Xalq cƏbhƏsinƏ rƏğbƏtim var
Heydər Əlirza oğlu Əliyev 1990-cı ilin iyul ayının 22-də heç kimə xəbər vermədən ata-baba yurdu Naxçıvana gəlmişdir. Onu aeroportda yalnız yaxın qohumları qarşılayaraq evlərinə gətirmişlər.
Gəlişindən xəbər tutan şəhər sakinləri axın-axın H.Əliyevin görüşünə gəlmişlər. Axşamüstü isə camaat Naxçıvan şəhərinin Mərkəzi meydanına — Azadlıq meydanına toplaşaraq H.Əliyevlə görüşmək istədiklərini bildirmişdir.
H.Əliyev görüşə gedərkən yolüstü H.Cavidin məzarını ziyarət etmiş, qəbrin üstünə gül dəstəsi qoymuş və təəsüf hissi ilə bildirmişdi; Biz çox çətinliklə H.Cavidin cənazəsini Sibirdən doğma vətəninə qaytara bildik. Məqsədimiz burada onun üçün əzəmətli bir qəbirüstü abidə ucaltmaq idi”.
Azadlıq meydanına gələrkən H.Əliyev başı üzərində ucaldılan üçrəngli, ay-ulduzlu bayrağı görüb onu öpmüşdür. Görüşdəki çıxışında H.Əliyev xalqı azad, müstəqil, demokratik Azərbaycan uğrunda mübarizəyə səsləmişdir.
Görüşdə 50 min nəfərə yaxın kişi, qadın, məktəbli və hətta kiçik yaşlı uşaqlar iştirak etmişdir.
İyulun 23-də Nehrəm kəndində keçirilən çoxminli görüşdə H.Əliyev Azərbaycan SSR Ali Sovetinə xalq deputatlığına namizəd irəli sürülmüşdür.
***
— Sizdən müsahibə alan AXC Naxçıvan Vilayət Şö’bəsinin orqanı “Varlıq” qəzetinin əməkdaşıdır. Bu həmin qəzetdir ki, gah Sizin müsahibələrinizi verir, gah da Sizə tənqidi mövqedən yanaşır. Siz qəzetin belə mövqeyinə necə baxırsınız?
H. Əliyev: - Birincisi, mən Sizə də, Naxçıvan camaatına da öz minnəttarlığımı bildirmək istəyirəm. İyul ayının 22-də Azadlıq meydanında naxçıvanlılarla görüşüm oldu, hamınıza minnətdarlığımı bildirirəm. Xalqın mənə göstərdiyi bu məhəbbət və sevgi məni bir daha həvəsləndirdi, ilhamlandırdı. Çox sağ olun. Hamınızı salamlıyıram.
O ki, qaldı sizin qəzetinizə: birincisi siz məni tənqid edirsiniz, ya da tərifləyirsiniz, bu məni heç də təəcübləndirmir. Axı, mətbuat həmişə tərifnamə oxumamalıdır. Qəzet hər şeyə real yanaşmalıdır. Həyatda gedən hər bir prosesi düzgün çatdırmalıdır. Bu o demək deyil ki, məqaləni yazan adamın və yaxud qəzetin fikri son fikirdir. Xeyr, bu o demək deyil. Bunların hamısına mən ehtiramla yanaşıram.
— Xalq cəbhəsinə münasibətiniz?..
H. Əliyev: — Mənə bu sualı çox verirlər. Daha çox isə xarici müxbirlər bu sualla müraciət etməyi çox sevirlər. Çünki, Azərbaycanda Xalq Cəbhəsi yarananda, geniş xalq hərəkatı başla- yanda Azərbaycanın rəhbərliyi özünün zəifliyini, bacarıqsızlığını Moskva qarşısında, Qorbaçov qarşısında müəyyən dərəcədə bəraətləndirmək məqsədilə, özlərini yaxşı göstərmək üçün belə bir şaiyə yaymışdılar ki, guya Azərbaycanda xalq hərəkatına mən başçılıq edirəm.
Mən bununla fəxr edirəm. Demək onlar mənim gücümdən ehtiyat edirlər. Bu məndə yaxşı hisslər oyadır. Əgər Əliyev, hansı ki, indi Moskva rəhbərliyi böyük təzyiq altında saxlayır və ədalətsiz olaraq ləkələmək istəyir, ürək xəstəliyi keçirib, səhhəti də müəyyən dərəcədə zəifləyib, Moskvada belə bir iqtidara malikdirsə, deməli Əliyevin gücü hələ var.
Həqiqətə qalsa isə mənim Xalq Cəbhəsi ilə heç bir əlaqəm olmayıb. Onun rəhbərləri də mənimlə əlaqə yaratmaq fikrinə düşməyiblər. Lakin onu deyim ki, bu əsil xalq hərəkatıdır. Böyük bir qüvvədir. Bu hərəkat xalqın dərin qatlarından çıxan hərəkatdır. Ola bilər ki, bu demokratiya tam demokratiya deyil. Ancaq müəyyən şəraitə görə daxili hissiyatların biruzə verilməsidir. Mənə belə gəlir ki, bu hərəkat, AXC Azərbaycan torpağında çox tə’sirli qüvvədir. Bu qüvvə ilə hesablaşmaq lazımdır. Bu qüvvə ilə hesablaşmayan adam, demək həyatın reallığını başa düşmür, o uduzacaqdır. Mənim Xalq Cəbhəsinə hüsn-rəğbətim var.
— Şəxsi həyatınıza dair bir sual, həyat yoldaşınızın vəfatından sonra evlənmisinizmi?
H. Əliyev: — Mənim həyat yoldaşım Zərifə xanım çox böyük alim idi. Gözəl insan idi. Sizə deyim, vaxtı ilə mən onu dərin sevgi nəticəsində tapıb ailə həyatı qurmuşdum. 30 il bir yerdə çox səmimi yaşamışıq. 1985-ci ildə aprel ayının 15-də ağır xəstəlikdən vəfat etdi. Mən Moskvada qızım və oğlum ilə, onların balaları ilə bir yerdə yaşayıram. Zərifə xanım daxili keyfiyyətləri ilə özünü o qədər sevdirmişdi ki, və onun xatirəsi mənim üçün o qədər əzizdir ki, onun vəfat etməsindən qabaq keçirdiyi xəstəlik mənim əzablarıma səbəb oldu, vəfatı əsəblərimə tə’sir etdi, sağlamlığımı əlimdən aldı. Onun xatirəsi mənim üçün çox əzizdir. Hər həftə qəbrini ziyarət edirəm. Onun vəfatından sonra mənim şəxsiyyətim haqqında çoxlu şaiyələr yayıldı. Hətta deyirdilər ki, mən Qorbaçovun arvadının bacısı ilə evlənmişəm. Başqa şaiyələr də vardır.
Bir dəfə Qorbaçovla söhbətim olanda mənə dedi ki, Azərbaycandan çoxlu məktublar gəlir sənin haqqında. Bəzi məsələlərdə səni günahlandırırlar. Mən ona dedim ki, onlar adsızdır və hamısı da yalandır. Dedim ki, sizin arvadın bacısının mənim arvadım olması necə, düzdür ya yalan? Dedi ki, elə şey ola bilməz. Dedim bə buna inanmırsan, başqa şaiyələrə niyə inanırsan? Mən Zərifə xanımdan sonra bir daha evlənmərəm.
— Çox sağ olun. Bəlkə sizin başqa sözünüz var?
H. Əliyev: Azadlıq meydanındakı mitinqdə 50 mindən çox adam olardı. Geniş danışmağa şərait olmadı. Bununla belə mən xeyli vaxt Naxçıvanda olacağam. Müxtəlif yerlərə gedəcəyəm. Müasir şəraitdəki vəziyyəti hamıya çatdıracağam, fikirlərimi bölüşəcəyəm.
— Sizin təhlükəsizliyinizı qoruyan varmı? Axı Siz uzun müddət böyük vəzifələrdə — DTK-də işləmisiniz? DTK isə dünyada siyasi qətllərin təşkilatçısı kimi ad çıxarıb.
H. Əliyev: — Mən öz aqibətimi xalqımın ixtiyarına vermişəm. Təhlükəsizliyim haqqında düşünmürəm. Heç kəs mənim təhlükəsizliyimi təmin etmir. Mən yüksək vəzifələrdə işləyəndə də ətrafımda mənim təhlükəsizliyimi təmin edən çox adamlar gəzirdilər. Baxmayaraq ki, Naxçıvan mənim Vətənimdir, bura gələndə də yenə ətrafımda çoxlu adam olurdu. Mən milisləri görəndə onları götürdürdüm. Deyirdim ki, siz xalqnan mənim aramda durmayın. Mən eyni zamanda mülki paltarda gəzən çekistləri də uzaqlaşdırırdım. Ancaq buna baxmayaraq onlar öz işlərini görürdülər. Əslində o vaxt da mənim qorunmağa ehtiyacım yox idi. İndi isə mən adi şəxsəm. Mənim təhlükəsizliyimi xalq qorumalıdır. Xalq məni sevirsə, haqqımda bədgüman fikirdə olanlar haqda özü ölçü götürməlidir.
— Çox sağ olun. Müsahibənizə görə minnətdarlığımızı bildiririk…
“Varlıq” qəzeti, 1990, 25 iyul, № 9, s.4.
|