ÖZÜNƏ RƏVA BİLMƏDİYİNİ...
Naxçıvan MR Ali Məclisinin 25 oktyabr 1992-ci ildə keçirilmiş sessiyasının qərarı 8 noyabr 1992-ci ildə Naxçıvan radio və televiziyası ilə oxundu. Sonra da mətbuata verildi. Dinləyici və tamaşaçıları bir məsələ şübhəyə saldı. Sessiyanı Ali Məclisin sədri apardığı halda qəbul olunmuş qərarı görəsən niyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Rəşid Həsənov imzalayıb. (Bir az ayıq oxucular buna adətkardadırlar. Bilirlər ki, ötənlərdə də Naxçıvan MR Ali Məclisinin və Rəyasət Heyətinin cəncəl qərarları həmişə müavinlərə imzaladılıb).
Verildiyi vaxtdan 13 gün sonra işıq üzü görən qərarın 5-ci bəndində yazılıb: “Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəydən, Azərbaycan Respublikasının Ali Sovetindən xahiş edilsin ki, bu qərara baxıb onunla əlaqədar tədbirlər görsünlər”.
Əziz oxucu, mühakimə etməyi öz ixtiyarınıza buraxırıq. Amma bir sual vermək istəyirik: beş-on il əvvəl Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi Azərbaycan KP MK-yə göndərdiyi qərarlarda yazsaydı “qərara baxıb onunla əlaqədar lazımi tədbirlər görsünlər” onda nə həngamə qopardı?
Hələ onu demirik ki, qərarda Prezidentə məsləhət görülür ki, “Prezident aparatının əməkdaşı F.Mustafayev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birinci müavini A.Kərimov tutduqları vəzifədən azad edilsinlər”.
“Güney” qəzeti, 1992, 28 noyabr, № 4, s. 3
|