Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə

Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə

YAXUD ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ

https://525.az/site/?name=xeber&news_id=112175#gsc.tab=0

20.12.18   16:51 

Əli ŞAMİL

ali-shamil@yahoo.com

Göyçə gölünün oxşarı Isık göl  

Isık gölə (bizdə bu gölün adı, rus dilindən aldığımıza görə, hələ də "İssık" kimi yazılır. Mən dilimizə daha uyar olduğu üçün qırğızların dediyi kimi yazmağı münasib sayıram) çatanda yaman kövrəldim. Gəncədən kəndimizə getdiyim günlər gözümün önünə gəldi. Mindiyimiz köhnə "PAZ" avtobusu elə ki, Çubuqlu aşırımını keçirdi, qarşıdan Göyçə göl görünürdü. Gölə yaxınlaşıb günçıxana doğru dönən avtobusun pəncərəsindən sağda gözyaşı kimi dupduru suyu olan göl, sol tərəfdə çılpaq dağlar görünürdü. Qışda bu dağlar ağ örpəyə bürünər, yazda yamyaşıl çəmənlə örtülərdi. Elə ki, payız düşürdü, göldə bir dəyişiklik olmasa da, dağların qara-boz qayaları, quruyub seyrəlmiş otları, bir də təkəmseyrək ağaclarının saralmış yarpaqları qalardı.

Üç-dörd saat yol gedər, göl görünməz olandan sonra da 7-8 kilometrlik bir məsafəni keçib Böyük Məzrə kəndində avtobusdan enərdim. Avtobus isə yoluna davam edib rayon mərkəzinə - Basarkeçərə, son yolçularını endirməyə gedərdi. Böyük Məzrədən o yana, kəndimizə getmək ağır olsa da, şirin idi. Təsadüfi yol maşınları olmasa, kitab dolu ağır çamadanımı kəndə kimi gah əlimdə, gah çiynimdə daşımalı olurdum.

Isık gölün sahili boyu gedən yol da mənzərəsi ilə Göyçə (Sevan) gölünün sahil yolunu xatırladırdı. Sadəcə, burada yol kənarında gözə dəyən ağaclar onu göstərir ki, Göyçə gölü Isık gölə nisbətən dəniz səviyyəsindən daha yüksəkdə olduğundan ağaclar az idi. Hətta elə ağaclar var ki, onlar Göyçə gölün sahillərində bitmir. 1970-ci illərdən başlayaraq Göyçə gölünün kənarında yaşıllıq zolağı salınmağa başlamışdı. Əsasən də yüksəkliyə və soyuğa dözümlü, çaytikanı ağacı əkmişdilər.

Göyçə gölün sahilindəki yolun çala-çuxurlu olmasını, avtobusların köhnəliyini, adamları atıb-tutmasını vecinə alan olmurdu. Deyib-gülür, çalıb-oxuyurdular. Göyçəyə gedən avtobus ola, orada da bir aşıq və ya musiqiçi olmaya? Bu, mümkün olası iş deyildi! O dövrdə yaxşı bir maqnitofanum, bol lentim olsaydı, yol boyu söylənənləri qeydə alıb bir folklor antologiyası hazırlayardım. Çünki adamlar, gah aşıq şeirləri oxuyur, gah lətifə danışır, gah da atalar sözü-məsəl çəkirdilər. Bir sözlə, danışıqlarında folklorun əksər janrından istifadə edirdilər. Bəzən də özlərinin və ya qohumlarının, yaxınlarının, kəndlilərinin başlarına gələnləri elə bəzəyib-düzəyib danışırdılar ki, elə bilirdin, gülməli bir nağıl, ya da dastandır. Özlərinə, qohumlarına, əzizlərinə gülə-gülə, lağ edə-edə mənzili başa vururdular. Beləcə bəzən yeni yaranan bir folklor nümunəsi elə avtobusdanca Göyçənin neçə kəndinə yayılırdı...

İndi isə uzaq Isık gölün kənarı ilə getdiyimiz avtobus yumşaq və səliqəli, yollar rahat olsa da, mən, nədənsə, o uzaq illərdə qalmış günləri arzulayırdım. Özümə qapılıb yol yoldaşı olduğum insanları, onların dediklərini xatırlamağa çalışırdım. Avtobusdakılar isə mənim içimdən keçənlərdən xəbərsiz  idilər və təbii ki, mənzil başına nə vaxt çatacaqlarını düşünürdülər.

Bişkekdən Karakolə gedən yol ilə Gəncədən Basarkeçərə gedən yolun bu gün fərqi orasındadır ki, qarakollular istədikləri vaxt doğulduqları kənd və qəsəbələrə istədikləri vaxt rahatca gedib-gəldikləri halda göyçəlilər otuz ildir ata-baba yurdlarına gedə bilmirlər. 

Yerevandan Göyçəyə gedəndə gölün sahilində salınmış Sevan şəhərinə çatmayınca Göyçə gölü görmək olmur. Isık gölü də yolçular Balıqçı qəsəbəsinə çatmayınca görünmür. Oxşarlıq olduqca çoxdu. Isık göl dəniz səviyyəsindən 1607, Göyçə göl isə 1902 metr yüksəklikdədir. Göyçə gölün suyu içməli olduğundan qışda buz bağlayır. Isık gölə axan 118 çay və sel gələndə dolan dərələr başlanğıcını qarlı dağlardan, buzlaqlardan götürsə də, donmur. Bu, gölün suyunun bir az duzlu olmasından çox, yeraltı isti qaynaqlarla bağlıdır. Gölə bu qədər su gəlməsinə baxmayaraq, oradan bir çay belə axmır.

Yol yoldaşım olan araşdırıcılar yanlarındakılarla sakit-sakit ədəbiyyatdan, tarixdən, ötən günlərindən şirin-şirin söhbət edirlər. Mən isə içimə qapılıb yalnız Göyçəli günləri deyil, yaxın keçmişimizi də yada salıram.

Yaxın keçmişimizdən unuda bilmədiklərim 

Sovet dövründə bir neçə min kilometr uzaqdakı Qırğızıstana getmək 150-500 kilometrlikdəki Biləsuvar-Astara, Saatlı-Zəngilan bölgələrinə və Naxçıvana getmək qədər asan idi. Bugünkü oxucu yazdığım bu cümləni oxuyanda heyrətlənərək "bu boyda da yalan olar?" deyə bilər. Yaşlı nəsil isə "bunu yazmağın nə mənası var,  o vaxtın tələbi belə idi" düşünəcək. Bunları bilsəm də yazıram. Gənclər üçün yazıram. Sovet dövrünü tərifləyən, o dövr üçün sinov gedənlərin söbətlərini eşidəndə mənim yazdıqlarımı da yada salıb özləri bir nəticə çıxarsınlar. Məsələ burasındadır ki, Sovet dövründə sərhəd boyu 25 kilometrlik bir məsafə qadağan zolağı sayılırdı. Həmin bölgədə yaşayanlardan başqası oraya getmək istəyəndə mütləq xüsusi icazə almalı idi.

Yalnız yad adamlar deyil, həmin bölgədə doğulub boya-başa çatandan sonra başqa şəhərdə oxumağa, işləyəməyə gedənlər geri dönəndə arayış təqdim etməli idilər ki, onların valideynləri, qohumları orada yaşayır. Arayış sərhədçilər başa düşsün deyə rus dilində yazılmalıydı. Kənd Sovetində rus dilində bilən adam tapılmayanda arayış yazdırmaq problemə çevrilirdi. Rus dilini bilən tapıb arayış yazdırandan sonra onu kənd sovetinin sədrinə, katibinə imzaladıb, möhürlətmək gərək idi. Bu arayış üçün çox vaxt kənd sovetlərinin katibləri "qələmpulu" da alırdılar. Belə çətinliklə alınmış arayışı göndərmək ondan da böyük əziyyət idi. Poçtla göndərilən arayış ya bir həftəyə, on günə çatırdı, ya da yollarda it-bata düşürdü. Yaxınları, əzizləri ölənlər tələsirdilər ki, dəfnə çatsınlar. Belə arayışlar olmayanda sərhədçilər həmin adamları tutub aparırdılar və ya geri qaytarırdılar. Hərbçilərə nə deyirdin de, eşitmək belə istəmirdilər. Arayış tələb edirdilər.

Salyandan keçəndə Şorsulu deyilən yerdə sərhədçilər gəlib-gedənlərin pasportunu yoxlayırdılar. Oradan Lənkarana 100, Lerikə, Astaraya 130-140 kilometrlik bir məsafə qalsa da, yaxınlıqdakı ən yaxın sərhəd məntəqəsini əsas götürüb ölkənin ortasındaca qadağan zonası yaratmışdılar. Bakıdan Naxçıvana, Yerevana gedən qatarlar isə Əli Bayramlını keçəndən bir az sonra, bu yerlərdən min kilometrlərlə uzaqdan gəlmiş, əsasən də milliyətcə rus, ukraynalı, belarus... olan əsgər və zabitlər hay-küylə qatara minib vaqonlardakı yolçuların pasportlarını yoxlayırdılar. Gecə yarısı adamları yuxudan oyadıb pasport yoxlamaq  əsəb gərginliyi yaradırdı. Hələ bu azmış kimi, vaqonun dəhlizində durub Arazın o tayına baxanlara da hirslənirdilər ki, kupelərinizə keçin. Pəncərələrin pərdəsini də örtürdülər ki, o taydakı Vətənə baxan olmasın.

Yol boyu stansiyalarda, Mincivanda, Ordubadda, Culfada, Naxçıvanda vaqondan enib sərhəddən 30-70 kilometr aralıda olan kəndlərə getmək istəyənlərə də icazə verilmirdi. Deyirdilər ki, gərək pasport qeydiyyatın sərhəd bölgəsinə ola.

Amma Moskvaya, Qazaxıstana, Qırğızıstana, bir sözlə, SSRİ-nin sərhəd və qadağan olmayan bölgələrinə pasportunu cibinə qoyub rahatca gedə bilərdin. Kimsə sənə bir söz deməzdi. Nəqliyyat məsələsi də indikindən çox idi. Qatar, təyyarələr SSRİ-nin hər bucağına işləyirdi.  

Viza rejimi Türkmənistana nə qazandırır? 

Türkmənistanda yaşayan azərbaycanlıların sayını dəqiq bilmirəm. Sovet dövründə ərə getmiş azərbaycanlı qızları və onların övladlarını son zamanlar türkmən kimi qeydə alırlar. Azərbaycanda, Türkmənistanda yaşayan, bir-biri ilə qohumluq əlaqəsi olmayanların münasibətləri yaxşı olub. Keçmişdə Azərbaycandan, Qafqazdan, hətta Qarsdan, İğdırdan, Urmiyadan, Təbrizdən və başqa bölgələrdən oxumaq, ticarət və ya müqəddəslərin qəbrinə ziyarətə üçün Məşhədə, Xarəzmə, Əfqanıstana, Kaşqara, Pakistana, Hindistana getmək istəyənlər Bakıya gəlirmişlər. Buradan da gəmi ilə Qızılsuya - indiki Türkmənbaşı limanına keçib yollarını davam etdirirlərmiş.

Amma indi vizanı, viza almağı da elə bir problemə çeviriblər ki, gəl görəsən. Buna görə də uzun müddətdir Türkmənistanda yaşayanların əksəriyyəti Azərbaycandakı babalarını, dayılarını, xalalarını və başqa qohumlarını görməyə gələ bilmirlər. Sərt viza rejimindən əziyyət çəkən yalnız azərbaycanlılar deyil. Türkmənlərin bir hissəsi İranda, Özbəkistanda, Əfqanıstanda yaşayır. Uzun illərdir ki, onlar da bu əziyyəti çəkirlər.

Almatıda yaşayan Əl-Fərabi Universitetinin professoru İslam Ceminey sentyabr ayında mənə zəng vurmuşdu. Bildirdi ki, universitet onun Türkmənistanda araşdırmalar aparmasına qrant ayırıb. Amma Türkmənistan konsulluğundan viza ala bilmir. Konsulluq tələb edir ki, Türkmənistandakı elmi müəssisələrdən biri ona mütləq dəvət məktubu göndərsin. Türkmənistandakı alim tanışlara zəng vurub xahiş etdim ki, çalışdıqları ali məktəblərin və ya elmi tədqiqat institutlarının rəhbərləridən məktub alıb İslam Cemineyə göndərsinlər. Sağ olsunlar, sözümü yerə salmadılar, məktub alıb göndərdilər. Heyf ki, bu məktub işə yaramadı. Nə qədər adamın zəhməti hədər getdi. Məktubun hazırlanması, icazə alınması üçün yazışmalar, göndərilməsi o qədər uzun çəkdi ki, qrantın müddəti bitdi və İslam Ceminey Türkmənistana gəlib oradakı əlyazmalar üzərində işləyə bilmədi.

Sovet dövründə isə bu bürokratik əngəllərin heç birinə ehtiyac yox idi. Buna baxmayaraq, Qırğızıstanda, Qazaxıstanda olmağı çox arzulasam da, o zamankı asan şəraitdə gedə bilməmişdim. Axısqadan, Ermənistandan, Azərbaycanın müxtəlif bölgələrindən oraya sürgün edilənlərlə görüşməyə, material toplamağa can atırdım. Heç bir rəsmi əngəl də yox idi. Buna baxmayaraq, gedə bilməmişdim. Çünki ailə büdcəm bu səfər üçün yetərli deyildi.

Ailədə bir mən idim, bir də xanımım. İkimiz də mətbuatda işləyirdik, maaşımızdan çox, qonorar alırdıq. Necə deyərlər, gəlirimiz nazirlərin maaşından yüksək idi. Di gəl ki, heç velosipedimiz də yox idi. Evə mebel, xalça da ala bilməmişdik. Yüksək rütbəli məmurları demirəm, bizdə 4-5 dəfə az maaş alan satıcının, ambardarın, baxça müdirinin, mənzil istismar idarəsi müdirinin və başqa peşə sahibinin isə hər şeyi vardı. Dolanışığı da bizdən qat-qat yaxış keçirdi. 

Türkmənistanın isə hələlik vizanı qaldırmaq fikiri yoxdur. Halbuki viza və ya başqa əngəllər bu ölkənin yalnız iqtisadiyatına deyil, mədənəyyətinə də mənfi təsir edir, vətəndaşlarda da bir qorxu, psixoloji gərginlik yaradır.

(Ardı var)

Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə

YAXUD ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ

https://525.az/site/?name=xeber&news_id=112246#gsc.tab=0

21.12.18   16:23 

(Əvvəli ötən sayımızda)

Deyəsən, Sovetlər Birliyinin dağılması mənə düşüb

Sovetlər Birliyi dağılandan sonra Türkiyənin Qazaxıstanda keçirdiyi bir neçə elmi simpoziuma qatıldım. Bundan istifadə edib sürgün olunanlarla da görüşdüm, topladığım materiallar əsasında iki kitab, bir neçə məqalə yazdım. O, məqalələrdən bir hissəsini "525-ci qəzet" 2013-cü ilin iyul ayında silsilə şəkilində "Sürgün olunanların sorağı ilə" başlığı altında dərc etdi. Deyəsən, oxucusu da az olmadı.

Qırğızıstana səfərim isə maddi sıxıntıdan baş tutmurdu. Uşaqlıq və yeniyetməlik illərində kəndlimiz İsbi İsmayılovun Qırğızıstan haqqında nağılabənzər söhbətlərini çox eşitmişdim. 1930-cu illərdə həbs olunan İsbi İsmayılov sonra Qırğızıstana sürgün edilmişdi. Sürgün müddətində çobanlıq edən İsbi İsmayılov oranın coşğun dağ çaylarının keçilməzliyindən, yüklü kor dəvənin sağlam gözünü də parça ilə bağlayıb gurultulu dağ çayının üzərində körpü kimi atılmış bir dirəyin üstündən necə keçirdiyindən, uca və həmişə başı qarlı olan dağlardan, yayın ortasında belə qar yağmasından, dəfələrlə ölümlə üzləşsə də, möcüzəli şəkildə sağ qalmasından həvəslə danışardı. Onun danışdıqlarına bənzər bədii təsvirlərə sonralar Çingiz Aytmatovun "Əlvida, Gülsarı" povestində rast gəldim. Povesti oxuduqca mənə elə gəlirdi ki, yazıçı, İsbi İsmayılovun danışdıqlarını qələmə alıb.

Məni isə maraqlandıran nə uca dağlar, nə buz bulaqlar, nə də Isık gölün ilıq sularında çimmək, yaşıl sahillərində dincəlmək idi. Mən sürgün olunanlarla görüşməyə, yaddaşlarında qoruyub saxladıqları folklorumuz toplamağa can atırdım.

Axısqalı Xəstə Hasan "Yüzdə bir" divanəsində deyir:

 

Ab-u çeşmə göllərində sona da bir, qaz da bir.
Süsən sünbül, mor mənəvşə, bülbül ötər yazda bir.
Vaqif dərddən xəbərdardı, Gövhərin qiyməti yox.
Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir.

Qurbanı haqq aşığıdır - daima xamnan sökər,
Dəstinə alıb qələmi, xəttinə bir xət çəkər.
Çöllü İsmayıl tacıdı, cannan qəsəvvət tökər.
Kərəm ki, yandı ataşa, od da birdi, köz də bir. 

 

Molla Xəlis dəlalətdə içdi eşqin badasın.
Küfdadiya da verdil
ər onnan da ziyadasın.
Urfanı dərya-ümmandı, keçmək olmaz adasın.
Aşıq Seyfi, Usta Polat, Dəli Tamo sazda bir.

İçmədim eşqin badasın, həm oxuyam, həm yazam.
Böylə getməz bu ürüzgar, həlbət gələr bir ayam.
Sənə min iki yüz on səkkiz, yoxdur tarixin sayam.
Çox aşıxlar gəldi, getdi, Xəstə Hasan yüzdə bir.

 

Şeirdə adı çəkilən Vaqif, Kərəm, Qurbani məşhurdur. Haqlarında bilgiyə çox rast gəlmək olur. Xəstə Hasan və İrfani (Urfani) haqqında da xeyli axtarışlar aparıb nəslindən olanlarını tapıb, şeirlərini toplayıb çap etdirmişəm. Bəs Qul Qaranı, Qara Zülal, Aşıq Ömər, Aşıq Seyfi, Usta Polat, Dəli Tamo, Çöllü İsmayıl, Molla Xəlis, Küfdadi? Onlar niyə öyrənilməsin, şeirləri toplanmasın?

Xəstə Hasanın qürurla öydüyü bu aşıqların bəzilərinin şeirlərindən nümunələr toplamışam. Ustad sənətkarlar olublar. Ancaq haqlarında bilgi yox dərəcəsindədir. Həmişə düşünmüşəm ki, necə ola bilər  eyni dövrdə yaşamış aşıqlardan Xəstə Hasanın nəslindən olanlar tanınsın, o birilərininki yox?! Fikirləşirdim ki, Qırğızıstana sürgün olunmuş axısqalıların nəvə-nəticələri ilə görüşsəm, axtarışlar aparsam, bəlkə başqa aşıqların da nəslindən olanları tapa billəm. 

Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu 

2018-ci ilin iyulunda mənə xəbər göndərdilər ki, Türkiyədəki Hacı Bektaş Vəli Kültür Dərnəyi, Dünya Söz Akademiyası və Qırğızıstandakı Kasım Tınıstanov adına Isık göl Universitetinin Karakol şəhərində birgə keçirəcəyi "Türk xalqlarının türkcə ilk yazılı əsərləri - "Qutadqu bilik", "Divanu luğat-it-türk", "Ətabətül-həqayiq", "Dədə Qorqud" Uluslararası Simpoziumuna qatılım. Simpoziumun dəstəkçisi TİKA idi. TİKA varsa, demək xərclər haqqında narahatlıq keçirməyə dəyməz. Hər şeyi onlar yüksək səviyyədə görəcəklər. Ona görə də böyük həvəslə "Qutadqu-bilik"in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu" mövzusunda bildiri özətimi göndərdim.

Az sonra bildiri özətimin qəbul olunduğunu yazdılar. Bildirdilər ki, pasportumun surətini göndərim, bilet alsınlar. TİKA-nın Türk Hava Yolları ilə müqaviləsi olduğunu bilirdim. Onlar, adətən, biletləri THY-nın təyyarələrinə alırlar. Bakıdan da THY Bişkekə təyyarə reysi yoxdu. Ümumiyyətlə, Bakıdan Qırğızıstana birbaşa təyyarə reysi yoxdur. Demək, bileti Bakı-İstanbul-Bişkek reysinə gediş-dönüş alacaqlar. Bu da 7-8 saat havada qalmaq, 5-6 saat İstanbulda gözləmək deməkdir.

Bir neçə dəfə yazıb xahiş etdim ki, ya siz biletlərimizi Bakı-Almatı-Bişkek reysinə alın, ya da biz alaq, orada bilet pullarımızı ödəyin. Onda biz, təxminən, iki saat yarıma Almatıya, yarım saata da Bişkekə uçardıq, biletlərin qiyməti də ucuz olar. Heyif ki, bizimlə razılaşmadılar. Bileti özləri alıb göndərdilər. Baxdım ki, bizim təklif etdiyimizdən 4 dəfə çox pul xərclənib. Deməyə sözüm qalmadı. Bu da bizim günlərin anlaşılmazlığı!

Sentyabrın 29-da səhər tezdən evdən çıxsaq da, Bişkekə axşam çatdıq. Bütün günü təyyarədə və gözləmə salonunda keçirdik. İstanbul hava limanında Türkiyədən simpoziuma gedənlərlə görüşdük. Əksəriyyətini tanıyırdım. Müxtəlif toplantılarda görüşmüş, dostlaşmışdıq. Hamımız eyni reyslə gedirdik. Onlar daxili reyslərlə gələndən az sonra uçuş başladığından hal-əhval tutmamız, dərdləşməmiz 5 saatlıq uçuşa qaldı. 

Qazaxıstan sərhəddində Qırğız paytaxtı  

Kiçik respublika Qırğızıstan Sovet dönəmində Qələbə piki (7439), Lenin piki (7134) və Xan Tenqri  piki (6995) ilə coğrafiya həvəskarı olan məktəblilərin yaddaşına hopmuşdu. Tanrı dağları ilə əhatə olunan bölgənin vadiləri subtropik və mülayim qurşağa daxil edilir. Sahəsi 199,9 min kvadratkilometr, əhalisi 6 milyon nəfərə yaxındır. Təbii artım yüksəkdir. Hər min nəfərə 16 nəfər düşür.

Ölkənin başkəndi Bişkek düzənlikdə, Çuy (Türk dillərində ç-ş-s səsdəyişməsi var. Çay da adını su sözündən alıb. Biz bu çayın adını da rus qaynaqlarında yazıldığı kimi deyil, qırğızlarda olduğu şəkildə yazacağıq) vadisində yerləşir. Çayın sağ sahili Qazaxıstan, sol sahili Qırğızıstandır. Bişkek şəhərinin bəzi obyektləri Çuy çayının sahilindədir. 1924-cü il oktyabrın 14-dək qazax, qırğız ayrı-seçkiliyi yox idi. Qazaxlar da özlərini qırğız sayırdılar. Keçirdikləri toplantıları da qırğız konfransları, qurultayları adlandırırdılar.

Bütün imperialist dövlətlər kimi, Sovet Rusiyası da "Parçala, hökm sür!" siyasəti ilə hərəkət edərək 1924-cü il oktyabrın 24-də RSFSR tərkibində Qara Qırğızıstan Muxtar Vilayəti yaratdı. 1926-cı il fevralın 1-də isə onu Qırğızıstan Muxtar Respublikasına, 1936-cı il dekabrın 5-də isə müttəfiq respublikaya çevirdi. 1991-ci il avqustun 31-də isə Qırğızıstan öz müstəqilliyini elan etdi.

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkənin vətəndaşı kimi biz oraya viza almadan getsək də, xarici ölkəyə gedişin bütün şərtlərinə əməl edirdik. Hava limanı şəhərdən xeyli aralıdır. Muxtar Kazımoğlu diqqətlə ətrafı seyr etdikdən sonra "Bu yerlər mənə necə doğma gəlir. Elə bil nə vaxtsa buralarda olmuşam. Dağları da Naxçıvan dağlarına oxşayır" - deyir.

Sentyabrın 29-u axşam və 30-da gündüz Qazaxıstandan, Tacikistandan, Qırğızıstanın müxtəlif şəhərlərindən simpoziuma qatılmalı olan alimlər də gəldi. Görüşüb tanış olduq. Qazaxıstandan gələn Baktıgül Gülcahanovadan başqa, heç birisi ilə öncə görüşməmişdim. Bəzilərinin adı və əsərləri ilə tanış idim.

Qırğızıstandakı Axısqa Dərnəyinin sədri Reşat Şamiloğlu ürəyindən əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi. Onun müavini Zəkəriyyə Tahirlə telefonla danışdıq. O, mənim gələcəyimi bilirdi və görüşməyimizi öncədən planlamışdı. Həmin axşam bir çaşqınlıqdan görüşə bilmədik.

Sentyabrın 30-da Bişkek şəhərinin mədəni mərkəzlərində, tarixi yerlərində olduq. Səfər TİKA-nın maliyə dəstəyi ilə olduğundan təşkilat özünütəbliği də unutmamışdı. Bizi Alıkul Osmonov adına Respublika Milli Kitabxanasına apardılar. Kitabxananın binası sovet dövründə tikilsə də, yenidənqurma işlərini iki il öncə TİKA görmüşdü. İnsafən, gözəl iş görüblər. Bina yenidən qurulanda müasir kitabxanaya lazım olan səviyyədə avadanlıqlarla da təchiz edilib. Kitabxananı gəzərkən türkiyəli dostlarımdan biri həsədlə: "İllərimizdə (vilayət) belə 15-20 mədəni mərkəz ola, ya olmaya. Gör, Qırğızıstanda bir kitabxananın yenidənqurmasına bu qədər vəsait xərclənibsə, onda universitetlər və başqa sahələrə nə qədər pul qoyulub?!"

Uzun illər Türküstanda müxbir işləyən Ramiz Məşədihəsənlinin verdiyi bilgiyə görə, Türkiyə hökuməti təkcə Qırğızıstanla birgə qurduğu Manas Universitetinə 23 il ərzində 85 milyon ABŞ dolları xərcləyib. Dostumun gileyində bir həqiqət də ondan ibarətdir ki, Qırğızıstanın istehsal sahələrinə, yəni gəlir gətirəcək yerlərə yatırım qoyanlar Çin, Amerika, Rusiya, Kanada və başqa dövlətlər olduğu halda, Türkiyə ölkədəki mədəni-maarif təşkilatlarına, şəhərlərin abadlaşdırılmasına vəsait xərcləyir. Bunlar da gəlir gətirmir, xalqın mədəni səviyyəsinin yüksəlməsinə, maariflənməsinə xidmət edir.

Mədəni maarifdən söz düşmüşkən, onu deyim ki, bu gün Qırğızıstan universitetlər ölkəsinə çevrilib. Yalnız Bişkek şəhərində 52  universitet var. Onlardan 31-i dövlət tərəfindən maliyyələşir, 21-i özəldir. İlk baxışda təəccüblü görünür: kasıb və kiçik bir ölkədə bu qədər universitet nəyə lazımdır? Axı ölkədə bu qədər tələbə ola bilməz? Universitetlərdə Qırğız tələbələrlə yanaşı, Əfqanıstan, Pakistandan, Banqladeş, hətta Vyetnamdan və başqa kasıb ölkələrdən gəlmiş minlərlə gənc təhsil alır. Təhsil haqqı da elə ucuz deyil. Tələbələrin böyük əksəriyyətinin ailəsi o qədər pulu ödəyə bilməz. Ona görə də imkansız tələbələrin xərclərini beynəlxalq təşkilatlar ödəyir.

Xarici tələbələrlə əhalinin müəyyən təbəqəsi arasında hərdən xırda ziddiyyətlər olsa da, gəlmələrin ölkədə dinc və rahat yaşamasına normal şərait yaradılıb. Bu da kasıb ölkənin iqtisadiyyatına kömək olmaqla yanaşı, elmi potensialın güclənməsinə də təkan verir. Xarici ölkələrdən gələn tələbələr tibb universitetlərində oxumağa meyllidirlər. Onların istəyinin reallaşması üçün ölkədə tibb sahəsində çalışan alim-pedaqoqların sayı artırılıb. Bu da yaxın gələcəkdə Qırğızıstanda tibb sahəsində böyük irəliləyişlər olacağından xəbər verir. 

Ata-Beyit memorial kompleksi

Azərbaycanda repressiya qurbanlarının harada güllələndiyi dəqiq bilinmir. Repressiya qurbanları haqqında ciddi muzey, ümumi bir abidə də yoxdur. Memorial təşkilatı isə repressiya illərində Moskvada kimin harada güllələndiyinin siyahısını hazırlayıb və onu da internet saytında yerləşdirib. Qırğızlar da bizim günümüzdədir. Onlar da 1930-cu illərdə kimin harada güllələndiyini dəqiq bilmirlər. Sovetlər Birliyi çökəndə yaşlı bir çoban 1930-cu illərdə şəhərdən aralıdakı köhnə kərpic zavodunda gecələr güllə səsləri eşitdiyini söyləyib. Onun dediyini yoxlamaq üçün zavodda qazıntı aparıblar. 150-dən çox insan cəsədinin qalığını aşkara çıxarıblar. Bu qənaətə gəliblər ki, repressiya qurbanlarının bir hissəsi köhnə kərpic zavodunda güllələnib.

Həmin yer Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanında təsvir etdiyi Ata Beytə uyğun olaraq "Ata-Beyt" adlandırıldı. Orada repressiya qurbanlarına xatirə abidəsi ucaldılıb və muzey yaradılıb. Çingiz Aytmatov da repressiya qurbanı olan atasına hörmət və repressiya qurbanlarına sayğı əlaməti olaraq, öləndə "Ata-Beyt"də dəfn edilməsini vəsiyyət edib. Onun istəyi yerinə yetirilib. İndi "Ata-Beyt" həm repressiya qurbanları üçün, həm də Çingiz Aytmatov üçün abidələr ucaldılıb. Ora qırğız xalqının müqəddəs ziyarətgahına çevrilib.

Xatirə kompleksindəki abidələri istedadlı heykəltaraş və memarlar yaratdığından olduqca təsirlidir. Repressiya muzeyi kiçik və sadə olsa da, təsirlidir. Köhnə kərpic zavodunda qazıntı aparılarkən tapılan, güllələnənlərin paltarları, salamat qalmış şəxsi əşyaları orada nümayiş etdirilir. Muzeyi ziyarətə gələn kövrək qəlbli insanlar göz yaşlarını saxlaya bilmirlər.

(Ardı var)

 

Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə - Əli Şamil

YAXUD ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ


https://525.az/site/?name=xeber&news_id=112428#gsc.tab=0

25.12.18   13:57 

Əli ŞAMİL

ali-shamil@yahoo.com

(Əvvəli ötən sayımızda) 

Balasaqun xarabalıqlarını və Burana minarəsini ziyarət 

Oktyabrın 1-də rahat bir avtobusla Bişkekdən simpozium keçiriləcək Karakol şəhərinə yola çıxdıq. Çuy çayının vadisilə Isık gölə doğru irəliləyirik. Çayın biz getdiyimiz sol sahili Qırğızıstan, sağ sahili isə Qazaxıstandır. Nə tikanlı məftil gözə dəyir, nə də sərhədçi postları. Qazaxıstan tərəfdə yol-iz də yoxdur. Çılpaq qaramtıl dağlardır.

Təxminən, 85 kilometr gedəndən sonra Çuy vilayətinin mərkəzi Tokmok şəhərinə çatırıq. Sovetlər Birliyi çökdükdən sonra Qırğızıstanın inzibati-ərazi bölgüsündə bəzi dəyişikliklər aparılıb. Ölkə 8 vilayətə, vilayətlərin hər biri də bir neçə rayona bölünüb.

Avtobusumuz Tokmok şəhərindən sağa dönür. O qədər də hamar olmayan yolla 10-15 kilometr getdikdən sonra Burana minarə-qülləsinin yanında avtobusdan enirik. Yaxınlıqda yaşayış məskəni görünmür. Diqqəti cəlb edən bircə Burana minarə-qülləsidir. Göylərə baş çəkən, "baxanda papağın yerə düşən" bu möhtəşəm abidəni ucaldan insanların bacarığına heyran qalmamaq olmur. Arxada, uzaqlarda görünən başıqarlı dağlar isə minarəni daha da əzəmətli edir.

Qırmızı kərpicdən tikilmiş abidənin hündürlüyü 24,6 metrdir. İçərisindəki vintvari pilləkanla başına qalxmaq olur. Pilləkənlərin girişi isə yerdən 3 metrə yaxın ucalıqdadır. Turistlərin oraya çıxması üçün dəmirdən məhəccərli vintvari pilləkən düzəldiblər. Qaynaqların verdiyi bilgiyə görə, minarə-qüllənin ucalığı 40 metrdən çox olub. Buradakı əzəmətli məscid, mədrəsədən, Qaraxani dövlətinin paytaxtlarından olan şəhərdən çox yazıb, çox deyiblər. İndi o əzəmətdən, o möhtəşəmlikdən, o gurluqdan tək-tənha bir minarə-qüllə qalıb.

Dünya mədəniyyətinə və ədəbiyyatına "Qutadqu bilig" kimi əzəmətli bir əsər bağışlamış Yusif Has Hacibin doğulduğu Balasaqun şəhərinin adı qaynaqlarda Qarabalasaqun, Koz Ordu, Koz Uluş, Kuz Uluş kimi də yazılır. Qaraxanilər dövlətinin ən möhtəşəm şəhərlərindən olan, ipək yolunun üzərində yerləşən Balasaqunun xarabalıqları belə görünmür. Hər yeri ot basıb. Olduqca məhsuldar torpaqda hər yer çəmənə, yaşıllığa çevrilib.

943-cü ildə islam dinini qəbul edən Qaraxanlı dövlətinin başçısı Satuk Buğra Qaraxanın hakimiyyəti dövründə Balasaqunda böyük mədəni və iqtisadi sıçrayış yaranıb. Şəhər memarların, sənətkarların, şair və filosofların mərkəzinə çevrilib. Kərpic istehsalı durmadan artıb. Bişmiş kərpicdən tikilən binalar şəhərə xüsusi gözəllik verib. 

Burana adlandırılan əzəmətli tikilidən həm azan verilən minarə, həm də gözətçi qülləsi kimi istifadə edilib. Babalarımızın yüksək mədəniyyətindən və gücündən xəbər verən qülləni görəndə nə qədər qürur duyuramsa, şəhərin xarabalığını örtmüş çəməni görəndə halımıza ağlamaq istəyirəm. Bilmədim, dünyasını dəyişmiş babalarımız üçün göz yaşı axıdım, yoxsa qüdrətli babaların yerində qalmış əfəl övladların gününə ağlayım.

Muzeyin direktoru Jıldız Bakaşova deyir ki, bu qüllənin başında qaranlıq gecələrdə məşəl yandırırmışlar ki, çöllə gələn karvan yolu azmasın, uzaqdan şəhərin harada olduğunu bilsin.

Abidə nə qədər möhtəşəm və əzəmətli olsa da, ətrafına düzülmüş balballar ona xələl gətirir. Müxtəlif yerlərdən yığıb buraya gətirdikləri balballarla, guya açıq səma altında muzey yaradıblar. Lakin bu balballar turistlərin diqqətini o qədər də cəlb etmir. İstər yerli, istərsə də xarici turistlər təkəmseyrəkdir.

Muzeyin direktoru Jıldız Bakaşova bir neçə dəfə Bakıda olub, paytaxtımızdan heyranlıqla danışırdı. O, qonaqlara bilgi verdikdən sonra bizim yanımıza gəldi. Azərbaycana və azərbaycanlılara böyük sayğısını bildirdi. Öyrəndik ki, minarətin yaxınlığına düzülmüş balballar invertarlaşdırılıb və haradan gətirildiyi kitabda qeyd edilib. Amma bunu turistlər bilmir. Məsləhət gördüm ki, balballar öncə haradaymışsa, orada onların şəklini çəkəydiniz, onları buradakı qapalı muzeydə göstərəydiniz.

Mən Kaşkarda Yusif Has Hacib Balasaqunlunun məzarını ziyarət etdiyimi söylədim. Bildirdim ki, bu gün istəyənlərin çoxu Kaşkara gedə bilmir. Çin hökuməti müxtəlif əngəllər yaradır. Yaxşı olar ki, Balasaqun şəhərinin xarabalığının bir tərəfində, yəni minarənin görüntüsünə xələl gəlməyən bir yerdə yüngül və ucuz materialdan Yusif Has Balasaqunun türbəsinin surəti eyni ölçüdə qurula.

Xarici ölkələrdən, xüsusən, Türkiyədən bu yöndə öyrəniləsi çox şey var. Turistlərin avtobusdan endiyi yerdə kiçik emalatxanalar yaradıla bilər. Orada Qırğızıstanın yazılı daşları, Isık göl, Ata-Beyt və başqa  yerlərin təsviri olan hədiyyəlik əşyalar hazırlanıb satılar. Yaxında kiçik meyvə-tərəvəz bazarı olsa, gələnlər yerli məhsullardan alarlar. Muzeyin daha məzmunlu qurulmasından söhbət getdiyinə görə direktor da həvəslə dinləyir, qeydlər edirdi. Ona Türkiyədə yaşayan araşdırıcı dostumuz, YUNESKO-dakı  komissiyaların fəallarından olan Ocal M.Oğuzun telefonunu verdim və onunla əlaqə yaratmasını məsləhət gördüm.

Burana muzeyindən ayrılarkən qaça-qaça gələn bir gənc avtobusa çıxdı və mənim adımı soyadımı çəkərək salona göz gəzdirdi. Mən əlimi qaldıranda yaxınlaşıb vizit kartı verdi. Dedi ki, direktorumuz xahiş edir, ona məktub yazasınız. Sizinlə məsləhətləşməli bəzi məsələlər var.  

Isık göl vilayəti 

Buranadan ayrılıb Karakola doğru yola çıxırıq. Karakol həm Isık göl vilayətinin, həm də onun tərkibindəki Ak-Suu rayonunun mərkəzidir. Vilayət Isık göl hövzəsini əhatə edir. Sahəsi 43,1 min kvadratkilometr, əhalisi 500 min nəfərə yaxındır. Bu o deməkdir ki, vilayətin ərazisi Ermənistan Respublikasının ərazisindən 13,357 min kv.km. çoxdur.

Əhalisinin sayına görə Qırğızıstanın Oş və Calalabad vilayətlərindən geri qalsa da, ərazisi Narin vilayətindən sonra ikinci yeri tutur. Vilayətə Isık göl, Tüp, Tong, Yedi-Öküz və Ak-Suu rayonları daxildir. Ölkənin dəmiryolu isə Isık gölün sahilindəki Balıqçı qəsəbəsinədək uzanır.

Qırğızıstanla Qazaxıstanın sərhəddini müəyyənləşdirən Çuy çayının kənarı ilə üzüyoxuşa gedirik. Dağlar bol sulu çayı sıxaraq dar bir yataqla axmağa məcbur edib. Isık gölə 5-6 kilometr qalmış Çuy çayı görünməz olur. Çuy çayı başlanğıcını Tərs Ala Too (too dağ anlamındadır. Biz həmin sözü rus dilindən aldığımızdan tau şəkilində yazırıq) dağlarındakı buzlaqlardan alır. Suyu nə qədər bol olsa da, suvarmada istifadə edildiyindən və Mumqum səhrasının qumluqlarında batdığından keçmişlərdə olduğu kimi, duzlu Akjaykın gölünə çata bilmir.  

Bizim yolumuz çay yuxarı deyil, sola, gölün kənarındakı Balıkçı qəsəbəsinə doğrudur. Qəsəbədə yol ikiyə ayrılır. Biri gölün güneyi, o biri isə gölün quzeyi ilə gedir. Gölün qüzeyindəki yol dağların güneyində olduğundan daha işləkdir. Göyçə gölünün sahilindəki yollar da belədir. Yəni qışda nə qədər qar-boran olsa da, hava sakitləşən kimi gün vurub əridir, yollar açılır. Qüzey yolu isə qışda həmişə donuşluq olur. Gərək oranı tez-tez qardan-buzdan təmizləyəsən.

Qüneydən Küngöy Ala Too, qüzeydən Təskey Ala Too dağları ilə əhatələnən Isık gölü Güney Amerikadakı Titikaka gölündən sonra dünyanın ən böyük dağ gölü sayılır. Tektonik çuxurda yerləşən gölün uzunluğu 182, eni 60 kilometr, sahil boyu isə 988 kilometrə yaxındır. Gölün orta dərinliyi 278 metr, ən dərin yeri isə 668 metrdir. Mahmud Kaşğarlı "Divan-i lüğət-i it türk" əsərində Barsgan  (gölün güney sahilində Barskon qəsəbəsi var) gölünün uzunluğunun 30 fərsəx, eninin 10 fərsəx olduğunu yazır. Ölçmə cihazlarının olmadığı bir zamanda onun yazdığının günümüzün ölçüləri ilə üst-üstə düşməsinə heyrətlənməmək olmur.

Göyçə gölü ilə Isık göl bir-birinə oxşasa da, aralarındakı dəniz səviyyəsindən 300 metr fərq ətraf təbiətə, bitki örtüyünə də təsir göstərir. Hər iki gölün ətrafındakı çəmənlər stadionların yaşıl örtüyünü xatırlatsa da, Isık gölün sahili boyu uzanan yolun kənarında qovaq, qarağac, başqa ağac və kollar var. Onların arxasındakı alma, armud, gavalı bağları gölün  beş-on metrliyindən dağların yamacınadək uzanıb gedir. Burada qara gavalı oktyabrda yetişir. Məhsul o qədər boldur ki, salxım kimi sallanır və az qalır ki, ağacların budaqlarını sındırsın.

Gölün güney sahilləri dərin, qüzey sahilləri isə dayazdır. Ona görə də istirahət yerlərinin, sanatoriyaların, çimərliklərin əksəriyyəti qüzey sahillərdədir. Buranı, adətən, keçmiş SSRİ-nin Antalyası adlandırırlar. Amma Antalyadakı otellər, xidmət hara, buradakılar hara. Sovetlər Birliyi dağıldıqdan buradakı istirahət mərkəzləri, sanatoriyalar da baxımsız qalıb. Xarici ölkələrə gedib oradakı xidməti görən adamlar qiymətləri ucuz olsa belə, buraya gəlmək istəmirlər. Məcbur qalıb yeni, müasir tələblərə cavab verən binalar tikməyə başlayıblar. Xaricdən yatırımcılar, iş adamları dəvət ediblər. Beləcə Isık gölü sahillərindəki dincəlmə yerlərində, sanatoriyalarda bir canlanma yaranmağa başlayıb. 

Isık göl əfsanəsi 

Qırğızlar Isık gölü "Kırğızıstan bermeti (incisi)" adlandırır və müqəddəs sayırlar. Ruslar gələnə kimi qırğız, qazax, uyğur və başqa xalqlar burada çimmirmişlər. Xalq arasında Isık gölün müqəddəs olması haqqında əfsanələr dolaşır. Həmin əfsanələrin birində deyilir: "Bir zamanlar başıqarlı dağlarda su sonası kimi gözəl bir qız yaşayırmış. O, həm gözəl, həm də ağıllıymış. Dünyanın dörd bir yanından ona elçilər gəlirmiş. Günlərin bir günü Doğudan Ulan, Batıdan isə San Taş adlı iki oğlan  qıza elçi gəlir. Görənlər, tanıyanlar bu oğlanların ağlına, bacarığına, igidliyinə heyran qalırlar. Qız onlardan birini o birindən seçə bilmir. Çıxış yolu tapa bilmədiyindən ağlamağa başlayır. Göz yaşları o qədər axır ki, dağların arasında göl yaranır. Qız özü isə göz yaşından yaranan göldə boğulur.

Qızı sevən, ona qovuşmağa gələn oğlanlar bu xəbəri eşidib evlərinə dönürlər. Lakin qızın ölümündə günahı Ulan San Taşda, o isə Ulanda görür. Qızın ayrılığına tab gətirməyib onlar da küləyə çevrilirlər. Hərdən aşiq olduqları qızın yaşadığı yerə gəlirlər. Onlar gölün üzərində qarşılaşanda tufan qopur, ətrafı qar-boran bürüyür. Qırğızlar həmin vaxtdan Doğudan əsən yelə Ulan, Batı küləyinə isə San Taş deyirlər.

Ümumdünya tufanından bəhs edənlərin bir çoxu Nuhun gəmisinin Ağrıdağda quruya çıxdığını yazır. Buna əsaslanıb Nuhun oğlu Yafesin də Ağrıdağ ətrafında dövlət qurduğu fikrini söyləyirlər. Rus alimi V.Bartold isə hicri 520-ci (miladi 1126) ildə yazılmış "Mucmil al-tavarix via al-kişaş" əsərini nəşrə hazırlayarkən ona yazdığı izahlarda qeyd edir ki, Isık göl kənarında bir dağ var... Türk (Yafesin oğlu) orada yaşadı... Bir gecə dağın başında bir od gördü... O dağa Anduk Art adını verdi...

(Ardı var)

Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə

YAXUD ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ

https://525.az/site/?name=xeber&news_id=112494#gsc.tab=0
26.12.18   10:59 

Əli ŞAMİL

ali-shamil@yahoo.com

(Əvvəli ötən sayımızda) 

Isık gölün gizlinləri 

Gölün suyu duzlu olsa da, olduqca təmiz və şəffafdır. Mütəxəssislər deyirlər ki, gölün 60 metr dərinliyində üzən balığı görmək olur.

Xəzər dənizi neçə ildən bir gah qabarıb sahillərini su altında qoyub, gah da geri çəkildiyi kimi, Isık gölündə də belə qabarma və çəkilmələr olub. Amma Xəzərlə Isıkın eyni vaxtdamı, yoxsa fərqli zamanlardamı qabarıb çəkildiyi haqqında bilgimiz yoxdur. Arxeoloqlar Isık gölün sularının 5-10 metr dərinliyində 2500 il öncələrin tikinti qalıqlarını aşkara çıxarmışlar. Günümüzədək gəlib çatmış sualtı tikililər burada böyük və zəngin bir şəhər olduğunu göstərir. 

Su altındakı 500 metr uzunluğundakı divar qalıqlarının çevrəsindən arxeoloqlar çoxlu ox ucları, pullar, qulplu bürünc qablar, xəncərlər, baltalar və başqa əşyalar tapmışlar. Onlar Əmir Teymurun bir zaman Isık gölün sahilində olan sarayının qalıqlarını da su altında tapdıqlarını yazırlar.  

Ornekdən Almatıya gedən yol 

Ornek qəsəbəsini keçəndə TİKA-nın Qırğızıstan ofisinin əməkdaşı Ağılbay sağa - dağlara doğru ayrılan asfalt yolu göstərərək: "Bu yol düz Qırğızıstan sərhəddinə kimi gedir. Dağlara dirənib durur. Oradan 5-6 kilometrlik bir tunel vurulsa, Almatıya maşınla 35-40 dəqiqəyə getmək olar. Yayda adamlar atla, dəvə ilə dağları aşıb Almatıya gedirmişlər. Elə ki payız gəldi, qar yağdı, may ayına kimi o yolla getmək mümkün olmur.

Ornek qəsəbəsindən Çolpon-Ata şəhərinə o qədər də uzaq deyil. 15-20 dəqiqə sonra vilayətin ikinci inkişaf etmiş şəhərinə çatırıq. Bişkekdən buraya 240 kilometdir. Gedəcəyimiz Karakol şəhərinə isə 135 kilometr qalır. Burada fasilə verəcək, yeyib-içəcək, açıq havadakı muzeylə tanış olacaq, sonra yolumuzu davam etdirəcəyik.

Çolpan-Ata şəhəri qoyunçuluq əyəsi-mələyi, yəni qoyun sürülərinin qoruyucusunun adını daşıyır. Biz çoban deyirik və çobanın əski inanclarımızda qoyunçuluq əyəsi-mələyi olduğunu da çoxdan unutmuşuq. Türküstanda, hətta Türkiyədə də bu günün özündə göydəki ən işıqlı ulduzlardan birinə - bizim Zöhrə, Dan ulduzu kimi tanıdığımız ulduza Çolpan ulduzu deyirlər. 

Ruh Orda muzey kompleksində 

Çolpon-Ata şəhəri Sovetlərin turizm mərkəzlərindən biri olmuşdu. Dediyimiz kimi, Isık gölünün sahillərindəki istirahət yerlərinin çoxluğunu nəzərə alıb buranı SSRİ-nin Antalyası da adlandırıblar.

Şəhərin göllə birləşdiyi yerdə kiçik bir körfəz var. Onun sahillərini abadlaşdırıblar. Körfəzdə kiçik qayıq və katerlər var ki, buraya gələn turistləri gəzdirsin.

Sahildə Çingiz Aytmatovun xatirəsinə yığcam və çoxçalarlı bir açıq muzey düzəldiblər. Bu muzey Ruh Orda-Ruh Mərkəzi adlanır. Burada, demək olar ki, hər şey Çingiz Aytmatovun adı ilə bağlıdır. Çəmənliklərə onun əsərlərinə həsr edilmiş heykəllər qoyulub. Tez-tez yazıçının əsərləri əsasında hazırlanmış heykəllərin müsabiqəsi keçirilir. Müsabiqədə bəyənilən heykəlləri burada görmək olar. Yazıçının "Cəmilə"dən başlamış, "Ana tarla", "Əlvida Gülsarı", "Dəniz kənarı ilə qaçan alabaş", "Əsrə bərabər gün", "Qətl kötüyü" və başqa əsərlərindən ayrı-ayrı parçalar burada heykəlləşib.

Qırğız xalqının inanc tarixini əks etdirməyi də unutmayıblar. Burada kiçik ölçülü də olsa məscid də var, kilsə də, sinaqoq da, budda məbədi də. Tanrıçılığı da unutmayıblar, onun üçün də bir bina ayırıblar. Amma məscidə girsən, arxasında namaz qılacağın pişnamaz (imam) görməyəcəksən, kilsəyə girsən, günahlarının bağışlanmasını Allahdan rica edəcək keşiş yoxdur. Tanrıçılıq məbədində isə şaman yoxdur ki, ondan sənin taleyindən xəbər verməyi, müalicə etməyi xahiş edəsən, Budda mədənində də rahib yoxdur. Yəni hamısının içi boşdur.

Burada çoxlu müxtəlif ölçülü heykəllər də var. Onların arasında Viktor Hüqonun da, ABŞ prezidenti T.Ceffersonun da, A.Nobelin də, Aristotelin də, Buddanın və başqalarının da heykəlləri var. Hamısı oturmuş haldadır. Yeganə ayaq üstə Mustafa Kamal Atatürkün heykəlidir. Necə deyərlə r, ciddi bir prinsip gözləmədən, hətta bir-birinə zidd düşüncəli insanlara da heykəl qoyublar. Əsl turizm yeridir. Necə deyərlər, buraya gələnlərin xatirinə dəymək istəməyiblər. Tanınmış filosofları da, yazıçı-şairləri də, dövlət adamlarını da, din xadimlərini də yaddan çıxarmadıqlarını tamaşaçıya xatırlatmağı bacarıblar. Kiçik bir örtülü muzey də yaradıblar. Orada Qırğızıstanın tarixini özündə əks etdirən eksponatlar var. 

Karakola doğru 

Isık gölün kənarı ilə irəlilədikcə sürülərə, naxırlara, ilxılara tez-tez rast gəlirik. Sürülərin yanında çoban gözə dəysə də, naxırın yanında sığırçı, atların yanında ilxıçı gözə dəymir. Muxtar müəllim deyir ki, ilxını adətən kinolarda, televizorda görmüşəm, birinci dəfədir təbiətin qoynunda otlayan ilxısı ilə rastlaşıram. Mən isə uşaqlıqda və yeniyetməliyimdə dəfələrlə ilxı görmüşdüm. İlxının yanındakı ayğır bərkdən fınxıraraq atların ətrafında gəzinir, onların hər bir hərəkatınə ciddi nəzarət edir, ilxıdan uzaqlaşmaqda olan atı, daylağı qovaraq geri qaytarırdı. Qayıtmaq istəməyən, müqavimət göstərəni isə dişləməklə cəzalandırırdı.

Ayğırın qorxusundan ilxıya yaxın düşmək, at tutmaq olmur. Canavar, ayı da ayğır olan ilxıya yaxın düşə bilmir. Məni heyrətləndirən o idi ki, olduqca güclü və sağlam olan ayğır daim ilxını diqqətdə saxlayır. Bəs özü nə vaxt otlayır ki, belə güclü olur?

Qoyun sürüsünün önündə, adətən, dıbır görməyə alışmışıq. Yol boyu gördüyümüz sürülərdə isə dıbır gözə dəymirdi. Qoyunlar da merenos cinsindən idi.

Isık göl görünməz olduqdan sonra 10-15 kilometr də gedib vilayət mərkəzi olan Karakola çatırıq. Sanki Göyçə gölünü keçib Basarkeçərə gedirsən. Bizim üçün Qarağat otelində yer ayırmışdılar. Uzun yolçuluqdan sonra, deyəsən, heç kimin şəhərin axşamını seyr etməyə həvəsi qalmamışdı. 

Karakol şəhəri  

Şəhərin əhalisi 75 min nəfəri keçib. Xalq etimologiyasına görə, buraya gələn ilk türklər əllərini torpağa vuranda əllərinin (qollarının) qara olduğunu görüb buraya Qara qol adını veriblər. Bu o qədər də inandırıcı görünmür. Çünki Isık gölün güney ətrafı, bütövlükdə, qara torpaqdır. Onda gərək sahil boyundakı şəhər və kəndlərin çoxunun adında qara sözü olaydı.

1886-cı ildə buradakı yaşayış məskəninə rus səyyahı, coğrafiyaçısı, bölgənin çar Rusiyası tərəfində işğal olunması üçün sənədlər hazırlamış Nikolay Prjevalskinin şərəfinə Prjevalski, 1926-cı ildə Lenin adı verilmişdi. 1991-ci ildə Qırğızıstan müstəqilliyini qazanandan sonra şəhərin keçmiş Karakol adı qaytarılmışdı.

Şəhərdən Çin Xalq Respublikasının sərhəddinə o qədər də uzaq deyil. Əslində, Karakol şəhəri də Doğu Türküstanın bir parçasıdır.

Doğu Türküstanın Aksu (Ağsu) şəhərinə gedən karvan yolu burada keçir. Sovetlər Birliyi zamanı sərhədlər möhkəmləndirildiyindən karvan yolu da öz əhəmiyyətini itirib.

Şəhər köhnə Sovet qəsəbələrini xatırladır. Son illər yeni binalar tikilməyə başlayıb. Onların sayı da o qədər çox deyil. Tarixi abidə adına diqqətimi çəkən 1910-cu ildə dunganların (Çin dilinin bir dialektində danışan dunqanların dindarları müsəlmandır) tikdiyi məscid oldu. Ağacdan, bir mıx belə vurmadan, Çin məbədləri üslubunda tikilmiş bina son illər təmir edildiyindən gözəl görünür.  

Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu 

Oktyabrın 2-də Kasım Tınıstanov adına Isık göl Unversitetinin toplantı salonunda simpoziumun açılışı oldu. Mərasimdə Isık göl Universitetinin rektoru, Prof.Dr. Kurmanbek Abdıldayev, Hacı Bektaş Veli Kültür Dərnəyi Başqanı Mustafa Özcivan, Muğladakı Sıtkı Koçman Universitetinin dosenti Kenan Koç, Dünya Söz Akademiyası başkanı Hayrett İvgin, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu İmanov, TİKA Bişkek Proqram koordinatoru Ali Muslu və b. çıxış etdilər. Onlar simpoziumun məqsəd və vəzifələrindən, görüləcək işlərdən, yeni yaradılmış universitetin gələcək planlarından, bölgənin iqtisadi durumudan  danışdılar.

Bu elmi məclisdə TİKA tərəfindən bir neçə elm adamı ilə yanaşı, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu da Türk Dünyasının Kültürünə Xidmət ödülü təqdim edildi.

Sovet dövründə Moskvadan gələnlərin  rəsmi toplantılarda rusca danışmasını qanunu bir hal sayırdıq. Hətta onlar azərbaycanlı olsalar da, adətən, rusca danışmağa üstünlük verirdilər. İstər simpoziumun açılışında və bağlanışında, istər bölmə iclasında, istərsə də protokol bağlanarkən Muğladakı Sıtkı Koçman Universitetinin dosenti Kenan Koç qırğız dilində danışırdı. Onun qırğızca şirin və səlis danışmasını qazaxlar da, qırğızlar da heyranlıqla dinləyirdilər. Açılış iclasında Kenan Koç danışanda arxamda oturmuş xanımlardan biri o birinə deyir: "Türklər gəlib burada qırğızca danışırsa, bizim rusca məruzə etməmiz ayıb olar. Gərək axşam məruzəmi qırğızcaya çevirəm".

Kenan Koç təkcə dolğun, səmimi və inandırıcı çıxışları ilə deyil, təşkilatçılıq qabiliyyəti ilə də hamının diqqətini özünə çəkə bilmişdi. Açıq-aydın görünürdü ki, bu simpoziumun hazırlanmasında və keçirilməsində onun əməyi olduqca böyükdür. Simpozium üçün yerin seçilməsindən tutmuş, qırğızlarla danışıqları və yazışmaları da o aparmışdır.

Simpoziuma Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycandan "Qutadqu bilig", "Divani-luğat-it-türk", "Ətabətül-həqayiq", "Dədə Qorqud" kimi ədəbi abidələri dil, etnoqrafiya, folklor, mətnşünaslıq, ədəbiyyatşünaslıq və digər istiqamətlərdə araşdıran 40 məruzəçi qatılmışdı. Açılış toplantısından sonra məruzələr 11 bölmədə dinlənildi.

Azərbaycandan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov "Dədə Qorqud" boylarında iki motivin ritual-mifoloji kökləri", AMEA Folklor İnstitutu xarici əlaqələr bölməsinin müdiri kimi mən "Qutadqu-bilig"in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu", hazırda Türkiyədə işləyən professor Məqbulə Səbziyeva "Azərbaycan incəsənətində "Kitabi-Dədə Qorqud" mövzusunda məruzə oxuduq.

İki gün davam edən simpoziumun araşdırıcılarına bölgəni yaxından tanımağa, əlaqələr yaratmağa imkan yaradıldı. Axşam isə bizi hippodroma apardılar. Orada 53 beynəlxalq yarışdan 50-i birinci başa vurmuş Kosmos adlandırılan at hamının diqqətini çəkdi.

Simpoziumda diqqətimi çəkən bir də o oldu ki, Türkiyədən gələnlərlə yarıqırğız, yarıtürk dilində danışmağa çalışan alimlər bizi, yəni azərbaycanlıları görən kimi rusca danışmağa başlayırdılar. Həm də xahiş edirdilər ki, onların dediklərini Türkiyədən gələnlərə tərcümə edək. Bir neçə dəfə belə bir durum yarananda mən heç nə demədən oradan uzaqlaşırdım. İstəyirdim çətinlik çəksələr də, bir-birinin dediklərini başa düşsünlər. Hamımız eyni sahədə çalışdığımızdan, terminlər eyni olduğundan qırğızla, qazaxla, özbəklə tərcüməçisiz danışmaq, fikir mübadiləsi aparmaq o qədər də çətin olmurdu. Çətinlik ana dilinin bilməyənlərlə söhbət zamanı yaranırdı. Adamlar rus dilində danışmayanda onların qıcıqlandığı açıq-aşkar duyulurdu. Bəzən də içərilərindən keçənləri dilinə gətirərək: "Bu simpozium nəyə lazımdır! Bu türklər niyə belə geridə qalıblar, rusca bilmirlər!" deyirdilər.

Onların fikrincə, rus dilini bilməyən bir adam neçə dil bilsə də, ciddi alim ola bilməz.  

Sayılı daş - səma altında açıq muzey 

Axşamları Karakol şəhərindəki "Qarağat" otelinin foyesində qara çay içərək şirin söhbətlər edən araşdırıcılar oktyabrın 4-də gəldikləri yolla da geri qayıtdılar. Çolpon-Ataya çatanda bizi şəhərin qüzeyində çay yatağını  xatırladan bir yerə gətirdilər. Ərazi yüngül dəmir barmaqlıqlarla hasara alınmışdı. Burakı Isık göl Tarixi Mədəni Muzeyi qayaüstü petroqlifləri ilə məşhurdur.  Qobustana bənzəsə də, qayaüstü rəsmləri az olduğu kimi, ərazisi də kiçikdir. Muzeyi tanıdanların fikrincə, bu rəsmlər, təxminən, iki min il əvvəl cızılmışdı. Onları cızanlar isə Günəşə sitayiş edənlər olduğundan rəsmlərin hamısı daşların güney tərəfindədir.

Alətlərin ibtidai dövründə cızılıb rənglənsə də, rəsmlər hələ də təravətini itirməyib. Rəsmlərdə dağ keçisi, maral, bəbir, ovçu  şəkilləri təsvir edilib. Araşdırıcılara görə, bu rəsmlər İskit mədəniyyətinin daşıyıcısıdır. 

Geri dönüş 

Isık gölün sahilindəki Balıkçı qəsəbəsindən keçəndə yol kənarında hisə verilmiş balıq satılırdı. Gedəndə almadım ki, özümə yük etməyim. Planlaşdırmışdım ki, geri dönərkən alar, Isık göl balığının dadına baxaram. Həmin yerə çatanda avtobusun beş dəqiqə saxlanmasını xahiş etdim. Simpoziumda tanış olduğum qırğız araşdırıcılar mənim fikrimi başa düşüb gülüşdülər. Dedilər ki, orada satılan hisə verilmiş balıq gördüyün gölün balığı deyil. Okeanlardan tutulub buza qoyulmuş balıqdır. Bir zamanlar qəsəbədə yaşayanlar balıqçılıqla dolanırdılar. Sonra göldə balıq azaldı. Balıq ovu və satışı məhdudlaşdırıldı. Keçmiş balıqçılar və övladları da indi kənardan balıq gətirib hisə verib satmaqla ata-baba peşələrini davam etdirirlər. Bunu eşidəndə hisə verilmiş balıq almaq fikrindən daşındım.

Axşamı Bişkekdə oteldə keçirdik. Yol hamımızı deyəsən, bərk yormuşdu. Səhər simpozium iştirakçılarından bəziləri şəhərdən xeyli aralıdakı Oş bazarına getdi ki, Çindən, Pakistandan gətirilmiş mallardan hədiyyələr alsınlar. Mən isə Qırğızıstandakı Axısqa Dərnəyinin sədr müavini Zəkəriyyə Tahiri gözlədim.

Zəkəriyyə bəy vəd verdiyi vaxtda gəldi. Mən axısqalılarla bağlı yazdığım kitabları dərnəyə bağışladım. Qırğızıstandakı axısqalıların və Azərbaycandan, Ermənistandan, Gürcüstandan buraya sürgün olunanların toplu yaşadıqları yerləri xəbər aldım. Məqsədim o idi ki, özüm gələ bilməsəm də, institutumuzun əməkdaşlarının sürgünə gördərilmiş soydaşlarımızın nəvə-nəticələrindən folklor toplamağa gəlmələrini təşkil edə bildim.

Fikrimi Zəkəriyyə bəy də alqışladı. Araşdırıcılara əllərindən gələn köməklik edəcəyini vəd etdi. Axısqanın bugünkü durumundan söz düşəndə kövrəldi. O, Qırğızıstanda doğulub. Sovetlər Birliyi dağılandan sonra ata-babasının yaşamış olduğu kəndə gedib. Oranın şəklini çəkərək, böyüdüb evinin foyesinə vurub.

Mənim aşıqlar, onların nəslindən olanlar haqqında daha çox bilgi toplamaq istədiyimi gördükdə: "Onların adlarını və yaşadıqları kəndləri yazıb mənə verin. İşim elədir ki, həmyerlilərimizlə tez-tez görüşürəm. Onlardan soruşaram. İpucu tapsam, sizə xəbər verərəm" - dedi. Avtobus bizi hava limanına aparmaq üçün gələndə Zəkəriyyə Tahirlə sağollaşıb ayrıldıq...

... Qırğızıstana səkkiz günlük səfərimizdə gördüklərim və müşahidə etdiklərim əsasən bunlar oldu

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol