzeyin də aparıcı xəttini təşkil edir.

Şairin cəsədinin qalıqlarının 1982-ci ilin oktyabrında Sibirdən İrkutsk vilayəti Tayşet rayonu Şevçenko qəsəbəsindən Naxçıvana gətirilməsinə həsr edilmiş guşəyə həyəcansız baxmaq olmur. Birinci maketdə H. Cavidin 1937-ci ilin 3 iyununda Bakıda həbs edilməsindən 1941-ci ilin 5 dekabrında Şevçenkodakı əlillər həbsxanasının xəstəxanasında öldüyü dövrədək keçdiyi yol Bakı – Krasnavordsk (indiki Türkmənbaşı) – Aşqabad – Səmərqənd – Daşkənd –Alma-Ata – Novosibirsk – Krasnoyark – Xabarovski – Vladivastok – Dəniz yolu ilə Maqadan – oradan yenidən quru yolu ilə İrkutsk – Şevçenkoyadək keçdiyi yol təsvir edilib. İkinci maket isə şairin cəsədinin qalıqlarını gətirməyə gedən nümayəndə heyətinin – Naxçıvan vilayət partiya komitəsinin katibi Həmid Cəfərovun Naxçıvan MSSR Daxili işlər Nazirinin müavini Telman Əliyevin, fəhlə SSRİ Ali Sovetinin deputatı Zakir Nəsirovu keçdiyi yol öz əksini tapıb.

Burada şairin yaşını əks etdirən yəni üzərində 59 rəqəmi yazılmış, bir tərəfi çürümüş taxta parçası var. Bu taxta parçası 41 ilə yaxın H. Cavidin başdaşını əvəz edib. Onun itib-batmaqdan qoruyub. 41 il sonra minlərlə qəbrin arasından 59 nömrəli qəbir çətinliklə də olsa, tapılıb. Oradakı cənazə qalıqları, bir də bir az torpaq şairin doğulduğu şəhərə gətirilib. 1990-cı ilədək buraya yalnız Sovetlər Birliyində yaşayan insanların az bir qismi gələ bilirdisə dəmir pərdələr qalxanda-tikanlı sərhəd məftilləri söküləndən sonra muzeyin ziyarətçiləri arasında İran İslam Respublikasından, Türkiyə Cümhuriyyətindən, Quzey Xıprıs Türk Cümhuriyyətindən, İraqdan, Səudiyyə Ədəbistanlığından, Suriyadan və b. ölkələrdən gələnlərin sayı artıb. Bunu muzeydəki rəy kitabı özündə gözəl əks etdirir.

 Bu kiçik muzey sadəcə bir sənətkarın ev-muzeyi deyil. Gec də olsa haqqın ədalətin zəfər çalacağına ümid oyadan bir məbəddir.     

Çap olundu: Cavidin ev muzeyi. “Qobustan” jurnalı, 1999, sayı 2

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol