Milli şüur oyadan insan: –
QƏZƏNFƏR PAŞAYEV
Qəzənfər Paşayev mənə bir saat da olsun dərs deməyib. Onunla görüşümüz, söhbətlərimiz də o qədər çox olmayıb. Cəmi iki-üç dəfə qısa söhbətimiz olub. O da, neçə illik fasilələrlə. Amma dünyagörüşümün formalaşmasında Qəzənfər müəllimin rolu böyük olub. Yalnız mənimmi? Yoxsa yaşıdlarımın, məndən yaşda kiçik olanlarındamı? Bu suala hər bir insan özü cavab verə bilər.
Mənim dünyagörüşümün formalaşmasında Qəzənfər müəllimin rolunu təsdiqləyən bir sənədin qaralaması arxivimdə qalıb. Qəzənfər Paşayevin 60 illiyi ilə bağlı məruzə hazırlayanda bu sənəd əlimə keçdi. Düz 29 il öncə yazılıb. Demək, onda Qəzənfər müəllimin 31 yaşı varmış.
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olunmuşdum. Dərslərə başladığımızdan iki ay keçmişdi. Nə müəllimlər tələbələri, nə də tələbələr müəllimləri yaxşı tanıyırdı. Cəmi 3-4 seminar - məşğələmiz olmuşdu. “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənnindən dərs deyən müəllimimiz Vaqif Vəliyev “Bayatılar” mövzusunda mühazirə oxuyanda əlindəki balaca kitabcanı göstərərək:-“Kim bu kitabı oxuyub?”- deyə xəbər aldı. Onun əlindəki Rəsul Rzanın və Qəzənfər Paşayevin tərtib etdikləri, ön və son söz yazdıqları “Kərkük bayatıları” kitabı idi. Kitab tezliklə böyük marağa səbəb olmuşdu. Çünki Azərbaycanda ilk dəfə İraqda yaşayan türklər haqqında belə geniş, bir az da hisslərə təsir edən bilgilər verilir, onlardan toplanmış folklor nümunələri çap edilirdi.
Qrupumuzda 28 tələbə vardı. Vaqif müəllimin sualından sonra əl qaldıranlar çox oldu. O, bundan məmnun qalaraq:- Gələn seminar - məşğələyədək kim bu kitab haqqında məruzə hazırlayar?-deyə müraciət etdi. Bu dəfə əl qaldıranların sayı xeyli azaldı. Vaqif müəllim əl qaldıranları gözdən keçirib İsrafil Qurbanova və mənə məruzə hazırlamağı tapşırdı. Məruzənin həcminin bir şagird dəftəri həcmində- 24 səhifə (o zaman yoxlama işləri həmin həcmdə yazılırdı) olmasını söylədi.
Dərsdən sonra İsrafillə məsləhətləşib, bir - birimizi təkrarlamamaq üçün iki mövzuda məruzə hazırlamağı qərara aldıq. İsrafil kitabdakı lirik, mən isə ictimai - siyasi məzmunlu xoyrat və maniləri Azərbaycan bayatıları ilə qarşılaşdırmağı planlaşdırdıq.
Məruzəni hazırlayandan sonra xeyli tərəddüd etdim. Yazdıqlarımı müəllimə verim, verməyim? Çünki yaşadığım mühitin sıxıntısı, KQB qorxusu və s. mənim də canıma hopmuşdu. Yazdıqlarımı V.Vəliyevə verəndən sonra narahatlığım daha da artdı. Görəsən, müəllim necə adamdır, yazdıqlarımı necə qarşılayacaq?
Seminar günü gəlib çatdı. Vaqif müəllim birinci məni çağırıb dəftəri özümə qaytardı və: “Oxu!”- dedi. Onun sifətində bir sakitlik, rahatlıq duysam da, narahatlığım çəkilməmişdi. Düşündüm: “Qrup yoldaşlarım görəsən necə qarşılayacaqlar?”
Yazdıqlarımı həyəcanla oxudum. Sonda Vaqif müəllim məruzəmin yaxşı cəhətləri ilə yanaşı nöqsanlarını da qeyd etdi. Öndə və sonda mənim elmi əsasdan uzaqlaşıb, hissə qapılmamı tənqid etdi. Ancaq o, dildə tənqid etsə də, üzündə xoş bir təbəssüm vardı. Bu məni daha da ruhlandırdı. Dərsdən sonra isə qrup yoldaşlarımız arasında dünyada yaşayan Azərbaycanlılar, onların dilləri, ədəbiyyatları, mədəniyyətləri, bir - birindən ayrı salınma səbəbləri haqqında qızğın mübahisə başladı.
Vaqif Vəliyev istədiyinə nail olub getmişdi. Biz isə mübahisə edirdik.
“Parçalanmış xalqın birləşmək dərdi” sərlövhəli məruzəm belə başlayırdı:
«Danışmaq istəyirəm! Danışmaq!!! Dili bir, qanı bir, mədəniyyəti bir, oğulları bir, özləri ayrı olan xalqın bir hissəsi haqqında danışmaq istəyirəm. Kərküklülər haqqında danışmaq istəyirəm. Qəlbimi sıxan, beynimi yoran, mənə daim əzab verən fikirlərimi sizinlə bölmək istəyirəm. İstəyirəm hamımızın oxuduğumuz və tanış olduğumuz bu hadisə haqqında birgə düşünək. Düşünək ki, bu xalqı hansı tufan, hansı qasırğa, hansı fırtına öz xalqından qoparıb Ərəbistanın qumsal səhrasına atmışdır. Düşünək ki, nə üçün bunların dillərini, milli mədəniyyətlərini ərəb şovinistləri tapdalayır. Bunun üçün onlar tarixin ədalət məhkəməsi qarşısında cavab verəcəklərmi?!
Bəli, həmin tarixi gün gələcək. Necə ki, ərəblərin Azərbaycandakı üç əsrlik hakimiyyətinə son qoyuldu. Eləcə də ərəb şovinistlərinin Kərkük azəriləri üzərindəki əsarətinə son qoyulacaq. Bu Kərkük azərilərinin yaratdığı xoryatlarda böyük bir nikbinliklə verilmişdir:
Günü gələr.
Qəm gedər, gün gələr.
Tələsmə, dəli könül,
İntiqam günü gələr
Bu intiqam günü gələrsə xalq əsrlərdən bəri yadların tapdağından, hücumundan döyüşə - döyüşə qoruyub saxladığı dildə yazıb - yaradar, təhsil alar, öz milli mədəniyyətini inkişaf etdirər”.
Sonra kitabdakı üsyankar, vətənpərvərlik ruhlu, ictimai - siyasi məzmunlu xoyrat və manilər təhlil edilir, Azərbaycan bayatıları ilə qarşılaşdırılırdı.
Mənim bu cəhdimdə elmi təhlildən çox təsvir, sadalama var: “... Yad bir ölkədə dil uğrunda, milli mədəniyyət uğrunda mübarizə apara - apara yaşamaq nə qədər çətindir. Kərkük xoyratları da qəriblərin naləsi olduğu üçün çox təsirlidir. Xoyratlar xalqın canı, qanı, arzularıdır. İnsan bəzən nəinki özünü, ailəsini, hətta doğulduğu torpağı da qərib hesab edir.
Eyşim qərib.
Eyşim, yoldaşım qərib.
Bilmirəm haralıyam,
Torpağım, daşım qərib.
Bəli, onların torpağı da qəribdi. Çünki o torpaq babaların çürümüş bədənləridir. Kərkük türkləri həmişə mübarizə aparmış , indi də aprmaqdadırlar. Bütün xalqı mübarizəyə qoşmaq, xalqı oyatmaq üçün bu gün də yeni - yeni xoryatlar qoşurlar.
Oyan Kərkük.
Yaramı oyan Kərkük.
Gün çıxdı, el oyandı,
Sən də bir oyan, Kərkük
Oyanmaq! Ayağa qalxmaq. Ərəb şovinistlərinin zülmündən qurtarmaq üçün birləşmək lazımdır:
Qurut göz yaşın, Kərkük,
Altundur daşın, Kərkük.
Birləş qardaşlarınla,
Yüksələr başın, Kərkük.
Heyhat! Kimlə?! Hansı qardaşla? Bir bədəni iki yerə bölünmüş, sinəsinə sərhəd dirəkləri basdırılmış qardaşlarıylamı? Axı qardaşlarının da onun kimi dili, mədəniyyəti əlindən alınıb. Lakin yatırlar. Bəs nə vaxt qardaşları ilə birləşəcək?! Artıq vaxt deyildirmi?!”
Üslub yanlışlığı, coğrafi, tarixi biliyimin azlığı özünü aydın göstərir. Məruzənin önlərində dövrün ab-havasıyla azəri sözünə aludəliklə “Kərkük azəriləri” yazmışamsa sonunda “Kərkük türkləri” yazmışam. 12 vərəqlik məruzədə bu cür çoxlu səhv tapmaq olar.
Amma bu yazıda bir işıqlı cəhət var. O da vətənpərvərlikdir. Özü də coşğun, üsyankar vətənpərvərlikdir. Bu vətənpərvərlik başqa planetdən, xaricdən verilən “Azadıq”, “Amerikanın səsi” və başqa radiostansiyaların verilişlərindən gəlmirdi. Sərt Sovet senzurası şəraitində Qəzənfər Paşayevin və onun kimi milli təfəkkürlü qələm sahiblərinin, pedaqoqların gah eyhamla, gah dolayısı ilə çap etdirdikləri kitablardan, qəzet və jurnal məqalələrindən, oxuduqları mühazirələrdən, məhdud dairələrdə etdikləri söhbətlərdən, yeniyetmələrə, gənclərə, bəzən də özlərindən yaşlılara xeyirxah münasibətlərindən gəlirdi.
Bəzən xoş bir söz, səmimi bir təbəssüm, kiçik bir hərəkət də yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasına, ömür yoluna təsir edir. Onun özü isə çox vaxt bundan xəbərsiz olur.
“Parçalanmış xalqın birləşmək dərdi” məruzəsini qrup yoldaşlarım qarşısında oxuyandan bir neçə gün sonra Bakıda M.P.Vaqifin anadan olmasının 250 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində İraq türkləri ilə tanış olduq. Nizami adına Ədəbiyyat Muzeyində “M.P.Vaqif-250” mövzusunda sərgi təşkil edilmişdi. Sərginin açılışı 1968-ci il 20 noyabrda saat 12:00 radələrində oldu. Sərginin açılışında bir neçə tələbə yoldaşımla birlikdə mən də iştirak edirdim. Xarici ölkələrdən də xeyli qonaq gəlmişdi. Ayaqüstü yubiley çıxışları (Toplantını prof. Abbas Zamanov açdı, Azərbaycan EA-nın akademiki Ə.Sumbatzadə, İraqdan gəlmiş türkman şairi Şakir Zabit, Lomonosov adına MDU- nun professoru Əziz Şərif, “Folkund Velt” (ADR) nəşriyyatının redaktoru Aetrit Klook, Azərbaycanın xalq şairi M.Rahim, Kuba yazıçısı Hoel Havara, Türkmənistan EA- nın akademiki B.Karrıyev çıxış etdilər) başa çatdıqdan sonra iştirakçıları sərgiyə baxmağa dəvət etdilər. İki bələdçi ayrılmışdı. Biri rusca, o birisi isə ingiliscə bilgi verirdi.
Elə ilk otaqdaca orta yaşlı bir – Şakir Zabit muzeyin direktoru, professor Abbas Zamanova müraciətlə, üsyankarcasına:
- Abbas əfəndi! Nasıl olur? Doğma dilimizdə heç nə eşitməyəcəyikmi?- dedi. Abbas müəllim bir an duruxub sağına - soluna nəzər saldıqdan sonra:
- Şakir bəy, tələsməyin sizin üçün bu dəqiqə adam ayıracam - deyib harasa tələsdi. (Universiteti bitirib işləyəndə gördüm ki, belə yüksək səviyyəli tədbirlər öncədən planlaşdırılır. Hətta bələdçinin kimliyi, söyləyəcəyi mətn və s. Mərkəzi Komitə ilə razılaşdırılır.) Şakir bəy ətrafa göz gəzdirib, bizi yanına çağırdı. Universitetdə oxuduğumuzu biləndə sifətinə xoş bir təbəssüm qondu. Qısa söhbət etdi. İraqdan gəldiyini, Şakir Zabit Sabir olduğunu söylədi. Biz də onu tanıdığımızı deyəndə marağı daha da artdı. Adını, soyadını Rəsul Rza və Qəzənfər Paşayevin çap etdirdiyi “Kərkük bayatıları” kitabından oxuduğumuzu deyəndə sakitcə “hə, Qəzənfərin işləridir” dedi. Sonra da bizdən eksponatların altında yazıları oxumağı xahiş etdi. Qrup yoldaşım İsrafil Qurbanov, filologiya fakültəsində oxuyan Osman Osmanov və mən Şakir Zabit Sabir üçün “bələdçilik” edəndə Türkiyədən gəlmiş yazıçı Kamal Tahir, teatr və musiqi tənqidçisi Həyati Əsilyazıçı, şair Nicati Zəkəriyyə (Nicat bəyin Yuqoslaviya türklərindən olduğunu sonra bildik – Ə.Ş.) və iki gənc də bizə qoşuldu.
Dəstəmiz xeyli böyümüşdü. Onların arasındakı iki cavan oğlan bizi him-cimlə kənara çağırırdı. Onların bizi qonaqlardan uzaqlaşdırmaq istədiklərini duyduğumuzdan Şakir Zabit Sabirə daha yaxın durur, özümüzü görməməzliyə vururduq.
Ekskursiya başa çatanda Şakir Zabit Sabir filarmoniyada keçiriləcək təntənəli yığıncağa da gəlməyimizi təklif etdi. Biz də’vətnaməmiz olmadığını söyləyəndə: “Siz gəlin, mən qapıda gözləyib Sizi içəri keçirəcəyəm” dedi. Onun bu səmimiyyəti bizi daha da həvəsləndirdi.
Muzeydən çıxanda qonaqlar maşınlara əyləşib getdilər. İçəridə bizə him-cim edən cavan oğlanlar bir anda bizi yaxaladılar. Özlərini KQB-nin əməkdaşı kimi təqdim edərək sənəd tələb etdilər və sorğu-suala tutdular. Mənim tələbə biletim yanımda idi. Onu da aldılar. Qorxa-qorxa orada nə danışmışdıq hamısını az qala sözbəsöz onlara bildirdik. Onlar da harasa tələsirdilər. Ayaqüstü söhbətdə bizə təpindilər. Yataqxanadan və Universitetdən başqa heç yerə getməməyi, filarmoniyaya gəlməməyi tapşırdılar.
Biz kor-peşiman Yasamala – yataqxanaya gəldik. Kiçik məşvərətdən sonra filarmoniyada keçiriləcək yubileyə getməyi qərara aldıq. Bir-birimizə ürək-dirək verməyimiz qorxunu canımızdan çox tez çıxartdı. Mən “Kərkük bayatıları” kitabını özümlə götürdüm. İsrafil nə qədər axtardısa kitabını tapa bilmədi.
Biz filarmoniyanın qarşısına gələndə qonaqların hamısı içəri keçmişdi. Yalnız Şakir Zabit Sabir qapıda durub boylanırdı. “Dostlarımız” bizi ondan tez görüb yaxaladılar. Bu zaman Şakir Zabit Sabir və onun yanındakı yaraşıqlı geyimli bir gənc də bizim yanımıza gəldi. O, sakit, gülərüz, lakin sərt tonla rusca bizi yaxalayanlara acıqlandı. Şakir bəy onların söhbətindən deyəsən heç nə başa düşmədi. Güclü himayəçi tapdığımıza sevindik. Onlar nəinki bizdən əl çəkdilər, sakitcə tələbə biletimi də qaytardılar. Həmin adam bizi dəvətnaməsiz içəri keçirdi. Yığıncağın başlanmasına hələ vardır. Şakir Zabit haqqımızda ona bilgi verdiyindən, ya da həyəcanlı olduğumuzu gördüyündən bizi sorğu-suala tutmadı. Şakir Zabit onu bizə təqdim edərək: “Dostum, İraq Türkmanlarının ən iyi araşdırıcısı və təbliğatçısı, əlinizdəki kitabı hazırlayan Qəzənfər Paşayevdir” – deyəndə biz ona heyrətlə baxdıq. Tez tələsik kitabı haqqında məruzə hazırlayıb qrupda oxuduğumuzu söyləyəndə müəllimimiz Vaqif Vəliyevə də, bizə də təşəkkürünü bildirdi.
Mən əlimdəki “Kərkük bayatıları”nı Qəzənfər müəllimə avtoqraf yazmağa verəndə: “Mən həmişə buradayam. Yazaram. Qoy indi avtoqrafı əziz qonağımız yazsın!” – deyib kitabı Şakir Zabitə təqdim etdi. O da etiraz etməyib, kitabın titul səhifəsində ərəb əlifbası ilə yazdı:
“Kərkük bayatıları vasitəsilə Əraq türklərini tanıtmış və coşğunluq burakmuşdur. Azərbaycanlılar və Bakı xəlqi hər yerdə ətrafıca sarılıb kürsülərdir. Gənc bay Əli də xatirə olaraq bir-iki söz istər. Gözlərinizi öpürəm.
Bakı xəlqinə candan salamlar.
Zabit.
21.11.68
Bunları niyə belə təfsilatı ilə yazdım? Qəzənfər müəllimin elmi əsərləri, məqalələri haqqında bu gün də, üç-beş il sonra da, lap 20 -30 il sonra da yüksək səviyyəli məqalələr yazmaq mümkündür. Onun pedaqoji fəaliyyəti də göz qabağındadır. Bəs milli azadlıq mübarizəsində, müstəqilliyimizin əldə edilməsində Qəzənfər Paşayevin rolu nədir? Onun bu sahədəki başqa xidmətlərini bilmirəm. Amma onu bilirəm ki, yüzlərlə milli azadlıq, müstəqillik uğrunda mübarizənin mənim kimi sıravi üzvlərinin formalaşmasında Qəzənfər Paşayevin rolu var.
Sov.İKP MK-nın 1985-ci ildən başlayan – M.S.Qorbaçovun adı ilə bağlanmış “yenidənqurma” siyasətinin Azərbaycanda milli şüuru oyatdığını söyləyənlərə ən tutarlı cavab da 1968-ci ildə orta məktəbi bitirib, ali məktəbə qəbul olmuş bir gəncin yazdığı kiçik məruzədir.
Söz ardı: Qəzənfər Məhəmməd oğlu Paşayev 1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin Düzqırıxlı kəndində doğulub. 1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universite-tində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. «Kərkük bayatıları» (1968), «Arzu-Qənbər dastanı»(1972), «İraq kərkük atalar sözləri»(1978), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), «Nəsiminin İraq divanı»(1987), «İraq Türkmən folkloru» (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın «Qafqaz səfəri», «Necə yaşayasan yüzü haqlayasan» və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran «Altı il Dəclə və Fərat sahillərində» kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.
İraq Türkmənlərinin Azərbaycanda tanınmasında və sevilməsində Q. Paşayevin xidməti böyükdür.
Şakir Sabir Zabit 1913-cü ildə doğulub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, lisəyi Bağdadda bitirib. 1938-də hərbi məktəbi bitirib İraq ordusunda zabit kimi hərbi xidmətə başlayıb. Elə buna görə də ədəbi-bədii, elmi-publisistik əsərlərində zabit imzasını da işlədib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. Bundan sonra daha ciddiyyətlə elmi araşdırmalarını davam etdirir.
İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır. Bunun ardınca Şakir Sabir 1962-ci ildə “İraq türkmanları ağzında ata sözləri”, yenə həmin il “Kərkükdə ictimai həyat”, 1965-də “Bayat qəbiləsi haqqında araşdırma”, 1966-cı ildə “Bizdəki əxlaq və əxlaq anlamı dərdi”, 1968-ci ildə isə 3 kitab “Zabitin məktəbi”. “Zabitin güzgüsü” və “Zabitin göz yaşları” kitablarını çap etdirib. Bütün bunlardan əlavə onun 4 kitabı ərəbcə basılıb.
Şakir Sabir yalnız tarix, folklor və etnoqrafiya araşdırıcısı həm də fəal ictimai xadim kimi şöhrətlənib. Bir neçə dildə məqalələr yayınlayan “Ət-turasu-ş -şəbiyyu” (Milli irs) və “İraq” (1964-cü ildən məqalələr verən qəzet 62-ci sayından sonra dərgiyə çevrilib) dərgilərini yayınladıb. 1988-ci ilin sentyabrında öz zəngin kitabxanasını xalqın istifadəsinə verib. İki il sonra – 1990-cı ilin yanvarın 31-də dünyasını dəyişdi.
15.05.1997
Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 111-117
|