Buradakı yazını dəyişməli

Buradakı yazını dəyişməli

 

Əli Şamil

alishamil@yahoo.com

 

1988-ci il fevralın 20-də Erməni millətçilərinin təhriki ilə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan Ermənilərin öndərləri Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşmək haqqında qərar qəbul etdilər. Onları bu işə həvəsləndirən Sovet rəhbərliyi idi. Hakimiyyətdəkilərin bəziləri Dağlıq Qarabağda qəbul edilmiş qərarı  açıq dəstəkləməsələr də, altdan-altdan Erməni millətçilərini qızışdırırdılar.

Azərbaycanı idarə edənlər bu qərarla razılaşmasalar da, Moskvanın qorxusundan susurdular. Xalq isə susmurdu, meydanlara axın edərək etirazını bildirirdi. Bu etirazlar öncə Ermənistanda kiçik toqquşmalara, ayrı-ayrı  müsəlmanların döyülməsinə və öldürülməsinə səbəb oldu. Cəzasız qaldıqlarını, Ermənistandakı və Azərbaycandakı Sovet ordusunun onları qoruduğunu görən Erməni quldurları 1988-ci ildə Ermənistanda yaşayan bütün müsəlmanları, yəni Türkləri və müsəlman Kürdləri qovdular. Onların əksəriyyəyi Azərbaycana sığınmaq məcburiyyətində qaldı.

Sovet hərbçilərindən silah alan Erməni quldurları kiçik toqquşmaları müharibəyə çevirdilər.

Bu müharibə 30 ilə yaxındır gah güclənir, gah da zəifləyir.  Sovet ordusunun köməyi ilə Erməni silahlı dəstələri tək Dağlıq Qarabağda yox, ətraf rayonlarda da azərbaycanlılar yaşayan kənd və şəhərlərə basqın etdilər. Beləcə, qısa müddətdə 1 milyona yaxın azərbaycanlı ata-baba yurdundan didərgin düşdü, 30 min nəfərə yaxın da öldürüldü. Azərbaycan ərazisinin 20 faizi, yəni 14 rayonu Ermənistanın nəzarətinə keçdi. 

BMT Təhlükəsislik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasını Ermənistandan tələb etdi. Ermənistan bu qətnamələri saya saymadı. 1994-cü il il martın 12-də Qırğızıstanın başkəndi Bişkekdə heç bir hüquqi xarakter daşımayan müvəqqəti atəşkəs elan edildi.  1994-cü il dekabrın 5-6-da Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının qərarını həyata keçirmək üçün Həmsədirlik institutu təşkil edildi. Tarixə Minsk qrupu kimi daxil olan bu təşkilata 1997-ci il yanvarın 1-dən Rusiya, Fransa və ABŞ-ın rəhbərlik etməyə başladı. Bu təşkilat ötən illər ərzində çoxlu danışıqlar aparsa da, demək olar, heç bir iş görmədi. Bir milyona yaxın qaçqın və məcburu köçkün çadırlarda, vaqonlarda, torpaq daxmalarda yaşadılar. Cəbhə xəttində isə Azərbaycanın dinc sakinləri, əsgər və zabitləri Ermənilərin atdığı güllələrdən öldü.

2020-ci il iyulun 11-dən 12-ə keçən gecə Erməni silahlı qüvvələri Qarabağdan uzaqdakı Tovuz rayonunda müharibəni alovlandırdılar. Onlar qəflətən hücuma keçərək Asiyanı Avropa ilə birləşdirən yeni dəmir yolunu, Azərbaycandan Türkiyəyə və oradan da Avropa ölkələrinə  gedən neft, qaz kəmərlərini, şosse yolunu tutmağa calışdılar.

Lakin bu dəfə Azərbaycan ordusu onların hücumunun qarşısını ala bildi. Döyüşlər zamanı Azərbaycan kəndlərində evlər dağıdıldı, dinc əhali öldürüldü, əsgər və zabitlər, hətta  gənc general Polad Həşimov şəhid edildi.

Buna etiraz əlaməti olaraq Moskvadakı Azərbaycan əsilli iş adamı, "Kiyevskaya Ploşad" Holdinq İdarə Heyətinin sədri, milliyətcə Yəhudi Qod Nisanov Ermənilərin mallarını bazara buraxmadı. Ermənistandan gətirilmiş meyvə və tərəvəz xarab olduğundan zibilliyə atıldı. Ermənistan iqtisadiyatına dəyən zərərin qarşısını almaq üçün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov (şəhər bələdiyyəsi, ticarət naziri deyil, xarici işlər naziri!) Qod Nisanovu və bazarlarına Ermənistan məhsullarını buraxmayan Yəhudu iş adamlarını cağırıb onlara təzyiq göstərdi.

Həmin günlərdə İran mollalarının mallarını müsəlman tacirlər Ermənistanda şıdırğı satırdı. Necə deyərlər, bazarlarının gur vaxtı idi. Təbrizin, Urmiyanın, Ərdəbilin və b. şəhərlərin cümə imamları da çıxış edərək Ermənilərlə müsəlmanlar arasında gedən bu toqquşmalara məscidlərdə münasibət bildirirdi. Ermənilərin Azərbaycana hücum etməsini, dinc müsəlmanların öldürülməsini Ərdəbilin cümə imamı Həsən Amili  belə izah edirdi:Böyük müqəssir qələmdən düşüb. Böyük müqəssirin biri Əbülfəz Elçibəydir. O zaman ki, İran gəlmişdi, hər nəyi qutarmışdı, bizim generallarımız cəng eləyirdi Qarabağda, Əbülfəz deyir yox, mən Qarabağı verərəm Ermənilərə, İranın əlilə qurtarmaram. Əgər o təəssüb onda olmasaydı, o millətçilik onda olmasaydı, o nəjadpərəstlik onda olmasaydı, o qərə fikir onda olmasaydı, İran qurtarmışdı. İran nə qədər zəhmət çəkmişdi hamısını hədər elədi”.

İran İslam Respublikasına ilk dəfə 1990-cı il yanvarın 20-də, yəni Naxçıvanın Sovet Sosialist Respubikalar İttifaqının tərkibindən çıxıb özünü müstəqil Narxçıvan Respublikası elan edəndə getmişəm. Onda mən Naxşıvanın SSRİ-dən çıxdığı haqqında qərarı xaricə aparan rəsmi nümayəndə heyətinin tərkibində idim. Həmin günlərdə biz İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşları, Şərqi Azərbaycan ostanının rəhbərləri, imam cümə ayətulla Müslüm Məlakuti ilə görüşdük. Naxçıvan Respublikası Ali Məclisinin qərarını onlara təqdim etdik.

Sonralar da İran İslam Respublikasına gedəndə Təbrizin cümə imamı ayətulla Müslüm Məlakuti, Urmiyanın cümə imamı Qulamrza Həsəni və b. yüksək ruhanilərlə görüşdüm. Müslüm Məlakuti və Qulamrza Həsəni haqqında məqalələr də yazdım. Ərdəbilin cümə imamı Həsən Amilinin Türkcə danışığını başa düşdüyümə görə, onunla da görüşmək, təşəkkürümü bildirmək istəmişdim. Amma  belə bir görüş baş tutmamışdı.

Həsən Amilinin bu çıxışını dinləyəndə isə çaşıb qaldım. Həmin günlərdə Təbrizin, Urmiyanın və b. şəhərlərin cümə imamları da nala-mıxa vuran çıxışlar etmişdilər. Amma heç biri Həsən Amilininki qədər deyildi. Anlıya bilmirəm, Həsən Amili savadsızlığından belə danışır? Savadsız adamı cümə imamı qoymazlar. Yaddaşı pozulub? Ona da oxşamır! Hökumətin gözünə girib daha böyük vəzifə almaq istəyir? O da ağlabatan görünmür. Çünki Azərbaycan ordusu Qarabağı işğaldan azad etməyə başlayandan sonra İran rəhbərliyinin verdiyi bəyanatlar başqa şey deyir.

Əbülfəz Elçibəy 10 ildən çoxdur dünyasını dəyişib. Bu ötən illərdə Azərbaycanla Ermənistan arasında çox toqquşmalar, çox danışıqlar olub. Hamısında da İran rəhbərliyi ermənipərəst mövqe tutub. Bir dəfə də olsun BMT Təhlükəsizlik Şürasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni yada salmayıb. Həmişə deyib danışıqlara gedin. Bu da o demək idi ki, Ermənistan sizin torpaqlarınızı işğal edib, onlar güclüdür, siz zəifsiniz. Onların dedikləri ilə razılaşın.

Həsən Amili deyir:  O zaman ki, İran gəlmişdi, hər nəyi qutarmışdı, bizim generallarımız cəng eləyirdi Qarabağda”. Görəsən, Həsən Amili o zaman deyəndə tarixin hansı ilini, gününü nəzərdə tutur?

Ermənistan Dağlıq Qarabağı 1988-ci ildə özünə birləşdirmək haqqında qərar qəbul etdiyi günləri nəzərdə tutursa, onda İran hökümətinin nümayəndələri Sovetlər tərəfə baxa bilmirdilər. Hətta İran səhədçiləri Araz çayının kənarından gil götürmək istəyəndə aylarla Moskvadan cavab gəlməsini gözləyirdilər. Həmin dövrdə İran tərəfi Azərbaycana general deyil, casus belə göndərməyə qorxurdu. Həmin illərdə Əbulfəz Əliyev (1990-cı ildə Elçibəy soyadını qəbul etdi) Əlyazmalar İnstitutunda bir araşdırıcı idi.

Sovet hakimiyyəti illərində Azərbaycanda məscidlərin əksəriyyəti bağlanmışdı, binaları anbara, çal-çağır yerinə çevrilmişdi. Əbülfəz Əliyev (Elçibəy) Azərbaycan Xalq Cəbhəsi deyilən ictimai təşkilata sədr seçiləndən sonra Azərbaycanda İslam dininə maraq sürətlə çoxaldı. Namaz qılanların, oruc tutanların, məscid tikdirənlərin sayı artdı. Bu işlərin arxasında duran, kommunist partiyasına qarşı dirəniş göstərən də Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsi idi.

1990-cı il 19 yanvar gecəsi Sovet ordusu Azərbaycana yeridiləndə, günahsız insanlar öldürülməyə başlayanda Naxçıvan Muxtar Sovet Sosialist Respubilkasının Ali Soveti toplantı keçirərək Sovetlər Birliyinin tərkibindən çıxdığını elan etdi. Naxçıvanın 1828-ci ilədək Qacarlar Dövlətinin tərkibində olduğunu nəzərə alaraq Naxçıvan Ali Soveti kömək üçün İran İslam Respublikasına rəsmi mürəciət etdi. Cavab isə belə oldu: İran İslam Respublikasının prezidenti Rəfsancani dedi ki, Rusiya (Sovet Hökuməti də yox ha! Onda hələ Sovet höküməti yıxılmamışdı və Rusiya Rederasiyası da Sovetlərdən ayrılmamışdı.) bizim dostumuz və qardaşımızdır. Kim ona qarşı dursa, biz ona qarşıyıq!

Yəni Rəfsəncani müsəlmanların, vaxtı ilə eyni bir dövlətin tərkibində olduğu bu insanların deyil, Rusların tərəfini tutdu. Həmin dövrdə Xarici İşlər Naziri Vilayəti və başqa hökumət məmurları da Rəfsəncaninin sözünə bənzər sözlər dedilər. Təbrizin cümə imamı rəsmi məsələyə münasibət bildirməsə də, Naxçıvanın Sovetlər Birliyindən cıxmasına dair sənədi gətirən nümayəndə heyəti ilə görüşəndə ağlaya-ağlaya İran hökumətinin siyasətini yüngül də olsa, pislədi.

Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdi. İrandan generallar ondan sonra gəlib Qarabağda cəng ediblərsə, demək onda Azərbaycanın tərəfində deyil, Ermənilərin tərəfində olublar. Azərbaycan müstəqilliyini elan edəndən 1992-ci ilin iyulunadək bir kəndi belə azad edə bilməmişdik. Əksinə Ermənilər Rusyanın 366-cı motoatıcı alayının yardımı ilə 1992-ci ilin fevralın 25-dən 26 keçən gecə Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 insanı qəddarlıqla öldürüb, 563 insan yaralanıb və ya şikəst edilib, 1275 nəfər əsir götürülüb ki, onlardan da 150 nəfərinin qaldısı və öldüsü bugünədək məlum deyil.

1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinə hüçüm edən Ermənilər kənddə 67 nəfəri öldürüb, 130 evi yandırıb və xeyli insanı əsir götürüblər. Müsəlmanlar yaşayan Malıbəyli, Yuxarı Quşcu, Meşəli və b. kəndlər də Erməni quldurları tərəfindən yandırıldı, əhalisi öldürüldü.

1992-ci il may ayının 6-7-də İran hökuməti vasitəcilik adı altında Azərbaycanın və Ermənistanın rəhbərlərini Tehrana danışıqlara çağırdı. Onlar da getdilər və elə həmin vaxt Ermənilər Şuşa şəhərini işğal elədi. Döyüşdə onlarla azərbaycanlı dünyasını dəyişdi. Dünyasını dəyişənlər arasında  Yəhudi Albert Aqarunov da olmuşdu. Tankçı Albert Aqaranov  Şuşaya hücum edən Erməni tankını vurur.  Sonra tankla növbəti hücuma keçmək istərkən qarşılarına bir azərbaycanlı döyüşcünün meyidi çıxır. Yəhudi Albert Aqaranov tankı şəhidin cəsədi üzərindən sürmür. Tankdan enib onu kənara çəkmək istərkən onu Erməni snayperçisi vurur. Yəhudi müsəlman döyüşçünün cəsədini tapdamaq istəmədiyi bir vaxtda Tehranda İran rəhbərləri sülh yaratmaq adı altında Şuşanın işğalına şərait yaradır. Bunu ona görə yazdım ki, Yəhudilərlə İran mollalarının Azərbaycana münasibətini oxucu özü görsün.

1992-ci il iyulun 7-də  Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçildi. Azərbaycanın könüllülərdən ibarət silahlı dəstələri Erməni quldurlarını Dağlıq Qarabağdan qovmaq və bölgədə sülh yaratmaq üçün hücuma keçdilər.  Şaumyan (Ağcakənd), Mardakert (Ağdərə), Hadrut (Ağoğlan) rayonları bütövlükdə, Martuni (Xocavənd), Əskəran rayonlarının bəzi kəndləri Erməni silahlılarından təmizləndi. Azərbaycan silahlı birləşmələri 1992-cü ilin oktyabrında Xankəndinin 20-25 kilometrliyinə çatdı. Kəlbəcərdən irəliləyən Azərbaycan silahlı dəstələri Laçın yolunu kəsməyə yaxınlaşdılar. Bu zaman  Rusiya və İran rəhbərlərinin təklifi ilə döyüşlər dayandırıldı, tərəflərə danışıqlar masası arxasında oturmaq təklif edildi.  

Həsən Amilinin dedikləri məntiqə sığmır. Azərbaycan silahlı birləşmələri Dağlıq Qarabağı Erməni quldurlarından təmizləyəndə İran generalları iştirak ediblərsə, demək, Əbülfəz Elçibəylə münasibətləri yaxşı olub. Yox, iştirak etməyiblərsə,  Həsən Amili nəyə əsaslanıb deyir ki, bizim İran generalları Qarabağda cəng elədi.

1993-cü ilin iyunun 4-də isə Əbülfəz Elçibəy Rusiya, İran və b. xarici güclərin əli ilə hakimiyyətdən uzaqlaşdırıldı.

Elçibəy hakimiyyətdən uzaqlaşdırılandan sonra hakimiyyətə Heydər Əliyev gəldi. 1992-ci ilin mayın 18-də Laçın, 1993-ci ilin aprelin 2-də Kəlbəcər rayonu işğal edilmişdirsə, həmin ilin iyulun 23-də Ağdam,  avqustun 23-də Füzuli və Cəbrayil, avqustun 31-də Qubadlı, oktyabrın 29-da Zəngilan rayonu Rusiyanın hərbi, İranın da maddi və mənəvi yardımı ilə işğal edildi.

Azərbaycana dəstək üçün onda İran hökuməti Araz sahilinə qoşun yeritmədi. Sərhədlərin toxunulmazlığından danışmadı. Elə ki Azərbaycan ordusu doğma torpaqlarını azad etməyə başladı onsa İran hərbi birləşmələri Azərbaycan sərhddinə yeridildi və sərhədlərin toxunulmazlığı haqqında bəyanatlar verməyə başladı. Yəni onlar Ermənistan sərhədlərinin toxunulmazlığını qorumağa gəldilər. Nədən 28 il susun İran indi hərəkətə gəldi sualının cavabı isə aydındır. Qəzetlərdən və sosial şəbəkədən oxuduğuma görə Qarabağ işğal altında olduğu illərdə İran Hökuməti işğalçılarla əlbir olub Azərbaycan ərazisində bir neçə bəndi və körpü tikmiş,  25 bankının şöbəsini açmış, 300 yaxın şirkəti Qarabağda fəaliyyət göstərmişdir.

 Müsəlman, Türk ölənin arxasınca danışmaz! Həsən Amili hansı dindəndir, hansı millətdəndir ki, ölənin arxasınca danışır, özü də şər-böhtan deyir?

İran hökumətinin rəhbərləri Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırır. Bəs özlərinin xristian Rusiya ilə, Ermənistanla əməkdaşlıq edib Azərbaycana divan tutduqlarını niyə demirlər?  Özünü müsəlman sayan İran rəhbərləri dar gündə ona müraciət edən Naxçıvan müsəlmanlarının ümüdini qıranda azərbaycanlılar kimlə əməkdaşlıq etməliydi?

Azərbaycanda cəmi 16 min Yəhudi yaşayır. Onların gəncləri bu gün Erməni quldurlarına qarşı cəsarətlə döyüşür. 18-19 yaşlı Yəhudi Daniel Zabrailov Azərbaycan torpaqlarının Erməni quldurlarının işğalından azad edilməsinə kömək etməklə qalmır, həm də cəbhə xəttindən çəkib dünyaya yaydığı videoda deyir: "Bu gün ön cəbhədə xidmət edirəm və özümlə fəxr edirəm! 30 ildir işğal altında olan torpaqları azad edəcəyik! Biz bundan əminik! Dostlarım və mən buna ürəkdən inanırıq. İsrail xalqına müraciət etmək istəyirəm: bizə dəstək olun, bizim üçün dua edin! Haqq Azərbaycanladır! Qarabağ Azərbaycandır!".

Gəncədə İmamzadanı Ermənistandan atılan raketlərlə dağıdırlar. Zəngilanda isə Ermənilər məscidi donuz damına çevirmişdilər. Ancaq nədənsə nə Həsən Amili, nə də İranın başqa din xadimləri, hökumət adamları səsini çıxarmır. Cünki onlar xristian Ermənilərlə əlbirdirlər.

Bunu mən demirəm, Erməni jurnalistləri, siyasətçiləri deyir.

Ermənistanın “Armenian Report” adlı analitik-xəbər səhifəsində Qrayr Poqosyanın yazdığı  “Müttəfiqlər haqqında bir neçə söz və ya arxadan vurulan bıçağı haradan gözləməli? adlı məqalədə İran hökumətinin müsəlmanları qırdırmaq üçün Ermənistana yardımından belə deyir: “İran ruhaniləri Ermənistanın atdığı məcburi addımlar sayəsində bizdən daha çox pul qazanmaq şansı əldə etdilər və bundan səmərəli şəkildə faydalandılar. İran yeri gələndə Ermənistana lazımi gücü və vəsaiti, maddi təminatı, yanacaq-sürtkü materiallarını və silahları, bilirsinizmi niyə verirdi?

İran öz ərazisindən Ermənistana silah satışının və çatdırılmasının qadağan olunması barədə gurultulu bəyanat verərək, 30 illik qarşılıqlı faydalı əməkdaşlığın bitdiyini bildirdi. Farslar onsuz da heç vaxt sədaqətləri və doğruluğu ilə fərqlənməyiblər.

İran Ermənistana silah satma davam edərdisə Rusiya ayısı uzun illər rublsuz qalıb öz pəncəsini əmməlimi olacaqdır?!

İran və onun Fars sahibinə gəlincə, onları Tanrıya həvalə edirik. Və yaxud öz dilləri ilə desək, Allaha”.

Azərbaycanı İsraillə əməkdaşlıq etməyə İran itələdi. Özü isə Rusiya və Ermənistanla əməkdaşlıq etdi. Erməni jurnalistinin yazdığı kimi, İran Ermənistana silah satdı. Hamıya məlumdur ki, İsrail də Azərbaycana  insansız hava aracları – dronlar satdı.  

Bu gün Azərbaycan Dağlıq Qarabağı azad etmək üçün Ermənistanla vuruşur. Ermənistan ordusu Rusiya və İran silahları ilə silahlanıb. Azərbaycan ordusu isə silahı İsrail və Türkiyədən alıb. Bu gün cəbhədə İran və Rusiya silahları ilə silahlanan, bu ölkələrin hərbçilərindən məsləhət alan Ermənistan ordusunu Azərbaycan məhz İsrail və Türkiyədən aldığı silahlarla məhv edir.

Bu gerçəklik qarşısında mən üzümü göylərə tütüb deyirəm: “Allahım, sənə min şükür! İran rəhbərləri –  Rəfsancanilər, Vilayətilər, Həsən Amililər yaxşı ki Azərbaycanı özlərinə düşmən bilib qovdular. Quvmasaydılar, müsəlman deyib bizə kömək etsəydilər, bugünkü savaşda yenə Ermənistana məğlub olardıq!”  

 

15 oktyabr 2020

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol