BİR ŞƏKİLİN İZİ İLƏ- Haqqı Kəngərli
“Azərbaycan gəncləri” qəzetinin 1983-cü il 18 sentyabr tarixli nömrəsində bir şəkil dərc edilmişdir. İlk dəfə mətbuat üzü görən həmin şəkildə 126 nəfər – Moskvada Qızıl meydanda 1924-cü il 7 noyabr paradının iştirakçısı olmuş Zaqafqaziya hərbi hazırlıq məktəbinin (keçmiş Ə. H. Qarayev adına) kursantı və kurs rəhbəri, SSRİ MİK Rəyasət heyətinin sədrlərindən biri Nərimanov, SSRİ MİK Rəyasət heyətinin katibi A. Yenukidze və məktəb yaşlı uşaqlar təsvir edilib.
Kremlin həyətində - “Çar zəngi ” yanında 130 nəfərdən çox adamın ömrünün bir ananın tarixi sənədə çevirən şəkilə R. Zeynalov və Ş. Yaqubov geniş şərh də yazıblar. Lakin bir qəzet məqaləsində 126 nəfərin hamısı haqında məlumat vermək imkan xaricindədir.
Moskva paradında iştirak etmiş kursantların əksəriyyəti sonralar görkəmli ictimai, elm və mədəniyyət xadimi kimi tanınmışlar. Lakin onların hamısının ömür yolu rəvan olmamışdır. Məqalənin bir yerində yazılıb: “N. Nərimanovla A. Yenukidzenin arasında dayanan Zaqafqaziya hərbi hazırlıq məktəbinin kurs komandiri Həqqi Kəngərlinskidir. Onun barəsində əldə etdiyimiz məlumat yalnız bundan ibarətdir: vəfat etmişdir. ”
Məlumdur ki, Kəngərlinski Naxçıvanda geniş yayılmış familiyadır. Rus ordusuna eləcə də Qızıl orduya bu nəsil bir neçə istedadlı komandir verib. Foto şəkil qəzetdə dərc olunandan sonra dəfələrlə arxiv materiallarını araşdırsaq da Haqqi Kəngərlinski haqqında heç bir sənədə rast gəlmədik. Zaqafqaziya hərbi hazırlıq məktəbinin keçmiş kurs komandiri Haqqi Kəngərli sanki izsiz yoxa çıxmışdı. Onun izi yalnız həmin dövrün hərbi qəzetlərində dərc olunmuş şer və məqalələrdə qalmışdı.
Adi bir təsadüf Haqqi Kəngərli haqqında material toplamağımıza kömək etdi. 1937-ci ilin haqsızlıqlarından söhbət düşəndə iş yoldaşımız Soltan Kəngərli ana babası Haqqi Kəngərlinin Qazaxıstana necə sürgün edildiyindən söhbət açdı. Sən demə çaşqınlıq yaradan adla təxəllüsün qarışdırılması imiş. Naxçıvanda hamının Aqqı Kəngərli kimi tanıdığı, bizim günlərədək (1977-ci ildə vəfat etmişdir) yaşamış Haqqi Kəngərlinin adı sənədlərdə Əlmədəd yazılırmış.
Bəs Əlmədəd Kəngərli kimdir? İnqilabın ilk illərində, sosializm quruculuğunda onun hansı xidmətləri olub?
Sənədlərdən aydın olur ki, 1900-cü ildən Naxçıvan şəhərində atasının ölümündən bir neçə ay sonra doğulan Əlmədədə elə atasının da adı verilib. Ulu babası Kalbalıxan olub. Sənədlərdən Əlmədin harada təhsil aldığını, inqilabın qələbəsinədək nə ilə məşğul olduğunu müəyyənləşdirə bilmədik. Ailə arxivində saxlanmış şəhadətnamə isə Əlmədəd Kəngərlinin 1921-ci ilin sentyabr ayının 16-da Bakıdakı Ə. H. Qarayev adına Birləşmiş Hərbi Məktəbə daxil olduğunu və 1923-cü il yanvar ayının 23-də həmin məktəbi bitirdiyinə şəhadət verir. Başqa bir sənəd isə 1921 -1922-ci illərdə hərbi məktəbin kursantı Əlmədədin Ağdaşda əksinqlabçılara qarşı döyüşdə bölmə komandiri kimi iştirak etdiyindən söhbət açır.
1923 -26-cı illərdə ilk Azərbaycan diviziyasında kiçik komandir olan Ə. Kəngərli həm də Zaqafqaziya Hərbi Məktəbində inspektor işləmişdir. Görkəmli sovet sərkərdəsi E. İ Yagirin imzaladığı bir sənəddə isə 1924-25-ci illərdə Zaqafqaziya hərbi hazırlıq məktəbində tərbiyəçi inspektor işləyən Ə. Kəngərlinin attestasiyadan yüksək səviyyədə keçdiyi göstərilir.
Hərbi hissədə kapitan rütbəsinədək yüksələn Ə. Kəngərlinin 1927-ci ildə Naxçıvana milis idarəsində işləməyə göndərilməsi öz arzusu ilə olmuş, yoxsa komandanlığın əmri iləmi? Bu suala sənədlərin heç birində cavab tapa bilmədik. Doğulub boya-başa çatdığı şəhərə gələn Ə. Kəngərli elə həmin il Mirzə Cəlil Şürbinin qızı Rəhilə ilə evlənir.
Ailə arxivində saxlanılan sənədlərin əksəriyyətində Ə. Kəngərlinskinin Naxçıvanda da hərbi işlə sıx bağlı olduğu göstərilir. Həmin illərdə o, ehtiyatda olan zabit kimi toplanışlar təşkil etmiş və bu toplanışlara rəhbərlik etmişdir. O, müxtəlif vaxtlarda Əbrəqunus və Şahbuz rayonlarında hərbi tədris məntəqələrinin rəisi işləmişdir. Gənclərin və yeniyetmələrin hərbi birliklərə dərindən yiyələnməsini mütəşəkkil təşkil etdiyinə görə 1932-ci ilin noyabr ayının 7-də ona Naxçıvan MSSR OADGYC-nin sədr müavini Yedigarovun imzası ilə kiçik çaplı silah (TOZ) – №37324) bağışlanmışdır.
Lakin Ə. Kəngərlinin Naxçıvanda həyatı heç də sakit keçməmişdir. Ordu üçün yüzlərlə kadr hazırlansa da, Sovet dövlətinə sədaqətlə xidmət etsə də bəy nəslindən olduğuna görə həmişə təqibə məruz qalmışdır. Qəribədir ki, həmin illərdə bəy nəslindən olan Ə. Kəngərli və bu qəbildən olan adamlar təqib edildiyi, tez-tez sıxışdırıldığı halda həmin tayfadan olan Cəmşid Naxçıvanski və başqaları Sovet ordusunda yüksək vəzifə tuturdu. Təzadlı zəmanə idi. Bu təzadlılığı Ə. Kəngərlinin qızı, Naxçıvan MSSR Səhiyyə Maarifi Evində çalışan Zinaida Kəngərli belə xatırlayır:
- Atam dəfələrlə banditlərlə vuruşa getmişdi. Dağlarda dəfələrlə qaçaq-quldurlarla üzləşmişdir. Ona Sovet Ordusu üçün kadrlar hazırlamaq tapşırılırdı. Lakin nədənsə bir inamsızlıq, etibarsızlıq da var idi. 1937-ci ilin sentyabrı heç vaxt yadımdan çıxmaz. Bir gecə babam Yaqub paşanın, atam Əlmədədi və əmim Kamili həbs etdilər. Səhər saat 7-də isə milislər evimizi mühasirəyə aldılar. Nənəm və anam tələsikdə əllərinə nə gəldi götürdülər. Onda 7 yaşım vardı. Anamı üç uşaqla, nənəmlə birlikdə Naxçıvan həbsxanasına gətirdilər. Burda bir neçə gün qaldıqdan sonra bizi vaqona mindirdilər. Atamla, əmim Kamillə də vaqonda görüşdük. Babamı isə bir daha görmədik. Bir aya yaxın yük vaqonunda yol getdikdən sonra bizi Qazaxıstanda – boş bir sahədə düşürdülər. Atam orada da vicdanla çalışırdı. Yenə də əsas işi ilə - mühasibliklə yanaşı əhaliyə hərbi təlim də keçirdi. 1939-cu ildə sürgündən qaçıb Bakıya gəldi ki, onu haqsız həbs etdiklərini M. C. Bağırova söyləsin. Lakin o da mümkün olmadı. Atamı yenidən həbs edib Qazaxıstana göndərdilər.
Böyük Vətən müharibəsi başlayanda atmı da ordu sıralarına səfərbərliyə aldılar. Nənəm Mina ağlayıb deyirdi: “Bu necə hökumətdi mənim oğluma, ərimə inanmayıb sürgün etdi, bəs indi necə inanıb müharibəyə aparır? ”
Atam hərbi xidmət müddətində də zabit kimi cəbhə üçün kadrlar hazırlamışdı. Nümunəvi xidmətinə görə bir neçə medalla da təltif olunmuşdur. Müharibə başa çatdıqdan sonra yenə qayıdıb yanımızı gəldi. Lakin atam adamlardan elə incimişdi ki, doğulub boya-başa çatdığı yerə qayıtmaq istəmirdi. Anamla mən təkid edib onu Naxçıvana qaytardıq.
1966-cı ilin payızı heç cürə yadımdan çıxmaz. Bizi Qazaxıstandan qayıdırıq. Qatardan Tbilisi şəhərində düşmüşdük. Atam mağazadan çörək alıb qayıdırdı. Yenə də həmişəki kimi hərbi çəkmə, kalfeyi şalvar, kitel geymiş, başına uzundimdik şapka qoymuşdu. Birdən küçədə bir general dayanıb ona rəsmi qaydada salam verdi və yaxınlaşaraq: “Siz heç dəyişməmsiniz, yoldaş komandir! ” – dedi.
Atam tərəddüdlə qarşısındakı generala baxırdı. General həmin dəqiqə onu başa düşdü və gülə-gülə, səmimiyyətlə: “Məni tanımadınız?! Zaqafqaziya hərbi məktəbinin dəcəl kursantı Şalikoyam. Yadınızdadır, məni məktəbdən qovurdular. Siz təkidlə saxladınız və mənim təlim-tərbiyəmlə özünüz məşğul oldunuz”.
Atamın da dodaqları qaçdı. Ona yaxınlaşıb əlini bərk-bərk sıxdı...
Biz Naxçıvana qayıdandan sonra da atam yaman qaraqabaq, adama yovuşmaz olmuşdu. Heç kimlə ünsiyyət saxlaya bilmirdi. Hərdən bir Moskvaya getmələrindən, Kremldə Nərimanovla birlikdə şəkil çəkdirmələrindən danışırdı. Çoxları ona inanmırdı. 1977-ci ildə vəfat etdi. Anam isə 1983-cü ildə. Fotoşəkil isə anamın ölümündən bir az sonra qəzetdə çap olundu. Bu fotoşəkili nə atam gördü, nə də anam. Partiya və hökumətimizə minnətdaram ki, gec də olsa inqilab yolunda, sosializm quruculuğu uğrunda döyüşənlərin xidmətlərini yada salırlar.
Biz şəkildə təsvir olunan həmyerlilərimizdən yalnız biri haqqında söhbət açdıq. Amma yəqin ki, oradakı 126 nəfərin bir neçəsi naxçıvanlıdır. Bunu ona görə yəqinliklə deyirik ki, həmin illərdə hərbi məktəbin kursantları arasında naxçıvanlıların sayı çox idi. Çünki məktəbin rəhbərlərindən və təşkilatçılarından biri görkəmli partiya və dövlət xadimi Heydər Vəzirov idi.
Əli Şamilov |