Qəhrəmanlıq dastanlarımıza aid tədqiqat (Rüsrəm Rüstəmovun kitabı haqqında)

QƏHRƏMANLIQ  DASTANLARIMIZA  AİD

TƏDQİQATLAR

Rüstəm Rüstəmzadənin “El qəhrəmanları xalq ədəbiyyatında” kitabı haqqında

    Şifahi xalq ədəbiyyatımızın ən geniş yayılmış janrlarından biri də dastanlardır. Azərbaycan dastanları haqqında çox yazılıb. Görkəmli folklorşünas M. H. Təhmasibin “Azərbaycan dastanları” adlı geniş həcmli monoqrafiyası da çap edilmişdir. Lakin bütün bunlarla yanaşı dastanlarımızın, xüsusilə qəhrəmanlıq dastanlarımızın tədqiq olunması, öyrənilməsi cəhətləri çoxdur.

    Filologiya elmləri namizədi, dosent Rüstəm Rüstəmzadə də məhz bu sahəni tədqiq etməyə girişmişdir. Alim uzun müddətdir ki, qəhrəmanlıq dastanlarının toplanması və tədqiqi ilə məşğuldur və bu səmərəli axtarışlar öz bəhrəsini vermişdir. “Gənclik” nəşriyyatı bu yaxınlarda tədqiqatçının “El qəhrəmanları xalq ədəbiyyatında” kitabını çap etmişdir.

   Kitabda bizim eradan əvvəl mövcud olmuş Astiak, Tomris kimi əfsanəvi dastanlarla yanaşı, Cavanşir, Babək, Qara Məlik, Şah İsmayıl, Fətəli xan, Molla Nur, Qaçaq Nəbi, Qandal Nağı, Qaçaq Kərəm dastanları, habelə Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda mübarizədə fəal iştirak edən, Böyük Vətən müharibəsində igidlik göstərən qəhrəmanlara həsr olunmuş dastanlarda geniş təhlil edilmişdir. Kitaba filologiya elmləri namizədi İsrafil Abbasovun yazdığı ön sözdə deyilir ki, Azərbaycan eposunun mühüm bir qolunu təşkil edən tarixi qəhrəmanlıq dastanlarının öyrənilməsi tədqiqatçıdan ən azı üç sahəni dərindən mənimsəməyi tələb edir. O, hər şeydən əvvəl, problemin daxili təbiətinə uyğun olaraq həm ayrı-ayrı ictimai-siyasi hadisələri özündə qoruyan rəsmi sənədləri izləməli, həm də folklorçuya aid ən ümdə keyfiyyətə - kənd-kənd, oymaq-oymaq dolaşıb şifahi ədəbiyyat nümunələrini tpolamaq səriştəsinə malik olmalı, həm də müasir sovet follorşünaslığının elmi-nəzəri müddəalarından bəhrələnərək mövzunun həlli ilə bağlı mülahizələri ümumiləşdirməyi bacarmalıdır.

   Kitab 6 fəsildən ibarətdir. Birinci fəsildə qəhrəmanlıq dastanlarının janr xüsusiyyətləri təhlil olunur. Müəllif görkəmli follorşünaslarla mübahisəyə girişir, qəhrəmanlıq dastanlarının bölgüsü məsələsini dəqiqləşdirməyə səy göstərir. Qəhrəmanlıq dastanlarını ərazilərə görə bölən görkəmli rus tədqiqatçısı V. İ. Çiçerovun fikri ilə razılaşmayan R. Rüstəmzadə aşağıdakı bölgünü təklif edir. 1. Kəndli hərəkatı ilə bağlı dastanlar, yaxud qaçaq dastanları; 2. İnqilabi dastanlar. 3. Hərbi dastanlar. Müəllifin bu bölgüsü Azərbaycan qəhrəmanlıq dastanları üçün xarakterikdir.

   R. Rüstəmzadə qəhrəmanlıq dastanlarını təhlil edərkən tez-tez eposlara və eləcə də dünya xalqlarının dastanlarına müraciət edir. Paralel müqayisələr aparır, əlaqələrinivə fərqli cəhətlərini göstərir. Kitabda XIX əsrin sonları, XX əsrin əvvəllərində çarizmə və yerli xan, bəylərə qarşı mübarizəyə qalxmış qaçaqların həyatından bəhs edən dastanlar daha genişliyi ilə təhlil edilir. Müəllif haqlı olaraq göstərir ki, həmin dövrdə qaçaqçılıq kəndli hərəkatının zaqafqaziyada yayılmış ən geniş formalarından biri idi. Məhz buna görə də geniş xalq kütlələri qaçaqları tərənnüm edir, onların şəninə mahnılar, dastanlar qoşurdular.

    Qaçaqların ən geniş fəaliyyət meydanlarından biri isə Naxçıvan və onun ətrafları idi. İki xarici ölkənin sərhəddində olan Naxçıvanda qaçaqlar daha fəal hərəkət edirdilər. Çünki çar qoşunları və polisləri onları təqib edəndə İran və Türkiyəyə keçə bilir, qısa müddətdə orada daldalandıqdan sonra yenidən geri qayıdırdılar. Məşhur Qaçaq Nəbi dastanının qollarının bir çoxu məhz Naxçıvanla bağlı olub, Naxçıvanda toplanmışdır. Bundan başqa Naxçıvanda qaçaqlıq etmiş Qorxmaz, Süleyman, Mirzalı, Budaq və başqaları haqqında da şeirlər, mahnılar qoşulmuşdur.

   Tədqiqatçı yeri gəldikcə bunlardan da istifadə etmişdir. Qaçaq qorxmaz haqqında toplanmış şeirdən iki bəndini kitabına daxil edən R. Rüstəmzadə Qorxmazın adını XIX əsrin məşhur qaçaqları Kərəm, Nəbi, Molla Nur, Qandal Nağı ilə bir sırada çəkilir. Qaçaq Qorxmaza həsr edilmiş şeirdə deyilir.

Dalımca yeridi pristav, kazak,

Yoxdur bir kimsəmiz ərizə yazaq.

Qohumdan, qardaşdan düşmüşük uzaq.

Ağla, Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.

-

Qorxmazam, mən oldum elimdən qaçaq,

Gəlməyib dünyaya mənim tək qoçaq.

Belə bir cəfaya düşmüşəm naçaq.

Ağla, Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

   Kitabda inqilabi mövzuda yazılmış “Səttarxan”, “Qatır Məmməd” və başqa dastanlarla yanaşı, Böyük Vətən müharibəsi illərində yaradılmış “Kamal”, “Pəhləvan İsrafil”, “Əlimərdanlı Nəcəf” dastanları da geniş təhlil edilmişdir.

   R. Rüstəmzadə Qazax, Kirovabad və Gürcüstan zonasında yaşamış qaçaqların həyatı ilə bağlı dastanları olduqca geniş və hərtərəfli təhlil etmişdir. Bu onu göstərir ki, tədqiqatçı həmin ərazilərdə uzun müddət axtarış aparmış, XIX əsrdə rus mətbuatında yazıçıları, görkəmli ədiblərin yazılarını təhlil etmişdir. Naxçıvan ərazisində yaşamış qaçaqlar haqqında isə yalnız çap materiallarından istifadə olunmuşdur.

   Kitabın bir sıra məhdud cəhətlərinə baxmayaraq, o, Azərbaycan qəhrəmanlarına həsr olunmuş dastanları tədqiqata cəlb etmək və ümumiləşdirilmiş monoqrafiya halında təhlil etmək baxımından maraqlıdır.

 Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti,

30 noyabr, 1984-cü il, sayı 277.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol