Şeit Xanım haqqında

Uman Yerdən Küsərlər: –

 ŞEYIT XANIM

                                              

 

Qumuq mənşəli azərbaycanlıların sayını bilən yoxdur. Belə bir statistika da aparılmayıb. Göyçə, Borçalı, Naxçıvan, Qarabağ, Şirvan, yaxud bayat, əfşar və s. kökənli azərbaycanlıların da sayı həmçinin bilinmir. Buna ehtiyac da duyulmur. Bu gün Azərbaycanda, keçmiş Sovetlər Birliyində,  Türkiyədə Mesxeti türkləri, Axıska türkləri, bə’zən də (əsasən Gürcüstanda) Cavaxetiya türkləri ifadəsi gen-bol işlədilir. Amma 20-ci yüzilin birinci yarısında belə, mesxeti türkləri ifadəsi ayrıca xalq, etnik qrup mə’nasında, işlədilmirdi. Qarabağ, Naxçıvan, Şirvan, Gəncə və s. kimi bölgə adını bildirirdi.

1872-ci ildə Axalsix qəzasının Azqur köyündə (indiki Gürcüstan respublikasında) doğulan Ömər Faiq 1882—91-ci illərdə İstanbulda “Fateh” mədrəsəsində “Darüş-şəfəq” məktəbində təhsil alıb. Şəkidə, Şamaxıda, Gəncədə, Axalsixdə işləyib. 1906-cı ilin yazında isə Tiflisdə Naxçıvanlı Mirzə Cəlillə birlikdə “Molla Nəsrəddin” gülgü dərgisini yayınlatmağa başlayıb.

Qumuqlar da bax beləcə, Azərbaycan türkləri ilə qaynayıb- qarışmış bir xalq idi. Sovet hakimiyyətinin ilk onilliklərində — yə’ni 1920-30-cu illərdə Bakının ali məktəblərində qumuqlar təhsil alır, basın evlərində kitabları, dərgiləri yayınlanırdı. Nəinki qumuq məktəblərinə, mədəni-maarif ocaqlarına ümumiyyətlə, Dağıstana əksər kadrlar Azərbaycandan gedirdilər. 20-ci yüzilin ilk onilliklərində Dağıstan xalqlarının həvəskar teatr truppaları əsasən Azərbaycan müəlliflərinin əsərlərini səhnələşdirirdilər. Bu xalqlar arasında ortaq dil də Azərbaycan türkcəsi idi. Dağıstanın Rusiya Federasiyasının tərkibində olmasına etiraz edən, onu Azərbaycanla bir federasiyada görmək istəyən yerli ziyalılar öz fikirlərini açıq söyləyirdilər.

Rusiya öz mövqelərini möhkəmlətdikcə milli düşüncəli kadrları müxtəlif vasitələrlə sıxışdırmağa başladı. 30-cu illərdə onlar həbs edildi, sürgünə göndərildi.  Azərbaycandan gedib Dağıstanda müəllim işləyən Maqsud Şeyxzadə də Orta Asiyaya sürgün edildi. Sonralar o, Özbəkistanın tanınmış şairi, dramaturqu, ədəbiyyatşünası oldu.

Dağıstanda və Quzey Qafqazda yaşayan çoxdilli xalqlar arasında ortaq danışıq dili olan türkcə sıxışdırıldı, rusca aparıcı ünsiyyət vasitəsinə çevrildi. Az qala hər tayfa öz kökündən ayrılıb bir millətə çevrilməyə başladı. Xalqlar arasında birbaşa əlaqə kəsildi. Bütün əlaqələr rus dili və Moskvanın vasitəsilə aparılmalı idi. Beləliklə, Azərbaycanın  qonşuluğunda olan qumuqlarla birbaşa əlaqəsi qırıldı.

Sovetlər Birliyi laxladıqda xalqların milli oyanışı başlandı. Yeni yaranan, yarımgizli və ya açıq fəaliyyət göstərən təşkilatlar da bir-biriylə birbaşa əlaqə yaratmağa  çalışdılar. Azərbaycan Xalq Cəbhəsi də qumuqların  “Tenlik” hərəkatı ilə əlaqə yaratdı. Beləliklə, orada baş verənləri diqqətlə izləmək, lazım gələndə kömək göstərmək imkanı qazandıq.

1992-ci ilin mayında Azərbaycanda xalq hərəkatı öncüllərinin hakimiyyəti ələ alması keçmiş Sovetlər Birliyindəki türk xalqları arasında milli hərəkatı gücləndirdi. Onlar Azərbaycana bir arxa, bir dayaq kimi baxmağa başladılar. 1993-cü il martın 21—23-də  Antalyada  Birinci  Türk Devlet ve Topluluqları Dostluq, Kardeşlik ve İşbirliyi Kurultayı keçiriləcəkdi. Oraya Türk xalqlarının milli hərəkat öncülləri də də’vət edilmişdilər. Lakin Moskva onların getməsini əngəlləyirdi. Vəziyyətdən çıxmaq üçün onları Azərbaycana də’vət etdik. Keçmiş Sovetlər Birliyi Cümhuriyyətləri arasında gediş-gəliş sərbəst idi. Milli hərəkat  öncülləri asanlıqla  Bakıya gəldilər. Sovet Ordusu Azərbaycandan çıxarıldığından onların Türkiyəyə getməsinə elə bir əngəl  törədən qüvvə qalmamışdı. Azərbaycan gömrükçüləri və sərhəd mühafizləri Sovetlər Birliyi daxilində hərəkət üçün verilmiş pasportlara da möhür vurub onları yola saldılar. Türkiyə sərhədçiləri də bunları rəsmi sənəd kimi qəbul edərək giriş möhürü vurdular. Bax beləcə Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, Saxadan, Tuvadan, Dağıstandan və b. bölgələrdən olan nümayəndələr də qurultayda iştirak edə bildi.

“Tenlik” Qumuq Xalq Hərəkatını Şeyit Xanım Alişeva, əri və qaynı Salav və Kamil Əliyev qardaşları təmsil edirdilər. Haqlarında çox eşitsək də onlarla ilk dəfə Bakıda görüşdük. “Uman yerdən küsərlər” deyiblər qumuq qardaş və bacılarımız da bizdən gileyli idilər. Az qala 50—60 ilin ayrılığının, acısının günahkarı kimi bizi qınayırdılar. Hadisələrdən xəbərsiz adam bu söhbəti dinləsəydi, nə çar Rusiyasının, nə də Sovetlər Birliyinin müstəmləkəçilik siyasətində günah görərdi. Onların danışığından belə çıxırdı ki, bu ayrılığın, soyuqluğun səbəbi Azərbaycan və Azərbaycan türkləri imiş. Azərbaycan istəsəymiş, qumuqların haqqının tapdanmasına, onların başqa xalqlar içərisində əridilməsinə mane ola bilərmiş. Bütün bunların istəkdən, Azərbaycana olan məhəbbətdən irəli gəldiyini yaxşı bilirdik. Ona görə də söhbəti keçmişlərin üzərində deyil, gələcəkdə birgə görəcəyimiz işlər üzərində qurmağa  çalışırdıq.

Şeyid Xanım qadın və həm də şair olduğuna görə  daha hiss və həyəcanla danışırdı. Son illər yazdığı şerlərdən  nümunələr söyləyirdi. Əksəriyyəti də ictimai siyasi məzmunlu şerlər idi. Deyirdi: Qumuqlar şeri, ədəbiyyatı çox sevirlər. Fayzəddin Məhəmmədovun, Ahməd Caçıyevin, Məhəmməd Atabayevin, Süpyana Xamayevanın, Cənnət Kərimovanın şe’rləri qumuqların dilinin əzbəridir. Kamal Abukovun “Mən suçluyam Maryam” əsəri hamının stolüstü kitabına çevrilib. Uzun illər bu xalqa siyasətlə, hərbi işlə məşğul olmağa icazə verilməyib. Nisbətən ədəbiyyat və incəsənətin inkişafına şərait yaradılıb. Onun da üzərinə sərt senzor nəzarəti qoyulub. Belə halda mədhiyyə, tərənnüm ədəbiyyatı formalaşsa da hərdən sətiraltı, ikibaşlı söz demək mümkün olub. Ona görə də bu gün xalqın oyanışından, təşkilatlanmasından söz  düşəndə hamı yazarlara üz tutur, onların arxasınca getməyə hazır olduqlarını bildirirlər. Yazarlarımız da...

Antalyada fasilələrdə, süfrə arxasında da Kamil və Salav qardaşları ilə, Şeyit Xanım Arslanəli qızı ilə müxtəlif mövzuda söhbətlər edirdik. Onları 19-cu  yüzildə və 20-ci yüzilin birinci yarısında Türkiyəyə sığınmış qumuqların taleyi maraqlandırırdı. Bilmək istəyirdilər onlar qumuqca  bilirlərmi? Övladlar ata və babalarının köçüb gəldiyi yurd haqqında nə bilirlər?

Şeyit Xanımın fikrincə, hazırda dünyanın 50-yə yaxın ölkəsində 350 min qumuq yaşayır. Toplum halında ən çox qumuq Dağıstan Muxtar respublikasında yaşayır. Dağıstan çoxmillətli bir bölgədi. Statistik bilgilərə görə burada 30-a yaxın yerli xalq yaşayır. Qumuqlar sayca üçüncüdür. Birinci yerdə 24 faiz olan avarlar, ikinci yerdə 14 faiz olan darginlər, üçüncü yerdə 12 faiz olan qumuqlar, dördüncü yerdə  11,5 faiz olan ləzgilər gedirlər. Laklar, Azərbaycan türkləri, tabasaranlılar, noqaylar, rutullar, tatlar, aqullar, saxurlar isə hər biri 5 faizlə 0,5 faiz arasındadırlar. Keçmiş Sovetlər Birliyinin Qüzey Osetiya, İçkeriya (Çeçenistan), İnquşetiya bölgələrində, hətta Suriyada da toplum halda yaşayan qumuqlar var.

Ədəbiyyat tarixindən söz düşəndə isə fikirlərimiz haçalanırdı. Özlərini hunların, xəzərlərin, bulqarların, alanların, qıpçaqların nəvələri hesab edən və bununla da qürur duyan qumuqlar yazılı ədəbiyyatlarının 19-20-ci yüzildə formalaşdığını söyləyirlər. “Bəs ondan öncə? 19-cu yüzildən öncə qumuqlar yazmamışlarmı?”– deyəndə “Yazmışlar, amma cığatayca və ya oğuzca yazmışlar” — cavabını verirdilər.

 Şeyit Xanıma: — Bütün dillər inkişaf edir, zənginləşir. Biz də cığataycanı inkişaf etdirib ədəbi dil kimi yaşatsaydıq, sizin şe’rlərinizi  indi 180 min qumuq deyil, bütün Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və b. bölgələrdə yaşayan türklər oxuyardı.— dedikdə isə, “Onda qumuq dili itib-batardı axı!” — deyə narahatçılığını bildirir.

Rusiya müstəmləkəçilərinin uzun illər məqsədyönlü apardıqları ayırma, parçalama siyasətindən  milli şüurlu insanlarımız da hələ qurtula bilməyiblər. 20-ci yüzilin ilk onilliklərindən qumuqlar arasında yazışma əsasən oğuz türkcəsində gedirdi. Bu da səbəbsiz deyildi. Güney qumuqlarının ləhcəsində oğuz ünsürü üstünlük təşkil edirdi. Sonralar Qüzey ləhcəsi — əsasən də Xasavyurd ləhcəsi əsasında ədəbi dil formalaşdırıldı. Bu işdə M.Əlibəyov, N.Batır-Muradov, İrçi Qazaq öncül oldu. İrçi Qazaq yada “yır” sözünü salır. Çünki şair ləqəbini həmin sözdən alıb. Bugünün özündə də İran İslam Respublikasının Sava bölgəsində yaşayan türklər, Krım türklərinin böyük bir qrupu şerə yır, şairə yırçı deyir.

Bu gün qumuqlarla Azərbaycan türklərinin istər dilləri, istər mədəniyyətləri arasında xeyli fərq var. Amma qədimlərdən bizi bir-birimizə bağlayan iplər hələ tam qırılmayıb. Yenə də süfrələrimizdə eyni xörəklər —xəngəl, şorba, gürzə, dolma, plov, qovurma, bozbaş, şişlik olur. Yenə də toylarımızda, şənliklərimizdə zurna, qaval, balaban, tar, saz, qopuz səslənir. Ötən illərə baş vuranda eyni xalqa, eyni millətə çevrilirik.

Çar Rusiyası Azərbaycanı olduğu kimi qumuqları da 1813-cü ildə  öz tərkibinə qatdığını e’lan etdi. Amma qumuqlar da Qüzey Qafqaz xalqları kimi hələ də quldarlığın davam etdiyi Rusiyanın tərkibində qalmaq istəmirdilər. Onlar Rusiya kəndliləri kimi təhkimli ola bilmirdilər. Ağalarının— knyazların onları kəndləri ilə birlikdə  ailəliklə, mal-qarası, torpağı ilə birlikdə, yaxud tək-tək sata biləcəyini ağıllarına belə gətirə bilmirdilər. (Rusiya kəndliləri isə buna təbii, ağasının haqqı kimi baxırdılar). Ona görə də silaha sarıldılar. Çoxmillətli, çoxdilli Quzey Qafqaz xalqlarını bir din — tək olan Tanrıya inanc, İslam dini birləşdirirdi. Müridizm hərəkatı 30 ildən çox davam etdi. Rusiya müstəmləkəsi altında olan kiçik bir bölgədə ildə 200 min döyüşçü itirirdi. İtkilərdən yaxa qurtarmaq üçün Rusiya islahatlar aparmaq məcburiyyətində qaldı. Qumuqların, avarların, çeçenlərin, çərkəzlərin, balkarların, qaraçayların apardıqları 30 illik mübarizə onlara azadlıq bəxş etmədisə 100 minlərlə Rus kəndlisini təhkimçilik zülmündən azad etdi.

Antalyada söhbətlərimizdə qumuqlar arasında milli şüuru yüksəltmək üçün gənclərin Türkiyəyə və Azərbaycana təhsil almağa göndərilməsi yollarını arayır, tarixə nəzər salırıq. 1920-30-cu ildə Bakıda qumuq gənclərinin teatr texnikumunda qrup halında oxuduğunu, geri dönüb Dağıstanda ilk peşəkar teatr yaratdığını xatırlayırıq.

Novruz bayramı münasibətilə təşkil etdiyimiz şənlikdə də birgə iştirak edirik. Şeyit Xanım həmin tədbirdə 1981-ci ildə Mahaçqalada yayınlatdığı “Yolda yır” kitabına aşağıdakı avtoqrafı yazdı: “Ali bey! Bizim yollar türk dünyasına çıxan sevgi yolları! Uğurlar bolsun! Nasipli bol! Şeyit Xanım. 22.III.1993. Türkiyə. Antalya”.

Şeyit Xanım Mahaçqalanın altından xətt çəkib əvəzində şəhərin qumuqca adını “Anji-qala” yazmışdı.

1996-cı ilin aprelində Ankaradakı Öyrətmən Evinin foyesində Şeyit Xanım, Salav və Kamillə yenidən görüşdük. Hal-əhval tutduq. Kamil və Salav Azərbaycanın durumu ilə maraqlanırdılar. Şeyit Xanım yenə də özünəməxsus bir çılğınlıqla Aydın Kərimova və mənə gileyini bildirdi. Ötən ilin payızında “Tenlik”in qurultayında iştirak etmədiyimizə görə incidiyini bildirdi. Mən vəziyyətdən çıxmaq üçün: “Siz siyasi partiyalara Xalq Cəbhəsinə, Musavata və başqa təşkilatlara dəvət göndərmişdiniz. Mən də heç bir siyasi partiyanın üzvü deyildim. Ona görə gəlmədim. Siyasi partiyaların rəhbərliyinə də də’vətlərinizi və arzularınızı dəfələrlə çatdırdım. Mən nə edə bilərdim?” — deyə vəziyyətdən çıxmağa çalışdımsa da mümkün olmadı. Şeyit Xanım: — “Sən istəsəydin, israrlı tə’kid etsəydin onlardan kimsə gələrdi. Özünün gəlməməyini isə heç bağışlaya bilmirəm. Azərbaycandan  kiminsə gəlməsini çox istəyirdik. İstəyirdik qurultayımızda qonaq kimi iştirak edən avarlar, laklar, darginlər, inquşlar görsün ki, bizim də arxamız var” — dedi.

Vəziyyətin çıxılmaz olduğunu gördükdə:

 

Birden manğa

Suratınqnı etemen,

Sen qörersen, qörersen!

Oramda bir zorba gün —

Ol sensin, sen!

 

deyə şer söyləməyə başladım. Şeyit Xanım duruxdu. Salav və Kamil bərkdən gülərək: “Şairin zəif yerini tapıbsan. Bu dəqiqə incikliyini unudacaq” deyə məni həvəsləndirdilər. Mən də:

 

Söyqenim! —

Men çıqqıraman

Seni mağa savğatlağan

Yaşavğa tyüqyül.

Söyqenim!

 

Şeyit Xanım şerin ardını ilhamla söyləyərək: “Şeri belə deyərlər! Yoxsa sənin kimi” — dedi. Mən yenə də əl çəkməyib:

 

 

Şeyit Xanım menim atım —

Şibir-qyubyur ete qökde yıldızlar.

Şeyit Xanım menim atım —

Şağra yolğa alğasay sırtlı qızlar”.

 

—deyəndə o yenə şe’rin ardını söylədi. Şeyit Xanımın 1993-cü ildə bağışlamış olduğu “Yolda yır” kitabından bə’zi parçaları Azərbaycan radiosunda apardığım verilişdə qumuqlara həsr etdiyim veriliş üçün əzbərləmişdim. Heç ağlıma da gəlməzdi ki, Ankarada dadıma çatacaq. Elə foyedəcə əyləşib çay içə-içə söhbətimizi davam etdirdik. Onlar bir aylıq kursa gəlmişdilər. Biz də 10 günə yaxın Ankarada olmalıydıq.

Eyni yerdə qalmağımız tez-tez görüşüb söhbətləşməyimizə imkan yaratdı. Azərbaycanda xalq hərəkatı fəallarının döyüşlərdə öldüyündən, həbslərə atıldığından, təqiblərə məruz qaldığından xəbərləri olsa da yenə də onlardan yardım umurlar. Azsaylı xalqların milli hərəkat fəalları da çox vaxt təqib edilir, təzyiq altında olurlar. Ona görə də çox vaxt əlaqə saxlamaq, vaxtlı-vaxtında görüşmək olmur. Bu da narazılığa səbəb olur. Onların narazılığını təbii qəbul edirəm. Uman yerdən küsərlər.

Şeyit Xanım hərdən qumuqca oxuduğu şerləri yaxşı anlayaq deyə türkcə izah etməyə çalışırdı. Bu bəzən asan anladığımız sözləri də çətinləşdirirdi. Onun şer dili xeyli dəyişmişdi. Kitabdakı şerlərinə nisbətən indi oxuduqlarını daha asan anlayırdım. Şeyit Xanımı çətinlikdən qurtarmaq üçün dedim: — “Bu il aprelin 3-də həmyerlimiz İmperiyat Arslanbəy qızı Bakıda doktorluq  dissertasiyası müdafiə edirdi”.

Şeyit Xanım gülərək sözümü kəsdi:— “İlk dəfə görüşəndə Siz də, Arif Rəhimoğlu da mənə Şeyit Xanım Arslanəli qızı deyəndə bir az acığım tuturdu. O qədər Arslanəliyevna eşitmişdim, qulağım ona o qədər alışmışdı ki, mənə şirin gəlirdi. Sizin Arslanəli qızınız isə mənə yad gəlir, elə bil qulağımı deşirdi. Bir iki dəfə istədim səhvinizi düzəldim. Utandığımdan dillənmədim. İndi Türkiyəyə gəlib-gedəndən Arslanəli qızı ifadəsinə alışmışam. Qulağımda həzin bir musiqi kimi səslənir. İmperiyata da  Arslanbəy qızı deməyiniz mənə ötən illəri xatırlatdı. — dedi.

Mən sözümü tamamlamaq üçün dedim:

—İmperiyat  xanım fikrini anlatmaq üçün qumuqca əski bir yırı söylədi:

 

Qök Tenqrim qokten mağa.

Qök gözlərini açıb bağa.

Qök çüman avlaqlarda

Qök çiçəkli tarlada.

Qök pozula hayrayem.

Qök çoxkelli balama.

Qök Tenqrim ördüm bağa.

 

Sonra da onu belə çevirdi:

 

Mavi Tanrı  göktən mana

Mavi gözün açıb bakıyor

Mavi bozqırlarda

Mavi çiçəkli tarlada

Mavi keçilər otlaqdan

Mavi mantolu yavrular

Mavi Tanrım yüksəklərdən bakıyor.

 

Müdafiədən sonra İmperiyat xanımla söhbət edəndə ona dedim:  “Sizin qumuqca  söylədiyiniz çevirmənizdən daha anlaşıqlı idi. Çünki Azərbaycan türkləri “göy” deyir, siz “qök” deyirdiniz, biz “çəmən” deyirik, siz “çüman”, biz “otlaq” deyirik, siz “avlaq” dediniz. Sizin işlətdiyiniz “n” səsi 30-cu ilərdə Azərbaycan əlifbasında   olub. Sağır “nun” adlanıb. Bu gün ləhcələrimizdə geniş işlənir. Anayı yox anagi, dəniz yox, dənqiz kimi deyirlər”.

Şeyit Xanım, Kamil və Salav bəy qızğınlıqla söhbətə girişdilər. Mənim İmperiyat xanıma istinadən söylədiyim şe’r parçasını çox qədim dövrdə yaranmış bir dua, yaxud Tanrıya həsr olunmuş dastandan parça olduğunu söylədilər. Qayaxan bölgəsində “Tanrıxan” adlı ağacın olduğundan, həmin ağaca insanlar bu gün də tapınıb qurban kəsdiklərin, Tanrının göy rəngdə olduğundan, həmin rəngin bu gün də xalq arasında “ilahi gözəllik” anlamında işlədildiyindən danışdılar.  Qumuqlardan toplanmış “Cavad bəy haqqında yırla Şumerlərin “Bilqamıs” eposu arasındakı paralelliyi önə çəkdilər. Hər ikisində ölüm mələyi Əzrailə qarşı qəhrəmanın mübarizə metodunu müqayisə etdilər.

Söhbətimiz eyni kökdə gedirdi. Mən də “Kitabi-Dədə Qorqud” eposundakı “Duxa Qoca oğlu Dəli Domrul boyundakı” Dəli Domrulun Əzraillə savaşmasını onların diqqətinə çatdırdım. Gah Tanrıçılıqdan, Tanrıya inamdan, gah Albaslı, Suv-anası, eləcə də Günəş, Ay, Su, Yer kultlarının bu gün də xalq arasında yaşadığını xatırlayırdıq. Tarixin dərinliklərinə endikcə xalqlarımızın kökü eyniləşir, bizlər eyni mədəniyyətin, eyni dilin varislərinə çevrilirdik.

Şeyit Xanımdan yeni kitabının çap olunub-olunmadığını xəbər aldım: “Qəzet, jurnallar artıb. Amma kitabların sayı azalıb. Sponsor lazımdı, nə bilim, kağız lazımdı. Bir sözlə pul lazımdı. Bizi də milli hərəkatda iştirakımıza görə hər addımda sıxırlar. Gümanım var, kitabımı Türkiyədə çap etdirəm.” —dedi.

Qumuqların toplum yaşadığı kəndlərdə ilk okullarda dərslərin çoxu ana dilində keçilir. Orta okullarda isə həftədə bir saat qumuq dili və ədəbiyyatı keçilir. Qalan fənlər hələ də rus dilində keçilir. Əhali qarışıq yaşayan yerlərdə isə bütün dərslər rusca keçilir. Buna görə də orta məktəbi bitirənlər ana dilini yaxşı bilmirlər. Ana dilində yayınlanan kitabları oxuyan da az olur.

Dağıstanda televiziya yalnız rus, radio isə qumuq, avar, dargin, tabasaran, tat, noqay, rus dillərində yayınlar hazırlayır. Mahaçqaladakı Qumuq Dövlət Teatrı isə maliyyə çətinliyindən bağlanma təhlükəsi qarşısındadır.

Öyrətmən evindəki söhbətdən qumuq xalq hərəkatının liderlərinin həmişə böyük ümidlər bəslədikləri Azərbaycandan əllərini üzdüklərini hiss etdim. Bu mənə çox ağır gəldi. Amma nəyisə dəyişmək qüdrətində də deyildim.

 

04.02.1998

Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 50-56

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol