Bir şəkilin tarixçəsi, yaxud "İstiqlal uğrunda" toplusundakı rəsm Ələkbər Rzaquliyevindirmi?

Bir şəkilin tarixçəsi - Əli Şamil

YAXUD "İSTİQLAL UĞRUNDA" TOPLUSUNDAKI RƏSM ƏLƏKBƏR RZAQULİYEVİNDİRMİ?

http://525.az/site/?name=xeber&news_id=114690#gsc.tab=0

05.02.19   14:55 

Bir şəkilin tarixçəsi - <b style="color:red">Əli Şamil </b>Əli ŞAMİL

ali-shamil@yahoo.com

 

Uzun illər axtardığım rəssam 

Otuz ilə yaxın idi, bir tablonu çəkmiş rəssamın kimliyini müəyyənləşdirməyə çalışırdım. Tabloda külək saçlarını üzünə dağıtmış cəsur və qürurlu bir gənc təsvir edilib. Onun yuxarı qaldırdığı sağ əlində qandal var. Sol əli ilə tutduğu Azərbaycan Cümhuriyyətinin üç rəngli, ay-ulduzlu bayrağını başı üzərində qaldıraraq inamla addımlayır. Arxa fonda da üçrəngli bayraqlarımız dalğalanır.

Azadlıq rəmzi olan gəncin rəsmini 1990-cı illərdən Azərbaycandakı qəzet və jurnallarda, kitablarda görmüşdüm. Heyfislənirdim ki, rəssamın adı göstərilmir. Rəsmi sənətkarlıq baxımından dəyərləndirə bilməsəm də, ideoloji baxımdan könlümə çox yatmışdı.

Əmin Abidin ömür yolu və yaradıcılığı ilə bağlı axtarışlar apararkən TRT Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylı siyasi mühacirlərimizin 1928-ci ildə İstanbulda, Orxaniyyə mətbəəsində nəşr etdirdikləri "İstiqlal uğrunda" şeir toplusunun surətini mənə verdi. Ərəb əlifbası ilə nəşr edilmiş kitabı Müsavat Par-tiyasının qurucularından olan Abbasqulu Kazımzadə 1932-ci il dekabrın 18-də avtoqrafla Muxtar bəyə bağışlayıbmış.

Kitabın üz qabığında mənim diqqətimi çəkən tablo verilmişdi. İçərisində isə Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6, Azərizadənin 2, Məsud Səfvətin 2, Əli Yusifin, İsmayıl Zühutinin, Usta əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin 1 şeiri vardı. 2 şeirin altına "… xanım",  bir şerin altına "B" imzası, üç şerin altına isə üç nöqtə və ya * * * işarəsi qoyulmuşdu.

Şeirlərin bir neçəsinin, eləcə də rəsmin müəllifinin ömüryolu haqqında uzun illər araşdırmalar aparsam da, bir ipucu tapa bilmirdim. 1948-ci ildə Mirzə Bala Gültəkinin İstanbulda yazdığı şeirləri "Buzlu cəhənnəm" adı altında nəşr etdirib. İstanbuldakı "Kayıbolu" nəşriyyatında çap olunan kitabın üz qabığında da "İstiqlal uğrunda" toplusundakı tablo verilib.

Sovetlərin çöküşü Türkiyədə də bu rəsmin tez-tez çap olunmasına şərait yaratdı. Naşirlər https://525.az/img/pics/large/128032_668ouo3d9e.jpgtablonun müəllifi haqqında yenə də bilgi vermirdilər.

Əmin Abidin şeirlərini nəşrə hazırlayarkən mən də həmin rəsmdən kitabın üz qabığı kimi istifadə etdim. 1999-cu ildə "Günəş" nəşriyyatında çap etdirdiyim "Gültəkin-Emin Abid. Buzlu cehennem ve diger şiirleri" kitabına ön sözümdə isə yazdım: "İstər "İstiqlal uğrunda", istərsə "Buzlu cəhənnəm" kitabının öz qabığında müəllifini müəyyənləşdirə bilmədiyimiz rəssamın gözəl bir əsəri verilib".

Tablo ilk dəfə İstanbulda nəşr edilən kitabların üz qabığında verildiyindən mən də müəllifi orada axtarırdım. Axtarışımın istiqaməti düz olmadığından istədiyimə nail ola bilmirdim. Türkiyədəki tanışlardan, Azərbaycanda milli mühacirəti öyrənən araşdırıcılardan dəfələrlə xahiş etmişdim ki, tablonu çəkən rəssamı və bəzi şeirlərin müəlliflərini müəyyənləşdirməkdə mənə kömək etsinlər.

Bir gün gənc və çılğın araşdırıcı-kolleksiyaçı Dilqəm Əhməd şad xəbər verdi. Tablonun orijinalını tapıb və alıb. Bu, mənim üçün sevindirici xəbər oldu. Dilqəm bəy yazanda ki, "Kartona çəkilmiş rəsmin heç bir yerində rəssamın adı yoxdu", Aşıq Ələsgərin: "Sındı qol-qanadım, yanıma düşdü" - misralarını mızıldanmağa başladım. 

Axtarışlarıma ipucu olan kitab 

... Bu söhbətdən bir ildən çox keçmişdi. 2018-ci il dekabrın son günlərində Tahir Aydınoğlu mənə bir torba kitab verdi. Onlardan bir neçəsi mənim oxumağım, qalanları isə gənclərə bağışlamaq üçün idi.

Tahir Aydınoğlunun gətirdiyi kitabları gözdən keçirdim. Xalq Bankın "Xalq əmanəti" seriyasından nəşr etdirdiyi "Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika" kitabını səhifələməyə başladım. Nədənsə, rəsmlərə baxmağa maraq göstərmədim. Onları dövrü mətbuatda, sərgilərdə görmüşdüm. Kitaba yazılmış mətni başlanğıcından deyil, ortalarından baxmağa başladım. Oxuduğum ilk parça kitabın 63-67-ci səhifələrindəki aşağıdakı abzas oldu:

"Şəxsi işin materiallarından: Rzaquliyev aktiv müsavatçılar İsrafilov Nəsrulla və Əliyev Ağakərimin təsiri altında hələ 1920-ci ildə birincinin xahişi ilə Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin portretini çəkməkdə, onu İsrafilova ötürməkdə təqsirli bilinir. Bundan əlavə, İsrafilov həbs edildikdən və sürgün olunduqdan sonra onunla yazılı əlaqə saxlayıb və maddi köməklik göstərmişdir. 1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı  və İbrahim Quluyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal "İstiqlal" jurnalı üçün başlıqlar hazırlamışdır". 

Nəsrulla İsrafilovun adı və fəaliyyəti niyə layiqincə tanıdılmır... 

Nəsrulla İsrafilov haqqında az-çox bilgim var idi. 1920-ci illərin gizli antisovet təşkilatlarından söz açan sənədlərdə onun adı da tez-tez hallanır. Heyf ki, vətən və millət yolunda hər əzaba qatlaşan bu cəfakeş insanın xidmətləri indiyədək layiqincə qiymətləndirilməyib. 1904-cü ildə Buzovnada doğulan Nəsrulla İsrafilov gimnaziyanı bitirib, 1923-cü ildə "Gənc işçi" qəzetinə məsul katib təyin edilib. 1923-cü il oktyabrın 5-də Cəfər Cabbarlı, Əbdülvahab Yursevər, Ağasəlim Rəhimov və başqaları ilə birlikdə həbs olunub. Şimal Buzlu Okeanı tərəflərdə, Ağ dənizdəki Solovki adalarında yaradılmış həbsxanalardan birinə göndərilib. Həbs müddəti bitsə də, onu azad etmirlər. Dəfələrlə müddətini uzadırlar. İstanbulda mühacirlərimizin 1930-1931-ci illərdə nəşr etdikləri "Bildiriş" adlı qəzetdə B.E.Ağaoğlunun "Solovkidə gördüklərim" adlı xatirəsi çap olunub. Həmin xatirələri toplayıb kitab halına salaraq geniş ön söz yazıb 2004-cü ildə "Günəş" nəşriyyatında çap etdirdim. İstədim xalqımız öz qəhrəman övladlarını tanısın. Tirajı az olsa da, saytlarda yerləşdirdim ki, internet vasitəsilə tapıb oxumaq axan olsun. Lakin istədiyimə nail ola bilmədim. Görünür, ya mən məsələni yaxşı təbliğ edə bilmirəm, ya da toplumda milli dəyərlərə maraq azdır.

"Solovkidə gördüklərim" kitabında Nəsrulla İsrafilov haqqında nələr yazılıb... 

"Solovkidə gördüklərim" kitabından Nəsrulla İsrafilovun adı keçən parçaları aşağıda verirəm ki, bəlkə gənclərimiz oxuyub Nəsrulla İsrafilovla qürur duyalar, ona oxşamağa çalışalar:

"1923-cü ildə bu gəncliyin ilk qrupu "ÇeKa"(sonralar KQB-yə çevrildi - Ə.Ş.)da ilk imtahanı verirdi. Təşkilat kəşf olunmuş (aşkarlanmış) və aşağıdakı arkadaşlar tutulmuşdu: 1. Abdulvahap (tələbə), 2. Rəhim (tələbə), 3. Məhməd Sadıq Hülusi (tələbə), 4. Nəsrullah (tələbə), 5. Ağa Kərim (tələbə), 6. Qurban (tələbə), 7. Əbdürrəhman Dai (gənc şair), 8. Salman (tələbə), 9. Ağa Səlim (zabit), 10. Əli Həsən (mürəttib), 11. Məşədi (mürəttib), 12. Hacı Baba və başqaları.

1923-cü ildə buraxılanları bir aydan sonra yenə tutdular. Bu dəfə "Müsavat" firqəsinin gizli mətbəəsi və o mətbəədə çap olunan "İstiqlal" qəzetindən xəbər tutdular, həbs olunanların sayı artdı. Tarixdə misli görünməmiş vəhşət və işgəncə bu qəhrəman arkadaşları 1927-ci ildə aclıq aksiyası keçirməyə məcbur etdi. Nəhayət, bir ildən sonra onların bir qismini Rusiya zindanlarına, böyük bir qismini isə Şimalın Buzlu dənizində olan Solovkiyə sürgün etdilər.

Birinci karvana daxil olan: 1. Nəsrulla İsrafilzadə, 2. Ağakərim Əlizadə, 3. Ağasəlim, 4. Şair Əbdürrəhman Dai, 5. Əlihəsən Babazadə, 6. Ağaməhəmməd İbrahimli kimi qardaşlarımız... Solovki adasındakı qərargahda idilər.

(1930, 14 Ağustos, sayı 2)

1927 Nisanında Moskvadan gələn bir əmr üzərinə birinci qrup "sərbəst" buraxılmışdı. Bu qrupun ən yüksəkdən gedən şəxsiyyəti olan Nəsrulla İsrafilzadə və Əbdülrəhman Dai məvkufən https://525.az/img/pics/large/128034_85v3npafiq.jpg(həbsxanada saxlanmaq şərtilə) Ural mənfa qərargahına sövq edildilər. Onlar orada üç il yaşayacaqlardı. Digərləri Sovetlər daxilində, istədikləri yerdə yaşamaq haqqını haiz (sahib) olmaq üzərə sərbəst buraxılmışdılar. Yalnız Azərbaycan dövlət mətbəəsi baş mürəttibi Babazadə Əlihəsəni üç il Azərbaycanda yaşamaq şərtilə sərbəst buraxılmışdı.

(1930, 2 Təşrini-Əvvəl (Oktyabr), sayı 9.) 

Ələkbər Rzaquliyevin 1928-ci il ittihamnaməsi 

1928-ci ildəki ilk istintaqında Ələkbər Rzaquliyev "Müsavat Partiyasının qeyri-leqal "İstiqlal" jurnalı üçün başlıqlar hazırlamaq"da ittiham olunur. Yaxın dövr tariximizin araşdırmalarından, eləcə də "Solovkidə gördüklərim" xatirələrindən bilinir ki, 1922-1923-cü illərdə "İstiqlal" adlı qəzetin 19 sayı işıq üzü görüb və gizli yayılıb. Təşkilatçılar dindiriləndə Ələkbər Rzaquliyevin onlarla bir sırada olduğunu deyən olmayıb. Azərbaycanın ilk komsomolçularından olan, Kommunist Partiyasına yeni üzv qəbul edilən bir gəncin "özlərini Milli İstiqlal, Milli Müqavimət hərəkatı da adlandıran"ların gizli qəzetlərinə sink üzərində başlıqlar hazırlaması inandırıcı görünmür.

Bəs onda rəssam hansı "İstiqlal" jurnalı üçün başlıqlar hazırlyırmış? Bu suala cavab üçün həmin illərdə istər Azərbaycanda, istərsə xaricdə mühacirlərimizin nəşr etdirdikləri qəzet və jurnalları bir daha gözdən keçirdim. İttihamnaməyə bir də baxdım. İttihamnamədə yazılıb: "1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı və İbrahim Quluyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal "İstiqlal" jurnalı üçün başlıqlar hazırlamışdır". Demək, söhbət 1927-ci ildən gedir.

Ondan bir il sonra mühacirlərimiz İstanbuldakı Orxaniyyə mətbəəsində "İstiqlal" jurnalını deyil, "İstiqlal uğrunda" adlı şeir toplusunu nəşr ediblər. Onun üçün illisturasiyanın və klişelərin Moskvada yaşayan gənc rəssama hazırladılması da mümkünsüz görünmür. Bir halda ki, o, Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini oxuyub, demək, dünyagörüşündə də bir dəyişiklik baş verib: həbsdə olan millətçilərə yardım edib, qadağan olunmuş ədəbiyyatlar oxuyub...

(Ardı var)

Bir şəkilin tarixçəsi - Əli Şamil yazır

YAXUD "İSTİQLAL UĞRUNDA" TOPLUSUNDAKI RƏSM ƏLƏKBƏR RZAQULİYEVİNDİRMİ?

http://525.az/site/?name=xeber&news_id=114791#gsc.tab=0

06.02.19   16:15 

Əli ŞAMİL

ali-shamil@yahoo.com

(Əvvəli ötən sayımızda) 

Sual yarana bilər ki, Ələkbər Rzaquliyev sink üzərində hazırladığı başlıqları o dövrün imkanları daxilində İstanbula necə göndərə bilib? Bu suala dəqiq cavab tapa bilməsəm də, məntiqlə cavab vermək olar. İstintaqdan aydın olur ki, 1927-ci ildə Məhəmməd Əmin Rəsulzadənin kitabları və Müsavat Partiyasının bəyannaməsi hansısa yolla gənc rəssama gəlirmiş. Demək, həmin yolla da İstanbula materiallar göndərmək mümkün imiş.

Ələkbər Rzaquliyevin övladları "Atamız Azərbaycanın ilk komsomolçularından olub, 1922-ci ildə Kommunist Partiyasına üzv qəbul edilib, partiya işində yaxından iştirak edib, onu nahaqdan tutublar" - deyirlər.

İstintaq materialları, arxiv sənədləri, Sovetlərin çöküşündən sonra çap olunanlar, efirdə səsləndirilənlər isə onu göstərir ki, sosialistlərin bir çoxu - bolşeviklərin təbliğatına aldandıqlarını görənlər müxalifətə çevriliblər. Necə deyərlər, hakimiyyəti dəyişmək, ədalətli bir hökumət qurmaq üçün gizli təşkilatlar yaradıblar. İstintaq sənədləri də onu göstərir ki, Ələkbər Rzaquliyev Kommunist Partiyasının üzvü olsa da, haqsızlıqlardan bezib, gizli təşkilatlarla əməkdaşlıq etməyə başlayıb.

"Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika" kitabına Şirin Y.Məlikova sənədlər əsasında olduqca dəyərli giriş yazıb. Bu yazını oxuduqca ona ürəyimdə azı yüz dəfə "Afərin!" dedim. Sonra da əlavə bilgi toplamaq üçün internetdə axtarış verdim. Ələkbər Rzaquliyevlə bağlı məqalələrin əksəriyyəti 2018-ci ilin payızında "Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika" kitabının çap və təqdimetmə mərasimi günlərində nəşr edilib. Bir-birinə çox bənzər olan bu yazıların müəllifləri xatirələrdən istifadə etməyə üstünlük veriblər. 

Ələkbər Rzaquliyev və Ruhulla Axundov 

Bu yazılardan doqquz il öncə, yəni 2009-cu il sentyabrın 26-da "525-ci qəzet" Çingiz Kərimovun "Ələkbər Rzaquliyevin ağlı-qaralı dünyası" adlı məqaləsini çap edib. Yazı rəssamı tanıtmaq və sevdirmək baxımından diqqətçəkəndir. Şirin və oxunaqlı yazılıb. Orada deyilir: "Birinci sürgündən qayıdandan sonra Ələkbər Bakıda təsadüfən bolşeviklərin lideri Ruhulla Axundovla üz-üzə gəldi. Onun bu tezliklə qayıtdığına təəccüblənib, təzədən göstəriş verdi ki, onu sürgünə göndərsinlər. Bu dəfə Ələkbəri həbs edib soyuq Şimala, Solovkiyə yola saldılar".

Rəssamın istintaq sənədləri ilə yaxından tanış olan və ömür yolunu diqqətlə öyrənən Şirin Y.Məlikova isə yazır: "Ə.Rzaquliyevi istedadlı və gələcəyi olan kommunist kimi Ali Bədii Texniki Emalatxanada (VXUTEMAS) təhsilini davam etdirmək üçün Moskvaya göndərirlər.

Novinski bulvarında kirayələdiyi kiçicik otağında ... həmkarı, məktəb yoldaşı və həmyerlisi İbrahim Quliyevin hazırladığı büstü qoymuşdu. Otağın ən görkəmli yerində isə dostları Nazim Hikmətin və Mikayıl Rəflinin portretləri asılmışdı. O illərdə siyasi xadim Ruhulla Axundov da tez-tez Ələkbərin qonağı olurdu. Rəssamın əsərlərinin gənclər sərgisində nümayiş olunduğunu bilən Ruhulla Axundov onunla görüşür və vernisaja baş çəkərək əsərləri haqda təəssüratlarını bölüşür. O, Rzaquliyevə maddi dəstək göstərir..."

Gənc rəssam Moskvada yaşadığı illərdə həm yaradıcılıq, həm də ideya-siyasi axtarışlarda olub. O, Nazim Hikmətlə dostluq etməklə yanaşı, məşhur fransız yazıçısı Anri Barbüs və meksikalı rəssam Dieqo Rivera ilə də tanış olub.

1928-ci ildə Moskvada gənc rəssamların sərgisi açılıb. Ələkbər Rzaquliyevin bir neçə əsəri sərgidə nümayiş etdirilib. "Axundov ona Bakıda sərgi keçirməyi və yerli tələbələri ora cəlb etməyi təklif edir. Rəssam bu təklifi həvəslə qəbul edir". Bu sətirlərin müəllifi Şirin Y.Məlikova istintaq sənədləri əsasında məqalə yazmaqla kifayətlənməmiş, Ələkbər Rzaquliyevin Ruhulla Axundov haqqında rus dilində yazdığı xatirəsinin bir səhifəsinin fotosurətini də kitabda çap etdirib.

1928-ci il iyulun 29-da Bakıda Azərbaycanın gənc rəssamlarının ilk sərgisi açılıb. Orada Ələkbər Rzaquliyevin də bir neçə rəngkarlıq və qrafika əsəri təqdim olunub. Bir gün sonra isə gənc rəssamı həbs edirlər.

Ruhulla Axundov hakimiyyət uğrunda qruplaşmalarda

Azərbaycan Kommunist Partiyasının ikinci, sonra isə birinci katibi işləyən Ruhulla Axundov 1926-cı ildə vəzifədən uzaqlaşdırılır və yerinə Levon Mirzoyan gətirilir. Ruhulla Axundov qrupdaşlarının köməyi ilə Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə təyin edilir. 1927-1930-cu illərdə bu vəzifədə işləyir. O dövrdə mədəniyyət məsələləri ilə də Xalq Maarif Komissarlığı məşğul olurdu. Ruhulla Axundovun da gənc rəssam Ələkbəri Bakıda keçiriləcək sərgiyə gətirməsi təbii və normaldır. Ruhulla Axundovun Ələkbər Rzaquliyevin Nəsrulla İsrafilov və Ağakərim Əliyevlə dostluğundan, xaricdəki müsavatçı mühacirlərlə əlaqəsindən xəbəri olsaydı, onu heç Bakıya sərgiyə dəvət etməzdi. Bu iş KQB müstəntiqlərinə də, görünür, İbrahim Quliyevin həbsindən sonra məlum olmuşdu.

 1928-ci il iyunun 30-da həbs olunan Ələkbər Rzaquliyev uzun istintaqdan sonra https://525.az/img/pics/large/128156_1epkej8z7p.jpg5 illiyə  Xüsusi Təyinatlı Solovki Düşərgəsinə (SLON) göndərilir. 1933-cü ildə sürgün müddəti bitdikdən sonra Bakıya qayıda bilir. Gənc rəssam sürgündə olduğu dövrdə Ruhulla Axundovun da həyatı siyasi mübarizənin burulğanlarında keçir. 1930-cu il avqustun 5-də Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi "Azərbaycan məsələləri haqqında" ikinci qərar qəbul edir. Qərara əsasən, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi N.Gikalonu yarıtmaz işinə görə vəzifədən uzaqlaşdırır. Yerinə Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının (ÜİHİMŞ) ikinci katibi V.Polonski təyin edilir. O, Bakıya gələn kimi N.Gikalonun və Ə.Qarayev, N.Ağaverdiyev, L.Mirzoyan üçlüyünün fəaliyyətini pisləyir, Ruhulla Axundov isə respublikadan uzaqlaşdırılaraq Zaqafqaziya Ölkə Komitəsi Mərkəzi Komitəsinin katibiliyinə göndərilir.

"Sırtsov və Lominadzenin antipartiya qrupu"nun üzvü kimi ifşa edilərək" vəzifədən uzaqlaşdırılan Ruhulla Axundov 1933-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsində işə başlayır. Bu zaman onun Ələkbər Rzaquliyevi yenidən sürgünə göndərə biləcək bir hökmü qalmamışdı. O, rəqiblərini nüfuzdan salaraq yenidən hakimiyyətə gəlmək üçün gizli fəaliyyət göstərən müxaliflərlə əməkdaşlıq etməyə can atırdı.  

Sürgündən azad edilmə və təkrar həbs

1933-cü ildə Ələkbər Rzaquliyevə Arxangelsk şəhərində yaşamağa icazə verilir. O, burada Su Nəqliyyatı İşçilərinin Mərkəsi Klubunda rəssam işləməyə başlayır. Sürgün müddəti başa çatan Ələkbər Rzaquliyev 3 il də orada yaşayır (1937-ci ildəki ittihamnaməsindən aydın olur ki, 1933-1936-cı illərdə o, həbs və ya sürgün cəzası almayıb. Bəlkə də, sürgündən sonra ya vətənə dönməyib, dönübsə, Bakıda iş tapa bilmhttps://525.az/img/pics/large/128157_s06m8bu90m.jpgədiyindən və ya hansısa səbəbdən təkrar geri qayıdıb). Rəssam 1936-cı ildə Azərbaycana gələndə Kirovabad (Gəncə) Dövlət Teatrında işləməyə göndərilib. Ruhulla Axundov isə 1936-cı ildə "trotskiçilikdə və müsavatçılıqda" ittiham olunurdu. "Əksinqilabi üsyançı, terrorçu mərkəzin" üzvü kimi həbs olunaraq 21 aprel 1938-ci ildə güllələnir. Ruhulla Axundovun 1936-cı ildə Ələkbər Rzaquliyevi yenidən həbs etdirməsi və sürgünə göndərməsi inandırıcı deyil.

Şirin Y.Məlikova yazır: "1937-ci ildə Rzaquliyev yenidən həbs edilir. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı "üçlüyü"nün 3 noyabr 1937-ci il tarixli 24 saylı protokolundan: "1928-ci ildə müsavatçı olduğu üçün 5 il müddətinə həbs olunmuşdur. Sürgündən qayıtdıqdan sonra Sovet hakimiyyətinə qarşı əksinqilabi faəliyyətini davam etdirməkdə ittiham olunur. Sürgündən Kirovabad şəhərinə qayıdıb orada keçmiş müsavatçılarla əlaqəsini bərpa etmişdir. Dövlət teatrında işləyən aktyorlar arasında Sovet hakimiyyətindən narazı olduğunu göstərmişdir. Yeni konstitusiyanın, eləcə də kolxozçuların ünvanına böhtanlar yağdırmaqla məşğul olub... On il müddətinə islah əmək düşərgəsinə göndərilsin, siyasi hüquqları beş il müddətinə ləğv edilsin".

Ələkbər Rzaquliyev Varkuta-Peçora İslah Əmək Düşərgəsində olarkən kömür istehsalında, şaxta, dəmiryol tikintisində işlədilir. 1944-cü il iyulun 10-da rəssam Komi MSSR Kojva rayonu Abez qəsəbəsinə, Kojva-Vorkuta yolunun tikintisinə göndərilir. Rəssamlıqla məşğul ola bilməyən Ələkbər Rzaquliyev yol tikintisində yaxşı işlədiyinə görə 1944-cü il fevralın 12-də ona "istehsalatdakı əla göstəricilərinə, yüksək intizamına, vəzifələrinə məsuliyyətlə yanaşmasına görə" ən yaxşı inşaatçı kimi fəxri fərman da verilir.

Ələkbər Rzaquliyev 1947-ci ildə həbs müddəti başa çatandan sonra Azərbaycahttps://525.az/img/pics/large/128158_5zwt87rjth.jpgna qayıdır. Bu dəfə isə onu bədii dərnək rəhbəri kimi Şəkidə işləməyə göndərirlər. Həbs və sürgünlər bununla da başa çatmır. Rəssam 1949-cu ildə təkrar həbs edilərək Krasnoyarsk Diyarındakı Abansk rayonunun Beryozovka kəndinə sürgün edilir.

Üçüncü həbsdən sonrakı azadlıq və yaradıcılıqda yeni mərhələ

1953-cü ildə Stalinin ölümündən sonra ölkədə böyük aministiya həyata keçirilir. Bir milyona yaxın insan həbsdən və sürgündən azad edilir. Ələkbər Rzaquliyevin də işinə yenidən baxılır. 1928-ci ildə istintaq ittihamının müttəhimin ziddiyətli ifadələrinə əsaslandığı, dindirmənin qanundan kənar üsullarla keçirildiyi, müttəhimin protokolu imzalamaqdan imtina etdiyi müəyyənləşdirilir. Buna əsaslanaraq, Ələkbər Rzaquliyevin sonrakı ittihamları da qanunsuz sayılır və ona bəraət verilir.

"İstiqlal uğrunda" kitabı üzərindəki rəsm olmasaydı, onun ömür yolunu da, bəlkə, belə əhatəli izləməyəcəkdim. Araşdırmalardan sonra bu qənaətə gəldim ki, toplunun tərtibçiləri Azərbaycanda yaşayan və təhlükə altında olan rəssamın və şeirlərin müəlliflərinin adlarını açıq verməyiblər. Rəssam Türkiyədə yaşasaydı, yəqin ki, onun müəllif hüququna sayqı ilə yanaşar və adını, soyadını verərdilər.

Bu qənaətdəyəm ki, istiqlalçı Azərbaycan gəncinin tablosunu yaradan məhz Ələkbər Rzaquliyevdir. Hətta həmin rəsmin müəllifi olmasa belə, başı müsibətlər çəkmiş, yaradıcılığında milli-mənəvi dəyərlərimizi geniş əks etdirmiş bu müsavatçı rəssamı gənc nəsilə qədərincə tanıtmaq və sevdirmək lazımdır.

 

 

Çap olundu: Bir şəkilin tarixçəsi, yaxud "İstiqlal uğrunda" toplusundakı rəsm Ələkbər Rzaquliyevindirmi?, 525-ci qəzet, 2019-cu il, 5, 6 fevral.

 


 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol