"525-ci qəzet"dəki yazımın Şirazda əks-sədası və ya Baba Kuhinin işığında
https://525.az/site/?name=xeber&news_id=108635#gsc.tab=0
24.10.18 00:24
Əli ŞAMİL
ali-shamil@yahoo.com
Bu yay Şirazda olarkən görüşdüyüm qaşqay ziyalılarının Baba Kuhi kimi tanınan məşhur sufi alim Şeyx Məhəmmədəli Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Ubeydullah ibn Əhməd Şirvani Babakuhinin azərbaycanlı olmasını bilməmələri məni üzdü. Bakıya qayıdanda "Qaşqay elinə səfər" adlı bir məqalə yazdım. Məqalədə Baba Kuhiyə də geniş yer ayırdım. Həcmi böyük olsa da, məqaləmi "525-ci qəzet"in üç sayında nəşr etdilər.
"525-ci qəzet"də çap olunan məqalələrin surətini İran İslam Respublikasında yaşayan bəzi tanışlara göndərdim.
Bir azdan xəbər tutdum ki, Urmiyadan Fərhad Cavadi məqalənin Baba Kuhi ilə bağlı olan parçasını əski əlifbaya çevirərək dost-tanışına, "Xudafərin" jurnalına göndərib. "Xudafərin" jurnalı da çox operativ şəkildə bu ilin Aban (Oktyabr) ayında nəşr edilən 169-cu sayında çap edib.
Şirazda da Əvəzullah Səfəri Kəşküllü həmin məqaləni qaşqay ləhcəsinin qaydalarına uyğunlaşdıraraq surətini çıxarıb dost-tanışı arasında yayıb. Baba Kuhinin azərbaycanlı olması haqqında Əbdürrəhman Caminin, Həmdulla Qəzvininin əsərlərini qaynaq göstərməyim onların daha çox xoşuna gəlib.
"525-ci qəzet"in nəşr etdiyi məqalə Şirazda yaşayan qaşqaylara öz təsirini göstərib. Oradan aldığım məktublar və videolardan ötən cümə günü (İranda cümə günü istirahət günüdür. Həmin gün rəsmi idarələrdə iş olmur, bazar bağlanır) 45-50 nəfər qaşqayın ailəliklə Baba Kuhi məzarına ziyarətə getdiyin, orada qurban kəsdiklərini və birlikdə süfrə açıb nahar etdiklərini öyrəndim.
Qaşqaylar Baba Kuhi məzarında qurban kəsməklə kifayətlənməmişlər. "Ocaq" Qaşqay Mədəniyyət Mərkəzinin rəhbəri İsmayıl Musalı, qaşqayların milli fəallarından Qulamhüseyin Muğanlı Rahimi, Təməddün (Mədəniyyət) mədrəsəsinin müəllimi, uşaq yazıçısı Zəhra Tahiri, yazıçı Mahnaz Rahmat İgdiri məzar başında öz yazılarını oxumuş, "525-ci qəzet"də nəşr edilmiş məqalənin surətini paylamışlar.
Toplantının təşkilində xüsusi fəallıq göstərən, şair və araşdırmaçı Əvəzullah Səfəri Kəşküllü "525-ci qəzet"dən Baba Kuhi haqqında yazılan məqaləni oxumaqla kifayətlənməmiş, özünün son günlər yazdığı Baba Kuhiyə və Qarabağa həsr etdiyi şeirlərini də oxumuşdur.
"525-ci qəzet"in nəşr etdiyi məqalə bir qrup qaşqaylını Baba Kuhi işığına toplamışdır.
Aşağıda Əvəzullah Səfəri Kəşkülinin Baba Kuhiyə həsr etdiyi şeiri qaşqay ləhcəsində təqdim edirəm.
BABA KUHİ AĞIRLAMASI
Gəl qonağa hörmət qılaq,
Bakıdan bir qonaq gəlmiş.
Bu qonaqdan qədir bilək,
Bizdən almış soraq, gəlmiş.
Ariflərin atasıdır,
O, Sirvanlı balasıdır,
Qaf dağının Ənqasıdır,
Yolları çox uzaq gəlmiş.
Bəzənmişdir nar-i nurdan,
Musa kimi gəlib Turdan,
Bakı, Şirvan, Nişapuran,
Şiraza bir dayaq gəlmiş.
Çıxıb elmin qıqacından,
Soraq almış Həllacından,
Dönüb irfan Meracından,
Minmiş Boraq atın, gəlmiş.
Tikilmiş sufu dəkkəsi,
Rövnəqə qalmış təkkəsi.
Sayqıyladır fəlsəfəsi,
Qədəmindən oyaq gəlmiş.
Bəkləmiş Xoca Ənsarı
Görə Fəxrəddin Əttarı,
Xorasanın alimləri,
Sanki yeddi çıraq gəlmiş.
Müsahiblər mükərrimdir.
Başında Xaca Ədhəmdir,
Nəzər qıl, gör nə aləmdir,
Axıb dağdan bulaq gəlmiş.
Abu Abdullah Bakuvi,
Əcəm soylu Baba Kuhi,
Müridləri çəkdi "Yahu!"
Ki mürşid-xoşdamaq gəlmiş.
Gül açmış Bakı bağları,
Nə parlaqdır yanaqları,
Şirazda türk uşaqları.
Güləş gültək dodaq gəlmiş.
Şair Əsədulla Səfəri Kəşküllü şeirində sufi alimlərin adını çəkmiş və sufi terminlərindən geniş istifadə etmişdir. Mildadi 10-11-ci yüzillərdə Xorasan sufizmin beşiyi sayılmışdır. Xorasanda yaşamış ən məşhur yeddi sufi alimi, şairi haqqında söz açanlar adətən onları Xorasanın yeddi ulduzu, Xorasan yeddi piri adlandırırlar. Yeddi pir - ulduz dedikdə İslam dininin soltanı - həzrəti İbrahim Ədhəm, İslam dininin, həm də ariflərin soltanı "Kitab-ül Əktab"ın müəllifi Bəyazit Bistami, kəramət və halət sahibi Əbül Fazil Saraxs (Saraxs baba), kəramətli pir həzrət Əbu Seyit Əbülxeyri, "Qurani Şərif"ə böyük təfsir yazan, kəramətli pir, həzrəti Xoca Abdulla Ənsari, kəramətli pir, həzrəti Əbül Həsən Xaraqani, məşhur ülama, kərəmətli pir, həzrət Fəxrəddin Əttar Nişapuri nəzərdə tutulurdu. Əvəzulla Səfəri Kəşkülü onları "Sanki yeddi çıraq gəlmiş" kimi vermişdir.
Qaf dağında yaşayan əfsanəvi Simurq quşunu sufilər Ənqa adlandırırlar və gizli, gözlə görünməyən şeyləri ənqa adlandırırlar. Həm də Haqqın mərifəti, mənəvi dəyər Ənqa kimi verilir.
Ərəb dilində od anlamını verən nar sözünü sufilər insanın ad-sanını, vücudunu yandırıb onu maddi bağlılıqdan qurtaran eşq odu kimi işlədirlər.
"525-ci qəzet"dəki əks-sədası və işığında
Çap olundu: "525-ci qəzet"dəki yazımın Şirazda əks-sədası və ya Baba Kuhinin işığında, “525-ci qəzet”, 2018, 24 oktyabr. https://525.az/site/?name=xeber&news_id=108635#gsc.tab=0 |