Nazir Əhmədlini kim necə dəyərləndirir?

Nazir Əhmədlini kim necə dəyərləndirir?

Əli Şamil

 

 NAZİR ƏHMƏDLİNİ KIM NECƏ DƏYƏRLƏNDIRIR?


Üç aya yaxındır sosial şəbəkədə, mətbuatda Nazir Əhmədli haqqında tənqid (tənqiddən çox təhqir və hədə) dolu fikirlər səslənir, həcvlər yazılır. Səbəbi də onun hazırladığı sənədlər topluları və bu toplular əsasında yazdığı kitabdır. Bu yazıların müəlliflərinin əksəriyyəti də ali təhsilli, cəmiyyətdə tanınıb, seçilənlərdir.

Nazir Əhmədlinin əməyini yüksək qiymətləndirənlər də az deyil. Onlar əsasən arxivlərdə işləyən, elmi tədqiqatla məşğul olan alimlərdi. Onlar müəllifi alqışlasalar da sosial şəbəkədə, saytlarda onun əleyhinə yazılanlara əhəmiyyət belə vermirlər. Yaxşı bilirlər ki, yenilik toplum tərəfindən həmişə xoş qarşılanmır. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr edəndə Hadiyi Müzillin ona həcv yazırdı. Kimisi ölümlə təhdidi edirdi, öz yerlilər, hətta qohuları belə onu təhqir etməkdən ləzzət alırdı. Hətta dövrün ən tanınmış ziyalısı belə Həsən bəy Zərdabinin qəzet çıxarmasını dəstəkləmir, onu ruhdan salmağa çalışırdı.

Həsən bəy Zərdabiyə qarşı duranları bu gün xatırlayanlar demək olar ki, tək-tükdür. Onların övladları belə babalarının əməllərini biləndə xəcalət çəkirlər. Nazir Əhmədli isə Həsən bəy Zərdabi kimi böyük işlər görsəydi yəqin ona qarşı daha böyük təzyin şahidi olardıq. Onun gördüyü iş kiçik olsa da yenidir. Həmişə olduğu kimi indi də yeniliyə qarşı duranların sayı heç də az deyil. Təəssüf ki, yeniliyi alqışlayanlar, ondan yararlananların sayı həmişəki kimi indi də azdır.

Nazir Əhmədlini tanıdığıma görə bəzi ziyalılar mənə müraciət edirlər.  Rusiya hökumət məmurlarının tərtib etdiyi Kameral siyahılarda onların nəsilləri haqqında olan bilgilərlə tanış olmaq istəyirlər. Nazir Əhmədlinin işinin çox olduğunu, yeni kitablar hazırladığını bilsəm də elə insanlar var ki, onların xahişini yerə sala bilmirəm. Onlardan biri də hazırda İsveçin Yöteburq şəhərində yaşayan dostum, filologiya üzrə fəlsədə doktoru Arif Rəhimoğludur.

Arif Rəhimoğlunun xahişini Nazir Əhmədliyə çatdırdım. Sağ olsun, o da sözümü yerə salmadı. Şərur rayonunun Arbatan kəndi ilə bağlı 1831-ci Kameral siyahıları hazırlayıb mənə göndərdi. Kiçik izahlar da yazdı. Nazir Əhmədli yazır: “Kameral siyahılar 1831-ci ildən sonra daha 5 dəfə-1842, 1852, 1859, 1873 və 1886-cı illərdə tərtib olunmuşdur.

Haqqında söhbət gedən digər 5 kameral siyahı bundan fərqli olaraq Azərbaycanın Mərkəzi Dövlət Tarix Arxivindədir. Onların surətini Naxçıvan Dövlət Tarix Arxivinə də göndəriblər. Yəni Şərur və ya Naxçıvanın istənilən kəndi üçün material var”.

Mən də həmin sənədləri İsveçə- Arif Rəhimoğluna göndərdim. Aradan bir neçə saat çəkməmiş Arif Rəhimoğludan bir məktubu aldım.     Bu məktubun sosial şəbəkədə, mətbuatda yayılmasını ona görə istədim ki, bəlkə üç aydan artıqdır Nazir Əhmədlini təhqir edənlər, hədələyənlər, onun işləməsinə, yeni kitablar hazırlamasına əngəl törədənlər əməllərindən əl çəkələr. Əminəm ki, indi Nazir Əhmədliyə qarşı duranların hamısı onun tərtib etdiyi sənədlər moplularından yararlanacaqlar.

Hörmətlə, Əli Şamil

09.09.2017.

 

      “Salam, Əli müəllim! Necəsiniz?

Əli müəllim! Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Çox sağ olun ki, sayənizdə Nazir bəy Əhmədlini tanıdım və onun Arbatanla bağlı yazısı mənə öz uruğumu (nəslimi) öyrənməkdə bu qədər yaxından yardım etdi. Hər ikinizə çox borcluyam. Təkcə mən yox, Arbatanda və qohumlarımızın yaşadığı Çərçiboğan, Çomartıl, Dərvişlər vb. kəndlərdəki nə qədər insan öz keçmişi ilə bağlı indiyədək bilmədikləri çox dəyərli bilgiləri əldə etdikləri üçün sizlərə minnətdardır.

Arbatan əhalisinin siyahısındakı 17-ci sırada verilmiş Cəfər Məmmədhüseyn bəy oğlu bizim ulu babamızdır. Mənim bibimdə öz babasından qalma bir bayaz var. Bibim dedi ki, öz atasından eşitdiyinə görə, babası Məmmədhüseyn bir inək verib bu bayazı (yəni Qurandan bir bölümü) qızıl suyu ilə yazdırtdırıb. O bayazın qıraqlarında bir neçə uşağın (Cəfər bəy, Kərim bəy…) əbcəd hesabı ilə doğulma tarixləri yazılmışdı. Mən o əbcəd hesablarını verdim dostlara oxuyub dəqiqləşdirsinlər və mənə deyilən ən əski tarix 1833-cü il oldu. Ancaq indi Nazir bəyin səbəbinə o tarix dəqiqləşdi: əgər Məmmədhüseyn bəyin oğlu Cəfər bəy 1831-ci ildə 5 yaşında imişsə, deməli, 1826-cı ildə doğulubmuş.

Digər yandan, bibim deyirdi ki, bayazı babası Məmmədhüseyn bəy (mənim babam Hüseynin atası) yazdırıbmış. Ancaq indi Nazir bəyin səbəbinə öyrənirəm ki, yox, o bayazı yazdıran bibimin/atamın babası Məmmədhüseyn deyilmiş, onun atası Kərim bəyin babası Məmmədhüseyn bəy imiş. Bunu – Cəfər bəyin atasının da Məmmədhüseyn bəy olduğunu nəslimizdə kimsə xatırlamırdı və biz öz nəslimizi Cəfər bəydən bu yana bilirdik. İndi Nazir bəyin sayəsində öyrəndik ki, Cəfər bəy Məmmədhüseyn bəyin oğlu imiş və şübhəsiz ki, bayazı yazdıran da məhz o olmuş, öz uşaqlarının doğum tarixlərini öz sağlığında bayaza qeyd etmişdir.

Eyni zamanda, Nazir bəyin sayəsində öyrəndik ki, Əliməmməd bəyin 7 oğlu varmış və təbii ki, Arbatandakı bəylər də məhz onun oğulları + nəvələri olmuşdur. O hesabla, Məmmədhüseyn bəy də Əliməmməd bəyin oğlu imiş. Deməli, daha bir ulu babamızın – Əliməmməd bəyin adını öyrənmiş olduq və bununla da bizim 7 arxanı bilmə sorunumuz çözüldü. Bunun üçün Nazir bəyə və onu tanımağımıza səbəb olmuş Əli bəy Şamilə borcluyuq.

Sonucda, bizim nəsil şəcərəmizi belə bərpa edə bilərik:

…? → Əliməmməd bəy → Məmmədhüseyn bəy → Cəfər bəy → Kərim bəy → Məmmədhüseyn bəy → Hüseyn → Rəhim (mənim atam. 1909-cu ildə doğulmuşdu. Əmilərim: Məhəmməd, Ələsgər, Məmmədhüseyn).

Başqa bir sıra yeniliklər də öyrəndim Nazir bəydən:

– Bizim nəsil bəyliyi Ruslardan almamışdır! Bəyliyin haçan və kimdən alınmasını dəqiqləşdirməyin özü də bir mövzudur və öz tədqiqatçısını gözləyir.

– Kəndimizin xalis bir Türk (Rus qaynağında: Tatar) kəndi olması!

– 1831-ci ildə Arbatanın əkinə yararlı torpaqları, biçənəkləri, əkinçiliyi, bağçılığı, heyvandarlığı haqqında dəqiq bilgi!

– Arbatanın bütün mülkünün bizim uruğa – Əliməmməd bəyin oğullarına məxsus olması! Bu yöndə bəzi söyləntilər eşitmişdim, ancaq indi rəsmi sənəd əldə etdim.

– Arbatanda tək bizim nəslə yox, qalan əhaliyə də aid bilgilərin varlığı! Unutmayaq ki, sonralar nigah qohumluğu səbəbinə kənddə bir qaynayıb-qarışma olmuşdur!

– Əliməmməd bəyin 7 oğlunun olması! Mətində yalnız “1. Kəndxuda Vəli bəy Əliməmməd bəy oğlu – 80 yaşında” göstərilir və Əliməmməd bəyin qalan 6 oğlundan birbaşa söz açılmır. Ancaq Arbatanda yalnız bizim nəsil bəy nəsli olmuşdur və başqa bir bəy nəsli yoxdur. Birbaşa göstərilməsə də, siyahıdakı bəylərin ataları elə Əliməmməd bəyin oğlanlarını da müəyyənləşdirməyə yardım edir:

1) Kəndxuda Vəli bəy (övladı göstərilmir, ya da yox imiş);

2) Həsən bəy (Şəfi Sultanın və Sadıq bəyin atası);

3) Şıxəli bəy (Qasım bəy və Ələkbərin atası);

4) İmamxan bəy (Rəhim bəyin atası)

5) Haşım bəy (İsmayıl bəyin atası);

6) Məmmədhüseyn bəy (Cəfər bəyin atası);

7) Çox güman ki, Məmmədrza Sultan daƏliməmməd bəyin oğludur (Arbatan əhalisi içərisində onun adı və ailə üzvləri göstərilmir. Ancaq o, tiyula, yəni bəlli bir sürə vergiləri toplama yetgisinə sahib bir sultan idi və Nazir bəyin də göstərdiyi kimi, sultan titulu ən azı 100 nəfərlik bir silahlı dəstənin rəisinə verilirdi. Özü də, bu titul Ruslardan öncəyə aiddir, bildiyim qədəri ilə, ilk dəfə Qaraqoyunlular çağında ortaya çıxmışdır. Qaynağa görə, Əliməmməd bəyin iki oğlu xaricə qaçıb. Deməli, onların biri elə Məmmədrza Sultan imiş ki, onun ailəsindən Arbatanda kimsə qalmayıbmış. Ancaq xaricə qaçan o biri sultan – Həsən bəyin oğlu Şəfi Sultan siyahıda vardır).

Təbii ki, 7-ci yazsam da, Məmmədrza Sultan Məmmədhüseyn bəydən böyükdür və Məmmədhüseyn bəy Əliməmməd bəyin kiçik oğludur. Çox güman ki, bizim o biri kəndlərdə olan və eyni uruğdan gəlsək də, qohumluq dərəcəsini dəqiq bilmədiyimiz qohumlarımız Məmmədhüseyn bəyin qardaşlarının nəvə-nəticələridir. Bu yazını onlar da oxusa, umud edirəm ki, hər biri öz babalarını tanıyacaqdır.

– Rəhim, Məhəmməd, Ələsgər və Məmmədhüseynin övladları olan bizlər (+ övladlarımız və nəvələrimiz) Əliməmməd bəydən üzü bəri yaxlaşıq 300 il boyunca ata-babalarımızı tanıdıq! Bu isə o deməkdir ki, mənim nəvələrim artıq öz 10-cu arxasını belə öyrənmiş oldu. Çünki 1831-ci ildə kəndxuda Vəli bəyin 80 yaşı varmışsa, deməli, o, (1831 – 80 =) 1751-ci ildə anadan olmuşdur. Bu hesabla, atası Əliməmməd bəy 20 – 30 yaşlarında evlənibsə, onda onun 1720 – 1730-cu illərdə doğulduğunu qəbul edə bilərik.

Daha başqa məsələlərdən də yaza bilərəm. Ancaq buradək yazdıqlarım da göstərir ki, Nazir bəy nə qədər dəyərli bilgilərlə bizi tanış etdi. Əlləri ağrımasın, qələmi kəsərdən düşməsin, Ulu Tanrı bütün işlərində ona yardımçı olsun! Əli müəllim, siz də çox sağ olun ki, bizim bu qədər dərindən sevinməmizə səbəb oldunuz. Tanrı sizdən razı olsun!

Əli müəllim! İmkan olsa, Nazir bəyin E-mail adresini, ya da WhatsApp nömrəsini və ya Skayp adresini mənə verin ki, onunla əlaqə saxlaya bilim. Hər ikinizə bir daha minnətdarlığımı bildirirəm.

 

Sayğılarımla Arif Rəhimoğlu.

Yöteburq. 2017.09.07

 

SA (Söz ardı): Bir qeydimi bildirim: Arbatanda bağçılıqla bağlı verilmiş pşata sözünün ruscada həm də lox sinonimi işlənir və onun hər ikisi bizim dildə iydə anlamındadır. Arbatanda iydə bağının son qalıntıları hələ də durur”. 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol