Milli ideologiyamızın fədaisi

Milli ideologiyamızın fədaisi

 

          Arif Rəhimoğlu ilə 1972-ci ildə, Azərbaycan Dövlət Universitetində oxuyarkən tanış olsaq da, çox sonralar əqidə yoldaşına çevrildik. Mən Jurnalistika fakültəsinin son kursunda oxuyanda Arif Filologiya fakültəsinə qəbul olunmuşdu. Respublikanın mətbuatı və radio-televizyası üçün kadrlar hazırlamaqdan yana 1950-ci illərdə Filologiya fakültəsinin nəzdində Jurnalistika bölməsi açılmışdı. Mən  birinci kursu bitirəndə, yəni 1969-cu ildə Jurnalistika şöbəsi müstəqil fakültəyə çevrilsə də, bəzi dərsləri yenə də Filologiya fakültəsinin tələbələri ilə birgə keçirdik. Jurnalistikada tələbələrin sayı az olduğuna görə (fakültə yaradılanadək hər il 25, 1969-cu ildən isə hər il 50 nəfər tələbə qəbul edilirdi), yaxşı oxuyanları, ictimai-siyasi işlərdə, idmanda fərqlənənləri demək olar ki, fakültədə hamı tanıyırdı. 

          Arif sakit təbiətli, az danışan və bir az da adamayovuşmaz təsiri bağışlayandı. Mən isə inqilabi əhval-ruhiyyəli, üsyankar, bir sözlə, yaşadığı mühitdəki haqsızlıqlarla barışmayan, hisslərini tez büruzə verən, cəmiyyəti dəyişmək istəyənlərlə ünsiyyətdə olmağa çalışan birisiydim. Odur ki, tələbəlik illərində Ariflə yaxından tanış ola bilməmişdik.

          Universiteti bitirdikdən sonra təyinatımı Naxçıvandakı “Şərq qapısı” qəzetinə verməsəydilər, bir çox tələbə yoldaşlarımız kimi, Arif Rəhimoğlunu da unudacaqdım. İş elə gətirdi ki, onun da təyinatını ata-baba yurdu Naxçıvana verdilər. Vayxır (Babək rayonu) kəndində müəllim işləsə də, Naxçıvanda yaşadığından hərdən küçədə, çayxanada görüşürdük. Bu görüşlər bizim aramızda elə bir bağ qura bilmirdi.

          O dövrdə qəzet və jurnal az olduğundan demək olar, hamısını izləyir, oxumaq üçün dişədəyər bir yazı axtarırdıq. Çünkü mətbuat əsasən partiya-sovet toplantılarını işıqlandırır və həmin toplantılarda qəbul edilən qərarların istehsalatda necə yerinə yetirilməsinə önəm verilirdi.

          Belə bir zamanda “Elm və həyat” jurnalının 1978-ci il 3-cü sayında “Bir daha Araz haqqında” adlı bir məqalə nəşr edildi. Məqalənin altında Arif Rəhimov yazılmışdı. Səhv etmirəmsə, məqalə cəmi bir səhifə idi. Milli dəyəri və elmi inandırıcılığı ilə diqqətimi cəlb edən yazını tanıdıqlarıma, peşə yoldaşlarıma da oxumağı məsləhət gördüm. Kənd müəlliminin belə bir məqalə yazmasına, həm də “Elm və həyat” kimi nüfuzlu bir jurnalda nəşr etdirməsinə şübhə ilə yanaşanlar da oldu. Mənim onunla elmi-ədəbi mövzuda söhbətlərim olmasa da, görüşdükdə təbrik etdim və uğurlu yazısına görə sevindiyimi bildirdim.

          Bir neçə il sonra Arif Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil oldu, Naxçıvan Dövlət Pedaqoji Universitetində işə girdi. Ondan sonra görüşlərimizin, söhbətlərimizin sayı artdı. “Mahmud Kaşğarinin “Divanu luğat-it Türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya yazırdı. Həmin illərdə bir milli oyanış başlamışdı desəm, yəqin ki, yanlışlığa yol vermərəm. Çayxanalarda gənclərin bir çoxunun söhbət mövzusu toponim və hidronimlərin Türk kökənli, danışıqda işlətdiyimiz sözlərin hansıların Ərəb, Fars, Avropa, hansıların Türk mənşəli olması idi. Belə vaxtlarda əksəriyyətimiz xalq etimologiyasına üstünlük verirdik. Arif isə dil tarixini öyrəndiyindən məsələni elmi əsaslarla, qaynaqların dililə izah etməyə çalışırdı. Buna görə də, çox vaxt bizim mübahisə və müzakirələrimizin ən nüfuzlu hakiminə çevrilirdi.

          1985-ci ildə M.S.Qorbaçovun hakimiyyətə gəlməsi və onun “perestroyka”, “qlasnost” şüarları rejimdəki yumşalmanı sürətləndirdi. Müzakirələr, mübahisələr çayxanalardan idarə və təşkilatlara da keçdi. Mənim işlədiyim “Şərq qapısı” (“Sovet Naxçıvanı”) qəzeti Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı sayılsa da, birinci təşkilat əsas idi. Sonrakı iki təşkilatın adı elə bil nəzakət xatirinə yazılmışdı. Nəinki onlar, deyərdim ki, Vilayət Partiya Komitəsində işləyənlər də, hətta Vilayət Partiya Komitəsinin birinci katibi belə milliyətcə Rus olan, Moskvanın valisi sayılan ikinci katibdən icazəsiz qəzet redaktoruna göstəriş verə bilməzdi.

          Partiyanın qərar və göstərişlərini təbliğ etməli olduğumuzdan toplantılarda iştirak edir, oradakı müzakirələr əsasında məqalə hazırlayırdıq. Buna görə də, partiya-sovet işçiləri ilə tez-tez görüşür, söhbət edirdik. Onlarla etdiyimiz söhbətləri və iclaslarda deyilən, mətbuatda nəşr edilməsinə icazə verilməyən danışıqları peşə yoldaşlarımız arasında müzakirə edirdik. Rəsmi deyilənlərlə həyat həqiqəti uyğun gəlmirdi. Rüşvətsiz iş görməyən məmurlar, rəhbər işçilər toplantılarda düzlükdən, kommunist əxlaqından, doğruluqdan alovlu nitqlər yazılmış mətnlər oxuyurdular. Məhsul istehsalı mövcud olandan çox göstərilirdi. Bir sözlə, hər yerdə rəqəmlər şişirdilirdi. Hamı bunu görsə də, susmaq məcburiyyətində qalırdı. Bu mövzuda müzakirələri, insanların real arzu və istəklərini, necə deyərlər, həyat həqiqətləri haqqında söhbətlərini çayxanalarda, yeyib-içmək məclislərində, toylarda eşitmək olurdu. Demək olar ki, adamlar ikili bir həyat yaşayırdı: rəsmi yerlərdə bir cür, evlərdə, çayxanalarda bir başqa cür. Hətta rəhbər vəzifələrdə işləyənlər belə evdə, dost-tanış məclislərində rəsmi toplantıda oxuduqları məruzə mətnlərindəkinin tərsini deyir, cəmiyyətdən narazılıqlarını bildirirdilər.

          Çayxanalarda, iki-üç nəfərin söhbətində, ailə məclislərində söhbətlərin mövzusu saxtakarlıq, şişirdilmiş rəqəmlər, rüşvətin baş alıb getməsi, ölkəni məhvə sürükləməsi idi. Arif  bəy az danışan, mülayim xasiyyətli, zarafatlardan çəkingən olsa da, ictimai-siyasi, milli mövzulardakı müzakirələrdə fəal iştirak edirdi. Çox vaxt evə dəvət etdiyim zaman gəlmədiyi halda, bəzən dəvətsiz gəlir, mənimlə müzakirələr aparır və tələsik də gedirdi. Açıq-aşkar hiss edirdim ki, o təkcə özünü narahat edən məsələlərdən danışmır, hansısa bir qrupun ictimai-siyasi mövzuda müzakirələrinin sözçüsü kimi çıxış edir. Azərbaycanda, o sıradan Naxçvanda gizli dərnəklərin varlığı ilə bağlı xəbərim olsa da, Arifdən heç zaman hansı qrupa daxil olduğunu xəbər almırdım. Naxçıvan şəhəri kiçik olduğundan, çayxanada, küçədə onun kimlərlə oturub-durduğunu gördüyümdən hansı gizli qrupdan olduğunu anlamağım o qədər də çətin deyildi. Bunu mən duyurdumsa, xüsusi xidmət orqanları, rəhbər partiya-sovet işçiləri də hiss etməmiş deyildilər. Lakin onlar bu qruplara o qədər də ciddi yanaşmır, bunların gələcəkdə bir gücə çevrilə biləcəklərini düşünmürdülər. Onlara sadəcə ürəklərini boşaltmaq istəyən, boşboğaz, əllərindən bir iş gəlməyən, fərli bir güzəran qura, özlərinə gün ağlaya bilməyən adamlar kimi baxırdılar.

          Mən isə bu qrupların gündən-günə fəallaşdığını, təşkilatlandıqlarını görürdüm. Onlar, əsasən, gənclərdən ibarət idi. Arif də bu dəstələrdən birinin öncüllərindən biriydi. Onun xasiyyətini, davranışını, elmə sonsuz marağını gördüyümdən ictimai-siyasi işlərə qoşulmasını istəmirdim. İstəyirdim enerjisini dil tariximizin öyrənilməsinə, yeni kadrların hazırlanmasına yönəltsin.

          Lakin bu mümkün olmadı. Bolşeviklər hakimiyyətlərini qorumaq üçün siyasi partiyaların fəaliyyətini qadağan etmiş, onlardan fərqli düşünənlərə, azadfikirlilərə uzun illər divan tutmuşdular. Buna görə də, Sovetlər Birliyinin çökuşü başlayanda xalqı arxasınca aparacaq, demokratik təsislər quracaq təşkilatlar yox idi. Partiya-sovet təşkilatlarında çalışanlar arasında rejimdən narazılar vardısa da, onlar yeni təşkilat qurmağa cəsarət etmirdilər. Necə deyərlər, vətən ağır günlərini yaşayırdı. Belə bir zamanda təqiblərə, təzyiqlərə baxmayaraq bəzi milli ziyalılarımız uzun illər fəaliyyət göstərən gizli qrupları birləşdirərək ictimai təşkilat yaratdılar. Sonralar bu təşkilatın –  Azərbaycan Xalq Cəbhəsinin “çuxası”ndan neçə-neçə siyasi partiya və ictimai təşkilat çıxdı.

          Arif Rəhimoğlu da Naxçıvanda Xalq Cəbhəsinin qurucularından oldu. Candan bağlı olduğu elmi işlərdən uzaqlaşaraq ideoloji sahəyə keçdi. Qısa bir zamanda mitinqlərdəki alovlu çıxışları ilə xalq kütlələrini arxasınca aparan bir liderə çevrildi. O bununla kifayətlənmədi, ideoloji kadrlar hazırlamaq üçün yorulmadan çalışdı.

          On nəfərin də, min nəfərin də qarşısında eyni coşğu ilə çıxış edir, suallara cavab verirdi. Axıcı, şirin bir danışıq dili vardı. Çox təəssüf ki, zamanın gedişi ona öz düşüncələrini, danışdıqlarını yazıya çevirməyə, qəzet və jurnallarda nəşr etdirməyə imkan vermədi. Çünki toplantıdan-toplantıya tələsir, bəzən bir gündə üç, hətta dörd toplantıda çıxış etməli olurdu. Azərbaycan Xalq Çəbhəsi Naxçıvan Vilayət Təşkilatının təşkil etdiyi “Lektoriya kulubu”nun ən fəal mühazirəçilərindən idi. Onu gah döyüşə gedən könüllülər qarşısında səngərdə çıxış edən, gah da Naxşıvanın kənd çayxanalarında, meydanlarında, hətta evlərdə toplantı aparan, söhbət edən görmək olardı.

          Mübarızə yoldaşları ilə hansı səbr və hövsələ ilə mübahisə edirdisə, Kommunist Partiyasının rəbər işçiləri ilə də eyni səviyyədə danışırdı. Onun müzakirə və mübahisələrdəki dözümlülüyü çox vaxt hökumət rəhbərlərini, Kommunist Partiyasının öndə gedən ideoloqlarını da özündən çıxardırdı.

          Zaman həyatın gedişini yaman sürətlə dəyişirdi. Rəhbər partiya-sovet işçiləri universitet müəllimlərini, qəzet-jurnal əməkdaşlarını, bir sözlə vətənsevər aydınları kabinetlərində qəbul edib onları dinləməyi özlərinə sığışdırmırdılar. Onlarla “profilaktik söhbətlər aparmağı”, “onları dinləməyi” təlimatçılara, ən yaxşı halda söbə müdirlərinə həvalə edirdilər.

          1988-ci ildən sonra isə təlimatçıların, şöbə müdirlərinin aydınlarla söhbət etmək iqtidarında olmadığını görən rəhbər işçilər özləri meydana atıldılar. Lakin onların da meydanlarda, mitinqlərdə çıxış etməyə cəsarətləri çatmırdı. Çünki düşündüklərini, ürəklərindən keçənləri deməyə alışmamışdılar. Onlar yüksək vəzifədə olanların dediklərini, Kommunist Partiyasının plenum və qurultaylarında qəbul edilən qərarları təkrarlayırdılar. Bu qərarlar da reallıqlarla uyğun gəlmirdi. Ona görə də, rəhbər partiya-sovet işçiləri məcburiyyət qarşısında qalanda xalq hərəkatı fəalları ilə bağlı qapılar arxasında, məhdud bir qrupla görüşməyə üstünlük verirdilər.

          Bu görüşlər də onları çətin vəziyyətdə qoyurdu. Çünki həmin anda qəti bir qərara gələ bilmir, verilən suallardan çəkinirdilər. Qorxurdular ki, onların verdikləri çavab yuxarıların xoşuna gəlməyə bilər. Beləliklə, uzun illərin əziyyəti hesabına qazandıqları vəzifəni itirə bilərlər. Onlar xalqın deyil, Kommunist Partiyasının və bu partiyanın rəhbərlik etdiyi müstəmləkəçi Sovet hakimiyyətinin mövqeyini müdafiə edirdilər. Arif və onun məsləkdaşları isə xalqın tərəfini saxlayır, demokratik islahatlar, ikiüzlülüyə, uydurma, şişirtmə (Rusca: pripiska) və saxtakarlığa vs. son qoyulmasını istəyirdilər.

          1989-cu ilin yayında Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci, ikinci, üçüncü katibləri, şöbə müdirləri və Muxtar Respublikanın rəhbər işçiləri ilə Xalq hərəkatı fəallarının görüşü ikincilərin ideoloji qələbəsi ilə başa çatdı. Həmin görüşdə iştirak edən rəhbər işçilər sonralar etiraf edirdilər ki, xalq arasında belə geniş dünyagörüşlü, savadlı, hazırcavab, cəsarətli insanların varlığından xəbərlərsiz olublar.

          Elə həmin ilin oktyabrında Azərbaycan KP MK katibi Telman Orucov Bakıda yaşayan və rəhbər vəzifələrdə işləyən bir qrup naxçıvanlı professorla birlikdə Naxçıvan Xalq Cəbhəsi fəalları ilə dialoqa gəldi. Mütaliəsi ilə seçilən, biliyinə, siyasi və idarəçilik bacarıqlarına arxayın olan bu insanlar Xalq hərəkatı fəallarının məntiqli çıxışları qarşısında çıxılmaz vəziyyətə düşdülər.

          Az sonra isə məsələ daha da böyüdü. Naxçıvan kimi kiçik bir bölgənin Xalq Cəbhəsi fəalları ilə danışıqlar aparmağa Sov. İKP MK katibi Girenko, şöbə müdiri Mixaylov, SSRİ Millətlər Sovetinin sədiri Nişanov, KQB generalları, Azərbaycan KP MK birinci katibi Vəzirov gəldi. Bu görüşlərdə də Arif Rəhimoğlu bir ideoloq kimi onlardan yüksək biliyə malik olduğunu göstərdi.

          1990-cı ildə Naxçıvanda partiya-sovet fəalları ilə görüşdə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Ayaz Mütəllibov Arif Rəhimoğlunu özündən çıxarıb tribunanı tərk etməsi üçün etik normaları pozanda da Arif təmkinini itirmədi. Sakitcə Ayaz Mütəllibovun qarayaxmalarını, çığır-bağırını dinləyərək, “Siz danışanda biz dinlədik, indi də biz danışırıq, siz dinləyin. Ürəyiniz soyumayıbsa, yenə danışın, mən burada gözləyəcəm. Siz sözünüzü bitirəndən sonra mən çıxışımı davam etdirəcəyəm” deməsi partiya rəhbərini daha da qəzəbləndirdi. Lakin Arif Rəhimoğlu onun hədələrindən çəkinməyərək sözünü sonadək dedi və fikrini tamamladı.

          Ayaz Mütəllibov açıq-aşkar görürdü ki, salondakılar partiya-sovet işçiləri olmasına baxmayaraq, Arif Rəhimoğlunun dediklərinə daha çox inanırlar, nəinki onun sosializmin nəzəri əsaslarını təbliğ edən, həyat həqiqətindən uzaq, milli mənafeyə deyil, hökumət siyasətinə dayanan ütülü-bəlağətli nitqinə.

          Təkcə partiya-sovet işçiləri deyil, bəzi məsləkdaşları da çox zaman Arif Rəhimoğlunun məntiqli, elmi əsaslara söykənən fikirləri qarşısında duruş gətirə bilməyəndə, hay-haray salmağa, neçə deyərlər, aranı qarışdırmaqla vəziyyətdən çıxmağa çalışırdılar.

          Çox təəssüf ki, onun çıxışlarının nə lent yazıları, nə də stenoqramları qalıb. Bu müzakirələr Azərbaycan Milli Azadlıq mübarizəsinin hansı ideoloji yöndə getdiyini göstərən əvəzsiz  qaynaqlar olardı.

          İdeoloji işə ürəkdən bağlılığına, qurulmaqda olan müstəqil Azərbaycanın milli ideologiyasının hazırlanmasındakı xidmətlərinə görə Əbülfəz Elçibəy onu  AXC Sədrinin İdeoloji işlər üzrə müavini vəzifəsində işləmək üçün Bakıya gətirdi. AXC-nin Məramnamə və Nizamnaməsini hazırlayanlardan biri olmasına baxmayaraq, AXC hakimiyyətə gəldikdə o nə rəhbər vəzifəyə, nə də diplomatik işə getdi.

          Hökumətdə yüksək vəzifə tutmuş cəbhədaşlarının “Bizə ideologiya gərək deyil, Sovet hökumətini ideologiyaya dayanması məhv etdi” düşüncəsinə qarşı durdu. Çıxışlarında, müzakirələrdə “Milli ideologiya olmasa, müstəmləkədən yeni qurtulmuş bir milli hökuməti yaşatmaq mümkün deyil” fikrini təbliğ etdi.

          Onun əsas arzularından biri yeni qurulan milli hökumətdə ciddi bir “Strateji Araşdırmalar Mərkəzi” yaratmaq idi. Belə bir mərkəzin fəaliyyəti haqqında aydın fikiri olmayan məsləkdaşları onun bu arzusunu gah Sovetlərin KQB-si kimi, gah hökumətüstü bir güc kimi, gah da ayrı bir oyun kimi başa düşürdülər. Ona görə də, bu işə barmaqarası yanaşırdılar.

          Xalq Cəbhəsinin hakimiyyəti devrildikdən, Əbülfəz Elçibəy doğma kəndi Kələkiyə getməyə məcbur olduqdan sonra cəbhəcilər arasında bir çaşqınlıq yarandı. Təzyiqlər, həbslər kütləvi hal alsa da, Arif Rəhimoğlu gecə və gündüz Azərbaycan Xalq Cəbhəsinin qərargahını boş qoymadı. Cəbhəçilər arasında durmadan siyasi-ideoloji iş apardı, onların radikallaşmasına, qisasçılıq əhvali-ruhiyyəsinin yüksəlməsinə imkan vermədi. Cəbhəciləri Azərbaycan dövlətçiliyinə sadiq olmağa çağırdı. Ta həbs olunan günədək bu işi əzmlə yerinə yetirdi.

          Həbsdən çıxdıqdan sonra da qisasçılıq əhval-ruhiyyəsindən uzaq oldu. Bütün fəaliyyətini Azərbaycanda dövlətçiliyin qorunmasına və möhkəmləndirilməsinə yönəltdi. Bütöv Azərbaycan Birliyindəki fəaliyyəti bu baxımdan olduqca diqqətəlayiq idi. Bu təşkilatın fəaliyyəti yəqin ki, gələcəkdə neçə-neçə dissertasiyaya, monoqrafiyaya mövzu olacaq.

          Bakıda olarkən “Siyası təbliğatın əsasları” (1999), “So­sio­logiya­da partiyadaxili qruplaşmalar və AXCP-də “Yurd” fraksiyası” (2000) kitablarını nəşr etdirən, ideologiya, milli kimlik, millət, millətləşmə və başqa bu kimi anlayışlarla bağlı araşdırmalar aparmağa çalışan Arif Rəhimoğlu mühacirətə getmək məcburiyyətində qaldıqdan sonra da bu yöndə işini davam etdirdi, ancaq təəssüflər ki, yaradıcılığında bir ləngimə yarandı. Xəstəliyindən və qaynaq yetərsizliyindən planlaşdırdığı əsərlərini vaxtında tamamlayıb oxucu mühakiməsinə verə bilmədi.

          Oxuculara təqdim edilən bu kitabda Arif Rəhimoğlunun milli ideologiyamızın elmi əsaslarla araştırılmasına yönəlik böyük əsərləri deyil, qəzet və jurnallarda nəşr edilmiş məqalə, müsahibə və çıxışlarının bir qismi toplanıb. Onun parçalanmış vətənimizi bir milli ideologiya ətrafında birləşdirmək uğrundakı mübarizəsi səhhətinin korlanmasına, vətəndən didərgin düşməsinə səbəb olsa da, əqidəsindən dönmədi. Mübarizəsini mühacirətdə olanda da davam etdirdi.

          Nəşrə hazırladığımız bu kitaba bir-iki yazını çıxmaqla, yazarın “Müxalifət”, “Cümhuriyyət”, “Tanıtım”, “Şərq qapısı” və b. qəzet-jurnallarda çap olunan məqalələri daxil edilmişdir. Ardıcıl verilmiş “Böhrandan çıxış yolu: ideologiya”, “İqtidarın legitimlik əsası”, eləcə də türkçülüklə, milli kimliklə bağlı məqalələri həcmlərinin nisbətən böyük olması ilə seçilir. Əslində onları ayrı-ayrı broşurlar şəklində də nəşr etdirmək olar.

          Arif Rəhimoğlunun məqalələrində türkçülük ağırlıq təşkil etsə də, bu türkçülükdə şovinizm deyil, demokratiya hakimdir. Yazar “Qədim Türk həmrəyliyi (təsanüdçülüyü) – ülüş”, “Qədim Türklərdə demokratiya və insan haqları” kimi məqalələrində elmi qaynaqlara dayanaraq demokratiyanın, insan haqlarının, azsaylı və əzilən xalqlara sevginin Türklər üçün yeni olmadığını, qədim dövrlərdən gəldiyini göstərir.

          Azərbaycanda olarkən yazılmış məqalələr və müsahibələr gənclər, xüsusən ictimai-siyasi işlərlə maraqlananlar və yaxın tariximizi öyrənmək istəyən araşdırıcılar üçün olduqca qiymətli qaynaqdır. Kitabda dövri mətbuatımızda milli azadlıq mübarizəmizin tarixi ilə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirəcək dəyərli faktlar da az deyil.

          Yeri gəlmişkən, milli azadlıq hərəkatımızın fəal iştirakçısı olmuş mübarizə yoldaşlarımın bu gün mətbuatda oxuduqlarından narazılıqlarını tez-tez eşidirəm. Onlar etirazlarını şifahi, üç-beş dostu-tanışı arasında bildirməklə kifayətlənirlər. Milli azadlıq hərəkatımızın tarixi ilə bağlı 1989 – 2000-ci illərdə gizli, yarımgizli və icazəli nəşr olunan qəzet və jurnallarda isə olduqca dəyərli materiallar var. Çox təəssüf ki, həmin nəşrləri indi kitabxanalarda tapmaq mümkün deyil. Ancaq onlar ayrı-ayrı şəxslərin arxivlərində saxlanılır. Arzu edirəm ki, həmin qəzet və jurnal nüsxələri toplansın, milli azadlıq hərəkatı iştirakçıları həmin nəşrlərdəki məqalə və müsahibələrini kitab kimi nəşr etdirsin, internet saytlarında yerləşdirsin və xatirələrini yazsınlar.     Bu, araşdırıcıların işini asanlaşdırar, milli azadlıq hərəkatı tariximizin obyektiv yazılmasına səbəb olar.

 

Əli Şamil

5 yanvar 2016

 

Çap olundu: Milli ideologiyamızın fədaisi, Arif Rəhimoğlu. İdeologiya (Məqalələr toplusu) . Bakı: “Elm və təhsil”, 2017, səh. 5-12

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol