Naxçıvanda nə baş verir?

NAXÇIVANDA    BAŞ  VERİB?

 

Axşamüstü üzərində səsgücləndirici olan polis maşınları Naxçıvanın küçələri ilə irəliləyərək adamları Ali Məclisin qarşısına çağırırdı.

Muxtar Respublikanın kəndlərinə avtobuslar, yük və minik maşınları göndərilmişdi. Bu işə İrandan və Türkiyədən gəlmiş maşınlar da cəlb edilmişdi. Bir sözlə, “Muxtar Respublika hökumətini devirmək cəhdi” xəbəri ildırım sürəti ilə yayılırdı.

Beləliklə, hamı Naxçıvan MR Ali Məclisinin binası qarşısına toplaşdı və mitinq başlandı.

Həmin vaxt Naxçıvan televiziyasında Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MR bölgəsinin sədri Asəf Quliyev və Azərbaycan xalq deputatı AXC Ordubad Rayon Şöbəsinin sədri Fərəc Quliyev xalqa müraciət edirdilər. Açıq-aşkar bildirirdilər ki, Naxçıvan televiziyası və radiosu Heydər Əliyevin monopoliyasıdır. Onun razılığı olmadan nəinki Xalq Cəbhəsinin və siyasi partiyaların liderlərinə, xalq deputatlarına, hətta Ali Məclis sədrinin müavinlərinə, baş nazirə də televiziya və radio ilə çıxış etməyə icazə verilmədiyi söylənirdi. Deyirdilər ki, buna görə də bu gün yarızor, yarıxoş efirə çıxıblar.

Göstərilirdi ki, hakimiyyət kreslosunda əyləşməmişdən əvvəl mitinqlərdəki çıxışları ilə, verdiyi müsahibələrlə rüşvətxor partnomenklaturanı, mafioz qrupları qorxuya salan Heydər Əliyev MR Ali Məclisinin sədri seçiləndən sonra onların hamisinə çevrilib. Vaxtilə Heydər Əliyev seçilməsin deyə sessiyaya gəlməyib süni yetərsay çatışmazlığı yaradan kommunist deputatlar indi onun möhkəm dayağına çevriliblər.

Nəticədə Muxtar Respublikada xalqın güzəranı günü-gündən pisləşir. İdarə və müəssisələrdə avadanlıq, fabrik və zavodların xammalı, hətta kommunikasiya kabelləri doğranıb xarici ölkələrə aparılır. Müharibə gedən regionda bunun necə təhlükəli olduğu hamıya məlumdur. Narkomaniya baş alıb gedir. Bir qrup adam isə yaxşıca varlanır. Azərbaycan hökumətinin göndərdiyi və eləcə də İrandan, Türkiyədən gələn ərzaq, yanacaq möhtəkirlər tərəfindən od qiymətinə satılır. Xarici ölkələrdən gəlmiş təbliğatçılar Azərbaycan dövlətçiliyi əleyhinə sərbəst iş aparırlar.

Bir qrup polis zabiti mafioz qüvvələrlə, oğru və quldurlarla əlbir olduğundan cinayətkarlıq sürətlə artır. Bunun qarşısını isə ənənəvi üsullarla “alırlar”. Baş vermiş cinayətlər qeydə alınmır. Azərbaycan Respublikasının Daxili İşlər naziri İsgəndər Həmidov Muxtar Respublikada vəziyyəti nizama salmaq üçün Daxili İşlər Nazirliyi sistemində işləməmiş — yəni mafioz qrupların tə’sirinə düşməmiş Səyavuş Mustafayevi Naxçıvan MR Daxili İşlər naziri təyin etmişdir.

Bəd əməllərinin açılacağından qorxuya düşən bir qrup polis zabiti Azərbaycan DİN-in əmrinin əleyhinə mitinqlər, piketlər təşkil etmişdir. Naxçıvan MR Ali Məclisinin sədri H.Əliyev də İsgəndər Həmidovun özfəaliyyətinə görə təcili sessiya çağırmış və özü istədiyi şəxsi Naxçıvan MR Daxili İşlər naziri təyin etmişdir.

Xalq Cəbhəsinin bir qrup silahlı nümayəndəsi isə oktyabrın 24-də Səyavuş Mustafayevə öz vəzifəsini icra etmək üçün kö­məklik göstərmişdir. Qəribədir ki, 4-5 ay əvvəl Heydər Əliye­vin təhriki ilə həmin silahlı dəstə Naxçıvan MR DTK-nı bağla­yanda və onun fəaliyyəti dondurulanda Ali Məclisin sessiyası təci­li çağırıldı və bu hal təqdirəlayiq hesab edilərək pafoslu qə­rar­lar qəbul olundu. Bu gün isə nazirin dəyişdirilməsi cəhdi Hey­dər Əliyev tərəfindən dövlət çevrilişi kimi qiymət­ləndirilir...

Görəsən nə baş vermişdir? Heydər Əliyevin siyasətindəki bu dəyişiklik nə ilə bağlıdır? Zəngin təcrübəsindən və idarəetmə bacarığından istifadə edərək demokratiya pərdəsi altında Azər­baycan dövlətçiliyinə ağır zərbə olan Dövlət Müdafiə Komitəsi yaradılanda çoxları bu qurumun arxasında nə durduğunu görmürdü. Elə ki, bu qurum H.Əliyevə xidmət edən jandarm rolunu oynadığını gördülər, onun yaranmasına səs verənlər də yanıldıqlarını anladılar.

Uzun mübarizədən sonra Azərbaycan hökumətinin köməyi ilə qanunsuz yaradılmış Dövlət Müdafiə Komitəsi Azərbaycan Res­publikası Müdafiə Nazirliyinin briqadasına çevrildi. Necə deyərlər, H.Əliyevin əlindən ən güclü silahı çıxdı. Yeganə ümidi o qədər də mütəşəkkil olmayan Daxili İşlər Nazirliyinin qüvvə­lərinə qalır. Onun da əlindən alındığını gördükdə etirazını bildirməyə başladı.

Ali Məclis qarşısına toplanmış xalq kütləsi və təzə naziri qəbul etməyən bir qrup silahlı adamlar televiziyanın və Daxili İşlər Nazirliyinin binaları üzərinə yeridilər. Toqquşma olma­sın deyə Xalq Cəbhəsinin silahlı nümayəndələri geri çəkildilər. Amma bütün bunlara baxmayaraq iki nəfər yaralandı. Hələ də aydınlaşdırılmayıb ki, qeyri-mütəşəkkil hücum zamanı təsa­dü­fən yoldaşın gülləsi yoldaşa dəyib, yoxsa tərəflər bir-birinə atəş açıb...

Oktyabrın 25-də səhər tezdən Ali Məclis qarşısında mitinq başlandı. Bu mitinq daha mütəşəkkil idi. Mitinqi Milli İstiq­lal Partiyasının Naxçıvan Şəhər Şöbəsinin sədri Əli Yusifov, Nemət Pənahov, Sirus Təbrizli və başqaları aparırdı. Nazirin dəyiş­dirilməsi cəhdini dövlət çevrilişi kimi qiymətlən­dirir­dilər. Və belə bir fikir aşılanırdı ki, çevriliş Azərbaycan hökuməti tərəfindən hazırlanıb.

Həmin gün saat 12.45-də Naxçıvan radiosu ilə təkrar-təkrar elan edildi ki, bir neçə dəqiqədən sonra H.Əliyev xalqa müraciət edəcək və saat 14-də Naxçıvan MR Ali Məclisinin sessiyası öz işinə başlayacaqdır. H.Əliyev müraciətində bildirdi ki, təxri­bat­çılar televiziya mərkəzində bir milyon manatlıq avadanlığı sıradan çıxardıqlarına görə radio ilə xalqa müraciət edir. Axşam­üstü isə artıq “dağıdılmış” televiziya mərkəzindən veri­lişlər efirə verilirdi. Azərbaycan Respublikası Daxili İş­lər Nazirinin əmrinin yerinə yetirilməsi cəhdini isə dövlət çevri­lişi kimi qiymətləndirdi və xalqı qanuni hökuməti qorumağa çağırdı.

Həmin gün Naxçıvanda olan Azərbaycan hökumətinin nümayəndə heyəti ilə (heyətə Azərbaycan Ali Məclisi sədrinin müavini A.Cəlilov, prezident aparatının dövlət-hüquq şöbəsinin müdiri F.Mustafayev, MTN-in birinci müavini Sülhəddin Əkbərov daxil idi). H.Əliyevin 5 saatlıq dialoqu heç bir nəticə vermədi. Sessiya saat 18.00-dan sonra öz işinə başladı. Gündəliyə bir məsələ salınmışdı: Naxçıvanda dövlət çevrilişi cəhdinə siyasi qiymət vermək.

 

Naxçıvanda Mömünəxatun məqbərəsi qarşısında keçirilən mitinq

Qızğın keçən müzakirələrin sonunda H.Əliyevin təklifi ilə Xalq Cəbhəsinin silahlı qüvvələrini üç gün müddətinə tərksilah etmək haqqında qərar qəbul edildi. Silahlı dəstələri tərksilah edəcək deputat komissiyası yaratmaq məsələsinə gələndə mübahisə qızışdı. Heç kim belə bir komissiyanın tərkibinə düşmək istəmədi. Belə olduqda o, gündəlikdə olmayan bir məsələni — “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması haqqında” qərar qəbul edilməsini səsə qoymaq istədi. Azərbaycan Ali Sovetinin sədr müavini A.Cəlilov bildirdi ki, bu məsələ Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun təşəbbüsü ilə geniş müzakirə edildi və qəbul edilmədi. Sessiyanın gedişində məsələyə onun mövqeyindən yanaşmayan deputatlara H.Əliyev hirslənərək “mətləbdən uzaqlaşmayın” dediyi halda çağırılmamış qonaqlara — Sirus Təbrizliyə və Nemət Pənahova   uzun-uzadı nitqlər üçün gözəl şərait yaradırdı.

H.Əliyevin Xalq Cəbhəsini ləğv etmək cəhdi isə deputatlar tərəfindən müsbət qarşılanmadıqda o, əsəbiliklə dedi: “Qoy bu dəfə də mənim təklifimlə səsə qoyulsun”. Deputatlar bu təklifə səs vermək istəməyəndə H.Əliyev məsələni açıqlamağa çalışırdı: “Ayaz Mütəllibov dövründə konsititusiyadakı dəyişikliklərə əməl etmək lazım deyil. Orada yazılıb ki, Azərbaycan unitar dövlətdir. Bu o deməkdir ki, Milli Məclis istədiyi vaxt Naxçıvanın muxtariyyətini ləğv edə bilər. Buna yol vermək olmaz, çünki muxtariyyəti Naxçıvan xalqı qanı ilə qazanıb”. (Maraqlı burası idi ki, həmin gün Ordubad Rayon XDM tərəfindən polis rəisi təyin edilmiş İlqar Səidoğlu Naxçıvan Daxili İşlər Nazirliyinə çağırılaraq xidməti silahı və maşını alınıb həbs edilmişdi. Bu belə əsaslandırılmışdı ki, onun tə’yin edilməsində Naxçıvan DİN-in fikri öyrənilməyib. Demək belə çıxırdı ki, Naxçıvan MR Ali Məclisinin Daxili İşlər naziri təyin etməsi qanuni rayon XDM-in polis rəisi təyin etməsi isə qeyri-qanunidir).

Üzərində səsgücləndiricilər olan polis maşınları oktyab­rın 27-də saat 10 radələrində yenə şəhərdə dolanaraq xalqa xəbər verirdi ki, İsgəndər Həmidov 1000 nəfərlik ordusu ilə Naxçı­vanın üzərinə gəlir. Təcili Ali Məclisi qorumağa gəlsinlər. Yenə də kəndlərə avtobuslar, yük maşınları göndərdilər ki, camaatı yığsınlar. Aeroporta yük maşınları yerləşdirməklə İ.Həmidovun gələcəyi təyyarənin enməsinə yol verməməyə cəhd göstərilsə də komendantın öz işinə məsuliyyətli münasibəti nəticəsində əməliyyat baş tutmadı. Yenidən mitinq başlandı. Qırmızı mollaların, tiryək, xaricə digər mallar aparıb sat­maq­la məşğul olanların Əliyevə ürəkdən, kor-koranə məhəbbət bəsləyənlərin, qarışıqlıqdan şəxsi mənafe üçün istifadə edənlərin çoxluq təşkil etdiyi bu mitinqdə iqtidarı təhqir edən, onu devirməyə çağıran şüarlar tez-tez səslənirdi.

Mitinqin məşhur aparıcıları — Sirus Təbrizli, Nemət Pənahov toplaşanları inandırmağa çalışırdılar ki, iqtidar son günlərini yaşayır. Yaxın günlərdə Azərbaycanı mitinq və tətil dalğası bürüyəcək.

Xalq Cəbhəsinin qərargahında isə siyasi partiyaların yerli şö’bələrinin liderləri ilə birlikdə qızğın müzakirələr gedir, bəyanatlar yazılır. Lakin bu bəyanatları xalqa çatdırmağa nə radio-televiziya var, nə də mətbuat.

AXC Naxçıvan MR bölgəsinin məclisi isə hələlik susur. Xalq cəbhəsi sədri A.Quliyevin öz funksiyasına daxil olmayan işi görməsinə qiymət vermir.

Naxçıvan Ali Məclisinin qərarından isə bir neçə gün keçib. Silahlı dəstəni tərksilah edən komissiya işinə hələ baş­la­mayıb. Ali Məclisdə partiya-təsərrüfat fəalları yığın­cağını xatırladan müşavirələr gedir.

 

“İncəsənət” qəzeti, 1992, 11 noyabr, № 22 (43), s. 7.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol