Divardan asılmış bir saz günündə: –
MEHMAN QARAAĞAC
Dünyanın hər yerində, tarixin bütün dönəmlərində şairin öldürülməsi geniş müzakirə mövzusu olub. Fərqi yoxdur, istər şairi hökmdar öldürtdürmüş olsun, istər cani, istər müharibədə öldürülmüş olsun, istər dueldə. Ölümün təfərrüatına varılıb, öldürənlər qəzəblə yad edilib.
Döyüşdə həlak olmuş Qazi Bürhanəddinin ölümündən (1344-1398) 600 il, Hələbdə dərisi soydurulan İmadəddin Nəsiminin (1369-1417) ölümündən 500 il, dueldə həyatı sona çatan rus şairi Aleksandr Puşkinin ölümündən (1799-1837) 161 il, rus işğalçılarına qarşı vuruşan Macar şairi Şandor Petefinin (1823-1849) ölümündən 149 il keçsə də, onların ruhları hələ də yad edilir, ölümlərinin səbəbləri hələ də araşdırılır, detallar dəqiqləşdirilir. Misalların sayını artırmaq da olardı, ancaq təfərrüata çox varmadan mətləbə keçək.
“Şairlərin öldürülməsi niyə unudulmur və həmişə müzakirə edilir?” sualına müdriklərimizin bir ifadəsilə cavab vermək olar: “Şairlər peyğəmbərdən sonra gəlir?”
Onda “bəs Azərbaycanda niyə belə deyil, Mehman Qaraağacın öldürülməsi niyə sükutla qarşılandı?—sualı ortaya çıxır.
Son illərin durumu Azərbaycanı üstünü kül örtmüş közə döndərib. Bu közün qızışıb alova çevriləcəyi gün bizcə o qədər uzaq deyil. Onda, xalq Vətən, millət şəhid olan övladlarını yada salacaq, onların öldürülməsinin təfsilatı ilə maraqlanacaqdır.
Bu gün isə hər şeyə olduğu kimi, Mehmanın ölümünə də bir soyuq yanaşma var. Bu ölüm Mehmanın qızğınlığından meydana çıxmışdı. Qaynartəbiətli, coşğun Mehman soyuqqanlılığın, laqeydliyin, biganəliyin düşməni idi. O da çoxları kimi mehmanxana otağında əyləşsəydi, bayırdakı hay-küyə əhəmiyyət verməsəydi, indi, yəqin ki, yaşayardı.
“Yaşayardı” sözünü yazanda bir an duruxdum. Yazdığıma özüm də inanmadım. 1993-cü ildən bəri baş verənləri göz önünə gətirdim. Gördüm doğru demirəm. O vurçatlasında təsadüfdən sağ qalsaydı sonrakı olaylarda bir “dost” və ya düşmən gülləsinə mütləq tuş gələcəkdi. Onu ölümə çağıran səbəb isə ötən illərdə bir dəfə deyil, bir neçə dəfə baş vermişdi. 1993-cü ilin fevralında Bakıda “Abşeron” mehmanxanasında şair Mehman Qaraağacı güllələdilər. Ölümünə səbəb, haqsızlığa dözməməsi, hansısa qoluzorlunun soydaşını qanına qəltan etməsinə biganə qalmaması oldu…
Soyuq-soyuq gələn əcəl,
Soyuq-soyuq baxan əcəl,
Isti-isti gülər içimizdə,
...Hər adamın əcəli
öz içində nəfəs alar.
öz içində böyüyər.
1993-cü ilin fevralında Bakıda “Abşeron” mehmanxanasında şair Mehman Qaraağacı güllələdilər. Ölümünə səbəb, haqsızlığa dözməməsi, hansısa qoluzorlunun soydaşını qanına qəltan etməsinə biganə qalmaması oldu...
Otaqda səs-küy eşidib mehmanxananın foyesinə çıxan Mehman yaraqlı birisinin özündən fiziki cəhətdən zəifi qəddarlıqla döyərək ölümlə hədələdiyini görür. Çoxlarının qaçıb gizləndiyi, özünü görməməzliyə vurduğu vaxt Mehman dözə bilmir, özünü irəli atıb, canini dayandırmağa çalışır. Qan tökməyə alışmış cəllad fiziki cəhətdən nə qədər möhkəm olsa da, gücünə, yumruğuna arxayın olmayıb, şairin sinəsini nişangaha çevirib.
Haqsızlığa dözməyən bir şairin ictimai yerdə, adamların gözü qarşısında güllələnməsi sükutla qarşılandı. Cani həbs edilmədi, məhkəmə qarşısında oturdulmadı. Bu haqsızlığa e’tiraz edən beş-üç nəfərə daxili işlər nazirinin cavabı belə oldu: “Bir vətənpərvər, qeyrətli oğul vurub başqa bir vətənpərvər oğulu öldürüb. Neyləyək? İndi deyirsiniz onu da cəzalandıraq?! Onda vətəni kim qorusun?!”
Şairi 35 yaşı tamam omamış güllələmiş “vətənpərvər”in vətəni qorumaq şücaəti bir xeyli sonra özünü yenə göstərdi. Bayıl tərəfdə hamının gözü qarşısında o, yenə kimisə qanına qəltan edirmiş, Azərbaycan ordusunun bir zabiti təsadüfən oradan keçərkən hadisəni görür. Zabit canini durdurmaq istəyir… Təəssüf ki, o vətən uğrunda döyüşlərdə düşmən gülləsinə deyil, öz yurdunun başkəndində bir caninin gülləsinə tuş gəlir.
Bütün bunlar Azərbaycanda sükutla qarşılandı. Şairin ölümündən beş il keçsə də, yenə sükut buzu əriməyib. Niyə?!
Mehmanı nə vaxtdan tanıyıram? Ötən beş ildə, bəlkə də beş yüz dəfə özümə bu sualı vermişəm. Amma cavab tapa bilməmişəm. Çoxları ilə ilk görüşdüyüm, tanış olduğum anları bütün təfsilatı ilə xatırlayıram. Ancaq onunla ilk tanışlığımızı xatırlaya bilmirəm ki, bilmirəm. Elə bil uşaqlıqdan bir yerdə böyümüşük. Bu mümkün deyildi. Mehman məndən 9 yaş kiçik idi. 1957-ci ildə Şərur rayonunun Danzik kəndində anadan olmuşdu. Arpaçayın qarşısı kəsilib su anbarı yaradılanda (1970-ci illər) Danzik kəndi dəryaçanın altında qalmışdı. O zaman kəndin sakinləri üçün yeni qəsəbə tikdilər. Nədənsə, adını Danzik qoymadılar. Bu adsız qəsəbə 1990-cı ilin yanvarında ermənilərlə döyüşdə həlak olmuş Məmmədin şərəfinə “Şəhid Məmməd” adlandırıldı.
Mehman Danzikdə on-on iki il yaşamışdı. Necə deyərlər, ağlı kəsəndən yeni salınmış qəsəbədə böyümüşdü. Amma heç zaman oraya alışmamışdı. Həmişə sözü-söhbəti Danzikdən olardı. Yaşadığı qəsəbə isə Danzikdən 12-15 kilometr aralıdaydı. İldə bir neçə dəfə Danzikin göl altında qalmayan ərazisinə gedərdi. Dost-tanışını da aparardı. Bulaqlarının suyundan içərdi. Az qala hər ağacını, qayasını, çəmənini gördüyü kimi şe’rlərində də oranı tərənnüm edərdi. “Yurd” şe’rində yazırdı:
“Ömrümün təməli olan, güllüyünnən-çiçəyinnən yollarıma nur səpən Danzik kəndim. Sən indi yoxsan. Ancaq nə qədər yaşayıram, səni mənim qəlbimdən heç kəs, heç kəs silə bilməz. Sən mənim ümid yerim, pənahımsan…”
Durna-durna
Nağıllanan yurdun,
dan üzündən boylanan yurdun
Torpağına üzümü sürtdüm,
Rəngi çıxdı üzümə —
Bu yurd,
durnası gəlməyən
bir yaz günündə
Göyündə ulduzu
ağlayan yurdun,
korun-korun yanıb
kül olan yurdun
illər yarasını sağaltmaz,
Güllər arısına bal olmaz,
dolmaz yuxusuna yarpız qoxusu.
Bu yurd —
Gözləri yollarda bir qış günündə.
Pərişan-pərişan
dağılan yurdun,
yad sular əlində
boğulan əlində
boğulan yurdun.
Havası torpağından diri,
Ulduzu göy üzündən diri.
Bu yurd —
Divardan asılmış bir saz günüdə
Bu, məhdud anlamda doğulduğu kəndə vurğunluq deyildi. Mehmanın Azərbaycan sevgisiydi. Yalnız Azərbaycanmı? Təbrizi də elə coşqun məhəbbətlə sevərdi, Altayı da, Qaqozuzstanı da, Türkmənistanı da… Özünü poeziyada belə göstərirdi.
Bu yalan nağıllar, yarğan nağıllar,
Bir şirin qırğında bitən nağıllar
Çilidən Fələstinə doğrudur.
Doğrudur Çimkənddən Şərura kimi...
Yenə başımın üstündə şölən,
Yenə parııltın aldatmaqda məni,
Yenə başımın altına balınc qoymaqda əlin.
Mehman vətənin yaxın zamanlarda müstəmləkədən azad olacağını əminliklə söylədiyi kimi şerlərində də onu ərənnüm edir, düşmənə meydan oxuyaraq yazırdı:
Yarğanındakı kol-kosunu
qoruduğum çay,
qazmağınacan yaladığın torpaqlar
gecə ürəkli,
palıd biləkli bir igid doğacaq –
dodaqlarından qan tökülənəcən
qovacaq o igid səni...
Məni 1973 ilin payızında Universitetin jurnalistika fakültəsinin məzunu kimi təyinatla Naxçıvandakı “Şərq qapısı” qəzetində müxbir işləməyə göndərəndə Mehman Gümüşlü qəsəbəsindəki orta məktəbdə oxuyurmuş. Qəzetdə gənclərin heyatından yazdığıma görə, ali məktəblərdə, texnikumlarda, ümumtəhsil məktəblərində oxuyan, istehsalatın müxtəlif sahələrində çalışan yeniyetmə və gənclərlə tez-tez görüşürdüm. Amma nədənsə, redaksiyamızın, necə deyərlər, “beş addımlığında” olan Naxçıvan Politexnik Texnikumunun tələbəsi Mehman İsa oğlu Məmmədovla görüşməmişdim.
Texnikumu bitirdikdən sonra bir il Naftalanda işləyib, yenidən Naxçıvana dönmüşdü. Naxçıvandakı 5 nömrəli tikinti trestində mühəndis, Naxçıvan Üzümçülük və Şərabçılıq trestində sifarişçi mühəndis, Mexanikləşdirilmiş Səyyar Tikinti Dəstəsinin Sədərək kəndindəki obyektlərində briqadir və b. vəzifələrdə işləmişdi.
Onunla iş yerində görüşdüyümü də xatırlamıram. Yəni istehsalat fəaliyyətinə görə deyil, ictimai-siyasi fəaliyyətinə görə tanıyırdım. Milli duyğulu, yurdsevər gənclərlə bir yerdə olardı daim. Yarıciddi, yarızarafat sözünü dəyərdi. Ona görə də, çox sözünü zarafat, qeyri-ciddi sayardılar. Əslində, Mehman ürək sözünü elə onda deyərdi. Söhbətlərimin mövzusu Azərbaycan, millətsevərlik, poeziya, tarix olardı. Çox çılğın olduğundan söhbəti təbii axarında getməyə qoymazdı. Həyatın axarına uya bilmirdi. Onu dəyişməyə can atardı. Amma “bu dəyişmə nə vaxt, necə olmalıdı” sualına cavabda fikirlərimiz haçalanırdı. Yaman tələsirdi. Tarixdən çəkdiyim misallarla razılaşsa da, bir anda dediklərinin əksinə kedirdi. Məni və mənim kimi düşünənləri cəsarətsizlikdə, yumşaqlıqla günahlandırırdı. Bəzən o qədər çılğınlıqla ittihamlar irəli sürürdü ki, bir anlıq çaşardım. Elə bilərdim hər şey məndən asılıdı. Bu gün hərəkətə başlasam, Azərbaycan birləşər də, müstəqillik əldə edər də, türklərin vahid ədəbi işgüzar dili, mədəniyyəti formalaşar da …
Bəzən də mən həddimi aşar, özümdən çıxar, onu savadsızlıqla, və üzərində çalışmamaqda, vaxtını boş işlərə sərf etməkdə günahlandırardım. İncimək əvəzinə gülə-gülə: “Sizləri görüb çox oxumuram. Qorxuram çox oxusam, Sizlərə bənzəyəm!”—deyərdi.
Bir dəfə redaksiyaya gəlmişdi. Əlində də kiçik bir dəftərçə. Dedi: “İstəyirəm şerlər kitabımı çapa hazırlayam”.
Mən də bir az təəccüblə: “Yəni o qədər şerin var?!” deyə xəbər aldıqda əlindəki dəftərçəni açıb, hər biri iki və ya üç misralı poetik nümunələr oxudu. Yaponların xokkusunu xatırladan bu misralar məni tutdu. Təriflədim. Sonra da yeni şerlərini dinləmək istədiyimi bildirdim. Təəccüblə üzümə baxıb dedi: “Bayaq oxuduqlarımı nə vaxt eşidibsən?! Bunların hamısını ki, mən yeni yazmışam!”
Mən də: “Bunlar gözəl poetik parçalardı. Amma mən şeri tam oxumağını istəyirəm”—deyə təkid etdim. Kədərli-kədərli üzümə baxdı: “Elə bilirdim, heç olmasa sən məni başa düşərsən. Şerlər kitabımı bütövlükdə sənə oxudum. Amma sən məndən şer oxumağımı istəyirsən, səni artıq yükə salmaq, vaxtını çox almaq istəmirdim. Şerdə əsas məsələ poetik tapıntıdı. Onu da mən tapmışam. Bu misraların əvvəlinə və sonuna nəğmə əlavə etməklə onu hamının qəbul etdiyi formaya salmağa nə var ki?! Vəzndən, qafiyədən başı çıxan hər kəs nəğmə hissəsini yaza bilər. Şerin cövhərini təşkil edən ifadələri tapmaq üçün gərək anadan şair doğulasan”—dedi. Sonra da kağız-qələm götürüb nəsə yazmağa başladı. Mən də öz işimi davam etdirdim.
Aradan bir xeyli keçəndən sonra gülə-gülə: —“İstəyirəm yeni bir şer oxuyam”—dedi. Mən də işimi yarıda saxlayıb, “oxu!” dedim. Yeni şerləri çox xoşuma gəldi. Bəyəndiyimi söylədim. Amma bə’zi fikir və ifadələrinin təkrar olduğunu özünün-özündən “oğurladığı”nı söylədim.
–Hansı şe’rimdən oğurlamışam?—deyə məni imtahana çəkdi. Susduğumu görüb:—“Bir-iki saat əvvəl oxuduğum şerlərdi. İndi elə sənin yanındaca nəğməsini yazdım. Hamınızın qəbul etdiyi formaya saldım”—dedi.
Şairlərə, poeziyaya qarşı olduqca sərt, bə’zən deyərdim ki, inkarçı mövqedən çıxış edərdi. Amma çoxlarının tanımadığı gənc şair İnqilab Orxanı dəlicəsinə sevərdi. Onun yanında İnqilabın pisinə bir söz demək olmazdı. Ramiz Rövşəni, Vaqif Səmədoğlunu, Vaqif Cəbrayılzadəni (sonralar o Vaqif Bayat Önər oldu) çox sevər, çox oxuyardı.
Bir dəfə mənə oxumağa 5-6 şer gətirdi. Yaxşı bilirdi ki, işlədiyim qəzetdə onun şerlərini çap etdirmək çətin məsələdi. Ona görə də, heç vaxt məndən şerlərinin çapına yardımçı olmağı xahiş etməzdi. “Bağırov və bala ilan” şerini oxuyanda narazılığımı bildirdim. Dedim: “Bala ilanın”, yadıma Ramiz Rövşənin şerini saldı. Mir Cəfər Bağırova da münasibətin doğru deyil. O quruluşun, zəmanənin qəddarlığıydı, Bağirovun simasında özünü göstərirdi. Həmin illərdə Ə.H.Qarayev, M.D.Hüseynov, H.Sultanov, Q.Musabəyov və bir çoxları da olsaydı, elə Bağırov kimi davranacaqdı, ya da ondan daha qəddar olardılar.
—Sənə də bir şeyi bəyəndirmək olmur. Əliheydər Qarayevin Naxçıvanda törətdiyi qəddarlığı düşünəndə Bağırovun atasına rəhmət oxumağım gəlir. Amma unutma ki, mən şairəm. Tarixçi deyiləm. Araşdırıb tarix yazmıram. Bir anlıq hissimi kağıza köçürürəm,—dedi.
1988-ci ildən gizli dərnəklər açıq fəaliyyətə başlayanda onunla daha tez-tez görüşməli olduq. 18 yaşından gizli dərnəklərin işinə qoşulmuşdu. Xalq hərəkatı başlayanda çoxları kimi: “Mən ziyalıyam, mən şairəm. Xalqıma yazı-pozumla xidmət edəcəm!”—demədi.
Sıldırım qayalarda qaçır dağ keçiləri…
Arxasınca ovçular,
Arxasınca qoruqçular—
vurulan keçilərin tərsinə çevrildiyi
gözləri kimi,
Qoruqçular tərsinə çevilir
bu vətənin daşını,
Tərsinə açır yuxasını-lavaşını.
Ağ barmaqların öyrəncəkli qara
aparatları
dəng eləyir qulaqları,
Şirələyir, arxasınca çəkir
və son anda məhbusluq
pasportu ilə nöqtələyir.
Mən yetmiş yaşımın
Əlli alqış dolu ilini onlara—
dünəndənqalma nökərlərə, gədalara xərclədim…
—kimi döyüşkən şerlər yazır, o biri tərəfdən kənd-kənd, çayxana-çayxana gəzib adamları mitinqlərə toplayır, onları təşkilatlanmağa səsləyirdi. Bu yolda bəzən yaltaqlara, məddahlara, ikiüzlülərə və başqalarına qarşı yumruğunu işə salmaqdan da çəkinmirdi. Çox vaxt da öz əməlindən sonra özü xəcalət çəkirdi.
1988-ci ilin mayında redaksiyaya yanıma gəlmişdi. Hal-əhval tutmaq istədim. Elə birbaşa, müqəddiməsiz, izahatsız: “Gəlmişəm məni danlayıb, söyəsən!”—dedi. Mən də özümü saxlaya bilməyib: “Xeyir verməkdənsə, yenə harda aləmi qatıbsan?”—deyə əsəbiliklə xəbər aldım.
—Səhər-səhər yola çıxıb avtobus gözləyirdim ki, şəhərə gəlim. Bir də baxdım Əznəbürd-Yerevan (Əznəbürd Naxçıvanda əsasən ermənilər yaşayan bir kənd idi) avtobusu gəlir. Qarşısındakı yazı da ermənicə. Şirazlıların başına gətirilən oyun yadıma düşdü. Avtobusu saxlatdım. Qadına-uşağa güldən ağır bir söz demədim. 4-5 nəfər cavan, boynuyoğun oğlan vardı. Düşürtdüm yerə. Dedim: “Niyə sizinkilərin ipini çəkmirsiniz? Niyə imkan verirsiniz Şirazlıda arvad-uşağın bağrını yarıb Türkiyə sərhədinə—Araz qırağına töküblər?” Cavab vermək əvəzinə tir-tir əsib yalvarmağa başladılar. Bu da məni bərk hirsləndirdi. Köpək uşağı təkbətək, bəlkə, məni yeyərdilər. İndi dördü-beşi bir yerdə dovşan kimi əsirdi. Mən də hirslənib hərəsinə bir-iki yumruq vurdum. Dedim, bəlkə, cəsarətə gəlib məni bir yaxşıca əzişdirələr. Onu eləməyəndə hirslənib hərəsinə bir-iki təpik-qapaz vurub mindirdim avtobusa—dedi.
Hirsimdən bilmirdim onunla neyləyim? Onu necə cəzalandırım?! Acıqla xəbər aldım:
—Sən Rusiya KQB-sinin əməkdaşısan, yoxsa onların tapşırığını yerinə yetirirsən? Rusiya zəifləyəndə, xalqlar öz azadlıqları uğrunda mübarizəyə qalxanda Rusiya ermənilərlə müsəlmanları toqquşdurur. İstəyir, bu xalqlar öz azadlıqları uğrunda deyil, bir-birilə savaşda qan axıtsınlar. O ki qaldı sənin qorxaq saydığın boynuyoğun dığalara. Sabah Ermənistana get, gör nə şirə, pələngə dönəcəklər. Ağrı-acılarını birə-beş oradakı müsəlmanların yazıq-yuzuğundan çıxacaqlar.
Uzun sürən mübahisəmizin sonu, çox vaxt olduğu kimi, mənə yemək aldırmaqla bitdi. Yeməkxanada mənim tə’kidlə, pulum olmadığını söyləməyimə baxmayaraq, yarım litr araq da gətirtdirdi. “Yaxşı ki, içmirsən.— Yoxsa payıma şərik olardın”—deyib, xörəyini yeyə-yeyə arağı içdi. Əski tanışı olan aşpazı da yüz qram arağa qonaq elədi.
Yeməkxanadan çıxanda: —Bir az yüngülləşdim, gedim işimlə məşğul olum.—deyib ayrıldı.
Gizli dərnəklər yavaş-yavaş birləşib Azərbaycan Xalq Cəbhəsini yaradanda Mehman bütün gücüylə çalışır, ən ağır işləri görürdü. Ən çətin yerlərə gedirdi. Adətən də, tapşırığa əməl etməmiş geri dönmürdü.
Canıdildən girişdiyi işdən birdən ayrıldı. Eşitdim “Azadlıq partiyası” yaradır. Gündə bir yerdə olduğundan onu tapmağım bir həftədən çox çəkdi.
Görüşümüz mübahisə ilə başladı. O qədər hirslənmişdim ki, mənə verdiyi proqramı oxumadan cırdım. Öz sözümlə özümü tutmaq istədi: “Özün demirdinmi çoxpartiyayalılıq vacibdir, partiyalar yaratmaq lazım gələcək?”—dedi.
—Demişdim, yenə də deyirəm. Sözümdən də qaçmıran. Amma bu gün sənin yaratmaq istədiyin “Azadlıq partiyası” Xalq hərəkatında bölücülük kimi qarşılanır. Qoy Xalq Cəbhəsi bir az möhkəmlənsin, özünə mövqe qazansın, sonra partiya yaradaq. Bu gün qüvvələri parçalamaq yox, birləşdirmək lazımdı,—deyə onunla mübahisəyə girişdim.
Mübahisədən öyrəndim ki, Xalq Cəbhəsinə qoşulan bəzi şəxslərdən xoşu gəlmir. Onların bu təşkilatda olmasını arzuedilməz sayır. Buna görə, Xalq Cəbhəsindən ayrılıb yeni partiya yaratmaq istəyir.
1989-cu ilin payızı idi. Mehman hissiyatla söyləsə də, dediklərinin çoxu doğru idi. Ancaq onun dediklərinə əməl etsəydik, təşkilatın ətrafında 3-5 nəfər qalardı. Kütləvilikdən məhrum olan bir təşkilat isə 70 illik totalitar sistem, möhkəm intizamlı Kommunist Partiyası qarşısında tab gətirə bilməzdi.
Xalq Cəbhəsi fəalları ilə ayrı-ayrılıqda söhbətdən sonra yenidən sıralarımıza qayıtdı. Sərhəd simlərinin sökülməsində də, Naxçıvana erməni basqınlarının qarşısının alınmasında da Mehman həmişə öndə gedirdi. Vəziyyətdən gözlənilməz çıxış yolları təklif etməklə, qeyri-adi mübarizə formaları seçməklə bə’zən öz məsləkdaşlarını, mübarizə yoldaşlarını da çaşdırırdı.
1990-cı ilin əvvllərində erməni yaraqlı dəstələrinin qarşısının alınmasında 19-cu yüzildən qalma odlu silahlardan, hətta doludağıdan toplardan istifadə edilirdi. Sovet Ordusunun əsgər və zabitləri Sədərəkdəki doludağıdan topu zorla alıb aparmaq istəyəndə onlara silahlı müqavimətin mümkünsüzlüyünü görən gənclər, qışın şaxtasında qurşağadək soyunaraq topun qarşısına uzanıb: “Bizim meyidimizin üstündən keçib topu apara bilərsiniz!”—demişdilər. Sovet Ordusu vəziyyətdən çıxış yolu tapmayıb əmri yerinə yetirmədən geri qayıtmışdı. Həmin dəstənin önündə Mehman Məmmədov da olmuşdu.
1990-cı ilin yanvar qırğınından sonra xalqda bir ölgünlük vardı. Hər yerdə hərbi vəziyyət rejimi tətbiq edilmişdi. Naxçıvana erməni quldurlarının basqını ara versə də, bunun nə vaxtadək davam edəcəyini bilmək olmurdu. Mitinqlərə, tə’tillərə son qoyulmuşdu.
Belə bir vaxt Mehman Xalq Cəbhəsinin Naxçıvan qərargahına gəldi. Böyük hay-küy qopardı. Hamını qorxaqıqda, fəaliyyətsizlikdə ittiham etdi. Sonra da bir taxta parçası tapıb yaxasından asdı. Üstünə də aclıq e’lan etdiyini yazdı. Beləcə gedib Naxçıvan MSSR Ali Soveti Rəyasət hey’ətinin qarşısında əyləşdi. Başqaları da ona qoşuldu. Bir neçə gündən sonra aclıq e’lan edənlərin sayı 50-yə yaxınlaşdı. Bu xəbər Azərbaycanın hər tərəfinə yayıldı. Naxçıvanda aclığa başlayanların bir qrupunu da Moskvaya, aksiyanı Kreml binası qarşısında davam etdirməyə göndərdik.
Mehmanın, necə deyərlər, zora salıb başladığı bu iş, sanki, Azərbaycanı titrətdi. Xalq hərəkatı yenidən gücləndi. Mitinqlər, tə’tillər dalğası ölkəni bürüdü.
Mehmanın yurdsevərliyindən, döyüşkənliyindən çox danışmaq olar. Onu tanıyanlar ölüb getdikcə bunlar unudulur. Ancaq şair Mehman Qaraağacın ləyaqət sevgisi, yurd sevgisi, cəsurluğu yaşayır. “Sevdamızın son nağılı” şe’rində yazırdı:
Bic-bic,
Mələk-mələk girirlər evimizə
Yuxuluyuq.
Gözləri gülə-gülə
Özlərininki kimi yığırlar,
çəkib aparırlar varımızı.
Oyanmamışıq.
1992-ci ildə “Yazıçı” nəşriyyatı Bakıda Mehman Qaraağacın “Sevdamızın son nağılı” adlı əl boyda bir kitabını çap etdi. Kitabçada şe’rlər “Daş altında qurtuluş” və “Bu nə nəğmədi, könül?” başlığı altında toplanmışdı. İlk şe’r isə aşağıdakı çağırışla başlayır.
Gündoğandan sallanıbdır bu bulud,
Bu buluddan qurtarmağa yox umud.
Qalx ayağa, qardaş, mənim atım tut,
Yaraqlanıb yola çıxmaq gərəkdir!
Kitabdakı şerlərin hamısı ictimai-siyasi yönlüdür. Onun öz dilindən mənim dinlədiyim şe’rlərin də hamısı beləydi. Millətin qeyrət damarını yandırmağa xidmət edirdi.
Bəzən mənə elə gəlir Mehman nə yeniyetmə olub, nə cavan. Nə qız sevib, nə də sevgi şerləri yazıb. Elə kamillik yaşında dünyaya gəlib, o yaşda da dünyasını dəyişib. Ona görə ki, onun şerlərində duyğudan çox ağıl, məntiq var. Bu ağıl və məntiq xalqını nəyə və hara səsləyib? Yunus İmrə ruhunda yazdığı şerlərindən birində deyir.
Ocağımın daşı yana,
Gözlərimin yaşı dona,
Düşmənlə savaşı qanam,
Mərdə qızınam-qızınam.
Ur ilə Turun arası,
Qaynayıb bitişə yarası,
Dilimin milyard balası
Gör yazı nə?—yazı nə?
Xızır gələ gendə dura,
Başımın kəməndin qıra,
Urdan Tura od yandıra
Keçəm qızına-qızına.
Sovet ədəbiyyətının tərənnüm, mədhiyyə poeziyası ilə tərbiyə almış şair, görəsən, ondan niyə imtina etmişdi? Niyə dünya ədəbiyyatının öndəri deyə təbliğ edilən Sovet Ədəbiyyatı nəhənglərinin üstündən keçərək, əsərləri çap olunmayan, haqqında geniş araşdırmalar aparılmayan Yunus İmrəyə üz tutmuşdu? “Əynimdəki düyməsiz gürkdü, duymələnən nədi belə”—deyən şair nədən Ura, Tura üz tutur?! Bəlkə, elə qan yaddaşı deyilən budur?!
1992-ci ildə Xalq Cəbhəsindən uzaqlaşıb Xalq Azadlıq Partiyasına uzv keçsə də, Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində əmək və sosial məsələlər şö’bəsinin müdiri işləsə də, bizimlə əlaqəsini kəsməmişdi. Yenə əvvəlki səmimiyyəti ilə gəlir, görüşür, yeyir-içir, gedirdi.
Şerlər kitabı çıxanda necə sevinc içərisindəydi! Kitaba “Başımın bəlası, çiyindaşım, ağlına həmişə hörmət etdiyim Əli bəy, Türkün gələcəyi sizlərin ağıl və inamındadır. 17.04.92”—yazıb imza atıb mənə bağışlayandan sonra gülə-gülə: “İnsafın olsun, ilk kitabımdı: heç nə yazma. Sonrakı kitablarım haqqda nə yazsan, qəbulumdu”—dedi.
Mən də zarafatla:—Əlinə qələm alanda fikirləşməsən də, heç olmasa, çapa verəndə bir ölçüb-biçəydin. İndi də belə fağır görkəm almayaydın,—dedim. Hər dəfə bu əl boyda kitabını əlimə alanda Mehmanın ən kiçik hərəkətləri belə gözlərim qarşısında canlanır. Şerləri də özü kimi qəribəliklərlə doludur. Söyüd ağacına da, daşa da, çaya da insan kimi yanaşır. Bu onun Vətənə sevgisinin iddiasızlığından doğurdu. Şerlərinin birində bu sevgini belə təsvir edir:
Birbalaca qartalın dağları
sevdiyi tək,
bir balaca yarpağın ağacı
sevdiyi tək
bir balaca ürəyin dünyanı
sevdiyi tək
müqəddəs ağrı uğrunda ölməzliyinə
bir daha vuruldum, Vətənim...
Xalq hərəkatı fəallarından bəzilərinin vəzifəyə gedəndən sonra dəyişməsi Mehmana yaman yer eləmişdi. Dözə bilmirdi. Dəyişikliklərin ləng getməsi Mehman kimilərini narahat etməyə bilməzdi. Eyni zamanda islahatların aparılmasına, bir tərəfdən, kommunist nomenklatura əngəl törədirdisə, o biri tərəfdən də, demokrat, xalq cəbhəsi fəalı adı ilə vəzifə tutmuş köhnə düşüncəlilər əngəl törədirdilər.
Bütün bunlara dözə bilməyən Mehman dünənki məsləkdaşları ilə qarşıdurma yaratmamaq naminə işdən çıxıb Bakıya köçdü. Fəal ictimai-siyasi fəaliyyətə başladı. Xalq Azadlıq Partiyasının Təşkilat şö’bəsinin müdiri kimi rayonları gəzir, vəziyyəti öyrənir, ilk partiya təşkilatlarını yaradırdı.
Şair 35 yaşında bir caninin gülləsinə tuş gəldi. Bu dünyada övladları Qorqud, Turqut, Günel və Ayseli, çap olunmamış şe’rlərini, həyata keçirə bilmədiyi arzularını qoyub getdi. Özünün düdiyi kimi, “Divardan aslımış bir saz günündə” qaldı. Onun tellərinə toxunsaq, köksümüzə bassaq dilləəcək, əl vurmasaq, toxunmasaq susacaq. Mehmanın dostlarında, ailə arxivində qalmış şerlərini və başqa yazılarını bir yerə toplaya biləcəyikmi? Yeni şerlər kitabını çap edə biləcəyikmi? Bu suallara cavab verə bilmirəm. Amma məndə qalmış, nə səbəbdənsə kitaba daxil etmədiyi şerlərindən birini aşağıda verirəm. Bəlkə nə vaxtsa, kiməsə gərək oldu:
Pambıq adlı bir ağacdan yıxıldım,
Mərmin adlı bir dayazda boğuldum,
Bir dənizdim daşa-daşa qurudum.
Durmaq üçün tariximin üzünə,
Dəli rüzgar tökdü məni diginə
Çltik olub hey əfsəndim düyümə...
Bu ağacın dibindəki qurudayam,
Yüz yol sovur, qiyamətdə uluyam,
Vallah, yenə dünənimin quluyam...
Inanmadın?!
Bu dənizin üzü ağ,
Dibi qara, üzü yağlı, üzü ağ:
Yüz il yüklə, yüz il daşı,
Yüz il sağ
Vallah yenə doluyam ki, doluyam...
Ağ balığın belindəki
13.02.1998
********
Sözardı: 525-ciqəzetin 2000-ci il 19 yanvar sayında №-12(607) səhifə 6-da aşağıdakı xəbər dərc olundu: “İSGƏNDƏR HƏMİDOVUN CANGÜDƏNİ ÖMÜRLÜK HƏBS CƏZASI ALDI. O, iki qətl hadisəsində (Mehmna Məmmədovun və Fikrət Məmmədovun – Ə.Ş.) günahladırlırdı. Bakı şəhər məhkəməsində mühakimə olunan isaq orucova dünən hökm oxunub. Müttəhim 1993-cü ildə baş verən iki qətl hadisəsinə görə günahlandırlırdı. Istintaqın nəticəsinə görə, Orucov bu qətllərdən başqa, qulluq mövqeyindən sui-istifadə edərək iki nəfərə qarşı da fiziki zorakılıq göstərib.
Verilən ittihamlar üzrə hakim Səfər Mədətov İsaq Orucovun ömürlük həbs cəzasına məhkum olunduğunu elan edib. Məhkəmənin nəticəsinə görə, müttəhim psixi cəhətdən normal və anlaqlıdır. Qeyd edək ki, bundan əvvəlki iki ekspert rəyində Orucovun həmin cinayətləri hərəkətlərinə hesabat verə bilmədiyi vəziyyətdə törətdiyi göstərilmişdi. Sonuncu komissiya rəyinə görə isə, müttəhim cinayətləri anlaqlı və şüurlu halda törədib.”
Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 141-151
|