21 Oktyabr Türkmənistanın Müstəqillik günüdür
MİLLİ OYANIŞLA AVTORİTARİZM ARASINDA
ÇIRPINAN TÜRKMƏNİSTAN
Azərbaycan Respublikasının doğusundakı qonşusu Türkmənistan Respublikasıdır. Hər iki ölkənin əsas əhalisi Oğuz kökənli olsa da bu gün onları idarə edənlər ata-babaların mülkləri olan Xəzəri sərhədə çevirmək üçün dartışırlar. İstər Çar Rusiyası dönəmində, istərsə Sovetlər Birliyinin tərkibində olanda onlar arasında heç bir mübahisə yox idi. Çünki hər şeyi Moskva həll edirdi. Sovetlər Birliyi dağılanda Azərbaycanla Türkmənistan federasiya və ya konfederasiya təşkil edə bilsəydi bu qədər zərbəyə və dağıntıya məruz qalmazdılar. Buna zəmində vardı. Rusiyanın Qafqazda milli zəmində yaratdığı toqquşmalar Azərbaycan, Gürcüstan və Ermənistanın federasiya yaratmasına imkan vermirdi. Azərbaycanla Türkmənistan arasında isə belə ziddiyyətlər yox idi.
Sovetlər dönəmində beynəlmiləlçilik, xalqların yaxınlaşması, dostlaşması dəbdə olan vaxtlarda Azərbaycanla Türkmənistan arasında əlaqələr ən çox pambıqçıların sosializmi yarışının şərtlərinin yoxlanması formasında idi. Sovet strateqlərinin yürütdüyü siyasət və yerli məmurların buna rəvac verməsi mədəni, ədəbi əlaqələri arxa plana atmışdı.
Azərbaycanla Türkmənistanı federativ və ya konfedarativ bir dövlət şəklində görmək istəyi boş bir xülya deyildi. Bunu reallaşdıracaq faktlar vardı. Azərbaycanla Türkmənistan arasında problemlər yox dərəcəsində idi. Birinci Azərbaycanla Türkmənistan arasında elə bir tarixi düşmənçilik yoxdu. Eyni soydan gələn xalq olduğuna görə dil, din, mədəniyyət birliyi var. İkincisi iqtisadi cəhətdən bir-biri ilə sıx bağlıdı. Hətta o zamanlar Türkmənistanın dəniz limanı Krasnavodsk (indiki Türkmənbaşı) da Bakıdan aparılırdı. Üçüncü Xəzəro dənizi və oradakı heç bir qarşıdurma, ziddiyyət olmaz, dördüncüsü hər iki respublika ipək yolununu üzərində olduğundan əlaqə gömrük, sərhəd yoxlamaları aradan qaldırılar. Bu da daşınan yüklərin, insanların sürətlə, əngəlsiz hərəkətinə şərait yaradar.
Azərbaycan müstəqillik əldə etsə də Sovet strateqlərinin və dünya güclərinin bir-biri ilə didişməsi nəticəsində Dağlıq Qarabağ problemi onun surətlə inkişafına, iqtisadi yüksəlişinə əngəl oldu.
Hələ bu azmış kimi nəinki Rusiya, İran kimi müstəqilliyimizə hər cür əngəl olmağa çalışan, hətta bizimlə eyni vəziyyətdə olan, eyni soyköklü xalqın yaşadığı Türkmənistanla Xəzərin bölünməsində, təbii sərvətlərinin istifadəsi məsələsində qarşıdurmalar yarandı. Bu qarşıdurma o həddə çatdı ki, Türkmənistan Respublikasının prezidenti Saparmurat Niyazov “Xəzərdən qan iyi gəlir” söyləməyə məcbur oldu. Bəs bu qanın axıdılmasını istəyənlər kimlərdir? sualına aydınlıq gətirməyən dövlət başçısı elə onun ardınca: “Amma biz heç vaxt qardaşlarımızla vuruşmayacağıq” dedi. Nədənsə onun bəyanatının ikinci hissəsinə Azərbaycanda nə siyasi şərhçilər, nə də mətbuat diqqət yetirmədi. Əksinə bütün diqqət “Xəzərdən qan iyi gəlir” ifadəsinini üzərinə yönəldi.
Uzun illər bir dövlətin tərkibindən olduğumuz, hətta meyvəmizi satmağa apardığımız, evimizə xalça-palaz aldığımız, qız verib, qız aldığımız, tərcüməçisiz, bələdçisiz rahatca gəzdiyimiz Türkmənistan haqqında bu gün xalqımızın geniş bilgisi yoxdur. Olan bilgimiz də yarımçıq, az qala şaiyə şəklindədir.
Bu gün Azərbaycan mətbuatında çox şey tapıb oxusaq olar. Dünyanın o başında hansı aktrisanın alt paltarının nə rəngdə olmasından tutmuş, kimilə neçə dəfə yatağa girdiyinə qədər. Amma yaxın qonşumuz, bizimlə eyni soydan olan Türkmənlər iqtisadiyyatlarını necə inkişaf etdirir, dövlət quruculuğunu necə aparırlar, tarixlərini necə öyrənirlər, qonşu dövlətlərlə münasibətlərini necə qurmaq istəyirlər və b. bu kimi suallara cavab verəcək radio-televiziya verilişinə, qəzet-jurnal məqaləsinə az-az rast gəlinir. Etnik,iqtisadi və siyasi baxımdan bağlı olduğumuz bu ölkəyə niyə belə biganəyik?! İpək yolundan çox danışırıq. Amma Türkmənistanın üzərindən sükutla keçirik. Unutmamalıyıq ki, Türkmənistansız İpək yolu mümkün deyil!
Sovetlər birliyi dağılanda Türkmənistanın iqtisadiyyatına da ağır zərbə dəydi. Əlaqələr qırıldığına görə müəssisələrinin əksəriyyəti işini dayandırdı. Ən gəlirli sahə sayılan pambıqçılıq iflis vəziyyətinə düşdü. Lakin bu çox da uzun sürmədi. Aşqabad yaxıqnlığında modern bir fabrik qurdular. Burada pambıq sapa çevrilir, sapdan parça hazırlanır, parçadan paltarlar tikilir. Türkmənistanın istehsalı olan cins kişi və qadın kostyumlarını, uşaq geyimlərini Amerika və Avropa ölkələrinin bazarlarından almaq olar, amma Azərbaycanda tapmaq olmaz.
Türkmənistanın şəhər və kəndləri nəhəng bir tikinti meydanını xatırladır. Avropa standartlarına uyğun şosse yollar çəkilir. Aşxabadı 10-15 il öncə görənlər bu gün onu tanıya bilmirlər. Ağ mərmər üzlüklü saraylar, hotellər, məktəblər, muzeylər ucaldılıb. Gözəl parklar salınıb, yaraşıqlı və müasir tələblərə cavab verən hava limanı istifadəyə verilib.
İlk baxışda hər şey gözəl və əhalinin maddi rifahı üçün görünür. Ölkədə su, qaz, duz, şəhərdaxili nəqliyyat tam pulsuzdur. Elektrik enerjisi isə adambaşına 35 kilovat pulsuz, ondan artıq işlədildikdə isə cüzi pul ödəməklə istifadə edilir.
Elə bil N.S.Xruşşovun vəd verdiyi kommunizmin birinci mərhələsinə Türkmənistan çatıb. Əmək adamlarının ərizə və şikayətlərinə baxmayan məmurlar sərt cəzalandırılır. Təqaüdçünün evində istilik sistemini düzəltdirməyən şəhər komunnal təsərrüfatı idarəsinin rəisi vəzifəsindən çıxarılaraq çilingər göndərilir. Bir neçə nəfər isə ona nəzarət edib işləməyə nə kimi işləri gördüyü haqqda ölkə başçısına məlumat verir. Yüksək vəzifə sahiblərini cəzalandırmaq üçün onları ən kiçik işə göndərmək Türkmənistanda normal hal sayılır.
İlk baxışda hər şey əhalinin güzaranı, firavanlığı üçün edilir və kənardan çox şirin görünür. Əslində bütün bunlar avtaritarizmin bəhrəsidir. Xalq bütövlükdə bundan əziyyət çəkir və Türkmənbaşılar olmayanda da uzun illər bunun acısını çəkəcəkdir.
Hər şey ucuz olan bu ölkədə əmək haqqı olduqca aşağıdır. Alim 20-30 dollar məbləğində maaş alır.hamı qorxu içərisində yaşayır. Türkmənistandakı ucuzluq israfçılığa, təsərrüfatsızlığa gətirib çıxarır. Xalq öz qazancının haraya və necə xərcləndiyinə nəzarət edə bilmir. Elə buna görədir ki, ən az turist qəbul edən ölkə olmasına baxmayaraq yalnız Aşxabadın şəhər kənarında salınmış bir xiyabanında 27 yeni salınmış hotel saydıq. Gündə 2-3 qonağı olmayan bu 5 ulduzlu hotellərin hər birində 30-40 nəfər çalışır. Necə deyərlər bu da olur işsizliyin aradan qaldırılmasının türkmən variantı.
Şəhərin güneyindəki dağın üzərindən piyadalar üçün 30 kilometrə yaxın yol salınıb. Kənarlarına da elektrik lampaları düzülüb. Gecə səhərədək minlərlə elektrik lampası yol kənarında bərq vurur. Amma bu yolda nəinki gecələr, heç gündüzlər də insana rast gəlmək olmur. Çünki heç bir kommunal və səhiyyə xildməti yoxdur.
Küçələrin birində 30-a yaxın ağ mərmərdən fantan qoyulub. Fantanların ətrafında yaşıllıq zolağı piyadalar üçün yol olmadığından külək vuran kimi fantanlardan su maşınları gedən yola tökülür. Bu da tez-tez qəzalarla nəticələnir.
Ruslar XIX yüzildə Göktəpə şəhərini mühasirəyə alanda burada 30 minə yaxın insanı qəddarlıqla öldürüblər. Həmin yerdə Türmənbaşı fransızlara əzəmətli bir məscid tikdirib. Yaşayış məskənindən uzaq olduğuna görə buraya namaz qılmağa gələnlər təkəmseyrəkdir. Məscidin ziyarətçiləri əsasən ölkəyə gələn turistlər və rəsmi qonaqlardı. İnsan gəlməyən, namaz qılınmayan məsciddənsə Göytəpədə rusların Türkmənistanda törətdikləri vəhşilikləri əks etdirən bir muzey yaradılsaydı turistlər və qonaqlar üçün daha diqqətiçəkən olardı.
Aşxabadın mərkəzində 67 metrlik altlıq üzərində Türkmənbaşının qızılı rəngli heykəli ucaldılıb. Heykəlin üzü günəşə baxır. Gün hərəkət etdikcə heykəl də yerində fırlanır. Heykəlin altındakı fırlanan şüşə kofeteridə əyləşmiş turistlər rahatça şəhərin mənzərələrini seyr edə bilir.
Bir sözlə Türkmənbaşı nə edirsə yerlərdəki “balaca padşahlar”, “sərdarcıqlar” da onu təkrarlayırlar.
џƏlavə iqtisadi məsələlər sərbəst fikir söyləməyə heç kim cəsarət etmir. Cəsarət edən sərt cəzalandırılır. Mətbuat, radio və televiziya dövlət manapoliyasındadır. Sovetlər Birliyində bütün qəzetlər “Bütün ölkələrin proletariatları birləşin!” şüarı ilə başlayırdısa Türkmənistanda da Saparmurat Türkmənbaşının sözləri ilə başlııyır. Dövlət və şəxsiyyət eyniləşdirilir. Əlinə aldığın hər qəzetdə adı qarşısında bu misraları oxuyursan:
Əgər də mən Türkmənistan Vətənimə,
Saparmurat Türkmənbaşıya dönüklük etsəm,
qoy, mənim ömrüm kül bolsun!
Rəsmi toplantılardan sonra verilən konsurtlər nazirlər xoru ilə başlayır və onların xoru ilə də başa çatır. Nazirlər səhnəyə çıxaraq oxuyurlar:
Allax birdir, Vatan birdir,
Xalqımızın Sərdarı bir.
2002-ci ilin Oktyabrın 10-13-də Aşxabatda “Türkmənistanın mədəni irsi: qədim qaynaqlar və prespektivlər” mövzusunda keçirilən Beynəlxalq simpoziumun iştirakçıları şərəfinə konsert verilirdi. Konsertdə ölkənin yeddi vilayətinin hər birindən iki müğənni (bir qadın, bir kişi) hərəsi də iki mahnı oxudu. Mahnıların əksəriyyəti sərdara, Türkmənbaşıya, onun ata-anasına həsr edilmişdi. Saparmurat Niyazov isə salonun ortasında yerləşdirilmiş taxtda mühafizəçilərin əhatəsində əyləşmişdi.
Konsert başa çatanda onu səhnəyə dəvət etdilər. Türkmənbaşı əlinin cibinə salıb zərflər çıxarır orkestrin rəhbərinə, musiqiçilərə, bir sözlə konserti hazırlayanlara verirdi. Hər zərfi təqdim etdikcə içərisində necə dollar olduğunu da söyləyirdi.
Yanımda əyləşənlər Azərbaycanlı araştırıcılardan biri: “lap özünü şahlar kimi aparırı!” deyəndə mən etiraz etdim: “Xeyr, şahlar “Məni istəyən buna bir xələt verin” deyər və ya xəzinədarına, ilxıçısına və başqa məmurlarına tapşırardı ki, onun dediyi mükafatı, hədiyyəni çatdırsınlar. Onlar da şahın dediyi hədiyyəni verər və hesab aparardılar. Saparmurat nəğd verdiyi bu pulların isə nə hesabını aparmaq, nə də vergiyə cəlb etmək mümkündür. Bu da idarəçilik üçün ağır zərbədir”.
Türkmənbaşının ölkədə həyata keçirdiyi islahatlar V.İ.Leninin “Pyotur vəhşi Rusiyaya mədənqiyyəti vəhşicəsinə gətirdi” sözlərini yada salır. Türkmənistanda latın qrafikalı əlifbaya keçməyə bizdən sonra başlasalar da bizdən əvvəl bu işi həyata keçirdilər. Dövlət dili, milli mirasa sahib çıxmaq məsələsində də Türkmən prezidentinə həsəd aparmağa dəyər. Türkməncə danışa bilməyən naziri elə həmin gün iqdən azad edir və bunu televiziya ilə göstərtdirir. O, sözdə yox, əməldə milli dəyərlərə sahib çıxır və dili sevir qoruyur. Azərbaycan tamaşaçılarının yəqin yaxşı yadında olar Azərbaycan prezidentinə təxminən belə dedi: “Dilləriniz yaxındır. Bir-birimizi başa düşə bilərik, ruscaya da ehtiyac qalmaz”.
Onun verdiyi fərmanların birində göstərilir ki, məktəblərə, ictimai yerlərə Türkmən milli geyimində gəlmək vacibdir. Bu da modelyerləri Türkmən milli geyimini modelləşdirməyə məcbur etdi.
Türkmənistanın da iqtisadi durumu Azərbaycanınkı kimi ağır olmasına baxmayaraq, harada türkmən adı çəkilirsə, harada türkmən adlı toplum varsa Türkmənbaşı oraya elmi ekspedisiya göndərir, etnoqrafik materiallar, folklor nümunəsi toplanılır, tarixə, ədəbiyyata dair əsərlərin fotokopiyası, mikrofilm əldə edilib Aşxabada gətirilir. Dünyada ən böyük xalça toxunularaq “Ruhıyət” sarayını bəzəyir.
Aşxabadda keçirilən elmi konfranslara, festifallara, ictimai-siyasi təşkilatlarının, qadın təşkilatlarının toplantılarına Çindən salur türkləri və uyğurlar, Suriyadan, İrakdan, Rusiyanın Stavrapol bölgəsindən və b. yerlərdən Türkmənlər dəvət edilir. Bu toplantılarda sərt bir intizam olur. Dəvətnamələr nömrələndiyindən yer boş qalan kimi kimin toplantıya gəlmədiyi bilinir və cəzalandırılır. Sovetlər zamanında olduğu kimi adamlar salona daxil olan qapılar bağlanır.
Milli dəyərlərə yüksək qiymət verildiyinə dair bir misal çəkməm yəqin ki, yerinə düşər. 10-13 Oktyabr 2000-ci il Beynəlxalq konfrans iştirakçıları sırasında əfqan milli geyimində bir nəfər də vardı. Açıq-aydın görünürdü ki, bu şəxs elmdən uzaq adamdır.
Saparmurat Türkmənbaşının iştirak etdiyi təntənəli toplantıda ona da söz verdilər. Milliyyətcə türkmən olan Hacı Feyzulla Rəhmədişan oğlu çıxışına Türkmənistanın Pakistandakı səfirliyinin əməkdaşlarına minnətdarlıqla başladı və 1214 yaşlı tuğu-bayrağı Türkmənbaşıya bağışladı. Türk sərkərdələrinin qələbə yürüşlərində başları üzərində dalğalanan bayraq bolşeviklərin Türkmənistana yürüşündə ayaqlar altına salınmaq təhlükəsilə üzləşib. Mühasirəyə düşmüş türkmənlər Hacı Feyzullanın babası Rodişana tuğu götürüb xarici ölkələrin birinə qaçmağı, yalnız Türkmənistan azad olandan sonra onu qaytarmağı tapşırıblar. O, yaradılmış imkandan yararlanaraq mühasirədən çıxıb. Uzun illər Əfqanıstanda yaşayıb.
Türkmənbaşı bu tuğun bayrağın tarixindən xəbərdar olduğuna görə Pakitandakı səfirliyə onun qaytarılmasını tapşırıb.
Babaları Türkmənistanın Astana vilayətinin Kərki qəsəbəsindən olan Hacı Feyzulla Rəhmədişan oğlu valideynlərinin arzusunun reallaşmasından qürur duyurdu.
Yalnız, bayraq-tuğ məsələsində deyil milli dəyərlərə qiyymət vermək baxımından Saparmurat Türkmənbaşı böyük rolu oynayır.
Orta məktəb dərslikləri Rusiya yönlü yazıldığına görə 40 min dərsliyin yandırılmasına əmrn verdi. Köhnə sistemin cəmiyyət üçün buxova çevrildiyini, yeniləşməyə əngəl olduğunu görən Türkmənbaşı Sovetlər dönəmindən qalma Elmlər Akademiyasını 1998-ci il 26 iyunda ləğv etdi. Elmlər Akademiyasının Maxtımqulu adına Dil və Ədəbiyyat İnstitutunu, tarix, arxeologiya, etnoqrafiya İnstitututları və bir sıra başqa stateji mərkəzləri Türkmənistan Prezidenti yanında Ali Elm və Texnika Solveitnə tabe etməklə onların statusunu artırırdı. Bununla kifayətlənməyib “Ruhnamə” adlı bir kitab yazdı. “Ruhnamə” bu gün orta və ali məktəblərdə öyrədilir.
Kitab Adəm atadan başlayıb günümüzədək türkmənlərin keçdiyi tarixi göz önünə sərir. Orada Nuhun oğlu Yasəfdən, onun oğlu Türkudən, Oğuz xandan, səlcuqlardan, bir sözlə Avroasiya məkanında oğuzların qurduqları dövlətlərdən, bu dövlətləri quranların şəcərəsindən geniş danışılır.
Kitabda Azərbaycan tarixində tədris olunan, Səlcuqlar, İldəkizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar və sülalələrinə də geniş yer ayrılır.
Ara qarışdıranlar “Ay haray qoymayın, Azərbaycanlıların ulu babalarını, onların qurduqları dövlətləri Türkmənləşdirir” – deyə hay-haray sala bilərlər. Oğuzların islamı qəbul etdikdən sonra türkmən adlandırılmasına, nəinki orta əsrlər, zətta 20 yüzilin başlanğıcında belə istər Azərbaycanda, istər Türkiyədə yaşayan türklərin, eləcə də bu günün özündə İraqda, Suriyada, Balkanlarda, Türkiyədə yaşayan türk tayfalarının özlərini türkmən, türkman adlandırması da S.Türkmanbaşının yanlış olmadığını göstərir. Bu gün soykökümüzün Oğuzlarla, Türklərlə bağlılığın söyləyənlər haqılıdırlarsa, Türkmən olduğumuzu söyləyənlər də o qədər haqlıdırlar. Türk də, Oğuz da, Türkmən də eyni xalqa verilən addır.
Türkmənbaşı bu kitabı yazmaqla elmə heç bir yenilik gətirmədi. Sadəcə olaraq dövlətinin ideoloji yönünü müəyyənləşdirdi, “səlcuqlar gəlib bu yerlərin əhalisini türkmənləşdirdi” yazan başabəla alimlərin qarşısında sipər çəkdi.
Tükmənbaşının milli şüur oyatmaq, tarixi yaddaşı bərpa etmək sahəsində xidmətləri nə qədər böyük olsa da, xalqı gözüqırpıq etmək, yaltaq və məddah bir kütləyə çevirməsi ondan daha çox təhlükəlidir.
Saparmuratın portretlərinin, heykəllərinin, büstlərinin sayı Sovet dönəmindəki Leninkindən heç də az deyil. Onun atasının, anasının, hətta atının da heykəllərini qoyublar. Muzeylər, əyləncə yerləri də bu ailənin adıyla bağlıdı. Nəinki pulun üstünü, hətta şokaladların konfetlərin, araq, konyak butulkalarının üzərini də Türkmənbaşının portretləri bəzəyir. 50 ilin əkinçisinə, ilxıçısına, dəvəçisinə, mexanizatoruna, müəlliminə bir sözlə bütün peşə sahillərinə kim dərs verir: Əlbəttə Türkmənbaşı! Ölkədə belə bir əhval-ruhiyyə yaradılır: Türkmənbaşı hər şeyi yaxşı bilir və hamının əvəzinə düşünüb tədbir görür.
Ömürlük prezident seçilmiş Saparmuradovun Türkmənbaşı, sərdar və başqa neçə-neçə titulları var. Şəhərlər, qəsəbələr, küçələr onun adı, titulları və ata-anasının adıyla adlandırılır.
Avtoritar rejimin bütün xüsusiyyətlərini bu ölkədə görmək olar. Qəribəsi budur ki, istər S.Niyazov, istər onun ətrafında toplaşan yaltaq və məddahlar heç vəchlə nəhəng Sovet imperiyasının məhvindən ibrət götürmürlər. Zaman isə öz işini görür. Dünyanı bir demokratikləşmə havsı, xalqların özünü tanıma istəyi bürüyür. Bu da Azərbaycanla – Türkmənistanı avtoritar rəhbərlərin istəyindən asılı olmayaraq yaxınlaşmağa vadar edir. Bu yaxınlaşma bəlkə də hər iki ölkəni fedarasiya və ya konfederasiya şəklində birləşməyə gətirib çıxaracaqdır. Avropa Birliyi modeli özünü doğruldursa niyə türk xalqlarının birliyi ideyasına şübhə ilə baxılmalıdır?!
Çap olundu: Türkmənistan milli oyanışla avtoritarizm arasında. “Ayna” qəzet, 2002, 18 oktyabr, sayı 41, səh. 10.
|