Nigara İsmət qızı haqqında

Tatar gəldi su gəldi:

NIGARA İSMƏT QIZI

 

 

Antalyada keçirilən “I Türk dövlət və topluluqları dostluq, kardeşlik ve iş birliyi” qurultayında (21—23 mart 1993) Axmadin Talqat sədri olduğu Türk Gəncləri birliyinin növbəti qurultayını vəsait olmadığından keçirə bilməyəcəklərini söylədi. Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini Arif Rəhimoğlu, fasilədə onunla xeyli müzakirədən sonra Bakıda qurultayın keçirilməsinə şərait yaradacağını söylədi.

Bir ay sonra Zuğulbada (Bakı) Türk Gəncləri Birliyinin III qurultayı işinə başladı. Keçmiş Sovetlər Birliyinin müxtəlif guşələrindən — Altaydan, Kemerovadan, Tümendən, Başqırdıstandan, Tatarıstandan, Dağıstandan, Ukraynadan qumuq, altay , şor, teleut və b. azsaylı türk xalqlarının gəncləri öz nümayəndələrini göndərmişdilər. Azərbaycandakı millətçi gənclər təşkilatları, eləcə də Bakının ali məktəblərində oxuyan Türkiyəli, İranlı, Bolqarıstanlı, Krımlı, Qaqozstanlı, Axırkələkli, Dağıstanlı türk tələbələr də qurultaya qatılmışdılar. Bakı çox türk xalqlarının toplantı mərkəzi olmuşdu. Amma müxtəlif çox  türk xalqının nümayəndəsinin bu qədər iştirak etdiyi toplantı olmamışdı.

Qurultaya mən də məsləhətçi kimi qatılmışdım. Fasilələrdə və istirahət saatlarında iştirakçılarla gah təklikdə, gah ikibir-üçbir, gah da qrup halında söhbət edirdik. Krımdan gəlib Bakı ali məktəblərində təhsil alan 10—12 gəncin söhbətləri isə ürəyimcə olmadı. Sürgün illərində doğulmuş bu gənclərin əksəriyyəti rusca təhsil aldığından çoxu ana dilini bilmirdilər. Birinci kursda oxuyan bu tələbələr qurultayda gedən söhbətləri, ümumiyyətlə, toplantının məramını da o qədər anlamırdılar. Nəinki türk tarixini, heç məhdud mə’nada Krım türklərinin də tarixini ədəbiyyatını yaxşı bilmirdilər. Bir sözlə, tələbələrin seçilib təhsilə cəlb edilməsində diqqətsizliyə yol verilmişdi.

Onlarda milli şüuru oyatmaq üçün söhbətlərimdə müxtəlif vasitələrdən istifadə edirdim. Bir dəfə də Azərbaycan ədəbiyyatının qədimliyindən və zənginliyindən söz açanda, heca vəznində şerlərdən nümunələr söyləyəndə Aşıq Ömərin bir gəraylısını da dedim. Azərbaycan aşıqlarının yüz illər boyu repertuarında olan bu gəraylı tələbələrdən ikisinə tanış gəldi. Tez mənə düzəliş verərək Aşıq Ömərin Krım tatarı olduğunu bildirdilər. Mən də həmin dəqiqə onların  sözündən tutub: “Aşıq Ömər sizindirsə, onda hərəniz bir şerini söyləyin” —dedim. Hamı susdu. Bu zaman yanımızdakı azərbaycanlı gənclər bir-birinə aman vermədən “Qısqanıram” gəraylısını şövqlə dedilər. Bu mənim üçün də gözlənilməz oldu. Üzümü yenidən krımlılara tutub: “Gördünüzmü Aşıq Ömər azərbaycanlılarındır. Krımlıların olsa, şerlərini siz də əzbər bilərdiniz,” —dedim.

Mənim bu fikrimə zəif şəkildə də olsa etiraz etdilər. Etiraz edənlərin gözlərindən qəzəb  yağırdı. Elə bil uşağın əlindən qoğalını, ya sevimli oyuncağını almışdın. Bu qəzəb mənə qarşı yönəlsə də ürəyimdə sevindim. Demək, hələ tam biganələşməyiblər. Ata-babalarının yaratdığı mədəniyyətə, ədəbiyyata sahib çıxmaq istəyən var.

Sonralar da toplantılarda, diskussiyalarda məhz mənə qarşı qəzəblə baxan o iki gənclə — M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk dili tərcüməçiliyi şöbəsində oxuyan — Dilarə Mustafa qızı Ablakimova və Nigara İsmət qızı Kurtbilalova ilə tez-tez rastlaşdım. Onlar ilk söhbətimizin acısını unuda bilmir, məndən uzaq olmağa çalışırdılar. Zaman isə onların istəyinin əksinə fırlandı. Mən onları doğma balalarım  kimi sevdim, qayğılarına qaldım. Bakıda təhsil aldıqları müddətdə bizim ailənin üzvlərinə çevrildilər.

Bir dəfə mətbəxdə xörək hazırlamaqda xanımıma yardımçı olan Nigaranın  söhbəti məni bərk təsirləndirdi. Sürgündə yaşadıqları illərdən danışırdı. Deyirdi: —Özbəkistanda yaşasaq (O sürgün illərində Səmərqənd yaxınlığındakı Kata Kurqan—Böyük Kurqan şəhərində doğulmuşdu—Ə.Ş.) da nədənsə bizimlə dili bir, dini bir xalqla yaxınlıq etmirdik. Tatarların uşaqları rus bağçasında olur, rus məktəblərində təhsil alırdılar. Rus uşaqları addımbaşı qürurla rus olduqlarını söyləyib öyünərdilər. “Tatar” sözü isə təhqir kimi işlədilirdi. Yaxşı yadımdadı, birinci sinifdə oxuyurdum. O qədər təhqir olunmuşdum, ki, daha tatar olmaq istəmirdim. Evə gələndə anama üsyankarcasına: “Mən nə vaxt rus olacam?” —deyə sual verdim. Anam müəllimə idi. Mənim həyəcanımın səbəbini başa düşdü. Heyrətlə mənə baxdı. O baxışını bu gün də unutmamışam. Sonra məni bərk-bərk bağrına basaraq: “Biz  heç vaxt rus olmayacağıq. Tatarıq, tatar da olaraq qalacağıq,  böyüyəndə ruslar rusluğundan qürur  duyduğundan çox, sən tatarlığından qürurlanacaqsan” —dedi.

Rusiyada “tatar” sözünün təhqir kimi  işlədilməsi yeni deyil, dillərində “Çağrılmamış qonaq tatardan pisdir” kimi atalar sözü də var. Türk soylarının əksəriyyəti onlar üçün tatardır. Çar Rusiyasının rəsmi sənədlərində Qafqaz türklərinin hamısı tatar kimi qeyd edilirdi. Bu gün özlərini rus adlandıran xalq yüz illər boyu tatar adlandırdıqları xalqın qurduğu dövlətin tərkibində yaşadı. Onlardan döyüş sənətini, idarəçiliyi, dövlətçiliyi və s. öyrəndi. Dirçəlməyə başlayanda nankor şagird kimi hər şeyi inkar edib öyrəndiyi xalqa divan tutmağa başladı. Tarixi tam dəyişə bilməsə də onu müxtəlif cür  yozmaqdan çəkinmədilər.

Həqiqətləri gizlətmək üçün rus tarixçiləri miladdan öncə birinci minillikdə indiki Rusiya Federasiyasının, Ukraynanın güney bozqırlarında kimmerlərin, tavrların, skiflərin (saklar) dövlət qurduğunu yazdılar. Qüdrətli skif (sak) dövləti miladın 3-4-cü yüzilliyində hunları darmadağın edib öz dövlətlərini qurduqlarını təbliğ etdilər. Sonra da Xəzər xanlığından, Volqa Bulqarıstanından, tatar-monqol basqınlarından, Qızıl Ordadan gen-bol danışdılar. Hamısını da vəhşi, qaniçən göstərdilər. Demədilər, yazmadılar ki, kimmerlərin də, skif adlandırdıqları sakların da, xəzərlərin də, bulqarların da, peçeneqlərin də, tatarların da dövlət quran əsas  hissəsi türk soylu olub. Qısa fasilələrlə 2500 ildən çox bölgədə şəriksiz  hakim olan xalq onların yazdığı kimi qəddar, vəhşi idisə, onda necə olub ruslar, belaruslar, ukrainlər, moldavlar, bolqarlar, rumınlar, marilər və b. xalqlar günümüzədək gəlib çıxıblar.

Rusiyanın cəmi 200 illik hakimiyyəti dövründə isə bu yerlərin qədim sakinlərinin bəzilərinin az qala kökü kəsilib. Krım, Axıska, Qaraçay, Balkar və b. türk xalqları elliklə doğma yurdlarından sürgün ediliblər. İnsanlara söz demək yasaqlananda fikirlərini mahnılarla ifadə ediblər. Krım türklərinin sürgündə yaratdıqları bir mahnını Nigarə ilə Dilarə ürək göynədən bir səslə belə oxuyurdular:

 

On səkkiz mais gecəsində prikaz oxundu.

Nafle yerdən anlaşmamış sürgün edildik

 

Şu Krımın dağları yüksək suları salxım

Krım bizim vatanımız idi. Ayırdılar bizi.

 

Bağçasaray vağzalında poezka mindik,

İyirmi iki günyol gezib Taşkende geldik.

 

Samarkandın vağzalına gətirib tökdülər

Yıxılsın bu kara günlər görməsin gözüm.

 

Adım tatar, yurdum Krım bu nasib olub

Bu türklüyü unutmayın xatırlayın tez-tez

Krıma qayıtmax qismet etsin epimizge.

 

Dilarəgilin ailəsinin 1974-cü ildə Krıma  köçdüyünü, vətənlərində 15 ilə yaxın icazəsiz, səksəkə içərisində yaşadıqlarını, Nigarəgilin ailəsinin isə 1989-cu ildə Krım türklərinə vətənə dönmələrinə icazə verildikdən sonra gəldiklərini bilirdim. Köçlə bağlı qarşılaşdıqları çətinliklərdən  də xəbərdardım. Dilarənin atası Mustafa kişi 1974-cü ildən Krımda yaşasa da, hələ də doğulduğu Taraxtaş (Sudak rayonu) kəndinə dönə bilməyib. Nigarənin atası İsmət isə Taraxtaşda (Taraxdaşda – kəndin yaxınlıında uzaqdan darağı xatırladan qayalıq var. – Ə.Ş.) ev alıb yaşasa da, doğulduğu Qozlu kəndində də torpaq sahəsi alıb. Ev tikib oraya köçmək fikrindədir.

Nigarə Krıma ilk gəlişini və sonralar şahidi olduğu bir hadisəni belə xatırlayırdı:

— 1979-cu ildə atam məni və bacımı götürüb icazəsiz Krıma gəldi. Doğulduğu kəndə getdik. Atam kəndin ceviz meşəsinin yaxınlığında salındığını söylədi. O zaman başa düşə bilmədim, kəndi niyə Cevizli deyil, Qozlu adlandırıblar. Atam da bunu izah edə bilmədi. Bakıya oxumağa gələndə burada hamının cevizə “qoz” dediyini gördüm. Onda babalarımızın Azərbaycan türkləri sayaq cevizə “qoz” demiş olduqlarını anladım.

Atam bizi çox gəzdirdi. Dağlar arasında gözəl mənzərəli bir yeri göstərib: “Bura qız amamıdı. Yayda avalar sıcaq olanda ot biçməyə, səbzə, meyvə yığmağa gəlmiş qadınlar, qızlar buradakı uçansuda çimərdilər. Ətrafdan bura görünməz” —dedi. Biz dərədəki qayalığa baxdıq. Sudan əsər-əlamət yox idi. “Ata burda su yoxdu. Qızlar necə çimərdi?” —deyə xəbər aldıqda: “Uşaqlıqda öz gözlərimlə görmüşəm. O daşlardan şırıltı ilə su tökülərdi” —deyə cavab verdi.

İkinci kursun yay tətilində Qız amamının yaxınlığındakı sahədən inəklərimizə ot biçməyə getmişdik. Gözlərimizə inanmadıq. Qız amamından su gəlirdi. Sevincərək işi buraxıb atamıza muştuluğa qaçdıq. Atam bizim dediklərimizi eşidəndə gözləri doldu. Astadan: “Tatar getmişdi, su da getmişdi tatar gəldi, su da gəldi”. Qozluda yaşayanlar son illərdə pınarların suyunun artdığını, qurumuş pınarların da gözlərinin açıldığını söyləyirlər.

Nigarə gördüklərini, eşitdiklərini yeniyetmə marağıyla söyləyir, vətənə döndüklərinə sevinir, bir qürur hissi keçirirdi. Vətənə dönə bilməyin sevinci aylarla, illərlə çadırlarda yaşamağın, min bir əziyyətə qatlaşmağın acısından şirindir.

İkinci Dünya savaşının son illərində Almaniya üzərində qələbəyə arxayın olan Sovetlər Birliyinin strateqləri Dəli Petronun vəsiyyətlərinə əməl etmək üçün Qara dəniz sahillərindən — Krımdan, Qafqazdan türkləri Mərkəzi Asiyaya, Qazaxıstana, Sibirə sürgün etməyi planlaşdırdılar. Planlarını da qısa müddətdə gerçəkləşdirdilər.

1944-cü ilin 8 aprel—12 may döyüşlərində, alman ordularını Krımdan çıxara bildilər. 18 mayda isə bir günün içərisində türkləri yük vaqonlarına doldurub sürgünə göndərdilər. Bu gün xalqın yaddaşında qara gün kimi qaldı. Yalnız Arbat bölgəsində 1500 nəfər unudulmuşdu. Hər şeyi dəqiq ölçüb-biçən Sovet KQB (DTK)-si bu dəfə nədənsə kiçik bir  yanlışlığa yol vermişdi. Bu da çox baha başa gəldi. Yanlışlığa yol verənlər sərt cəzalandırıldılar. Unudulmuş bölgənin sakinlərini isə gəmiyə doldurub Novorossiysk limanına yola saldılar. Gəmi sahildən 10 kilometr aralıda dəryaya qərq oldu. Sahilə sağ çıxan olmadı. Sovet rəsmi qaynaqlarının verdiyi bilgiyə görə Krımdan 238 min nəfər türk sürgün edilmiş, onlardan 205,9 min nəfəri uşaqlar və qadınlar olmuşdu. Ata-anaları, bacı-qardaşları sürgün ediləndə Sovet Ordusunda 125 min nəfər Krım türkü alman faşizminə qarşı döyüşürdü. İkinci Dünya savaşı başa çatanda həmin döyüşçülərin sağ qalanları da sürgün olunanların sırasına qatıldılar.

Əslində, Krım türklərinin 1944-cü ildə sürgün olunması Rusiya strateqlərinin planının son nöqtəsi idi. Burada türklərin öldürülməsi, sürgün edilməsi, qovulması 18-ci yüzilliyin sonlarından başlanmışdı. Küçük  Qaynarça (17740) anlaşmasına əsasən Krım xanlığı Osmanlı dövlətinin himayəsindən çıxarılıb müstəqil e’lanedildi. 9 il sonra isə Rusiya anlaşma şərtlərini pozaraq Krımı işğal etdi. Həmin vaxtdan da türklərin qara günləri başladı. Tez-tez toqquşmalar baş verdi, döyüşlərdə ölməyənləri müxtəlif bəhanələrlə dəstə-dəstə Sibirə sürgün etdilər. Rus basqısına dözməyənlərin bə’ziləri Osmanlı dövlətinə sığındılar. 1854—56-cı il Krım müharibəsi illərindən, 1874—78-ci il  savaşlarından sonra da çar Rusiyası Krımdakı türkləri dəstə-dəstə vətəndən sürgün etdi. Onların yerində isə xristianları məskunlaşdırdı.

Rusiya tarixçiləri  və rusiyapərəst türk tarixçiləri bütün bunları Rusiyanın xilaskarlığı, mədəniyyət gətirməsi kimi yazdılar. Xalqları öz kökündən ayırmağa çalışdılar, lakin bütün bunlar mümkün olmadı. Birinci Dünya Savaşında Rusiya zəifləyəndə müstəmləkə altında əzilən bütün xalqlar kimi Krım türkləri də ayağa qalxdılar. Numan Çələbi Cihanın başçılığı ilə  özgürlüklərini e’lan etdilər. Onların azadlıq istəyi Rus orduları tərəfindən qan içində boğuldu. Yüzlərlə insan öldü. Qaçıb Türkiyəyə gedə bilənlər özlərini xoşbəxt sandılar. Sonra da kollektivləşmə, sosializm quruculuğu adı altında sürgünlər, ölümlər başladı.

Krım türklərinin sürgündə doğulan nəsli bu tarixlərdən xəbərsiz idi. Biz Bakıda oxuyan tələbələrə, bax bunları da öyrətməyə çalışırdıq.

Bir dəfə Nigara dərsdən çıxıb işə yanıma gəlmişdi. Qanı bərk qaraydı. Səbəbini soruşdum.

— Müəllim, Azərbaycanda bizə qarşı böyük məhəbbət var. Hətta Gədəbəyli kartofsatan öz yerlilərinə kartofu seçib almağa icazə verməyəndə bizə  icazə verir. Amma bir çox vəzifə sahibləri, müəllimlər elə bil azərbaycanlı deyil. Bu gün Azərbaycan tarixindən dərsimiz Krım xanlığının Azərbaycana basqını olub. Belə çıxır Krım xanlığının basqınları olmasaymış,  Azərbaycan qüdrətli bir dövlət olarmış. —dedi.

Onu sakitləşdirməyə çalışdım.

  – Dərsliklərin Sovet təbliğatının təsirilə yazıldığını, müəlliminin də həmin təbliğatın təsiri altında olduğunu, gələcəkdə yeni dərsliklər yazılacağını söylədim. Tarix keçmişdir. Ondan ibrət almaq üçün öyrənirik. Gələcəkdə səhvləri təkrarlamamaq, yanlışlığa yol verməmək üçün keçmişi yaxşı bilmək lazımdır, —dedim.

Nigara xeyli sakitləşib Bakıya gəlmə səbəbini belə izah etdi:

— Müəllim, böyük bacım Kazan Universitetində oxuyur. Maddi imkanımıza görə mənim də Ağməsciddə (Simferopol) oxumağım planlaşdırılmışdı. Bakıya gəlməyimizin səbəbi Elmira ablam oldu. Atamı-anamı inandırdı ki, uşağınız Kiyevdə, Xarkovda, Moskvada, Peterburqda oxuyub yüksək ixtisaslı mütəxəssis olsa da, milli şüurdan uzaq olacaq. Bakıda isə elmlə yanaşı, milli qürur hissinin nə olduğunu da öyrənəcək.

Bunu Bakıya düşdüyümüz ilk gündən hiss etdik. Aeroportdan şəhərə gəlmək üçün taksiyə əyləşdik. Sürücü bizim Krım tatarı olduğumuzu, təhsil almağa gəldiyimizi biləndə canlandı. Tə’kidlə evinə qonaq aparmaq istədi. Açığını deyim qorxumuzdan getmədik. O bizi hotelə gətirdi. Administrator yer olmadığını deyəndə, sürücü onunla mübahisəyə girişərək: – “Görmürsən Krım tatarlarıdır. Niyə qonağı incidirsən” — dedi. Administrator Krım tatarı sözü eşidəndə sifəti dəyişdi. Pasportlarımızı alıb baxdı və bizə yer verdi. Bəlkə də ilk dəfə tatarlığımla onda qürur duydum. Elmira ablamın doğruluğuna bir daha inandım.

Elmira Bayraməlini mən də qiyabi tanıyırdım. Haqqında qəzetlərdə oxumuş, xarici radiolardan səsini eşitmiş, Krım vətənpərvərlərinin söhbətlərindən bilgi almışdım. Dilarənin ata tərəfdən qohumu olan Elmiranın hazırda Taraxtaşda Nigaragillə qonşuluqda yaşadığını bilirdim. Yaşı 40-ı haqlamış Elmira xanım 10-12 yaşlarından imzalar toplanıb Moskvaya göndərilməsində, sonralar isə soydaşları  arasında təbliğat aparmaqda, yeniyetmələrdə milli şüurun oyadılmasında fəal iştirak etmişdi. Onunla bağlı bir hadisəni Nigara belə xatırlayırdı:

— Özbəkistanda tatarlar mitinq təşkil etmişdilər. Mən də dərsdən qaçıb mitinqə getmişdim. Elmira ablam danışanda milislər tökülüşüb adamları dağıtdılar. Bir çoxlarını da avtobuslara doldurdular. Elmira ablam tutulanlar arasındaydı. O, dodaq boyası ilə avtobusun pəncərələrinə “Tatarlar Krıma dönəcək!”, “Sovet milisinə ar olsun!” yazdı. Avtobus pəncərələrində yazılmış şüarlarla şəhəri keçib milis idarəsinə getdi.

Vətənə dönmək uğrunda mübarizə Nigaranın yaşıdlarının gözü qarşısında hər gün davam etmişdi. Tatarca nəşr edilən azsaylı qəzet və jurnallarda, kitablarda, toplantılarda nəinki Krım, vətən adı çəkmək, hətta dənizdən bəhs etmək də yasaqlanmışdı. O dəqiqə  sayıq məmurlar: “Dəniz dedinizsə demək Qara dənizi nəzərdə tutursunuz” deyərdilər. Belə çətin anlarda xalq sözünü mahnılarla deməyə alışdı. Bu mahnıları ictimai yerlərdə oxumaq mümkün olmasa da, evdə-eşikdə, tarlada oxudular. Nigara ilə Dilarə (Dilarə IV kursda oxuyanda xəstələndiyinə görə sonralar əvvəlkitək fəallıq göstərə bilmədi) də sürgündə yazılmış mahnılardan çox bilirdi. Evimizdə hərdən oxuyub həm özləri kövrələr, həm də bizi kövrəldərdilər. Radioda çıxış etmələrini, Krım türklərinin sürgündə yaratdıqları mahnıları Azərbaycan dinləyicilərinə çatdırmağı onlardan xahiş endəndə, utanar, çəkinərdilər. Belə olduqda mən “Bu, Krımı tanıtmaq, xalqınızın faciəsini anlatmaq üçün ən gözəl vasitədir,” —dedim. Millət, xalq adı gələndə geri çəkilmələrinə yer qalmadı.

1995-ci ilin fevralında Azərbaycan radiosunda Krım tatarlarına həsr edilmiş veriliş hazırladıq. Qızlar danışdılar da, oxudular da. Radioya da, mənim özümə də çoxlu telefon zəngləri oldu. Tanış-bilişlər həyəcanlandıqlarını söylədilər. Bu da məni yeni bir işə həvəsləndirdi.

Çox ölçüb-biçdikdən sonra Araz Elsəslə bu qızların birgə oxumasını, səhnəyə birgə çıxmasını planlaşdırdım. Çünki Araz Elsəsin Almaz Yıldırımdan oxuduğu “Qara dastan”da da Krım türklərinin sürgün olunmasından bəhs edilirdi. Qızların oxuduğu mahnılarda isə sürgünün ağrısı-acısı genişliyi ilə verilirdi. Mahnı kompozissiyasını hazırlayandan sonra fikrimi Araza bildirdim. Araz ideyanı həmin andaca bəyəndi və qəbul etdi (Araz Elsəs də Bakıda oxuyan türk xalqlarının tələbələrinin əksəriyyətini tanıyırdı—Ə.Ş.). Qalırdı qızların səsini yoxlamaq. Bizim evdə bir toplantı təşkil etdik. Hər şey qaneedici idi. İndi bunu reallaşdırmaq lazım idi. Məşq etmələrinə, musiqi uyarlığı yaradılmasına isə şərait yox idi. Tələbələr yataqxanada, Araz Elsəs də kirayədə qalırdı. Klublardan, mədəniyyət evlərindən heç birində də onların məşq etməsi üçün yer ala bilmədik. Çox düşündükdən sonra bizim evdə məşq etmələrini qərara aldıq. Məşqlər o qədər də uzun çəkmədi. Öncə Arazla Nigarə evdə dost-tanış qarşısında oxudular. Mahnı kompazisyasının uğurla qarşılandığını görüb səhnədə də birgə oxumağı qərarlaşdırdılar.

Araz Elsəs gur və üsyankar səslə oxuyurdu:

 

Kimsə blməz Tanrıdağın yaşını,

Duman almış Altayların başını.

Uçurmuşdur başdan dövlət quşunu

Sərvətinə üz çevirmiş zaman hey,

Qoca türkün düşdüyüdərd yaman hey...

 

Dörd bir yana dağılmış türk soyları,

Sönmüş ocaq, köçüb getmiş boyları,

Dərdli-dərdli axar bozkır çayları,

Saxlar içdə gizli ümid, güman hey,

Qoca türkün düşdüyü gün yaman hey...

 

Xarab olmuş Buxarası, Başkəndi,

Matəm tutmuş Səmərqəndi, Daşkəndi,

Kəndi söylər, tökər gözdən yaş kəndi,

Nə ozan var, nə yazan, nə şaman hey...

 

Qazan, başqurd batmış, Krım sürülmüş,

Mənim badam gözlü yarım sürülmüş,

 

Bu yerdə Nigarə  İsmət qızı incə, kövrək və qəlb titrədən kədərli bir səslə oxuyardı:

 

Ural dağı, Ural dağı

Ne yüksek dağların

Şu Krımın taş-toprağı

Tatarın əti-yağı.

 

Soğanlarımız, sarımsaklarımız

Saçılmış qaldı

Evlərimiz eşyalar dolu

Kazaklara qaldı.

 

Guvanmanız siz gavurlar

Tatarın malına.

Biz qaytırız siz qelirsiniz

Uralın dağına.

 

Araz Elsəs Nigaranın zəifləyən səsini əvəzləyərək oxuyurdu:

 

Türk elləri bir-birinə yadlanır,

Qazax, Qırğız,Türkmən, Özbək adlanır.

Azəri türk yanar, içdən odlanır,

Anayurdun içdən halı duman hey,

Qoca türkün düşdüyü dərd yaman hey...

 

Azərbaycan dərd içində boğulmuş

Sevənləri diyar-diyar qovulmuş.

Ağla şair, ağla yurdun dağılmış,

Nerdə Vopuz, nerdə  qırıq kaman hey?..

Nerdə böyük Vətən, nerdə Turan hey?

 

Araz Elsəslə Nigara İsmət qızının birgə oxuduqları bu mahnını dinləyicilər salonu titrədən alqışlarla qarşılayırdılar. Araz uğurlu alındığını görüb qaqauzlarla da birgə mahnılar oxudu. Repertuarına türk xalqlarının mahnılarını da daxil etdi. 1995-ci ilin iyunun 9-11-də Kırıkkaledə keçirilən “I Uluslararası Türk dünyası Kültür Qurultayı”nda qonaqların istirahət saatlarını şən keçirmələri üçün maraqlı el şənlikləri təşkil etmişdilər. İyunun 10-da axşam şəhərin baş meydanında açıq havada böyük konsert təşkil etmişdilər. Müğənni “Azərbaycanlı müsafirimizin şərəfinə “Olmaz-olmaz” türküsün oxuyacam. O da bizimlə oynayacaq” dedi.

Burada Azərbaycanı gözəl bir rəqslə təmsil etmək lazım idi. o, bacarıq da məndə yoxdu. Yanımda oturanTudora Arnaut dadıma çatdı. Ayağa durdu. Mənə də işarə etdi. oynaya bilməsəm də ayağa durub Tudora ilə birlikdə oynamağa başladı. Tamaşaçılar elə bildilər ki, Azərbaycanlı müsafir odur. Bir azdan meydan rəqs edənlərlə dolmuşdu. Azərbaycan mahnısı çoxlarının sümüyünə düşmüşdü. Mahnı bitəndən sonra iki 11-12 yaşlı uşaq yanıma gəlib birlikdə şəkil çəkdirmək arzusunda olduqlarını bildirdilər. Birlikdə şəkil çəkdirdik. Sonra da məni səhər keçiriləcək “Tepreş”də iştirak etməyə dəvət etdilər. Valideynləri də təkid etdilər.

Əslində bunu Krıkkaledə yaşayan Krım kökənli türklərin qurduqları dərnək təşkil etmişdi. Bizim Novruz bayramındakı xalq gəzintisini xatırladan “Tepreş”də onları soykökləri, keçmişləri ilə bağlayır. Şəhərdən aralıda kənddə keçirilən “Tepreş”də çıxış üçün söz verəndə mən qısa nitqdən sonra diktofonumu mikrofona yaxın tutdum. Orada Arazla Nigarə krımlıların sürgün mahnısını oxuyurdu. Mahnının sona çatmasına imkan vermədilər. Adamlar xitabət kürsüsünü mühasirəyə aldılar. Diktafonun hara getdiyini bilmədim. Hərə məni öz çadırına aparmaq istəyirdi. Həmin gün azından 20 ailə ilə tanış oldum. Səhərisi gün lentdən mahnını köçürdükdən  sonra diktafonumu özümə qaytardılar.

Nigara sürgündə keçirdikləri illəri xatırladıqca bəzən ayrı-ayrı adamlara qızırdı. Xüsusən, milliyyətcə rus olan ədəbiyyat müəllimlərini qəzəblə xatırlayırdı. 10-cu sinifdə Tvardovskini tədris edən müəllimə: “Vətən nə satılar, nə bağışlanar, nə unudular! Budur şairin oxucusuna təqlin etdiyi fikir” deyəndən 10-15 dəqiqə sonra tatarların Krıma dönmək üçün şəhərdə mitinq keçirdiyini eşidəndə əsəbiliklə: “Bu tatarlar nə istəyir, niyə dinc durmurlar? Onların hamısını məhv etmək lazımdı!” —deyərək tatar şagirdlərinin üstünə qızırmış.

Krımlı tələbələrlə gah aşıq ədəbiyyatından, kommunikasiyanın zəif inkişaf etdiyi dövrdə belə Aşıq Ömərin şerlərinin doğuda geniş yayılmasından, gah İsmayıl Qaspralının “Tərcüman” qəzetindən, onun Azərbaycanla əlaqələrindən, qızını Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Yusifbəy Nəsibbəyə ərə verdiyindən, gah prof. Bəkir Çobanzadənin Azərbaycandakı, Özbəkistandakı elmi, pedaqoji fəaliyyətindən danışardım. Azərbaycanda məşhurlaşmış Fatma Qədrinin və b. Krım türkü olduğundan söhbət açar, tələbələrdə qürur hissi oyatmağa cəhd göstərərdim. Hamısı söhbətlərimi eyni həvəslə və maraqla dinləmirdi. Bəzən də Krımda yenicə formalaşan milli məclisdən, xalqın irəli çıxan adamlarından narazılıq edərdilər. Bu narazılıqların səbəbini öyrənmək istəyəndə görərdim gənclər liderlərdən çox şey umurlar. Amma Rusiya kimi nəhəng imperiyanın xüsusi xidmət orqanlarının vətənpərvər oğulların başına nələr gətirdiyini görmək istəmirdilər.

Hər yay tətilindən Nigara və Dilarə yeni məlumatlarla, tatarca kitablarla, qəzetlərlə dönərdilər. Son kursda bir qovğamız da çıxdı. Mən istəyirdim milli oyanış hiss etdiyim nisbətən savadlı tələbələr öz xalqlarının ədəbiyyatı, tarixi ilə bağlı diplom işi yazsınlar. “Azacıq aşım, ağrımaz başım” təfəkkürü ilə yaşayan bəzi müəllimlərimiz isə müxtəlif bəhanələrlə buna əngəl törədirdilər: “Sizə Türkiyə ədəbiyyatı tədris olunub ondan da diplom işi yazın!” —deyirdilər. Çətinliklə də olsa Nigara “Krım türklərinin həsrət mahnıları”, Dilarə isə “Aşıq Ömərin poetikası” mövzusunda diplom işi yazdılar. Onlara əngəl olmaq istəyən müəllimlər isə bir neçə ay sonra müdafiədə əvvəllər dediklərini unudaraq diplom işlərini yüksək qiymətləndirdilər.

Ümumiyyətlə, kənardan Azərbaycana oxumağa gəlmiş tələbələr üçün xüsusi proqram hazırlanmamışdı. Sovet dövründə hazırlanmış proqramdan istifadə edilirdi. Rus mədəniyyətinin, psixologiyasının təbliğinə geniş yer ayrılırdı. Acınacaqlı  burasıydı ki, ona heç bir düzəliş, əlavə edilməmişdi. Heç olmasa Azərbaycanşünaslıq fənni tədris edilmirdi. Müəllimləri, kursları da münasib seçilməmişdi. Kurs yoldaşlarının əksəriyyəti də rusofil, Avropa və Amerika meylli tələbələr olduğundan Azərbaycan kültürü ilə, Azərbaycan mentaliteti ilə yaxından tanış ola bilmirdilər. Onların dəstə halında respublikamızın mənzərəli guşələrinə, muzeylərinə, tarixi yerlərinə aparmaq da planlaşdırılmamışdı.

Vəziyyətdən çıxmaq üçün pərakəndə tədbirlər planlaşdırıb həyata keçirərdik. Gah onları Qobustana, Çıraqqalaya, Qubaya, Şirvanşahlar sarayına və b. yerlərə gəzməyə aparar, gah da teatrlara, ictimai tədbirlərə dəvət  edərdik. Belə tədbirlərdə də əsas ağırlıq Nigaranın üzərinə düşərdi. Nədənsə oğlanlar irəli gəlməz təşkilatçılığı Nigara edərdi.

18 mayısı — Qara günü yad etmək üçün Bakıda yaşayan Krım türklərini bir yerə kim yığmalıdı? —Nigarə! Xəstə tələbə yoldaşına kim qulluq etməlidi? —Nigara! Həkim, dava-dərman pulunu kim tapmalıdı? —Nigara. Pulu qurtaranda ac qalana, evə dönməyə bilet ala bilməyənə kim ictimai təşkilatlardan, xeyirxah adamlardan pul almalıdı? —Nigara!

İctimai təşkilatlardan, cəmiyyətlərdən aldığı yardımları bir bacı kimi onların arasında bölərdi. Qurban bayramında onlara qurban əti, Orucluq bayramında Ramazan payı təşkil edər, Novruz bayramında dəstələrə bölüb azərbaycanlı tanışların evlərinə göndərərdi. İstəyərdi həmyerlilərinin həm bayramı xoş keçsin, həm də Azərbaycanın adət-ənənəsini öyrənsinlər, ailələrlə dostlaşsınlar. Ali məktəbi bitirib gedəndən sonra da Bakıya dönəndə dost-tanışları, ərklə qapısını açdıqları ev olsun. Amma onun bu xeyirxahlığını hamı xoş niyyətlə qarşılamazdı. Daimi özünü düşünənlər daha çox “qopar”mağa çalışardılar. Bu mümkün olmadıqda onun pulunu, əşyalarını oğurlamaqdan çəkinməzdilər. O isə ürəyiyumşaqlıqla yerliləri Azərbaycanda biabır olmasın deyə şikayət etməzdi.

Krım türklərinin vətənə dönmələrinə Rusiyanın rəsmi dairələri 1980-ci illərin sonlarında icazə verdilər. Amma bir yığın da qeyri-rəsmi əngəllər yaratdılar. Sürgündən dönənlər ata-baba yurdlarında məskunlaşmaq istəyirdilər. Həmin yerlər isə mahnıda deyildiyi kimi kazaklara —ruslara qalmışdı. Xalqa dəyən maddi ziyan ödənilmirdi. Nə ata-babalarından qalmış mülk özlərinə qaytarılırdı, nə də ev-eşik qurmağa kredit verilirdi. Savaşın qızğın çağında almanlar Krımdan geri çəkiləndən  6 gün sonra mütəşəkkil surətdə 400—500 min insanı qeyri-insani köçürən Rusiya dinc dövrdə qərar versə də geridönmə-köçmə planı hazırlamamışdı. Buna baxmayaraq qısa müddətdə 300 mindən çox insan vətəninə dönmüşdü.

Hər şey pərakəndə qaydada həyata keçirdi. Tatarıstandan tələbələr qruplar təşil edib yayda Krıma gəlir, ev-eşik tikən soydaşlarına yardımçı olurdular.

Bakıda oxuyan tələbələrə Azərbaycan kültürü ilə yaxından tanış olmalarına çalışırdım. Onlara mədəniyyətlərimizin, tariximizin, soykökümüzün ortaq olduğunu öyrətmək istəyirdik. Musiqi yaddaşı yaxşı olduğuna görə Folklor Sarayında çalışan dostu Kifayətdən xahiş etmişdim. Nigaraya saz çalmağı öyrətsinlər. Onlar da təmənnasız həvəslə öyrədirdilər. Nigara saz öyrənməkdən soyudu. Hələ bir dəfə də “Krımda aşıq, saz son yüzilliklərdə olmayıb” —dedi. Mən də üstünü vurmadım. Sonralar onun saz çalmağı öyrənməsini qrup yoldaşları, yerliləri lağa qoyub gülürlərmiş.

Köçəri quşlar kimi uçub getdilər. Amma payızda deyil, yayda getdilər. Tez-tez telefon zəngləri, məktubları, bir də məqalələri gəldi. Gah yazırdı Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olmuş Krım Türkü  haqqında geniş bilgi və sənədlər göndərim Krımda anadan olmasının 100 illiyini qeyd etmək istəyirlər. Gah  bilgi istəyirdi. Onların məktublarında tələb olunan materialları kitabxanalardan, arxivlərdən, evlərdən toplamaq üçün bir-iki nəfər deyil araşdırıcılar qrupu lazımdır. İstədiklərinin çox az qismini göndərə bilir, qalanlarını da özlərinin axtarıb tapmasını məsləhət bilirdim.

Nigara vətənə dönəndən sonra Azərbaycana Krım haqqında məqalələr göndərdi. Bu məqalələrinin birində deyilirdi ki, Bağçasarayda 16 yüzillikdə tikilmiş Zəncirli mədrəsə (İsmayılbəy Qaspıralı da ilk təhsilini burada alıb) uzun illərdir dəlixanaya çevrilib. Krım müsəlmanları binanıgeri alıb mədrəsə kimi itifadə etmək uğrunda mübarizəyə başlayıblar. Azərbaycan ziyalıları, ictimai-siyasi təşkilatları məqaləyə reaksiya verdilər. Ukraynanın Azərbaycandakı səfirliyinə, Ukrayna Mədəniyyət Nazirliyinə məktublar, bəyanatlar göndərdilər.

Zəncirli mədrəsənin və ətrafındakı bir neçə tarixi binanın dəlilər xəstəxanasından alınıb əvvəlki funksiyasına başladığını eşidəndə mən də sevindim. Bu işdə Nigara İsmət qızının az da olsa rolu olduğuna sevindim. Onun doğru yolda olduğuna, xalqının vətəninin taleyi üçün narahatlıq keçirdiyinə sevindim. Azərbaycanı özünə, xalqına dayaq bildiyinə sevindim.

Onların hər bir uğuru məni sevindirir. Özü də çox sevindirir.

25.10.1997

Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 129-140

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol